Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-435/2023 24.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı mülki iddiaçı – zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi olan atası X5, sonuncunun nümayəndəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri «Pro Bono» vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə 1976-cı il yanvarın 27-də Lerik rayonunun Noda kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Lerik rayonunun Noda kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Çiləgər» deyilən yaşayış massivi, Xanlar küçəsi, nömrəsiz evdə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci il iyulun 06-da saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları yaşayış massivi, 37-ci dalanda yerləşən nömrəsiz fərdi evdə onunla birlikdə usta işləyən tanışı Zərərçəkmiş şəxs ilə həmin yerdən çıxıb göstərilən yaşayış massivindən keçən Sumqayıt-Nardaran yolunun kənarında dayanarkən gördükləri işə görə aralarında əmək haqqının bölüşdürülməsi ilə bağlı yaranmış mübahisə zəminində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kürdəxanı-Nardaran yolu, 37-ci dalanın yaxınlığında adı çəkilən şəxsi qəsdən itələyərək yerə yıxmaqla sonuncunun başının yerdə olan daş bordürə dəyməsi ilə baş beyin maddəsinin əzilməsi, baş beynin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızma, hər iki alın payı üzərində lövhəvari kəskin subdural hematoma (baş beynin hər iki alın payı üzərində sərt qişası altına sərbəst qanın yığılması), baş beynin sol alın payında kəskin beyindaxili hematoma, baş beyinin hər iki alın payında hemorragik kontuziya, alın sümüyünün sağdan kəllə əsasına keçən qapalı, xətti sınığı, sağ təpə-gicgah və alın nahiyələrinin dərialtı hematomaları, sağ gözyuvası ətrafı-almacıq nahiyəsinin qançırı, sağ çənə nahiyəsinin əzilmiş-cırılmış yarası ilə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, 2022-ci il iyulun 07-də Zərərçəkmiş şəxs təcili tibbi yardım briqadası ilə Respublika Neyrocərrahiyə Xəstəxanasına aparılıb orada stasionar müalicə olunsa da aldığı xəsarətlər nəticəsində yaranmış baş-beyin maddəsinin əzilməsi səbəbindən 2022-ci il iyulun 10-da saat 20:40-da qeyd olunan tibb müəssisəsində ölmüş, bununla da Təqsirləndirilən şəxs ehtiyyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.3.-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, dörd uşaq atası olmaqla tikintilərdə suvaq ustası işləyib ailəsini dolandırmışdır. X10 Hüseynov ilə üç il əvvəl Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində usta işlədikləri evlərin birində bacanağı X16 vasitəsi ilə tanış olmuşdur. Sonuncu 2022-ci il iyul ayında zəng edərək Əlvanın həmin qəsəbədəki fərdi evlərin birində götürdüyü tikinti işində suvaq işi üçün usta lazım olduğunu bildirdikdə o, təklifi qəbul etmişdir və sonuncu ilə bərabər suvaq vurduqları hər bir kvadratmetrə görə 3 manat 50 qəpiyə razılaşmışlar. Onlarla yanaşı adlarını xatırlamadığı iki nəfər usta daha işləmiş, onlar birgə üç gün işlədikdən sonra 2022-ci il iyulun 06-da saat 21 radələrində iş gördükləri həyəti tərk etməklə avtomobil yoluna çıxıb Kürdəxanı-Pirşağı yolunda ustalardan Şahid2 evin sahibindən ilk aldığı 200 manat puldan 130 manatı onunla Əlvanın arasında bölməkdən ötrü sonuncuya vermişdir. Digər ustalar uzaqlaşanda o və Əlvan evlərinə getmək üçün avtomobil yolunun qarşı tərəfinə keçmişlər, Kürdəxanı-Pirşağı yolunun kənarında dayanarkən sonuncunun 30 manatı zəhmət haqqı olaraq ona verməklə 100 manatı isə özünə saxlaması nəticəsində narazılıq yaranmış, o, aldıqları pulu yarı bölməyi təklif etsə də Əlvan söyüş söyüb yumruq atmış, lakin geri çəkildiyindən zərbə ona dəyməmiş və Əlvan müvazinətini itirib ayağı boşluğa düşərək yerə yıxılmışdır. O, sonuncunun necə xəsarət aldığını görməmiş, Əlvan ayağa qalxmaqla başının ağrıdığını söylədikdə o, bacanağına zəng vurub baş verənləri danışmış, Nahid də Əlvanı yaşadığı evə gətirərək yardım göstərməyi təklif etmiş, sonuncu özünü yaxşı hiss etdiyini bildirmiş və o, Əlvanın razılığı ilə sonuncunu Nahidgilə aparmışdır. Sonuncu evdə tək olmuşdur, onlar üçü təxminən 30 dəqiqə oturmaqla çay içmişlər və Əlvan heç bir narahatçılığa səbəb olmadığını dediyindən o, saat 23 radələrində evinə yollanmışdır. 1-1,5 saat ötmüş Nahid ona zəng edib Əlvanın vəziyyətinin pisləşdiyini bildirəndə dərhal özünü Nahidin evinə çatdırmış, Əlvanın huşunu itirdiyini görərək təcili tibbi yardıma zəng etmiş, bir neçə dəqiqə keçmiş həkim briqadası gəlməklə Əlvanı müayinə edib sonuncunu Respublika Neyrocərrahiyə Xəstəxanasına aparmışdır. X22 yaxınlarından kiməsə zəng vuraraq hadisə barədə məlumat vermişdir. 2022-ci il iyulun 10-da saat 21 radələrində o, evdə olarkən Əlvanın qohumlarından kimsə atasına zəng etməklə Əlvanın göstərilən tibb müəssisəsində öldüyünü bildirmişdir. Hadisədən dərin məyusluq hissi keçirir. O, qəsdən cinayət törətməmiş, qeyd edilən hadisə ehtiyatsızlıqdan baş vermişdir. Hərəkətlərindən çox peşmandır. Qohumları tərəfindən zərər çəkmiş şəxsin hüquqi varisinə köməklik məqsədi ilə 4.800 manat ödənilsə də sonuncu ilə barışıq əldə etməyə nail olmaq mümkün olmamışdır. İş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərdi ki, övladı Zərərçəkmiş şəxs 2015-ci ildən Bakı şəhərində fərdi evlərdə usta işləmiş, hadisədən əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları yaşayış massivindəki fərdi evdə suvaq işində həmyerliləri Təqsirləndirilən şəxs ilə birlikdə çalışmışdır. 2022-ci il iyulun 07-də saat 09 radələrində o, evdə olduğu zaman Təqsirləndirilən şəxs əmisi oğlu X12 onun yanına gəlib yaranan mübahisə vaxtı Vasifin Əlvanı itələyərək yerə yıxdığını, sonuncunun xəsarət almaqla xəstəxanada olduğunu söyləmişdir. O, təxirəsalmadan Bakı şəhərində kirayədə qalan övladları Elşən və Alqayıt ilə telefonla danışmış, sonuncular Əlvanın gecə evə gəlmədiyini nəzərinə çatdırdıqda o, oğullarına hadisə haqqında xəbər verib tez Bakı şəhərində fəaliyyət göstərən Respublika Neyrocərrahiyə Xəstəxanasına yollanmış və orada Əlvanın koma vəziyyətində olduğunu öyrənmişdir. 2022-ci il iyulun 10da saat 22 radələrində həkimlər zəng edərək Əlvanın öldüyünü bildirmişlər. Vasifin baçanağı X16 2022-ci il iyulun 07-də saat 10 radələrində onun övladı Şahid1la telefon danışığında eynən «2022-ci il iyulun 06-da Vasif mənə zəng etdi, dedi ki, Əlvanı vurdum, huşunu itirdi, mən isə ona dedim ki, Əlvanı maşına qoy bizə gətir. Vasif Əlvanı bizə gətirdi. Əlvan çay içib, hamama girib yuyundu, bizdən çıxıb evə getmək istəyəndə halı pisləşdi. Mən yenidən onu evə saldım, Vasifi çağırdım. Bundan sonra həkim çağırdıq və onu xəstəxanaya apardıq» demişdir. Təqsirləndirilən şəxsin yaxınları tərəfindən ona ödənilən 4.800 manatı qəbul etsə də sonuncu ilə barışmamışdır. İş üzrə şahid qismində dindirilən X17 ifadəsində göstərdi ki, fərdi evlərin və obyektlərin tikintisində usta işləməklə ailəsini dolandırır. Lerik rayonundan uzun illərdir tanıdığı həmyerlisi X13 da Bakı şəhərində usta kimi çalışıb öz qardaşları ilə bərabər yaşamışdır. 2022-ci il iyul ayının əvvəllərində Əlvan zəng edərək Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində sifariş əsasında ev tikintisi işi götürdüyünü və əlavə ustaya ehtiyacı olduğunu bildirdikdə o, həmin təklifi usta işləyən bacanağı Təqsirləndirilən şəxs yönəltməklə Əlvanla əlaqə saxlamasını istəmişdir. Vasif Əlvanla razılaşanda sonuncular Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağlarındakı fərdi evlərin birində işə başlamışlar. 2022-ci il iyulun 06-da saat 22 radələrində Vasif ona zəng edib Əlvanla 130 manat pulun bölüşdürülməsi üstündə aralarında mübahisə yarandığını söyləyəndə o, Vasifə Əlvanla birgə onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivindəki evə gələrək məsələni özü həll edəcəyini demişdir. Saat 23 radələrində Vasiflə Əlvan ünvanına çatmışlar və o, Əlvanın çənə nahiyəsində sıyrıq olduğunu görməklə bir-biri ilə dava edib-etməmələrini soruşduqda bacanağı münaqişə zamanı əlinin təsadüfən Əlvanın çənəsinə dəydiyini bildirmiş, sonuncu da Vasifin sözlərini təsdiq etmişdir. O, Əlvanın çənə nahiyəsinə yod sürtdükdən sonra onlar çay içərək söhbət etmişlər. Vasif Əlvanın vəziyyətinin normal olduğunu müşahidə etdiyindən öz evinə yollanmış, Əlvan da hamama girib çimərək kirayədə qaldığı evə getməkdən ötrü həyətə çıxanda sonuncunun halı pisləşmiş, o, Əlvanı evə saldıqda sonuncu başının bərk ağrıdığını söyləmiş, ona görə də o, Əlvana ağrıkəsici dərman vermiş və bir qədər keçmiş sonuncu yuxusu gəldiyini bildirməklə yatmış, o isə oyaq olmuşdur. 2022-ci il iyulun 07-də saat 02 radələrində o, Əlvanın sağ alın və üz nahiyəsinin şişdiyini görüb Vasifə zəng etmiş, sonuncu dərhal özünü onun yaşadığı evə çatdırmışdır və onlar təcili tibbi yardım çağırmış, Əlvanı əvvəlcə X21, oradan Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparmışlar. O, sonuncunun qohumlarına zəng edərək hadisə haqqında məlumat vermiş, hadisənin bilavasitə şahidi olmamışdır. İş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, 2022-ci il iyulun 07-də saat 04 radələrində o, Bakı şəhəri, Binəqədi rayonu, Binə qəsəbəsi, Bakıxanov küçəsi, Bolluq yaşayış massivindəki evində olarkən bacısının əri Təqsirləndirilən şəxs ona zəng etməklə birlikdə ustalıq etdiyi X6 işdən çıxandan sonra yıxılıb başının əzildiyini, vəziyyətinin yaxşı olmadığını və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində olduqlarını bildirmişdir. O, Vasifə təcili tibbi yardıma zəng etməsini tapşırmış və saat 04:30 radələrində sonuncunun bacanağı X8 evinə yollanaraq Əlvanın döşəmədəki döşəyin üstündə huşsuz halda uzandığını görmüşdür. Bir az vaxt ötmüş onların çağırışına gələn təcili tibbi yardım briqadası sonuncunu əvvəlcə X21, oradan isə Respublika Neyrocərrahiyə xəstəxanasına aparmışdır. Onlar xəstəxanaya gedəndə həkimlər Əlvanın əməliyyat edilməli olduğunu demişlər və Nahid Əlvanın ailə üzvlərindən kiməsə zəng etməklə hadisə barədə məlumat vermişdir. Göstərilən tarixdə saat 13-14 radələrində Əlvanın atası, qardaşları və digər qohumları ilə bərabər xəstəxanaya gəlmişlər. İş üzrə şahid qismində dindirilən Şahid1 atası olan zərər çəkmiş şəxsin hüquqi varisi X11 ilə oxşar ifadə verdi. İş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, suvaq ustası işləyib ailəsini dolandırır. 2022-ci il iyul ayının əvvəllərində Şahid4 adlı bir şəxs ona zəng edərək Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları yaşayış massivindəki fərdi evdə suvaq işi olduğunu demiş, o, sonuncu ilə görüşməklə 700-800 kvadrat metrin hər birini 3 manat 50 qəpikdən razılaşmışdır. Həmin ərəfədə o, işə gələrkən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı dairəsindəki avtobus dayanacağında əlində suvaq vurmaq üçün avadanlıq olan bir nəfər cavan oğlanı görüb yaxınlaşmış, söhbət zamanı adının X13 olduğunu öyrəndiyi şəxsin də onun kimi günəmuzd usta işlədiyini bildikdə sonuncuya birgə işləməyi təklif etmiş, iki gün işlədikdən sonra Əlvan suvaq ustası olan Təqsirləndirilən şəxs adlı tanışını da çağırmaq istədiyini söyləyərək növbəti gün sonuncu da onlarla birlikdə işləməyə başlamışdır. 2022-ci il iyulun 06-da saat 20-21 radələrində ev sahibi iş əvəzində ona 200 manat vermiş, o da 60 manatı özünə götürməklə 10 manatı adını xatırlamadığı fəhlə oğlana ötürmüş, qalan 130 manatı isə evdən çıxıb yol ilə gedərkən aralarında bölüşdürməkdən ötrü Əlvanın yanında Vasifə vermişdir. Ustalar bir-biri ilə talış ləhçəsi ilə danışdıqlarına görə o, heç nə anlamasa da payına pulun az düşməsindən Vasifin narazı olduğunu hiss etmişdir. Kürdəxanı-Sumqayıt yoluna daxil olaraq sonuncular avtobusa minmək üçün yolun o biri tərəfinə keçmişlər, o isə yolun kənarı ilə yeriməyə başlamışdır. 25-30 metr irəliləməklə səs eşidib arxaya baxanda Əlvanın yolun kənarındakı bordürün üstündə uzandığını, Vasifin isə sonuncunu ayağa qaldırmağa çalışdığını gördükdə onlara tərəf qaçaraq yaxınlaşmış, Vasif Əlvanı bir taksiyə əyləşdirdiyi vaxt o, nə baş verdiyi ilə maraqlananda Vasif Əlvanın bordürə ilişməklə yıxıldığını və başının partladığını bildirmişdir. Göstərilən gün saat 23 radələrində o, Əlvana zəng etdikdə tanımadığı şəxs Əlvanın halının hazırda yaxşı olduğunu, hamamda çimdiyini demiş, 10-15 gün sonra o, Turalın evdə işləyən fəhlələrdən Əlvanın öldüyünü öyrənmişdir. İş üzrə şahid qismində dindirilən Şahid4 Şahid2 ilə uyğun ifadə verib göstərdi ki, beşaltı il əvvəl aldığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları yaşayış massivi, 37-ci dalanda torpaq sahəsində ev tikdirməyə başlamış, tikinti və təmir işləri maddi səbəblərdən 2022-ci ilədək uzanmışdır. 2022-ci il iyul ayının əvvəllərində tanıdığı Rahət adlı ustaya zəng edərək danışmaqla sonuncu ilə görüşmüş, Rahət onun razılığı ilə adlarını sonradan bildiyi əlavə ustalar X9 və Təqsirləndirilən şəxs gətirmişdir. 2022-ci il iyulun 06-da saat 21 radələrində o, təmir gedən evə gedib Rahətə zəhmət haqqı olaraq 200 manat pul verəndə sonuncu həmin puldan digər ustalara da ödəyəcəyini bildirmişdir. Səhərisi gün o, Rahətlə əlaqə saxlayan zaman sonuncu Vasiflə Əlvan arasında iş bitəndən sonra zəhmət haqqının bölüşdürülməsi üstündə mübahisə baş verdiyini, ona görə də çox güman ki, suvağı vurmaq üçün başqa usta çağıracağını söyləmiş, o da Rahətdən hadisə barədə ətraflı soruşmamışdır. 10-15 gün keçmiş o, hadisədən xəbər tutmaqla Vasiflə Əlvanın arasında olan münaqişə vaxtı sonuncunun yıxılıb başı daşa dəydiyindən xəsarət alması nəticəsində aparıldığı xəstəxanada bir neçə gün qalaraq öldüyünü bilmişdir. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi izahatlarda, şübhəli şəxs kimi dindirilərkən Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan, təqsirləndirilən şəxs qismindəkı ifadəsində Azərbaycan Respublikasının CM-nin 126.3.-cü maddəsində nəzərdə tutulan əməli tam etiraf etmiş, 2022-ci il iyulun 06-da saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı-Pirşağı yolunda X7 aralarında zəhmət haqqının düz bölüşdürülməməsi səbəbindən mubahisə edərkən sonuncunun onu söyüb əli ilə çiynindən itələdiyini, bu hərəkətlərdən əsəbiləşdiyindən əli ilə oğlanın qolundan tutaraq zərblə özündən kənara çəkdiyini və Əlvanın yerə yıxılmaqla başının üzüüstə yolun kənarındakı daş bordürə dəydiyini, dərhal sonuncunu ayağa qaldırdıqda Əlvanın çənə nahiyəsində xəsarət olduğunu və azacıq qan gəldiyini görüb sonuncunun dostu, eyni zamanda onun bacanağı olan X14 zəng edərək baş verənləri danışdığını, 2022-ci il oktyabrın 27-də təqsirləndirilən şəxs qismindəki ifadəsində ittiham olunduğu, Azərbaycan Respublikasının CM-nin 126.3.cü maddəsində nəzərdə tutulan əməli törətməsində özünü təqsirli bilmədiyini, X6 ona atmaq istədiyi yumruqla zərbəsinin qarşısını əli ilə qaytardığını, bunun nəticəsində sonuncunun müvazinətini itirdiyini və üzüüstə yerə yıxıldığını, ayağa duranda çənəsində cızıq olsa da başqa bir xəsarət almadığını, X6 başının harasa dəyib-dəymədiyini görmədiyini göstərmişdir (1-ci cild, iş vərəqi 8-9, 26-28, 48-50, 69-73, 2-ci cild, iş vərəqi 34-38). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin 2022-ci il 07 iyul tarixli raportundan görünür ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasından Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları, 14-cü dalanda Zərərçəkmiş şəxs yıxılaraq açıq kəllə beyin travması və alın nahiyəsinin qan sızması xəsarəti alması barədə məlumat daxil olmuşdur (1-ci cild, iş vərəqi 5). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin tərtib etdiyi 2022-ci il 07 iyul tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kürdəxanı-Nardaran yolu, 37-ci dalanın yaxınlığında olan hadisə yerinə baxış vaxtı heç bir videomüşahidə kamera sistemi aşkarlanmamışdır (1-ci cild, iş vərəqi 15). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 10 iyul tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:00-da Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, sonuncunun ailəsinə məlumat verilmişdir (1-ci cild, iş vərəqi 39-40). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun tərtib etdiyi 2022-ci il 11 iyul tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs meyitinə baxış zamanı başda köndələn istiqamətində yerləşmiş, hər iki təpə-gicgah nahiyəsindən keçməklə hər iki qulaq seyvanının ön kənarında qurtaran 31,0x0,2 sm ölçüdə, kənarları hamar, üzərində sıx yerləşmiş, cərrahi tikişlər olan qırmızımtıl rəngdə, qövsşəkilli quru yara (cərrahi kəsik yeri) vardır, əllə müayinə etdikdə hər iki təpə-gicgah və alın sümüklərinin geniş ölçüdə sümük toxumasının çatmamazlığı (geniş bifrontal kranitomiya) müşahidə olunur, sağ təpə-gicgah və alın nahiyələrini əhatə edən sahədə 18,0x14,0 sm ölçüdə, dərisi yaşılımtıl-bənövşəyi rəngdə sarımtıl çalarlı, qeyri-müəyyən formada qançırlaşmış, əllə müayinə vaxtı üzərində basıqlıq əmələ gələn şişkinliklər (dərialtı hematomalar) vardır, sağ çənə nahiyəsində 2,5x0,5 sm ölçüdə kənarları hamar, üzərində cərrahi tikişlər olan qırmızımtıl-qəhvəyi rəngli qartmaqlı, xəttşəkilli, çənəyə paralel yerləşmiş quru yara vardır, göz qapaqları yarım örtülüdür, qüzehli qişa qəhvəyi rəngdədir, bəbəkləri bərabər olub diametri 0,5 sm ölcüdədir, sağ gözyuvasıətrafı-almacıq nahiyələrində üst və alt göz qapaqlarını da əhatə edən 5,7x4,6 sm ölçüdə yaşılımtııl-bənövşəyi rəngdə sarımtıl çalarlı, düzgün olmayan dairəvi formada qançır vardır, sol gözyuvası konyuktivası çəhrayi rəngdədir, qansızmasızdır (1-ci cild, iş vərəqi 57-58). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 11 iyul tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.3.-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona göstərilən maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 62-63). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2022-ci il 11 iyul tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.3.-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 2022-ci il iyulun 10-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 85-88). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun tərtib etdiyi 2022-ci il 11 iyul tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kürdəxanı-Nardaran yolu, 37-ci dalanın yaxınlığında dayanaraq ifadəsini təsdiqləməklə X6 onu söyüb əli ilə çiynindən itələdiyini, bu hərəkətlərdən əsəbiləşdiyindən əli ilə sonuncunun qolundan tutmaqla özündən zərbə ilə kənara itələdiyini və Əlvanın yerə yıxılaraq başının üzüüstə yolun kənarındakı daş bordürə dəydiyini bildirmiş, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 89- 93). İş materiallarındakı 2022-ci il 29 iyul tarixli ərizədən və Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, iş üzrə Şahid3 razılığı ilə sonuncunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən evə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir predmet aşkarlanmamış, fotocədvəlin kserosurəti protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 118-122). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X19» publik hüquqi şəxsinin Sabunçu Rayon Şöbəsinin meyitin ekspertizasına dair 2022-ci il 05 avqust tarixli 167 nömrəli rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər – baş beyin maddəsinin əzilməsi, baş beynin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızma, hər iki alın payı üzərində lövhəvari kəskin subdural hematoma (baş beynin hər iki alın payı üzərində sərt qişası altma sərbəst qanın yığılması), baş beynin sol alın payında kəskin beyindaxili hematoma, baş beyinin hər iki alın payında hemorragik kontuziya, alın sümüyünün sağdan kəllə əsasına keçən qapalı, xətti sınığı, sağ təpə-gicgah və alın nahiyələrinin dərialtı hematomaları, sağ gözyuvası ətrafı almacıq nahiyəsinin qançırı, sağ çənə nahiyəsinin əzilmiş-cırılmış yarası kimi xəsarətlər həyati olub bərk küt əşyanın bir güclü zərbəsinin təsirindən törənməklə eyni bir vaxtda törəndiyindən xəsarətlərin sağlamlığa zərərvurma dərəcəsi ayrı-ayrılıqda yox, ümumilikdə göstərilmişdir, 2022-ci il iyulun 06-da sonuncunun ayaqüstü vəziyyətində kənar şəxsin Zərərçəkmiş şəxs sol tərəfindən güclü zərbə ilə itələyib öz boyu hündürlüyündən yerə yıxması zamanı başın və sifətin sağ tərəfli yol kənarında olan daş bardürə dəyməsi nəticəsində törənə bilərdi, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla ölümü ilə birbaşa səbəbli əlaqəlidir; sonuncunun meyiti üzərində, eləcə də hər iki yuxarı ətrafında özünümüdafiə xarakterli xəsarətlər aşkar olunmamışdır; Zərərçəkmiş şəxs ölümünə səbəb alın sümüyünün kəllə əsasına keçən qapalı xətti sınığı ilə əlaqədar baş beyin maddəsinin əzilməsi olmuş, sonuncunun meyitindən götürülən qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (1-ci cild, iş vərəqi 164-172). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2022-ci il 17 sentyabr tarixli 8614 №-li və «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin 2022-ci il 27 sentyabr tarixli xx/xx- 12778 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan müəssisələrdə müalicədə olmamışdır (1-ci cild, iş vərəqi 182 və 220). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il sentyabrın 21-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 201- 202). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin 2022-ci il 20 sentyabr tarixli 076-16667 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı araşdırma aparılmamışdır (1-ci cild, iş vərəqi 204). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun tərtib etdiyi 2022-ci il 10 oktyabr tarixli protokoldan görünür ki, «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 29 sentyabr tarixli 19326 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış vaxtı Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** saylı mobil nömrənin 2022-ci il sentyabrın 06-da saat 09:01-dən 2022-ci il sentyabrın 06-da saat 14:22-dək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində, 2022-ci il sentyabrın 06da saat 19:23-dən 2022-ci il sentyabrın 06-da saat 23:58-dək Pirşağı, Nardaran, Maştağa və Albalılıq qəsəbələrində, 2022-ci il sentyabrın 07-də saat 05:57-dən 2022-ci il sentyabrın 07-də saat 06:02-dək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində, 2022-ci il sentyabrın 07-də saat 08:54-dən 2022-ci il sentyabrın 07-də saat 11:20-dək Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsində olması müəyyən edilməklə hər hansı mesaj aşkarlanmamışdır (1-ci cild, iş vərəqi 214-218). İş materiallarındakı Lerik Rayonu İcra Hakimiyyəti başçısının Noda Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2022-ci il 23 sentyabr tarixli 157 №-li arayışdan və xasiyyətnamədən, məhkəməyə təqdim olunan AZ-İ seriyalı 007797 №-li, AZ- İ seriyalı 007793 №-li, AZ-İ seriyalı 769373 №-li və AZ-İ seriyalı 997004 №-li doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəsi 1978-ci il təvəllüdlü arvadı X1, övladları 1999-cu il 16 fevral təvəllüdlü X3, 2000-ci il 13 mart təvəllüdlü X4, 2006-cı il 15 mart təvəllüdlü X15 və 2007-ci il 04 aprel təvəllüdlü X18 ibarətdir, Təqsirləndirilən şəxs Noda kəndində yaşadığı illərdə kənd ağsaqqalları və kənd ictimaiyyəti ilə yaxından təmasda olmağı bacarmış, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 225-226 və sair). İş materiallarında olan «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 13 oktyabr tarixli 20518 №-li məktubundan görünür ki, **********70217 İMEİ kodlu cihazın şəbəkədə istifadəsi aşkar edilməmişdir (1-ci cild, iş vərəqi 232). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasına dair 2022-ci il 19 sentyabr tarixli 2507 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmamış, sonuncu ittiham olunduğu cinayət əməli dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur, Təqsirləndirilən şəxs fizioloji affekt vəziyyətində olmamışdır (1-ci cild, iş vərəqi 235-237). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun 2022-ci il 26 oktyabr tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə 2022-ci il 27 oktyabr tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.3.-cü maddəsi ilə yenidən ittiham elan olunmuş, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 120.1.-ci və 124.1.-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs məxsus **********70217 İMEİ kodlu mobil telefonun itməsi faktı ilə bağlı cinayət işinin materiallarından ayrıca material ayrılıb Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə göndərilmişdir (2-ci cild, iş vərəqi 1-19 və 28- 30). Məhkəməyə təqdim olunan 2022-ci il 12 dekabr tarixli mülki iddia ərizəsindən və eyni tarixli qəbzdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X11 mənəvi ziyana görə 15.000 manat və 135 manat dövlət rüsumu nəzərə alınmaqla 15.135 manat məbləğində pulun onun xeyrinə Təqsirləndirilən şəxs tutulmasını xahiş etmişdir. Məhkəməyə təqdim olunan qəbzlərdən görünür ki, 2023-cü il yanvarın 28-də zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X5 «Kapital Bank» açıq səhmdar cəmiyyətindəki hesabına 4.800 manat məbləğində pul ödənilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün qismən etirafedici, habelə zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs ilk məhkumluğunu, əməlindən peşman olmasını, ailə vəziyyətini, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə edilməsini, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə çalışmasını, kömək məqsədi ilə sonuncuya 4.800 manat ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib müəyyən müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum olunmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X5 mülki iddiası baxılmamış saxlanılmalı, ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. «Dövlət rüsumu haqqında» 2001-ci il 4 dekabr tarixli Azərbaycan Respublikası Qanununun 5.1.2.-ci maddəsinə əsasən, ərizə baxılmamış saxlanıldıqda ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə eyni vaxtda hesab edir ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X5 iddia ərizəsinə görə ödədiyi 135 manat dövlət rüsumu dövlət büdcəsindən tamamilə qaytarılmalıdır. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və maddi sübut yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə eyni vaxtda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən 36 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 216 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2022-ci il iyulun 10-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.3.-cü maddəsi ilə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 2022-ci il iyulun 10-dan hesablansın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X5 mülki iddiası baxılmamış saxlanılsın, ona mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X5 iddia ərizəsinə görə ödədiyi 135 manat dövlət rüsumu dövlət büdcəsindən tamamilə qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 216 manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-435/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-435/2023
24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver