Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-434/2022 07.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 8/11, mənzil 30-da qeydiyyatdaö olan, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Q.Qarayev küçəsi, 5 saylı yataqxanada yaşamış və hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə, qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 92,790 qram, yəni külli miqdarda açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 06 iyun 2021-ci il tarixdə saat 18:05-də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 2740 saylı avtodəstə küçəsində Suraxanı RPİnin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılaraq Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət edilmiş və PB-də onun üzərində şəxsi axtarış həyata keçirilən zaman əynində olan yaşıl rəngli jiletin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 92,790 qram, yəni külli miqdarda açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bir neçə müddətdir ki, kokos kimi tanıdığı narkotik maddədən ağrıları olduqca istifadə edir. Narkotik maddəni Bakı şəhərində tanımadığı müxtəlif şəxslərdən əldə etmişdir. 06 iyun 2021-ci il tarixdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi tərəfdə taksidə olan zaman mülki geyimdə olan şəxslər taksi maşınına yaxınlaşıb onu taksidən düşürüb Suraxanı RPİ-nin 32-ci PB-nə aparmışlar. 32-ci PB-də üzərində şəxsi axtarış həyata keçirilmişdir. Baxış zamanı onun üzərindən heç nə aşkar olunmamışdır. Orada göstərilən narkotik vasitəni polis əməkdaşlarının haradan əldə edib onun üzərinə qoyduqlarını bilmir. O, heç vaxt narkotik vasitənin satışı ilə məşqul olmamış və saxlanılan zaman da üzərində narkotik vastə olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməliyyat-müvəkkilidir. 06 iyun 2021-ci ildə Rəşadət adlı şəxsin Qaraçuxur qəsəbəsində Şərq yaşayış sahəsində üzərində külli miqdarda narkotik vasitə gəzdirməsi və satmaq niyyətində olması barədə məlumat daxil olmuşdur. Bununla bağlı rəhbərliyə məruzə olunmuş, həmin şəxsi müəyyən olunması və onun bölməyə gətirilməsi zərurəti yarandığından, PB-nin rəisinə raportla müraciət etmiş və təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi, eləcə də əməliyyat qrupunun təşkil edilməsi barədə qərar qəbul edilərək Bölmə rəisi tərəfindən təsdiq edildikdən sonra 06 iyun 2021-ci il tarixdə saat 18 radələrində kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2lə birlikdə Qaraçuxur qəsəbəsi Şərq yaşayış sahəsi 12-ci döngəyə getmişlər. Döngənin girişində Rəşadətlə rastlaşaraq onu Suraxanı RPİ-nin 32-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından onun üzərində şəxsi axtarış aparılması zərurəti yaranmış, bu barədə dərhal raport yazıb bölmə rəisinə məruzə etmiş, bölmə rəhbərliyi tərəfindən prosessual hərəkətlərin keçirilməsi təhqiqatçı Rəşad Həsənzadəyə həvalə edilmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki yaşıl rəngli jiletin sağ yan cibindən bir ədəd üzərində Tramadol Tablets 225 mq. yazı olan qırmızı rəngli qutunu təqdim edərək içərisində şəffaf selofana bükülmüş vəziyyətdə içərisində narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitə kakosdur və 05 iyun 2021-ci ildə Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində əvvəlcədən danışdığı bir nəfər İran vətəndaşından 500 manata alıb, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirib. Şəffaf selofana bükülmüş bükümü açdıqda içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edilmiş, həmin maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qablaşdırılıb Suraxanı RPİ-nin 32-ci PB-nin 196 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının 07 iyun 2021-ci il tarixli 6/2278 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Məmmədov R» yazısı olan zərfdəki üzərində «Tramadol-X 225» yazısı olan qırmızı rəngli qutuda bir ədəd bükümdə təmiz çəkisi 92,790 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Acərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Acərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir. Məkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə narkoloji ekspertizasının 30.09.2021-ci il tarixli 3703 nömrəli rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 92,790 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə ekspertiza tədqiqatı zamanı sərf edildiyindən qalıq 92,690 qram heroin saxlanılması üçün Suraxanı rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə Suraxanı RPİ-nin 32-ci polis şöbəsinin inzibati binasının içərisində xidməti otaqda baxış keçirilən zaman çəkilmiş videogörünütləri əks etdirən bir ədəd DVD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, o, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verərək, üzərində narkotik vasitə olmamasını və narkotik vasitələrin satışı ilə məşqul olmaması barədə ifadə verməklə o yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə onun məhkəmədə vermiş olduğu ifadəsinə tənqidi yanaşaraq onun bu ifadəsini inandırıcı hesab etmir. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, baxış keçirilməsi barədə protokoldan və ekspertiza rəyləri ilə tam təsdiqini tapmışdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladlarının olması onun cəzasını yüngülləşdirən haldır. Cinayət işinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 29.04.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 179.3.2-ci maddəsi ilə təqsirli bilinib 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin olunmuş cəza 2 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində, sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı iş üzrə törətdiyi cinayəti sınaq müddətində törətmişdir. Eləcə də həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardığı gündən 06 il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və onun əməlində əvvəllər ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5, 65.2-ci maddələrinin tələblərinə əsasən cinayətlərin residivinə görə daha sərt cəza təyin edilir, yəni ona təqsirli bilindiyi maddənin sanksiyasının son həddinin üçdə ikisindən aşağı cəza təyin edilə bilməz. Ona görə məhkəmə, cəza təyini zamanı bu halları, həmçinin onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona, bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 29.04.2021-ci il tarixli hökmü ilə, təyin olunmuş 2 il sınaq müddəti ləğv edilməli və ona həmin hökmlə təyin olunmuş 6 il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə hazırkı hökmlə təyin ediləcək cəza ilə qismən birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı cəza çəkməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi onun cəzasını ağırlaşdıran haldır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 06 iyun 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Suraxanı rayon Polis İdarəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 92,690 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübut olan və baxış zamanı aparılmış videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diski iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 114 ( yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 02 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi 72 (yetmiş iki) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 29.04.2021-ci il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il sınaq müddəti ləğv edilsin və ona həmin hökmlə təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirməklə qəti olaraq ona 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili Müdafiəçi 72 (yetmiş iki) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Suraxanı rayon Polis İdarəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 92.690 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut olan və baxış zamanı aparılmış videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diski iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 114 ( yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-434/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-434/2022
07.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver