Məhkəmə qərarları › İş №1(101)-449/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-449/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-449/2025 21.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X5 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Qasımzadə Banu Pənah qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Bakı şəhəri “Alfa” vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Naziriyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə marixunanı əldə edib saxlayaraq daşımışdır.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdarda təmiz çəkisi 1959,14 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində və evində saxlamaqla daşımış, 14 mart 2024-cü il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin gün saat 04:05-də ünvan 2 ünvanı yaxınlığında saxlanılaraq BNMİ-nin inzibati binasına aparılmış, orada saat 05:25-də xidməti otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkiliş keçirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 24,14 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vaistə qurudulmuş marixuana, həmin gün, saat 07:20 dəqiqədə müdafiəçinin iştirakı ilə videoçəkiliş keçirilərək yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində keçirilmiş təxirəsalınmaz baxış və götürmə aparılan zaman evin yataq otağında olan taxta konstruksiyalı dolabın qarşısından 03 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 750,0 qram, 980,0 qram, 205,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni olan həmin külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə marixuanının hissəcikləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür.

Təqsirləndirilən şəxsin təqsirli olmasına dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

3. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusilə Mühüm İşlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, onlara narkotik vasitələrin dövriyyəsində Novruz adlı şəxsin şübhəli bilinməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış, şəxs Xəzər rayonu ərazisində saxlanılmış və idarəyə aparılmışdır. Üzərinə şəxsi axtarış keçirilmişdir. Novruz bildirmişdir ki, narkotik vasitəni müəyyən pul qarşılığında bir yerdən başqa yerə daşıyaraq qoymalı və qarşılığında pul almalı idi. Narkotik vasitəni də iranlıdan əldə etmişdir. Axtarış zamanı evində də narkotik vasitə saxladığını bildirmiş və evə baxış zamanı özü yataq otağında saxladığı narkotik vasitəni təhvil vermişdir.

4. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 daxil olmuş əməliyyat məlumatının narkotik vasitənin satışı ilə bağlı olduğunu, əməliyyat məlumatında şəxsin həmin saatlarda harada olacağının bilindiyini, əməliyyat məlumatının şəxsin saxlanılmasından bir gün əvvəl daxil olduğunu, Novruz adlı şəxsi yaşadığı ünvanın qarşısında saxladıqlarını, həmin ərazidə hər hansı müşahidə kamerasının olmadığını, Novruzun narkotiki İran vətəndaşından əldə etdiyini və iranlının dediyi ünvana 1000 manat qarşılığında qoymalı olduğunu bildirdiyini, Novruz adlı şəxsi saat 04:05 radələrində saxladıqlarını, şəxsin yerini müəyyən etmək üçün müşahidə aparıldığını, iki nəfər polis əməkdaşı olaraq şəxsi saxlamaq üçün getdiklərini, Novruzu şəxsi avtomobillə idarəyə apardıqlarını, evə baxış zamanı Novruzun qardaşının da evdə olduğunu, ata, ana və bacısının orada olmadıqlarını, Novruzun narkotik vasitəni yataq otağında saxladığını, narkotik vasitənin yanında tərəzinin də olduğunu, həmin əşyaları Novruzun özünün könüllü təqdim etdiyini bildirmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, 14 mart 2024-cü il tarixdə, saat 04:05 radələrində Novruz adlı şəxsi Xəzər rayonu ərazisində Q.Məmmədov küçəsində külli miqdarda narkotik vasitənin dövriyyəsində şübhəli bilinməsi ilə bağlı əməliyyat tədbiri keçirərək saxlamışlar. Onu idarəyə dəvət etmişlər, idarədə üzərində axtarış zamanı narkotik vasitə aşkar edilərək götürülmüşdür. Sonradan onun evinə baxış keçirilmiş və baxış zamanı evindən narkotik vasitə aşkar edilərək götürülmüşdür.

6. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 əməliyyat məlumatının Şahid1 daxil olduğunu, məlumatda Xəzər rayonu ərazisində Novruz adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması şübhəsinin qeyd olunduğunu, Novruzun narkotik maddəni İran vətəndaşı Hüseyn adlı şəxsdən əldə etdiyini və 1000 manat qarşılığında başqa yerə qoyacağını bildirdiyini, şəxsin evində narkotik vasitə saxladığını özünün etiraf etdiyini, şəxsə qarşı polis tərəfindən hər hansı hədə-qorxu olmadığını, Novruzu 04:05 radələrində saxladıqlarını, evə baxış zamanı iki kiloqramdan artıq narkotik vasitə marixuananın yataq otağından aşkar olunduğunu, həmçinin şəxsi axtarış zamanı telefonunu təqdim etdiyini, evə baxış zamanı evdə yalnız qardaşının olduğunu, atası, anası və bacısının evdə olmadıqlarını, hər hansı kamera görünütüsünün əldə olunması ilə bağlı qonşuya müraciət etmədiklərini bildirmişdir.

7. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilərkən əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq yaşıl rəngli qurudulmuş marixuanaya bənzər maddəni təqdim edərək həmin maddəni İran İslam Respublikası vətəndaşı olan “Hüseyn “adlı şəxsin göstərişi ilə 03 gün əvvəl Salyan yolundan əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, Hüseyn adlı şəxsin ona bunun müqabilində 1000 manat pul verəcəyini, həmçinin, yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir (cild 01; i.v.32- 33).

8. “Evə baxış keçirilməsi və götürmə haqqında” 14 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvana baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs evdə yataq otağında olan taxta konstruksiyalı dolabın qarşısından 03 ədəd bağlamada açıq yaşıl rəngli maddəni və 01 ədəd elektron tərəzini təqdim etmiş, o, həmin narkotik vasitəni 03 gün əvvəl Salyan yolundan əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, Hüseyn adlı şəxsin ona bunun müqabilində 1000 manat pul verəcəyini bildirmişdir (cild 01; i.v.37-38).

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 14 mart 2024-cü il tarixli, 7/429 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” sözləri yazılmış poietilen bağlamada üç ədəd skotçla bağlanmış sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 750,0 qram, 980,0 qram, 205,0 qram və üzərində “N.Qurbanoun təqdim etdiyi...” sözləri yazılmış kağız paketdə təmiz çəkisi 24,24 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vaistə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın ümumi çəkisi 1959,14 qramdır. Təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində cüzi miqdarda marixuananın hissəcikləri vardır. Marixuananın hissəcikləri cüzi miqdarda olduğu üçün onun çəkisini və eyniliyini müəyyən etmək mümkün deyildir (cild 01; i.v.44-48).

10. “Götürülmüş mobil telefona baxış keçirilməsi haqqında” 14 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Redmi” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı mesaj bölməsində ***-***- **-** nömrəli abonentə “Salam. Baba necəsən. Mənəm Novruz. İmkan elə mənnən əlaqə saxla. Zəngivi gözdüyürəm”. ***-***-**-** nömrəli abonentdən “Emi gildəyəm. Qarajda danışa bilmirəm. 2 nəfər var, diyilsə sürəcək, həmdə didin, necə didin elede eliyecey. Mən heç kimə heç nə deməmişəm. Hara gedmey, netnemey, sene diyirem ki, maşın var” Təqsirləndirilən şəxs həmin nömrəyə “Gündə bir maşınla gedmey olmaz axı. Kakos götürmədi sən. Mən sənə dedim 1 dənə mənçün götür” məzmunlu mesajlar yazılmışdır (cild 01; i.v.59-60).

11. "xxxx" MMC-dən daxil olmuş diskdən çıxarılmış SMS mətnlərindən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə aşağıdakı məzmunda “SMS”lər gəlmişdir: xx.xx.2024-cü il tarixdə ***-***-**-** nömrədən “Gelirem sen 50 dene gül hazır ele, tez ol ama, menim yanımda adam var o görmemelidi, ama o uşaqda mənnen girecek eve, bildin, tez ele men 10 deq çatıram”; xx.xx.2024-cü il tarixdə ***-***-**-** nömrədən “ərim qalıb yarı yarımçıq. Bir cavab gönder qardaş”; “Olsun qardaş etibarlı adamın varsa problem olmayacaqsa men görüşəcəm”; xx.xx.2024-cü il tarixdə ***-***-**-** nömrədən “zibil klokunun içinə bax, gör əriyib göt gününə qalıb, yapışıb xalçaya, sen özünde oturmusan yanıb eriyen peçin qabağında”; “Fikirli olmusan yeqin, plasmasın iyini hiss elememisende, ne bilim vallah, diyirler guya plasmasın dadı şirin olur, Allah şefa versin menim qerdeşim”; xx.xx.2024-cü il tarixdə ***-***-**-** nömrədən “İşim var aç söz deyirem menden xeber gözdüyən var”; 03 mart 2024-cü il tarixdə ***-***-**-** nömrədən “Neşe söhbeti alınır bu gün? ya-yox”. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrədən ***-***-**-** nömrəyə “Qardaş bilmirem sene nece deyim rayonda böyük problemim yaranıb, Bakıya ne vaxt gələcəm mən sənə dəqiq deyə bilmirəm, istiyirsən maraqlan yenə, ama görüm çalışacam onu sene etibarlı bir adamnan ötürdüm” (cild 01; i.v.127-132).

12. "xxxx" MMC-dən daxil olmuş diskdən çıxarılmış SMS mətnlərindən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrədən ***-***-**-** nömrəyə 06 mart 2024-cü il tarixdə “ “O pulu sən yoxsa başqa adam vuracaq, gör ne qeder tez olsa yaxşı olar, yeni neye göre deyirem gecikerik elden cıxaree”; 12 mart 2024-cü il tarixdə “Günde bir maşına gedmey olmaz axı”; ; Kakos götürmedi sen. Men sene dedim 1 dene mençün götür” məzmunlu SMSlər yazılmışdır (cild 01; i.v.134-151).

13. Məhkəmə-narkoloji ekspertizasının 22 iyun 2024-cü il tarixli, 4344 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodilərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 01; i.v.161-162).

14. “Sübutların qiymətləndirilməsi haqqında” 23 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 1959,14 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1958,94 qram narkotik vasitə qurudulmuş marixuananın saxlanması üçün Xəzər RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilməsi qərara alınmışdır (cild 01; i.v.163-171).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:

15. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, martın 13-dən 14-nə keçən gecə, saat 03:00 radələrində atası, anası, qardaşı və o, evdə olmuşlar. Valideynləri və qardaşı yatmışdı. O, hamamda idi. O, çimərkən hamamın qapısını kimsə döymüşdür. O, düşünmüşdür ki, ya anası, ya da atasıdır. Qapını açmaq istəyən zaman isə qapını sındırmışlar. Polis əməkdaşlarından sarı saçlı hündür olan bir nəfər onu hamamdan çıxarmış və ünvanına söyüş söymüşdür. Bu vaxt atası ilə anasının səsini eşidirdi. Əyninə paltarlarını geyinib həyətə çıxanda xeyli polis əməkdaşının həyətdə olduğunu görmüşdür. Polis əməkdaşları evə daxil olmuşlar. Onlar hətta atası və qardaşının da otağına daxil olmuşlar. Evə girəndə qardaşının əl qolunu bağladıqlarını və dizlərinin üstünə uzatdıqlarını görmüşdür. Valideynləri isə ağlayırdı. Polis əməkdaşları bildirmişlər ki, onda külli miqdarda narkotik vasitə var. O isə bu ittihamı qəbul etməmişdir. Polis əməkdaşları bildirmişlər ki, iddia etdikləri narkotik vasitəni onlara verməlidir, verməyəcəyi halda isə qardaşını aparıb üzərindən 30 kq narkotik vasitə çıxaracaqlar. O, üzərində olan narkotik vasitəni qardaşını sərbəst buraxmaq şərti ilə verəcəyini bildirmişdir. Hadisədən 1 gün əvvəl, mart ayının 12-si ad günü idi. Ad günü üçün özünə 105 qram marixuana almışdı. Bölməyə onu aparan zaman marixuananı da onlara vermişdir. Ancaq təöqdim etdiyi marixuana polis əməkdaşlarını razı salmadı. Onu evdən çıxarıb bölməyə apardılar. Həmin görüntülərin hər biri TŞ kameraları tərəfindən qeydə alınmışdır. Evdən çıxan zaman digər polis əməkaşları bildirmişdir ki, rəisləri ilə əlaqə saxlamalıdır. Rəislə danışmış və ona idarədə görüşüb danışmalı olduğunu bildirmişlər. Evinə baxış zaman iki mobil telefonunu götürmüşlər. Telefonlardan birini hamam otağından, digərini isə otağındakı komputer stolunun üzərindən götürmüşlər. Ona həmçinin bir açar göstərmişlər və bildirmişlər ki, ifadə verən zaman bu açarın evinin qapısının açarı olduğunu qeyd etsin. Halbuki, onların evinin belə açarı yoxdur. Həmçinin, polis əməkdaşları videoçəkiliş zamanı açardan başqa ona məxsus olmayan narkotik vasitəni ona verərək, həmin narkotik vasitənin də onun olduğunu boynuna almasını tələb etmişlər. Polis əməkdaşları onu götürüb gedən zaman onlar maşında 6 nəfər idilər. Vəkil də həmin vaxt maşında idi. Saat 8-də onlar evə qayıdan zaman həyətdə çox adam olduğu üçün polis əməkdaşları maşını qonşunun qapısının qarşısına sürmüşlər. Oradan keçən zaman da kameralar həmin görüntüləri qeydə almışdır. Maşından düşən zaman narkotik vasitəni ötürmüş polis əməkdaşı həmin narkotik vasitəni çətinliklə gödəkcəsinin içərisində gizlədib evə daxil olmuşdur. Həyətə girəndə görmüşdür ki, evin qarşısında 2 nəfər adam var. Qardaşını evdən çıxarmışlar. Bu vaxt bacısı həyətə girmiş, polis əməkdaşı bacısına yaxınlaşmış və ondan kim olduğunu soruşmuşdur. O, polis əməkdaşına bacısı olduğunu bildirəndə, bacısına məxsus telefonu ondan almışlar. Evə girdikdən sonra videoçəkiliş olmuş və bu zaman ona bildirdikləri məzmunda danışmışdır. Evdən çıxanda isə köynəyini dəyişmişdir. Sonra yenidən maşına oturaraq qonşunun qapısının ağzına çatanda Azər maşından düşmüş, bir az keçdikdən sonra əlində qara əşya ilə yaxınlaşmışdır. Bu zaman o, anlamışdır ki, polis əməkdaşının əlindəki əşya qonşunun həyətindən küçəni çəkən kameradır.

16. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün aldığı 105 qram narkotik vasitə üçün 450 manat pul verdiyini, Xəzər RPİ-də müstəntiqə ifadə verərkən ona qarşı hər hansı təsir-təzyiq olmadığını, ibtidai istintaqda verdiyi ifadəsini imzalayarkən oxumadığını, polis əməkdaşlarının onun yaşadığı evdə iki dəfə olduqlarını, lakin çəkilişin ikinci gəlişləri zamanı həyata keçirildiyini, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxılan zaman məhkəmə iclasında üzərində 30 qram narkotik vasitə olduğunu demədiyini, ***-***-**-** saylı mobil nömrənin qardaşına məxsus olduğunu, ***-***-**-** saylı mobil nömrənin Ata adlı Sumqayıt şəhər sakininə məsus olduğunu, onun oğlu ilə münasibətinin olduğunu, Ata adlı şəxslə əlaqəsinin onun olduğu cəzaçəkmə müəssisəsinə oğlunun yanına gedərkən yarandığını, telefonunda kontaktlar siyahısında həmin şəxsin adını “Baba” kimi qeyd etdiyini, qardaşı ilə birlikdə narkotik vasitə istifadə etdiyini, kənar heç kəslə narkotik vasitə çəkmədiyini və heç kəsi narkotik vasitəyə qonaq etmədiyini, onu polis bölməsində döymədiklərini, özünə məxsus 105 qram narkotik vasitəni könüllü formada polisə təhvil verdiyini, ona narkotik vasitənin satışı ilə əlaqədar müraciət edən kimsənin olmadığını bildirmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

17. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədilkdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

18. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri satmaüç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

19. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar, 500 qram olduqda isə külli miqdar, 50000 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur.

20. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və narkotik vasitələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya narkotik vasitələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (narkotik vasitələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (narkotik vasitələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (narkotik vasitənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

21. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilibtörədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və 12 “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya narkotik vasitə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır.

Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:

22. “Şübhəli şəxsin tutulması haqqında” 14 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2024-cü il tarixdə, saat 04:05-dən tutulmuş hesab edilmişdir (cild 01; i.v.25).

23. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 4(003)- 110/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 mart 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.84-88).

24. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 18 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 06 mart 2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 yanvar 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 noyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 01; i.v.108-109).

25. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 1(003)- 115/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək AR CM-nin 177.2.3-cü maddəsi ilə 02 il 06 ay müddətə, həmin Məcəllənin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 66.2-ci maddəsinə əsasən ona qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, AR CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (cild 01; i.v.110-126).

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:

26. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;

27. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;

28. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər.

29. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

30. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

31. 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.

32. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır;

33. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz;

34. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir;

35. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

37. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.

38. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

39. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.

40. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur.

41. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

42. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrələrə daxil olan və həmin nömrədən göndərilmiş SMS yazışmalar, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146).

43. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməmiş və evindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın miqdarının 105 qram olduğunu, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən dəyişdirilərək üzərinə yeni büküm qoyulduğunu, polis əməkdaşlarının onu ittiham aktında göstərilən saatda və yerdə deyil, gecə saat 02 radələrində evdə çimərkən hamamdan çıxararaq idarəyə apardıqlarını, saat 04 radələrində onun artıq Badamdarda yerləşən idarədə olduğunu, yaşadığı evdə narkotik vasitə olmadığını, həmin narkotik vasitənin və tərəzinin polis əməkdaşları tərəfindən evinə qoyulduğunu, evinə baxış keçirilən zaman anası, atası və bacısının da evdə olduqlarını, ona psixoloji təzyiqlər göstərilərək qardaşının üzərinə xüsusilə külli miqdarda narkotik vasitə qoyulacağı deyildiyindən videoçəkiliş zamanı özünü təqsirli bildiyini və sənədləri imzaladığını bildirsə də, məhkəmə onun məhkəmə istintaqı zamanı verilmiş ifadəsini işin həqiqi halları ilə uzlaşmayan özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir.

44. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün təqsirləndirilən şəxsin hər bir dəlilinə qiymət verilməsini zəruri hesab edir.

45. Məhkəmə iclasında təqsirləndirilən şəxs onun özünə məxsus narkotik vasitə qurudulmuş marixuananın miqdarının 105 qram olduğunu, həmin narkotik vasitəni öz ad günü münasibəti ilə öz şəxsi istifadəsi üçün aldığını, həmin bükümün evindən aşkar olunduqdan sonra polis idarəsində ondan əvəzində üzərinə başqa büküm qoyulduğunu bildirsə də, məhkəmə onun dəlilini işin həqiqi halları ilə uzlaşmayan, hətta özünün iş materiallarında olan özünü təqsirli bilməməsinə dair yazılı sənəddə göstərdiyi xüsusatlarlar da uzlaşmaması qənaətindədir.

46. Belə ki, iş materiallarında olan (cild 01; i.v.54-56) 14 mart 2024-cü il tarixli “Şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadə verərkən polis əməkdaşları onu evdən götürən zaman polis əməkdaşlarına cəmi 30 qram marixunasının olduğunu dediyini, polis əməkdaşları onu qardaşının da tutulacağı ilə hədələdikləri zaman evində olan 600 qram qurudulmuş marixuananın yerini özünün göstərərək təhvil verdiyini bildirmişdir.

47. Bundan başqa, iş materiallarında olan (cild 01; i.v.84-88) Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 4(003)-110/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimata baxılan zaman məhkəmə iclasında o, evindən 30 qram narkotik vasitə qurudulmuş marixuananın aşkar edildiyini, üzərində narkotik vasitə olmadığını, evində olan narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirmişdir.

48. Məhkəmə iclasında təqsirləndirilən şəxs hansı səbəbdən ibtidai istintaq zamanı ilkin olaraq evində olan 30 qram, daha sonra 600 qram narkotik vasitə qurudulmuş marixuananı təqdim etdiyini bildirməsinə baxmayaraq hazırda məhkəmə iclasında yaşadığı evdə cəmi 105 qram qurudulmuş marixuananın olmasını bildirməsinin səbəbi soruşulduqda o, iş materiallarında olan sənədlərdəki rəqəmin düzgün yazılmadığını, ibtidai istintaq zamanı elə bir halı göstərmədiyini, əksinə evində təxminən 105 qram narkotik vasitə qurudulmuş marixuananın olmasını göstərdiyini bildirmişdir.

49. Məhkəmə həmin xüsusatın araşdırılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə sorğu müraciət edərək Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimata baxılan zaman keçirilmiş məhkəmə iclasının audio-video yazısının təqdim edilməsini xahiş etmiş, məhkəmənin sorğusuna əsasən təqdim edilmiş həmin diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs həqiqətən də 15 mart 2024-cü il tarixdə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində keçirilmiş məhkəmə iclasında polis əməkdaşları evinə gələn zaman evində cəmi 30 qram qurudulmuş marixuananın olduğunu bildirdiyi müəyyən edilmiş və təqsirləndirilən şəxs hansı səbəbdən həmin vaxt fərqli xüsusatı qeyd etməsinə dair ona ünvanlanmış suala cavab verə bilməmiş, həmin vaxt hansı səbəbdən evində 30 qram qurudulmuş marixuana olmasını göstərməsini xatırlamadığını bildirmişdir.

50. Göründüyü kimi, təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayət məsuliyyətindən və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan yayınmaq üçün hələ ibtidai istintaq dövründən qeyri-səmimi ifadələr vermiş, onun ifadəsindəki xüsusatlar hazırda məhkəmə iclasında irəli sürdüyü yeni xüsusatlarla da ziddiyyət təşkil etmişdir.

51. Təqsirləndirilən şəxsin öz müdafiəsi üçün irəli sürdüyü digər dəlili onun saxlanılma vaxtı və yeri ilə bağlı olmuşdur ki, həmin xüsusat da məhkəmə istintaqı zamanı məhkəmə tərəfindən araşdırılaraq təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatın təsdiq olunmaması müəyyən edilmişdir.

52. Belə ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ittihamda göstərilən saatda və yerdə deyil, 14 mart 2024-cü il tarixdə, gecə saat 02 radələrində evindən götürülərək idarəyə aparıldığını, ittihamda onun saxlanılması qeyd olunan saatda, yəni 14 mart 2024-cü il tarixdə, saat 04:05 radələrində artıq Badmdarda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsində olduğunu bildirsə də, onun istifadəsində olan mobil nömrələrin anten məlumatları ilə ifadəsindəki həmin xüsusat tamamilə təkzib edilmişdir.

53. Məhkəmənin sorğusuna əsasən "xxxx" MMC tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları ilə onun 14 mart 2024-cü il tarixdə, saat 03:50 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində olması müəyyən edilmişdir.

54. Bundan əlavə, məhkəmənin sorğusuna əsasən "xxxx" MMC tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları ilə onun 14 mart 2024-cü il tarixdə, saat 00:10-dan saat 03:58 də daxil olmaqla Bakı şəhəri, Xəzər rayonu ərazisində olması müəyyən edilmişdir.

55. Göründüyü kimi, təqsirləndirilən şəxsin 14 mart 2024-cü il tarixdə, saat 02 radələrində polis əməkdaşları tərəfindən evindən götürülərək Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılması, saat 04:05-də artıq Badamdar rayonunda yerləşən həmin idarədə olmasına dair xüsusat onun istifadəsində olmuş mobil nömrələrin anten məlumatları ilə öz təsdiqini tapmamışdır (Nəzərə alınsa ki, saat 03:58-də Xəzər rayonunda olan şəxsin saat 04:05-də, yəni 07 dəqiqə ərzində Yasamal rayonu ərazisində olması qeyri-realdır).

56. Bununla yanaşı, təqsirləndirilən şəxs evinin yerləşdiyi əraziyə yaxın ərazidə məktəbin olduğunu, həmin məktəbin küçəni çəkən videokameralarının olduğunu, o cümlədən, həmin ərazidə Təhlükəsizlik Şəhər Kameralarının olduğunu bildirdiyindən məhkəmə həmin xüsusatın araşdırılması üçün müvafiq qurumlara sorğu ilə müraciət etsə də, hər hansı nəticə əldə olunmamışdır.

57. Belə ki, Bakı şəhəri 117 nömrəli məktəb tərəfindən məhkəmənin sorğusuna verilmiş 07 oktyabr 2024-cü il tarixli, 47 nömrəli cavab məktubundan görünür ki, məktəbin müşahidə kameralarının görüntüləri bir həftə ərzində yaddaşda saxlanıldığından 14 mart 2024-cü il tarixə aid görüntülərin kamera yaddaşında tapılması mümkün olmamışdır.

58. Bundan savayı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən məhkəmənin sorğusuna verilmiş 26 aprel 2025-ci il tarixli, 3/2-9707/25 saylı cavab məktubundan görünür ki, arxivlərin saxlanılma müddəti bitdiyindən informasiyanın məhkəməyə təqdim edilməsi mümkün olmamışdır.

59. Məhkəmə iclasında təqsirləndirilən şəxs polis idarəsində ona qarşı fiziki təsirtəzyiq göstərilməsə də, onun qardaşını da xüsusilə külli miqdarda narkotik vasitənin satışı ilə bağlı tutacaqları ilə hədələdiklərindən ilkin etirafedici izahatını imzaladığını, üzərinə şəxsi axtarış və götürmə, evinə baxış keçirilməsinə dair istintaq hərəkətləri həyata keçirilməsini özündə əks etdirən videoçəkilişdə polis əməkdaşlarının ona dediklərini təkrarladığını bildirsə də, məhkəmə onun həmin dəlilini də özünümüdafiə xarakterli dəlil kimi qiymətləndirir.

60. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

61. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

62. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ona qarşı polis bölməsində qanunsuz hərəkətlərin edilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət etməmiş, ilkin izahatında bu xüsusata toxunmamışdır ki, məhkəmə hesab edir ki, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən psixoloji təsirlə bağlı göstərdiyi hallar təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı özünün müdafiəsi üçün hər hansı sübuta əsaslanmadan yeni dəlillər irəli sürməsinin göstəricisidir.

63. Məhkəmə iclasında təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən onların yaşadıqları evə qanunsuz baxış keçirilən və guya evindən külli miqdarda narkotik vasitə aşkar olunan zaman evdə qardaşından savayı, valideynlərinin və bacısının olmasını, onların bu faktı təsdiq edə biləcəyini bildirsə də, evə baxış keçirilməsinə dair videodiskdə evdə yalnız Təqsirləndirilən şəxs və qardaşının olması, onlardan başqa hər hansı ailə üzvünün olmaması müşahidə edilmişdir.

64. Həmçinin, iş materiallarından görünür ki, təqsirləndirilən şəxsin qardaşı Zabil Qurbanov ərizə təqdim edərək yaşadıqları evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş, evə baxış keçirilməsində iştirak edərək həmin istintaq hərəkətini özündə əks etdirən protokolu hər hansı etirazı olmadan imzalamış, polis əməkdaşlarının hər hansı qanunsuz hərəkətləri ilə bağlı nə protokolda müvafiq qeyd aparmamış, nə də ötən müddət ərzində bununla bağlı hər hansı hüquq-mühafizə orqanına məlumat verməmişdir.

65. İbtidai istintaq zamanı dindirilmiş təqsirləndirilən şəxsin valideynləri X4 və X1 ifadələrində polis əməkdaşlarının qanunsuz olaraq onların evinə daxil olaraq oğlu Təqsirləndirilən şəxs apardıqlarını, daha sonra yenidən gətirərək oğlu Zabildən yazılı razılıq ərizəsi alaraq evə baxış keçirdiklərini, həmin vaxt polis əməkdaşlarının onları bir otağa salaraq çıxmağa icazə vermədiklərini bildirmişlər ki, məhkəmə sözügedən şəxslərin təqsirləndirilən şəxsin yaxın qohumları olmaqla onun xeyrinə ifadə vermələrinin real olmasını nəzərə alaraq onların həmin ifadələrini övladlarını cinayət məsuliyyətindən və onun gözləyən cəzadan kənarda qoymağa yönəlik ifadələr kimi qiymətləndirir.

66. Bununla yanaşı, təqsirləndirilən şəxs ifadələrində heç vaxt narkotik vasitələrin satışı və ya digər formada dövriyyəsi ilə məşğul olmadığını bildirsə də, onun 14 mart 2024-cü il tarixli ilkin izahatından görünür ki, o, itthamda qeyd olunan və törədilməsi ona istinad olunan cinayət əməlini etiraf edərək üzərində gəzdirdiyi narkotik vasitəni saxlanıldıqdan sonra könüllü şəkildə polis əməkdaşlarına təqdim etdiyini, daha sonra yaşadığı evdə baxış keçirilən zaman könüllü olaraq evdə saxladığı külli miqdarda narkotik vasitə qurudulmuş marixunanı və bir ədəd elektron tərəzini təqdim etdiyini, həmin narkotik vasitəni İran vətəndaşı “Hüseyn” adlı şəxsin dediyi ünvanlara qoyacağını, bunun müqabilində ona 1000 manat pul veriləcəyini bildirmişdir.

67. Bununla yanaşı, məhkəmə iclasında tədqiq edilmiş şəxsin üzərinə axtarış və götürmə, yaşadığı evə baxış keçirilməsini əks etdirən videodisklərdən Təqsirləndirilən şəxs tam sərbəst və könüllü şəkildə həm üzərində, həm də yaşadığı evdə olan narkotik vasitələri polis əməkdaşlarına təqdim etməsi, həmin narkotik vasitələri əldə etmə məqsədi barədə ətraflı məlumat verməsi açıq-aşkar görünməkdədir.

68. Bundan savayı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 14 mart 2024-cü il tarixli, 7/429 saylı rəyi ilə Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə ilə qurudulmuş marixuana ilə onun üzərində gəzdirdiyi və polis idarəsində təqdim etdiyi qurudulmuş marixuananın tərkiblərinə görə eyni olmaları müəyyən edilmişdir.

69. Həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə daxil olmuş və həmin nömrədən göndərilmiş SMS yazışmaların mətnləri ilə təqsirləndirilən şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması öz təsdiqini tapmışdır (təqsirləndirilən şəxsin nömrəsinə göndərilmiş: “Gelirem sen 50 dene gül hazır ele, tez ol ama, menim yanımda adam var o görmemelidi, ama o uşaqda mənnen girecek eve, bildin, tez ele men 10 deq çatıram”; “ərim qalıb yarı yarımçıq. Bir cavab gönder qardaş”; “Olsun qardaş etibarlı adamın varsa problem olmayacaqsa men görüşəcəm”; “zibil klokunun içinə bax, gör əriyib göt gününə qalıb, yapışıb xalçaya, sen özünde oturmusan yanıb eriyen peçin qabağında”; “Fikirli olmusan yeqin, plasmasın iyini hiss elememisende, ne bilim vallah, diyirler guya plasmasın dadı şirin olur, Allah şefa versin menim qerdeşim”; “İşim var aç söz deyirem menden xeber gözdüyən var”; “Neşe söhbeti alınır bu gün? ya-yox”. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** mobil nömrədən: “Qardaş bilmirem sene nece deyim rayonda böyük problemim yaranıb, Bakıya ne vaxt gələcəm mən sənə dəqiq deyə bilmirəm, istiyirsən maraqlan yenə, ama görüm çalışacam onu sene etibarlı bir adamnan ötürdüm” məzmunlu yazışmalar).

70. Hazırki halda məhkəmə təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə verdiyi ilkin izahatını, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahatını işin həqiqi halları və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla uzlaşan izahat kimi qəbul edir və onun ibtidai istintaqın sonrakı gedişatında, o cümlədən, məhkəmə istintaqı zamanı verdiyi ifadələri özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir.

71. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, yuxarıda göstərilən təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS yazışmalar, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.

72. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.

73. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir.

74. Təqsirləndirilən şəxs əməlində cinayətin resdivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1).

75. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olmaması, cəzasını ağırlaşdıran hal kimi əməlində cinayətin residivinin olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut-04 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir.

76. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

77. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.

78. İş üzrə mülki iddia yoxdur.

79. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

80. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 14 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı Şəhəri Xəzər RPİ-nin saxlancına verilmiş 1958,94 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut-04 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 72 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar