Məhkəmə qərarları › İş №1(101)-437/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-437/2024

02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-437/2024 02.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X6, X4, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, kiçik ədliyyə müşaviri X5, ədliyyə müşaviri X3, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Union” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1975-ci il tarixdə Yardımlı rayonu, Perinbel kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 31 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 aprel 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 10,071 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 31 mart 2023-cü il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin (bundan sonra: RPİ-nin, PB-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsi, ev 14 ünvanının qarşısında saxlanılaraq, ünvan 3da yerləşən Nərimanov RPİ-nin 16-cı PB-nə gətirilərək üzərinə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə, külli miqdarda, təmiz çəkisi 10,071 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs naməlum vaxtda və naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 10,071 qram olmaqla külli miqdar təşkil edən heroin narkotik vasitəsini əldə edib üzərində saxlamaqla daşımış, 31 mart 2023-cü il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsi, ev 14 ünvanının qarşısında saxlanılaraq, ünvan 3da yerləşən Nərimanov RPİ-nin 16-cı PB-nə gətirilərək üzərinə müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 10,071 qram olmaqla külli miqdar təşkil edən, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, reallıqda narkotiklə bağlı deyil, dini inancına görə tutulmuşdur. Tutulmasına səbəb 1993- 1996-cı illər arasında İran İslam Respublikasında təhsil alması olmuşdur. Belə ki, o, seyid ailəsində dünyaya gəlmiş, uşaqlıqdan dindar ailədə böyümüşdür. 1996-cı ildə isə İranda təhsilini yarımçıq qoyub Azərbaycanda Respublikasında fəaliyyət göstərən Qafqaz İslam Universitetinə daxil olmuş, 2000-ci ildə oranı bitirmiş və diplomunda göstərilən ixtisas üzrə Azərbaycanda dini sahədə fəaliyyət göstərmişdir. Dini mərasimlərin icrasında və digər sahələrdə fəaliyyət göstərmiş, nə ölkə daxilində və nə də xaricdə heç bir siyasi təşkilatla əlaqəsi olmamışdır. Onun istifadəsində olan mobil nömrələr daima X1 nəzarətində olmuşdur. Vaxtaşırı onlarla əlaqəsi olmuş, çağrılıb dindirilmiş, heç vaxt belə məsələlərlə bağlı narahatlıq ortaya çıxmamışdır. Hətta ziyarətə gedən zaman belə, dövlət təhlükəsilik əməkdaşlarının məlumatı olmuşdur. Nə siyasi təşikatlarda iştirak etməmiş və nə də sosial mediada dini mövzuda çıxışlar aparmamışdır. Onun tutulmasına səbəb 2023-cü ilin mart ayının 29-da yaxınlıqda yaşayan, son vaxtlar Azərbaycanda dini məsələlərlə bağlı nəzarətdə olan dindar bir insan - Xocasəndən olan Azər adlı biri zəng edib onun xəstə yatan, çox əfsuslar olsun ki, o, tutulduqdan sonra vəfat etmiş atasını görmək istəməsi və zəngdən sonra şəxsin gəlib onun atasını görməsi olmuşdur. Belə ki, həmin dindar qonşusunun telefonu nəzarətdə olduğu və həmçinin onun özünün də dindar olduğu üçün zənglə bağldı o, saxlanılmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, mart ayının 30-da «Ramazan» ayında bir nəfər Hacı İqbal adlı ruhani onu Yeni Yasamala evinə iftara dəvət etmişdir. Orada bir tək o, və ailəsi olmuşdur. İftardan bir az sonra ona təqribən 3 ilə yaxın bir müddətdə bütün ailə üzvləri ilə birlikdə yaşadığı binanın komendantı zəng etmiş, ondan harda olduğunu soruşmuş, o, isə evdə olmadığını, iftarda olduğunu demiş, yarım saat sonra evə gələcəyini bildirmişdir. Həmin gecə 16-ci Polis Bölməsinin əməkdaşlarının binanın həyətinə gəldiklərini, neçə saat binanın həyətində gözlədiklərini, özünün binanın digər girişindən girdiyi üçün polislərin onu görmədiklərini sonradan öyrənmişdir. Ayın 31-də o, həyat yoldaşı, oğlu və həyat yoldaşının xalası onlarda olmuşlar. Saat 16:30 radələrində təzədən komendanat ona zəng etmiş, aşağı düşməyi xahiş etmişdir, hansı ki, bu barədə səs yazıları da vardır. Həmin gün onun qızdırması olmuş, həyat yoldaşı Aytəkin Xurşudova ilə bərabər aşağı düşüb komendantın otağına getmişlər. O, həyətə düşən zaman üzərində bir ədəd quran, bir ədəd möhür, bir ədəd təsbeh, bir ədəd mobil telefon və 105 və ya 107 manat pul olmuşdur. Orada iki nəfər mülki formada olan polis əməkdaşı olmuş, onlara niyə evin qapısına gəlmədiklərini soruşmuş, onlar evdə uşaqların olmasını, narahatçılıq yaranmasını istəmədiklərini qapıya gəlməmələrinin səbəbi kimi göstərmiş, komendantın yanında görüşmək istədiklərini bildirmişlər. Həmin vaxtı komendant Hüseyn kişi və köməkçisi, həyətə nəzarət edən Mübariz də yanlarında olmuşdur. Binanın qabağında həmin iki nəfər polis özlərini ona polis bölməsinin əməkdaşları kimi təqdim etsələr də, lakin vəsiqə göstərməmiş, adlarını bildirməmiş, o özü də onların adlarını soruşmamışdır. 10-15 dəqiqə onlarla danışmış, polis əməkdaşları onu Polis İdarəsinə dəvət etmiş, 10-15 dəqiqə söhbət edib təzədən qayıdacağını bildirmişlər. Onlar Polis İdarəsinə gəlmiş, Lakin bölməyə çatandan sonra telefonu dərhal ondan alınmışdır. Bölməyə gələndən 1 saat, saat yarım sonra isə ona sözlə təzyiq göstərməyə başlamışlar. Oruc olduğundan iftarı bölmədə açmış, ondan sonra onlardan icazə alıb namazını qılmışdır. Sonra sözlə təzyiqlər davam etmiş, ona onlara yuxarının göstərişi olduğunu, deyilən ittihamları qəbul etməli olduğunu, başqa çarəsinin olmadığını bildirmişlər. Onun cibinə narkotik vasitə qoyulması və çıxarılması məcburi formada olmuş, narkotik məcburi formada onun boynuna qoyulmuşdur. Həmin vaxt yanında vəkili olmadığı üçün ona sözlə edilən təzyiqlər onda qorxu hissi yaratmışdır. Ona narkotik vasitəni tanımadığı şəxsdən 150 manata almasını deməsi ondan tələb olunmuş, o da çəkiliş vaxtı ona deyilənləri təkrar etmişdir. Hansı ki, o, heç narkotik vasitənin rəngini belə, bilməmişdir. O, «48 ildə əlim belə şeylərə dəymiyib, əlimi belə şeylərə vurmayım» kimi bir xahiş etsə də, ona başqa bir yolu olmadığını bildirmiş, onlara belə göstəriş gəldiyini, bu cürə də qəbul etməli olduğunu demişlər. Ona ancaq söz vasitəsiylə təzyiqlər olmuş, vurulmamış, döyülməmişdir. O, təzyiq edən şəxsləri tanımamışdır. Bölmədə ona təzyiq edən şəxslər, onu saxlayıb PB-nə gətirən şəxslər deyil, qeyriləri olmuşdur. Evinin yandırıla biləcəyindən, özünə, ailəsinə bir xəsarət yetirilə biləcəyindən qorxduğu üçün, polisin bütün dedikləri ilə razılaşmışdır. Sonra çəkiliş aparılmış, ondan sonra qorxu və təzyiq altında ifadələri alınmış, sonra da məhkəməyə aparmışlar. Video çəkiliş bir neçə dəfə aparılmış, gah telefonu düz çıxarmaması, gah da başqa səbəblər bəhanə olaraq gətirilmiş və bir daha çəkiliş aparılmışdır. Çəkiliş səhərə yaxın baş tutmuş, orada 5-6 nəfər olmuş, onların hansının vəkil, hansının təhqiqatçı və ya müstəntiq olmalarını bilməmişdir. Təhqiqatçı video çəkiliş vaxtı şəxsi təqdim edib vəkili olduğunu demiş, lakin o, anlayışı olmadığı və həyəcanlı olduğu üçün vəkilin işinin nədən ibarət olduğunu bilməmişdir. Ondan götürülən maddə bir ədəd düyüncə formasında klyonkaya bükülmüş bir ədəd büküm olmuşdur. Həmin maddə ona əvvəlcədən verilmiş və cibindən çıxarıb təqdim etməli olduğu ona deyilmişdir. Yadında qaldığı qədər, o, həmin maddəni sağ cibindən çıxarıb təqdim etmişdir. İzahatı alınarkən də yanında vəkil olmamışdır. Video çəkilişdən sonra onu Nərimanov RPİ-nin müvəqqəti saxlama yerinə (MSY) aparmış, sonra analiz götürülmüş, sonra yenidən MSY-nə qaytarmışlar. Prokurorun yanında olmamış, Nərimanov Rayon Məhkəməsində olarkən isə qorxduğu üçün təzyiqlərə məruz qaldığını və ya əməlindən peşiman olduğunu da bildirməmişdir. İlk dəfə məhkəmə qarşısına çıxdığından, nə baş verəcəyini belə bilməmişdir. Vəkil ilə isə heç bir danışığı və əlaqəsi olmamışdır. Hakim ondan nə ilə bağlı tutulduğunu soruşmuş, narkotiklə bağlı tutulduğunu demiş, həmçinin təzyiqlə ona dedizdirilmiş şeyləri də olduğu kimi hakimə demişdir. Stresli halda ayağa qalxıb olanlar barədə məhkəmədə bir kəlimə söz demişdir. Məhkəmədə ona geniş imkan verilməmiş, şərait yaradılmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, onu polis bölməsindən idarəyə aparmış, RPİ-də müstəntiq ona hədə-qorxu gəlməmişdir. Vəkilini də o zaman görmüş və həmin şəxsin onun vəkili olduğunu bilmişdir. Vəkilini yalnız bir dəfə görmüş, ona heç bir problemini çatdıra bilməmişdir. Müstəntiq onun ifadəsini yazmış, əvvəlcə ona 234.1-ci maddə ilə ittiham verilmiş və ona həmin ittiham üzrə qol çəkdirilmişdir. İfadəyə qol çəkmiş, lakin məzmunu ilə tanış olmamışdır. İfadəsi alınan zaman içəridə polis əməkdaşları da olmuşdur. Ona 234.1-ci maddə göstərilsə də, daha sonra 234.1 olmadığını görmüş, lakin həmin maddənin nə olduğunu soruşmamış, müstəntiq də ona izah etməmişdir. O, müstəntiqlə yalnız onun şəxsi vəkili təyin olunduqdan sonra o, rahat danışa bilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, yaşadığı binanın komendantı Hüseyin Ağayevlə onun heç bir ədavəti və ya düşmənçiliyi olmamış, bir-birinə çox hörmət və ehtiramla yanaşmışlar. Hüseyin Ağayev heç vaxt ondan borca pul istəməmiş, o, komunal ödənişi 2 ay qabaqdan ödəmişdir. Amma təqribən bir il əvvəl komendant kommunal pulları yığa bilməmiş, onda pul olduğunu komendanta demiş, istəyəcəyi təqdirdə ona pul verə biləcəyini demiş, pulları yığan zaman onun pulunu qaytaracağını bildirmişdir. Komendantın otağında kamera olmuş, polislərlə komendantın otağında təqribən 15 dəqiqə görüşmüş, həyat yoldaşı, Hüseyin müəllim və Mübariz də orada olmuşlar. Onlar kamera çəkilişi olan yerdə danışmışlar. Aldığı məlumata görə ona ittiham veriləndən sonra polislər gedib həmin binanın kameralarını pozmuşlar. Komentant ağsaqqal adam olmuş, həqiqəti ifadə verməkdən qorxmuş, ona şahidlik edəcəyi təqdirdə onun və yaxınlarının da başına belə işlər gələ biləcəyini düşünmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu müvafiq olaraq 01 və 02 aprel 2023-cü il tarixli ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, ünvan 6 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Tutulmazdan 7- 8 ay əvvəl narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. Narkotik vasitəni istifadə etməyə başlayanda Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerdə adını bilmədiyi, lakin üzdən tanıdığı bir şəxslə tanış olmuş və həmin şəxs ona narkotik vasitə və ya psixotrop maddə lazım olduğu vaxtlarda ondan ala biləcəyini demişdir. O da narkotik vasitə lazım olanda Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerə gedərək həmin şəxsi tapmış və ondan almışdır. Narkotik vasitəni aldıqdan sonra münasib yer taparaq orada istifadə etmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrinin davamında mahiyyəti üzrə göstərmişdir ki, 31 mart 2023-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerə gedib həmin şəxsi taparaq sonuncu ilə görüşmüş, orada həmin şəxsə 150 manat pul verib ona narkotik vasitə heroin gətirməsini istəmişdir. Təxminən 10 dəqiqə sonra həmin şəxs ona 1 ədəd bükümdə narkotik vasitə heroin gətirib vermiş, o da həmin narkotik vasitə heroini lazım olan zaman istifadə etməsi üçün üzərində saxlayaraq gəzdirmişdir. Elə həmin gün, yəni 31 mart 2023-cü il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsi, ev 14 ünvanın qarşısında dayanan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onu Nərimanov RPİ-nin 16-cı PB-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmiş, orada ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, sol yan cibindən 01 ədəd 100 manatlıq, 01 ədəd 5 manatlıq, 02 ədəd 1 manatlıq pul əskinaslarını, əynində olan gödəkcənin sağ yan cibindən 01 ədəd “Samsung 12A” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, o, həmin maddəni öz istifadəsi üçün 31 mart 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerdə adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 150 manata aldığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş mobil telefon və 107 manat pul ona izah edilməklə götürülmüşdür. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində daha sonra göstərmişdir ki, o, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı fiziki zor və ya sair təzyiqlər göstərilməmiş, o, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri istifadə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu 11 may və 06 iyun 2023-cü il tarixli ifadələrindən görünür ki, sonuncu istintaqın ilkin mərhələsində verdiyi ifadələrini təsdiq etməyərək göstərmişdir ki, 30 mart 2023-cü il tarixdə Yasamal rayonunda iftarda olan zaman yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsi 14 saylı binanın komendantı Hüseyn onunla əlaqə saxlamış və bir nəfər şəxsin onu görmək istədiyini bildirmişdir. O isə Yasamal rayonunda iftar süfrəsində olduğunu demiş və gələcəyini bildirmişdir. 31 mart 2023-cü il tarixdə, saat 16:30 radələrində yaşadığı evdə olan zaman binanın komendantı Hüseyn onunla əlaqə saxlayıb həyətə düşməsini istəmişdir. O, arvadı ilə birlikdə həyətə düşmüş və həyətdə əvvəllər tanımadığı iki nəfər mülki geyimli şəxslərin olduğunu görmüşdür. Həmin şəxslər özlərini Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları olaraq təqdim etmiş və onu 16-cı PB-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə qeyd olunan polis bölməsinə getmişdir. Polis bölməsində xatırlamadığı otaqlardan birində 2 saata yaxın gözləmiş, bundan sonra bir nəfər tanımadığı polis əməkdaşı ona yaxınlaşaraq onunla söhbət etməyə başlamışdır. Həmin polis əməkdaşı ona vəziyyətin başqa cür olduğunu bildirmiş, müəyyən məsələləri etiraf etməli olduğunu, narkotik vasitənin istifadə etməyini yalandan bildirməyini və ona verəcəkləri narkotik vasitəni üzərinə götürməyini istəmişdir. Həmin vaxt polis əməkdaşı ona vəziyyətin kəskin olduğunu və onun mütləq şəkildə tutulmalı olduğunu bildirmişdir. O da ilk dəfə polis bölməsində olduğundan və polis əməkdaşlarından qorxduğundan, həm də səhhətində problemlər olması səbəbindən həmin polis əməkdaşının dedikləri ilə razılaşmışdır. Həmin vaxt onun soyuqdəyməsi olmuş və titrətmişdir. Odur ki, məcbur olub polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Həmin polis əməkdaşı ona Azərbayacan Respublikası CM-nin 234.1-ci maddəsi ilə barəsində cinayət işi başlanacağını bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı bir büküm narkotik vasitəni ona vermiş və o, həmin bir büküm narkotik vasitəni cibinə qoymuş, üzərinə video çəkilişlə baxış keçiriləcəyi ona bildirilmişdir. Budan sonra onlar polis bölməsinin digər otağına keçmiş və orada video çəkilişlə üzərinə baxış keçirilməsinə başlanılmışdır. Polis əməkdaşlarının əvvəlcədən ona bildirdikləri kimi, o, polis əməkdaşlarının ona verdikləri narkotik vasitəni cibindən çıxardaraq masanın üzərinə qoymuşdur. Polis əməkdaşları əvvəlcədən ona bildirmişlər ki, çəkiliş zamanı narkotik vasitəni haradan əldə etməyi barədə sual verilərkən o, narkotik vasitəni “Papanin” adlanan yerdən 150 manata aldığını bildirsin. Odur ki, o, çəkiliş zamanı təqdim etdiyi narkotik vasitəni Papanin adlanan yerdən 150 manata aldığını bildirmişdir. Bundan sonra onu Nərimanov RPİ-nə gətirmişlər və barəsində cinayət işi başlanaraq ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin yekununda göstərmişdir ki, polis bölməsində olan zaman ona heç bir fiziki zor tətbiq edilməmiş, orada ona psixoloji təsir edilmişdir. Polis bölməsində olan zaman o, orada kimin polis kimin müdafiəçi olduğunu bilmədiyi üçün heç kimə heç nə deyə bilməmişdir (iş vərəqə: 55-57, 76-78, 144- 146, 201-203). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edən polis mayoru Şahid1 ifadəsində göstərdi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, saxlaması və gəzdirməsi barədə şifahi məlumat daxil olmuşdur. Məlumat Nərimanov rayonunun inzibati ərazisində, N.Nərimanov küçəsində yaşayan «Ağasəf» adlı şəxsin barəsində daxil olmuşdur. Məlumatı yoxlamaq məqsədi ilə 31 mart 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul olunmuş, onun və Nərimanov RPİ-nin 16-cı PB-nin baş əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirinə başlandıqdan sonra həmin gün Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsində, 14 saylı binanın qarşısında saat 19-20 radələrində şifahi məlumata əsasən onlara məlum olmuş şəxsə, yəni baxılan iş üzrə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və sonuncunun özünün vasitəsi ilə Təqsirləndirilən şəxs olmasını müəyyənləşdirmişlər. Ağasə Xurşidovu narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli şəxs kimi Nərimanov RPİ-nin 16-cı PB-aparmışlar. Təqsirləndirilən şəxs onlarla birlikdə polis bölməsinə getməyə heç bir etiraz etməmişdir. Polis bölməsinin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofanda içərisində tünd qəhvəyi rəngli maddə olan bir ədəd bükümü, xatırlamadığı məbləğdə pulları və bir ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçının sorğularına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülünün içərisindəkinin narkotik vasitə olan heroin olduğunu, həmin heroini özünün istifadəsi üçün “Papanin” deyilən ərazidə tanımadığı şəxsdən 150 manata aldığını bildirmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, yekunda Təqsirləndirilən şəxs üzəri axtarılmış, lakin qanunla qadağan olunmuş başqa heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs götürülmüş heroin qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Prosesin gedişatı barədə tərtib olunmuş protokol və maddi sübutun qablaşdırıldığı zərfin üzəri bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalarla təsdiqlənmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və 16-cı PB-də ona qarşı heç bir fiziki zor və ya təzyiq olmamışdır. Təqsirləndirilən şəxs hansı işlə, o cümlədən dini ibadətlə məşğul olmasını, dini sahədə konkret hansı işlərlə məşğul olmasını bilməmiş, sonuncu dini inancına görə saxlanılmamış və ya kimsə tərəfindən onun ibadətlə məşğul olmasına görə saxlanılması ilə əlaqədar göstəriş verilməmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid - Nərimanov RPİ-nin 16-cı PB-nin baş əməliyyat müvəkkili Şahid2 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmkarı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ilə Şahid2 arasında keçirilmiş üzləşmədə dindirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid2 sərbəst ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmişdir. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs üzləşmə prosesində Şahid2 tanımadığını, onu ilk dəfə gördüyünü, üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu bildirmişdir (iş vərəqə: 148-152). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşmədə dindirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid1 sərbəst ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmişdir. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs üzləşmə prosesində Şahid1 tanımadığını, onu ilk dəfə gördüyünü, üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu bildirmişdir (iş vərəqə: 153-157). Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, təxminən 14 ildir ki, Təqsirləndirilən şəxs yaşadığı, "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasında komendant vəzifəsində işləmişdir, hazırda isə işləmir, 2023-cü ilin 01 oktyabr tarixindən təqaüddədir. Ağasəflə münasibəti yaxşı olmuş, o, sonuncunu yaxşı bir insan kimi tanımış, onun qonşularla da münasibəti yaxşı olmuş, lakin hansı işlə məşğul olduğunu bilməmişdir. Ağasəfin narkotiklərlə məşğul olmasını ondan gözləməmişdir. Ağasəfin dini inancı olan insan kimi dövlətə qarşı hər hansı çıxışını eşitməmişdir. Şahid3 ifadəsinin davamında göstərdi ki, mart ayının 30-u ərazinin polis sahə müvəkkili onun komendantı işlədiyi binaya gəlib Ağasəflə maraqlandığından o, zəng edib Ağasəfdən harada olması ilə maraqlanmış, sonuncu evdə olmadığını bildirdiyindən ondan evə nə vaxt gələcəyini soruşmuşdur. Bundan sonra xatırlamadığı tarixdə, yəni Ağasəf saxlanılan gün polis əməkdaşları - sahə müvəkkili və bir nəfər polis əməkdaşı onun iş yerinə, yəni komendantı işlədiyi "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasına gəlmişlər. O, sahə müvəkkilini əvvəllər görüb tanısa da, digər polis əməkdaşlarını tanımamışdır. Gələn polislər ondan Ağasəfi telefonla çağırmağı tələb etmiş, “biz dediyimizi eləməsən, sənin başına oyun açarıq” kimi sözlərlə onu hədələmişlər. Həmin vaxt işlədiyi üçün onlardan qorxmuş və polis əməkdaşlarının diktəsinə əsasən zəng vurub Ağasəfi aşağı çağırmışdır. Həmin gün onun çağırışından sonra Ağasəf həyat yoldaşı ilə birlikdə aşağı düşmüşdür. O, Ağasəfin yoldaşına polislərin Ağasəfi axtardığını demişdir. Polislərin göstərişinə əsasən o, otaqdan çıxmış, pllislər Ağasəflə danışmış, sonra da Ağasəfi maşina otuzdurub aparmışlar. Hansı mövzuda söhbət etdiklərini o, bilməmişdir. Növbəti gün isə polis əməkdaşları təkrarən onun yanına gəlmiş və guüya oğurluq olması adı ilə binanada olan 6 ədəd kameraları açdıraraq görüntüləri silmişlər. Şahid3 ifadəsinin davamında göstərdi ki, Xurşidov aparılandan sonra istintaqa bir dəfə çağrılmış və ifadə vermişdir. İbtidai istintaq vaxtı komendant işlədiyindən polislərdən qorxduğu üçün doğru ifadə verməmişdir. Hazırda işləmir, təqaüddədir və məhkəmədə verdiyi ifadə doğrudur. Belə ki, istintaqdakı ifadəsində Təqsirləndirilən şəxs ondan borc almaq üçün çağırdığını desə də, əslində o, Ağasəfi polislərin deməsinə görə çağırmışdır. Əvvəllər Ağasəflə onun arasında borc söhbəti olsa da, Ağasəfin saxlanılıb aparılması məsələsi ilə bağlı borc söhbəti olmamışdır. İfadəsi zorla diqtə edilmiş, ifadə vermiş, oxuyub qol çəkmişdir. İfadə verərkən ona zor tətbiq edilməmiş, lakin “sən dövləti müdafiə edirsən, yoxsa Ağasəfi?” kimi bir sual verildikdə o, onlarla razılaşmışdır. İbtidai istintaqda polislərdən ehtiyyat etdiyindən təzyiq altında ifadə verməsi barədə heç yerə şikayət etməmişəm. Lakin məhkəmə ədalət mühakiməsini həyata keçirdiyindən məhkəməyə etibar etmiş, güvənmiş və düzgün ifadə vermişdir. Şahid3 cinayət işinə məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı Şahid3 məhkəmyədək icraat mərhələsində verdiyi ifadəsi elan edilməklə tədqiq olundu. Şahid3 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, Sabunçu rayonu, ünvan 7 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq ailəsi ilə birlikdə Suraxanı rayonu, Binə qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz evdə yaşamışdır. Təxminən 14 ildir ki, "xxxx" MMC-yə məxsus binada komendant vəzifəsində çalışır. Təxminən 3 il bundan əvvəl isə Təqsirləndirilən şəxs tanımışdır. Təqsirləndirilən şəxs o, komendantı olduğu binadan mənzil almış və onun sonuncu ilə münasibəti yaranmışdır. Arada Təqsirləndirilən şəxsla telefon vasitəsilə əlaqə saxlamış və sonuncudan aylıq kommunal pulunu istəmişdir. xx.xx.2023-cü il tarixdə o, Təqsirləndirilən şəxsin istifadəsində olan xatırlamadığı mobil nömrəsinə zəng etmiş və sonuncudan harada olmasını soruşmuşdur. Ağasəf də cavabında Yasamal rayonu ərazisində iftar süfrəsində olduğunu bildirmişdir. Onun Ağasəfə zəng etməkdə məqsədi sonuncudan borca pul almaq olmuşdur. Lakin mobil telefon vasitəsilə Ağasəfdən borca pul almağa utandığı üçün sonuncunun halını soruşub sağollaşmışdır. Şahid3 tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, 31 mart 2023-cü il tarixdə də Ağasəflə yenidən əlaqə saxlamağa çalışmışdır ki, Ağasəflə görüşüb üzbəüz borca pul istəsin. Lakin Ağasəf evdə olmadığını ona bildirmişdir. O da cavabında evə gələn zaman onunla görüşməsini xahiş etmiş, ona sözü olduğunu demiş və bundan sonra onlar mobil telefonda sağollaşmışlar. O, borca pul istəməsi üçün Ağasəfi gözləməyə başlamış, təxminən saat 19:30 radələrində o, binanın həyətində olan zaman Ağasəfin gəldiyini görmüşdür. O, Ağasəfə yaxınlaşmaq istəyən zaman 2 nəfər tanımadığı şəxslər Ağasəfə yaxınlaşmışlar. O, həmin şəxslərin Ağasəflə söhbət edib getmələrini gözləmiş, onlar gedəndən sonra Ağasəfdən borca pul istəməyi nəzərdə tutmuşdur. Lakin Ağasəf həmin şəxslərlə birlikdə çıxıb getdiyindən o da oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanmışdır. O, həmin saatlarda Ağasəfə zəng etməkdə məqsədi sonuncudan borca pul almaq olmuşdur. Lakin Ağasəf ona evdə olmadığını, gec gələcəyini bildirmişdir. O, Ağasəfi həyətə çağırmamış və onun da yanında polis əməkdaşları olmamışdır. Saat 19:30 radələrində Ağasəfi harasa dəvət edən şəxslərin polis əməkdaşları olduqları sonradan ona aydın olmuşdur (iş vərəqə: 162-163). Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən Təqsirləndirilən şəxs arvadı Şahid4 ifadəsində göstərdi ki, 30 mart 2023-cü il tarixində həyat yoldaşı Təqsirləndirilən şəxs iftar yeməyində olmuş, iftardan bir neçə saat sonra Ağasəf zəng vurub ona evə adam gələcəyini demiş, geyimli olmağı tapşırmışdır. Onların yaşadıqları binanın iki çıxışı olmuş, Ağasəf dukan tərəfdən evə gəlmiş və kiminsə gəlib-gəlmədiyini soruşmuş, o isə “yox” cavabı vermişdir. Bundan sonra o, uşağın dalınca məktəbə gedərkən komendantdan yoldaşını kimin soruşması ilə maraqlanmış, sonuncu polislərin onu axtardığını bildirmişdir. 31 mart 2023-cü il tarixdə komendant zəng edib Ağasəfi aşağı çağıranda o da Ağasəflə birlikdə düşmüşdür. Komendantın yanında iki nəfər olmuş, onların polis olduqlarını öyrənmişlər. Polis əməkdaşları komendantın otağında Ağasəflə 20 dəqiqə ərzində söhbət etmiş, Ağasəflə xoş danışmışlar. Həmin vaxt o da onların yanlarında olmuşdur. Daha sonra isə bölməyə gedəcəklərini demişlər. Polislər Ağasəflə birlikdə getmiş, gedərkən 16-cı Polis Bölməsinə söhbət etməyə getdiklərini demişlər. Sonra Ağasəf qayıdıb gəlmədiyindən o, Ağasəfə zəng vurmuş, onun telefonuna zəng çatmış, lakin zənglərə cavab verməmişdir. Axsam saat 22-dən sonra isə zəng çatmadıgından artıq narahat olmağa başlamış və 16-cı bölməyə getmişdir. Orada Ağasəfin narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə həbs olunduğu deyilmiş və onun Nərimanov Polis İdarəsinə aparıldığı bildirilmişdir. O, rəis müavininin qəbuluna girmiş, sonuncu ona yoldaşının cinayətkar olduğunu demişdir. O, inanmamış, dövlətə güvəndiyini demiş və doğru araşdırmağı xahiş etmişdir. Ağasəfin dini inanclarına görə tutulduğunu ona deyən olmamışdır. Ağasəfin komendantla “salam, sağ ol” münasibəti olmuş, Ağasəfin komendanta borca pul verməsi barədə o, heç nə eşitməmişdir. Komendantın otağında 4-5 kamera olmuş və komendantın otağı kameraya düşmüşdür. Sonradan komendantın deməsinə görə Ağasəf aparılandan sonra polislər gəlib kamera görüntülərini silmişlər. Şahid4 ifadəsinin davamında göstərdi ki, müstəntiq Elşən Həsənov ona yoldaşını görmək istədiyi təqdirdə məhkəməyə gəlməsini məsləhət bilmiş, o, Ağasəflə məhkəmədə danışmışdır. Ağasəf onun üstünə narkotik qoyulduğunu, ona basqı edildiyini, ona görə razılaşdığını demiş, məcbur olub imzaladığını bildirmişdir. Ağasəf ona şantaj edilməsi və işnəcə verilməsi barədə heç nə deməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında» 31 mart 2023-cü il tarixli protokoldan görünür ki, 31 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Nərimanov RPİ-nin 16-cı PB-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncu təhqiqatçının təklifinə əsasən əynində olan göy rəngli şalvarın sağ yan cibindən içərisində heroin narkotik vasitəsinə bənzər maddə olan 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, şəxsi axtarış zamanı təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu təsdiq etmiş, həmin heroini özünün istifadəsi üçün “Papanin” deyilən ərazidə tanımadığı şəxsdən 150 manata aldığını bildirmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, baxış keçirilməsi və götürmə prosesi videoçəkilişlə müşaiyət olunmuş və videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 30-32). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinə baxış keçirilmiş və videogörüntülərin şəxsi axtarış keçirilməsi və götürmə protokolunun məzmunu ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Belə ki, tədqiq olunan həmin protokoldan görünür ki, videogörüntülərə baxış zamanı 31 mart 2023-cü il tarixdə üzərinə şəxsi axtarış keçirilmiş Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən içərisində heroin narkotik vasitəsinə bənzər maddə olan 01 ədəd şəffaf rəngli sellofan bükümü təhqiqatçının təklifindən sonra çıxarıb təqdim etməsi, Təqsirləndirilən şəxs təhqiqatçının təklifinə əsasən üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu, həmin heroini özünün istifadəsi üçün “Papanin” deyilən ərazidə tanımadığı şəxsdən 150 manata aldığını bildirməsi bir daha təsdiq olunur (iş vərəqə: 58-59). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 01 aprel 2023-cü il tarixli, 6/1906 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 218” möhür əksi, “...Şübhəli şəxs: Təqsirləndirilən şəxs...” və s. ad, soyad, imzalar olan zərfdəki 01 ədəd bükümdə aşkar olunan maddə kustar üsulla hazırlanmış heroin narkotik vasitəsidir, təmiz kütləsi 10,071 qram təşkil edir. Tədqiq olunan həmin rəydən görünür ki, tədqiq olunan 10,071 qram heroinin 0,1 qram hissəsi ekspertiza tədqiqatına sərf edildilmiş, 9,971 qram hissəsi qalıq qalmışdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxildir (iş vərəqə: 39-43). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 23 iyun 2023-cü il tarixli 3994 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: 127-128). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan kompleks məhkəmə- psixolji və məhkəmə-psixiatrik ekspertizasının 03 aprel 2023-cü il tarixli, 860 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda, yəni ekspertiza tədqiqatı mərhələsində hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Tədqiq olunan həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Tədqiq olunan rəyin məhkəmə-psixolji ekspertizasına dair hissəsindən isə görünür ki, Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. O, törətdiyi əməlin mahiyyətini adekvat olaraq dərk etmək və baş verənləri təsvir etmək iqtidarında olmuşdur. Onun əqli-intellektual imkanlarında gerilik əlamətləri aşkar edilmir, inadkarlıq, hirslilik, söz götürməmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs baş verən hadisələri adekvat olaraq qavramaq və bu barədə düzgün ifadə vermək qabiliyyətinə malikdir. O, hadisə zamanı şüur və davranışlarına təsir göstərə bilən psixi-emosional halda olmamışdır (iş vərəqə: 129-132). Məhkəmə baxışı zamanı tədqiq olunan digər sənədlərlə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 10,071 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 9,971 qram çəkidə narkotik vasitə heroin saxlanış üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 173-183). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanı tərəfindən əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş 08 may 2023-cü il tarixli əməliyyat tapşırığının 01 iyun 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə aşkar edilməsi faktı ilə əlaqədar bir sıra əməliyyataxtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğuldur. Tədqiq olunan əməliyyat tapşırığına 01 iyun 2023-cü il tarixli cavab məktubundan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvana yaxın ərazilərdə videomüşahidə kameralarında görüntülər müəyyən edilmədiyindən həmin görüntüləri əldə etmək mümkün olmamışdır. Ən nəhayət, tədqiq olunan əməliyyat tapşırığına cavabdan görünür ki, hazırda bu istiqamətdə tədbirlər davam etdirilir və müsbət nəticə əldə olunduğu təqdirdə istintaq orqanına məlumat veriləcəkdir (iş vərəqə: 112-113, 168). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyinin müəyyənləşdirilməsi mümkün olmamış və qeyd olunan mənbənin müəyyənləşdirilməsi məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 185-186, 188, 189). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etməyə, saxlamağa və daşımağa, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda heroin narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə tərtib olunan ittiham aktının məzmunundan göründüyü kimi təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, şəxsi axtarış aparılmasına dair videogörüntülərə baxış protokolu, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaların rəyləri və digər istintaq sənədləri sübut əhəmiyyətli prosessual sənədlər kimi təqsirləndirilən şəxsin ondan aşkar olunan narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlama və daşıma cinayətini törətməkdə sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (ittiham aktı). Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan həmin sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. Belə ki, istər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi əldə etməsini, saxlamasını və daşımasını təsdiq edə biləcək konkret sübutlar müəyyən edilməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirinə dair müvafiq sənədlərlə, o cümlədən təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatının daxil olması barədə tərtib olunan 31 mart 2023-cü il tarixli raport, “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” eyni tarixli qərar, Təqsirləndirilən şəxs saxlanılıb Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nə gətirilməsi barədə əməliyyat müvəkkili tərəfindən tərtib olunan 31 mart 2023-cü il tarixli daha bir protokolla müəyyən edildi ki, əməliyyat məlumatı baxılan iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə deyil, narkotik vasitələri qanunsuz olaraq sadəcə əldə edib saxlaması və istifadəsi ilə məşğul olması barədə olmuşdur (iş vərəqə: 3, 4-5, 9). Məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs dindirilərkən şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu 01 və 02 aprel 2023-cü il tarixli ifadələrində ondan aşkar edilib bir bükümdə götürülən narkotik vasitəni satış məqsədilə əldə etdiyini, konkret olaraq kiməsə satdığını, əldə etdiyi konkret mənbəni etiraf etməmiş, 01 ədəd sellofan bükümdə təqdim etdiyi olan narkotik maddəni 31 mart 2023-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerə gedib qiyabi tanıdığı şəxsi taparaq ona 150 manat pul verib ona narkotik vasitə heroin gətirməsini istədiyini, təxminən 10 dəqiqə sonra həmin şəxsin ona 1 ədəd bükümdə narkotik vasitə heroin gətirib verdiyini, o da həmin narkotik vasitə heroini lazım olan zaman istifadə etməsi üçün üzərində saxlayaraq gəzdirdiyini, 31 mart 2023-cü il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsi, ev 14 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanıldığını etiraf etsə də, ibtidai istintaqın sonrakı mərhələlərində və məhkəmə baxışı zamanı verdiyi ifadələrində isə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində göstərdiklərini inkar etmiş, aşkar olunub götürülən narkotik vasitənin ona aid olmadığını, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən ona qarşı edilmiş psixoloji təzyiqlər nəticəsində boynuna götürməsinə məcbur edildiyini göstərmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin narkotik vasitəsinin əldə olunma mənbəyinin, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasının müəyyənləşdirilməsi üçün 08 may 2023-cü il tarixli əməliyyat tapşırığı verilmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının həmin əməliyyat tapşırığına verilmiş 01 iyun 2023-cü il tarixli cavab məktubunun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə aşkar edilməsi faktı ilə əlaqədar bir sıra əməliyyataxtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğuldur. Lakin bu istiqamətdə tədbirlər davam etdirilir və müsbət nəticə əldə olunduğu təqdirdə istintaq orqanına məlumat veriləcəkdir. İlk növbədə məhkəmə qeyd edir ki, əməliyyat tapşırığına verilmiş 02 avqust 2023cü il cavab məktubunun məzmununda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə qeyd olunan məlumatlarlarla eyni məktubda Təqsirləndirilən şəxs narkotik vasitə aşkar edilməsi faktı ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirlərinin müsbət nəticə verməməsi barədə olan məlumatlar arasında olan ziddiyyətli, biri digərini inkar edən məsələyə nə iş üzrə sübutlar qiymətləndirilərkən və nə də ittiham aktında qiymət verilməmidir. Tədqiq olunan əməliyat tapşırığına əməliyyat xidməti tərəfindən verilmiş həmin məktubunun məzmununda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əlavə əməliyyat məlumatının əldə edilməsi barədə göstərilənlər, Azərbaycan Respublikası Qanunlarına uyğun əldə olunmadığından, Cinayət Məcəlləsinin tələblərinə uyğun əməliyyat tapşırığını verən istintaq orqanına təqdim edilmədiyindən və istintaq yolu ilə yoxlanılmadığından cinayət təqibi üzrə sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə əsas verə bilməz. Hansı ki, məhkəmə baxışı zamanı müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas vermiş ilkin məlumatlar onun narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə deyil, narkotik vasitələri qanunsuz olaraq sadəcə əldə edib saxlaması və istifadəsi ilə məşğul olması barədə olmuşdur. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi 01 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış, ilkin araşdırmalar nəticəsində sonuncudan aşkar edilmiş narkotik vasitənin miqdar meyarı əsas götürülməklə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Lakin istintaqın son mərhələsində Təqsirləndirilən şəxs cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə tövsif edilməsinə əsas verən heç bir yeni mötəbər sübut toplanılmadan, yenə də Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin miqdar meyarı və əməliyyat tapşırığına verilmiş əldə olunma mənbəyi müəyyənləşdirilməmiş, yoxlanılmamış bir cavab əsas götürülməklə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs aşkar edilərək götürülən heroin narkotik vasitəsinin mənbəyinin müəyyən edilməməsi əsası ilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda başqa cinayət işi ayrıldığı müəyyən edilmişdir. Daha sonra məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələri satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi müəyyənləşdirilməmişdir. Belə ki, məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələri üzrə müvafiq olaraq “Azerfon” və "xxxx" MMC mobil operatorlarından götürülmüş məlumatlara baxış keçirilməsi haqqında 11 may 2023-cü il tarixli protokoldan görünür ki, baxış nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələri almasını və ya satışı ilə məşğul olmasını təsdiq edə biləcək sms və ya sair məlumatlar aşkar edilməmiş və ya iş üçün əhəmiyyətli ola biləcək hər hansı məlumat əldə edilməmişdir (iş vərəqə: 135-136). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs məxsus “Samsung A 12” markalı mobil telefona baxış keçirilmiş, baxış nəticəsində mobil telefonun yaddaş bölümlərində iş üçün əhəmiyyətli ola biləcək hər hansı məlumat müəyyən edilməmişdir (iş vərəqə: 147). Məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə barədə” protokolunda da Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülən narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və üzərində daşımasını təsdiq edə biləcək konkret sübutedici məqam müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun bir ədəd bükümdə aşkar edilib götürülmüş külli miqdarda heroin narkotik vasitəsini satış məqsədi olmadan qanunsuz əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı cinayət işinin materialları araşdırılarkən müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlinə görə toplanılmış sübutlara hüquqi qiymət verilərkən təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə», «şəxsi axtarış aparılmasına dair videogörüntülərə baxış keçirilməsi barədə” protokolları, məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların rəyləri, maddi sübut və cinayət işinin sair materialları əsas götürülmüş və onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmiş əməl kimi qiymətləndirilmişdir. Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar həm məhkəməyədək və həm də məhkəmə icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, əksinə həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş narkotik vasitəni qanunsuz olaraq satış məqsədilə əldə etməsi öz təsdiqini tapmamış, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəllənin 234.4.3-cü maddəsi ilə tövsif edərkən fərziyyə və şübhələrə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə hüquqi tövsifi ilə bağlı qeyd edir ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən heroin narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Yəni Təqsirləndirilən şəxs götürülən bir ədəd bükümdəki heroin narkortik vasitəsinin ümumi kütləsi külli miqdar olmaqla 10,071 qram təşkil etmişdir və bu miqdar şəxsi istehlak miqdarından artıq külli miqdar kimi qəbul edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 26 aprel 2022-ci il tarixdə qəbul edilmiş 516-VİQD nömrəli qanunla yeni məzmunda 234.1-1-ci maddə Azərbaycan Respublikasının CM-nə əlavə olunmuşdur ki, həmin qanuna əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməllər külli miqdarda törədildikdə təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd olunan həmin Qanun 20 may 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinin tələblərinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin 31 mart 2023-cü il tarixə təsadüf etməsi, ondan aşkar edilib götürülən heroin narkotik vasitəsinin miqdarının 10,071 qram olmaqla külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə olunması, saxlanması və daşınmasının təsdiq olunmaması nəzərə alınmalı və Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sərbəst ifadəsində ondan aşkar edilib götürülməsi qeyd olunan narkotik vasitənin ona aid olmaması, saxlanılarkən onun üzərində heç bir növdən olan narkotik vasitə olmaması, onun qanunsuz saxlanılması və polis tərəfindən psixoloji təzyiqlərə məruz qalması, psixoloji təzyiqlər nəticəsində ittihamda göstərilən külli miqdarda heroin narkotik vasitəsini boynuna götürməyə məcbur edilməsi, etirafedici ifadələr verməyə məcbur edilməsi, ibadətlə məşğul olması və dini inancına görə tutulması ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Təqsirləndirilən şəxs məhkəmədə saxlanıldığı yeri və şəraiti mübahisələndirib, saxlanılarkən və üzərində şəxsi axtarış keçrilməsi ərəfəsində polis tərəfindən təzyiqlərə məruz qalması barədə ifadələrində göstərdiyi xüsusatlar, özünü müdafiə üçün gətirdiyi sair dəlillər məhkəmə baxışı zamanı araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunmuşdur. Belə ki, bu xüsusatla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2023-cü il tarixli qərarının məzmunundan görünür ki, qətimkan tədbiri ilə bağlı məsələyə həmin məhkəmədə baxılarkən Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitəni Papanin adlanan yerdən 150 manata şəxsi istifadəsi alıb əldə etdiyini və əməlindən peşiman olduğunu bildirmiş və təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2023-cü il tarixli həmin qərarından təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli qərarının məzmunundan görünür ki, mahiyyəti üzrə şikayətə baxılarkən Təqsirləndirilən şəxs və onun müdafiəçisi yenə də təqsirləndirilən şəxsə qarşı polis tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi barədə məhkəməyə hər hansı məlumat verməmiş, yalnız sonuncunun ailə vəziyyəti barədə məlumat verilməklə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması xahiş olunmuşdur. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı dindirilmiş, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olması və bu istiqamətdə keçirilmiş əməliyyat tədbirində iştirak etmiş əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs saxlanılarkən və üzərində şəxsi axtarış keçrilməsi ərəfəsində polis tərəfindən təzyiqlərə, hədələrə məruz qoyulması və saxlanıldığı yerlə əlaqədar sərbəst ifadələrində göstərdikləri xüsusatları tam inkar etmiş, hər hansı qanun pozuntusuna yol verilmədiyini bildirmişlər. Məhkəmə, həm də məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs yaşadığı, "xxxx" MMC- tərəfindən inşa edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsində yerləşən 14 saylı evin komendantı vəzifəsində işləmiş Şahid3 və Təqsirləndirilən şəxs arvadı Şahid4 ifadələrinə tənqidi qiymət verib belə nəticəyə gəlmişdir ki, Şahid3n məhkəmə baxışında verdiyi ifadəsi ziddiyyətli olmaqla işin halları ilə uyğun gəlmədiyindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Sonuncunun məhkəməyədək icraat mərhələsində verdiyi şahid ifadəsi digər sübutlarla təsdiq olunduğundan daha inandırıcı və mötəbər hesab olunmalı və sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid3 Təqsirləndirilən şəxs pul aldığını tam inkar etməmiş, əvvəllər Ağasəflə onun arasında borc söhbəti olduğunu etiraf etmiş, həmçinin Təqsirləndirilən şəxs isə Şahid3 borca pul təklif etdiyini bildirmişdir. Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Şahid3 cinayət işinin məhkəməyədək icraatı mərhələsində istintaq orqanına təqdim etdiyi 13 may 2023-cü il tarixli ərizənin məzmunundan görünür ki, istintaqçı tərəfindən Şahid3 onunla Təqsirləndirilən şəxs arasında üzləşmədə dindirmə istintaq hərəkətinin aparılması təklif olunmuş, lakin Şahid3 tədqiq olunan həmin ərizə ilə müraciət edib, Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsində yerləşən 14 saylı evin komendantı vəzifəsində işlədiyini, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə həmin binada yaşadığını, sonuncuların onun istintaq zamanı verdiyi ifadəsini biləcəkləri təqdirdə Təqsirləndirilən şəxs və onun ailə üzvlərinin onunla düşmənçilik münasibətində olacaqlarını qeyd edib, Təqsirləndirilən şəxsla üzləşməkdən imtina etdiyini bildirmişdir (iş vərəqə: 164). Təqsirləndirilən şəxs arvadı Şahid4 ifadələrinə gəldikdə isə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxsla Şahid4 ər-arvad münasibətindədirlər, onların birgə nikahdan övladları vardır, ümumi mülkiyyətə sahib olmaqla birgə təsərrüfat idarə etmişlər. Şahid4 istər işin məhkəməyədək icraatı mərhələsində və ya istərsə də məhkəmə baxışı zamanı ifadələrində göstərdiyi xüsusatlar məhkəmə baxışı zamanı tədqiq olunan sübutlarla inkar olunur. Qeyd olunanlara əsasən məhkəmə Şahid4 ərinə qarşı ifadələrinin müdafiə xarakterli olmasını təbii hal kimi qiymətləndirir. Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfi vəsatət qaldıraraq "xxxx" MMC tərəfindən inşa edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsində yerləşən 14 saylı binaya quraşdırılmış, onun giriş-çıxışını və binaya aid sair tikililəri əhatə edən bütün təhlükəsizlik kameralarının 31 martt 2023-cü il tarixə saat 15:00-19:00 olan dövrə aid videogörüntülərin tələb olunmasını və məhkəmə baxışı zamanı tədqiq olunmasını məhkəmədən xahiş etmişdir. Vəsatət təmin edilmişdir. "xxxx" MMC-dən məhkəməyə verilmiş 07 yanvar 2024-cü il tarixli, 01/24 saylı arayışdan görünür ki, binada quraşdırılmış təhlükəsizlik kameraları texniki cəhətdən nasaz olduğundan sorğuda göstərilən tarixdə və vaxtda video müşahidələr qeydə alınmamışdır. Bu səbəbdən yaddaş qeydlərinin məhkəməyə təqdim olunması mümkün olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 108). Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə nəzərdə tutulan cəzanı yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 03 aprel 2023-cü il tarixli, 1859 nömrəli rəyini əsas götürərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmamsı, onun narkomaniya xəstəliyindən əzab çəkməməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun faktiki olaraq saxlanıldığı və azadlığının məhdudlaşdırıldığı 31 mart 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 31 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 aprel 2023-cü il tarixdə barəsində müvafiq məhkəmə qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 31 mart 2023-cü il tarixdən hesablanmış və bundan sonra o, məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəlinin onun faktiki olaraq saxlanıldığı 31 mart 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 31 mart 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş 10,071 qram heroin narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 9,971 qram heroin narkotik vasitəsi məhv edilməlidir; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 31 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 10,071 qram heroin narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 9,971 qram heroin narkotik vasitəsi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin qeydə alındığı 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar