Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-438/2024 01.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhər 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1972-cı il tarixdə Ermənistan Respublikası Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Daşkəsən rayonu Quşçu kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Müşfiq qəsəbəsi 28 may küçəsi nömrəsiz evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan “Babək” adlı İİR-nın vətəndaşı və “Elnur” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək təmiz çəkisi 1503 qram qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 08 mart 2023-cü il tarixdə saat 17:00-da Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanda yerləşən “Nərimanov” istirahət parkında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilərək orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman sağ əlində olan qara rəngli sellofanın içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 1503 qram qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, narkotiki satmaq niyyyətində olmamış, mart ayının 7-si narkotik almaq üçün Nərimanov parkı ərazisinə getmişdir. Narkotiki parkda Emin adlı soyadını bilmədiyi şəxsdən götürəcəkmiş. Narkotikin parkın içində, siqaret qutusunda olacağını demişdir. Narkotiki götürmək istəyəndə yanındakı oğlan qaçmışdır. Həmin narkotik üçün bir gün əvvəldən 10 manat pul vermişdir, amma narkotik gətirməmişdir. Niyə narkotiki gətirmədiyini soruşduqda narkotik tapmadığını, səhərisi gün gətirəcəyini demişdir. Başının üstündə kamera olmuşdur, birdən başını qaldırıb 4 nəfərin onun üstünə gəldiyini görmüşdür. Polis əməkdaşları 07 mart tarixində hava qaralmamış onu saxlayıb maşına mindirmiş, 1 gün idarədə saxlamışlar. Rəisin yanına apardıqda, rəis polislərə “verin narkotikdən azca çəksin” demişdir. Əməliyyatçılardan biri getməmiş, axşam onunla qalmışdır. Ona boynuna almasını, almasa həmin narkotiki evindən çıxaracaqlarını demişlər. Şəxsi axtarış zamanı qara bağlama təqdim etməmiş, videoçəkilişdə özləri bağlamanı ona vermişlər ki, danışsın. Heç bir orqana şikayət etməmişdir. Ona qarşı fiziki-psixi təsir olmamış, ona qarşı zor tətbiq edilməmişdir. Onu hansı maddə ilə məhkəməyə verəcəklərini bilmirmiş, əvvəl məhkum olmamışdır. Üstündəki qara qutu yox, siqaret qutusu olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, O, Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır, 08 mart 2022-ci il tarixdə “Elnur” və “Afər” adlı şəxslərin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və bu barədə rəhbərliyə məruzə olunmuşdur. Bundan sonra əməliyyat tədbirinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat qrupu yaradılmış və şəxsin olduğu yerə getmişlər, təqsirləndirilən şəxsi orada saxlayıb polis şöbəsinə getmişlər. Orada üzərinə baxış keçirilmişdir. Afəri saxlayan zaman tək olmuş, ona yaxınlaşanda əlində büküm var imiş, ona heç bir fiziki-psixi təsir olmamışdırb. Hərəkətlərindən şübhələndikləri üçün Afəri saxlamışlar. Nərimanov parkının içində Afərə yaxınlaşanda əlində, ya da gödəkçəsinin cibində narkotik olmuşdur. Dəqiq xatırlamırş İstintaq zamanı düzgün ifadə vermişdir. Baxışda iştirak etmişdir. Onlar saxlayan zaman təqsirləndirilən şəxs bir neçə müddətdir istifadəçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 digər Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olmaması və özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi iş materiallarında olan sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 08 mart 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan 08 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əlində qara rəngli torbanın açıb içərisindəki 01 ədəd qara bağlama aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əlində olan qara rəngli torbanın açıb içərisindəki 01 ədəd qara bağlamanı çıxarıb təqdim etməsi, həmin bağlamanın açılaraq içərisinə baxıldıqdan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamanın içərisində nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməsi barədə soruşulması, bu zaman Təqsirləndirilən şəxs həmin 01 ədəd bağlamanın içində heroin kimi tanıdığı narkotik vasitə olmasını, həmin narkotik vasitəni tanışı olan “Elnur” adlı şəxsdən götürdüyünü bildirməsi, bundan sonra aşkar edilmiş həmin 01 ədəd bağlamanın götürülərək qablaşdırılması, sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi və qanunsuz hər hansı bir əşya və ya maddə aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertizasının 6/1428 saylı 09 mart 2023cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşər Nazirliyi Zərflər üçün № 224” dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs aşkar edilmiş büküm. Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1503 qram (1 kq 503 qram) qəhvəyi rəngli təzşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi-1503 qram, tədqiqata sərf edildi-ümumi 0,2 qram, qalıq-1502,8 qram. (ekpertiza tədqiqatın dəyəri 114 manatdır) Cinayət işi materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin hakimi Hafiz Kamranov tərəfindən əvvəli 08 mart 2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə “həbs” qismində qətimkan tədbiri seçilmişdir Cinayət işi materiallarında olan DİN-in BƏSİİ-dən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan doğum haqqında şəhadətnaməninn sürətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü X3 adlı bir yetkinlik yaşına çatmayan uşağı vardır. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 2476 saylı 27 aprel 2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Cinayət işi materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 hüquqi şəxsin verdiyi 1181 saylı 29 aprel 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin nona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi hallarını nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 08 mart 2023-cü il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, barəsində cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİNin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 1502,8 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD Diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114(yüz on dörd) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 08 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 1502,8 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-438/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-438/2024
01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver