Məhkəmə qərarları › İş №1(101)-439/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-439/2021

24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-439/2021 24.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı - Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 10 avqust 1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əsədullayev küçəsindəki nömrəsiz fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edərək saxlamış, daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini şəxsiyyəti istintaqa məlum olmayan “Xosrov” adlı şəxsdən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və 19 iyun 2020-ci il tarixdə 19 bükümdə 3,838 qram narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından artıq miqdarda 3 bükümdə 0,292 qram psixotrop maddə olan metamfetamini Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində tanışı Şahid2 140 manata satmış, Şahid2 narkotik vasitə heroinin 0,177 qram olan bir bükümünü 21 iyun 2020-ci il tarixdə saat 15 radələrində yaşadığı ünvan 3 ünvanında yerləşən evin qarşısında “VAZ 2106” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində tanışı Şahid1 əvəzsiz olaraq vermiş və həmin vaxt Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən satış məqsədi ilə narkotik vasitələri qanunsuz əldə etmə, daşıma və satmaqda şübhəli bilindiyindən və axtarışda olması səbəbindən saxlanılaraq Şahid1 ilə birlikdə Sabunçu Rayon Polis İdarəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sol yan cibindən plastik qabın içində olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 1,013 qram, 0,872 qram, 0,222 qram 0, 280 qram olan 4 (dörd) ədəd şəffaf polietilen bükümlərdə ümumi təmiz çəkisi 2,387 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 0,071 qram, 0,094 qram, 0,048 qram, 0,098 qram, 0,034 qram, 0,127 qram, 0,076 qram, 0,127 qram, 0,067 qram, 0,269 qram, 0,062 qram, 0,050 qram, 0,105 qram, 0,046 qram 14 (on dörd) ədəd “gümüşü” rəngli kağız bükümlərdə ümumi təmiz çəkisi 1,274 qram, ümumilikdə 18 (on səkkiz) ədəd bükümdə ümumi təmiz çəkisi 3,661 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ayrı-ayrılıqda təmiz çəkiləri 0,099 qram, 0,085 qram, 0,108 qram olan 3 (üç) ədəd gümüşü rəngli kağız bükümlərdə ümumi təmiz çəkisi 0,292 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmçinin Şahid1 üzərindən 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0,177 qram olan qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, narkomaniya xəstəliyindən əziyyət çəkməklə narkotik vasitələrdən istifadə etsə də heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitələri Xosrov adlı şəxsdən alaraq hamısını özü istifadə etmiş, heç kimə verməmiş və satmamışdır. O, Şahid2 şəxsən tanımamış, onu yalnız bir-iki dəfə, tutulmamışdan təxminən bir ay əvvəl Xosrovun yanında görmüş, hətta bir dəfə onun Xosrovdan narkotik vasitə almasının şahidi olmuşdur. O, heç vaxt Şahid2lə zəngləşməmiş və ona narkotik vasitə satmamışdır. Çox böyük ehtimal ki, Şahid2 narkotik vasitəni Xosrovdan almış, lakin sonuncudan qorxduğu üçün polisə yalan ifadə verərək guya ondan aldığını bildirmişdir. Şahid1 adlı şəxsi isə ümumiyyətlə görməmiş və tanımamışdır. Hadisə günü polislər onun evinə gələrək axtarış keçirtmişlər, lakin nə evindən, nə də üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşları ondan öz xeyri üçün müəyyən sənədləri imzalamalı olduğunu bildirmişlər, o da inanaraq həmin sənədləri oxumadan imzalamışdır. Məhkəmədən bütün bu halları nəzərə alaraq barəsində ədalətli qərar qəbul olunmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadələrində özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitələrdən, yəni heroindən və metamfetamindən 5 il olarki iynə vurmaqla istifadə edir. Şahid2 yaşadığı Ramana qəsəbəsindən narkotik istifadə edən şəxs kimi tanımış, aralarında normal münasibətləri olmuş, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. O, son iki aydır ki, Ramana qəsəbəsindən tanıdığı “Xosrov” adlı şəxsdən ucuz qiymətə narkotik vasitə əldə etməklə hər qramını 10 manat bahasına satmaqla narkotik vasitələrin satışı ilə məşğul olmuş, lakin onun narkotik satmasından ailə üzvlərinin xəbəri olmamışdır. O, əsasən kakos adlanan heroinin satışı ilə məşğul olmuşdur. Belə ki, heroini Xosrovdan 30 manata almış, istəyən şəxslərə isə 40 manata satmış, həm də özü istifadə etmişdir. Sonuncu dəfə 19 iyun 2020-ci il tarixdə Şahid2 ilə zəngləşib Ramana qəsəbəsində görüşmüş və ona 140 manat müqabilində narkotik vasitə heroin və “şüşə” adlanan metamfetamin satmışdır. 22 iyun 2020-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əsədullayev küçəsində yerləşən nömrəsiz evdə yatan zaman qapı döyülmüş və o, narkotik satdığına görə polislərin gəldiyindən şübhələnmişdir. Bu səbəbdən evin arxa tərəfinə açılan pəncərədən hopbanıb getmək istəyəndə orada iki nəfər mülki geyimli, özlərini Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları kimi təqdim edən polis əməkdaşları tərəfindən saxlanılmış, onlara müqavimət göstərməmiş və Sabunçu rayon Polis İdarəsinə gətirilmişdir. O, evində narkotik vasitə saxlamış, üzərində olanları satdığı üçün üzərində narkotik vasitə qalmamışdır (cild 2, iş vərəqə 109-112). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, narkotik vasitələrdən istifadə etmiş, Hüsenqulu Dadaşevin də narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Lakin o, heç vaxt Təqsirləndirilən şəxs narkotik vasitə almamış, onun narkotik vasitəni kimdən aldığını bilməmişdir. O, tutularkən üzərindən aşkar olunan narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini “Kubinka” deyilən yerdə Elbrus adlı əsgər yoldaşından almışdır. 21 iyun 2020-ci il tarixdə saat 15:30-da əvəllər tanıdığı və evində usta kimi işləyən Nicat yaşadığı evə gəlib onu evdən çağırmışdır. O, evdən çıxaraq Nicata “Vaz-2106” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə oturmasını bildirmişdir. Nicat evində işlədiyi vaxt onun Nicata 40 manat borcu yaranmışdır. Nicatın xahişi ilə o, təmənnasız olaraq ona bir büküm heroin vermişdir. Qalan bükümlər isə cibində plastik qabın içərisində qalmışdır. Elə bu vaxt üç nəfər mülki geyimli polis işçiləri onlara yaxınlaşaraq özlərini təqdim etmiş və onlara Sabunçu rayon Polis idarəsinə getməli olduqlarını bildirmişlər. Polis işçiləri onun avtomobilinə əyləşərək avtomobili Sabunçu rayon Polis İdarəsinə sürdürmüşlər. Yolda polis əməkdaşları ona diqqət yetirdikləri üçün cibində olan heroinləri tullaya bilməmişdir. İdarədə şəxsi axtarış keçirilən zaman ona ilk əvvəl üzərində olan əşyaları özünün təqdim etməsi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan tünd qara rəngli şalvarının sol yan cibində plastik qabda saxladığı siqaretin gümüşü bükümündəki və politilen kəsiyindəki heroini və metamfetamini masanın üzərinə qoymuşdur. Bundan sonra, şalvarının cibindəki əşyaları, yəni, mobil telefonu və iki qutu siqareti təqdim etmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilən siqaret özünə qaytarılmış, narkotik vasitələr isə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Bundan sonra idarənin həyətində olan avtomobilinə baxış keçirilmiş və avtomobilin saxlanc yerində inyeksiya şprisləri aşkar edilmişdir. O, həmin şprisləri narkotik vasitə heroini damarına vurub qəbul etmək üçün alıb saxlamışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində də ümumən oxşar məzmunlu ifadə vermiş, bununla yanaşı göstərmişdir ki, 19 iyun 2020-ci il tarixdə saat 20 radələrində Qala Ramanı qəsəbəsinə getmişdir. Orada tanıdığı Hüseynqulu adlı şəxsdən satış məqsədi ilə ümumilikdə 140 manat verib 19 büküm narkotik vasitə heroin və 3 büküm metamfetamin (kristal) almışdır. Həmin heroinin bir qismini öz istifadəsi üçün, digər qismini isə hər bir xırda bükümü 10 manata satmaq üçün əldə etmişdir (cild 2, iş vərəqə 93-96). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Şahid2 bir neçə ildir ki tanımış, onun evində təmir işləri aparmışdır. Təmirlə bağlı Kamran ona zəhmət haqqı olaraq verməli olduğu pulun əksər hissəsini ödəsə də 40 manat borclu qalmışdır. O, 21 iyun 2020-ci il tarixində, təxminən saat 15:30 radələrində Şahid2 yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, 42 nömrəli evin qarşısına getmiş və Kamranı evdən çağırmışdır. Belə ki, Kamranda narkotik vasitə heroin olduğunu bildiyi üçün ondan heroin istəmişdir. Kamran evdən çıxmış və onlar birlikdə Kamranın evin qarşısında saxladığı özünə məxsus olan “Vaz-2106” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmişlər. Həmin vaxt Kamran təmannasız olaraq ona siqaretin gümüşü kağızına bükülmüş bir büküm heroin vermişdir. O, həmin bükümü siqaretin içərisinə qoyaraq şalvarının sağ cibinə qoymuşdur. Elə bu vaxt üç nəfər mülkü geyimdə polis işçisi onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və onlarla birlikdə Sabunçu rayon Polis İdarəsinə getmələrini təklif etmişlər. Onlar şübhə yaratmamaq üçün polis əməkdaşlarının təklifini qəbul etmişlər və birlikdə Sabunçu rayon Polis İdarəsinə gəlmişlər. Yolda ona diqqət yetirdikləri üçün cibində olan heroini tullaya bilməmişdir. İdarədə şəxsi axtarış keçirilən zaman ilk əvvəl üzərində olan əşyaları özünün təqdim etməyi təklif edilmişdir. Buna görə o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin içərisində, siqaretin gümüşü bükümündəki narkotik vasitə olan heroini masanın üzərinə qoymuşdur. Bundan sonra şalvarının cibindəki digər əşyaları təqdim etmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilən mobil telefon və bir manat pul onun özünə qaytarılmış, narkotik vasitə olan heroin isə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və digər iştirakçılar həmin protokolu imzalamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Əliyev X3 rayon Polis İdarəsinin icraatında olan bir cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə axtarışda olmuşdur. 21 iyun 2020-ci il tarixdə təxminən saat 16 radələrində Şahid2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə saxlama, daşıma və satmada şübhəli bilinərək Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları Şahid5, X5 və onun tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, E.Məhərrəmli küçəsində yerləşən 42 nömrəli evin qarşısında “VAZ-2106” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildə Şahid1 ilə birlikdə saxlanılmış və idarə etdiyi avtomobillə birlikdə Polis İdarəsinə gətirilmişdir. Polis İdarəsində hər iki şəxsin üzərinə axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman ilk əvvəl Şahid2 üzərində olan əşyaları özünün təqdim etməsi təklif olunmuş, o da əynində olan tünd qara rəngli şalvarının sol yan cibində plastik qabda saxladığı siqaretin gümüşü kağızındakı və polietilen kəsiyindəki heroin və metamfetaminə bənzər maddələri, həmçinin şalvarının cibindəki digər əşyaları, yəni, mobil telefonu və iki qutu siqareti təqdim edərək masanın üzərinə qoymuşdur. Şahid2 üzərindən aşkar olunan bükümlər qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra idarənin həyətində olan avtomobilə baxış keçirilmiş və avtomobilin saxlanc yerində inyeksiyə şprisləri aşkar edilmişdir. Sorğu zamanı Şahid2 həmin şprisləri heroini damarına vurub qəbul etmək üçün alıb saxladığını bildirmişdir. İdarədə həmçinin Şahid1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid1 üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin içərisində, siqaretin gümüşü kağızına bükülmüş kütləni, həmçinin mobil telefonunu və bir manat pulu masanın üzərinə qoymuşdur. Mobil telefon və bir manat pul onun özünə qaytarılmış, üzərindən aşkar edilən narkotik vasitə olan heroin isə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o da digər iştirakçılar kimi protokolu imzalamışdır. Daha sonra Şahid2 narkotik vasitələri Təqsirləndirilən şəxs əldə etməsi müəyyən olunmuşdur. 22 iyun 2020-ci il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əsədullayev küçəsində qaçmaq istəyərkən tərəflərindən saxlanılmış və Sabunçu rayon Polis İdarəsinə gətirilmişdir. Sorğu zamanı, o, Şahid2lə 19 iyun 2020-ci il tarixdə Ramana qəsəbəsində zəngləşib görüşdüyünü və ona 140 manat müqabilində narkotik vasitə heroin və “şüşə” adlanan metamfetamin satdığını bildirmişdir. Ümumiyyətlə, əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs xeyli müddətdən bəri narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi məlumdur. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu rayon polis İdarəsinin əməliyyat müvəkkilləri X5 və Şahid5 Şahid3 ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid2 narkotik vasitəni və psixotrop maddəni 140 manata Hüsenqulu Dadaşevdən aldığını sonuncunun üzünə qarşı deyərək təsdiq etmiş, Təqsirləndirilən şəxs isə həmin narkotiki Şahid2 satmadığını, təmannasız olaraq pay verdiyini bildirmişdir (cild 1, iş vərəqə 205-207). Məhkəmə-kimyəvi ekspertizasının 22 iyun 2020-ci il tarixli 6/1147 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Şahid2» yazısı olan zərfdəki, 4 (dörd) ədəd şəffaf polietilen bükümlərdə ümumi təmiz çəkisi 2,387 qram, 14 (on dörd) ədəd “gümüşü” rəngli kağız bükümlərdə ümumi təmiz çəkisi 1,274 qram, ümumilikdə 18 (on səkkiz) ədəd bükümlərdə olan ümumi təmiz çəkisi 3,661 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və 3 (üç) ədəd gümüşü rəngli kağız bükümlərdə ümumi təmiz çəkisi 0,292 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Şahid1” yazısı olan zərfdəki 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0,177 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Şahid2 götürülmüş heroinlər Şahid1 götürülmüş heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynidir. Tədqiqata təqdim edilmiş üzərində “Şahid2…” yazısı olan zərfdəki 9 (doqquz) ədəd 1ml-lik şprislərin içərisində narkotik və ya psixotrop maddələrin izləri yoxdur və bir ədəd zavod üsulu ilə qablaşdırılmış, tamlığı pozulmamış ampuladakı “novokain” adlı dərman preperatı 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursolarlar”ın və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının” siyahılarına daxil deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildirlər (cild 1, iş vərəqə 62-66). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 09 iyul 2020-ci il tarixli 1914 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 69-70). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 18). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı külli miqdar təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək Şahid2 narkotik vasitə satmamasına dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi, Şahid2 narkotik vasitəni və psixotrop maddəni Təqsirləndirilən şəxs almamasına, “Kubinka” deyilən ərazidə Elbrus adlı əsgər yoldaşından almasına dair ifadəsini tanışı Təqsirləndirilən şəxs məsuliyyətdən yayındırmaq cəhdi kimi qiymətləndirərək Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında elan edilərək tədqiq edilmiş tam etiraf ifadəsi, həmçinin Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 23 iyun 2020-ci il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 1 (bir) gün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmalı, cəzanın çəkilmə müddətinin başlanğıcı hazırkı hökmün elan edildiyi tarixdən hesablanmalıdır (cild 1, iş vərəqə 82, 232-238). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübutlar - Şahid2 üzərindən aşkar edilərək götürülmüş 4 ədəd şəffaf polietilen bükümlərdə ümumi təmiz çəkisi 2, 387 qram, 14 ədəd “gümüşü” rəngli kağız bükümlərdə ümumi təmiz çəkisi 1.274 qram, ümumilikdə 18 (on səkkiz) ədəd bükümdə olan ümumi təmiz çəkisi 3,661 qram narkotik vasitə heroin və 3 ədəd gümüşü rəngli kağız bükümlərdə ümumi təmiz çəkisi 0, 292 qram psixotrop maddə metafetamin, Şahid1 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0,177 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin ********* nömrəli cinayət işində saxlanılmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli hökmü ilə həmin maddi sübutlarla bağlı məsələ həll olunaraq onların məhv edilməsi qərara alınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan maddi sübutlarla bağlı məsələnin Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli hökmü ilə həll olunması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə tutulduğu 1 (bir) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində 4 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 24 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, həbsdə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın; - Şahid2 üzərindən aşkar edilərək götürülmüş 4 ədəd şəffaf polietilen bükümlərdə ümumi təmiz çəkisi 2, 387 qram, 14 ədəd “gümüşü” rəngli kağız bükümlərdə ümumi təmiz çəkisi 1.274 qram, ümumilikdə 18 ədəd bükümdə olan ümumi təmiz çəkisi 3,661 qram narkotik vasitə heroin və 3 ədəd gümüşü rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0, 292 qram psixotrop maddə metafetamin, Şahid1 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0,177 qram heroinlə bağlı məsələnin Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli hökmü ilə həll olunması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar