Məhkəmə qərarları › İş №1(101)-436/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-436/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-436/2024 30.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1990-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri, H.Aslanov küçəsi, ev 91-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «Q» yaşayış massivi, ev 25, mənzil 106-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ona görə ittiham olunur ki, o satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib, saxlayaraq daşımışdır. Belə ki, ittihama əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi 3,377 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 aprel 2023-cü il tarixdə saat 17:15 radələrində ünvan 1 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə gətirilmiş, şöbədə xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 03 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 1,641 qram, 0,751 qram 0,985 qram olmaqla ümumi təmiz çəkisi 3,377 qram, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onu Bakı şəzhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları saxladıqları xx.xx.2022-ci il tarixdən bir gün əvvəl Dövlət Təhlükəsizlik Xidmətinə dəvət edib onun Milli Məclisin deputatı olan Fazil Mustafaya qarşı olan süi qəsdlə əlaqədar sosial şəbəkələrdə yazışması ilə əlaqədar izahatını almışlar. Bundan sonra onu sərbəst buraxmışlar. Növbəti gün isə onu 24-cü PŞnin əməkdaşları işlədiyi “Laçın” Ticarət Mərkəzindən saxlayıb şöbəyə aparmış, orada ona psixoloji təzyiq edərək üzərinə 3 ədəd sellofan bükümü qoyaraq həmin bükümlərin özünə məxsus olmasını bildirməsini, üzərinə baxış zamanı təhqiqatçıya təqdim etməsini məcbur etmişlər. xx.xx.2022-ci il tarixdə üzərinə vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş və o, polislərin ona bildirdiyi qaydada şalvarının cibindən 3 ədəd bükümü təqdim etmiş, həmin bükümləri həmin gün Xalqlar Dostluğu parkında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Halbuki onun üzərində narkotik vasitələr olmamış, o, narkotik vasitələrdən istifadə etməmiş, ibtidai istintaq zamanı onu müayinə edən narkoloq da bunu təsdiq edərək narkomaniya xəstəliyindən əzab çəkmədiyi barədə rəy vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, ona 05 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, o və həmkarı- şöbənin baş əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, onlar məlumatda qeyd olunmuş Təqsirləndirilən şəxs olacağı Bakı şəhəri, Nizami rayonu, «Laçın» ticarət mərkəzinin yaxınlığına getmişlər. Orada Təqsirləndirilən şəxs görərək ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Nizami RPİ-nin 24-cü PŞ-nə gətirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs şöbənin təhqiqatçısına təqdim etmişlər. Təhqiqatçı tərəfindən zəruri prosessual hərəkətlər keçirildikdən sonra dəvət olunmuş müdafiəçinin və onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi. Təhqiqatçı tərəfindən ilk öncə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetlər varsa, həmin əşyaları təqdim etməsi təklif olundu. Təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 03 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni çıxarıb masanın üzərinə qoyaraq həmin bükümlərdə narkotki vasitə heroin olduğunu, həmin heroini həmin gün Xalqlar Dostluğu parkında tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın cibindən içərisində 241 manat olan pul aşkar olunmuşdur. Aşkar olunmuş kütlə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüş, pul isə iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Bu barədə protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmışdır. İstər saxlanılan zaman, istərsə də idarəyə gətirildiyi zaman Təqsirləndirilən şəxs qarşı nə onun və nə də həmkarları tərəfindən heç bir fiziki zor və təzyiq olmamış, onun cibinə onlar tərəfindən heç nə qoyulmamışdır. Şahid1 ifadəsi ilə əlaqədar Təqsirləndirilən şəxs əlavə ifadə verərərək göstərmişdir ki, onda narkotik vasitə olmamış, o, şahidin qeyd etdiyi kimi «Laçın » ticarət mərkəzinin yaxınlığında deyil, elə həmin ticarət mərkəzinin içində saxlanılmışdır. Belə ki, o, «Laçın » ticarət mərkəzində kuryer işləyir, onu 4 nəfər əməliyyatçı həmin gün gəlib iş yerindən Nizami RPİ-nin 24-cü PŞ-nə aparmışlar. Orada polislər onun cibinə 3 büküm qoyaraq bildirmişlər ki, əgər onları incitsə evindən külli miqdarda narkotik çıxaracaqlar. Tutulmamışdan bir gün qabaq isə onu DTX-ya çağırılmış, onun dini baxışları ilə maraqlandıqdan sonra buraxmışlar. Lakin sonrakı gün polis əməkdaşları tərəfindən tutulmuşdur. Ona qarşı fiziki zor tətbiq olunmamış, sadəcə psixoloji təzyiq göstərmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin Cinayət Axtarış üzrə kiçik inspektoru polis serjantı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, 24-cü Polis Şöbəsinin əməkdaşları Şahid1 və Şahid2 tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün 05 aprel 2023-cü il tarixdə saxlanılaraq 24-cü Polis Şöbəsinə gətirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə aparılan şəxsi axtarışda o, iştirak etmiş və çəkiliş aparmışdır. Şəxsi axtarışda həmçinin Təqsirləndirilən şəxs vəkili də iştirak etmişdir. Axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qara rəngli pul kisəsini çıxarıb içərisində olan cəmi 241 manat pulu, həmin pul kisəsindən özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən üç ədəd şəffaf sellofan bükümləri çıxardaraq masanın üstünə qoymuşdur. Təhqiqatçı bükümləri açdıqda onların hər birinin içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərdəki maddənin nə olduğunu və nə məqsədlə əldə etdiyi soruşulduqda o, həmin maddələrin «kakos» kimi adlanan narkotik vasitə heroin olduğunu, özü istifadə etdiyini və lazım olanda dostlarına da verdiyini, bir dəfə isə 10 manata satdığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər zərfə qoyulub möhürlənmiş və həmçinin şəxsi axtarışla bağlı protokol tərtib edilmişdir. Bütün iştirakçılar zərfin üzərini və protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, 05 aprel 2023-cü il tarixdə həmkarı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur ki, ərazidə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etməsi, daşıması və satışında şübhəlidir. Şahid1 qəbul etdiyi qərar əsasında əməliyyat qrupu yaradılmaqla həmin qrupun üzvüləri olan onun, Şahid1 və Şahid3 iştirakı ilə elə həmin gün saat 17:15-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, “Laçın” ticarət mərkəzinin qarşısında dəhliz kimi olan bir yerdən Təqsirləndirilən şəxs saxlayaraq ona narkotik vasitələrin əldə etməsi və satışında şübhəli olduğunu bildirib şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə şöbəyə gəlmiş, orada təhqiqatçı vəkil dəvət edərək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutaraq həmin vəkilin iştirakı və videoçəkiliş aparmaqla Fəridin üzərinə şəxsi axtarış keçirmiş, o və həmkarları bu istintaq hərəkətində iştirak etmişlər. Xatırladığı odur ki, təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs şalvarının bir cibindən pul qabı, digər cibindən isə 3 sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sellofan bükümlər Fəridin şalvarının sol cibində olmuşdur. Fəridin özü bildirmişdir ki, bükümlərdəki heroindir, bir bükümünü 10 manatdan əldə etdiyini, şəxsi istifadəsi və satış məqsədilə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı saxlanılan və polis şöbəsinə gətirilən zaman heç bir fiziki və ya psixoloji təzyiqlər olmamış, onun üzərinə heç kim qanunsuz əşyalar qoymamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə verilmiş ittiham öz təsdiqini tapmamış, bununla belə Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi müəyyən edilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nizami RPİ-nin 24-cü PBnin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, “Fərid” adlı şəxsin narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə əməliyyat qrupu yaradılmış və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 05 aprel 2023-cü il tarixdə saat 17:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 105 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis şöbəsinə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şəxsi axtarış və götürmə aparılması haqqında» 05 aprel 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən 3 ədəd şəffaf sellofan bükümləri təqdim edərək həmin maddələrin “kokos” kimi tanıdığı heroin olduğunu və sorğu zamanı həmin bükümləri xx.xx.2023-cü il tarixdə səhər saatlarında “Xalqlar Dostuluğu” metrostansiyasının qarşısındakı parkda tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün və bəzi tanışlarına verəcəyi üçün əldə etdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bundan bir gün sonra heç bir dəlil və sübut əldə eдилmədən, yəni 08 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə yeni ittiham verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 6/1993 nömrəli, 06 aprel 2023-cü il tarixli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-1,641 qr, 0,751 qr, 0,985 qr, ümumi çəkisi- 3,377 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Məhkəmədə elan edilib araşdırılmış tərkiblərin eyniliyini müəyyən edilməsi üçün təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 6/2166 nömrəli, 25 aprel 2023-cü il tarixli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş MEM-ə məxsus kağız paketi açdıqda üzərində “..Təqsirləndirilən şəxs...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-1,541 qr, 0,651 qr, 0,885 qr, ümumi çəkisi - 3,077 qram olan narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni tərkiblidir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli, 3246 nömrəli rəyindən müəyyən olunur ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “Respublika Psixatriya Xəstяxanası” X7 6362 saylı, xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nizami RPİ-nin 24-cü PB-nin xx.xx.2023-cü il tarixli, 1055021/2023 saylı məktubundan müəyyən olunur ki, keçirilmiş əməliyyat tədbirlərin nəticəsində Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış “cinayət təqibi üzrə icraatın ayrılması haqqında” qərardan müəyyən olunur ki, hazırkı cinayət işindən ********* saylı cinayət işi ayrılmşdır. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023cü il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq qalmış 2,777 qram narkotik vasitə heroin Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk isə cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müıyyən olunur ki, əməliyyat-axtarış tədbirilərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvələr məhkum olунmamışdır. Məhkəmədə elan edilib araşdırılmış nigah haqqında şəhadətnamənin surətindən və “Bakı Baş Səhiyyə Mərkəzi” X9 32 nömrəli BŞX-nın 175 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailəlidir, həyat yoldaşı 23 həftəlik hamilədir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etməyə, saxlamağa və üzərində daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Cinayət işinin materiallarına əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs saxlandığı andan narkotik vasitəni şəxsi istehlakı üçün əldə etdiyini etraf etmişdir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitəninin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlillər kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı onun üzərində tapılmış narkotik vasitənin-maddi sübutun mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, narkotik vasitəni qanunsuz olaraq əldə etməsini, üzərində saxlamasını və daşımasını etiraf etmiş, həm də bu etirafları zamanı ardıcıl olaraq əldə etməsinin məqsədinin yalnız şəxsi istehlak olduğunu, ona qarşı heç bir fiziki zor olmadığını və psixoloji təzyiqin olmasını bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə narkotik vasitəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, Təqsirləndirilən şəxs 3,377 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə heroinin qanunsuz olaraq əldə edib saxlaması onun özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, şəxsi axtarış və götürmə barədə protokol, şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə tam sübuta yetirilir. Onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığına verilən cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitəni əldə etmə, saxlama və daşımasını təsdiq edən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut, hətta yanakı dəlil yoxdur. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı halda narkotik vasitənin külli miqdarda və həm də üç bükümdə olması şəxsin ağır cinayət törətməkdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin yalnız külli miqdarda və bir bükümdə olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk məhkumluğunu, həyat yoldaşının hamilə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzansını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanılması müddətləri məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini 05 aprel 2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 2,777 qram narkotik vasitə heroin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət cinayət işi materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 2,777 qram narkotik vasitə heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar