Məhkəmə qərarları › İş №1(101)-435/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-435/2020

19.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-435/2020 19.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi x2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakları ilə, xx xxxxxxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, D.Kişvəri küçəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan yetkinklik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.1 və 126.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yetkinklik yaşına çatmayan Təqsirləndirilən şəxs 25 oktyabr 2019-cu il tarixdə, saat 22:00 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, D.Kişvəri küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə söhbət zamanı Zərərçəkmiş şəxs1 qardaşı Şahid1 irad tutmasını bəhanə edib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə mübahisə etmiş və yaşadığı evdən bir qədər irəlidə mübahisə zamanı xuliqanlıq niyyəti ilə üzərində olan gödəkcənin cibindən küstar üsulla hazırlanmış təsərrüfat-məişət təyinatlı turist bıçağını çıxarıb, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hər birini bir dəfə vuraraq onlara insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirərək iki şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə qanuni nümayəndə və müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən yetkinklik yaşına çatmayan Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 126.2.1 və 126.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 25 oktyabr 2019-cu il tarixdə, saat 21:00 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dilqəm Kişvəri küçəsində yerləşən yaşadığı evin yanında qardaşının işlədiyi bərbər salonuna gələrək saçını düzəltdirmişdir. Həmin vaxt çöldə tanımadığı şəxslərin uca səslə nalayiq ifadələrini eşitmiş, o, qardaşı Emin və dayısıoğlu Fazil bərbər salonundan çölə çıxıb çöldə dayanan tanımadığı şəxslərə evinin qarşısında ucadan nalayiq ifadələr işlətməmələri barədə irad bildirmişdir. Həmin şəxslər onlara yaxınlaşıb «problem deyil» deyə bildirmiş və onlarla görüşmüşlər. Qardaşı Emin görüş əsnasında onlara salamı biraz gec verdiyi üçün həmin şəxslərdən sonradan adını bildiyi Pərvin adlı şəxs qardaşına «sən deyəsən fikirlisən, salamı niyə gec verirsən» deyə söz atmış, o, isə Pərvinə qardaşının fikirli olmadığını bildirmiş, həmin şəxslərdən biri sonradan adını bildiyi Nihad onun harada yaşadığını soruşmuş və o, evini göstərək həmin yerdə yaşadığını bildirmişdir. Nihad ona kənarda onunla söhbət etmək istədiyini bildirmiş, o, razılaşaraq içəri keçib gödəkcəsini götürərək çölə çıxmış, Pərvin və Nihadla dəmir relsləri olan tərəfə getmişlər. O, Nihadla qabaqda gedərkən Nihad onun qolundan tutmuş və gedə-gedə onunla söhbət etməyə başlamışdır. Qardaşıyla Fazil onlara tərəf gəlmək istəyən zaman o, onlara narahat olmamalarını, söhbət edib qayıdacağını demiş və onlar geri qayıtmışlar. Nihad söhbət zamanı ona danışığının onun xoşuna gəlmədiyini bildirmiş, o, isə Nihada onunla normal şəkildə danışdığını bildirmişdir. Bu zaman Pərvin onların yanına gəlmiş, Pərvin Nihada onu göstərək “uşaqdı, cavandı, yola ver getsin” deyə bildirmişdir. O, Pərvinlə normal şəkildə söhbət etdiyi vaxt Nihad onun sözünü kəsərək danışıqlarına müdaxilə etmiş, o, Nihada “olarmı ki, bir-bir söhbət edəsiniz?” dedikdə, bu sözü Nihadın xoşuna gəlməmiş və Nihad onu vurmuşdur. Sonra Nihad onun qolundan sərt şəkildə tutub onu hədələyərək “görərsən sənin başına nə oyun açacam” deyə bildirmişdir. O, Nihada qolunu buraxmasını bildirdikdə, Nihad əlini qolundan çəkmiş və onun yaxasından tutmuş və yenidən onu hədələyərək təhqir etmişdir. Bu vaxt Pərvin onlara yaxınlaşmış və o, bıçaq çıxarıb Nihadı vurmaq istəmiş, lakin özünü itirmiş və Pərvini vurmuşdur. Bundan sonra Nihad onun üstünə cumub onun üzünə yumruq zərbələri endirmiş, o, özünü qorumaq üçün Nihadı da bıçaqla vurmuş və bıçaq əlindən yerə düşmüşdür. Bu zaman Pərvin arxadan gəlib onu itələmiş və hər ikisi birlikdə onun bədəninin müxtəlif yerlərinə zərbələr vurmuşlar. Sonra Nihad yerdən bıçağı götürərək bıçağın arxa hissəsi ilə onun başından zərbə endirmiş və hər ikisi ardıcıl olaraq sifət nahiyəsindən yumruqla və təpiklə zərbələr endirmişlər. Bu zaman oraya Pərvinin anası gəlmiş və onu çətinliklə də olsa onlardan uzaqlaşdırmış və çıxıb getməyini demişdir. O, da həmin yerdən uzaqlaşaraq qardaşının bərbər salonuna gəlmiş, oradan isə çıxıb səhər saatlarına qədər küçələrdə gəzmişdir. Hadisənin səhəri günü isə atası ona zəng etmiş və o, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gəlib törətdiyi hadisə barədə könüllü olaraq məlumat vermişdir. O, daha sonra göstərmişdir ki, əvvəllər Nihad və Pərvini tanımamış və onların hər ikisi ondan yaşca çox böyükdürlər. Nihad və Pərvin ondan fiziki cəhətdən də güclüdürlər və eşitdiyinə görə onlar idmançıdırlar. Əməlindən peşimandır və zərərçəkmiş şəxslərlə barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 25 oktyabr 2019-cu il tarixdə, saat 21:00 radələrində Ramana qəsəbəsində yerləşən bərbər salonunun qarşısında Pərvin ilə ucadan danışarkən sonradan Qulu kimi tanıdığı şəxs çölə çıxaraq onlara sakit olmağı bildirmiş, Pərvinlə o, «problem yoxdu» deyərək Quluya yaxınlaşıb onunla görüşmüşlər. Bundan sonra Qulunun qardaşı sonradan adının Emin olduğunu bildiyi şəxs siqaret çəkə-çəkə çölə çıxaraq onlara yaxınlaşmış, Pərvin Eminə yaşca böyük olduğundan onlarla görüşmədiyi üçün, həmçinin siqaret çəkdiyi üçün irad bildirmişdir. Qulu isə onlara “bizimlə nə üçün belə danışırsan” deyə cavab vermiş, onlar Qulunun əsəbləşdiyini gördükdə ona kənara çəkilib söhbət etməyi təklif etmişlər. Qulu içəri keçərək gödəkçəsini geyinib gəlmiş, o, Qulunun qolundan tutub onu sakitləşdirib kənara aparan vaxt, Pərvin mağazaya girib oradan siqaret almış və həmin siqaretdən ona da vermişdir. Qulu Pərvinə qardaşı Eminlə hansı səbəbə görə bu cür danışdığını, yəni ona salam vermədiyinə görə Eminə irad tutmağının səbəbini soruşmuş, o, isə Quluya onun və qardaşının uşaq olduğunu və bu səbəbdən də onlarla söhbət etməyin lazım olmadığını bildirmişdir. Qulu isə ona “nə uşaq səndən iki yaş balaca olaram da” deyə cavab verdikdə o, əsəbləşib ona bir sillə vurmuşdur. Bu zaman ani olaraq Qulu Pərvinə arxadan bıçaqla zərbə endirmiş, Pərvin zərbənin təsirindən əyilmiş vəziyyətdə qalmışdır. O, isə Pərvinə kömək etmək istədikdə Qulu onun də böyrək nahiyəsindən bıçaqla xəsarət yetirmişdir. O, həmin zərbəyə reaksiya verərək Qulunun sifət nahiyəsindən yumruqla zərbələr endirmiş, bu zaman Pərvinin anası Firuzə xanım həmin yerə gəlmiş və bıçağı yerdən götürüb Quluya qaçıb getməsini demişdir. Qulu qaçaraq hadisə yerindən uzaqlaşmış, Pərvinin anası Pərvini öz evinə aparmış, o, isə öz yaşadığı evə gələrək üzərində olan köynəyi dəyişmiş və başqa bir köynək geyinərək xəstəxanaya getmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmış və onu bağışlayır, həmçinin ondan şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 25 oktyabr 2019-cu il tarixdə, saat 21:00 radələrində Ramana qəsəbəsində yerləşən bərbər salonunun qarşısında dostu Nihadla ucadan danışarkən sonradan Qulu kimi tanıdığı şəxs çölə çıxaraq onlara sakit olmağı bildirmiş, Pərvinlə o, Quluya “problem yoxdu” deyərək Quluya yaxınlaşmış və Qulu ilə görüşmüşlər. Bundan sonra Qulunun qardaşı, sonradan adının Emin olduğunu bildiyi şəxs siqaret çəkə-çəkə onlara yaxınlaşmış, o, Emindən yaşca böyük olduğundan onlarla görüşmədiyi üçün, həmçinin siqaret çəkdiyi üçün ona irad tutmuşdur. Qulu isə onlara “bizimlə nə üçün belə danışırsan” deyə cavab vermiş, onlar Qulunun əsəbləşdiyini gördükdə Nihad Quluya kənara çəkilib söhbət etməyi təklif etmişdir. Qulu içəri keçərək gödəkçəsini geyinib gəlmiş, Nihad Qulunun qolundan tutub onu sakitləşdirib kənara aparan vaxt, o, mağazaya girərək oradan siqaret almışdır. Qulu ona qardaşı Eminlə hansı səbəbə görə bu cür danışdığını, yəni ona salam vermədiyinə görə Eminə irad tutmağının səbəbini soruşmuş, o, isə Quluya onun və qardaşının uşaq olduğunu və bu səbəbdən də onlarla söhbət etməyin lazım olmadığını bildirmişdir. Qulu isə ona “nə uşaq səndən iki yaş balaca olaram da” deyə cavab verdikdə Nihad əsəbləşib Quluya bir sillə vurmuşdur. Bu zaman o, Qulunun əlində bıçaq görmüş və bıçağı əlindən atmasını bildirdikdə Qulu ani olaraq ona arxadan bıçaqla zərbə endirmiş, o, zərbənin təsirindən əyilmişdir. Bu zaman Nihad Qulunu yumruqla vurmuş, bir müddət sonra anası həmin yerə gəlmiş, Nihad ilə Qulunu bir-birindən ayırmış, Qulu oradan qaçıb getmiş və anası onu xəstəxanaya aparmışdır. Hazırda Təqsirləndirilən şəxsla barışmış, onu bağışlayır və ondan şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 25 oktyabr 2019-cu il tarixdə, saat 21:00 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dilqəm Kişvəri küçəsində yerləşən yaşadığı evin yanında işlədiyi bərbər salonunda qardaşı Qulunun saçını düzəldərkən bayırda tanımadığı şəxslərin uca səslə nalayiq ifadələrini eşitmişlər. O, qardaşı Təqsirləndirilən şəxs və dayısıoğlu Şahid2 bərbər salonundan çölə çıxmış və qardaşı Qulu çöldə dayanan tanımadığı şəxslərə evinin qarşısında ucadan nalayiq ifadələr işlətməmələri barədə irad bildirmişdir. Həmin şəxslər onlara yaxınlaşmış və “problem deyil” deyə bildirib onlarla görüşmüşlər. O, görüş əsnasında onlara salamı biraz gec verdiyi üçün həmin şəxslərdən sonradan adını bildiyi Pərvin adlı şəxs ona «sən deyəsən fikirlisən, salamı niyə gec verirsən» deyə söz atmış, Qulu Pərvinə onun fikirli olmadığını bildirdikdə həmin şəxslərdən biri qardaşından harada yaşadığını soruşmuş və Qulu evlərini göstərək həmin yerdə yaşadıqlarını bildirmişdir. Bundan sonra Nihad adlı şəxs Quluya kənarda onunla söhbət etmək istədiyini bildirmiş, Qulu razılaşaraq evə girib gödəkcəsini götürərək çölə çıxmış və Pərvin, Nihad və qardaşı Qulu dəmir relsləri olan tərəfə hərəkət etməyə başlamışlar. Nihad Qulunun qolundan tutmuş və onlardan aralanmışlar. O və Fazil Qulunun yanına getmək istədikdə Qulu onlara narahat olmamağını və söhbət edib gələcəyini bildirmişdir. O, su almaq üçün ərzaq mağazasına gedib qayıdarkən qardaşı Qulunu tapa bilməmiş və işlədiyi bərbər salonuna qayıtmışdır. Bu vaxt Qulunu salonda görmüş, Qulunun sifətində çoxlu sayda xəsarət izləri olmuşdur. O, nə baş verdiyini soruşduqda Qulu ona həmin şəxslərin onu döydüklərini, onun isə onları bıçaqla vurduğunu bildirmişdir. Sonra Qulu onunla sağollaşaraq oradan ayrılmış, səhəri gün isə atası Qulu ilə danışaraq Quluya polisə gedib təslim olmaq lazım olduğunu bildirmişdir. O, atası ilə birlikdə Polis şöbəsinə gəlmiş və Qulu da oraya gələrək təslim olmuşdur. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 göstərdikləri xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 25 oktyabr 2019-cu il tarixdə, saat 21:00 radələrində yaşadığı evdən çıxaraq qızıgilə getmiş, evdən çıxdıqda oğlu Pərvinin səsini eşitmiş və səs gələn tərəfə getdikdə Pərvini əyilmiş vəziyyətdə görmüşdür. Ondan təxminən 2-3 metr məsafədə aralıda isə Nihadın əvvəllər tanımadığı, sonradan adını Qulu kimi bildiyi şəxslə əlbəyaxa olduğunu görmüşdür. Həmin yerə yaxınlaşdıqda Pərvinin bıçaqlandığını görüb, Nihad ilə Qulunun arasında dayanaraq onların bir-birinə yaxınlaşmasına mane olmuş və Qulunu oradan uzaqlaşdırmışdır. Bundan sonra Nihad da həmin yerdən uzaqlaşmış və o, oğlu Pərvini təcili tibbi yardım avtomaşını ilə xəstəxanaya aparmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 169-171-ci vərəqlərində olan məhkəmə tibbi ekspertizasının 10 yanvar 2020-ci il tairxli, 62 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sol tərəfli hemotoraksa (sol döş boşluğuna sərbəst qanın yığılması), diafraqmanın, mədəaltı vəzin və dalağın zədələnməsinə səbəb olan döş qəfəsinin sol yarısının döş və qarın boşluğuna nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət deşici-kəsici əşya təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən 25 oktyabr 2019-cu il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir Cinayət işinin 188-190-cı vərəqlərində olan, məhkəmə tibbi ekspertizasının 10 yanvar 2020-ci il tairxli, 111 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 qarının sol yarısının qarın boşluğuna keçərək yoğun bağırsağın və böyük piyliyin zədələnməsin səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət deşici-kəsici alətin təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, müddəti qərarın təsviri hissəsində göstərilən 25 oktyabr 2019-cu il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işinin 139-140-cı vərəqlərində olan, məhkəmə tibbi ekspertizasının 26 oktyabr 2019cu il tairxli, 1613 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs burun sümüyünün yerini dəyişən, qapalı sınığı, alın, burun, hər iki gözyuvası ətrafı-yanaq nahiyələrinin, boyun nahiyəsinin, sol budun qançır və sıyrıqları, üst və alt dodağa qansızma xəsarətləri müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən 25 oktyabr 2019-cu il tarixə uyğun gəlir və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin 141-144-cü vərəqlərində olan məhkəmə-ballistik ekspertizasının 17 dekadr 2019-cu il tarixli, 30671 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulla ilə hazırlanmış, bir tərəfi kəsici ucu batıcı xassəyə malik olan təsərüfat-məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin 167-168-ci vərəqlərində olan ambulator-məhkəmə psixiatrik ekspertizasının 07 yanvar 2020-ci il tarixli, 04 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ruhi xəstəliyin əlamətləri qeyd olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 191-200-cü vərəqlərində olan “toplanmış sübutların qiymətləndirilməsi haqqında” 27 yanvar 2020-ci il tarixli qərardan görünür ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs döyərək ona az ağır zərər vurmaya aid xəsarətlər yetirdikləri üçün Azərbaycan Respublikası CM-nin 127-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər, lakin Təqsirləndirilən şəxs onları bağışladığından və bu barədə ərizə ilə müraciət etdiyindən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 barələrində cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən rədd edilmişdir. Cinayət işinin 18-ci vərəqində olan, 26 oktyabr 2019-cu il tarixli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 1/6035 saylı protokolundan görünür ki, Təqsirləndirilən şəxs, ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur. Cinayət işinin 291-ci vərəqində olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş 07 mart 2020-ci il tarixli saylı ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Onunla barışmış və onu bağışlayır. Cinayət işinin 294-cü vərəqində olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq olunmuş 14 mart 2020-ci il tarixli saylı ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Onunla barışmış və onu bağışlayır. Beləliklə, məhkəmə istintaqında yetkinklik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, 30 iyun 2008-ci il tarixli, 6 saylı qərarının, 11-ci bəndində qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrumetmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının, 2-ci bəndində qeyd olunmuşdur ki, CM-nin 59-cu maddəsinə görə, cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Həmin qərarın 3-cü bəndinə görə təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmaması özüözlüyündə ona maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəza növünün təyin edilməsi üçün əsas ola bilməz. Maddənin sanksiyasında daha yüngül cəza növü nəzərdə tutulmadıqda və həmin sosial qrupdan olan məhkuma ağır cəza verilməsinə əsaslar olmadıqda yuxarıda qeyd edilən hallar işin müstəsna halı kimi və CM-in 62-ci maddəsinin tətbiqinə əsas verən amil kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə görə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə təqsirləndirilən şəxs yetkinklik yaşına çatmayan Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, cinayəti törədərkən və hal-hazırda da yetkinlik yaşına çatmamasını, əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə olunmasını, zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, cinayətin zərərçəkmiş şəxslərin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2, 59.1.12 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs yetkinklik yaşına çatmayan Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə yetkinklik yaşına çatmayan təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların məcmusunu, o, cümlədən onun yetkinlik yaşına çatmadığını müstəsna hal hesab edib, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, yetkinklik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 26 oktyabr 2019-cu il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, yetkinklik yaşına çatmayan təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99- 1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Sabunçu rayon Polis idarəsində saxlanılan Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsi zamanı istifadə etdiyi 01 (bir) ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici ucu batıcı xassəyə malik olan təsərüfat-məişət təyinatlı turist bıçağı məhv edilməlidir Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını nəzərə alıb onun məhkəmə məsrəflərinin ödənilməsindən azad edilməsini əsaslı hesab edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili x3 tərəfindən 50 (əllli) iş saatı həcmində hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, vəkil x3 tərəfindən təqsirləndirilən şəxsə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı Bakı şəhəri 7 saylı Vəkil Bürosuna dövlət büdcəsi hesabından hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351, 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Yetkinklik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Yetkinklik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli tərbiyə müəssisəsində çəkilsin. Yetkinklik yaşına çatmayan Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 oktyabr 2019-cu il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Sabunçu rayon Polis idarəsində saxlanılan Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsi zamanı istifadə etdiyi 01 (bir) ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici ucu batıcı xassəyə malik olan təsərüfat-məişət təyinatlı turist bıçağı məhv edilsin. Yetkinklik yaşına çatmayan Təqsirləndirilən şəxs məhkəmə məsrəflərinin ödənilməsindən azad olunsun. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından x1 vəkil işlədiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar