Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-456/2024 08.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı3, həmin idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2004-cü ildə Bakı şəhərində doğulmuş, orta təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti müəyyən edilmiş, Ağdam rayonu, Xıdırlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, nömrəsiz fərdi evdə yaşamış, 12 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 05 aprel 2023-ci il tarixdə saat 20:30 radələrində tanışı Zərərçəkmiş şəxs ilə görüşüb münasibətlərinin pozulmasına aydınlıq gətirmələrini təklif edərkən, Zərərçəkmiş şəxs onunla söhbət etməkdən imtina etməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan ünvan 1 ünvanının yaxınlığında dayanmış Zərərçəkmiş şəxs üzərinə qəflətən hücum edib ətrafda olan insanlara əhəmiyyət verməməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək üzərində olan məişət təyinatlı bıçaqdan silah qismində istifadə edib Zərərçəkmiş şəxs zərbələr endirərək xuliqanlıq etmiş, habelə özünü qorumaq məqsədilə qaçaraq ondan kənarlaşmağa cəhd edən Zərərçəkmiş şəxs arxasınca qaçıb yıxılmasından istifadə edib onu sakitləşdirməyə cəhd edən insanlara məhəl qoymayaraq heç bir səbəb olmadan həmin bıçaqla Zərərçəkmiş şəxs bir zərbə vurub döş qəfəsinin sağ yarısının döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan xəsarət yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs Malik əvvəllər onun dostu olmuşdur. 2023-cü il aprel ayının 5-də zərərçəkmiş şəxs ona zəng edərək başqalarının yanında onun arxasınca danışıldığını, lakin onun həmin şəxslərin yanında tərəfini tutmadığını bildirmiş, bundan sonra onun ünvanına nalayiq söyüşlər işlətmişdir. O, Malikə “görüşüb dərdləşərik” demiş, Malik isə “görüşərik” deyib yenə onun ünvanına yenə də nalyiq söyüşlər söymüşdür. O, Malikdən harada olduğunu soruşmuş, Malik də ona yerini demişdir. Bundan sonra, o, Malikin dediyi yerə getmiş, orada aralarında mübahisə düşmüş və o, Maliki üstündə olan bıçaqla vurmuşdur. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, Malik onun köhnə dostu olmuş və Lökbatanda yaşamışdır. Bilmişdir ki, Malikin yanında kimsə onun dalınca danışmış, lakin Malik susaraq həmin şəxsin cavabını verməmişdir. Malikdən bu barədə soruşanda, sonuncu, belə bir hadisə olmadığını deyərək onun ünvanına söyüşlər söymüşdür. Buna görə də, o, Malikə qəbiristanlığa qalxmağı təklif edərək, onu vurmaq üçün qəbiristanlığa çağırmışdır. Lakin Malik gəlməmiş və onlar Lökbatanda “KaTV” deyilən yerdə görüşmüşlər. Bu zaman gecə saat 9-un yarısı olmuş və həmin yerə adamlar toplaşmışlar. Həmin yerə çatdıqda Maliki görmüş və adını çəkib onu çağırmışdır. Lakin Malik onu gördükdə qaçmağa başlamış, o da, Malkin arxasınca qaçmışdır. Sonra Malikin ayağı sürüşərək yıxılmış, o da, Maliki qaldıraraq bıçaqla vurmuşdur. Bu zaman o, Malikin üstünə yıxılmış və bıçaq ona da batmışdır. Malik onu qeyri-etik söyüşlərlə söydüyü üçün, həmçinin özünü qorumaq məqsədilə, həmçinin Malik ondan cüssəli olduğu üçün görüşə gedərkən üzərində bıçaq götürmüşdür. Maliki vurduğuna görə yox, əməlinin cinayət olmasına görə peşmandır. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Hadisə vaxtı Malik onu söyməmiş, o, Maliki vurduqda, orada olan adamlar onları aralamışlar. Həmin vaxt özü də xəsarət almış, polisə təslim olmaq üçün xəsarətinin sağalmasını gözləmişdir. Sonradan o, müstəntiq Raufun yanına getmiş, həmin vaxt onu əməliyyatçılar axtarmışlar. Onun mobil telefonu olmuş, lakin hadisədən qabaq Maliklə yazışmaları olmamışdır. İfadələri arasında ziddiyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2022-ci ilin iyul ayının 19-da qəsdən sağlamlığa ağır zərərvurma cinayəti törətdiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2 il şərti sınaq müddəti təyin edilməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs təxminən 5-6 il olar ki, tanıyır, lakin son 1 ildə aralarında dostluq münasibətləri yaranmışdır. 2023-cü il mart ayının ortalarından etibarən Maliklə münasibətləri soyumuş, o vaxtdan sonra görüşməmişlər. 05 aprel 2023-cü il tarixdə saat təxminən 19:30 radələrində yaşadığı evdə ailə üzvləri ilə axşam yeməyini yedikdən sonra Malik istifadəsində olan 051 ***-**-** saylı mobil nömrəsindən “Whatsapp” proqramı vasitəsilə onun istifadəsində olan 077 ***-**-** saylı mobil nömrəyə zəng edərək nə etdiyini, harada olduğunu soruşmuş, o, Malikə evdə olduğunu demişdir. Malik həmin vaxt onun ünvanına nalayiq sözlər işlədərək, guya onun yanında Malikin arxasınca danışıldığını, onun bu söhbətə reaksiya vermədiyini deyib yenə onu təhqir etmişdir. O, Malikə dost olduqlarını, əgər yanında elə bir söz deyilsə, dərhal cavab verəcəyini bildirmişdir. Bundan sonra Malik onunla görüşəcəyini demiş, o da, “görüşüb dərdləşərik” deyə bildirmişdir. Malik ona dərdləşmək üçün yox, amma görüşəcəyini bildirib onu təhqir etmişdir. Bu məqsədlə Malikdən harada olduğunu soruşmuş, Malik “Dəniz Plaza” restoranının yanında olduğunu dedikdə, orda gözləməsini, həmin yerə gələcəyini demişdir. Malik görüşə gəlməyənin, yəni onun ünvanıma yenə nalayiq ifadələr işlətmişdir. O, Malikin bu sözlərindən əsəbləşib onu bıçaqlamaq qərarına gəlmişdir. O, evdən çıxarkən Maliki vurmaq məqsədilə “Sədərək” ticarət mərkəzindən aldığı qəhvəyi rəngli dəstəyi olan suvenir kimi istifadə olunan bıçağı götürüb şalvarının belinə qoymuşdur. Yolda olarkən Malik ona zəng vuraraq harda qaldığını soruşduqda, o, yolda olduğunu bildirib qəbiristanlığa getməyi, orada görüşməyi istəmişdir. Malik yenə nalayiq ifadələri işlədib “Katv” deyilən yerin yanında onu gözlədiyini bildirmişdir. O, Malikə gülərək həmin yerdə kameraların olduğunu bilərək onu tutdurmaq istəyib-istəmədiyini soruşduqda, Malik yenə təhqiredici ifadələr işlətmişdir. O, təzə “Kingsmart” mağazasının yanında olan “Katv” deyilən yerin yanına çatdıqda, ara küçədən çıxıb Maliki ucadan səsləyib Malikə tərəf qaçaraq özü ilə götürdüyü bıçaqla Maliki vurmaq istəmişdir. Bir neçə dəfə bıçaq atsa da, Malikə dəyməmişdir. Daha sonra Malik yaxınlıqda olan mağazaların qarşısı ilə qaçdıqda, o da, arxası ilə qaçmış, Malik orada olan adını bilmədiyi qadın salonun qarşısında ayağı səkiyə ilişdiyi üçün yerə yıxılmışdır. O, Maliki yerdə olarkən vurmaq istəsə də, vura bilməmişdir. Daha sonra onlar əlbəyaxa olmuş, o, Maliki orada olan maşına dirəmiş, bundan sonra yaxınlıqda olan şəxslər onları aralamaq istədikdə, o, Maliklə yerə yıxılmış, Malik onun üstünə yıxılmışdır. Həmin vaxt əlində tutduğu bıçaq bel nahiyəsinə dəydiyi üçün həmin yerdən xəsarət almışdır. Bundan başqa əlbəyaxa zamanı ayağı da əzilmişdir. Yerdən duran zaman o, əlində olan bıçaqla Malikin sinəsinin sağ tərəfinə vurmuşdur. O, bıçaqla Malikin sinəsinə vurduqda, Malik ona bıçağı çıxarmamağını demiş, lakin o, bıçağı çıxardanda bıçağın dəstəyi qırılıb əlində qalmış, tiyəsi isə orada yerə düşmüşdür. O, bundan sonra qaçaraq yaxınlıqda olan ara küçəyə girmiş və bıçağın dəstəyini ora tullamışdır. Daha sonra «Cırtdan» parkının arxasına gedib taksi sifariş verərək Bakı şəhərinə getmişdir. Həmin vaxtdan telefonunu söndürmüş, bir neçə gün gəzdikdən və gündəlik evlərdə qaldıqdan sonra bel nahiyəsində olan yarası sağalmış, yaşadığı evə qayıtmış və valideynlərinə etdiyi əməl barəsində məlumat vermişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs əlavə suallara cavab olaraq bildirmişdir ki, Malik onun haqqında nalayiq sözlər danışdığı və ünvanına təhqirlər işlətdiyi üçün Maliki bıçaqla vurub, yerini bildirmək istəmişdir. Lakin Maliki öldürmək məqsədi olmamışdır. O, ara küçədən çıxıb Maliki ucadan səsləyərək ona tərəf qaçmış və bir neçə dəfə bıçaqla vurmaq istəmiş, lakin həmin vaxt bıçaq Malikə dəyməmiş, əynində olan gödəkçəsinə dəymişdir. Bundan sonra o, Malikin arxasında qaçanda, sonuncu yerə yıxılan zaman da Maliki qorxutmaq üçün bıçağı bir neçə dəfə o tərəf-bu tərəfə atmışdır. Onlar ayağa durub əlbəyaxa olan zaman yenidən o, yerə yıxılmış və Malik onun üstünə düşmüşdür. Həmin vaxt qalxan zaman əlində tutduğu bıçaqla bir dəfə Malikin sinəsinin sağ tərəfmə vurmuşdur. O, həmin vaxt onları ayıran şəxslərdən heç kimi tanımamışdır. Maliki vurduqdan sonra yenə də vurmaq imkanı olmuş, lakin onun fikri Maliki öldürmək yox, işlətdiyi sözlərə görə yerini bildirmək olduğuna görə daha zərbə vurmamış və uzaqlaşmışdır. Malik onun ünvanına nalayiq ifadələr və söyüşlər işlətdiyi üçün sadəcə olaraq Maliki vurub başa salmaq istəmişdir. Maliki öldürmək niyyəti olmamışdır. O, hadisədən sonra telefonunun tamamilə yaddaşını yeniləyib ailə üzvlərinə vermiş, ona görə yazışmaları təqdim edə bilməmişdir. Münaqişə zamanı qeyd etdiyi kimi öz əlində olan bıçaq bel nahiyəsini və sol ayağını sıyıraraq kəsmiş, lakin həmin xəsarəti ona Malik yetirməmişdir. Aldığı xəsarətlərlə bağlı hər hansı şikayəti yoxdur. Zərərçəkmiş şəxs ilə hər hansı düşmənçilik və ədavəti olmamışdır (cild 1, iş vərəqi 169-171). Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs 2 ildən artıq müddətdə tanıyır, aralarında dostluq münasibəti olmuşdur. Lakin 2023-cü mart ayının ortalarından münasibətləri soyumuşdur. 04 aprel 2023-cü il tarixdə Nihad ona zəng edib «görüşüb dərdləşmək» istədiyini demiş, sonra 05 aprel 2023-cü il tarixdə yenə də zəng vurub görüşmək istədiyini bildirmişdir. O, Nihadla bölüşəcək heç bir dərdi olmadığını desə də, Nihad yenə də görüşmək üçün harada olduğunu soruşmuş, o, təzə evlər deyilən yerdə olduğunu söyləmişdir. Daha sonra Nihad yenidən ona zəng vuranda o, “Katv” deyilən yerin yanında olduğunu və gözlədiyini demişdir. Orada olan köşkün qabağında gözləyərkən qəfildən qışqırıq səsi eşitmiş, kiminsə ona hücum etdiyini hiss etmiş, üzünü çevirmək istəyəndə, həmin şəxsin onu vurmaq istədiyini görüb qaçmağa başlamışdır. Təxminən 10-15 metr qaçdıqdan sonra orada olan qadın salonunun qarşısında ayağı səkiyə ilişdiyindən yıxılmış və ayaqqabısının biri ayağından çıxmışdır. Həmin zaman hücum edən və onu vuran şəxsin Nihad olduğunu bilmişdir. Sonra orada olan şəxslər onları aralamağa gəlmiş, Nihad onu yerdən qaldırıb orada dayanmış maşına söykəmişdir. Həmin vaxt əlbəyaxa olmuşlar və Nihadın onu bıçaqla vurduğunu hiss etmişdir. Daha sonra bıçağın tiyəsi qırılmış və Nihad oradan qaçıb getmişdir. Bundan sonra dostu Təbrizin köməkliyi ilə köşkün arxasında dayanmış bir maşına minib təcili yardım stansiyasına gəlmişlər. Orada sinəsinin sağ tərəfində bıçaq yarası olduğunu bildirmişlər. İlkin yardım göstərildikdən sonra onu «Semaşko» xəstəxanasına aparmışlar və həmin xəstəxanada əməliyyat olunmuşdur. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayəti və iddia tələbi olmadığını bildirərək, bununla bağlı yazılı ərizələrini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində bildirdi ki, 05 aprel 2023-cü il saat təxminən 20:30 radələrində Lökbatan qəsəbəsində «KATV» deyilən yerin qarşısında dostu Ülvi ilə birlikdə öz avtomobilində olarkən qəflətən kiminsə maşına dəydiyini hiss etmiş və dərhal maşından düşmüşlər. Maşından düşəndə bir nəfərin başqa bir şəxsin dalınca qaçıb qovaladığını görmüşdür. Daha sonra qaçan şəxsin ayağı sürüşərək yerə yıxılmış, onu qovan şəxs isə həmin şəxsi vurmağa başlamışdır. Həmin şəxslər əlbəyaxa olan zaman səs-küyə xeyli adam yığılmışdır. Adamlar çox olduğundan o, həmin yerə yaxınlaşmamış və maşınının yanında durub baxmışdır. Təxminən bir dəqiqə sonra ora yığılan və kafedən çıxan şəxslər həmin şəxsləri aralamış, vuran şəxs isə qaçaraq onların yanından keçib ara küçəyə girmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid1 göstərmişdir ki, 05 aprel 2023-cü il tarixdə saat 20:30 radələrində Lökbatan qəsəbəsində «Katv» deyilən yerin yaxınlığındakı köşkün yanında dayanmışdır. Həmin vaxt tanışı Zərərçəkmiş şəxs da köşkün qabağında durmuşdur. O, Maliklə görüşdükdən sonra köşkün yanına dostu Nicata zəng vurmaq üçün kənara çəkilmişdir. Həmin zaman yolun əks tərəfindən «Malış» adı ilə tanıdığı Nihat adlı şəxs qaçaraq Maliki bıçaqla bir neçə dəfə vurmuşdur. Malikin həmin vaxt üzü əks tərəfə olduğu üçün Nihatın vurduğunu görməmişdir. X4 bıçaqla vurduqdan Malik qaçmağa başlamış, Nihat isə Malikin dalınca düşmüşdür. O, bunu görüb onları aralaşdırmaq üçün onların dalınca qaçmışdır. Köşkün sırasında olan gözəllik salonunun qarşısında Malik yerə yıxılmış, Nihat yerdə Maliklə yenə tutaşmışdır. O, həmin şəxslərə çatdıqda, Nihat Maliki orada olan avtomobilə dirəmiş və onlar bir-birinin yaxasından tutmuşlar. O, orada olan şəxslərin köməyi ilə onları aralaşdırmışdır. Aralayan kimi Nihat dərhal qaçıb uzaqlaşmışdır. Malikin isə yarası olduğundan təcili yardıma aparmağı xahiş etmişdir. O, əvvəl dayandığı köşkün arxasında tanımadığı şəxsdən xahiş etmişdir ki, idarə etdiyi qara rəngli markasını bilmədiyi maşınla tanışı Maliki təcili yardıma aparsınlar. Həmin şəxs onunla razılaşmış və Maliki həmin şəxsin maşını ilə təcili yardıma aparmışlar. Orada Malikə ilkin tibbi yardım göstərilmişdir. Həmin vaxt dostu Nicat ona zəng vurub harda qaldığını soruşduqda, hadisəni Nicata danışıb təcili yardım stansiyasına gəlməyini istəmişdir. Daha sonra Nicat gəlmiş, Malik orada onlardan atasına məlumat verməyi xahiş etmişdir. Nicat Malikin atasına zəng vurub Malikin bıçaqlandığını və «Semaşko» xəstəxanasına aparılacağını bildirmişdir. Bundan sonra onlar Malikin yanında təcili yardım maşınında «Semaşko» xəstəxanasına getmiş və orada Malik əməliyyat edilmişdir (cild 1, iş vərəqi 24-26). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 13 aprel 2023-cü il tarixli üzləşdirmə protokoluna əsasən, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçiriliş həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs sərbəst ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 67-69). Cinayət işinə əlavə edilmiş ifadənin yerində yoxlanılması haqqında 13 aprel 2023-cü il tarixli protokola əsasən, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs sərbəst ifadəsində göstərdiyi halları cinayət hadisəsinin baş verdiyi ərazidə əyani şəkildə göstərməklə təsdiq etmişdir. İstintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqi 61-65). Cinayət işində olan DVD diskə baxış keçirilməsi haqqında 13 aprel 2023-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə keçirilmiş həmin istintaq hərəkəti zamanı Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, 41C ünvanının qarşısında olan siqaret köşkünün təhlükəsizlik kameralarından götürülmüş videogörüntülərə baxış keçirilmiş, görüntülərdə əks olunanlarla Təqsirləndirilən şəxs verilmiş ittihamın uyğunluq təşkil etdiyi müəyyən edilir (cild 1, iş vərəqi 66). Məhkəmə-tibb ekspertizasının 13 aprel 2023-cü il tarixli 237 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - döş qəfəsinin sağ yarısının döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası iti kənara və iti uca malik əşya (alət), ola bilsin ki, bıçaq təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və onun X3 müraciət etdiyi 05 aprel 2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarət əl çatan nahiyədə olsa belə, şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (cild 1, iş vərəqi 121-124). Məhkəmə tibbi-kriminalistik ekspertizasının 05 may 2023-cü il tarixli 157-MTKŞ/2023 saylı rəyindən görünür ki, maddi sübutların kompleks məhkəmə tibbi-kriminalistik və məhkəmə kriminalistik tədqiqinə və qərarın təsviri hissəsində olan iş haqqındakı məlumatlara əsasən aşağıdakı nəticəyə gəlinmişdir:
1. 1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların (qısaqol köynək və gödəkçə) ön səthində sağda bir ədəd dəlib keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədədir, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin, o cümlədən, eyni xüsusiyyətə malik hər hansı bıçağın təsirindən əmələ gələ bilərdi.
2. Zərərçəkmiş şəxs məxsus gödəkçənin sağ yan tikiş üzərində bir ədəd məhdud sökülmə vardır. Bu sökülmə küt qüvvə təsiri ilə gödəkçənin müvafiq nahiyəsinin gərilib dartılması nəticəsində əmələ gələ bilərdi.
3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman şalvarı və bir cüt corab üzərində əhəmiyyət kəsb edən hər hansı zədə aşkar edilmədi. İİ. Ekspertizaya təqdim olunmuş tiyə zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı tiyədir və soyuq silah hesab edilmir. Məhkəmə tibbi-bioloji ekspertizasının 01 may 2023-cü il tarixli 225/2023-MTBŞ saylı rəyindən görünür ki, maddi sübutların məhkəmə tibbi tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlinir:
1. Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu: 0 (1).
2. Ekspertizaya təqdim edilən bıçaq tiyəsi, Zərərçəkmiş şəxs məxsus gödəkçə, köynək, şalvar və bir cüt corab üzərində insan qanı ləkələri aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız H antigeni alındı. H antigeni 0 (1) qrupun əsasını təşkil edir. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə 0 (1) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqi 111-120). Kompleks ambulator məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizasının 22 may 2023cü il tarixdə 1403 saylı rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə: Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər pxisiatrik müəssisələrə müraciət etməmiş, həmçinin müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onlaırı idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur (cild 1, iş vərəqi 125-127). İbtidai istintaq orqanının 01 iyun 2023-cü il tarixli qərarına əsasən, cinayət hadisəsi zamanı Zərərçəkmiş şəxs əynində olmuş qısaqol köynək, gödəkçə, həmçinin Təqsirləndirilən şəxs istifadə etdiyi bıçağın tiyəsi iş üzrə maddi sübut kimi tanınmış, məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün bıçağın tiyəsi Bakı şəhəri, Qaradağ RPİ-nin maddi sübutları saxlama kamerasına, qısaqol köynək və gödəkçə isə Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı iddia tələbi və şikayəti yoxdur. İş materiallarında olan 20 aprel 2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza 2 il sınaq müddəti ilə şərti hesab olunmuşdur (cild 1, iş vərəqi 100-105). Məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 2023-cü il aprel ayının 5-də ona zəng edərək başqalarının yanında onun arxasınca danışıldığını, lakin onun həmin şəxslərin yanında tərəfini tutmadığını bildirdiyini, bundan sonra zərərçəkmiş şəxsin onun ünvanına nalayiq söyüşlər söydüyünü, sonradan Malikə zəng edərək harada olduğunu soruşduğunu və Malikin dediyi yerə getdiyini, orada aralarında mübahisə düşdüyünü, bu zaman Maliki üstündə olan bıçaqla vurduğunu, Maliki onun ünvanına qeyri-etik söyüşlər söydüyü üçün vurduğunu bildirərək, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, eləcə də şahidlər öz ifadələrində Təqsirləndirilən şəxs gəğtirdiyi dəlilləri tamamilə təkzib etmişlər. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 2 ildən artıq müddət tanıdığını, aralarında dostluq münasibəti olduğunu, lakin 2023-cü mart ayının ortalarından münasibətlərinin soyuduğunu, 04 aprel 2023-cü il tarixdə Nihad ona zəng edib «görüşüb dərdləşmək» istədiyini dediyini, sonra 05 aprel 2023-cü il tarixdə yenə də zəng vurub görüşmək istədiyini bildirdiyini, o, Nihadla bölüşəcək heç bir dərdi olmadığını və görüşməyə zərurət olmadığını desə də, Nihad yenə də əl çəkməyərək ondan harada olduğunu soruşduğunu və yerini bildirdikdən sonra gözləmədiyi halda Təqsirləndirilən şəxs qəfil hücumuna məruz qaldığını, Nihadın onu bıçaqla vurmaq istədiyini bildikdən sonra oradan qaçıb getdiyini, lakin Nihadın yenə də ondan əl çəkməyərək arxasınca qaçıb ayağı ilişdiyindən yerə yıxılarkən ona çataraq kənar şəxslərin gözləri qarşısında bıçaqla onu vurduğunu bildirmişdir. Yəni iş üzrə alınmış ifadələrdən aydın olur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirməsi üçün heç bir əsaslı səbəb olmamış, Zərərçəkmiş şəxs onunla söhbət etməkdən imtina etməsini bəhanə edərək ona üzərində gəzdirdiyi bıçaqla ağır bədən xəsarəti yetirmişdir. Hadisə yerində quraşdırılmış videogörüntülərə baxış zamanı da təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə gözləmədiyi halda qəfildən hücum edərək zərbələr endirdiyi, sonradan Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin əlindən çıxıb qaçdığı, lakin sonuncunun ona çataraq yerə yıxılmış vəziyyətdə bıçaqla zərbə vurduğu aydın görünür. Göstərilənlər məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs gətirdiyi dəlillər onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir. Təsnifatına görə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməl ağır cinayətlər, CM-nin 221.3cü maddəsi ilə nəzərdə tutulmuş əməl isə az ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən isə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəzanın 2 il sınaq müddəti ilə şərti hesab olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli hökmü ilə bağlı məhkəmə qeyd etmək istəyir ki, həmin məhkumluq təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmadığı dövrdə törədilmiş cinayət əməlinə görə yaranmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbinə görə, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından, həmin məhkumluq üzrə residiv müəyyən edilməməlidir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və ona qəti cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli hökmü ilə ona müəyyən edilmiş sınaq müddəti ərzində törətdiyindən, onun barəsində tətbiq olunmuş şərti məhkumetmə ləğv edilməli, hazırkı hökmlə təyin olunacaq cəzaya əvvəlki hökmlə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası hökmlərin məcmusu qaydasında birləşdirilməli və ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinin tələbinə görə, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əsasən Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ RPİ-nin İstintaq şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 03 iyul 2023-cü il tarixli qərarı ilə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və hal-hazıra qədər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəalara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli, azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həmin tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri, Qaradağ RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməklə cinayət hadisəsi zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi bıçağın tiyəsi məhv edilməli, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş qısaqol köynək və gödəkçə zərərçəkmiş şəxsin sərəncamına verilməlidir. İş üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 6 (altı) il müddətə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli hökmü ilə təyin olunmuş şərti məhkumetmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunmuş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli hökmü ilə təyin edilməklə çəkilməmiş qalan 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri, Qaradağ RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş 1 (bir) ədəd bıçaq tiyəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - 1 ədəd qısaqol köynək və 1 ədəd gödəkçə Zərərçəkmiş şəxs sərəncamına verilsin. İş üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov