Məhkəmə qərarları › İş №1(101)-457/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-457/2022

25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-457/2022 25.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X9 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,335 qram, 0,516 qram, 0,366 qram, 0,325 qram, 0,605 qram, ümumilikdə təmiz çəkisi 2,147 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 5 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,710 qram, 0,325 qram, 0,530 qram, 0,334 qram, 0,618 qram, ümumi təmiz çəkisi 2,517 qram olan külli miqdarda psixotrop maddə metafetamini əldə edərək üzərində saxlamaqla daşımış, 18 avqust 2021-ci il tarixdə saat 22:30 radələrində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci və 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 1 ünvanının qarşısında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış aparılan zaman o, əynində olan boz rəngli şalvarının sağ yan cibindən 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,335 qram, 0,516 qram, 0,366 qram, 0,325 qram, 0,605 qram, ümumilikdə təmiz çəkisi 2,147 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,710 qram, 0,325 qram, 0,530 qram, 0,334 qram, 0,618 qram, ümumi təmiz çəkisi 2,517 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, həmçinin şalvarının sol yan cibindən üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 18 avqust 2021-ci il tarixdə saat 22:30-da yaşadığı ünvan 1 ünvanında həyətdə işləyən zaman 10 nəfər polis əməkdaşı həyətinə daxil olmuşdur. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli oluğunu bildirib zor tətbiq etməklə evindən çıxarmışlar. Həmin vaxt ailə üzvləri də evdə olmuşdur. Polis əməkdaşları onu Suraxanı RPİ-nin 31-ci PB-nə gətirib 5 büküm narkotik vasitə heroini, 5 büküm psixotrop maddə metafetamini və elektron tərəzini göstərib üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman həmin bükümlərin və elektron tərəzinin özünə məxsus olduğunu bildirməyini tələb etmişlər. O da etiraz etdikdə isə polis əməkdaşları ona fiziki təsir göstərib həmçinin ailə üzvlərini də cinayət işinə cəlb edəcəklərini bildirmişlər. Beləliklə, məcbur olub videoçəkiliş zamanı həmin 5 büküm narkotik vasitə heroin, 5 büküm psixotrop maddə metafetamin və elektron tərəzinin ona məxsus olduğunu, onları həm şəxsi istifadəsi, həm də satmaq üçün əldə etdiyini bildirmişdir. Heç vaxt narkotik vasitə və ya psixotrop maddədən istifadə etməmiş və satışı ilə məşğul olmamışdır. Şəxsi axtarış zamanı otaqda polis əməkdaşları və təhqiqatçı olmuşdur. Onu tutmağa 10 nəfər polis əməkdaşı gəlmişdir. Tutulmazdan əvvəl istifadəsində olan mobil nömrəni hazırda xatırlamır. Polis əməkdaşları evində də ona zor tətbiq etmişlər. 5 büküm narkotik vasitə heroin, 5 büküm psixotrop maddə metafetamin və tərəzi şəxsi axtarışdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur. Ona zor tətbiq edildiyi və hədələdikləri üçün videoçəkiliş zamanı bükümlərin və tərəzinin özünə məxsus olduğunu bildirmişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadələrə ona zor tətbiq edildiyi üçün imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 2021-ci ilin avqust ayının ortalarında öz şəxsi istifadəsi, həmçinin satıb qazanc əldə etmək üçün “Papanin” deyilən yerdə tanımadığı şəxsdən onlayn şəkildə xatırlamadığı bank hesabına terminal vasitəsi ilə 100 manat pul köçürməklə bir bükümdə heroin və bir bükümdə psixotrop maddə metafetamin alıb əldə etmişdir. Aldığı heroindən və metafetamindən bir balaca özü üçün istifadə etmişdir. Sonra narkotik vasitə heroini satış məqsədi ilə özündə olan elektron tərəzi ilə çəkərək heroini 5 ədəd bükümə və psixotrop maddə metafetamini də gözə yarı 5 ədəd bükümə bölüb bükümləri üzərində saxlamaqla daşımışdır. 18 avqust 2021-ci il tarixdə saat 22:30-da ünvan 1 ünvanının qarşısında olan zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onu şübhəli şəxs qismində Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birinə müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra polis əməkdaşları videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilməsinin zəruri olmasını bildirmişlər. O buna etiraz etməmiş və bu barədə ərizə vermişdir. Daha sonra ərizəsi əsasında müdafiəçinin iştirakı olmadan videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. Suala cavab olaraq əynindəki boz rəngli şalvarın sağ yan cibindən 5 ədəd bükümdə olan narkotik vasitə hesab edilən heroini, 5 ədəd bükümdə olan psixotrop maddə metafetamini, sol yan cibindən 1 ədəd elektron tərəzini və özünə məxsus ağ rəngli “Samsung” markalı mobil telefon aparatını çıxarıb təqdim etmişdir. Təqdim etdiyi heroin və metafetamin bükümləri, həmçinin elektron tərəzi və mobil telefon aparatı zərflərə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Zərflər iştirakçılar tərəfindən, həmçinin onun tərəfindən imzalanmışlar. Sorğu zamanı təqdim etdiyi heroin və metafetamin bükümlərini şəxsi istifadəsi, həmçinin satmaq üçün 2021-ci ilin avqust ayının ortalarında tanımadığı şəxsdən onlayn şəkildə terminal vasitəsi ilə ödəmə yolu ilə 100 manata aldığını bildirmişdir. Bu barədə müvafiq qaydada protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən, həmçinin onun tərəfindən imzalanmışdır. Keçirilən bütün prosesslər videoçəkilişlə qeydə alınmış, ona qarşı polis əməkdaşları tərəfindən heç bir zor və təzyiq tətbiq edilməmişdir (cild 1, iş vərəqə 49-50 və 66-68). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 18 avqust 2021-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci Polis bölməsinə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində “Ceyhun” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq və “Ceyhun” adlı şəxsin hərəkətlərini ifşa etmək məqsədi ilə 18 avqust 2021-ci il tarixdə ondan və 31-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 22:30-da tərəflərindən keçirilmiş tədbirlər nəticəsində ünvan 1 ünvanın qarşısında sonradan tanıdıqları Təqsirləndirilən şəxs saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün PB-nə müdafiəçi dəvət olunmuş, sonuncu müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra inzibati binanın xidməti otaqlarının birində videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın və götürmənin keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və bu barədə ərizə vermişdir. Daha sonra Təqsirləndirilən şəxs ərizəsi əsasında müdafiəçinin iştirakı olmadan şəxsi axtarış və götürmə aparılmasından əvvəl ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən narkotik vasitə hesab edilən 5 ədəd heroin və psixotrop maddə hesab edilən 5 ədəd metafetamin bükümlərini çıxarıb təqdim etmişdir. Şalvarın sol yan cibindən isə 1 ədəd elektron tərəzini və 1 ədəd ağ rəngli “Samsung” markalı mobil telefon aparatını çıxarıb təqdim etmişdir. Təqdim edilmiş bükümlər, elektron tərəzi və mobil telefon aparatı 3 ədəd zərfə qablaşdınlaraq Azərbaycan Respublikası DİN-nin 195 saylı möhürü ilə möhürlənmişlər. Zərflər möhürləndikdən sonra iştirakçılar tərəfindən, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi heroin və metafetamin bükümlərini şəxsi istifadəsi, həmçinin satmaq üçün 2021-ci ilin avqust ayının ortalarında tanımadığı şəxsdən onlayn şəkildə terminal vasitəsi ilə ödəmə yolu ilə 100 manata aldığını bildirmişdir. Bu barədə müvafiq qaydada protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Videoçəkiliş sonradan diskə köçürülməsi üçün “Samsung” markalı mobil telefon vasitəsi ilə aparılmışdır. Təqsirləndirilən şəxsi ünvan 1 ünvanın qarşısında tutmuşlar. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni həm satmaq, həm də şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs daxil olan əməliyyat məlumatı əsasında tutmuşlar. Təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddəni satdığı şəxsləri müəyyənləşdirə bilməmişlər. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 avqust 2021-ci il tarixli 6/3606 saylı rəyində göstərilmişdir ki, «Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 5 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,335 qram, 0516 qram, 0,325 qram, 0,366 qram və 0,605 qram olmaqla ümumi təmiz çəkisi 2,147 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 5 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,710 qram, 0,325 qram, 0,530 qram, 0,334 qram və 0,618 qram olmaqla ümumi təmiz çəkisi 2,517 qram olan ağ rəngli .kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd 6*12 sm ölçüdə gümüş rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir (Qeyd: heroinin təmiz çəkisi 2,147 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 2,047 qram, metafetaminin təmiz çəkisi 2,517 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 2,417 qram, cild 1, iş vərəqə 42-46). Cinayət işinin materiallarında olan “videoçəkilişə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanın qarşısında Suraxanı RPİ-nin 31-ci və 33-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nə gətirildikdə üzərində şəxsi axtarış aparılarkən « Samsung » markalı mobil telefonla videoçəkiliş aparılmış, çəkiliş 1 ədəd «CD» diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. 20 avqust 2021-ci il tarixdə həmin videoçəkilişə Təqsirləndirilən şəxs, həmçinin onun müdafiəçisi X2 iştirakları ilə tərəfimdən baxış keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. Həmin disk iş üzrə əhəmiyyət kəsb etdiyindən istintaq sənədi kimi sübut qismində tanınmışdır (cild 1, iş vərəqə 69). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 5 oktyabr 2021-ci il tarixli, 3786 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metafetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 129-130). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 5 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,335 qram, 0516 qram, 0,325 qram və 0,605 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda 2,147 qram olan (tədqiqata 0,1 qram sərf edildikdən sonra qalığı 2,047 qram təşkil edən) qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 5 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,710 qram, 0,325 qram, 0,530 qram, 0,334 qram və 0,618 qram olmaqla, ümumi təmiz çəkisi 2,517 qram olan külli miqdarda (tədqiqata 0,1 qram sərf edildikdən sonra qalığı 2,417 qram təşkil edən) ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd 6*12 sm.ölçüdə gümüş rəngli elektron tərəzi maddi sübut hesab edilərək saxlanılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarışın videosunu özündə əks etdirən 1 ədəd CD disk isə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 134-139). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 100). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 2 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 120-121). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 avqust 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 23). İş materiallarında olan Suraxanı rayon məhkəməsinin 21 avqust 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 avqust 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 76-79). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 18 avqust 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 88,70 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar -Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 5 ədəd bükümdə olmaqla ümumi təmiz çəkisi 2,047 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 5 ədəd bükümdə olmaqla ümumi təmiz çəkisi 2,417 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin; -üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd 6*12 sm ölçüdə gümüş rəngli elektron tərəzi məhv edilməli, -Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarışın videogörüntülərini özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 18 avqust 2021-ci il tarixdən hesablansın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 88,70 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübutlar: -Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 5 ədəd bükümdə olmaqla ümumi təmiz çəkisi 2,047 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 5 ədəd bükümdə olmaqla ümumi təmiz çəkisi 2,417 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin; -üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd 6*12 sm ölçüdə gümüş rəngli elektron tərəzi məhv edilsin; -Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarışın videogörüntülərini özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar