Məhkəmə qərarları › İş №1(101)-454/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-454/2021

24.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-454/2021 24.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 zərər çəkmiş şəxslərin hüquqi varisləri X3 və X2 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1991-ci il avqustun 04-də Beyləqan rayonunun Aşqallar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Beyləqan rayonunun Aşqallar kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni yaşayış massivində yaşayan, barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1.-ci, 263.1-1.-ci və 263.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır, ağır zərər vurulmasına və ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci il iyulun 16-da saat 23 radələrində etibarnamə ilə idarə etdiyi «VAZ 21099» markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili 70 km/saat sürətlə Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu- Lökbatan yolu ilə Lökbatan istiqamətinə doğru hərəkət etdirərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin tələbini pozmuş, yəni gözü qamaşdıqda qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalı, yaşayış məntəqəsində maksimumu icazə verilən 60 km/saat sürətindən yüksək sürətlə idarə etməsi şəraitində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməmiş, nəticədə ehtiyatsızlıqdan Lökbatan-Qobu istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs6 idarə etdiyi «VAZ 21074» markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq toqquşmuş, nəticədə hadisə zamanı «VAZ 21099» markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobildəki sərnişin Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs5 ölümünə səbəb olmaqla daxili qanaxma ilə müşayiət olunan ürək kisəsinin, ürəyin və sol ağciyərin cırılması, əzilməsi, sol tərəfli 2-3-4-5-6-7-ci və sağ tərəfli 3-4-5-ci qabırğaların qapalı yerini dəyişən sınıqları, sol gözətrafı nahiyəsinin qançırı, sol baldır nahiyəsinin sıyrığı, «VAZ 21074» markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs6 ölümünə səbəb olub daxili qanaxma ilə müşayiət edilən sağ və sol ağciyərlərin cırılması, əzilməsi, sağ tərəfli 3-4-5-6-cı və sol tərəfli 2-3-4-5ci qabırğaların qapalı yerini dəyişən sınıqları, döş qəfəsinin, sağ və sol baldır nahiyələrinin qançırları, qarınüstü nahiyəsinin sıyrıqları, sağ və sol bud, sağ və sol diz oynağı nahiyələrinin əzilmiş-cırılmış yaralarla müşahidə olunan xəsarətlər almalarına, sonuncunun avtomobilindəki sərnişinlərdən Zərərçəkmiş şəxs2 qapalı kəllə-beyin travması, hər iki almacıq, burun sümüyünün və hər iki almacıq sümüyünün qapalı sınıqları, alının, burnun, üst dodağın və sol baldır nahiyələrinin əzilmiş yaraları ilə müşayiət olunan dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs1 sağ budun yuxarı 1/3-nin qapalı qəlpəli, yerdəyişən sınığı, sağ baldır nahiyəsinin əzilmiş-cırılmış yaraları ilə müşayiət olunan dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs4 sol əlin tış səthinin qançırı, sol gözün üst qapağı və sol ayağın sıyrıqları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Zərərçəkmiş şəxs3 qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, hər iki tərəfli hemopnevmatoraks (döş boşluğuna qanın və havanın toplanması), İV, V, Vİ, Vİİ və sağda Vİİ, İX qabırğaların qapalı yerdəyişən sınıqları, sol bud sümüyünün, boyunun və sirkə kasasının qapalı yerdəyişən sınıqları, sol bud sümüyünün bud-çanaq oynağından travmatik çıxığı ilə nəticələnən dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına və mərhum sürücü Zərərçəkmiş şəxs6 avtomobilinə 2.990 manat dəyərində maddi ziyan dəyməsinə səbəb olmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1.-ci, 263.1-1.-ci və 263.3.-cü maddələri ilə ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2020-ci il iyulun 16-da saat 21 radələrində işdən evə gəlmişdir, anası Zərərçəkmiş şəxs5 evə bazarlıq etmək üçün ondan «Sədərək» ticarət mərkəzinin yaxınlığındakı «Meyvəli» bazarına getmələrini xahiş etdiyindən etibarnamə əsasında idarə etdiyi «VAZ 21099» markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yola çıxmışlar. 2020-ci il iyulun 16-da saat 23 radələrində Qobu-Lökbatan yolu ilə təxminən 70 km/saat sürətlə hərəkət etmiş, eyni istiqamətdə hər hansı bir nəqliyyat vasitəsi hərəkət etməsə də əks yolla hərəkət edən avtomaşının işıqlarına baxmağa başlamış, həmin avtomobil yaxınlaşdıqca yanan qabaq faralarına baxdığı üçün yolu görə bilməmiş, tormoz əyləcinə basmadan sükanı sola döndərəndə göstərilən nəqliyyat vasitəsi ilə toqquşduqdan sonra huşunu itirmiş, təqribən bir saat yarım keçmiş ayılmaqla anasının asfaltın üzərində yerdə uzandığını, ətrafda çoxlu sayda adam olduğunu görmüşdür. Əməlindən artıq dərəcədə peşmandır. Zərər çəkmiş şəxs və zərər çəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etmiş, iş üzrə maddi ziyanı ödəmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 2020-ci il iyulun 16-da axşam növbəsindən sonra Zərərçəkmiş şəxs6 adlı sürücünün idarə etdiyi «VAZ 21074» markalı avtomaşınla onu və onunla birlikdə «Kingsmart» marketində işləyən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 işdən götürüb Arzu qabaqda, o və digərləri arxada oturduqdan sonra Elxan hərəkətə başlayıb avtomobili həmişəki qaydada çox ehtiyatlı və rahat idarə etmişdir. Hərəkətdə olan vaxt Sevincin qızı sonuncunun mobil telefonuna zəng vuraraq harada olduğunu soruşduqda Sevinc hava qaranlıq olduğu üçün arxaya baxmaqla «Qobu Park» ərazisini keçdiyini bildirmiş, qızlarla söhbət edərkən yolu izləmədiyindən toqquşmanın necə baş verdiyini görməmişdir. Hadisə nəticəsində onlar müxtəlif dərəcəli bədən xəsarətləri almışlar, sürücü isə dünyasını dəyişmişdir. İş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X6 ifadəsində göstərdi ki, 2020-ci il iyulun 16-da Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu-Lökbatan yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı vəfat etmiş Zərərçəkmiş şəxs5 onun arvadıdır. O, «VAZ 21099» markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomaşınını etibarnamə əsasında böyük övladı Təqsirləndirilən şəxs vermiş, 2020-ci il iyulun 16-da saat 23 radələrində Şahzadə Kamillə bərabər evə bazarlıq etməkdən ötrü «Meyvəli» bazarına getmiş, bir qədər sonra sonuncunun törətdiyi hadisəni eşidib hadisə yerinə gedəndə Kamilin idarə etdiyi avtomobilin toqquşduğu başqa bir nəqliyyat vasitəsinin sürücüsünün və onun həyat yoldaşının öldüklərini öyrənmişdir. Təqsirləndirilən şəxsla barışmışdır, sonuncuya qarşı onun, digər zərər çəkmiş şəxsin hüquqi varisinin və zərər çəkmiş şəxslərin heç bir iddiaları, şikayətləri və tələbləri yoxdur. Avtoqəza ehtiyatsızlıqdan baş verdiyindən oğluna yüngül cəza verilməsini xahiş edir. İş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X4 ifadəsində göstərdi ki, əri Zərərçəkmiş şəxs6 2020-ci il iyulun 16-da saat 23 radələrində idarə etdiyi «VAZ 21074» markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu-Lökbatan yolunda başqa bir avtomobillə toqquşmasını və ölməsini qayını X5 eşitmişdir. Hadisənin necə baş verdiyini görməmişdir. Təqsirləndirilən şəxsla barışmışdır, onun heç bir iddiası, şikayəti və tələbi yoxdur və olmayacaqdır, sonuncuya azadlıqdan mərhumetmə ilə bağlı cəza verilməsinə etiraz etmir. Məhkəmə iclasında ifadəsi elan edilib tədqiq olunmuş iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ibtidai araşdırmada zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ilə oxşar ifadələr vermişlər (iş vərəqi 73-74, 81-82 və 93). İş materiallarındakı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 17 iyul tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu-Lökbatan yoluna baxış zamanı tormoz izi aşkar edilməməklə toqquşan «VAZ 21099» markalı **-BN-*** dövlət qeydiyyat nişanlı və «VAZ 21074» markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobillərə aid şüşə qırıntılarının asfaltın üzərinə səpələnməsi, hər iki avtomobilin yararsız vəziyyətdə olması müəyyən olunmuş, sxem və fotocədvəl protokola əlavə edilmişdir (iş vərəqi 4-10). İş materiallarında olan 2020-ci il 17 iyul tarixli 2/10755 №-li Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı alkoqol sərxoşluğu vəziyyətində olmamışdır (iş vərəqi 17). İş materiallarında olan 2005-ci il 22 dekabr tarixli AC seriyalı 524204 №-li, 2013-cü il 03 oktyabr tarixli AE seriyalı 800699 №-li sürücülük vəsiqələrinin, 2011-ci il 15 aprel tarixli AB seriyalı 567340 №-li, 2020-ci il 16 mart tarixli AD seriyalı 773239 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin, habelə 2012-ci il 27 iyul tarixli ƏN-İİİ seriyalı 784578 №-li və 2020-ci il 09 iyun tarixli ƏN-V seriyalı 265579 №-li etibarnamələrin kserosurətlərindən görünür ki, Zərərçəkmiş şəxs6 və Təqsirləndirilən şəxs müvafiq qaydada «VAZ 21074 minik» markalı **-UH-*** dövlət qeydiyyat nişanlı və «VAZ 21099» markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilləri etibarnamə əsasında idarə etmişlər (iş vərəqi 19-21 və 23-25). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2020-ci il iyulun 23-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 42). İş materiallarındakı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 20 iyul tarixli protokollardan görünür ki, «VAZ 21099» markalı **-BN-*** dövlət qeydiyyat nişanlı və «VAZ 21074» markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobillərə baxış zamanı avtomaşınların qabaq buferlərinin, ön hissələrinin, sağ və sol qanadlarının, motor örtüklərinin əzilməsi, qabaq işıqların sınması müəyyən olunmuşdur (iş vərəqi 45- 48). İş materiallarındakı Beyləqan Rayonu İcra Hakimiyyəti başçısının X8 Ərazi Dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2020-ci il 24 iyul tarixli 244 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Beyləqan rayonunun Aşıqallar kəndində yaşayır, kəndin ictimai işlərində fəal iştirak edir, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (iş vərəqi 56-57). İş materiallarında olan 2016-cı il 14 iyul tarixli AZ-İİİ seriyalı 793895 №-li, 2017-ci il 03 fevral tarixli AZ-İİİ 874452 №-li və 2018-ci il 04 oktyabr tarixli AZ-İV seriyalı 179347 №li doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs Şəmsi, Məryəm və Mirsüleyman adlı övladları vardır (iş vərəqi 58-60). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X7» publik hüquqi şəxsinin Abşeron rayon şöbəsinin meyitin ekspertizasına dair 2020-ci il 16 avqust tarixli 69 nömrəli və 2020-ci il 16 avqust tarixli 68 nömrəli, canlı şəxsin ekspertizasına dair 2020-ci il 16 sentyabr tarixli 1797 nömrəli, 2020-ci il 18 sentyabr tarixli 1798 nömrəli, 2020-ci il 18 sentyabr tarixli 1800 nömrəli və 2020-ci il 16 sentyabr tarixli 1799 nömrəli ekspert rəylərindən müvafiq qaydada görünür ki, 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs5 meyitinin bədən səthindəki daxili qanaxma ilə müşayiət olunan ürək kisəsinin, ürəyin və sol ağciyərin cırılması, sol tərəfli 2-3-4-5-6-7-ci və sağ tərəfli 3-4-5-ci qabırğaların qapalı yerdəyişən sınıqları, sol gözətrafı nahiyəsinin qançırı, sol baldır nahiyəsinin sıyrığı kimi xəsarətlər həyati olub ölümündən bir qədər əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənərək 2020-ci il iyulun 16-da salonunda olduğu avtomobilin digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, sonuncunun ölümü ilə birbaşa səbəbli əlaqəlidir, Zərərçəkmiş şəxs5 ölümünə səbəb daxili qanaxma ilə müşayiət olunan ürək kisəsinin, ürəyin və sol ağciyərin cırılması, əzilməsi və iki tərəfli qabırğaların sınıqları nəticəsində əmələ gələn travmatik-hemorragik şok olmuşdur; 1973cü il təvəllüdlü Zərərçəkmiş şəxs6 meyitinin bədən səthindəki daxili qanaxma ilə müşayiət olunan sağ və sol ağciyərlərin cırılması, əzilməsi, sağ tərəfli 3-4-5-6-cı qabırğaların, sol tərəfli 2-3-4-5 qapalı yerdəyişən sınıqları, döş qəfəsinin, sağ və sol baldır nahiyələrinin qançırları, qarınüstü nahiyəsinin sıyrıqları, sağ və sol bud, sol və sağ diz oynağı nahiyələrinin əzilmiş-cırılmış yaraları kimi xəsarətlər həyati olub ölümündən bir qədər əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənərək 2020-ci il iyulun 16-da yol-nəqliyyat hadisəsi şəraitində salonunda olduğu avtomobilin digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, sonuncunun ölümü ilə birbaşa səbəbli əlaqəlidir, Zərərçəkmiş şəxs6 ölümünə səbəb daxili qanaxma ilə müşayiət olunan sağ və sol ağ ciyərlərin cırılması, əzilməsi və iki tərəfli çoxsaylı qabırğaların sınıqları nəticəsində əmələ gələn travmatik-hemorragik şok olmuşdur; 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədən üzərindəki qapalı kəllə-beyin travması, hər iki almacıq, burun sümüyünün və hər iki almacıq sümüyünün qapalı sınıqları, alnın, burnun, üst dodağın və sol baldır nahiyələrinin əzilmiş yaraları kimi xəsarətlər və 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədən üzərindəki sağ budun yuxarı 1/3-nin qapalı qəlpəli, yerdəyişən sınığı, sağ baldır nahiyəsinin əzilmişcırılmış yaraları kimi xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənərək 2020-ci il iyulun 16-da salonunda olduğu avtomobilin digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir; 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 bədən üzərindəki sol əlin tış səthinin qançırı, sol gözün üst qapağı və sol ayağın sıyrıqları kimi xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənərək 2020-ci il iyulun 16-da salonunda olduğu avtomobilin digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir; 1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 bədən üzərindəki qapalı kəllə-beyin travması, baş beyinin əzilməsi; hər iki tərəfli hemopnevmatoraks (döş boşluğuna qanın və havanın toplanması), İV, V, Vİ, Vİİ və sağda Vİİ, İX qabırğaların qapalı yerdəyişən sınıqları, sol bud sümüyünün, boyunun və sirkə kasasının qapalı yerdəyişən sınıqları, sol bud sümüyünün bud-çanaq oynağından travmatik çıxığı kimi xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənərək 2020-ci il iyulun 16-da salonunda olduğu avtomobilin digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (iş vərəqi 106-109, 111-118 və 120-121). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 04 sentyabr tarixli 8/1229 nömrəli və 2020-ci il 15 oktyabr tarixli 8/1768 nömrəli ekspert rəylərindən görünür ki, «VAZ-21099» markalı **-BN- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 73-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmaqla bu maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olmuşdur, sonuncu avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur; ekspertiza tədqiqatlarının dəyəri 200 manatdır (iş vərəqi 123-125 və 179-181). İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 05 oktyabr və 2020-ci il 07 oktyabr tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsindən həmin Məcəllənin 263.1.-ci, 263.1-1.-ci və 263.3.-cü maddələrinə tövsif edilməklə sonuncuya göstərilən maddələrdə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 141-144, 148-150 və 167-168). İş materiallarında olan «Xəzər-Lada» açıq səhmdar cəmiyyətinin İxtisaslaşdırılmış avtomobil mərkəzinin «Avtovaz servis mərkəzi»nin 2020-ci il 02 oktyabr tarixli E/355 №-li və eyni tarixli E/356 №-li ziyan aktlarından müvafiq qaydada görünür ki, «VAZ 21099» markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 4.240 manat, «VAZ 21074» markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 2.990 manat təşkil edir (iş vərəqi 147-148). İş materiallarındakı 2020-ci il oktyabrın 21-də qeydə alınan ərizələrdən görünür ki, zərər çəkmiş şəxlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 onlara vurulan maddi ziyan ödənildiyindən Təqsirləndirilən şəxsla barışmışlar, sonuncuya qarşı heç bir iddiaları, şikayətləri və tələbləri yoxdur (iş vərəqi 182- 185). İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin sübutların qiymətləndirilməsi haqqında 2020-ci il 21 oktyabr tarixli qərarından görünür ki, ********* cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1.-ci, 263.1- 1.-ci və 263.3.-cü maddələri ilə elan edilən ittiham qüvvəsində saxlanılmış; Zərərçəkmiş şəxs6 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən barəsində cinayət təqibinin başlanması rədd olunmuşdur (iş vərəqi 187-191). Məhkəməyə təqdim edilən notariat qaydasında təsdiq olunmuş 2021-ci il 10 fevral və 2021-ci il 10 mart tarixli ərizələrdən görünür ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, zərər çəkmiş şəxslərin hüquqi varisləri X6 və X4 onlara vurulan maddi ziyan ödənildiyindən Təqsirləndirilən şəxsla barışmışlar, sonuncuya qarşı heç bir iddiaları, şikayətləri və tələbləri yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərər çəkmiş şəxslərin sağlamlığına yüngül, az ağır, ağır zərər vurulmasına və ölümünə səbəb olan avtomobil idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətini törətməsi sübuta yetirilir. Lakin Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsi həmin Məcəllənin 263.1.-ci və 263.1-1.-ci maddələrində nəzərdə tutulan əməlləri əhatə etdiyindən ibtidai araşdırma orqanı tərəfindən onun əməlinin Azərbaycan Respublikasının CM-nin 263.1.-ci, 263.1-1.-ci və 263.3.-cü maddələri ilə tövsif olunması yanlışdır. Bu əsasla, yəni Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsi ilə əhatə olunduğuna görə dövlət ittihamçısı təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikasının CM-nin 263.1.-ci və 263.1-1.-ci maddələri ilə irəli sürülmüş ittihamdan imtina etmişdir. Belə ki, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 17-ci bəndinə görə, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş, həm də bu maddələrdə nəzərdə tutulmamış (məsələn, şəxsin sağlamlığına yüngül zərər vurulması, yaxud da onun əmlakının zədələnməsi və ya məhv edilməsi) nəticələrdən bir neçəsinə səbəb olduqda təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına fiziki, əmlaklarına isə maddi zərər vurulmuş bütün şəxslər zərər çəkmiş şəxs qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87-ci maddəsində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Bir-biri ilə əlaqədar olmayan və müxtəlif vaxtlarda yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması qeyd edilən maddələrdə nəzərdə tutulmuş eyni nəticələrə səbəb olduqda törədilmiş əməllər CMnin həmin nəticəyə görə məsuliyyət müəyyən edən müvafiq maddəsi ilə, belə əməllərin hər birisi müxtəlif nətiəcələrə səbəb olduqda isə həmin əməllər cinayətlərin məcmusu qaydasında tövsif edilir. Məhkəmə iş üzrə sübut edilən hallara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs irəli sürülən ittihamdan Azərbaycan Respublikasının CM-nin 263.1.-ci və 263.1-1.-ci maddələri xaric edilməklə əməli Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsi ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə araşdırılmış sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün etirafedici, zərər çəkmiş şəxsin, zərər çəkmiş şəxslərin hüquqi varislərinin ifadələri, məhkəmə iclasında elan edilərək tədqiq olunan digər zərər çəkmiş şəxslərin ifadələri, ekspertizaların rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında himayəsində üç azyaşlı uşağının olmasının, zərər çəkmiş şəxslər və zərər çəkmiş şəxsin hüquqi varisləri ilə barışıq əldə etməsinin, dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsinin işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla ilk məhkumluğunu, əməlindən səmimi peşman olmasını, qeydiyyatda olduğu yer üzrə müsbət xasiyyətləndirilməsini işdə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8.-ci, 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ci il 2 aprel tarixli Qərarının 3-cü maddəsi Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsində qeyd olunan «bu Məcəllənin 59.1.9 və 59.1.10cu maddələrində» müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 21-ci bəndinə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin Baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1.-56.1.2.-ci maddələrində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində, beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-56.1.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2013-cü il 18 iyun tarixli Plenumunun Qərarına əsasən, şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrinə çəkilməsi müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 45.1.-ci maddəsində göstərilir ki, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmçinin «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 22-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Habelə Azərbaycan Respublikasının CM-nin 263-cü, 263-1.-ci, 264-cü və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Məhkəmə qeyd edilən halları nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin olunmaqla yanaşı onun nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmasını məqsədəuyğun sayır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə zərər çəkmiş şəxslərin hüquqi varislərinin və zərər çəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışıb ona qarşı şikayətlərinin və ya tələblərinin olmamasını nəzərə alır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri – 200 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 45.2.-ci maddəsi əsasında, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəza növü azadlıqdan məhrumetmə cəzasına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 157.2.-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəza növündə cəza müəyyən müddətə azadlıqdan məhrumemə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 23-cü bəndində göstərilir ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının CİM-nin 157.2ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl əsas cəzadan azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə, hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi onun yaşadığı yerin icra məmuruna göndərir (Azərbaycan Respublikasının CİM-nin 154.3-cü maddəsi). İcra məmuru tərəfindən göstərilən sənədlər icra olunması üçün qəbul edildiyi vaxtdan şəxsə təyin olunmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəza üçün müəyyən edilmiş müddətin axımı başlayır. Belə olan halda Təqsirləndirilən şəxs əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzasının əvvəli o, əsas cəzanı çəkib qurtardıqdan sonrakı müddətə təyin edilməli və müddət axımı hökmün surəti onun yaşadığı yerin icra məmuruna göndəriləndən sonra icra məmuru tərəfindən göstərilən sənəd icra olunması üçün qəbul edildiyi vaxtdan başlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs elan olunan ittihamdan Azərbaycan Respublikasının CM-nin 263.1.-ci və 263.1-1.-ci maddələri xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin edilən azadlıqdan məhrumetmə cəzasının müddətinin başlanğıcı onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın, əlavə cəza qismində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzası isə o, əsas cəzanı çəkib qurtardıqdan sonrakı müddətə təyin edilsin və müddətin axımı hökmün surəti onun yaşadığı yerin icra məmuruna göndəriləndən sonra icra məmuru tərəfindən göstərilən sənədin icra olunması üçün qəbul edildiyi vaxtdan başlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri – 200 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs seçilən başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar