Məhkəmə qərarları › İş №1(101)-443/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-443/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-443/2021 11.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1969-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 mənzil 19/20 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 23:45 radələrində alkoqol sərxoşluğu vəziyyətində yaşadıqları ünvan 2 mənzil 19/20 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı, sonuncunu üc dəfə bıçaqla vuraraq ona sol budun orta-yuxarı 1/3-nin bayır səthinin əzələ və yumşaq toxumaları zədələyən deşilmişkəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, döş qəfəsinin arxa səthinin və qarının ön divarının sol yarısının sol döş və qarın boşluqlarına nüfuz edən, sol ağ ciyəri və mədənin böyük əyriliyini zədələyən, sol tərəfli hemopnevmotoraksla (döş boşluğunda hava və qarın toplanması – 200 ml) və hemoperitoneumla (qarın boşluğunda qanın toplanması – 50 ml) müşaiyət olunan deşilmiş-kəsilmiş yaraları kimi ayrılıqda, eləcə də ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, arvadı Lalə müxtəlif yerlərdə dayə kimi və gözəllik salonunda işləmiş, Laləni qısqandığından çox vaxt özü işə aparıb-gətirmişdir. Dayə işlədiyi vaxtı Lalə ona Mərdəkan qəsəbəsində işlədiyini deyərək, günlərlə evə gəlməmiş, lakin karantinlə əlaqədər olaraq son zamanlar hər gün evə gəlmişdir. Son vaxtlar Lalə karantin bitdikdən sonra yenə də dayə işləyəcəyini və yenə də günlərlə evə gəlməyəcəyini bildirmiş, o isə, Laləyə dayə işlədiyinə inanmadığını, hansısa gözəllik salonunda işlədiyini deyərək həmin salonun yerini ona göstəməyi tələb etmişdir. Lakin arvadı hər dəfə bir bəhanə ilə onu yola vermişdir. xx xxxx 2020-ci il tarixdə axşam saat 23:30 radələrində yaşadıqları evdə olan zaman aralarında bu mövzu ilə əlaqədər yenə də mübahisələri başlamış və o, yenə də Lalədən işlədiyi yeri ona deməsini tələb etmişdir. Həmin vaxtı o, Lalənin üzündən sillə ilə vurmuş, sonuncu ərdə olan qızı İradəyə zəng edib onun tərəfindən döyüldüyünü bildirmişdir. İradə onlara gəldikdən sonra anasını nə üçün vurduğunu soruşaraq, sonuncunu öz evinə aparacağını demişdir. O, İradəyə anasını aparmamağını və evdə tək darıxdığını demiş, lakin qızı İradə onu eşitməmiş, bu zaman o, qonaq otağında yerləşən masanın üstündən mətbəx bıcağını götürüb Lalənin üstünə getdikdə qızı İradə bıçağı onun əlindən almışdır. Sonra İradə həyətə çıxmış, Lalə ondan boşanacağını və bir daha evə gəlməyəcəyini ona demiş, o da, dözməyib mətbəxdən digər mətbəx bıcağını götürüb arvadının üstünə gəlib bir dəfə kürəyindən, bir dəfə döş və bir dəfə sol baldırından zərbələr endirmişdir. Lalə qışqırmağa başlamış, həmin vaxt qızı İradə evə daxil olub qışqırmağa və köməyə çağırmağa başlamışdır. Həmin vaxt adlarını xatırlamadığı qadın qonşulardan gələrək onu sakitləşdirmiş, Laləni isə çölə çıxarmışlar. Sonradan İradə təcili tibbi yardıma zəng edərək Laləni xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs arvadı Laləni bıcaqla vurmaqda məqsədinin ancaq sonuncudan acığını çıxmaq olduğunu, Laləni öldürmək məqsədi olmadığını, sonuncunun ona iş yerini dəqiq deməməsi və bu səbəbdən yaranmış qısqanclığı səbəbindən arvadını bıçaqla vurduğunu, törətdiyi əməldən peşman olduğunu, hazırda arvadı ilə barışdığını bildirərək məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, xx xxxx 2020-ci il tarixdə axşam saat 23:45 radələrində əri Mirhəbiblə evdə olan zaman sonuncu ilə qısqancılıq üstündə mübahisə baş vermişdir. O, ərdə olan qızı İradəyə zəng edərək onlara gəlməsini istəmiş, bir neçə dəqiqədən sonra İradə onların yaşadığı evə gəlmiş və onların mübahisəsini sakitəşdirib onu öz evinə aparmaq istəmişdir. Həmin vaxt Mirhəbib onun İradəgilə getməsinə etiraz edərək əsəbiləşib qonaq otağında yerləşən masanın üzərində olan mətbəx bıcağını götürüb onun üstünə hücum etmiş, bu zaman qızı İradə bıcağı atası Mirhəbinin əlindən almışdır. Sonra qızı İradə onların sakitləşdiyini görüb həyətə çıxmış və evdə Mirhəbiblə birlikdə qalmışdır. O, Mirhəbibə ondan boşanacağını deyəndə, əri mətbəxə keçib orada olan mətbəx bıcağını götürüb üstünə gəlmiş, bir dəfə kürəyindən, bir dəfə döş və bir dəfə sol baldırından zərbələr endirmişdir. O, qorxudan, həm də ağrıdan qışqırmağa başlamış, İradə də qışqırmış və qonşuları köməyə çağırmışdır. Səsə qonşular gəlib Mirhəbibi sakitləşdirib çölə çıxarmışlar. İradə təcili tibbi yardıma zəng etmiş və onu təcili yardım maşını ilə xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxs ifadəsində həmçinin bildirdi ki, Mirhəbib onu çox sevdiyindən həmişə qısqanmış və bu səbəbdən aralarında tez-tez mübahisələr baş vermişdir. O, Mirhəbibə ondan boşanacağını dediyinə görə əri hirslənib onu vurmuşdur. Hazırda o, tam sağalmışdır, həmçinin əri Mirhəbiblə barışmışdır, ona qarşı heç bir şikayəti və iddia tələbi yoxdur. Zərərçəkmiş şəxs bu barədə xx.xx.2021-ci il tarixli yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində bildirdi ki, xx xxxx 2020-ci il tarixdə axşam saat 23:30 radələrində o, öz evində olduğu zaman anası Lalə onun mobil nömrəsinə zəng edərək atası Mirhəbib tərəfindən döyüldüyünü demiş, o, dərhal valideynlərinin yaşadığı evə getmiş və onların mübahisə etdiklərini görmüşdür. Anası Laləyə yazığı gəlib, sonuncunu öz yaşadığı evinə aparmaq istəmiş, bu zaman atası Mirhəbib qonaq otağında yerləşən masanın üzərində olan mətbəx bıcağını götürüb anası Lalənin üstünə hücum etmiş, o, bıcağı atasının əlindən almışdır. Bundan sonra o, valideynlərinin sakitləşdiyini fikirləşmiş, həmçinin atasının bu cür hərəkətlərindən əsəbiləşib hava almaq üçün həyətə çıxmışdır. Bir neçə dəqiqə sonra evdən anasının qışqırıq səsini eşidib tez evə daxil olmuş, bu zaman anasının kürəyindən, döşündən və sol baldırından qan axdığını görmüşdür. Anası ona demişdir ki, atasına boşanacağını dediyinə görə, sonuncu mətbəxdən bıcaq götürüb üstünə gəlmiş və onun belindən, döşündən və sol baldırından zərbələr vurmuşdur. O, döşəmənin üstündə qana bulaşmış mətbəx bıçağının olduğunu görmüş, həmin vaxt qışqıraraq qonşuları köməyə çağırmışdır. Onun səsinə qonşular gələrək atası Mirhəbibi sakitləşdirib anası Laləni çölə çıxarmışlar. Sonradan o, təcili tibbi yardıma zəng edərək anası Laləni xəstəxanaya aparmışdır. Məhkəmə iclasında Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 Əhmədiyyə oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Şahid2 həmin ifadəsində bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə xidmət apardığı zaman saat 01:50 radələrində bölmənin növbətçi hissəsindən Səbail rayonu Y.Mürsəlov küçəsi ev 114 mənzil 19/20 ünvanda Zərərçəkmiş şəxs əri tərəfindən bıçaqlanması barədə məlumat alıb dərhal əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin ünvana yollanmışlar. Qeyd edilən ünvana çatdıqda mənzilin dəhlizində kafellərin üstündə qan ləkələrinin olduğunu görmüş, qonaq otağına keçdikdə orada bir nəfər kişinin olduğunu görüb ondan kim olduğunu soruşduqda, sonuncu bildirmişdir ki, adı Təqsirləndirilən şəxsdur və arvadı Zərərçəkmiş şəxs aralarında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı bıcaqla bir neçə dəfə vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün Narkoloji dispanserə aparmış, daha sonra Təqsirləndirilən şəxs istintaq aidiyyəti üzrə təqdim edilmişdir (cild 1, iş vərəqi 69-70). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli 2/4868 saylı tibbi müayinə protokoluna əsasən, hadisə baş verən zamanı Təqsirləndirilən şəxs yüngül dərəcəli alkolqol sərxoşluğu vəziyyətində olmuşdur (cild 1, iş vərəqi 8). Cinayət işində olan hadisə yerinə baxış və götürmə protokolu, həmçinin Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması protokolu sübut növləri kimi tanınmışdır (cild 1, iş vərəqi 35-39, 53-55). Məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 384 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin arxa səthinin və qarının ön divarının sol yarısının sol döş və qarın boşluqlarına nüfuz edən, sol ağ ciyəri və mədənin böyük əyriliyini zədələyən, sol tərəfli hemopnevmotoraksla (döş boşluğunda hava və qarın toplanması–200 ml) və hemoperitoneumla (qarın boşluğunda qanın toplanması – 50 ml) müşaiyət olunan və sol budun orta-yuxarı 1/3-nin bayır səthinin əzələ və yumşaq toxumalarını zədələyən deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx xxxx 2020-ci il tarixdə qeyd olunan nahiyələrə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə döş qəfəsinin arxa səthinin və qarının ön divarının sol yarısının boşluqlara nüfuz edən deşilmiş-kəsilmiş yaraları ayrılıqda, eləcə də, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Sol budun orta-yuxarı 1/3-nin bayır səthinin deşilmişkəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına, eləcə də, müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb xəsarətlərin özü yıxılma nəticəsində deyil, kənar şəxs tərəfindən yetirilmiş lokal zərbələr təsirindən törənə bilmələri barədə fikir söyləmək mümkündür (cild 1, iş vərəqi 94-98). Kompleks məhkəmə-bioloji, məhkəmə-trasoloji və kriminalistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 396-MTKŞ/2020 saylı rəyindən görünür ki, təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmiş, onun təyinatı dəyişdirilməmişdir. Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus xələtın, maykanın, büstqalterin və alt paltarının üzərində əhəmiyyət kəsb edən zədə aşkar edilmədi (cild 1, iş vərəqi 99-102). Kompleks məhkəmə-bioloji, məhkəmə-trasoloji və kriminalistik ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 604/2020-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A/İİ/. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus xələt, bıçaq üzərində insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda yalnız A antigeni alındı. Göstərilən qan ləkələri A/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqi 103-107). Kompleks məhkəmə-psixoloji və psixiatrik ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 1815 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümimilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə malikdir. Nümayişkaranəliyi, qıcığa qarşı həssaslığı müşahidə olunur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtildarına malik olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda ruhi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtyacı yoxdur (cild 1, iş vərəqi 110-113). Cinayət işində olan xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə Bakı şəhəri, Səbail RPİ-yə müraciət edərək əri Mirhəbib Mirqasırva qarşı iddia tələbi və şikayəti olmadığını bildirmişdir (cild 1, iş vərəqi 75). Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayon Xalq məhkəməsinin xx.xx.1992-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin (xx xxxxxxxx 2000-ci ilədək qüvvədə olan redaksiyada) 127 və 103-cü maddəsinin İ hissəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin məhkəmənin xx.xx.1993-cü il tarixli qərarına əsasən 06 ay 09 gün vaxtından əvvəl şərti azad olunmuşdur (cild 1, iş vərəqi 76-77). Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin tələblərinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan mərhum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əmələ görə məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir və o, hazırda məhkumluğu olmayan şəxs hesab olunur. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, həmçinin əməlini səmimi etiraf etməklə peşman olması Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri, Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilməklə hökmün çıxarıldığı tarixədək 7 ay 12 gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələbinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən onun həbsdə saxlanıldığı 7 ay 12 gün təyin olunacaq cəza müddətinə daxil edilməklə çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin onun həyat yoldaşı olmaqla ər-arvad münasibətlərinin davam etməsini, təqsirləndirilən şəxsə qarşı zərərçəkmiş şəxsin iddia tələbi və şikayətinin olmamasını və tərəflər arasında barışıq əldə edilməsini nəzərə alaraq onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün hesab edir. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunmaqla onun şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi zamanı Təqsirləndirilən şəxs üzərinə həmçinin vəzifələr qoyulmalı və həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən onun üzərində nəzarət müvafiq dövlət orqanlarına həvalə olunmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri Səbail RPİ-nin Növbətçi Hissəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd xələt, bir ədəd mayka, bir ədəd büstqalter və bir ədəd alt paltarı, Təqsirləndirilən şəxs götürülmüş cinayətin predmeti olan bir ədəd mətbəx bıcağı məhv edilməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, məhkəmə məsrəflərinin müəyyən edilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. xx xxxx 2020-cı il tarixdən hökmün çıxarıldığı xx xxxx 2021-ci il tarixədək həbsdə saxlanıldığı 7 (yeddi) ay 12 (on iki) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində şərti məhkumetmə tətbiq edilsin və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hökmün icrasına nəzarət qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri, Səbail rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar – Bakı şəhəri Səbail RPİ-nin Növbətçi Hissəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd xələt, bir ədəd mayka, bir ədəd büstqalter və bir ədəd alt paltarı, Təqsirləndirilən şəxs götürülmüş cinayətin predmeti olan bir ədəd mətbəx bıcağı məhv edilsin. Cinayət işi üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar