Məhkəmə qərarları › İş №1(101)-459/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-459/2023

10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-459/2023 10.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasənda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, o, adını bilmədiyi tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq 02 ədəd sellofan torbada təmiz çəkiləri 1640 qram və 1760 qram olmaqla ümumi təmiz çəkisi isə 3400 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini razılaşdırılmış ümumi niyyətə əsasən müəyyənləşdirilmiş yerdən götürməklə sonuncuya çatdırmaq üçün üzərində saxlamaqla daşımış, 12 iyul 2022-ci ildə, saat 16:10 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 3 ünvanının qarşısında saxlanılaraq bölmənin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxladığı torbanın içərisindən 02 ədəd sellofan torbada təmiz çəkiləri 1640 qram və 1760 qram olmaqla ümumi təmiz çəkisi isə 3400 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, ona işgəncəylə narkotiki yükləyiblər. Heroindən də, narkotikin digər növündən də əvvəllər istifadə etmişdir və artıq 6-7 ildir istifadə etmir. O, siqareti bitdiyi üçün evdən siqaret almaq üçün çıxmış, “AL” marketə daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Evi ilə market arasında 80-100 metr məsafə vardır. Həmin anda əlində heç nə olmamış, 06 markalı avtomobilə yerləşdirilərək 26-cı polis bölməsinə aparılmışdır. Bədənində dəmir olduğuna görə döyülməməsi üçün hər şeyi boynuna almışdır. Polis əməkdaşları onu apardıqda özlərini təqdim etməmiş, nə üçün apardıqlarını deməmiş, sual vermək üçün imkan yaratmamışdırlar. Maşında olan əməkdaşlardan biri formada olduğundan onu aparanların polis olduğunu anlamışdır. Kabinetdən bir nəfər çıxaraq selofanı stolun üstünə qoyaraq, narkotiki çıxartmışdır. 3 nəfər onu bölmədə kabinetə apararaq standart kağızlar vermiş və tanımadığı iranlı şəxsdən 200 manat və narkotik, siqaret götürdüyünü və onları kiməsə verməli olduğunu qeyd etməyini tələb etmişdirlər. Qeyd edilənləri yazarkən ona aid olmayan hissələri görmüş və imzalamaqdan imtina etmişdir. İllərdir ki, telefondan istifadə etmədiyindən həmin gün də üstündə telefon olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsində cinayət axtarış üzrə əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, onlara Yasamal rayonunda, dörd yol adlanan ərazidə narkoman məhəlləsində yaşayan şəxsin narkotik vasitələrinin daşınması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat-axtarış tədbiri qismində müşahidə apararaq təqsirləndirilən şəxsin yerin müəyyən etmiş, onu saxlamış, sonuncu özü də, etiraf etmişdir ki, bir nəfər Baba adlı İran vətəndaşı şəxslə əlaqə yaradaraq, narkotik vasitələrinin çatdırılması ilə məşğul olmuşdur. Şəxs tutulduğu və polis bölməsində olduğu zaman hərəkətlərindən səmimi peşmançılıq hissi keçirməsini bildirərək əməlini etiraf etmişdir. Onlara daxil olan əməliyyat məlumatının məzmunu şəxsin narkotik vasitələrinin çatdırılmasını həyata keçirməsindən ibarət olmuş, saxlanılan şəxsin özü də çatdırmanın müqabilində ona pul ödəyəcəklərini bildirmişdir. Saxlanılan şəxsin üzərindən 2 bağlama narkotik vasitə aşkar edilmiş, ekspertiza zamanı narkotikin miqdarı 3 kq 800 qram olaraq müəyyən edilmişdir. Şəxsin üzərindən çıxan bağlamalardakı narkotik vasitələr eyni növ olmuş, sonuncu kuryer vəzifəsini yerinə yetirmiş, narkotiki Baba adlı şəxsdən əldə edərək, onunla birlikdə daşınıb çatdırılmasını həyata keçirmişdir. Saxlanılan şəxsin narkotiki özünün satıb-satmadığını bilmir, şəxs təmanna qarşılığında narkotikin çatdırılmasını həyata keçirmişdir. Şəxsin tutulduğu yerdə “AL” market olmamış, “AL” market saxlanılan şəxsin olduğu küçənin arxa tərəfində olmuşdur. Təqsirləndirilən şəxsə qarşı psixoloji təzyiq göstərilməmiş, onun bədənində mil olması haqqında məlumatdan ümumiyyətlə xəbəri olmamışdır. Onlarda əvvəllər də təqsirləndirilən şəxsin narkotik maddəni Binəqədi ərazisində bir nəfərə çatdırması ilə də bağlı məlumat olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsində cinayət axtarış üzrə əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, əməliyyataxtarış məlumatı Şahid1 daxil olmuş, sonuncu məlumatın məzmununun şəxsin kuryer olaraq narkotik vasitələrinin çatdırılmasını həyata keçirməsi ilə bağlı olduğunu bildirmişdir. Fuadla birlikdə tədbir yerinə getmişlər. Şahid1 şəxsi narkotik maddəni çatdıracağı ünvanda yox, müşahidə apardıqları Yasamal rayonu ünvanındakı ərazidə saxlanılmasını məqsədəuyğun hesab etdiyindən şəxsi əlində çanta ilə Hüseyzadə parkının arxasında məhlənin içərisində saxlamışdırlar. Təqsirləndirilən şəxsin üzərindəki çantada narkotik vasitə olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 12 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayəti törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə “X2 haqqında” Qanununa uyğun olaraq müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (Cild 1, iş vərəqə 5-6). Bakı şəhəri Yasamal rayon məhkəməsinin 13 iyul 2022-ci il tarixli qərarı ilə həmin qərar yoxlanılaraq qanuni hesab edilmişdir (Cild 1, iş vərəqə 54). Şəxsi axtarış və götürmə aparılması haqqında 12 iyul 2022-ci il tarixli protokolun məzmunundan və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs sağ əlində olan yarı boz, yarı narıncı rəngli selofan paketi təqdim edərək, içərisində 2 ədəd böyük bükümdə qara rəngli selofana bükülmüş bağlamaları təqdim edərək narkotik maddə olan “kakos” olduğunu, bu maddələri 2022-ci ilin iyul ayının 12-də saat 16 radələrində 5-6 ay əvvəl tanış olduğu, adını bilmədiyi 50 yaşlarında kişinin təklifi ilə 200 manat pul və 1 blok siqaret verəcəyi müqabilində Bakı şəhəri, Yasamal rayonu “Nərimanov” heykəlinin yaxınlığında yerləşən parkda ağacların yanından götürdüyünü, həmin içərisində narkotik vasitə olan selofan paketi götürüb aparan zaman ünvan 5 ünvanının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi yarı boz, yarı narıncı rəngli selofan paketin içərisində iki ədəd qara rəngli selofana bükülmüş, toz şəklində, qəhvəyi rəngdə, spesifik qoxuya malik narkotik maddəyə bənzər heroin olması aşkar edilmişdir. Aşkar olunmuş iki ədəd bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 170 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (cild 1 iş vərəqə 37-38). 13 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/3779 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 170”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan bağlamadakı, üzərləri şəffaf yapışqan lentlə bağlanmış 2(iki) ədəd qara rəngli polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1640qr və 1760qr, ümumi təmiz çəkisi 3400qram (3kq 400qram) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 3399,8 qram təşkil etmişdir (cild 1, iş vərəqə 47-49). Məhkəmə psixiatrik ekspertizasının 10 oktyabr 2022-ci il tarixli, 2691 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik aşkar edilmir. İttiham olunduğu əməli törətdiyi anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Barəsində tibbi xarekterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur ( cild 1, iş vərəqə 148-149). 04 noyabr 2022-ci il tarixli sübutarın qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 1640qr və 1760qr olmaqla ümumilikdə təmiz çəkisi 3400 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3399,8 qram təşkil edən heroin saxlanılması üçün Yasamal rayon Polis İdarəsinin “maddi sübutların saxlanılması otağına” verilmiş, təqsirləndirilən şəxsin barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır (cild 1 iş vərəqə 152-162). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir . “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət- Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində göstərilən əmələ görə cinayət məsuliyyəti həmin əməllər külli miqdarda törədildiyi təqdirdə CM-nin 234.4.3-cü maddəsində, qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən törədilməsi ilə müşaiyət olunduqda isə CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin həm 234.4.1, həm də 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması, üzərindən aşkar edilən narkotik vasitənin ümumiyyətlə ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Cinayət işi materiallarına əlavə edilən və məhkəmə iclasında bilavasitə tədqiq edilən üzərində şəxsi axtarış aparılmasına dair video görüntüləri özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı içərisində iki bükümdə olan heroini olan çantanı təqdim edərək bükümlərdəki maddənin “kakos” olduğunu, bu maddələri 2022-ci ilin iyul ayının 12-də saat 16 radələrində 5-6 ay əvvəl tanış olduğu, adını bilmədiyi 50 yaşlarında kişinin təklifi ilə 200 manat pul və 1 blok siqaret müqabilində sonuncuya çatdırmaq üçün Bakı şəhəri, Yasamal rayonu “Nərimanov” heykəlinin yaxınlığında yerləşən parkda ağacların yanından götürdüyünü bildirmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən də məhkəmə iclasında geniş şəkildə ifadə vermiş, əməlindən peşman olduğunu, elan edilmiş ittihamda özünü təqsirli bildiyini, həmin maddələri 200 manat və 1 blok siqaret müqabilində tanımadığı şəxsə kömək etmək məqsədilə daşıdığını bildirmişdir. Məhkəmə baxış iclasında isə təqsirləndirilən şəxs videoçəkiliş zamanı psixoloji təzyiq altında ifadə verməsini vurğulayaraq, həmin gün “Nərimanov” heykəlinin yaxınlığında olmamasını bildirmiş, həmin ifadəsinin yoxlanılması ilə əlaqədar məhkəmə kollegiyası tərəfindən anten məlumatlarının yoxlanılması məqsədilə üzərində telefon olub-olmaması aydınlaşdırılarkən ümumiyyətlə telefondan istifadə etmədiyini qeyd etmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin həm üzərinə şəxsi axtarış keçirilməsi, həm məhkəmə nəzarəti qaydasında barəsində həbs qətimkan tədbiri seçilməsi, həm də istintaq dövründə eyniməzmunlu ifadə verməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən 02 ədəd sellofan torbada təmiz çəkiləri 1640 qram və 1760 qram olmaqla ümumi təmiz çəkisi isə 3400 qram heroin aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Narkotik vasitənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə heroinin 3400 qram, yəni şəxsi istehalk miqdarından artıq miqdarından təxmini olaraq 22000 dəfə artıq olması, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən DVD diskdən və məhkəməyədək icraatda verdiyi ifadələrdən də göründüyü kimi üzərindən aşkar edilən narkotik vasitə heroini 5-6 ay əvvəl tanış olduğu, adını bilmədiyi 50 yaşlarında kişinin təklifi ilə 200 manat pul və 1 blok siqaret müqabilində sonuncuya çatdırmaq üçün Bakı şəhəri, Yasamal rayonu “Nərimanov” heykəlinin yaxınlığında yerləşən parkda ağacların yanından götürməsi, işsiz olması, həmin narkotik vasitənin özü tərəfindən pul verilərək alınması imkanlarının olmaması hallarını birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini qəsdən törətmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Səmədov X3 Rayon Məhkəməsinin 22 yanvar 2016ci il tarixli hökmü ilə 2 il 4 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. 19 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-ci il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad olunmuşdur (cild 1, iş vərəqə 111). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Hazırki iş üzrə təqsirləndirilən şəxs cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan iki il müddət keçdiyinə görə məhkumluğu olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 12 iyul 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 54). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 iyul 2022-ci il tarixdən hesablanmalıdır. 13 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 3786 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən və alkoqoldan sui-istifadə nəticəsində yaranan asılılıq sindromu (narkomaniya, alkoqolizm xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 90-91). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Yasamal rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3399.8 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 47-49). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 12 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3399.8 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar