Məhkəmə qərarları › İş №1(101)-434/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-434/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-434/2021 04.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində nömrəsiz evdə yaşayan, xx xxx 2020-ci il tarixdə tutulmuş, xx xxx 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yaşadığı evin yaxınlığında atası Şahid1 idarə etdiyi “Vaz 21099” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili sürətlə idarə etməsi səbəbindən Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı yaşadığı evdən götürdüyü bıçaqla Zərərçəkmiş şəxs beş dəfə vuraraq, ona sol bazu və said nahiyələrində deşilmiş-kəsilmiş yaraların əmələ gəlməsi ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, döş qəfəsinin sol yarısının ön və arxa səthlərində boşluğa nüfuz etmiş iki ədəd və qarının ön divarının boşluğa nüfuz etmiş bir ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnməklə yetirildiyi anda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxxxxxx 2019-cu il tarixdə, saat 23 radələrində özlərinə məxsus Goradil bağlar massivində yerləşən fərdi yaşayış evində olmuşdur. Həmin vaxtı atasının idarə etdiyi “VAZ-21099” markalı avtomaşınla evin qarşısına gəlib evin darvaza qapısını açmaq üçün siqnal verdiyini eşitmişdir. O, darvazanı açmaq məqsədilə evdən çıxmış, darvazanı açıb avtomaşını həyətə buraxmaq istədikdə əvvəllər tanımadığı, adlarının Rövşən və Möhkəm olmasını sonradan öyrənib bildiyi və onların yanında olan, lakin adını bilmədiyi daha bir şəxsin onun atasına yaxınlaşaraq yerdə mübahisə etdiklərini görmüşdür. Həmin vaxt anası da maşında olduğundan o, nə baş verdiyini anasından soruşmuş, anası ona atasının maşını bərk sürməsi ilə əlaqədar mübahisə olduğunu demişdir. Onlar onun atasına avtomaşını sürətlə sürməsi ilə əlaqədar irad bildirmişlər. Atası maşını sürətli sürməsi ilə əlaqədar Rövşəngildən üzr istəsə də, ona məhəl qoyan olmamışdır. Lakin atasının nə vaxt, harada avtomaşını sürətlə sürməsini o, bilməmişdir. Mübahisə vaxtı atasının, Rövşənin, Möhkəmin və onların yanında olan, adını bilmədiyi şəxsin içkili olduqları açıqaşkar hiss olunmuşdur. O, Rövşənə yaxınlaşıb nə üçün mübahisə etdiklərini soruşduqda, Rövşən ona mübahisəyə qarışmamasını bildirmiş, o, izah verməsinə təkid etdikdə isə Rövşən ona qarşı söyüş söymüş, o da qarşılığında Rövşəni söymüşdür. Söhbətləri uyğunlaşmadığından Rövşənlə tutaşmış, hər ikisi yerə yıxılmışdır. Rövşənlə süpürləşmiş, həmin vaxt Rövşənin yanında olan Möhkəm və adını bilmədiyi şəxs onu yerdə təpiklə vurmuşdur. Təqsirləndirilən şəxs arayış verib göstərdi ki, o, təngnəfəslikdən əziyyət çəkdiyi üçün daima müalicə almışdır. Hadisə vaxtı Rövşənlə yerdə süpürləşərkən də onun təngnəfəsliyi başlamış, həmin vaxt atası və məhəllələrində mağaza işlədən şəxs onları ayırmışdır. O, təngnəfəslikdən ölə biləcəyindən qorxaraq 3 nəfərin əlindən qurtarıb evlərinə qaçmışdır. Rövşəngili qorxutmaq məqsədilə evin mətbəxindən istifadə etdikləri ağ dəstəyi olan mətbəx bıçağını götürüb təkrarən küçəyə çıxmışdır. Həmin vaxt Rövşən onu görüb üstünə gəlmişdir. O, Rövşənə üstünə gəlməməsini bildirmiş, gələcəyi təqdirdə bıçaqla onu vuracağı barədə xəbərdar etmişdir. Qaranlıq olduğundan Rövşən bəlkə də onun əlində olan bıçağı görməmiş, üstünə gəlməyə davam etmişdir. Qorxub qaçsın deyə, o, əlində olan bıçaqla, bildiyi qədər üç dəfə Rövşənin bədəninin müxtəlif yerlərinə vurmuşdur. Lakin sonradan Rövşəni beş dəfə vurduğunu öyrənmişdir. O, Rövşəni ayaq üstə bıçaqla vurmuş və Rövşən yerə yıxıldıqdan sonra bıçağı hadisə yerinə atıb qaçmışdır. Onun Rövşəni öldürmək niyyəti olmamışdır. Hadisədən sonra Rövşənlə görüşməmişdir. Amma Rövşənin ölə biləcəyindən qorxub qaçıb gizlənmişdir. 9 ay gizlənə bilsə də, sonra polis tərəfindən tutulmuşdur. Törətdiyi əməldən səmimi peşman olmuş və hazırda Rövşənlə barışmış, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi qalmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində Səkinə Sadıqovaya məxsus bağ evində mühafizəçi işləmiş, həmçinin Fərahim adlı şəxsə məxsus başqa birn bağ evinin də həyətində ağaclara baxaraq suvarmışdır. xx xxxxxxxx 2019-cu il tarixdə dostu Şahid2 Şəhriyar oğlu ilə birlikdə həmin gün Möhkəmin yaşadığı bağ evindən çıxaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsinə getmiş, orada yerləşən kafelərin birində oturub yeyib içmişlər. Bundan sonra, oradan çıxaraq Möhkəmlə birlikdə Goradil bağlar massivində yaşayan Fərhad adlı şəxsin yaşadığı evə gedib, orada Fərhadla çay içmişlər. Bir müddət sonra Möhkəm evə getmək istədiyini bildirdiyi üçün Möhkəmlə birlikdə oradan çıxmış, saat 22 radələrində yaşadığı Goradil bağlar massivində Fərahim müəllimin bağ evinə toyuqları hinə salmaq üçün getmişlər. Onlar yol ilə gedən zaman hava qaranlıq olduğundan tanıya bilmədiyi bir avtomobilin yüksək sürətlə onların üzərinə gəldiyini görmüş, qorxudan yolun kənarına tullanmışlar. Avtomobil onların yanından keçmiş, 15 metr irəlidə dönərək dayanmışdır. Onlar aydınlaşdırmaq üçün avtomobilə tərəf gedən zaman avtomobildən bir nəfər şəxs düşərək onlara tərəf qaçmışdır. Həmin şəxs onlara yaxınlaşan zaman onun qonşuluqda yaşayan Azər olduğunu görmüşdür. Azər onlardan üzr istəmiş, onu qucaqlayıb, üzündən öpmüşdür. Azərin içkili olduğu hiss olunmuşdur. Onlar sağollaşıb getmək istəyən zaman avtomobildən Azərin üzdən tanıdığı oğlu Ayaz söyüş söyə-söyə onların üzərinə gəlmişdir. O, Ayazın atasına məxsus maşından düşdüyünü başa düşmüşdür. Ayaz yaxınlaşan vaxt o, Azərlə üzbəüz dayanmış vəziyyətdə olmuşdur. Azərin oğlu Ayaz atasının yanına çatmış, heç bir səbəb olmadan atasının arxasından çıxıb, əlində olan əşya ilə onun sol qolundan vurmuşdur. Həmin vaxt Azər oğluna qışqıraraq əlində olan bıçağı tullamasını tələb etmişdir. Ayazın onu vurmasından əsəbləşmiş, Ayazın üzərinə hücum çəkərək sinəsindən yumruqla vurmuş və onların hər ikisi yerə yıxılmışdır. Yerdə olan zaman qarın və sol ürək nahiyəsində istilik hiss etmişdir. Həmin vaxt dostu Möhkəm onların yerdə olduğunu görüb, yaxınlaşaraq onları yerdən qaldırmış və ayırmışdır. Yerdən qalxan zaman anidən huşunu itirmiş və bundan sonra nə baş verməsini xatırlamamışdır. Özünə gələn zaman artıq xəstəxanada olduğu görmüşdür. Xəstəxanada cərrahi əməliyyat olunmuş, sonradan isə beş yerdən bıçaqlandığını öyrənmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinin yekununda göstərdi ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı onun heç bir şikayəti və tələbi qalmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, xx xxxxxxxx 2019-cu il tarixdə, saat təxminən 17 radələrində onunla birlikdə Goradil bağlarında mühafizəçi işləyən zərər çəkmiş Zərərçəkmiş şəxs, Mikayıl, Fərhad və o, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən kafelərin birində xəngəl yeməyə getmiş, orada yemək yeyib, spirtli içki qəbul etdikdən sonra təxminən bir saat sonra birlikdə geri qayıtmışlar. Çay içib söhbət etmək üçün ona məxsus olan, lakin təmir işləri aparılan evin yanında qonşu olan Fərhadgilin həyətinə getmiş, orada o, Mikayıl, Rövşən və Fərhad birlikdə çay içib söhbət etmişlər. Təxminən 1-2 saat sonra Rövşən nəzarət etdiyi Fərahim adlı şəxsin bağında olan toyuqların hininin qapısını bağlamaq üçün gedəcəyiyini bildirmişdir. Həmin vaxt o da Rövşənlə birlikdə Fərhadın bağından çıxaraq öz yaşadığı evə tərəf getməyə başlamışdır. Yol ilə evə tərəf gedən zaman orada olan marketə təxminən 20-25 metr qalmış arxadan marketə tərəf bir avtomobilin sürətlə gəldiyini görmüş və təhlükəli sürdüyündən hər ikisi ehtiyyat üçün yolun kənarına tullanmışlar. Avtomobil onların yanlarından keçən zaman içəridən bir nəfərin onlara qışqıraraq nə isə dediyini eşitmişdir. Lakin avtomobili kimin idarə etdiyini bilməmişdir. Onların yanından sürətlə keçən avtomobilin marketlə üzbəüz olan küçəyə döndüyünü görmüş və Rövşənlə yoluna davam etməyə başlamışdır. Onlar avtomobilin döndüyü küçəyə çatan zaman orada yaşayan Azər adlı şəxsin həmin küçədən əsas küçəyə çıxdığını, avtomobilin isə Azər adlı şəxsin yaşadığı evin darvazasının qarşısında dayandığını görmüşdür. Onlar həmin şəxsin Azər olduğunu biləndən sonra Azərə avtomobili belə sürətli sürməsini irad bildirmiş, az qala onları vuracağını demişlər. Azər həmin vaxt içkili olduğunu bildirərək onlara yolun ortası ilə getdiklərinə görə iradını bildirmişdir. Onlar da Azərə yolun ortası ilə getmədiklərini bildirmişlər. Bundan sonra, Rövşən Azər adlı şəxslə qucaqlaşaraq üzündən öpmüş və Azərə «eybi yoxdur, içkilisən» sözlərini demişdir. Həmin vaxt onlar Azərlə sağollaşıb getmək istəyən zaman avtomobilin saxlandığı istiqamətdən Azərin oğlunun, baxılan iş üzrə Təqsirləndirilən şəxs onlara tərəf gəldiyini və söyüş söydüyünü eşitmişdir. Ayaz onlara yaxınlaşan zaman Rövşənə əl qol atmış, Rövşən də Ayazı vurduğu üçün Ayaz yerə yıxılmışdır. Bundan sonra Ayaz yerdən qalxaraq evlərinə tərəf qaçmış, təxminən 5 dəqiqə sonra Ayaz yenə də onların olduqları yerə qayıdıb gəlmişdir. O, Ayazın əsəbi gəldiyini hiss edib onun qarşısına keçib, Ayaza qonşu olduqlarını, savaşmağın ayıb olduğunu söyləmişdir. Lakin Ayaz onun sözlərinə məhəl qoymayıb Rövşənin üstünə hücüm edərək Rövşənin sinəsindən vurmuşdur. Bundan sonra Rövşən yenə də Ayazı yerə yıxmış və Rövşənlə Ayaz fırlanaraq dikdən aşağıya diyirlənmişlər. Onlar dərhal Rövşənlə Ayazı ayırmışlar. Həmin vaxt səsə qonşuluqda yaşayan Famil adlı şəxs də gələrək onları ayırmağa kömək etmişdir. Onlar Rövşəni yerdən qaldıran zaman Rövşənin qolundan qan axdığını görmüş və Rövşəni marketin qarşısına aparmışlar. Famil Rövşənin qolundan qanın çox axdığını görüb əynindəki şalvarın balağını cıraraq Rövşənin qolunu bağlamışdır. O, Rövşəni xəstəxanaya aparmaq üçün dərhal evə gedib avtomobilini gətirmək istəmişdir. Həmin vaxt Azər onun qarşısını kəsmiş, nə üçün ona (Azərə) pislik etdiyini soruşmuşdur. Bundan sonra, o, evə gedərək avtomobilini gətirib Rövşəni avtomobilə əyləşdirmiş və 1 saylı Kliniki xəstəxanaya aparmışlar. O, özü içkili olduğu üçün hadisə yerindən avtomobilini qonşu Famil idarə etmişdir. Rövşəni yalnız Ayaz vurub xəsarət yetirmiş, Ayazdan başqa heç kim Rövşəni vurmamışdır. Münaqişə zamanı orada Rövşən, o, Azər, Ayaz, Famil və Ayazın anası olmuşdur. Onlar Ayazı vurmamış, orada yalnız dava edən Ayazla Rövşən olmuşdur. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 məhkəmə baxışı zamanı dindirilən zərər çəkmiş Zərərçəkmiş şəxs və Şahid2lə oxşar məzmunda ifadə verib sonuncuların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxxxx 2019-cu il tarixdə, saat təxminən 23 radələrində idarə etdiyi özünə məxsus “Vaz 21099” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Goradil bağ massivindən, bacanağının qızı gildən öz yaşadığı ev istiqamətinə gedən zaman evinə çatmağa 100 metr qalmış evə tələsdiyi üçün avtomobili bir az sürətlə idarə etmişdir. Özünün yaşadığı fərdi həyət evinə çata-çatda yolda 3 nəfər görmüş, onların ikisi qonşuluqda yaşayan Rövşənlə Möhkəm olmuş, amma 3-cü şəxsi tanımamışdır. O, özünün darvazasının qarşısında olarkən Rövşəngil yaxınlaşaraq avtomobili yüksək sürətlə idarə etdiyi üçün ona irad bildirmişlər. Onu gördükdən sonra Rövşən onunla görüşmüş, o, isə Rövşəni qucaqlayaraq üzündən öpmüşdür. Həmin vaxt oğlu Təqsirləndirilən şəxs yaşadıqları evin darvazasından çölə çıxaraq onlardan nə baş verdiyini soruşmuşdur. O, Ayaza evə getməsini bildirsə də, oğlu evə getməyərək qapıdan onunla söhbət edən şəxslərlə danışmağa başlamış, Rövşən Ayazla mübahisə edərək onu qaldırıb yerə çırpmışdır. Həmin vaxt həyat yoldaşı onun idarə etdiyi avtomobildə olduğundan və oğlunun Rövşən ilə dava etdiyini gördüyündən onunla birlikdə onları ayırmışdır. Buna baxmayaraq kənardan iki nəfər, biri Möhkəm olmaqla digərini tanımadığı şəxslər Rövşənlə birlikdə oğlu Təqsirləndirilən şəxs əlləri ilə döymüşlər. O, və həyat yoldaşı yenə də onları ayırmışdır. Həmin vaxt oğlu onların əlindən çıxıb evə tərəf qaçmış və bir neçə dəqiqə sonra təkrararən onların dayandıqları yerə gələrək Rövşəngillə dava etməyə başlamışdır. Həmin vaxt o, Rövşənin yerə yıxıldığını və qolundan qan axdığını görmüşdür. Bundan sonra Rövşəni piyada yaxınlıqda olan mağazanın qarşısına aparmış və oradan Rövşəni Möhkəmin avtomobilinə əyləşdirib xəstəxanaya aparmışlar. Bundan sonra oğlu Ayazın Rövşəni bıçaqla vuraraq xəsarət yetirməsi ona məlum olmuşdur. O, yalnız dava zamanı Rövşənin qolundan axan qanı görmüş, Rövşənin kim tərəfindən nə ilə vurulmasından xəbəri olmamış, Ayazın Rövşəni bıçaqla qarnından və qolundan vurmasını yalnız xəstəxanada bilmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-tibb ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 1949 saylı rəyindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sol yarısının ön və arxa səthlərinin boşluğa nüfuz etmiş, sol ağ ciyərin aşağı payının yaralanmasına səbəb olmuş iki ədəd deşilmiş-kəsilmiş yaraları, qarının ön divarının boşluğa nüfuz etmiş, qara ciyərin sağ payının yaralanmasına səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası, sol bazunun ön səthinin və sol saidin arxa səthinin deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin (əşyanın) təsirindən onun X2 daxil olduğu və qərarda göstərilən xx.xx.2019-cu il tarixində törənmişdir və dərəcəsinə görə xəsarətlərdən döş qəfəsinin sol yarısının ön və arxa səthlərindəki boşluğa nüfuz etmiş iki ədəd və qarının ön divarının boşluğa nüfuz etmiş bir ədəd deşilmiş-kəsilmiş yaraların hər biri ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağir zərər vurmaya, sol bazu və said nahiyələrindəki deşilmiş - kəsilmiş yaralar isə hər biri ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Tədqiq olunan həmin rəydən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər qərarda göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən bıçaqla vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. Daha sonra tədqiq olunan həmin rəydən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onların şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir (iş vərəqə: səh. 66- 68). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-kriminalistik ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 493-MTKŞ/2019 saylı rəyindən görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus və ekspertizaya təqdim olunmuş şalvarın ön səthinin yuxarı hissəsində, sol ayaqlığı üzərində bir ədəd şalvarın müvafiq nahiyəsinin hər hansı əşyaya ilişib cırılması nəticəsində əmələ gəlmiş və küt yaranma mexanizminə malik məhdud cırılma zədəsi aşkar olunmuşdur. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus və ekspertizaya təqdim olunmuş kəmərin üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır (iş vərəqə: səh. 62-65). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-bioloji ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 737/2019-MTBŞ saylı rəyindən görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: 0(l)(şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən) Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, ekspertizaya təqdim edilmiş R.Z. Lətifova məxsus bir ədəd cins şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Həmin ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız H antigeni alınmışdır. Belə olan halda həmin qan ləkələri O alfa, beta (İ) qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər (iş vərəqə: səh. 70-74). Cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd kəmərli şalvar sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (iş vərəqə: səh. 127- 135). Məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə hadisənin baş verdiyi xx xxxxxxxx 2019-cu il tarixdə cinayət hadisəsini törətdikdən sonra qaçıb gizləndiyindən ibtidai istintaq orqanının xx xxxxxxx 2019-cu il tarixli qərarına əsasən barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat dayandırılmış, yalnız xx xxx 2020-ci il tarixdə tutulduqdan sonra cinayət işi üzrə icraat təzələnmişdir (iş vərəqə: səh. 52-56, 76- 77). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əmələ görə özünü təqsirli bilmiş, müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Həmçinin son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən son dərəcə peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını bildirmiş və barəsində olan bütün yüngülləşdirici halların cəza təyin edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, , Təqsirləndirilən şəxs Cəncə Hərbi Məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə üç il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin cəza bir il şərti sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. Cəza üzrə sınaq müddəti xx xxx 2018-ci il tarixdə başa çatmış və Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinin tələbləri baxımından onun məhkumluğu sınaq müddətinin başa çatdığı tarixdə ödənilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə Təqsirləndirilən şəxs baxılan iş üzrə hadisənin baş verdiyi xx xxxxxxxx 2019-cu il tarixdə məhkumluğu olmamışdır (iş vərəqə: səh. 60-61). Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında barışıq əldə olunmuşdur. Belə ki, həm ibtidai istintaq zamanı və həm də məhkəmə baxışı zamanı ərizə ilə müraciət edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə barışdıqlarını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir (iş vərəqə: səh. 75, iş materialları). Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasının aşağı həddinə yaxın, Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən halları nəzərə almaqla, cəza təyinetmənin ümumi prinsiplərinə uyğun, ədalət və humanizm prinsipləri baxımından şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs kimi qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağı nəzərə alınmalı və o, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış "polisin nəzarəti altına vermə" qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edildiyindən və təyin olunan cəza çəkilməli olduğundan qeyd olunan qətimkan tədbiri çıxarılacaq hökmlə dəyişdirilib “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı və cəza çəkməsinin əvvəli hökmün elan olunacağı xx xxxx 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə tutulmuş, xx xxx 2020-ci il tarixdə isə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçildiyindin o, həbsdən azad edilmişdir. Qeyd olunan bu halla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tutulub xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, cəza çəkməsinin əvvəli isə baxılan iş üzrə hökmün elan edildiyi xx xxxx 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə maddi sübutlara dair məsələni müzakirə edib belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınıb Binəqədi RPİ-nin saxlanc yerində təhvil verilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd kəmərli şalvar zədələnməklə istifadə təyinatını itirdiyindən məhv edilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə tutulub xx xxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək "həbs" qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli hökmün elan olunduğu xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə Binəqədi RPİ-nin saxlanc yerində saxlanılan maddi sübut - zədələnməklə istifadə təyinatını itirmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd kəmərli şalvar məhv edilsin. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar