Məhkəmə qərarları › İş №1(101)-433/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-433/2023

02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-433/2023 02.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məsləhətçilər X3 və Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 8 fevral 1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, ev 214-də qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və azad olunduqdan sonra məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 3,082 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla daşımış və 11 avqust 2022-ci il tarixdə saat 14:30-da Suraxanı RPİ-nin 32-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sayğac oğurluğu və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək ünvan 1 ünvanının qarşısında saxlanılaraq ünvan 2vanında yerləşən Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 1 ədəd bükümdə təmiz çəkisi 3,082 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasını çəkdikdən sonra azad edilmişdir. Bundan sonra atası ilə birlikdə yaşamış, usta və fəhlə işləməklə dolanmağa başlamışdır. Təxminən iki gündən bir narkotik vasitə heroindən istifadə etmişdir. 2022-ci ilin avqust ayının əvvəllərində yaşadığı evdə olarkən polis əməkdaşları darvazadan atlanıb, evinə daxil olub onu Suraxanı RPİ-nin 32-ci PB-yə aparmışlar. Orada üzərində axtarış aparılsa da, heç nə aşkar edilməmişdir. Bölmədə iki gün saxlanılmış, polis əməkdaşları onu təhqir edib döymüşlər. Üzərinə videoçəkiliş aparılmaqla axtarış keçirilən zaman əlini əynindəki şalvarın arxa sağ cibinə salarkən, oradan bir bükümdə narkotik vasitə heroin çıxmışdır. Məcbur olub həmin narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Həqiqətdə isə evdən aparılarkən üzərində narkotik vasitə olmamışdır. İçərisində heroin olan həmin bükümün cibinə necə düşməsindən xəbəri olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Narkotik vasitə heroindən istifadə etsə də, heç vaxt satışı ilə məşğul olmamış və heç kimə verməmişdir. Bölmədə fiziki təzyiqlərə məruz qalsa da, heç bir xəsarət almamışdır. Buna görə də, heç bir orqana şikayət etməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Suraxanı RPİ-nin 32-ci PB-də CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. 11 avqust 2022-ci il tarixdə saat 14:30-da iş yoldaşı Şahid2la birlikdə ünvan 4 ünvanda xidmətdə olarkən iki nəfər şəxsin özlərini şübhəli apardıqlarını, oradakı binaya daxil olub çıxdıqlarını görmüşlər. Ərazidə bir neçə sayğac oğurluğu hadisəsi baş verdiyindən onlardan şübhələnmişlər. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Sonuncular özlərini Təqsirləndirilən şəxs və X2 kimi təqdim etmişlər. Sorğu zamanı onların hər ikisi üzərlərində narkotik maddə heroin olduğunu bildirmişdir. Odur ki, onları 32-ci PB-yə dəvət etmişlər. İdarədə həmin şəxslərin şəxsiyyəti müəyyən edildikdən sonra onları digər polis əməkdaşlarına təhvil verib xidməti əraziyə qayıtmışlar. Sonradan ona Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı bir ədəd bükümdə narkotik vasitə heroin aşkar edildiyi məlum olmuşdur. Təqsirləndirilən şəxs və digər şəxsi saxlayıb bölməyə gətirərkən onlara qarşı fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə əməliyyat müvəkkilidir. 11 avqust 2022-ci il tarixdə saat 16 radələrində bölməyə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan iki nəfər gətirilmişdir. Həmin şəxslərdən biri Təqsirləndirilən şəxs olmuşdur. Sonuncuya hüquq və vəzifələri izah edilmiş və dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra onun və digər polis əməkdaşı Şahid3 iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd bükümü çıxarıb təqdim etmiş, içərisində «kokos» kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik vasitəni Əmircan qəsəbəsində dəmir yolunun yaxınlığındakı zibillikdən tapdığını və şəxsi istifadəsi üçün götürüb üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş həmin büküm zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra şəxsi axtarışın nəticəsinə dair protokol tərtib olunmuş və iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs bölmədə təsir-təzyiq göstərilməmişdir. Şəxsi axtarış zamanı sonuncu polis əməkdaşlarının təklifindən sonra cibindəki bükümü çıxarıb təqdim etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. 11 avqust 2022-ci il tarixdə saat 16 radələrində bölməyə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan iki nəfər şəxs gətirilmişdir. Həmin şəxslərin şəxsiyyəti müəyyən edilərək Təqsirləndirilən şəxs və X1maları məlum olmuşdur. O, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışda iştirak etmişdir. Belə ki, sonuncu əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisində «kokos» kimi tanıdığı narkotik vasitə olduğunu, onu Əmircan qəsəbəsində dəmir yolunun yaxınlığındakı zibillikdən tapdığını və şəxsi istifadəsi üçün götürüb üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş həmin bir ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonda keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir təsir-təzyiq göstərilməmişdir. İşin 4-cü vərəqindəki raportdan görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2022-ci il tarixdə, saat 14:30-da ünvan 1 ünvanının qarşısında Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən sayğac oğurluğu və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılmışdır. İşin 28-29-cu vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 11 avqust 2022-ci ildə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli cins şalvarın arxa sağ yan cibində saxladığı bir ədəd büküm aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. İşin 64-cü vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən hansı üsulla əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs bükümün içərisində kokos kimi tanıdığı narkotik vasitə olduğunu, onu 2-3 gün əvvəl Suraxanı rayonu Əmircan qəsəbəsində dəmir yolunun yaxınlığındakı zibillikdən tapdığını və özünün istifadəsi üçün götürüb üzərində saxladığını bildirmişdir. Həmin bir ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri imzalarla təsdiq olunmuşdur. Sonra şəxsi axtarışın nəticəsinə dair protokol tərtib edilərək cinayət işinə əlavə olunmuşdur. İşin 36-40-cı vərəqlərindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 6/4293 saylı, 12 avqust 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün № 196» möhür əksi, «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş....» və s. sözlər, imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 3,082 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. İşin 114-115-ci vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin Ambulator məhkəmə-narkoloji tibbi yoxlamasının 6090 №-li, 15 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 121-129-cu vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» 25 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3,082 (tədqiqatdan sonra qalıq 2,982) qram narkotik vasitə heroin və onun üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut qismində tanınmış, narkotik vasitə heroin saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 99-112-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsi və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Nərimanov Rayon Məhkəməsinin 2 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 2 may 2019-cu il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-in 83.3.3-cü madəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs Nərimanov Rayon Məhkəməsinin 2 may 2019-cu il tarixli hökmü ilə olan məhkumluğu ödənilməmişdir. İşin 23-cü vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 79-80-ci vərəqlərindəki Suraxanı Rayon Məhkəməsinin qərarından görünür ki, 13 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 avqust 2022-ci il tarixdən hesablanmaqla 4 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək cinayət törətmədiyini, 2022-ci ilin avqust ayının əvvəllərində yaşadığı evdə olarkən polis əməkdaşlarının darvazadan atlanıb, evinə daxil olub onu Suraxanı RPİ-nin 32-ci PB-yə apardıqlarını, orada üzərində axtarış aparılsa da, heç nə aşkar edilmədiyini, bölmədə iki gün saxlanıldığını, polis əməkdaşlarının onu təhqir edib döydüklərini, üzərinə videoçəkiliş aparılmaqla axtarış keçirildiyini, bu zaman əlini əynindəki şalvarın sağ cibinə salarkən, oradan bir bükümdə narkotik vasitə heroin çıxdığını, məcbur olub həmin narkotik vasitənin özünə məxsus olmasını bildirdiyini, həqiqətdə isə evdən aparılarkən üzərində narkotik vasitə olmadığını, içərisində heroin olan həmin bükümün cibinə necə düşməsindən xəbərinin olmadığını bildirmişdir. Onun ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri, məhkəmədə dindirilmiş və tədqiq edilmiş şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollarla yanaşı, iş üzrə tərtib edilmiş 11 avqust 2022-ci il tarixli raport, 11 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokol, həbs qətimkan tədbirinin seçilməsinə dair Suraxanı Rayon Məhkəməsinin 13 avqust 2022-ci il tarixli qərarı və işin digər faktiki halları ilə təkzib edildiyindən, məhkəmə ifadəsinə tənqidi yanaşır, cinayət məsuliyyətindən yayınmaq məqsədi güdən ifadə kimi qiymətləndirir və sübut hesab etmir. Yuxarıda sadalanan və birbirini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1- 1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, Odur ki, Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 18.1-ci qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Əməlində cinayətlərin residivinin olmasını məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək qərara gəlir ki, ona CM-in 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 11 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən maddi sübutlar: Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3,082 (tədqiqatdan sonra qalıq 2,982) qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatına sərf edilmiş 110 (yüz on) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxsin hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 180 (yüz səksən) manat onun işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3,082 (tədqiqatdan sonra qalıq 2,982) qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Onun üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatına sərf edilmiş 110 (yüz on) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 180 (yüz səksən) manat onun işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar