Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-452/2020 18.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru ədliyyə müşaviri X3, müdafiəçi Bakı şəhər 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, « 18 » iyun 2020-ci il Bakı şəhərində xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Çkalov küçəsində yerləşən “Seyid” marketin yaxınlığında olan kafenin qarşısında Zərərçəkmiş şəxs ona qəsəbənin içərisində o tərəf bu tərəfə boylanmasına etiraz etməsi səbəbindən tərəflər arasında yaranmış şəxsi münasibətlər zəminində olan mübahisə zamanı Zərərçəkmiş şəxs ona tərəf yumruq atmasından sonra üzərində olan bıçağı çıxarıb Zərərçəkmiş şəxs qarın hissəsinə iki dəfə bıçaqla qəsdən vuraraq böyük piyliyin zədələnməsinə səbəb olan döş qəfəsinin sol yarısının periton boşluğuna nüfuz edən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bir ədəd deşilmiş-kəsilmiş yarası və döş qəfəsinin sağ yarısının ön divarının daxilə nüfuz etməyən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Masazır qəsəbəsində yerləşən “Fitnes Spa” mərkəzində güləş və qaydasız döyüş idman növləri üzrə idman müəllimliyi ilə məşğul olur. Onun Namiq adlı dostunun “Passat” markalı avtomobili tanışı Zabrat qəsəbəsində yaşayan “Fuad” adlı avtomobil təmiri ustasında olmuş, usta ilə görüşmək məqsədilə xx.xx.2019-cu il tarixdə saat 22 radələrində taksiyə minmək üçün “Masazırın kruqu” adlanan yerə piyada gedən zaman tanışı Şahid1 ilə rastlaşmış, Taleh həmin vaxtı idarə etdiyi “Porhse” markalı avtomobillə Zabrat yolu ilə “Koroğlu” metrosu isitqamətində getdiyini bildirmiş, Talehdən onu da yolüstü Zabrat qəsəbəsinə aparmağını xahiş etmişdir. O, Talehin idarə etdiyi avtomobilə Zabrat qəsəbəsinə gəlib “Seyid” marketin qarşısında avtomobildən düşmüş, görüşmək üçün vədləşdiyi Orman adlı dostuyla əlaqə saxlayıb “Seyid” marketin yanında olduğunu demişdir. Sonra siqaret və su almaq üçün “Seyid” marketə daxil olmuşdur. Bu vaxt mağazada tanımadığı sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs onu müşahidə etmiş. O da Tərlandan nə üçün ona baxdığını soruşmuş, Tərlan ona yaxınlaşıb kəndin içərisində nə üçün o tərəf bu tərəfə baxdığını ona bildirmiş, qəfldən onun üzünə tərəf yumruq atmış və onlar əlbəyaxa olmuşlar. O Tərlandan aralanmaq istəsə də sonuncu onu tutub saxlamış, o özünü müdafiə etmək üçün evdən götürdüyü bəzək suvener cib bıçağını çıxarıb Tərlanın döş qəfəsinə bir dəfə vurmuş, daha sonra Tərlan onunla dartışdığı üçün bıçaq Tərlanın sinəsinə dəymişdir. Bu vaxt Orman adlı dostu onun qarşısına çıxmış və nə baş verdiyini soruşmuş, o da bir nəfər şəxsin onun o tərəf bu tərəfə baxdığını əsas gətirib onunla dalaşdığını, ondan aralanmaq istəsə də onu tutub saxlamasını, buna görə də özünü müdafiə etməyi üçün həmin şəxsi bıçaqla vurduğunu bildirmişdir. Həmin vaxt Orman ondan aralanıb xəsarət alan Tərlan tərəfə getmişdir. O isə Talehin maşınına əyləşib onu evə aparmasını xahiş etmişdir. Taleh ondan nə baş verməsini soruşduqda o bir nəfərlə mübahisə etdiyini demişdir. Onlar Masazır istiqamətində gedəndə yolda hadisə yerindən 100 metr aralanmışlar ki, görüşməli olduğu usta Fuadı görmüş, 5-10 dəqiqə söhbət etdikdən sonra usta ilə Masazıra getmişlər. O Masazır qəsəbəsində düşüb evlərinə gedərkən xatırlamadığı yerdə bıçağı tullamış, evlərində də gecəni yatıb səhəri günü etdiyi əməldən peşmançılıq çəkdiyi üçün Sabunçu RPİ-yə gedib polisə təslim olmuşdur. Əməlindən peşmandır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində yaşadıqları məhəllədə yolun kənarında yerləşən “Seyid” marketin yanında olarkən əvəllər tanımadığı hadisədən sonra adının Mahmud olduğunu bildiyi şəxsin marketin qabağında dayanıb o tərəf bu tərəfə baxdığını görmüşdür. Mahmudun kəndin içərisində o tərəf bu tərəfə boylanmağı xoşuma gəlməmiş, Mahmudun saçı çoxlu qıvrım olduğundan onun marağını cəlb etmişdi. O, Mahmuda yaxınlaşıb nə üçün kəndin içində o tərəf bu tərəfə baxıb boylanmasını Mahmuda irad tutataraq nə üçün belə etməsini soruşmuş, Mahmud ona burada sadəcə gözlədiyini, bu məsələnin ona aidiyyətinin olmamasını demişdir. O, qıcıqlanıb Mahmudun üz nahiyəsinə bir dəfə yumruq atsa da Mahmud geri çəkildiyi üçün yumruq Mahmuda dəyməmiş, onlar əlbəyaxa olmuşlar. Mahmud ona müqavimət göstərib qaçıb getmək istədiyini anlayıb var gücüylə Mahmudu tutub saxlamış, Mahmud bıçağı çıxarıb onun qarın nahiyəsindən bir dəfə və sinəsindən bir dəfə zərbələr vurmuşdur. Mahmud ondan aralana bilib oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir iddia və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxsla bir məktəbdə oxumuşdur. xx.xx.2019-cu il tarixdə saat 23 radələrində o, işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Seyid” marketin qarşısında meyvə tərəvəz satışı ilə məşğul olmuş, səs eşidib görmüşdür ki, dostu Tərlan əli ilə qarın nahiyyəsini tutmuşdur. O, Tərlandan nə olduğunu soruşmuş,Tərlan ona bildirmişdir ki, bıçaqla vurulub və xəstəxanaya çatdırmağını xahiş etmişdir. O, tanımadığı taksi sürücüsü ilə Tərlanı Bakı şəhəri 3 saylı xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində internet saytında satışda olan “Niva” markalı avtomobilə baxmaq üçün Zabrat qəsəbəsinə getmişdir. Həmin avtomobilin alınması ilə bağlı qiymətdə razılaşmadıqları üçün o yaşadığı evə qayıtmaq məqsədilə Mehdiabad yolu istiqamətində gedəndə su almaq üçün yolun kənarında olan “Seyid” marketə yaxınlaşanda tanımadığı iki cavan oğlanın mübahisə etdiyini görmüşdür. Həmin şəxslər mağazanın kənarında qaranlıq yerdə durmuş, bir qədər kiçik boyu olan şəxs yəni, sonradan adının Tərlan olduğunu bildiyi şəxs qarşısındakı saçları uzun və buruq-buruq olan şəxsə nə üçün onun kəndində o tərəf-bu tərəfə baxdığını bildirib qarşısındakı şəxsə bir dəfə üzünə yumruq atmış və onlar əlbəyaxa olmuşlar. Həmin vaxt Tərlanla dalaşan şəxs Tərlana bıçaqla qarnından xəsarət yetirib iti addımlarla oradan uzaqlaşmışdır. O,Tərlana tərəf gedib yardım etməyə başlamış, həmin vaxt Tərlanın qarın nahiyəsindən qan axırmış. Buna görədə o Tərlanın yanında olan şəxsə kömək etməyini təklif etsə də sonradan həmin oğlan onun da maşınsız olduğunu görüb Tərlanı taksiyə qoyaraq xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında Mahmud onunla telefon əlaqəsi saxlayıb ondan harada olduğunu soruşmuş, o da Zabrat qəsəbəsinə getmək istədiyini bildirmişdir. Mahmud özünün də axşam saatlarında Zabrat qəsəbəsində olacağını demiş və Mahmudla birlikdə oturub söhbətləşmək üçün vədləşmişlər. Saat 23 radələrində Mahmudla yenidən telefon əlaqəsi saxlamış, Mahmud onu Zabrat qəsəbəsində yolun kənarında olan Seyid marketin yanında gözləyəcəyini bildirmişdir. O “Seyid” marketin yanında Mahmudun bir nəfər tanımadığı oğlanla dalaşmasını görmüş, onlara çatana kimi Mahmud həmin oğlandan ayrılıb iti yerişlə aralanmışdır. Mahmud həmin tanımadığı şəxsin nə üçün o tərəf bu tərəfə baxmağını bəhanə edib onun üstünə gəlib vurduğunu, Mahmud isə kiçik cib bıçağı ilə onu vurduğunu bildirmişdir. Həmin yaralı şəxsi taksiyə mindirib oradan aparmalarını görmüşdür. O, Mahmuda həmin hadisə ilə bağlı polisə gedib təslim olmağını tapşırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, “Seyid” marketi icarə əsasında işlədir. Zərərçəkmiş şəxs uşaq yaşlarından tanıyır. xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində mağazadan kənar səs küy düşdüyünü eşidib, nə baş verdiyini anlamaq üçün mağazadan çıxanda Tərlanı iki nəfərin köməkliyi ilə yolun o biri tərəfinə keçirdiklərini görmüşdür. Orada olan şəxslərin sözlərindən ona məlum olmuşdur ki, Tərlanı tanımadığı bir şəxs bıçaqlamışdır. Məhkəmə-tibbi ekspertizasının 1469 saylı xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs böyük piyliyin zədələnməsinə səbəb olan döş qəfəsinin sol yarısının periton boşluğuna nüfuz edən (1 ədəd) və döş qəfəsinin sağ yarısının ön divarının daxilə nüfuz etməyən (1 ədəd) deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, şəxsin qeyd etdiyi xx.xx.2019-cu il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə böyük piyliyun zədələnməsinə səbəb olan döş qəfəsinin sol yarısının periton boşluğuna nüfuz edən (1 ədəd) deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, döş qəfəsinin sağ yarısının ön divarının daxilə nüfuz etməyən (1 ədəd) deşilmiş-kəsilmiş yarası sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə könüllü olaraq Sabunçu RPİ-nin İŞ-nə gedərək təqsirini boynuna alaraq təslim olmuş və şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyərək, cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, ona görə də o, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və o, cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsi tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcinin olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351- 353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV
Məhkəmə qərarları › İş №1(101)-452/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-452/2020
18.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver