Məhkəmə qərarları › İş №1(101)-446/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-446/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-446/2023 24.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X16 və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X7 və X4, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1987-ci il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Xızı rayon məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilmiş), məhkumluğu ödənilməmiş, Neftçala rayonu, Kürkənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, nömrəsi fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki. Təqsirləndirilən şəxs narkotik vasitənin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Həsən” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan vaxtda və yerdə “Həsən” adlı şəxsdən külli miqdarda 3115 qram çəkidə narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşımış, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 6 iyul 2022-ci il tarixdə saat 19:30-da ünvan 1 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman sağ əlində olan göy rəngli sellofan torbanın içərisindən 2 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2020 qram və 1095 qram olmaqla ümumi təmiz çəkisi 3115 qram olan külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “İnstagram” sosial şəbəkəsində “Həsən” adlı şəxslə tanış olmuşdur. “Həsən” adlı şəxslə kirayə yaşadığı evdə telefonla danışarkən övladının qıcolması tutmuş və bu səbəbdən telefon danışığını yarıda kəsərək həkim çağırmışdır. Sonra o, Həsənə zəng edərək övladının vəziyyəti pisləşdiyi üçün danışığı yarıda kəsdiyini bildirmişdir. Həsən də ona kömək edə biləcəyini bildirmişdir. O, Həsənə “Meyvəli” bazarında arabaçı işləyərək öz ailəsini dolandırmağa çalışan kasıb oğlan olduğunu bildirmişdir. Həsən isə ona 300 manat pul yardımı edə biləcəyini və onun bildirdiyi vaxtda “20 yanvar” metrostansiyasının yanına getmək lazım olduğunu demişdir. O, Həsənin dediyi vaxtda “20 yanvar” metrosunun çıxışına getmişdir. Orada tanımadığı bir şəxs ona yaxınlaşaraq Həsən tərəfindən ona 300 manat pul göndərildiyini bildirərək 3 ədəd yüzlük əskinazı ilə 300 manat pul vermişdir. O, övladının müalicəsi üçün həmin pula dərman almışdır. Sonra o, Həsənlə telefonla danışarkən nə zaman köməyə ehtiyacı olsa Həsən ona xəbər etməyini bildirmişdir. Bir müddət sonra Həsən ona zəng edərək kömək məqsədilə çantanın bir yerdən götürüb başqa yerə aparmağını xahiş etmiş və hər zaman ona maddi köməklik edə biləcəyini demişdir. O, çantanın içində narkotik vasitə ola biləcəyini təxmin etməmişdir. O, Nəsimi rayonunda çantanı götürüb piyada hərəkət edən zaman polis əməkdaşları onu saxlayaraq Nəsimi RPİ-nin 20-ci PB-nə gətirmişlər. O, həmin bölmədə çantanın içində narkotik vasitə olmasından xəbəri olmadığını bildirmişdir. Ona bölmədə psixi təsir göstərdikləri üçün videoçəkiliş zamanı narkotik vasitənin onun olduğunu demişdir. O heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Kater vasitəsilə dəniz yolu ilə Rusiya Federasiyasının sərhədlərinə daxil olduqları üçün Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə məhkum olunmuşdur. Balıq tutmaq üçün katerlə yola çıxmış, lakin ölkə sərhədinin harada bitdiyini bilməmişdir. Həsənlə “İnstagram” sosial şəbəkəsində tanış olmuşdur. Onun övladı xəstə olduğu və müalicəsi ilə bağlı İrana aparmaq üçün sosial şəbəkələrdə İran vətəndaşları axtarmağa başlamışdır. O, çantanın içində narkotik vasitə olduğunu bilməmiş və Həsən də bu barədə ona deməmişdir. Çanta bağlı olduğu üçün içərisində narkotik vasitə olduğunu görməmişdir. Çantanı “Göy Məscid”in yanından götürmüşdür. Çantanı kimin həmin yerə qoyduğunu görməmişdir. Çantanı daşımaqda köməklik edəcəyi halda Həsən ona pul verəcəyini demişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 6 iyul 2022-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Nəsimi rayonunda piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu 21-ci Polis Bölməsinə dəvət etmişlər. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, sağ əlində saxladığı göy rəngli sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən 2 bükümdə qəhvəyi rəngli narkotik vasitə heroin aşkar olunmuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 11 manat pul və “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Daha sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 3 kq 226 qram olmuşdur. Həmin kütlələr qablaşdırılaraq təhqiqatçı, müdafiəçi tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etmədiyi üçün 11 manat pul ona geri qaytarılmış, mobil telefon isə götürülmüşdür. Sağ əlində saxladığı sellofan torbadan aşkar olunmuş narkotik maddələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Həsən” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində əldə edib həmin şəxsin deyəcəyi şəxsə çatdırmaq məqsədi ilə əldə etdiyini, əvəzində “Həsən” adlı şəxs ona 500 manat verəcəyini, bundan əvvəl bir dəfə də “Həsən” adlı şəxsin tapşırığı ilə Qaradağ rayonu ərazisindən götürdüyü narkotik maddəni deyilən ünvana çatdırıb 250 manat pul qazandığını, Həsənlə “WhatsApp” vasitəsi ilə əlaqə saxladığını, narkotik maddələrdən istifadə etmədiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilmədiyini, başqa hardasa narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini bildirmişdir. O, əməlindən peşmandır, özünü təqsirli bilir. O, sonuncu əldə etdiyi narkotik maddələri Nəsimi rayonunda gizlədilən yerdən götürmüş, şəxsi axtarış zamanı Yasamal rayonundan əldə etdiyini səhv demişdir. O, narkotik maddələrin dövriyyəsi ilə məşğul olur. Narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi barədə heç bir məlumatı olmamış, ona maraqlı olmadığı üçün Həsən adlı şəxsdən bununla bağlı heç nə soruşmamışdır. Şəxsi axtarış və baxış keçirilməzdən əvvəl onun üzərinə heç bir polis əməkdaşı yoxlanış keçirməmişdir. “Həsən” adlı şəxsin soyadı, atasının adı və yaşadığı ünvan barəsində heç bir məlumatı yoxdur, həmin şəxsi heç vaxt görməmişdir. “Həsən” adlı şəxslə aralarında narkotik vasitənin satışı ilə bağlı razılaşma olmuşdur. Onun bank hesabı yoxdur. “Həsən” adlı şəxsdən 500 manat pulu tanışlarından kart nömrəsi xahiş elməklə əldə edəcəkdi. O, mobil telefonunda ***-***-**-** saylı mobil nömrəni istifadə elmiş, mütəmadi olaraq “Həsən” adlı şəxslə danışıb yazışandan sonra bütün məlumatları polis əməkdaşlarının onu tutması ehtimalına görə silmiş, həmçinin onunla “WhatsApp”-da danışıb yazışmışdır. Narkotik vasitəni əldə etdikdən sonra “Həsən” adlı şəxsin dediyi yerə qoyacağını, tutulduğu üçün hansı əraziyə aparıb qoyacağını bilməmişdir (cild 1, iş vərəqə 48-50 və 61-64). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri külli miqdarda satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə BNMİ-nə əməliyyat məlumatı daxil olmuş və məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Sonra qərarın icra olunması ilə bağlı İdarə rəisi tərəfindən müvafiq əmrlə o və BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, həmin qrupa rəhbərlik ona həvalə olunmuşdur. Bundan sonra saat 19 radələrində əməliyyat qrupu ilə birlikdə ünvan 4 ünvanın yaxınlığında saat 19:30-da Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman görüb sonuncuya yaxınlaşıb özlərini təqdim edərək barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq üçün onlarla birlikdə Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə gəlməli olduğunu demişlər. Təqsirləndirilən şəxs da etiraz etməyib onlarla birlikdə 21-ci Polis Bölməsinə getmişdir. Bölmədə təhqiqatçı Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün dövlət vəsaiti hesabına vəkil təqdim olunmuş və sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunsuz əşya və ya predmet varsa könüllü təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs sağ əlində saxladığı göy rəngli sellofan torbanı təqdim etmiş və həmin sellofan torbaya baxıldıqda içərisində 2 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 şahid X2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması” haqqında 6 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman sağ əlində olan göy rəngli sellofan torbadan 2 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddələr və 1 ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 28-31). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7 iyul 2022-ci il tarixli 6/3706 nömrəli rəyində göstərilmişdir ki. tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən” sözləri, soyad və imzalar qeyd edilmiş 1 ədəd sellofan paketdə 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2020 qram və 1095 qram, ümumi təmiz çəkisi 3115 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Qeyd: heroinin ümümi təmiz çəkisi 3115 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 3114,9 qram, cild 1, iş vərəqə 40-42). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 15 oktyabr 2022-ci il tarixli 6075 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs (narkomaniya xəstəliyi) aşkar olunmamışdır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 107-108). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 17 oktyabr 2022-ci il tarixli 2764 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayəti törədərkən hər hansı bir psixi (ruhi) xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyi dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, onda halhazırda hər hansı psixi xəstəlik aşkar olunmur, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir, istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir, əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur (cild 1, iş vərəqə 109- 110). Cinayət işinin materiallarında olan 24 oktyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqatından sonra qalıq çəkisi 3114,9 qram olan narkotik vasitə heroin və “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 1 ədəd CD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 126-136). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamənin və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Xızı rayon məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinib ona təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilmişdir (cild 1, iş vərəqə 115-125). Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinin tələbinə əsasən cinayət törətməyə görə şərti məhkum edilmiş şəxslər barəsində məhkumluq sınaq müddəti başa çatdıqda ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs hazırkı cinayəti barəsində tətbiq edilmiş sınaq müddəti başa çatmadan törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və əvvəllər qəsdən az ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şərti məhkum edilmiş Təqsirləndirilən şəxs sınaq müddəti ərzində qəsdən ağır cinayət törətdiyindən ona Xızı rayon məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli hökmü ilə müəyyən edilmiş 1 (bir) il 6 (altı) ay sınaq müddəti ləğv edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə ona cəza təyin edilməldir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 6 iyul 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 19). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 8 iyul 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 6 iyul 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 70-73). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olsa da, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmədiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 6 iyul 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqatından sonra qalıq çəkisi 3114,9 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra yaxın qohumlarına qaytarılmalı, -1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Xızı rayon məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində müəyyən edilmiş şərti məhkum etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Xızı rayon məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 6 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqatından sonra qalıq çəkisi 3114,9 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra yaxın qohumlarına qaytarılsın, -1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar