Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-451/2021 28.01.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Hüseynov Səbuhi Sabir oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmiş və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda hazırlamaqla əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi toxumlardan istifadə etməklə 2020-ci ilin may ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində, nömrəsiz bağ evinin həyətyani sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda, yəni 201 (iki yüz bir) ədəd çətənə bitkilərini əkib becərərək aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, həmçinin 2020-ci ilin iyun ayının sonlarında həmin bitkilərin hissələrini yığıb qurudaraq hazırlamaqla satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 720 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq həmin ünvanda yerləşən tövlədə saxlamış və xx xxxx 2020-ci il tarixdə saat 14 radələrində Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis bölməsinin əməkdaşları tərəfindən göstərilən ünvana baxış keçirilən zaman həyətyanı sahədə yerləşən evin sağ yan tərəfində daş hasarla əhatə olunmuş üzəri açıq yarımtikilinin içərisində torpaq örtüyü üzərində əkilib-becərilməsi qadağan olunmuş, külli miqdarda, yəni ümumi sayı 201 (iki yüz bir) ədəd, ümumi təmiz çəkisi 11 kq 55 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi, habelə həmin bağ sahəsində yerləşən tövlənin giriş qapısının yuxarı hissəsində dam örtüyünün taxta aşırmasının sağ tərəfində parlaq metal rəngli podnosda külli miqdarda, yəni təmiz çəkisi 720 (yeddi yüz iyirmi) qram olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni 237.2.3-cü maddə ilə təqsirli bildi və ifadəsində göstərdi ki, o, narkotik vasitə olan marixuana istifadə edir. Hər dəfə ehtiyacı olduqda həmin narkotik vasitəni müxtəlif yerlərdən tanımadığı şəxslərdən alır. Son vaxtlar maddi çətinlikləri olduğuna görə marixuana almaqda çətinlik çəkmiş və buna görə də öz istifadəsi üçün yaşadığı evin həyətində əkmək qərarına gəlmişdir. Tutulmazdan təxminən 6 ay əvvəl yaşadığı bağ evinin yaxınlığında sellofan torbada təsadüfən bir qədər çətənə toxumu tapmışdır. Mütəmadi olaraq marixuanaya ehtiyacı olduğu üçün Ləhiş bağ massivi, yeni tikili nömrəsiz bağ evinin həyətyanı sahəsində, dörd tərəfi daş hasarla əhatə edilmiş sahədə təxminən 6 ay öncə, yəni may ayının sonlarında yerin torpaq örtüyündə olmaqla özü istifadə etmək üçün həmin toxumları əkməyə başlamışdır. Həmin toxumlar tədricən inkişaf edərək çətənə bitkiləri əmələ gəlmişdir. O, mütəmadi olaraq məqsədli şəkildə yaxşı yetişməsi üçün həmin kollara qulluq etmiş, sulamışdır. xx xxxx 2020-ci il tarixdə saat 11:30 radələrində Nardaran qəsəbəsi, bağ massivində olarkən 4 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar onu 42-ci Polis bölməsinə dəvət etmişlər. O, razılaşaraq polis əməkdaşlarının müşayiəti ilə 42-ci PB-nin inzibati binasına gəlmişdir. Orada otaqların birində ona hüquqları izah edilmiş və müvafiq sənədlərə imza edərək təsdiqləmişdir. Bundan sonra üzərində axtarış aparılmışdır. Axtarış nəticəsində üzərində heç bir qanunsuz əşya aşkar edilməmişdir. Əlavə sorğu zamanı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən nömrəsiz evin həyətyanı sahəsində çətənə bitkisi əkdiyini və həyətdəki tövlədə qurudulmuş marixuana saxladığını bildirmişdir. Bundan sonra baxış keçiriməsi üçün polis əməkdaşlarının müşayiəti ilə qeyd olunan ünvana gəlmişlər. Baxışa başlamazdan əvvəl bitkiləri əkdiyi yeri göstərmək təklif edildikdə o, polisləri yaşadığı evin sağ yan tərəfinə bitişik olan daş hasarın qarşısına gətirmiş və bildirmişdir ki, çətənə kollarını həmin divarla əhatə olunmuş üzəri açıq torpaq sahədə əkmişdir. Bundan sonra baxış iştirakçıları ilə birlikdə divara söykənmiş nərdivanla qalxaraq həmin divarı aşıb qeyd edilən sahəyə düşmüşlər. Həmin sahədə torpağa əkilmiş, kənarları alaq otlarından təmizlənmiş, sulanmış şəkildə bitki kolları aşkar edilmişdir. O, həmin bitkilərin çətənə kolu olmasını, 2020-ci ilin may ayının sonlarında əkdiyini, mütəmadi olaraq suladığını və qulluq etdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom da həmin bitkilərin çətənə kolları olmasını, aqrotexniki qaydada qulluq edilməklə yetişdirildiyini təsdiqləmişdir. Aşkar edilmiş kollar torpaqdan çıxarlaraq sayılmış və ümumilikdə 201 ədəd olması müəyyən edilmiş və onun yanında qablaşdırılaraq götürülmüşdür. Əlavə olaraq polislərə tövlədə qurudulmuş marixuana saxladığını demişdir. Bundan sonra onun göstərməsinə əsasən həyətdə olan evlə üzbəüz sol tərəfdə yerləşən tikiliyə gəlmişdir. İçəriyə daxil olmuş və giriş qapısının yuxarı hissəsində dam örtüyünün taxta aşırmasının sağ tərəfində parlaq metal rəngli sininin içərisində qoyduğu yaşıl rəngli xırdalanmış şəkildə bitki kütləsi aşkar edilmişdir. O, həmin kütləni iyun ayının sonlarında topladığı çətənə kollarından hazırladığını və orada şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Əslində isə kütləni elə həmin gün toplamışdır. Sonra həmin bitki kütləsi də müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. O, marixuana istifadəçisi olduğundan öz istifadəsi üçün tapdığı çətənə toxumlarını əkərək yetişdirmişdir. Narkotik vasitəni satmaq niyyəti olmamışdır. Həmin narkotik vasitəni öz tələbatını ödəmək üçün əkib yetişdirmişdir. Ondan tapılan bitki kütləsi götürüləndə hesab edir ki, qurumamış olmuşdur. Ona görə də bildirir ki, həmin kütlə qurudulmuş marixuana deyildir. Etdiyi cinayət əməlindən çox peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. xx xxxx 2020-ci il tarixdə 42-ci Polis bölməsinə Sabunçu rayonu, Maştağa qəsəbəsi, E.Mustafayev küçəsi, ev 6 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Ləhiş bağ massivində narkotik tərkibli bitkiləri əkməsi, kultivasiya etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla məruzə edilmiş və müvafiq qərar qəbul edilərək əməliyyat qrupu təşkil edilmişdir. Həmin gün saat 11:30-da Sabunçu rayonu, Nardaran bağ massivində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və o, saxlanılaraq 42-ci Polis bölməsinə gəlməsi təmin edilmişdir. Bölmədə onun prosessual hüquqları təmin edildikdən sonra üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış nəticəsində onun üzərindən heç bir qanunsuz predmet aşkar edilməmişdir. Əlavə sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən nömrəsiz evin həyətyanı sahəsində çətənə bitkisi əkdiyini və həyətdəki tövlədə qurudulmuş marixuana saxladığını bildirmişdir. Bundan sonra onun yaşadığı Ləhiş bağ massivində yerləşən nömrəsiz evə baxış keçirilməsi üçün yollanmışlar. Ev sakininin razılığı ilə həmin ünvana baxış keçirilmişdir. Baxışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs bitkiləri əkdiyi yeri göstərmək təklif edilmiş və o, polisləri evin sağ yan tərəfinə bitişik olan daş hasarın qarşısına gətirmiş və bildirmişdir ki, çətənə kollarını həmin divarla əhatə olunmuş üzəri açıq torpaq sahədə əkmişdir. Bundan sonra baxış iştirakçıları ilə birlikdə divara söykənmiş nərdivanla qalxaraq həmin divarı aşıb qeyd edilən sahəyə düşmüşlər. Həmin sahədə torpağa əkilmiş, kənarları alaq otlarından təmizlənmiş, sulanmış şəkildə çətənə kollarına bənzər bitki kolları aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə kolu olmasını, 2020-ci ilin may ayının sonlarında əkdiyini, mütəmadi olaraq suladığını və qulluq etdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom da həmin bitkilərin çətənə kolları olmasını, aqrotexniki qaydada qulluq edilməklə yetişdirildiyini təsdiqləmişdir. Aşkar edilmiş kollar torpaqdan çıxarılaraq sayılmış, ümumilikdə 201 ədəd olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs yanında qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs əlavə olaraq tövlədə qurudulmuş marixuana saxladığını deyərək təqdim etməyi təklif etmişdir. Bundan sonra onun göstərməsinə əsasən həyətdə olan evlə üzbəüz sol tərəfdə yerləşən tikiliyə gəlmişlər. İçəriyə daxil olmuşlar və giriş qapısının yuxarı hissəsində dam örtüyünün taxta aşırmasının sağ tərəfində parlaq metal rəngli sininin içərisində qoyduğu yaşıl rəngli xırdalanmış şəkildə bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütləni iyun ayının sonlarında topladığı çətənə kollarından hazırladığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Sonra həmin bitki kütləsi də müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş digər pols əməkdaşı Şahid1 şahid X2 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları tam olaraq təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış və götürmə aparılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan və videodiskin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr saxlaması, gəzdirməsi, istifadə etməsi və narkotik bitkilər əkməsi, kultivasiyası, narkotik vasitələrin satışı barədə daxil olmuş məlumat əsasında xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana videoçəkiliş aparılmaqla baxış keçirilmiş, qeyd olunan ünvanda həyətyanı sahədə əkilib yetişdirilməklə kultivasiya edilmiş ümumilikdə 201 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa, həyətdə olan tikilinin işərisindən metal sininin içərisində yaşıl rəngli xırdalanmış şəkildə bitki kütləsi aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs həmin kütləni bir neçə gün əvvəl çətənə kollarından topladığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir (iş vərəqi 40-41, 105). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli aqronomik rəydən görünür ki, Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəyə baxış keçirilən zaman aşkar edilmiş 201 ədəd kol narkotik xassəli çətənə bitkisidir, həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuş, alaq olunmuş və suvarılmışdır (iş vərəqi 43). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 7/418 saylı rəyindən görünür ki: - tədqiqata təqdim edilmiş bir ədəd üzəri skoçla bağlanmış sellofan bağlamada təmiz çəkisi 720,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. - tədqiqata təqdim olunmuş beş ədəd ağ rəngli sintetik torbalarda yaş vəziyyətdə, ümumi sayı 201 (iki yüz bir) ədəd, ümumi çəkisi 11055,0 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. - Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqatın dəyəri 66,46 (altmış altı manat qırx altı qəpik) manat təşkil edir (iş vərəqi 47-50). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 7/618 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş tədqiqata təqdim edilmiş marixuana və çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Tədqiqatın dəyəri 72 (yetmiş iki manat) manat təşkil edir (iş vərəqi 126-128). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2531 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi pereparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 124-125). İşdə olan maddi sübut kimi tanıma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları, nömrəsiz bağ sahəsinə keçirilmiş baxışın videogörüntülərini əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqi 109). İşdə olan əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları, nömrəsiz bağ sahəsindən götürülmüş təmiz çəkisi 720 qram olan narkotik vasitə qurudulmuş marixuana və ümumi sayı 201 ədəd, ümumi təmiz çəkisi 11055 qram olan çətənə bitkiləri maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq çəkiləri 719,95 qram qurudulmuş marixuana və 11054,70 qram çətənə bitkiləri Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir (iş vərəqi 129, 164). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli, 4817 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb (iş vərəqi 106). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 87-88, 96-101). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən marixuananın qurudulmuş halda şəxsi istehlak miqdarı 5 qrama qədər, 500 qram və ondan yuxarı miqdarı, habelə qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərdən çətənə növlü bitkilərin 16 ədədi və ondan yuxarı miqdarı külli miqdar hesab olunur. Həmin Qanunun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 19-cu bəndində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində nəzərdə tutulmuş cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs hazırlamaqla əldə edərək saxladığı və daşıdığı narkotik vasitə olan qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından 144 dəfə artıqdır (720 qram/5 qram=144). Bu səbəbdən təqsirləndirilən şəxsin külli miqdarda olan marixuananı şəxsi istehlak məqsədilə əldə etməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni hazırlamaqla əldə edib saxlaması və daşıması və qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirməklə kultivasiya etməsi kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cavan və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanı aşağı həddə təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən barəsində xx.xx.2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (iş vərəqi 23, 80-82, 179-181). Qeyd edilən müddəaları nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 719,95 qram qurudulmuş marixuana və 11054,70 qram 201 ədəd çətənə kolları məhv edilməli, video görüntülər olan 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 138,46 (yüz otuz səkkiz manat qırx altı qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, CM-in 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CMin 237.2.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar: - Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 719,95 qram qurudulmuş marixuana və 11054,70 qram 201 ədəd çətənə kolları məhv edilsin; - Video görüntülər olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 138,46 (yüz otuz səkkiz manat qırx altı qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Səbuhi Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-451/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-451/2021
28.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver