Məhkəmə qərarları › İş №1(101)-434/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-434/2024

11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-434/2024 11.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X8 və X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxx 1999-cu ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan külli miqdarda təmiz çəkisi 2,222 qram kustar üsulla hazırlanmış narkotik vasitə «heroin»i qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşımış, 04 mart 2023-cü il tarixdə saat 21:30-da Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə ünvan 3 ünvanının qarşısında saxlanılarkən, narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün ünvan 4 ünvanında yerləşən 9-cu Polis bölməsinin inzibati binasına gətirilmiş, həmin gün saat 23:25-dən etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki ağ-göy rəngli köynəyin sağ cibindən naməlum mənbədən satış məqsədi olmadan qanunsuz əldə edib üzərində saxlayaraq daşıdığı 3 ədəd qara rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,984, 0,485 və 0,753 qram, ümumi təmiz çəkisi 2,222 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki 4 mart 2023-cü il tarixdə “Bravo” hiper marketdə baş verən atışma ilə bağlı öldürülən Ruhlan İsmayılov onun eskort xidmət göstərdiyi müştərisi olmuş, hadisə baş verən gün Ruhlan İsmayılov onun evinə gəlmişdir. Bir müddət sonra polislər onun qapısını döyərək içəri girmiş və atışma baş vermişdir. Baş verən atışma nəticəsində Ruhlan İsmayılov öldürülmüşdür. Polis əməkdaşları tərəfindən əvvəl Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış, sonra 9-cü polis bölməsinə gətirilmişdir. Polis əməkdaşının otağında olarkən onlar sonuncuya stolun üzərində olan 3 büküm narkotik vasitəni öz üzərinə götürməsini, Sovetski və ya kubinka ərazisindən 50 manata aldığını deməsini bildirilmiş sonuncu polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalacağı hədəsi ilə əlaqədar polis əməkdaşları ilə razılaşaq sənədlərə qol çəkmiş, narkotik vasitəni üzərinə götürmüşdür. Həmçinin narkotik vasitədən istifadə etmədiyinə görə ekspertizanın keçiriləcəyini və qanından narkotik vasitə aşkar edilməyəcəyini güman etdiyindən polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Ekspertiza rəyinin nəticəsi olaraq qanından narkotik vasitənin aşkar edilməsini isə onunla izah edə bilər ki, Polis Bölməsində olarkən bölmə rəisinin müavini Müşviq adlı əməkdaş ondan ac olubolmamasını soruşmuş, sonuncuya yemək, kola təklif edilmiş, verilən yeməyin acı olduğunu hətta o zaman da bildirmişdir.Hazırda isə bölmədə ona verilən yeməyə narkotik vasitənin qoyulmaq ehtimalının olduğunu bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, rəhbərliyə daxil olan təqsirləndirilən şəxsin narkotik vasitələrin istifadəçisi olması ilə bağlı əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və təqsirləndirilən şəxs Tarqovi ərizisində narkotik vasitə ilə bağlı saxlanılmışdır. Əməliyyat qrupunda özündən başqa Şahid2 olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən onun yanında kənar şəxs olmamış və küçədə şərait olmadığına görə təqsirləndirilən şəxs bölməyə dəvət edilərək orada üzərinə videoçəkiliş vasitəsilə vəkilin iştirakı ilə baxış keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Vaqif oğlu ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs “Bravo” hiper marketdə baş verən silahlı hadisəylə bağlı tutulmamış, 4 mart 2023-cü il tarixdə, saat 8-9 radələrində özünü Zeynalabdin Tağıyev küçəsi, “Tarqovi” adlanan ərazidə özünü şübhəli apararaq ora-bura hərəkət etdiyi üçün narkotik vasitənin təsiri altında olması ilə bağlı onlarda yaranmış şübhə əsasında Şahid1la birlikdə tərəflərindən saxlanılaraq polis bölməsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxsin həmçinin onlar tərəfindən verilən sualları cavablandırmaması və suallardan yayınması onlarda Təqsirləndirilən şəxs qarşı yaranmış şübhəni möhkəmləndirmişdir. Polis bölməsində olarkən təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmiş, üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 4 mart 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs ilə aparılan söhbət zamanı Təqsirləndirilən şəxs ona verilən suallara qeyri-adekvat cavablar verməsi, bəzi suallardan yayınması ona qarşı şübhə yaratmışdır. Bundan əlavə həmin şəxsin narkotik vasitənin təsiri altında olması düşünülmüş və o narkotik vasitələrin istifadəsində və üzərində saxlanılmasında şübhəli bilinərək polis şöbəsinə dəvət edilmişdir (cild 1, iş vərəqi 3). 04 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən CD diskdən görünür ki, həmin tarixdə 9-cu polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs əynindəki ağ-göy rəngli köynəyin sağ cibindən 3 ədəd qara rəngli kağız bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Aşkar edilmiş bükümlər açıldıqda içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik, narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edildi. Təqsirləndirilən şəxs həmin bükümlərdəki maddə barədə, onu harada və kimdən əldə etməsi soruşulduqda sonnucu həmin bükümün içərisində olan maddənin nakrotik vasitə hesab edilən heroin olduğunu, həmin narkotik vasitəni «sovetski» adlanan ərazidən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 50 manata şəxsi istehlak üçün aldığını və bu məqsədlə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 3 ədəd büküm götürülərək zərfə qablaşdırılıb möhürlənmişdir (cild 1, iş vərəqə 22-23). 05 mart 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının 6/1347 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN’ Zərflər üçün Nə 166» möhür əksi olan, « Vəl. Təqsirləndirilən şəxs əynindəki idman köynəyinin sağ cibindən götürülmüş...» sözləri və imzalar qeyd edilmiş zərfin içərisində 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,984 qram, 0,485 qram və 0,753 qram ümumi təmiz çəkisi 2,222 qram açıq qəhvəyi rəngli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekpertiza tədqiqatından sonra narkotik vasitə heroinin qalıq çəkisi 2,072 qram təşkil etmişdir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir (köhnə redaksiyada) (cild 1, iş vərəqə 37-38). 6 mart 2023-cü il tarixli “Sübut növü kimi tanınma barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən bir ədəd kompakt disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 48). 6 mart 2023-cü il tarixli 411 saylı “narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” aktdan görünür ki, həmin tarixdə saat, 14:30-da müayinədən keçən zaman Təqsirləndirilən şəxs MOP və OPİ tərkibli preparatlarının istifadəsi halları aşkar edilmişdir (cild 1, iş vərəqə 59). 19 mart 2023-cü il tarixli “Maddi sübut kimi tanınma və saxlama haqqında qərardan” görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 2,222 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,072 qram təşkil edən heroin maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Səbail rayon Polis İdarəsinin saxlama otağına verilməsi nəzərdə tutulmuşdur (cild 1, iş vərəqi 105). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”-dan daxil olan məktubdan görünür ki, xx xxxxx 1999-cu təvəllüdlü Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olmayıb ( cild 1, iş vərəqi 113). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş 23 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır (cild 1, iş vərəqə 110). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə (köhnə redaksiyada) əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitənin ona məxsus olmamasını, Ruhlan İsmayılovun öldürülməsi ilə bağlı 04 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıq İdarəsinin əməkdaşları tərəfindən tutulması, daha sonra 05 mart 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu 9-cu Polis Bölməsinə gətirilməsi, həm İdarədə, həm Polis Bölməsində işgəncələrə məruz qalması, narkotik vasitələrdən istifadə etmədiyini bildirərək ibtidai istintaq dövründə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri təkzib etmişdir. Məhkəmə, təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. İş materiallarından görünür ki, müdafiə tərəfi Təqsirləndirilən şəxs 04 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılması barədə öz dəlillərini əsaslandırmaq üçün Bakı şəhəri Səbail rayon məhkəməsinin 9-cu Polis Bölməsindən daxil olmuş 01 avqust 2023-cü il tarixli məktubu, Bakı şəhər Səbail rayon Polis İdarəsinin 21 iyun 2023-cü il tarixli müşaiyət məktubu ilə daxil olmuş müvəqqəti saxlama yerində saxlanılan şəxslərin uçotu qeydiyyatı kitabının surətlərini məhkəməyə təqdim etmişdir. Bakı şəhər Səbail rayon Polis İdarəsinin 21 iyun 2023-cü il tarixli məktubunda həmin X11 Yerində saxlanılan şəxslərin uçotu qeydiyyatı kitabının 04-07 mart tarixlərinə aid olan hissələrin göndərilməsi qeyd edilsə də müvafiq qeydiyyat kitabının vərəqlərinin surətlərində orada saxlanılan şəxslərin tutulma və ya haqqında həsb qətimkan tədbiri haqqında qərarın çıxarılması, saxlanılan şəxslərin azad olunması, habelə daxili intizam ərizə şikayət və s. verilməsi qaydaları, hüquq və vəzifələri ilə tanış olma tarixi və vaxtına dair məlumatların göstərildiyi qrafalar öz əksini tapsa da həmin şəxslərin gətirilmə tarixinə saatına dair qrafaya rast gəlinmir. Bundan başqa Bakı şəhəri Səbail rayon Məhkəməsinin 9-cu Polis Bölməsindən daxil olmuş 01 avqust 2023-cü il tarixli məktubu ilə də Təqsirləndirilən şəxs 05 mart 2023-cü il tarixdə Bakı şəhər Səbail rayon Polis İdarəsinin X12 təhvil verilməsi göstərilsə də sonuncunun 04 mart 2023-cü il tarixdə həmin şöbəyə gətirilməsi öz əksini tapmışdır. Məhkəmə onu da qeyd edir ki, hazırda mübahisə doğuran məsələ şəxsin hansı saatlarda X12 təhvil verilməsi məsələsi deyil, təqsirləndirilən şəxsin Səbail rayonu 9-cu Polis Bölməsinə gətirilmə tarixi və saatının aydınlaşdırılması iş üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə xidmət edir və hal-hazırda cinayət işi materiallarında qeyd olunan məsələyə dair məlumatların təkzib edilməsi üçün tutarlı dəlillər əsas gətirilməmişdir. Digər tərəfdən X6 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 229.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə əldə edilmiş Təqsirləndirilən şəxs dindirmə protokolundan görünür ki, həmin iş üzrə də sonuncu 05 mart 2023-cü il tarixdə dindirilmiş, blokun ağzından çıxarkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirsə də , hansı bölmənin əməkdaşları tərəfindən saxlanıldığını qeyd etməmiş, 04 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıq İdarəsinin əməkdaşları tərəfindən tutulması, bir gün orada saxlanıldıqdan sonra 05 mart 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu 9-cu Polis Bölməsinə gətirilməsi barədə hər hansı məlumata rast gəlinməmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 10 mart 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, 050-7459-77-06, 050 -761-06-78 saylı mobil telefon nömrələri ilə aparılan danışıqları özündə əks etdirən CD disklərə baxış keçirilərkən də sonuncunun 04 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıq İdarəsinə aparılması barədə məlumat təsdiq edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində işgəncələrə yol verilməsi barədə material üzrə aparılmış araşdırma üzrə 24 iyul 2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar qəbul edilərkən Bakı şəhər Səbail rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinin əməkdaşları X9, X3 və Bakı şəhəri Səbail rayon məhkəməsinin 9-cu Polis Bölməsinin rəis müavini X5 Təqsirləndirilən şəxs barəsində hər hansı qanunsuz hərəkətlərə yol vermədikləri barədə izahatları əsas götürülmüşdür. Həmçinin həmin araşdırma dövründə ifadə verən X1 Hacızadənin məhz 04 mart 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayon məhkəməsinin 9-cu Polis Bölməsinin inzibati binasına gətirilməsini bildirmişdir. Məhkəmənin təşəbbüsü ilə əldə edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından 29 yanvar 2024-cü il tarixli daxil olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs 7 mart 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərkən sonuncunun bədən səthində xəsarət izləri aşkar edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti, şübhəli və təqsirləndirilən şəxs qismində ilkin dindirmə protokollarının Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsaslar olmadığından onun üzərindən aşkar edilən narkotik vasitə heroinin özünə məxsus olması işin mübahisəsiz halını təşkil edir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etmədiyini bildirsə də həm ondan götürülmüş qan nümunələrinin təhlili nəticəsində narkotik vasitədən istifadə hallarına rast gəlinməsi, həm barəsində 06 mart 2023-cü il tarixdə narkoloji ekspertiza keçirilərkən ekspertə 3-4 aydır ki, narkotik vasitə olan heroindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini bildirməsi onun narkotik vasitə istifadəçisi olmasını bir daha sübut edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Həmin əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmaqla ağır cinayət hesab olunur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə nəzərdə tutulan yüngülləşdirən hallar müəyyən edilməyib. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən edilməyib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, törətdiyi cinayətin xarakteri və ictimai təlükəliliyini nəzərər alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 4 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 13), Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 6 mart 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 4 mart 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 65-68). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 4 mart 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxs tərəfindən təqdim edilmiş narkoloji ekspertizanın 06 mart 2023-cü il tarixli ekspert rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs müayinə zamanı opiodlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 113). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Səbail rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,072 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 170). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 4 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlama otağına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,072 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin; -Təqsirləndirilən şəxs barəsində həyata keçiriliş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar