Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-450/2022 13.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi - Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Babaşov Emil Adil oğlunun iştirakı ilə, xx xxxxxx 1985-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 mart 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 05 noyabr 2015-ci il tarixli qərarı ilə cəzadan 02 ay 15 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozunda yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 181.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e tdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli yolla talama, habelə təkrarən insanın həyat və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq, yəni özgənin əmlakını açıq talama əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talamaq məqsədi ilə 02 may 2021-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakovtamat yolu adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan bir ədəd 1450 manat dəyərində kombi istilik aparatını, bir ədəd 100 manat dəyərində laqondanı, bir ədəd 100 manat dəyərində dreli, 100 manat dəyərində hamam aksesuarlarını, 50 metr uzunluğunda 100 manat dəyərində elektrik naqillərini, 450 manat dəyəri olan taraz cihazını və bir ədəd 200 manat dəyərində samovarı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 2500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə 27 avqust 2021-ci il tarixdə saat 03:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu adlanan ərazidə yerləşən “Al market”in yaxınlığında dayanacaqda əyləşib avtobus gözləyən Zərərçəkmiş şəxs2 yaxınlaşıb bir əli ilə sonuncunun çiynindən tutaraq, digər əli ilə isə onun əl çantasını özünə tərəf dartıb əlindən alaraq qaçmağa başlamış, qaçarkən çantadan pul qabının yerə düşdüyünü və Zərərçəkmiş şəxs2 tərəfindən götürüldüyünü görüb geri qayıdaraq bir əli ilə Zərərçəkmiş şəxs2 sağ əlindən tutub saxlamış, digər əli ilə isə sonuncunun əlində olan pul qabıdan yapışaraq dartmağa başlamış, pul qabını dartıb əlindən alma prosesində Zərərçəkmiş şəxs2 həyat və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə ona boynunun, sağ əlin sıyrıqları, sağ bazunun qançırı xəsarətlərindən ibarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə içərisində 60 manat pul, Zərərçəkmiş şəxs2, onun oğlu X5 və bacısı X4 məxsus şəxsiyyət vəsiqələri, Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC tərəfindən verilmiş maaş kartı və “Tam kart” bank kartı olan 15 manat dəyərində pul qabını əlindən alıb qaçmaqla əmlakını açıq talayıb ona 75 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən, yəni Zərərçəkmiş şəxs2 pul qabını alıb qaçmaqda təqsirli, oğurluq əməli ilə bağlı hissədə isə təqsirsiz bilərək göstərdi ki, daimi iş yeri yoxdur və ağır maddi vəziyyətdə yaşayır. Ailəsini və özünü dolandırmaqda çox çətinlik çəkir. Gündəlik dolanışığı üçün məcbur olub bir çox tanışlarından borc pullar almışdır. Amma həmin borcları qaytarmaq üçün iş-güc, qazanc yeri tapa bilməmiş və borcların heç olmasa bir hissəsini ödəmək üçün pul ələ keçirmək fikrinə düşmüşdür. Bu məqsədlə 27 avqust 2021-ci il tarixdə saat 03:30 radələrində yaşadığı evin yaxınlığında Bakavtomat deyilən yola çıxmış, orada “Al market”in yaxınlığında əlində çanta olan tanımadığı bir qadının dayanacaqda əyləşib maşın gözlədiyini gördükdə onun əlindəki çantanı alıb qaçmaq qərarına gəlmişdir. Bu məqsədlə bir qədər həmin qadının yanında dayanıb ətrafa baxaraq kənarda heç kimin olmadığını gördükdən sonra qadına yaxınlaşaraq əvvəlcə saatı soruşmuş, qadın saatına baxıb ona cavab verdikdən sonra isə onun sağ tərəfinə keçib dayanmışdır. Bir az tərəddüd etsə də nəhayət qəti qərara gəlmiş və cəld hərəkətlə bir əli ilə həmin qadının çantasından yapışaraq dartmış, digər əli ilə isə çiynindən basmışdır ki, ayağa qalxa bilməsin. Lakin qadın bərk-bərk yapışdığı çantanı buraxmaq istəməmiş, çantanı hərə öz tərəfinə dartmışdır. Nəhayət, qadın dözməyib çantanı buraxmış və o dartışma prosesində artıq cırılmış çantanı ələ keçirib qaçmağa başlamışdır. Təxminən üç-dörd metr aralandıqdan sonra nəyinsə yerə düşdüyünü hiss edib ani olaraq dayanmış, geri boylananda çantadan pul qabının yerə düşdüyünü və həmin qadının pul qabını götürdüyünü görüb geri qaçmış, çantanı yerə ataraq qadına – adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 tərəf qaçmışdır. Gülçin pul qabını yerdən götürüb geri qaçdığı anda ona çatmış və onun qolundan tutub saxlamış, sonra cəld pul qabından tutmuş və əlindən qoparıb almaq üçün Gülçinin başından da geri itələmişdir. Bu üsulla pul qabını Gülçinin əlindən dartıb almış və dərhal qaçaraq oradan uzaqlaşmışdır. Bu zaman iki nəfər şəxsin onun arxasınca qaçdığını görüb yol kənarında gizlənmişdir. Orada pul qabını açıb baxdıqda içində 60 manat pul, şəxsiyyət vəsiqələri və bank kartları olduğunu görmüşdür. Pulu çıxarıb cibinə qoymuş, pul qabını isə içində olan şəxsiyyət vəsiqələri və iki ədəd bank kartı ilə birlikdə bir qədər kənara atmışdır. Təxminən yarım saatdan sonra gizləndiyi yerdən çıxaraq evinə getmişdir. Növbəti gün, yəni 28 avqust 2021-ci il tarixdə səhər saatlarında Gülçinin çantasından götürdüyü həmin 60 manat pulu şəxsi ehtiyaclarına xərcləmiş, bir neçə xırda borclarını ödəmişdir. Gülçinə qarşı törətdiyi əməl bundan ibarət olmuşdur. Aralarında olan dartışma zamanı heç bir halda həmin qadını vurmamış, hədələməmişdir. İbtidai istintaq vaxtı da etdiyi hərəkətlər barədə səmimi ifadələr vermiş, ona qarşı hər hansı təsir-təzyiq olmamışıdr. İbtidai istintaq vaxtı da müstəntiqə heç bir halda Gülçinin guya müqavimətini qırmaq üçün ona zərbə endirməsi ilə bağlı ifadə verməmişdir. Müstəntiq tərəfindən ifadələrinin tam düzgün yazıldığına əmin olub xüsusi diqqət yetirmədən imzalamışdır. Oğurluqla bağlı isə istintaqa etiraf ifadəsi versə də əslində o, bunu etməmiş və düz deməmişdir. Vurulmuş ziyanı ödəmək üçün heç bir maddi imkanı yoxdur. Zərərçəkmiş şəxs2 qarşı törətdiyi əməldən peşman olmasının, oğurluq cinayətini isə törətməməsinin nəzərə alınmasını və ona törətdiyi əmələ görə mümkün qədər az cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hər iki cinayət epizodu ilə bağlı tam etiraf ifadələri vermiş, o cümlədən oğurluq cinayəti ilə bağlı epizod üzrə verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 02 may 2021ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Binə qəsəbəsi, Bakavtomat yolu ilə gedərkən ətrafda heç kimin olmadığını görüb, oradakı, sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə hasarı aşaraq həyətə oradan isə həyətdə yerləşən qapısı olmayan tikiliyə daxil olaraq içəridə olan kombi aparatını söküb götürmüşdür. Daha sonra həmin tikilidə olan bir ədəd laqondanı, bir ədəd dreli, topa şəkildə qoyulmuş elektrik naqilini, bir ədəd taraz cihazını, hamam aksesuarlarını, bir ədəd samovarı götürərək onların hamısını həyətin darvazasının yanına yığmış və darvazanı açaraq ətrafa baxıb heç kimin olmadığını gördükdən sonra bu əşyaları sürüyə-sürüyə həyətdən çıxarıb evdən bir qədər kənara aparmışdır. Sonra isə bir qədər kənarda dayanmış nömrəsini və sürücüsünün adını bilmədiyi “Mercedes" markalı taksini çağırıb, sürücüyə bu əşyaların hamısının özünə məxsus olduğunu və satmağa apardığını deyərək avtomobilə yükləyib Sabunçu rayonunda yerləşən «rus bazarı» adlanan bazara aparmış, orada tanımadığı bir şəxsə əşyaların hamısını onların özünə məxsus olduğunu bildirərək 500 manata satmışdır. Əldə eldiyi pulları özünün şəxsi ehtiyaclarına xərcləmişdir (cild 1, iş vərəqə 163-166). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri ilə bağlı qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, 27 avqust 2021-ci il tarixdə saat 03:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolunda yerləşən “Al market”in qarşısında dayanacaqda oturub Zirə qəsəbəsində yerləşən istixanadakı iş yerinə getmək üçün xidməti avtobusu gözləyərkən kənarda dayanan bir nəfər tanımadığı şəxs əvvəlcə ondan saatı soruşmuş, o cavab verdikdən sonra həmin şəxs onun sağ tərəfinə keçərək dayanmışdır. Daha sonra həmin şəxs anidən bir əli ilə onun əlində olan çantadan tutaraq çəkməyə başlamış, digər əli ilə isə onun çiynindən tutmuşdur ki, o, ayağa qalxa bilməsin. Həmin şəxs çantanı onun əlindən alaraq qaçmağa başlayarkən dartışma zamanı cırılmış çantanın içindən pul qabı yerə düşmüş, o da dərhal qaçıb pul qabını yerdən götürmüşdür. Həmin şəxs onun pul qabını yerdən götürdüyünü görüb geri qayıtmış, əlindəki çantanı yerə ataraq onun əlindəki pul qabıdan yapışmış və pul qabını dartaraq onun əlindən almaq istəmişdir. Bu zaman o qaçmaq istəsə də həmin şəxs onun sağ qolundan tutub saxlamış, sonra pul qabıdan yapışıb onu aralamaq üçün digər əli ilə başından itələmişdir. Gücü çatmadığından pul qabını buraxmağa məcbur olmuş, o anda adını sonradan bildiyi Teymur pul qabını əlindən alaraq qaçmışdır. Həmin vaxt iki nəfər şəxsin gəldiyini görüb onlardan kömək istəmişdir. Lakin onlar Teymurun arxasınca qaçsalar da onu tuta bilməmişlər. Əlindən alınan pul qabının içində 60 manat pul, özünə, oğlu X6 və X4 məxsus şəxsiyyət vəsiqələri, özünə məxsus, balansında təqribən 287 manat pul olan "xxxx"ın əmək haqqı kartı, balansında 300 manat pul olan "xxxx" tərəfindən verilmiş “Tam kart” plastik kartları olmuşdur. O, həmin kartları pulsuz əldə etmiş, hadisədən sonra kartların nüsxələrini alaraq balansdakı pul vəsaitlərini özü çıxartmışdır. Məhkəmədə verilən sulları cavablandırarkən Zərərçəkmiş şəxs2 göstərdi ki, hadisə zamanı Teymur bir əli ilə onun saçından tutub digər əli ilə onun başından vurmamışdır. Ona qarşı cinayət törətmiş, vurulmuş ziyanı ödəməmiş bu şəxsə qarşı münasibəti çox pis olsa da həqiqəti danışmağı özünə borc bilir. Teymur onu ümumiyyətlə vurmamışdır. Qolundakı sıyrıq isə Teymurun dırnağının toxunuşundan əməl gəlmişdir. Həmin dartışma anında şəxsən özünün həyatı və sağlamlığı üçün heç bir təhlükə hiss etməmiş, nə də Teymur bununla bağlı ona hər hansı hədə-qorxu gəlməmiş, saatı soruşma məsələsindən başqa ümumiyyətlə aralarında danışıq olmamışdır. İbtidai istintaq zamanı da məhkəmədə danışdığı məzmunda ifadə vermişdir. İfadəsini müstəntiq yazmış, o isə yekunda ifadəsi ilə tanış olmadan onun düzgün yazıldığına inanaraq imzalamış, şəxsən oxumağa zərurət görməmişdir. Müstəntiq özü də ifadəsini ona oxumamışdır. Cinayət işinin materialları ilə tanış olarkən də ona maraqlı olmadığı üçün heç nəyə xüsusi bir diqqət yetirməmişdir. Əslində hadisə belə olmuşdur ki, Teymur yerə düşmüş pul qabını onun əlindən almaq istəyərkən o özü də müqavimət göstərərək pul qabını əlindən buraxmamağa və qaçıb getməyə çalışmışdır. Lakin Teymur onun qaçmasına imkan verməmək üçün o anda sağ qolundan tutub saxlayarkən sonuncunun dırnağı onun qolunun dərisini cızmışdır. Bir daha qeyd edir ki, Teymur həm də onun başına, ümumiyyətlə bədəninin hər hansı nahiyəsinə zərbə endirməmiş, sadəcə əli ilə başından itələyərək pul qabını əlindən alaraq qaçmışdır. Ona vurulmuş ziyan ödənilməmişdir. Teymurla barışmamış və onu bağışlamamışdır. Kasıb bir insan olduğu üçün həmin pula ehtiyacı var, ona görə də ona vurulmuş ziyanın ödənilməsini tələb, təqsirləndirilən şəxsə isə layiq olduğu cəzanın verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, təxminən 15 il bundan öncə Bakı şəhəri, Binə qəsəbəsi, Bakavtomat yolunda 2 sot torpaq sahəsi almış, orada 2015-ci ildə mişar daşlarından iki mərtəbəli ev tikdirmişdir. Ev tam təmirlidir, evin giriş hissəsində seyf qapı var və həyətinin hasarı mişar daşlardan inşa edilmişdir. Həyətdə əl damı var və həmin tikilinin pəncərəsi, qapısı plastik materialdandır. Əl damında kombi istilik aparatını quraşdırmış, bundan başqa özünə məxsus tikinti alətlərini oraya yığmışdır. 02 may 2021-ci il tarixdə işləri ilə əlaqədar Tərtər rayonunda olarkən qonşusu ona zəng edərək evinin həyət darvazasının açıq olmasını bildirdikdən sonra o, qaynı Məsrəfə zəng edərək evə gedib baxmasını xahiş etmişdir. Az sonra Məsrəf ona zəng edərək yardımçı tikilidən kombinin oğurlandığını bildirmişdir. Bundan sonra Məsrəf onun xahişi ilə «102» xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Növbəti günlərdə evə gəlib baxanda yardımçı tikilidə divara vurulmuş dəyəri 1450 manat olan bir ədəd markasını xatırlamadığı 32-lik kombinin, həmin yardımçı tikilidə qoyulmuş 100 manat dəyərində bir ədəd «Bosch» markalı laqondanın, dəyəri 100 manat olan bir ədəd «Bosch» markalı drelin, ümumi dəyəri 100 manat olan hamam aksesuarlarının, dəyəri 100 manat olan 50 metr elektrik naqilinin, dəyəri 450 manat olan «Bosch» markalı tarazın və dəyəri 200 manat olan samovarın oğurlandığı məlum olmuşdur. Ona ümumilikdə 2500 manat məbləğində ziyan vurulmuşdur. Təqsirləndirlən şəxsdən ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. İbtdai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, 27 avqust 2021-ci il tarixdə saat 03:30 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu adlanan ərazidə dostu Eminin həyətində olarkən bir qadının ucadan qışqırdığını eşitmişlər. Əvvəlcə Emin, ikinci qışqırtı səsindən sonra isə özü də küçəyə yola çıxarkən Eminin tanımadığı bir şəxsin arxasınca qaçdığını görmüşdür. Sonra o özü də onların arxasınca qaçmağa başlamışdır. Həmin şəxs həmin ərazidə yerləşən bağçanın yanından sola dönərək gözdən itmişdir (cild 1, iş vərəqə 107-108). İbtdai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir (cild 1, iş vərəqə 104-105). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmiş, sonuncu da törətdiyi soyğunçuluq əməlini bir daha etiraf etmişdir (cild 1, iş vərəqə 77-78). Məhkəmə-tibbi ekspertizasının 06 sentyabr 2021-ci il tarixli 1099 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər - boynun, sağ əlin sıyrıqları, sağ bazunun qançırı küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 3-4 gün əvvəl olmaqla, qərarda göstərilən 27 avqust 2021-ci il tarixə uyğun gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatlara qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur (cild 1, iş vərəqə 110-112). İbtidai istintaq zamanı kamera görüntülərini əks etdirən 01 ədəd videodiskə baxış keçirilərkən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs vəkili X2 iştirakı ilə bildirmişdir ki, videogörüntülərdəki şəxs o özüdür, pula ehtiyacı olduğu üçün həmin cinayət əməlini törətmişdir. Videogörüntüdəki qadını tanımır, əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamışdır. İlk dəfə hadisə baş verən vaxt həmin qadını görmüşdür. Qeyd edilən görüntülərin köçürüldüyü 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınararaq cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqə 138-139). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 mart 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 noyabr 2015-ci il tarixli qərarı ilə 02 ay 15 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur (cild 1, iş vərəqə 109). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi oğurluq əməlini törətməməsi ilə bağlı ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizəsi yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, zərərçəkmiş şəxsin və şahidin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qərarından da görünür ki, barəsində həbs qətimkan seçilərkən həmin məhkəmə iclasında da Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etmişdir. Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayəti ilə bağlı ibtidai araşdırmanın ilkin mərəhələsindən başlayaraq dəfələrlə verdiyi, ardıcıl, bir-biri ilə üst-üstə düşən və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq və insanın həyat və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə təkrarən soyğunçuluq cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunların tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilirki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin fadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs oğunun hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.2-ci maddəsindən həmin Məcəllənin 180.2.2-ci və 180.2.4-cü maddələrinə tövsif edilməli və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü, 180.2.2-ci və 180.2.4cü maddələri ilə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarının 23-cü bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 181.1-ci maddəsində “həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi” hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn, zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (Cinayət Məcəlləsinin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. İş üzrə toplanmış sübutların məcmusu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 sağlamlığının qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş yüngül zərər vurma ilə nəticələnmiş xəsarət yetirməmişdir. Məhkəmə-tibbi ekspertizasının müvafiq rəyindən görünür ki, Gülçin Ələkərovanın bədənində aşkar edilmiş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Yəni, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 həyat və sağlamlığı üçün təhlükəli ola biləcək hər hansı zorakılıq etməmişdir. Həm də zərərçəkmiş şəxsi ona qarşı həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələməmişdir. Həm təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələri, həm də işin digər faktiki halları ilə müəyyən edilmiş mübahisəsiz hallardan biri də odur ki, faktiki olaraq əvvəl çantanın, daha sonra pul qabının götürülməsi üçün baş vermiş dartışma zamanı tərəflər ümumiyyətlə sözlə ünsiyyətdə olmamışlar. Onların sözlə ünsiyyəti yalnız cinayət əməli baş verən anadək Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən saatı soruşması halı ilə bağlı olmuşdur. Belə olan vəziyyətdə zərərçəkmiş şəxsə qarşı həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etmə hədəsi kimi əlamət istisna olunur. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs2 həyat və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq cinayətini törətməsi faktı isə tam sübutu yetirilir. Odur ki, məhkəmə həmin epizod üzrə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.2-ci maddəsindən həmin Məcəllənin 180.2.2-ci və 180.2.4-cü maddələrinə tövsif edir, gəldiyi bu nəticəni tam qanuni və əsaslı sayır. Məhkəmə onu da qeyd edir ki, ibtidai istintaq orqanı Zərərçəkmiş şəxs2 qarşı törədilmiş hüquqazidd əməllə bağlı toplanmış materiallar əsasında 28 avqust 2021-ci il tarixdə cinayət işini tam qanuni və əsaslı şəkildə məhz Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə başlamış, eyni gündə Təqsirləndirilən şəxs həmin maddə ilə nəzərdə tutulmuş əməli törətməkdə şübhəli bilərək tutmuş, sonra da toplanmış sübutlar məcmusuna əsaslanmaqla ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci və 180.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. İbtidai istintaqın bundan sonrakı mərhələsində isə Zərərçəkmiş şəxs2 qarşı soyğunçuluq deyil, məhz quldurluq cinayətinin törədilməsinə dəlalət edə biləcək hər hansı yanakı sübut belə əldə olunmamışdır. Bununla belə, müstəntiq tərəfindən tərtib olunmuş 26 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarda hər hansı əsaslandırma verilmədən, heç bir sübuta, dəlilə söykənmədən təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci və 180.2.4-cü maddələrindən həmin Məcəllənin 181.2.2-ci maddəsinə tövsif edilməli olduğu qeyd edilmiş və eyni tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 181.2.2-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə, qeyd olunanlara, iş üzrə toplanmış sübutların məcmusuna əsaslanmaqla ibtidai istintaq orqanının gəlmiş olduğu bu qənaətin yanlış olduğunu vurğulayır və təqsirləndirilən şəxs tərəfindən məhz müvafiq tövsifedici əlamətlərlə soyğunçuluq cinayətinin törədilməsi ilə bağlı gəldiyi nəticəni mübahisəsiz hesab edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3cü, 180.2.2-ci və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə az ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3cü, 180.2.2-ci və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü, 180.2.2-ci və 180.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını onun cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan Hüquqlarının və X3 Haqqında” Konvensiyanın 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 avqust 2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 28 avqust 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 26, 98-100). Məhkəmə, göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəx Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən, məhkəmə mərhələsində isə Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Babaşov Emil Adil oğlu tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, ibtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı Babaşov Emil Adil oğlunun vəkil işlədiyi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər cinayət əməli nəticəsində onlara vurulmuş ziyanla bağlı cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiklərindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin tələbinə əsasən onlara mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları izah edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü, 180.2.2-ci və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci və 180.2.4-cü maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına vəkil X7 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Babaşov Emil Adil oğlu üçün 210 (iki yüz on) manat məbləğində pul köçürülsün. Cinayət mühakimə icraatı zamanı mülki iddia verməmiş iş üzrə zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə onlara vurulmuş ziyanı tələb etmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-450/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-450/2022
13.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver