Məhkəmə qərarları › İş №1(101)-448/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-448/2023

02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-448/2023 02.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X14 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X6 və X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi1 iştirakı ilə, 1 fevral 2000-ci il tarixdə Beyləqan şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, İşıqlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək daşımaqla saxlamış, habelə külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə kömək etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satmaq barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Hidayət” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli olaraq külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirildikdən sonra Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Hidayət” adlı şəxsə qabaqcadan vəd verib cinayət əlaqəsinə girərək bu məqsədlə “Hidayət” adlı şəxsin istintaqa məlum olmayan digər şəxslərlə birlikdə istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 6984,533 qram çəkidə narkotik vasitə heroini əldə edib özü və ya adamları vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirib Füzuli rayonu ərazisində istintaqa məlum olmayan ünvanda gizlədərək bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş, sonuncu qeyd edilən ünvandan külli miqdarda narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edib yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə daşımaqla orada saxlamış, həmin narkotik vasitə heroinin külli miqdarda 44,533 qramını 1 ədəd bükümə ayıraraq qanunsuz olaraq üzərində saxlamaqla ünvan 2 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 4 iyun 2022-ci il tarixdə saat 18:00-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və idarədə 4 iyun 2022-ci il tarixdə saat 20:00-da üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib əynində olan şalvarının sağ yan cibində saxlamaqla daşıdığı 1 ədəd bükümdə külli miqdarda 44,533 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Tədbirinin davamı olaraq 4 iyun 2022-ci il tarixdə saat 21:10-da adı çəkilən idarənin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs faktiki yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə sonuncunun razılığı və iştirakı ilə keçirilən baxış zamanı qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib evin həyətində yerləşən anbarda saxladığı 9 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 980 qram, 760 qram, 980 qram, 980 qram, 925 qram, 600 qram, 990 qram, 255 qram və 470 qram olmaqla, ümumilikdə 6940 qram çəkidə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 4 iyun 2022-ci il tarixdə mobil telefonunda olan nasazıqla bağlı Suraxanı ərazisində yerləşən telefon mağazasına getmiş, telefonunu təmir etdirdikdən sonra həmin mağazadan çıxan zaman 5-6 nəfər polis əməkdaşı ona yaxınlaşaraq qoluna qandal vurub avtomobilə əyləşdirmişlər. Avtomobildə olarkən polis əməkdaşları ona fiziki təsir göstərərək narkotik vasitələri harada saxladığını soruşmuşlar. Belə ki, həmin vaxt yaşadığı evin ünvanını soruşub onu Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən evinə gətirmiş və bundan sonra evində axtarış aparmışlar. Axtarış nəticəsində heç nə aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları narkotik vasitənin yerini ondan soruşaraq ona yenə də fiziki təsir göstərməyə davam etmişlər. Polis əməkdaşları ondan daha hansı ərazidə yaşadığını soruşduqda onlara Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə də yaşadığını bildirmişdir. Bu vaxt evdə olan bacısını da avtomobilə əyləşdirib onları Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən nömrəsiz fərdi evə gətirmişlər. Həmin evdə polis əməkdaşları tərəfindən 10-15 dəqiqə axtarış aparılmış, lakin heç nə aşkar olunmamışdır. Həmin vaxt polis əməkdaşları ona narkotik vasitə bükümünü göstərərək evdə videoçəkilişlə axtarış aparacaqlarını, videoçəkiliş zamanı həmin bükümün ona məxsus olduğunuu bildirməyini, əks halda bacısını da onunla birgə ittiham irəli sürüləcəyini deyib onu hədələmişlər. O da məcbur olub polis əməkdaşlarının təklifi ilə razılaşmışdır. Bundan sonra polis əməkdaşları bacısını ilkin axtarış keçirilən evə, onu isə BNMİ-nə gətirmişlər. Sulutəpədə yerləşən evinə qoyulan bükümün çəkisi barədə məlumatı olmamış, ilk dəfə ittiham aktını oxuyan zaman bilmişdir. BNMİ-də olarkən barəsində olan cinayət işi üzrə araşdırma aparan müstəntiq ona yaxınlaşaraq günahsız olduğunu bildiyini, bir qədər sonra məhkəməyə çıxarılacağını və məhkəmədə azad ediləcəyini demişdir. O da müstəntiqin həmin sözlərinə arxayın olmuşdur. Buna baxmayaraq həmin məhkəmə iclasında barəsində həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra onu Bakı İstintaq Təcridxanasına gətirmişlər. Təcridxanada polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qaldığını bildirmiş, döyülmə nəticəsində ağciyərində yaranmış problemlər və bədənində olan xəsarətlər aşkar edilmişdir. İbtidai istintaq zamanı polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qaldığını, psixi təsir nəticəsində ittihamı qəbul etdiyini müstəntiqə və dövlət hesabına təyin edilmiş vəkilə bildirmişdir. Ümumiyyətlə, ittiham aktında qeyd edilən xüsusatlar tamamilə yalan və uydurma olduğunu bildirmişdir. Belə ki, o 2022-ci ilin may ayında Füzuli rayonuna getməmiş, orada olmamış və heç vaxt narkotik vasitə satmamışdır. Narkotik vasitə marixuanadan ayda 1 dəfə olmaqla arabir istifadə etmiş, marixuanadan əsasən toyda olan zaman istifadə etmiş və marixuanadan başqa narkotik vasitənin digər növlərindən istifadə etməmişdir. İran İslam Respublikasının vətəndaşı ilə narkotik vasitənin alğısatqısı ilə bağlı danışmamış və polis əməkdaşlarının onu hansı səbəbə tutduqlarını bilməmişdir. İbtidai istintaq zamanı ifadə verməmiş, cinayət işinin materiallarında olan ifadələr onun sözləri ilə yazılmamışdır. Mobil telefonunda İran İslam Respublikasında yaşayan Hacı adlı şəxsin nömrəsi olmuş, bacısı Kərbalaya getmək istədiyi üçün o, İranlı şəxslə əlaqə saxlamışdır. Tanışları Hacı adlı şəxsin Kərbalaya getmə qaydasını bildiyini, özlərinin də Hacı vasitəsi ilə oraya getdiklərini demişlər. Kərbalaya iyun ayında bacısı ilə birlikdə getməyi planlaşdırmışdır. Avtomobilinə baxış keçirilib-keçirilməməsi ilə bağlı məlumatı olmamış, ibtidai istintaq zamanı vəkil Müdafiəçi1la müqavilə bağladıqdan sonra verdiyi ifadədə polis əməkdaşları tərəfindən psixi təsirə məruz qaldığını bildirmişdir. Mobil telefonunda məhəllədəki tanışları ilə narkotik vasitənin istifadəsi məzmununda smslər olmuş, lakin həmin smslərdə narkotik vasitənin satışı haqqında heç nə olmamışdır. Mobil telefonunda iran nömrəsi ilə qısa yazışmaları olmuş, həmin yazışmaların narkotik vasitələrlə əlaqəsi olmamışdır. İran nömrəsini istifadə edən şəxs ona azərbaycanlı olduğunu demiş, həmin iran nömrəsini sosial şəbəkədən götürmüş, həmin şəxs gəzinti turları təşkil etdiyini və Bakı şəhərində yaşadığını bildirmişdir. Həmin şəxs Azərbaycan dilində, lakin fərqli ləhcə ilə danışmışdır. Bacısı Buzovna qəsəbəsində yerləşən evdə olmuş, polis əməkdaşları bacısını və onu ayrı-ayrı avtomobillərdə Sulutəpədə yerləşən evə aparmışlar. O, psixi təsir nəticəsində polis əməkdaşlarının dedikləri ilə razılaşdıqdan sonra onlar bacısını Buzovna qəsəbəsinə geri aparmışlar. Tutulan zaman üzərində narkotik vasitə olmamışdır. Ona göstərilən fiziki təsir nəticəsində üzündə, belində, ağciyərlərində və başında xəsarətlər əmələ gəlmişdir. Avtomobildə olarkən polis əməkdaşları boynuna oturub belinə yumruqla vurmuşlar. Onu vuran Azər adlı polis əməkdaşı olmuş, müstəntiqin yanında olarkən fiziki təsirə məruz qalmamış, müstəntiq onu aldatdığı üçün təqdim etdiyi sənədlərə imza etmişdir. Təcridxanada olarkən bədənində aşkar olunan xəsarətlərin qeyd edilib-edilmədiyini bilməmişdir. Tutulduğu gün onu “Toyota” markalı “Prius” modelli avtomobilin izlədiyini hiss etmiş, polis əməkdaşları onu tutduqdan sonra öz avtomobillərinə əyləşdirmiş, ona məxsus avtomobili isə idarəyə gətirmişlər. Tutulan zaman mağazanın çölündə piyada hərəkətdə olmuşdur. Tutulanadək istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuş, avtomobil təmiri ilə məşğul olduğu üçün bir sıra hallarda tanışları avtomobillərindəki nasazlıqla əlaqədar mənə “təcili köməyə ehtiyacım var” məzmunda smslər yazmışlar. O, saxlanılan zaman polis əməkdaşları həm telefonunda olan “birbank” tətbiqindən pulları çıxarmış, həm də pul qabından pul götürmüşlər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, heç vaxt narkotik vasitə və ya psixotrop maddədən istifadə etməmişdir. Üzərindən və yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə heroini İran İslam Respublikasının vətəndaşı Hidayət adlı şəxsdən əldə etmişdir. Hidayət adlı şəxslə “instagram” sosial şəbəkəsində tanış olmuşdur. Belə ki, 2022- ci ilin may ayının əvvəllərində Hidayət “instagram” sosial şəbəkəsində ona məxsus “hacıyev83T” profilinə öz profilindən mesaj yazmışdır. Onlar bir qədər danışdıqdan sonra aralarında ünsiyyət yaranmağa başlamışdır. 2022-ci ilin may ayının ortalarında Hidayətlə “WhatsApp” ani mesajlaşma sistemindən danışmağa başlamışlar. Həmin ərəfələrdə Hidayət ona bildirmişdir ki, adamları vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının sərhədindən narkotik vasitələr keçirir və həmin narkotik vasitələri Füzuli rayonunda yerləşdirir. Hidayət ona bildirmişdir ki, həmin narkotik vasitələri onun dediyi ünvandan götürüb bir müddət özündə saxlayıb sonradan onun dediyi ünvanlara yerləşdirsə əvəzində ona 3.000 manat pul verəcəkdir. İlk öncə Hidayətin təklifi ilə razılaşmasa da, sonradan maddi vəziyyətində çətinliklər olduğu üçün onun təklifi ilə razılaşmışdır. 2022-ci ilin may ayının sonlarında Hidayət ona “WhatsApp” ani mesajlaşma sistemi vasitəsi ilə zəng edərək narkotik vasitələrin Füzuli rayonunda yerləşdirildiyini bildirmişdir. O, Hidayətin sözü ilə idarə etdiyi “Xəzər” markalı **-PC-*** qeydiyyat nişanlı avtomobillə Füzuli rayonu istiqamətində yola çıxmışdır. Hidayətin izah etdiyi ünvana gedərək Füzuli rayonuna çatmamış yolun kənarında yerləşdirilən 1 ədəd qara rəngli çantanı götürərək yaşadığı ünvana gətirmişdir. Həmin ünvanda tək yaşamışdır. Ailə üzvlərinin aşkar edilmiş narkotik vasitələrdən xəbərləri olmamışdır. Həmin çantanı yaşadığı evin həyətində yerləşən anbarda gizlədərək orada saxlamışdır. Razılaşmaya əsasən həmin çantanın içərisində olan narkotik vasitələri Hidayətin sonradan söyləcəyi ünvanlara yerləşdirərək əvəzində 3.000 manat pul alacaqmış. Sonuncu dəfə 4 iyun 2022-ci il tarixdə Hidayət “WhatsApp” ani mesajlaşma sistemi vasitəsi ilə onunla əlaqə saxlayaraq çantadan 1 bükümdə narkotik vasitə heroin götürməsini və gün boyu həmin bükümü hara yerləşdirəcəyi barədə məlumat verəcəyini bildirmişdir. O da Hidayətin sözünə əsasən 1 ədəd qara rəngli çantadan 1 bükümdə narkotik vasitə heroini götürərək əynindəki şalvarının sağ yan cibinə qoymuşdur. Sonra həmin gün saat 17 radələrində şəxsi işləri ilə əlaqədar ünvan 2 ünvanın yaxınlığına getmişdir. Həmin gün saat 18 radələrində ünvan 2 ünvanın yaxınlığında piyada hərəkət edərkən bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsindən gəldiklərini bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş idarəyə gəldikdən sonra hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilərək ona təqdim edilmişdir. Müdafiəçiyə etirazının olmadığını bildirdikdən sonra şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra ona videoçəkiliş əsasında üzərinə şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Buna etiraz etmədikdən sonra 4 iyun 2022-ci il tarixdə saat 20 radələrində onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan şalvarının sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə olan heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarının sol yan cibindən 1 ədəd içərisində ***-***- **-** simkart nömrəsi olan “Redmi” markalı mobil telefon, əynində olan şalvarının arxa sol cibindən 1 ədəd üzərində 5213 6751 0045 2086 nömrəsi olan plastik bank kartı, 1 ədəd açar və 20 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 46 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Redmi” markalı mobil telefon və 1 ədəd plastik bank kartı polis əməkdaşları tərəfindən götürülmüşdür. 1 ədəd açar və 20 manat pul isə ona geri qaytarılmışdır. Verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin ona məxsus olduğunu, həmin heroini İran İslam Respublikasının vətəndaşı olan “Hidayət” adlı şəxsin vasitəsi ilə 5 gün bundan əvvəl Füzuli rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonradan Hidayətin göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, Hidayətin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasına görə ona 3000-4000 manat pul veriləcəyini, “Hidayət” adlı şəxsi təxminən 1 ay olar ki, tanıdığını, həmçinin Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən yaşadığı nömrəsiz fərdi evdə narkotik vasitə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və etiraz olmadığından imzalarla təsdiq edilmişdir. Daha sonra yaşadığı ünvanda baxışın keçirilməsinə etirazının olmaması ilə bağlı zəruri ərizə yazaraq təqdim etmişdir. Bundan sonra həmin gün saat 20 radələrində tədbir iştirakçıları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən nömrəsiz fərdi evə yollanmışlar. Qeyd edilən ünvana çatdıqdan sonra polis əməkdaşları ona videoçəkilişdən istifadə etməklə yaşadığı ünvana baxış keçiriləcəyini bildirmişlər. O, buna etiraz etmədikdən sonra 4 iyun 2022-ci il tarixdə saat 21 radələrində baxışın keçirilməsinə başlanılmışdır. Baxış və götürmə aparılmasından əvvəl onu bu barədə qərarla tanış edərək sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. O, bu təklifdən sonra evin həyətində yerləşən anbardan 1 ədəd qara rəngli çantada olan 9 ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və çəkisinin 7 kiloqram 865 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlələr qablaşdırılmış, möhürlənmiş və üzəri imzalandıqdan sonra götürülmüşdür. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin ona məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikasının vətəndaşı olan “Hidayət” adlı şəxsin vasitəsi ilə 5 gün bundan əvvəl Füzuli rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, “Hidayət” adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasına görə ona 3000 manat pul veriləcəyini, “Hidayət” adlı şəxsi təxminən 1 ay olar ki, tanıdığını bildirmişdir. Bundan sonra protokolun tərtibatı üçün əməkdaşlar və müdafiəçisi ilə birlikdə Baş İdarəyə yollanmışlar. Baş İdarədə baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və etiraz olmadığından imzalarla təsdiq edilmişdir. İran İslam Respublikasının vətəndaşı “Hidayət” adlı şəxslə “WhatsApp” ani mesajlaşma sistemi vasitəsi ilə əlaqə saxladığını, Hidayətin istifadəsində olan +98 903 *** **** saylı mobil nömrəsini telefonunda “Hacı Emi MMC” kimi qeyd etdiyini, heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, sadəcə İran İslam Respublikasının vətəndaşı “Hidayət” adlı şəxsin göndərdiyi narkotik vasitələri sonradan onun dediyi ünvanlara yerləşdirməli olduğunu, əvəzində Hidayətin ona 3000 manata pul verməli olduğunu, Hidayətin anket məlumatlarını dəqiq bilmədiyini, onunla “instagram” sosial şəbəkəsində tanış olduğunu, “WhatsApp” ani mesajlaşma sistemi vasitəsi ilə əlaqə saxladığını, öz iradəsi ilə sərbəst şəkildə izahat verdiyini və tərtib edilmiş sənədlərə etirazı olmadığı üçün imzaladığını və ailə üzvlərinin aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrdən xəbərinin olmadığını bildirmişdir (cild 1, iş vərəqə 60- 63 və iş vərəqə 76-79). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməllərini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin aşkar edilməsi məqsədi ilə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmış və həmin qrupun rəhbəri olaraq o təyin edilmişdir. 4 iyun 2022-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Suraxanı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir. 4 iyun 2022-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs ünvan 7 ünvanının qarşısında onlar tərəfindən saxlanılmış və onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edərək Baş İdarəyə gətirmişlər. İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi dəvət edilərək ona təqdim edilmiş, 4 iyun 2022-ci il tarixdə saat 20:00-da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, sonra şübhəli şəxsin üzərinə şəxsi axtanş keçirilmiş və mobil telefon, plastik bank kartı, 1 ədəd açar və 20 manat pul aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 46 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmçinin Bakı şəhəri, Binəqədi rayonunda yaşadığı evdə də narkotik vasitə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və etiraz olmadığından imzalarla təsdiq edilmişdir. Daha sonra tədbir iştirakçıları olaraq Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə yollanmışlar. Həmin ünvana çatdıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş və o, etirazının olmadığını bildirdikdən sonra bu barədə ərizə yazaraq təqdim etmişdir. Bundan sonra videoçəkiliş əsasında Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməyə başlanılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evin həyətində anbardan 9 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisinin ümumilikdə 7 kiloqram 865 qram olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri İran vətəndaşının vasitəsi ilə əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, həmin şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə pul verəcəyini demişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı narkotik vasitələrin satışı və dövriyyəsi ilə bağlı olmuş, ona müstəntiq tərəfindən qaçaqmalçılıq faktının araşdırılması ilə bağlı icra olunmaq üçün əməliyyat taprşığı verilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatın məzmununda narkotik vasitələri İran vətəndaşından əldə etdiyi qeyd edilmiş, lakin narkotik vasitənin külli miqdar olması qeyd edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirən zaman evdə heç kim olmamış, onun yaşadığı evə axşam saat 20-21 radələrində baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdən sonra yaşadığı evə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri əvvəlcədən təyin edilmiş müəyyən ünvanlara qoymağına görə İran vətəndaşı ona 3000 manat pul verəcəyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün qardaşı İkram ona zəng edərək birlikdə qohumlarıgilə gedəcəklərini və 5-10 dəqiqəyə evə gələcəyini bildirmişdir. O, Bakı şəhəri, Sabunçu rayonu, Buzovna qəsəbəsində evdə olan vaxtı qapı döyülmüş, qapını döyən şəxslərin qardaşı Anarla əmisi oğlu olduğunu fikirləşmiş və onlara “hicabı bağlayım, qapını açıram” demişdir. Hicabını bağlayarkən tanımadığı şəxslər hasardan tullanaraq yaşadıqları evə daxil olmuşlar. Polis əməkdaşları onunla kobud şəkildə danışaraq onu həbs edəcəklərini demişlər. O, həmin vaxt qardaşının harada olduğunu bilməmiş, sonra polislər onu qardaşının “Khazar” markalı avtomobilinə əyləşdirib qardaşının əvvəllər kirayə yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən evin yaxınlığına aparmışlar. O, avtomobildə olarkən polis əməkdaşlarından biri digərinə “20 kiloqram narkotik vasitəni üzərinə qoymaq istəyirik” məzmunda ifadə işlətmiş, digəri isə 20 kiloqramın çox olduğunu, 6 kiloqramın bəs edəcəyini bildirmişdir. Sonra polislər avtomobili Sulutəpə qəsəbəsində əvvəllər qardaşının kirayə yaşadığı evdən aralıda saxlamış, daha sonra həmin ərazidən Kürdəxanı istiqamətində getmiş, “Zabrat dairəsi” adlanan əraziyə çatdıqda onun avtomobildən düşməyini tələb etmişlər. Orada mülki geyimli polis əməkdaşları ona 300 manat pul verib həmin pulun qardaşına məxsus olduğunu bildirərək taksi sifariş edib onu yaşadığı evə göndərmişlər. Əvvəllər Sulutəpə qəsəbəsində yerləşən evdə kirayə yaşamış, sonra isə Buzovna qəsəbəsində nömrəsiz fərdi evdə kirayə yaşamışlar. Buzovnada kirayə yaşadığı evdə axtarış aparılsa da, heç nə aşkar edilməmişdir. Polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı heç bir dövlət orqanına şikayət etməmiş, o, polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı gördüklərini məhkəmədə bildirməyinin daha səmərəli olacağını düşünmüşdür. Məhkəmə şahid qismində dindirilmiş X4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına və işin faktiki hallarına uyğun olmayan, qardaşı olan Təqsirləndirilən şəxs müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək həmin şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 4 iyun 2022-ci il tarixli protokoldan görünür ki, DİN-in BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 4 iyun 2022-ci il tarixdə saat 18:00-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış zamanı ondan 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, 1 ədəd “Redmi” markalı mobil telefon, 1 ədəd plastik bank kartı, 1 ədəd açar və 20 manat pul aşkar edilmişdir. Aşkar edilmiş büküm, mobil telefon və bank kartı götürülmüş, açar və 20 manat pul onun özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 4 iyun 2022-ci il tarixdə saat 20:00-da başlamış və həmin tarixdə saat 20:10-da bitmişdir (cild 1, iş vərəqə 31-33). Cinayət işinin materiallarında olan “evə baxış keçirilməsi və götürmə haqqında” 4 iyun 2022-ci il tarixli protokoldan görünür ki, DİN-in BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 4 iyun 2022-ci il tarixdə saat 18:00-da ünvan 2 ünvanın qarşısında saxlanılmış və onun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə özünün razılığı və iştirakı ilə keçirilən baxış zamanı həyətdəki anbardan 9 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Baxış keçirmə və götürmə istintaq hərəkəti 4 iyun 2022-ci il tarixdə saat 21:10-da başlamış və həmin tarixdə saat 21:26-da bitmişdir (cild 1, iş vərəqə 36-38). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5 iyun 2022-ci il tarixli 6/3164 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan 1 ədəd kağız paketdə və 1 ədəd qara rəngli bel çantasında olan üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 1 ədəd bükümdə təmiz çəkisi 44,533 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” sözləri və imzalar qeyd edilmiş çantada 9 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 980,0 qram, 760,0 qram, 980,0 qram, 980,0 qram, 925,0 qram, 600,0 qram, 990,0 qram, 255,0 qram, 470,0 qram, ümumi təmiz çəkisi 6940,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş 10 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin ümümi təmiz çəkisi 6984,533 qram, tədqiqata sərf edildi 0,4 qram, qalıq 6984,133 qram, cild 1, iş vərəqə 45-49). Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 7 iyun 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 4 iyun 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 94-95). Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi barədə” 8 iyun 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı telefonda quraşdırılmış “WhatsApp” mobil tətbiqində “Hacı Emi MMC” adı altında qeyd edilmiş +98 903 *** **** saylı mobil nömrəsinin olması, həmin nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş +994-51-542-10-20 saylı mobil nömrə arasında danışıqlar aparılması və Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitələri əldə etdiyini bildirdiyi İran İslam Respublikasının Hidayət adlı şəxslə əlaqəsinin olması müəyyən edilmişdir (cild 1, iş vərəqə 96-98). Cinayət işinin materiallarında olan “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi barədə” 18 iyul 2022-ci il tarixli protokoldan görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuş, belə ki, həmin nömrəyə müraciət edən şəxslər nömrə sahibinə Əkrəm deyə müraciət etmişdir: 1/06/2022,17:38:41,**********53,**********20, Əkrəm niyə belə eliyisən bu nə hərəkətti mənim bu vəziyyətimdə. Bundan başqa ***-***-**-** saylı mobil telefon nömrəsinə müxtəlif nömrə sahiblərindən gələn mesajlarda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması faktı bir daha təsdiqini tapmışdır. Belə ki, qeyd edilən telefon nömrəsinə gələn mesajlarda müxtəlif nömrə sahiblərinin Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istədikləri əks edilmişdir: xx/xx/2022,20:39:01,**********53,**********20, Qaqa sən canı onuda alındır 100də sa vurum çatandada 100 vurum xx/xx/2022,20:39:55,**********53,**********20,Qaqa qadan alım bu işə ciddi əl qoy yoxsa vəziyyətim pisdi mənim xx/xx/2022,03:20:39,**********53,**********20,Qaqa fayza pul götürdü atam maşnı çıxartdım polisdən biraz pul qAlı xx/xx/2022,03:20:40,**********53,**********20,b oda dağılmamış gör nağarsan qaqa yoxsa mən söndüm təmiz 4 dəfə yo xx/xx/2022,03:20:41,**********53,**********20,llasan dalba dal çıxaram vəziyyətdən (cild 1, iş vərəqə 125-129). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X3 11 avqust 2022-ci il tarixli 4432 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən periodik istifadə etmə halları olmuşdur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 142-143). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalması ilə bağlı müraciətində göstərilən xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqə 239-243). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən onun təxirəsalınmaz tibbi müayinəsi zamanı aktiv ağciyər vərəmi xəstəliyi aşkar olunduğu üçün 8 iyun 2022ci il tarixdə X2 göndərilmişdir (cild 2). Cinayət işinin materiallarında olan 3 sentyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 6984,133 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 1 ədəd “Xiaomi” markalı “Redmi” modelli mobil telefon, 2 ədəd DVD və 1 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 144-158). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə də ittiham verilmişdir ki, o, külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyini vəd etmişdir. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı çıxış edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə cinayət təqibindən qismən imtina edərək, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə olan cinayət əməlinin həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilərək cinayət təqibinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə davam etdirilməsini təklif etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2 iyun 2016-cı il tarixli qərarında göstərilmişdir ki, malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi yolu ilə törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan mal və ya əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq kimi qiymətləndirilərkən bu tövsifedici əlamətin anlayışı verilmiş Azərbaycan Respublikası CM-in 34.2-ci maddəsinin tələblərinə əsaslanmaq lazımdır. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı biri və ya bir neçəsini etməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarına əsasən təşkilatçının, təhrikçinin, köməkçinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və yaxud hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti onların hərəkətləri (hərəkətsizliyi) deyil, məhz icraçının hərəkətləri formalaşdırır, törədilmiş əməlin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilir. Təşkilatçı da məhz həmin cinayəti təşkil etmiş, təhrikçi həmin cinayətə icraçını təhrik etmiş, köməkçi isə həmin cinayətdə icraçıya kömək etmiş şəxs hesab olunurlar. Göstərilən plenum qərarında belə nəticəyə gəlinmişdir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir.. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə 145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə 145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan olunmuş Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsindən imtina edilməsi və həmin maddə üzrə ittihamın Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə davam etdirilməsi barədə dövlət ittihamçısının təklifini qanuni və əsaslı hesab edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 112). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 4 iyun 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 22). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 6 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 4 iyun 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 88-92). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 4 iyun 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 6984,133 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd “Xiaomi” markalı “Redmi” modelli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalı, -2 ədəd DVD və 1 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 4 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 6984,133 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd “Xiaomi” markalı “Redmi” modelli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın, -2 ədəd DVD və 1 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar