Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-455/2023 22.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, məhəllə 4, ev 6/19 mənzil 16-da qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, ev 54, mənzil 25-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, üzərində saxlayaraq daşımışdır. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs 17 iyul 2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamletamin əldə edib, üzərində saxlayaraq daşımış, 18 iyul 2022-ci il tarixdə saat 09.40 radələrində ünvan 1 ünvanın qarşısında Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, ünvan 2 ünvanında yerləşən Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına gətirilmiş, polis şöbəsinin xidməti otaqlarından birində üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd tünd sarı rəngli kağız bükümün içində, 01 ədəd bükümdə təmiz çəkisi 15.220 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,898 qram olan kustar üsulla hazırlanmış ağ rəngli kristallik psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, o, xx xxxxxxx 1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, tutulana qədər metronun «Memar Əcəmi» stansiyasının yaxınlığında kirayədə yaşamış, ailəli olmaqla, himayəsində 2 uşağı vardır. Hadisə günü o, taksi ilə hərəkətdə olan zaman Dərnəgüldə «depo» deyilən yerlə üzbəüz olarkən post patrul xidmətinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Polis əməkdaşları onun telefonunu əlindən alıb, onu 17 saylı polis bölməsinə gətirmişlər. Onun üzərində heç bir narkotik vasitə olmamış, polis bölməsində olarkən polis əməkdaşları ona hədə-qorxu gəlib boş kağıza imza etdirmişlər. Nərimanov rayon Məhkəməsində ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açılacağı deyilmişdir. O, əvvəllər məhkum olunmadığına görə işlərin gedişatından xəbərsiz olmuşdur. Ona istintaq zamanı ittiham aktı verilməmiş, ittiham aktını ona məhkəmə təqdim etmişdir. Onun üzərində ittiham aktında qeyd edilən narkotik vasitə olmamış, o, heç kimə narkotik vasitə satmamışdır. Onun narkotik vasitələrin satışı ilə əlaqədar telefon zəngləri də olmamışdır. O, narkotik vasitənin istifadəçisi olmuş, lakin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, narkotik vasitələrin «patı», «nəşə» və digər növlərindən istifadə etmişdir. Onun yaxın dostu «189» taksi şirkətində taksi fəaliyyəti ilə məşğul olmuş, 2022-ci ilin iyul ayının 16-da dostunun idarə etdiyi taksi avtomaşını ilə ailə üzvlərini evinə gətirmək üçün gedən zaman Ziya Bünyadov prospektində post patrul xidmətinin əməkdaşları onu saxlamış, maşını yoxlamış, ondan bir bükümdə metamfetamin aşkar etmişlər. O, metamfetimini sosial şəbəkələrdən tanış olduğu, adını xatırlamadığı İran İR-nın vətəndaşından almışdır. Onun üzərində 1 qram metamfetamin olmuş, aldığı psixotrop maddədən bir az istifadə etmiş, üzərində 0,898 qram metamfetamin qalmışdır. O, həmin psixotrop maddənin qramını 15 manata almışdır. Saxlanılan zaman da həmin psixotrop maddə onun üzərində olmuşdur. Şəxsi axtarış zamanı polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qaldığına görə heroinin ona məxsus olduğunu etiraf etmişdir. O, istifadəsində olan mobil nömrədən heç kimə narkotik vasitənin satışı ilə bağlı mesaj göndərməmişdir. İş materiallarında olan bütün sənədlərdəki imzalar ona məxsusdur. Ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edəcəklərini dediklərinə görə o, sənədləri imzalamışdır. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkilidir. 18 iyul 2022-ci il tarixdə səhər saatlarında Ziya Bünyadov prospekti, Dərnəgül ərazisində əməliyyat müvəkkili Şahid2la xidmətdə olarkən Təqsirləndirilən şəxs özünü şübhəli apardığından ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs şöbəyə gəldikdən sonra müdafiəçi dəvət olunmuş və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs şalvarının cibindən bir bükülü aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin bükülünün içində narkotik vasitə olduğunu bildirmişdir. Aşkar edilmiş həmin bükülü təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş və zərfin üzəri onlar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxsi əvvəlcədən tanımamış, onun hərəkətlərindən narkotik vasitələrin istifadəçisi olmasından şübhələnərək Ziya Bünyadov küçəsində ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. Şəxsin üzərinə baxış keçirilərkən özü şəxsən iştirak etmiş, baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilən istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə xx.xx.2022-ci il tarixli, 6/3873 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 219» dairəvi möhür əksləri olan, «Vət.Təqsirləndirilən şəxs üzərində aşkar edilərək...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd tünd sarı rəngli kağıza bükülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 15,220 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,898 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildirlər (cild İ, i/v 34-37). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin Ambulator X1 dair 29 sentyabr 2022-ci il tarixli 5625 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata ahııması məsləhət görülür (cild İ, i/v 271-272). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X13 Ambulator Məhkəmə Psixiatrik Ekspertizası üzrə 20 avqust 2022-ci il tarixli, 2232 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. X2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild İ, i/v 264-266). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında» 18 iyul 2022-ci il tarixli protokoldan görünür ki, 18 iyul 2022-ci il tarixdə saat 10.30-dan saat 11.00-dək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Belə ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasındakı xidməti otaqlardan birində Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət edilmiş «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili X8 iştirakı ilə Nərimanov RPİ-nin 17-ci PŞ-nin tədqiqatçısı, polis polkovnikleytenantı Ramin Qurbanov tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması istintaq hərəkəti videoçəkiliş aparılmaqla qeydə alınmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanılmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində olan əşyaları könüllü təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol cibindən içərisində 107 manat və 1 ABŞ dolları olan pulu, LEOBANK kartı olan qara rəngli pul kisəsini, qara rəngli «Rothmans» markalı siqaret qutusunu, sarı rəngli alışqanı həmin şalvarın sağ cibindən sarı rəngli «Samsung» markalı mobil telefonunu və 1 ədəd tünd sarı rəngli kağıza bükülmüş bükümü təqdim etmiş və təqdim etdiyi həmin bükümün narkotik maddə olan heroin olmasını və həmin narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin 1 ədəd tünd sarı rəngli kağıza, bükülmüş narkotik vasitəyə bənzər maddəni xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində Nəsimi rayonu, M.Əcəmi metrostansiyasının yaxınlığında 200 manat ödəniş etməklə əvvəllər tanımadığı İran İslam Respublikası vətəndaşından sosial şəbəkə vasitəsilə «işarələnmiş» yerdən şəxsi istifadəsi məqsədilə əldə etməsini qeyd etmişdir (cild İ, i/v 22-23). Həmin protokola əlavə edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 107 manat və 1 ABŞ dolları pul, içində Leobank bank kartı olan 01 ədəd qara rəngli pul kisəsi, qara rəngli «Rothmans» markalı siqaret və sarı rəngli 01 ədəd alışqan Təqsirləndirilən şəxs təhvil verilmişdir (cild İ, i/v 24). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 19 iyul 2022-ci il tarixli «Diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd ağ rəngli DVD diskə Nərimanov RPİ-nin MSY-nin inzibati binasında xidməti otaqda şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili X8 iştirakı ilə personal kompüter vasitəsi ilə baxış keçirilmişdir. Həmin 01 ədəd ağ rəngli DVD diskdə olan görüntülərə baxış keçirilməsi üçün kompüterin prosessoruna qoyulmuş və ekranda açılmış fayla baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sarı rəngli kağıza bükülmüş bükümü çıxararaq təqdim edir və həmin bükümün içində narkotik vasitə olmasını bildirir. Aşkar edilmiş büküm axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılaraq imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində iş üçün əhəmiyyət kəsb edən əşya və ya maddə aşkar edilmir. DVD disklə bağlı protokol tərtib edilərək disklə birlikdə iş materiallarına əlavə edilmişdir (cild İ, i/v 51). Cinayət işinin materiallarına əlavə edilmiş DVD diskdə əks olunan videogörüntülər məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı əynində olan cins şalvarın sağ cibindən 1 ədəd tünd sarı rəngli kağıza bükülmüş bükümü təqdim etmiş, lakin «Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında» 18 iyul 2022-ci il tarixli protokolda qeyd edildiyi kimi təqdim etdiyi həmin bükümün içərisində məhz narkotik maddə olan heroin olmasını bildirməmiş, cibindən çıxararaq təqdim etdiyi həmin bükümü narkoman xəstə olması ilə əlaqədar 200 manat ödəniş etməklə əldə etdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş bükülü təhqiqatçı tərəfindən açılmadan zərfə qoyularaq qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «əşyanın maddi sübut hesab edilməsi haqqında» 19 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 15,220 qram olan narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,898 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlə çıxılmaqla təmiz qalıq çəkisi 15,170 qram olan 01 ədəd bükümdə narkotik vasitə heroin və ekspertiza tədqiqatına sərf edilmiş kütlə çıxılmaqla təmiz çəkisi 0,848 qram olan 01 ədəd bükümdə psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild İ, i/v 93-94). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «sübutların qiymətləndirilməsi, cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında» 19 iyul 2022-ci il tarixli qərardan görünür ki, 03 noyabr 2022-ci il tarixdə «Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması» haqqında 18 iyul 2022-ci il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd «DVD» formatlı disk, həmçinin "xxxx" MMC-dən AZF/LGL-14848/22 nömrəli məktubla daxil olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə bağlı telefon danışıqları, SMS yazışmaları, anten və digər məlumatları özündə əks etdirən 01 ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin qərarla həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni satmış şəxsin müəyyən edilməsi məqsədi ilə hazırkı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır (cild İ, i/v 279-290). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «Diskə baxış keçirilməsi» haqqında 02 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli AZF/LGL-14848/22 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı telefon nömrəsi ilə bağlı telefon danışıqlar, SMS yazışmalar, anten və digər məlumatları özündə əks etdirən 01 ədəd CD diskə baxış keçirilmiş, diskdə olan daxil olan və çıxan SMS mətnlərindən 34 və 76 vərəqdən ibarət çıxarışlar tərtib edilmiş protokola əlavə edilmiş və həmin smslər çıxarışlarda işarə edilmişdir. Təqsirləndirilən şəxs və müdafiəçisi həmin 110 vərəqdən ibarət sms çıxarışları ilə tanış edilmiş, Təqsirləndirilən şəxs həmin smslər barədə heç bir məlumatının olmadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir (cild İ, i/v 275). Qeyd olunan protokola əlavə edilmiş sms çıxarışları məhkəmə iclasında bilavasitə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı telefon nömrəsinə xx.xx.2022-ci il tarixdə 77-514-24-14 saylı mobil telefon nömrəsindən «Yarı kola lazımdı hardasan», xx.xx.2022-ci il tarixdə 70-947-12-22 saylı mobil telefon nömrəsindən «Ruslan 5 kola 5 pati getirde», xx.xx.2022-ci il tarixdə 70- 947-12-22 saylı mobil telefon nömrəsindən «İmkan var 1 gram kola 5 manatlıgda patı? 35 manat verecem bir söz de», xx.xx.2022-ci il tarixdə 77-217-90-47 saylı mobil telefon nömrəsindən «Ruslan mənəm musudu...bir dene kola lazımdı imkan varsa yigda mene», xx.xx.2022-ci il tarixdə 55-791-01-78 saylı mobil telefon nömrəsindən «San öl özüma istiyiram. Agriyiram galirsan evdayam 5 manat kola», xx.xx.2022-ci il tarixdə 70-839-19-47 saylı mobil telefon nömrəsindən «Qaqaş Raski basa dusursen, basıva donerem patını bir az dobru eliyerdin», xx.xx.2022-ci il tarixdə 70-947-12-22 saylı mobil telefon nömrəsindən «menimcin 10 nuq ayırda, balaca das menimcin atda xayis edirik», xx.xx.2022-ci il tarixdə 55-355-87-91 saylı mobil telefon nömrəsindən «yarımda pati qoyda», xx.xx.2022-ci il tarixdə 70-287-87-22 saylı mobil telefon nömrəsindən «Ruslan yeke oğlansan dedim 1 yarım tema ver demedim ki baltala ver 1 qram olan (paket 03) mal 07 bele tema vermirler qaqas», xx.xx.2022-ci il tarixdə 70-287-87-22 saylı mobil telefon nömrəsindən «Salam qaqa hardasan 1 qram torpax 5diy cet daw lazımdı gele mene nagdi», həmin tarixdə, həmin mobil nömrədən «kola lazımdı 1 qram hardasan qaqa», xx.xx.2022-ci il tarixdə 70-274-00-64 saylı mobil telefon nömrəsindən «yetım 10 pati lazimdi», xx.xx.2022-ci il tarixdə 50-361-22-95 saylı mobil telefon nömrəsindən «yetim tema istiyen var. Tel ac», həmin tarixdə 70-274-00- 64 saylı mobil telefon nömrəsindən «yarı düzeld yetim», xx.xx.2022-ci il tarixdə 55-791- 01-78 saylı mobil telefon nömrəsindən «1 butov daş, 3 bütöv torpaq mana düzelt. Pul tamizdi bil», həmin tarixdə, həmin mobil nömrədən «hardasan galim daş verda mana 1 butov», xx.xx.2022-ci il tarixdə 77-575-14-14 saylı mobil telefon nömrəsindən «sene deyirem lomkadayam ac qapını», «Ruslan qeyretin olsunbu qeder şərəfsiz olma bu qeder alçaq biqeyret olma ac qapını dedim adam kimi agridayam», həmin tarixdə, həmin mobil nömrədən «2 yarım fanta lazımdı alınır alınmır cavab de», xx.xx.2022-ci il tarixdə 55-261-19-50 saylı mobil telefon nömrəsindən «yox mənə 8,2 lazımdır 25den verirsen», xx.xx.2022-ci il tarixdə 70-274-00-64 saylı mobil telefon nömrəsindən «yarı kola 10 pati lazimdi», həmin tarixdə, həmin mobil telefon nömrəsindən «qaqa sen qadan alım geli bir 5 cet duz qow da sen cani» və xx.xx.2022-ci il tarixdək onlarla oxşar məzmunlu smslərin daxil olduğu müəyyən edilmişdir (cild İ, i/v 135-251). Nərimanov RPİ-nin 17-ci PŞ-dən daxil olan 25 oktyabr 2022-ci il tarixli, 54328-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddə metamfetaminin mənbəyinin, bundan əlavə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri aldığı şəxslərin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat axtarış tədbirləri keçirilsə də sonuncunun narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbəni və Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır (cild İ, i/v 263). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən ümumi təmiz çəkisi 15,220 qram heroin və ümumi təmiz çəkisi 0,898 qram metamfetamin aşkar edilməklə heroin narkotik vasitəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar həddindən, metamfetamin psixotrop maddəsinin miqdarı isə şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edərək daşıyıb saxlaması, onun istifadəsində olan mobil telefon nömrəsinə müxtəlif növlü narkotik vasitələrin satılması ilə bağlı müxtəlif vaxtlarda, müxtəlif telefon nömrələrindən smslərin daxil olmasını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini və şəxsi istehlak miqdarından artıq miqdarda metamfetamin psixotrop maddəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmaması, onun üzərində narkotik vasitə heroin olmaması, yalnız 0,898 qram metamfetamin olması və həmin psixotrop maddəni öz istifadəsi üçün tanımadığı İran vətəndaşından şəxsi istifadəsi üçün alması, habelə polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması məzmunundakı ifadələrinə qiymət verərək, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qaldığını bildirsə də, həmin psixi təzyiqin konkret olaraq nədə ifadə olunduğunu əsaslandırmamış, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, həmçinin Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixli şübhəli şəxsin dindirmə protokolunda müstəntiqin verdiyi suallara cavab olaraq polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər olmadığını, üzərində hər hansı bir xəsarətinin olmadığını və üzərindən aşkar olunmuş narkotik vasitələtin ona məxsus olduğunu bildirmişdir. Həmçinin təqsirləndirilən şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində də heç bir fiziki təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhz saxlanılan zaman üzərindən aşkar edilmiş metamfetaminin özünün istifadə etməsi məqsədi ilə əldə etməsi, heç kimə satmaması ilə əlaqədar ifadəsinə münasibətdə isə onu qeyd edir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitə heroinin və matamfetaminin, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zənglərə, sms mətnlərinə dair "xxxx" Telecom MMC-dən daxil olmuş diskə keçirilmiş baxış zamanı narkotik vasitə və psixotrop maddə satışı ilə bağlı kifayət qədər aydın sms yazışmalarının olması Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə hüquqi qimət verərək hesab edir ki, Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, onun üzərində narkotik vasitə heroin olmadığını, yalnız 0,898 qram metamfetamin olduğunu və həmin psixatrop maddəni öz istifadəsi üçün üzərində saxladığını bildirməklə o, yalnız məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə bu hissədə tənqidi yanaşır və inandırıcı hesab etmir. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadələrində qeyd etdiyi xüsusatları səmimi qəbul etmir, onu özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası DİN BƏSİİ-nin əməliyyat-sorğu arayışı və müvafiq məhkəmə hökmü ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir (cild İ, i/v 108, 109- 113). Azərbaycan Respublikası Sumqayıt şəhər probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, «Amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Qərarına əsasən Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilərək ona təyin edilmiş islah işləri cəzasından azad edilmişdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs çəkilməmiş cəzasının və ödənilməmiş məhkumluğunun olmadığı müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş nikah haqqında, həmçinin doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 dekabr 2009-cu il təvəllüdlü X3 və 19 yanvar 2011-ci il təvəllüdlü X4 adlı iki azyaşlı övladı var. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5625 saylı rəyi əsas götürülməli, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməli, o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 18 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild İ, i/v 15-16), Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 18 iyul 2022-ci il tarixdən hesablanmaqla barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild İ, 74-78). Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 18 iyul 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 18 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Nərimanov RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 01 ədəd bükümdə 15,170 qram narkotik vasitə heroin və bir ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,848 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd DVD formatlı disk və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı iş üzrə məhkəmə məsrəfləri olaraq 65 (altmış beş) manat məbləğində ekspertiza xərci müəyyən edilmiş, qeyd olunan məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.- ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 18 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin, o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Nərimanov RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 15,170 qram narkotik vasitə heroin və 0.848 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 ədəd DVD formatlı disk və 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-455/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-455/2023
22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver