Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-439/2024 29.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, 18 avqust 1998-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər şəhəri, N.Gəncəvi prospekti ev 129-da qeydiyyatda olan, 30 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 01 aprel 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs naməlum mənbədən, məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıları»na salınmış külli miqdarda olmaqla, təmiz çəkisi 6,378 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib saxlamaqla daşıyarkən, 30 mart 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nərimanov rayon Polis idarəsi, 18-ci Polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında saxlanılıb Nərimanov RPİ, 18-ci Polis şöbəsinə dəvət edilmiş və ünvan 2 ünvanında yerləşən həmin polis şöbəsinin inzibati binasında xidməti otaqda üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan gödəkçəsinin sağ cibindən 1 ədəd selofan bükülünün içərisində külli miqdarda olmaqla, təmiz çəkisi 6,378 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən isə Təqsirləndirilən şəxs həmin əməli satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilmiş, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldı, bu zaman təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması faktı öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi. O, ifadəsində göstərdi ki, 2022-ci ilin noyabr ayından ayından etibarən metronun «Xalqlar dostluğu» stansiyasının yaxınlığında yerləşən «Ucuzluq» mağazasında işləmişdir. 26 mart 2023-cü il tarixdə onun iş yeri dəyişdirilmiş və «Nargilə» filialına işə qəbul edilmişdir. 29 mart 2023-cü il tarixdə işdə olarkən ona evdən zəng olunmuş və dörd nəfər mülki geyimli şəxsin evə gələrək onu axtardıqlarını bildirmişlər. Onun özünə də maraqlı olduğuna görə həmin şəxslərlə əlaqə saxlamış və həmin şəxslər ona polis əməkdaşları olduqlarını, onunla görüşmək istədiklərini, beş dəqiqə söhbətlərinin olacağını demişlər. O, həmin şəxslərə yerini demiş, həmçinin «VhatsApp» vasitəsilə konum atmış və gəlmələrini bildirmişdir. Yarım saat sonra həmin şəxslər gəlmiş və dükanın qarşısından ona zəng edərək çölə çıxmasını istəmişlər. O, çölə çıxmış və gələn şəxslərin qara rəngli «Hyundai Sonata» markalı, nömrənin əvvəli yadında qalmayan AP- 020 nömrəli maşında olduqlarını görmüşdür. Onlar 4 nəfər mülki geyimdə şəxs olmuş, özlərini təqdim etmədən onu maşına otuzdurub və getməli olduqlarını bildirmişlər. O, hara getməli sualına verdikdə, həmin şəxslər «gedəndə görərsən» cavabını vermişlər. O, maşına oturmuş, oturan kimi həmin şəxslər ondan namaz qılıb-qılmadığını soruşmuş, o da, namaz qıldığını bildirmişdir. Sonra onu Nərimanov rayon Polis idarəsinə gətirib rəis müavini Hikmət müəllimin qəbuluna salmışlar. O, saxlanıldığı gündən bir gün əvvəl deputat Fazil Mustafaya qarşı sui-qəsd olunmuşdur. Rəis müavini Hikmət ondan bu barədə xəbərinin olub-olmadığını soruşmuş, o da, mediada oxuduğunu bildirmişdir. Həmçinin, ondan silah barədə soruşmuşlar. Sonra onu otaqdan çıxarıb gözləməyi bildirmişlər. Bir az keçdikdən sonra onu saxlayan əməliyyatçı gəlib narahat olmamasını, evə zəng edib narahat olmamağı deməsini, 15 dəqiqəyə özünün buraxılacağını söyləməsini bildirmişlər. Həmçinin ondan 28 mart 2023-cü il tarixdə harda olması barədə izahat alınmışdır. O da, həmin şəxslərin telefonu ilə evə zəng vurub narahat olmamalarını, evə gələcəyini bildirmişdir. Sonra əməliyyatçılardan biri onu öz maşını olan, lakin nömrəsini xatırlamadığı qara cip «Land Cruiser» markalı maşınla Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinə aparmış, ona narahat olmamasını, bir-iki sənədə imza edib evə gedəcəyini bildirmişdir. Lakin onu həmin şöbədə bir gün, yəni gecəni saxlamışlar. Səhərisi gün onu 18-ci Polis şöbəsinin rəisinin qəbuluna aparmışlar. Rəis ona 8 qram narkotik verəcəyini, həmin narkotiki götürüb cəza çəkmək üçün getməli olmasını bildirmişdir. Bunun səbəbini soruşduqda, həmin şəxs ona «alnını möhürə qoyursansa, cəza çəkməyə getməlisən» sözlərini demişdir. O, özünə arxayın olduğu üçün bir daha səbəbini soruşduqda, rəis ona qışqırmış, onu təhqir etmiş və narkotiki qəbul etməsə, başqa şeylər edəcəklərini bildirmişdir. O, nə edəcəklərini soruşduqda, həmin şəxs onu banditizmə verəcəklərini, onun üzərinə kilo ilə narkotik vasitə qoyacaqlarını, evindən də narkotik vasitə çıxaracaqlarını demiş, insanın şərəf və layəqətini alçaldan söhbətlər etmişdir. Həmçinin, həmin şöbə rəisi onu casusluqda və xəyanətkarlıqda ittiham etmişdir. Lakin o, elə insan olmamış, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı onun qırmızı xətti olmuşdur. O, vətənpərvər insandır, 44 günlük müharibədə arxa cəbhədə fəaliyyət göstərmişdir. Sualları cavablandıran Təqsirləndirilən şəxs əvvəlcə polis əməkdaşlarının dedikləri ilə razılaşmadığını, lakin sonra ona evdən də narkotik vasitənin çıxarılacağını bildirdikləri üçün polis əməkdaşlarının dedikləri ilə razılaşdığını, gözlə görünən xəsarətləri olmadığını, videoçəkiliş aparıldığını, videoçəkiliş vaxtı ona narkotik vasitəni 80 manata aldığını deməsi bildirilsə də, o, narkotiki pulsuz aldığını dediyini, videoçəkilişin iki dəfə dayandırıldığını və yenidən aparıldığını, dövlət vəsaiti hesabına vəkilinin olduğunu, barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılan zaman hakimin ondan ümumiyyətlə heç nə soruşmadığını və məhkəmə iclasında ancaq onun ad və soyadının soruşulduğunu, 4 aylıq ona sanksiya verildiyini, özünün heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini, özünün islam dininin şiə məzhəbinə itaət etdiyini, namaza yeni başladığını, ətrafında namaz qılan şəxslərin olmadığını, heç bir yerdə, nə İranda, nə də İraqda ziyarətdə olmadığını, ancaq məscidə getdiyini, orta təhsilli olduğunu, bədənində hər hansı xəsarəti olmadığını, polis əməkdaşları ilə saat təxminən 16-17-də əlaqə saxladığını, bunun onlara atdığı konumla da təsdiq olunduğunu, polis əməkdaşlarının onu olduğu yerə çağırırsa, üzərində narkotik vasitə saxlamağın məntiqlə uyğun olmadığını, mart ayının 28-də işə gedib evə gəldiyini, hərbi xidməti Prezidentin Təhlükəsziliyi Xidmətində keçdiyini, bir neçə dəfə təltif olunduğunu, 6-7 dəfə ölkə başçısının iştirakı ilə keçirilmiş tədbirlərdə iştirak etdiyini, Azərbaycan Respublikası Prezidentinin adından 100 illik medalla təltif olunduğunu, cümə günləri məscidlərə gedib namaz qıldığını, digər vaxtlarda isə evdə namaz qıldığını, nəyə görə həbs olunduğunu bilmədiyini, həbs olunduğu vaxt onu tutan polis əməkdaşlarından dəfələrlə hansı səbəbə görə tutulmasını soruşduğunu, sosial şəbəkələrdə hər hansı bir çağırış və ya paylaşım etmədiyini, onu ilkiin olaraq iş yerindən aparan polis işçilərinin Nərimanov RPİ-nin əməkdaşları olduğunu, üzərinə şəxsi axtarışın Nərimanov RPİ, 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirildiyini, onu 18-ci polis şöbəsinə aparan polis əməkdaşının idarənin əməkdaşı olduğunu, şəxsi axtarışın saat neçədə aparıldığının yadında qalmadığını, lakin müvəqqəti saxlama yerinə aparılan zaman gecə saat 11 olduğunu, şəxsi axtarışın polis əməkdaşlarının dedikləri kimi aparılmadığı üçün çəkilişin 3-4 dəfə yenidən aparıldığını, lakin sonradan sənədlərin çəkilişə uyğun tərtib olunduğunu məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmədə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. O, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək, 1 aydır «kakos» adlı narkotik vasitədən istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində narkotik vasitə almaq üçün İran vətəndaşı olduğunu bildiyi, lakin üzdən tanımadığı və anket məlumatlarını bilmədiyi, "instagram" sosial şəbəkəsində görüb tanış olduğu şəxslə “watsapp” mesaj tətbiqi vasitəsilə əlaqə saxlayıb ona narkotik vasitə almaq istədiyini bildirdiyini, şəxslə 8 qram "kakos" almaq razılığına gəldiyini, həmin şəxs "kakos" üçün 100 manat ödəməli olduğunu dediyini, o isə, pulu daha sonra verəcəyini bildirdiyini, bundan sonra həmin şəxsin şəkil göndərdiyi “28 May” metro stansiyasının girişinin yaxınlığındakı yerə getdiyini, onun narkotik vasitələri qoyduğu yeri başa saldığını, həmin yerdən narkotik vasitə "kakos"u tapıb götürdüyünü, aldığı narkotik vasitəni əynində olan qara rəngli gödəkcənin sağ yan cibinə qoyduğunu, xx.xx.2023-cü il tarixdə saat 18:20 radələrində Nərimanov rayonu, Təbriz küçəsi, 102 ünvanın qarşısına tanışı ilə görüşmək üçün gəlib onu gözlədiyi zaman iki nəfər mülki geyimli polis əməkdaşlarınin yaxınlaşıb onu saxladıqlarını və onlara üzərində narkotik vasitələrin olduğunu bildirdiyini, bundan sonra onu 18-ci polis şöbəsinə gətirdiklərini, polis şöbəsində xidməti otaqda dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə baxış keçirildiyini, baxış zamanı təklif olunduqdan sonra könüllü olaraq əynində olan qara rəngli gödəkcənin sağ yan cibində olan 1 ədəd selofan bükümdə "kakos"u təqdim etdiyini səmimi etiraf etmişdir. Lakin xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, «Ucuzluq» univermağın «Nargilə» filialında operator vəzifəsində işləyir. 29 mart 2023-cü il tarixdə saat 16 radələrində işdə olduğu zaman anası Şahid3 mobil telefonuna zəng edərək yaşadığı ünvana polis əməkdaşlarının gəldiyini və onu axtardıqlarını bildirmişdir. Daha sonra həmin polis əməkdaşları ilə mobil telefon vasitəsilə əlaqə saxlayıb onlara Xətai rayaonu ərazisində yerləşən «Nargilə» kafesinin yaxınlığındakı «Ucuzluq» univermağında işdə olduğunu demişdir. Həmin şəxslər ona konum atmağı xahiş etmişlər və o, «vatshap» vasitəsilə həmin şəxsə konum atmışdır. Təxminən 15-20 dəqiqə sonra həmin şəxslər «Ucuzluq» univermağının qarşısında olduqlarını bildirmişlər. Bundan sonra çölə çıxan zaman qara rəngli «Hunday Sonata» markalı son hərf və rəqəmləri AP-020 olan dövlət qeydiyyat nişanlı avtomobilin ətrafında 4 nəfər mülki şəxsin olduğunu görmüş, həmin şəxslər yaxınlaşaraq məcburi şəkildə avtomobilə zorla mindirib, haraya apardıqları barədə məlumat verməmişlər. Onlarla birlikdə Nərimanov rayon polis idarəsinə gəlmiş, daha sonra adını bilmədiyi əməliyyat müvəkilli 28 mart 2023-cü il tarixdə harada olduğunu soruşmuş, günorta işdə, axşam isə evdə olması barədə izahat vermişdir. Daha sonra həmin polis əməkdaşı öz mobil telefonu vasitəsilə onun anası Gülşənlə əlaqə saxlamağa şərait yaradaraq anasına 15 dəqiqə sonra onu buraxacaqları ilə bağlı məlumat verməsini demişlər. Bundan sonra həmin şəxs öz şəxsi avtomobili ilə onu 18-ci polis bölməsinə aparmışdır. Həmin gün gecə onu Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə aparıb orada saxlamışlar. 29 mart 2023-cü il tarixdə günorta saatlarında 18-ci Polis bölmənin rəisi onu qəbul edib şəffaf bükümdə olan narkotiki üzərində saxlamağını tələb etmiş, o, buna etiraz etdikdə təziq göstərəcəkləri ilə hədələmişlər. Vəziyyəti belə görüb, ediləcək təzyiqdən çəkindiyi üçün onlarla razılaşmış, bundan sonra məcburi şəkildə həmin narkotik vasitəni öz üzərinə götürmüşdür. Sonda isə verdikləri bütün sənədlərə imza etmiş və onun, təhqiqatçınm, 2 nəfər əməliyyatçının və vəkilin olduğu otaqda videoçəkiliş aparmışlar (cild 1, iş vərəqi 136-138). Elan olunmuş ifadələrlə bağlı proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs elan olunan dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, lakin həmin ifadələri oxumadığını, həmin ifadəni ancaq ittiham aktından oxuduğunu, həmin ifadədə 28 mart 2023-cü il tarixdə İran vətəndaşı ilə danışıqlar aparıldığı bildirilsə də, belə bir danışıqların olmadığını və həmin ifadələri təzyiq altında olduğu üçün verdiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin sahə inspektoru Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs 30 mart 2023-cü il tarixdə xidmətdə olan zaman Nərimanovda, 102 ünvanın qaşısında şübhəli şəxs qismində saxlamışlar. Ona özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra Təqsirləndirilən şəxs 18-ci Polis şöbəsinə gətirilmiş, həmin şöbədə təhqiqatçı Ramil Əhmədzadə tərəfindən Mahirin üzərində şəxsi axtarış aparılmış və üzərindən narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Proses iştirakçılarının suallarını cavablandıran Şahid1 Təqsirləndirilən şəxs xidmətdə olduqları zaman şübhəli bilindiyi üçün saxlayıb 18-ci Polis şöbəsinə apardıqlarını, xarici görünüşünə əsasən şübhəli göründüyünü, saxlanılmamışdan əvvəl Təqsirləndirilən şəxsla telefon əlaqəsi yaradılmadığını, onunla heç bir tanışlıqları olmadığını, şöbəyə gətirildikdən sonra Mahirə qarşı hər hansı təzyiq və təsir olunmadığını və döyülmədiyini, Mahiri 30 mart 2023-cü il tarixdə dəqiq saat neçədə saxladıqlarını xatırlamadığını, amma günün ikinci yarısı olduğunu, özünün 8 ildir ki, həmin ərazidə cinayət axtarış üzrə əməliyyat müvəkkili işlədiyini, Təqsirləndirilən şəxs barəsində əvvəllər onlarda hər hansı bir məlumat olmadığını məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin əməliyyat müvəkkili X3 şübhəli şəxs Təqsirləndirilən şəxs 30 mart 2023-cü il tarixdə saxlanılaraq 18-ci Polis şöbəsinə gətirilməsi və şöbədə təhqiqatçı tərəfindən üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən külli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülməsi zamanı iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs anası Şahid3 məhkəmə iclasında əlavə şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, 29 mart 2023-cü il tarixdə saat 14 radələrində yaşadıqları evin qapısı döyülmüş və qapıda iki nəfərin olduğunu görmüşdür. Həmin şəxslər Mahiri soruşmuş, o, Mahirin işdə olduğunu bildirmişdir. Onlar Mahirin harada işləməsi ilə maraqlandıqda, o, oğlunun mağazada işlədiyini bildirmişdir. Onlar Mahirlə işləri olduğunu bildirərək, onun telefon nömrəsini istəmişlər. O, həmin şəxslərdən kim olduqlarını soruşaraq, Mahirin axşam saat 10-da işdən gələcəyini, həmin vaxt əlaqə saxlayıb görüşmələrini təklif etmişdir. Həmin şəxslər Mahirlə işlə bağlı görüşmək istədiklərini bildirmiş və o, gələn şəxslərə Mahirin mobil nömrəsini vermişdir. O, bir daha həmin şəxslərə Mahirin valideyni olduğunu və onu nəyə görə axtardıqlarını soruşduqda, həmin şəxslər bir işin araşdırılması ilə əlaqədar lazım olduğunu bildirmişlər. Sonra həmin şəxslər getmiş və o, pəncərəyə yaxınlaşdıqda həmin şəxslərin **-AP-*** nömrəli qara rəngli maşınla gəldiklərini, lakin onların iki nəfər deyil, dörd nəfər olduqlarını görmüşdür. Maşının nömrəsini gördükdən sonra o, narahat olmuş və Mahirin bacısına zəng edərək bu barədə məlumat vermişdir. Qızı Mahirlə danışdıqdan sonra ona Mahirin artıq həmin şəxslərlə danışdığı və onlara konum göndərdiyi, narahat olmamalarını dediyi məlum olmuşdur. İki-üç saat gözlədikdən sonra Mahirin telefon nömrəsinə zəng etmiş, lakin Mahirə zəng çatsa da, telefona cavab verməmişdir. O, bundan sonra narahat olmuş və qızı ilə birlikdə taksi ilə «Nargilə» kafesinin yanında Mahirin işlədiyi mağazaya getmişdir. Onlar mağazaya yaxınlaşmış və mağazada işləyən Elməddin adlı şəxsə Mahirin valideyni olduğunu bildirmiş, Mahirin barəsində soruşmuşdur. Elməddin Mahirin dalınca gələn şəxslərin Mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin işçiləri olduğunu bildirdiklərini və maşının şəklini çəkdiyini demişdir. Həmin vaxt ona ***-***-**-** nömrəsindən zəng gəlmiş və danışan şəxsin Mahir olduğunu bilmiş və Mahirə onun iş yerində olduğunu bildirmişdir. Mahir bir işin olduğunu, həmin işin araşdırıldığını və iki saata gələcəyini demişdir. Hətta həmin vaxt Elməddin telefonu ondan alaraq Mahirdən vəziyyətin necə olduğunu, sonra isə kassir qız Mahirlə danışaraq sabah işə gəlib-gəlməyəcəyi ilə maraqlanmışdır. Sonra o, evə qayıtmış və axşam saat 9-10-na qədər gözləsə də, Mahir gəlməmişdir. X7 Yardım xidmətində gecə növbəsində işlədiyi üçün işə getmiş və gecə saat 1-2 arası Mahirin gəlmədiyini bilmişdir. Sonra ***-***-**-** nömrəsinə zəng etmiş və Mahirin barəsində soruşduqda danışan şəxs Mahirin 18-ci Polis höbəsində olduğunu bildirmişdir. Sonra ora gedib Mahirin nəyə görə saxlanıldığını soruşduqda, onlara Mahirin narkotikə görə saxlanıldığını demişlər. O, Mahirin narkotiklə məşğul olmadığını və ancaq namaz qıldığını söyləmişdir. Səhər saat 6-da yenidən həmin polis şöbəsinə gəlmiş və Mahir öz nömrəsi ilə ona zəng edərək iki saata gələcəyini bildirmişdir. Lakin həmin müddət keçsə də, Mahir buraxılmamışdır. Sonra Mahirin həbs olunaraq Şüvəlana təcridxanaya göndərildiyini öyrənmişlər. Mahirin işindən məlumatlı olduqdan sonra onun Nərimanov rayonunda tutulduğunu bilmiş, bununla bağlı həm həmin rayonun polis idarə rəisinə, həm də rayon prokuroruna müraciətlər yazaraq onun Xətai rayonunda tutulduğunu bildirmişdir. Sonra Mahirin iş yerinə gedərək, Mahirin həmin yerdən aparıldığını deyərək, bununla bağlı ona köməklik göstərilməsini istəmişdir. Elməddin ona getməsini, özlərinin onunla əlaqə saxlayacaqlarını demişdir. Lakin onunla əlaqə saxlanılmadığı üçün bir daha qızı ilə birlikdə Mahirin iş yerinə getmiş və orada Elməddinə Mahirin iş yerindən aparıldığını, maşının şəkillərinin olduğunu və gələn şəxslərin polis işçiləri olduğunu bildirib kömək istəsə də, ona heç bir köməklik olunmamışdır. Proses iştirakçılarının suallarını cavablandıran Şahid3 oğlunun narkotik vasitələrdən istifadə etmədiyini, polis əməkdaşlarının evə 29 mart 2023-cü il tarixdə gəldiklərini və maşının nömrəsini gördükdən sonra hər şeyi qeyd etdiyini, lakin həmin şəxslər polis əməkdaşı olduqlarını demədiklərini, Mahirin iş yerində olduğu zaman ***-***-**-** nömrəsindən saat 19:14-də ona zəng gəldiyini, onunla danışan şəxsin polis əməkdaşı olduğunu, Elməddin adlı şəxsin mağazanın filial müdiri olduğunu, Əbdülxaliqin mağazada bölgə müdiri olduğunu, Elməddinin özünün maşının şəklini çəkdiyini bildirdiyini, lakin həmin şəkillərin və videogörüntünün ona verilməsinə Əbdülxaliqin mane olduğunu, Əbdülxaliqin ona Elməddinin qardaşının polis əməkdaşı olduğunu və buna görə şahidlik edə bilməyəcəyini dediyini, Mahirin əvvəllər məhkum olunmadığını və özünün də əvvəllər polisdə işlədiyini məhkəməyə bildirdi. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai rayon Polis idarəsinin əməliyyat müvəkkili X1 verilən suallara cavab olaraq bildirdi ki, o, əvvəllər Nərimanov rayon Polis idarəsində xidmət etmişdir, hazırda isə iş yerini dəyişərək Xətai RPİ-də işləyir. 055 298-36-17 mobil nömrəsi ona məxsus deyildir, 055 215-66-48 nömrəsi isə ona məxsusdur. Hazırda da həmin nömrədən istifadə edir. 29 mart 2023-cü il tarixdə saat 15-50-də və 16-20-də o, çox adama zəng etmişdir. Təqsirləndirilən şəxsi tanımır. Həmin nömrədən şəxsə zəng getməsi onunla bağlı ola bilər ki, bəlkə pasport qeydiyyatı ilə bağlı zəng edilmişdir. Belə ki, o, əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 mart 2023-cü il tarixdə o, harada olduğunu hazırda dəqiq xatırlamır. Həmin vaxt yəqin ki, işdə olmuş, işdən sonra isə ailəsi və ya dostları ilə birlikdə olması mümkündür, lakin dəqiq harada olduğunu hazırda xatırlamır. Həmin tarixdə ola bilsin ki, o, Xətai rayonu ərazisində də olmuşdur, belə ki, həmin ərazidə qohumları yaşayır, ola bilər ki, onlara getmişdir. Həmin gün saat 16:15-də Xətai rayonuna getməyini xatırlamır, eyni zamanda bunu təkzib də etmir. Mircavad onun iş yoldaşı olmuş və bütün tədbirlərdə onunla birlikdə iştirak etmişdir. O, təqsirləndirilən şəxsi tanımamış və onunla bağlı keçirilmiş hər hansı bir əməliyyatda iştirak etməmişdir. Eləcə də təqsirləndirilən şəxsin onun telefonuna konum atdığını xatırlamır. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 30 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə saat 18:00 radələrində Nərimanov RPİ, 18ci Polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında Təqsirləndirilən şəxs şübhəli şəxs qismndə saxlanılaraq 18-ci Polis şöbəsinə gətirilmiş və üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd selofan kağıza bükülmüş, içərisində qəhvəyi rəngli, tozşəkilli, spesifik qoxuya malik maddəni təqdim edərək “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə adını bilmədiyi İran vətəndaşından pulunu daha sonra ödəmək şərti ilə aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütlə kağız zərfə qoyularaq qablaşdırılmış və ekspertiza tədqiqatına təqdim etmək üçün götürülmüşdür (cild 1, iş vərəqi 25-26). Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə “Panasonik” markalı videokameradan istifadə edilməklə videoçəkilişlə həyata keçirilmiş və DVD diskə köçürülərək protokola əlavə edilmişdir. Həmin diskdə olan videogörüntülər cinayət təqibi üçün əhəmiyyət kəsb etdiyindən 1 ədəd DVD disk 07 iyun 2023-cü il tarixli qərarla ilə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 85, 123-127). Məhkəmə-kimyəvi ekspertizasının 31 mart 2023-cü il tarixli 6/1877 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün № 218» dairəvi möhür əksi, şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs» yazısı, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 6,378 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyhılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narktik vasitələr»in siyahısına (Siyahı 1) daxildir. Təqsirləndirilən şəxs götürülmüş heroinin təmiz çəkisi 6,378 qram olmuş, ekspertiza tədqiqatına 0,1 qram sərf edilmiş, qalıq 6,278 qramdır (cild 1, iş vərəqi 32-36). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 3514 №-li rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 119-120). Ambulator məhkəmə-psixiatrik ekspertizanın xx.xx.2023-cü il tarixli 1677 №-li rəyindən görünür ki, yoxlanlan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur.Yoxlanlan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqi 86-87). İbtidai istintaq orqanının 07 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 6,378 qram çəkidə narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və narkotik vasitənin ekspertiza tədqiqatından sonra qalıq qalan 6,278 qram hissəsi saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 121-125). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 83-84). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, polis işçiləri tərəfindən şərləndiyini, onun narkotiklə heç bir bağlılığı olmadığını, narkotik vasitələrin nəinki satışı ilə, hətta istifadəsi ilə heç vaxt məşğul olmadığını, onun dalınca polis əməkdaşlarının əvvəlcə yaşadığı ünvana gedib anasından onun harada olması ilə maraqlandıqlarını və anasının polis işçilərinə onun işlədiyi mağazanın yerini deyərək mobil nömrəsini verməsini, tanımadığı polis əməkdaşının ona zəng edərək olduğu yerin “konumu” nu atmasını istəməsini, deyilən “konumu” atdıqdan sonra polis işçilərinin onun iş yerinə gəldiklərini, mağazanın qarşısından ona zəng edərək çölə çıxmasını istədiklərini və çölə çıxdıqdan sonra gələn şəxslərin qara rəngli «Hyundai Sonata» markalı, nömrənin əvvəli yadında qalmayan AP-020 nömrəli maşınla Nərimanov rayon Polis idarəsinə apardıqlarını, orada rəis kimi onunla görüşən şəxsin ona 8 qram narkotik vasitə verəcəyini və həmin narkotiki götürüb cəza çəkmək üçün getməli olmasını bildirdiyini, bunun səbəbini soruşduqda, həmin şəxsin ona «alnını möhürə qoyursansa, cəza çəkməyə getməlisən» sözlərini dediyini, o, özünə arxayın olduğu üçün və üzərində heç nə olmadığından razılaşmadığını, bir daha səbəbini soruşduqda, rəisin ona qışqırdığını, onu təhqir etdiyini və narkotiki qəbul etməsə, ona başqa şeylər edəcəklərini bildirdiyini, onun üzərinə kilo ilə narkotik vasitə qoyacaqlarını və evindən də narkotik vasitə çıxaracaqlarını dediyini, insanın şərəf və layəqətini alçaldan söhbətlər etdiyini, onu casusluqda və xəyanətkarlıqda ittiham etdiklərini, o da, bütün bu təhdidlərin nəticəsi olaraq videoçəkiliş zamanı ona verilmiş narkotiki çıxarıb özünə məxsus narkotik vasitə kimi təqdim etdiyini bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, təxminən 1 aydır ki, narkotik vasitədən istifadə etdiyni, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə adını bilmədiyi İran vətəndaşından pulunu daha sonra ödəmək şərti ilə aldığını, narkotik vasitəni metronun “28 May” stansiyasının yaxınlığında gizlədilmiş yerdən götürdüyünü, polis əməkdaşları tərəfindən saxlanılarkən həmin narkotik vasitənin üzərində olduğunu və şəxsi axtarış zamanı könüllü çıxarıb təqdim etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrinə görə, polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı fiziki və ya psixoloji təzyiqlər göstərilməmişdir. Eyni zamanda, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 01 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə iclası zamanı verdiyi izahatında da verilmiş ittiham üzrə özünü təqsirli bilərək narkotik vasitə istifadəçisi olduğunu etiraf etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Təqsirləndirilən şəxs yalnız ibtidai istintaqın sonunda ona Cinayət Məcəlğləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan olunub dindirilərkən verdiyi ifadələrindən imtina etmiş, narkotik vasitənin özünə məxsus olmaması barədə hazırkı məhkəmə baxışı zamanı verdiyi ifadəsini vermişdir. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri, məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, psixoloji təzyiqlərə məruz qalması nəticəsində cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Məhkəmə kollegiyası həmçinin məhkəmədə əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs anası Şahid3 ifadəsinə tənqidi yanaşaraq, həmin sübutu işdə olan digər sübutlarla müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, onun verdiyi ifadə obyektiv həqiqəti əks etdirmir, adı çəkilən şahid həmin ifadəni verərkən təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə baxışı zamanı müdafiə tərəfi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ittihamda qeyd olunan ünvanda deyil, işlədiyi mağazadan həmin mağazanın Elməddin və Əbdülxaliq adlı işçilərinin yanından götürülüb aparılması, əvvəlcədən polis işçilərinin Təqsirləndirilən şəxsla telefon əlaqəsi yaratmaları barədə dəlillər gətirsə də, adları çəkilən şəxslərin məhkəmədə dindirilməsində israr etməmiş, bunu həmin şəxslərin məhkəmədə ifadə vermək istəməmələri ilə əsaslandırmışdır. Həmçinin, müdafiə tərəfinin saxlanıldığı gün Təqsirləndirilən şəxs mobil nömrəsinə polis əməkdaşına məxsus mobil nömrədən zəng edilməsi ilə bağlı gətirdiyi dəlilin yoxlanılması məqsədilə Bakı şəhəri, Xətai rayon Polis idarəsinin əməliyyat müvəkkili X1 məhkəmə iclasına dəvət edib əlavə şahid qismində dindirilmişdir. Adı çəkilən şahid əvvəllər Nərimanov RPİ-də xidmət etdiyini və təqdim olunmuş 055 215-66-48 mobil nömrəsinin onun istifadəsində olduğunu bildirsə də, təqsirləndirilən şəxsi tanımadığını və onunla bağlı keçirilmiş hər hansı əməliyyatda iştirak etmədiyini, həmin nömrədən şəxsə zəng getməsinin bəlkə pasport qeydiyyatı ilə bağlı olduğunu, 29 mart 2023-cü il tarixdə harada olduğunu dəqiq xatırlamadığını qeyd etmişdir. Qeyd olunanları qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin Təqsirləndirilən şəxs təqsirsizliyi ilə bağlı məhkəmədə gətirdiyi dəlillər tam, hərtərəfli yoxlanılmış, lakin öz təsdiqini tapmamışdır. Bütün bunlarla yanaşı, məhkəmə kollegiyası yuxarıda sadalanan və məhkəmədə tədqiq edilmiş bütün sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, Təqsirləndirilən şəxs 6,378 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması ilə bağlı verilmiş ittiham məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. İşin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxsin istifadəsində olmuş 055 658-57-29 saylı mobil telefona baxışı keçirilmiş, həmçinin məhkəmədə "xxxx" MMC-dən telefon danışıqlarına dair məlumatlar əldə olunub təhlil edilmişdir. Lakin bu zaman narkotik vasitələrin satışı ilə bağlı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal müəyyən edilməmişdir. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən qərarının təfsirinə əsasən, şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Baxılan cinayət işi üzrə isə ittiham tərəfi bu cür halların mövcudluğunu müəyyən edib məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs 6,378 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasına dair hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməmiş, məhkəmədə də bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübut olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 351.2-ci və 351.3.4-cü maddəsilərə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilibyetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nin müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə tədqiq olunmuş mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmadığından, lakin onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin cinayət tərkibi olduğundan, şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 30 mart 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Nərimanov RPİ, 18-ci Polis şöbəsinin əməkdaşları əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış və hal-hazıra qədər həbsdədir. Həmçinin, Təqsirləndirilən şəxs 30 mart 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3514 №-li rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığından, o, narkomaniya xəstəliyindən əzab çəkmədiyindən və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 6,278 qram çəkidə narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə videogörüntülərinin əks olunduğu 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 110 (yüz on) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsin. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 6,278 qram çəkidə narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı və götürmə zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-439/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-439/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver