Məhkəmə qərarları › İş №1(101)-456/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-456/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-456/2023 15.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1971-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Ağır Cinayətlərə Dair X5 Respublikası Məhkəməsinin 31 iyul 2009-cu il tarixli, 1(101)-751/2009 saylı hökmü ilə Azərbycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 93.1.4-cü maddəsi tətbiq edilməklə, 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 17 fevral 2017-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Cəlilabad şəhəri, 28 May küçəsi, ev 79-da qeydiyyatda olmaqla, ünvan 1də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədilə naməlum mənbədən və tarixdə qanunsuz olaraq əldə etdiyi külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 4,103 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini saxlamaqla daşımış, 01 avqust 2022-ci il tarixdə saat 18:00 radələrində Azərbaaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında saxlanılıb həmin İdarəyə gətirilmiş, orada həmin tarixdə saat 20:10-da üzərində şəxsi axtarış keçirilərkən, onun əynində olan şalvarın sol yan cibindən külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 4,103 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, daha sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 21:10 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilində axtarış və götürmə keçirilərkən, həmin mənzilin zirzəmisindən 01 ədəd karton qutunun içərisindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 115 qram olan narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi və 01 ədəd polietilen bükümdə təmiz çəkisi 15,481 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin istifadəçisidir. O, saxlanılarkən onda narkotik vasitə olmamışdır. Elmar adlı polis əməkdaşı narkotiki üzərinə qoymuşdur. Onu döyüb sənədlərə imza etdirmişlər. Rəşad adlı şəxs ona zorakılıq etmiş, onu döyüb ifadələrinə zorla imza etdirmişdir. Etirafedici ifadələrini təsdiq etmir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, müstəntiqə demişdir ki, ona zor tətbiq etmişlər, müstəntiq məhkəmədə deməsini bildirmişdir. Onu saxlayan şəxslərlə aralarında əvvəlllər hər hansı bir narazılıq olmamış, onları hadisə vaxtı tanımışdır. O, heç yerə döyülməyi barədə şikayət etməmiş, məhkəmənin hazırlıq iclasında şikayət ərizəsini təqdim etmişdir. Respublika Prokurorluğuna da şikayət ərizəsi yazmışdır. Prokurorluqdan onun yanına gələn olmamışdır. İttiham aktında göstərilən ünvanda zirzəmidən narkotikin tapılması göstərilmiş, o orada yaşamır. Orada bir nəfər usta tanıyır, o yaşamışdır. Şahlar adlı şəxsi tanımır. Elan olunmuş cinayət işinin 33-34-cü vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən təqisrləndirilən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş protokolu təsdiq etmir. Protokolu oxumadan imza etmişdir. Elan olunmuş cinayət işinin 40-41-ci vərəqələrində olan evə baxış keçirilməsi və götürmə haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş protokolu təsdiq etmir. Protokolu oxumadan imza etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi və izahatı elan olunmuş, izahat və ifadənin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 43-44-cü vərəqələrində olan izahatında, 69-72-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «... Şəxsi axtarış zamanı mənə üzərimdə qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyim təklif olundu. Bu təklifdən sonra mən əynimdə olan şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoydum. ...Mən verilən suallara cavab olaraq üzərimdən aşkar olunmuş kütlənin özümə məxsus olduğunu, həmin kütləni tanıdığım İran İslam Respublikasının vətəndaşı Şahlar adlı şəxsin vasitəsilə bir həftə bundan əvvəl Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyimi, Bakı şəhəri, Səbail rayonunda yaşadığım evdə narkotik vasitə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyimi bildirdim. Və yaşadığım evdən zirzəmidə kardon karobkanın içərisindən 1 ədəd bükümdə heroini, 1 ədəd bükümdə qurudulmuş marixuananı və 1 ədəd elektron tərəzini təqdim etdim. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olumuş izahatı və ifadəni təsdiq etmir. İzahatı və ifadəni oxumadan imza etmişdir. Ona təqdim olunmuş imzalar onun imzasıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin Baş Narkotiklərlə Mübariz İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Badamdar qəsəbəsi, 2-ci Bağlar döngəsi, ev 53 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və alqısatqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə onun rəhbərliyi ilə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 01 avqust 2022-ci il tarixdə saat 18:00 radələrində onlar ünvan 4 ünvanının yaxınlığında zahiri əlamətləri Təqsirləndirilən şəxs ilə oxşar olan şəxsə yaxınlaşaraq ona DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib həmin şəxsdən şəxsiyyəti barədə soruşduqda o, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə şübhəli olduğunu bildirmişlər və Təqsirləndirilən şəxs onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə İdarəyə gəlmişdir. İdarədə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş müdafiəçinin və şahidlərin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı şalvarın sol yan cibindən 01 bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən 02 ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi, plastik bank kartı, açar və 50 manat pul aşkar edilərək götürülmüşdür. Aşkar edilərək götürülmüş bir bükümdə narkotik vasitə heroinə bənzər kütlə qablaşdırılaraq elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, bu barədə protokol tərtib edilib bütün iştirakçılar tərəfindən protokol imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitələri saxladığını da etriaf edib və həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanda yerləşən mənzildə dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı həmin ünvanda yerləşən mənzilin zirzəmisində kardon qutunun içərisindən 01 ədəd bükümdə açıq yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsi, 01 ədəd bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə və 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Bundan sonra aşkar edilərək götürülmüş kütlələr və tərəzi qablaşdırılaraq möhürlənib imzalanmış, bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir, təzyiq, fiziki zor tətbiq olunmamışdır. O, evə baxışda iştirak etmişdir. Təqsirləndirilən şəxs özü bildirmişdir ki, evdə də narkotik vasitə var. Ona görə də evə baxış keçirilmişdir. Hal şahidi olmamış, videoçəkiliş olduğu üçün hal şahidinin iştirakı olmamışdır. Təqsirləndirilən şəxs deməmişdir ki, həmin evdə yaşamır və narkotik vasitə də onun deyil, o, belə bir söz deməmişdir. Videoçəkilişi əməkdaşları Şahid2 aparmışdır. O, təqsirləndirilən şəxsi vurmamış və heç bir zor tətbiq etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübariz İdarəsinin əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 01 avqust 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 7-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 01 avqust 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 131-133-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Səbail Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, SDS-6193 nömrəli əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında qərarından görünür ki, DİN-nin Baş Narkotiklərlə Mübariz İdarəsinin əməliyyat müvəkkili Şahid1 01 avqust 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qanunauyğun hesab edilmişdir. Cinayət işinin 11-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən, polis polkovniki Mahir Məmmədovun 01 avqust 2022-ci il tarixli, Ə246-008-22 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 33-34-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 avqust 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış başlanılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 1(bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Şübhəli şəxsin üzərinə şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 02 ədəd “Redmi” markalı mobil telefon, şalvarın arxa sağ cibindən Təqsirləndirilən şəxs məxsus 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd üzərində 4286 5212 6194 3940 nömrəsi olan plastik bank kartı, 01 ədəd açar və 50 manat pul aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş 01 ədəd büküm, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd üzərində 4286 5212 6194 3940 nömrəsi olan plastik bank kartı və 02 ədəd “Redmi” markalı mobil telefon götürülmüş, 01 ədəd açar və 50 manat pul şübhəli şəxs Təqsirləndirilən şəxs qaytarılmışdır. Şifahi sorğu zamanı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikasının vətəndaşı olan “Şahlar” adlı şəxsin vasitəsilə bir həftə bundan əvvəl Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə, deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini, bunun müqabilində həmin şəxsin ona narkotik vasitə verdiyini, həmçinin, yaşadığı Bakı şəhəri, Səbail rayonunda olan mənzildə də narkotik maddə olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 36-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 01 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı ünvan 5 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 40-41-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 avqust 2022-ci il tarixli evə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs mənzildə ola biləcək narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evdə zirzəmidə kardon karobkanın içərisindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik olan heroinə bənzər kütləni, 01 (bir) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 01 (bir) ədəd elektron tərəzini təqdim etmişdir. Aşkar edilmiş bükümlər və 01 ədəd elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Mənzilə baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik olan əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı, Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlərin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikasının vətəndaşı olan Şahlar adlı şəxsin vasitəsilə bir həftə bundan əvvəl Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə, deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini, bunun müqabilində həmin şəxsin ona narkotik vasitə verdiyini bildirmişdir. Baxış zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 50-52-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02 avqust 2022-ci il tarixli, 7/858 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs Rüstəm oğlunun» yaşadığı ünvandan aşkar edilmiş kütlələr və 1 ədəd elektron tərəzi” yazılar, imzalar olan 2№-li ağ rəngli kağız paketdəki 1 ədəd ağız hissəsi bağlanan polietilen paketdə təmiz çəkisi-15,481 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin kağız paketdə olan 1 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Cinayət işinin 55-59-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02 avqust 2022-ci il tarixli, 6/4133 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksləri olan iki ədəd zərfdə: -üzərində “Təqsirləndirilən şəxs Rüstəm oğlunun üzərindən aşkar edilmiş kütlə...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 4,103 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. -üzərində “Təqsirləndirilən şəxs Rüstəm oğlunun yaşadığı ünvandan aşkar edilmiş kütlələr...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 115 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Təqdim olunmuş 2 (iki) ədəd sellofan bükümdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir və ümumi təmiz çəkisi 119,103 qram təşkil edir. Təqdim edilmiş 1 (bir) ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmamışdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 103-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 avqust 2022-ci il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən qeydə alınmış videoçəkilişin əks olunduğu diskə baxış keçirilmiş və baxış zamanı diskdə bir ədəd videofayl mövcud olması, həmin videofayl açıldıqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması, üzərinə şəxsi axtarış və götürmə istintaqı keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etməsi, həmin şəxsin əynindəki şalvarın sağ yan cibindən 02 ədəd “Redmi” markalı mobil telefonun, həmin şalvarın sağ arxa cibindən 50 manat nağd pul, 01 ədəd ev açarı, şəxsiyyət vəsiqəsi, 01 ədəd plastik bank kartının aşkar edilərək götürülməsi, təqdm edilmiş şəffaf sellofan büküm açıldıqda onun içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümü təxminən 1 həftə əvvəl İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Şahlar” adlı şəxsdən şəxsi istifadəsi və onun bildirəcəyi ünvanlara qoymaq məqsədilə üzərində daşıdığını və üzərindən aşkar olunmuş narkotik vasitədən başqa yaşadığı evdə narkotik vasitə saxladığını bildirir. Cinayət işinin 104-105-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 avqust 2022-ci il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilərkən aparılmış videoçəkilişin əks olunduğu diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs mənzilin otağının sol divarının yaxınlığında yerdə olan böyük həcmli karton qutunun içərisindən bir ədəd kiçik həcmli karton qutunu çıxarıb təqdim edir, bundan sonra qeyd olunan karton qutu açıldıqda onun içərisində qırmızı rəngli dəmir materiallı qutunun olması, həmin qutunun içərisində 02 ədəd sellofan büküm və 01 ədəd elektron tərəzinin olması görünür, bükümlər ardıcıl olaraq açılır və bükümlərdən birinin içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsinin və digər bükümün içərisində isə qəhvəyi rəngli narkotik vaitə heroinə bənzər kütlənin olması müəyyən edilir. Bundan sonra Təqsirləndirilən şəxs qeyd olunan bükümləri təxminən 1 həftə əvvəl İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Şahlar” adlı şəxsdən Bakı şəhər, Yasamal rayonu ərazisində şəxsi istifadəsi və onun bildirəcəyi ünvanlara qoymaq məqsədilə üzərində daşıdığını bildirir. Cinayət işinin 146-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 sentyabr 2022-ci il tarixli cinayət işinin materiallarına əlavə edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ‘Xiaomi Redmi” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 147-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 sentyabr 2022-ci il tarixli cinayət işinin materiallarına əlavə edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “X8 8” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 150-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 sentyabr 2022-ci il tarixli cinayət işinin istintaq materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs məxsus telefon nömrəsinə daxil olan və çıxan zəng və sms mətnlərinə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 153-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 oktyabr 2022-ci il tarixli cinayət işinin istintaq materiallarına əlavə edilmiş bank məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4286 5212 6194 3940 nömrəsi olan plastik bank kartı ilə aparılmış əməliyyatları özündə əks etdirən, “Access Bank”dan daxil olmuş əməliyyat məlumatlarına baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 154-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 oktyabr 2022-ci il tarixli qəbzdən görünür ki, Quluzadə Gülnar qeyri-rəsmi münasibətdə yaşadığı Təqsirləndirilən şəxs məxsus 4286 5212 6194 3940 nömrəli bank kartını və iki ədəd “Xiaomi” markalı mobil telefonları təhvil almışdır. Cinayət işinin 112-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Səbail RPİ-nin 41-ci PB-dən daxil olmuş 25 avqust 2022-ci il tarixli, 299-6745-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 178-179-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Ceyhun Mustafayevin 11 noyabr 2022-ci il tarixli cinayət işinin materiallarından ayrı icraata cinayət işinin ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üçün cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, saxlanılan zaman onda narkotik vasitə olmadığını, idarədə onun üzərinə narkotik vasitə qoyduqlarını və döyüldüyü üçün istintaq zamanı etirafedici ifadələri imzaladığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyin ifadələrindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən işgəncəyə məruz qalıbqalmamasını müəyyən etməkdən ötrü cinayət işi üzrə müvafiq qərar çıxarılaraq icra olunması üçün Bakı şəhəri, Səbail rayon prokurorluğuna göndərilmişdir. Bakı şəhəri Səbail rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X3 cinayət işinin başlanmasının rədd edilməsi barədə 13 fevral 2023-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs öz izahatında hadisə nəticəsində heç bir xəsarət almadığını göstərmiş, həmçinin, Təqsirləndirilən şəxs döyülməsi və işgəncəyə məruz qalması barədə xüsusatlar öz təsdiqini tapmadığından, 37-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, narkotik vasitə hesab edilən marixuana-kannabisin 5 qramı şəxsi istehlak miqdarından artıq, 500 qramı isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 93-94-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 03 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Cəfərov X1 Rayon Xalq Məhkəməsinin 13 noyabr 1999cu il tarixli hökmü ilə Azərbycan Respublikası CM-nin 15, 95, 220.3, 220-2, 207.3, 93-9.2, 189-1.2 və 38-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19 aprel 2001-ci ildə Qaradağ rayon Məhkəməsinin qərarı ilə əməli yeni CM-nin 315.1, 228.4, 186.2.2, 221.3, 228.1, 29, 120.1-ci maddələrinə tövsif olunmaqla cəza müddəti dəyişdirilmədən saxlanılmış, 22 dekabr 2004-cü ildə Əzizbəyov Rayon Məhkəməsinin qərarı ilə 2 il həbs cəzası təyin edilmiş, 07 yanvar 2007-ci ildə cəzasının sonu ilə azad olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 22 avqust 2008-ci il tarixli hökmü ilə Azərbycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 62.1-ci maddəsi tətbiq edilməklə, 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 18 dekabr 2008-ci ildə Əzizbəyov Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, cinayət işinin 107-111-ci vərəqələrində olan Ağır Cinayətlərə Dair X5 Respublikası Məhkəməsinin 31 iyul 2009-cu il tarixli, 1(101)-751/2009 saylı hökmü ilə Azərbycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 93.1.4-cü maddəsi tətbiq edilməklə, 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 17 fevral 2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətlərin təhlükəli residivini yaradır. Cinayət işinin 157-158-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin 17 sentyabr 2022-ci il tarixli 5290 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin təhlükəli residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməli cinayətlərin təhlükəli residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsini nəzərə alır. Belə ki, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 01 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 24-cü vərəqəsində olan 01 avqust 2022-ci il il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 79-83-cü vərəqələrində olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli 4(009)-279/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 01 avqust 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı məznildən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 119,003 qram heroin, 15,461 qram qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarış və evə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 02 (iki) ədəd CD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 137 (yüz otuz yeddi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 01 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı məznildən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 119,003 qram heroin, 15,461 qram qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilsin. Şəxsi axtarış və evə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 02 (iki) ədəd CD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 137 (yüz otuz yeddi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar