Məhkəmə qərarları › İş №1(101)-460/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-460/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-460/2025 15.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi – Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29 may 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 və 29,149.2.4-cü maddələri ilə təqsirli bilinərək, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 18 yanvar 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317.2.1-ci maddəsi ilə təqsirli bilinib, 6 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3 və 317-1.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 14 avqust 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.2-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli qərarına əsasən cəzadan 1 il 1 ay vaxtından əvvəl şərti azad edilməklə azadlığa buraxılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 01 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 02 may 2024cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29 may 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 və 29,149.2.4-cü maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 18 yanvar 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317.2.1-ci maddəsi ilə təqsirli bilinib 6 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3 və 317-1.2-ci maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 14 avqust 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.2-ci maddəsi ilə təqsirli bilinib, hökmlərin məcmusu üzrə qəti olaraq 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli qərarı ilə cəzadan 1 il 1 ay vaxtından əvvəl şərti azad edilməklə azadlığa buraxılmasına baxmayaraq, qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 4,5 (dörd tam onda beş) qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanına daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 01 may 2024-cü il tarixdə saat 12:15-də yuxarıda qeyd olunan ünvanın yaxınlığında saxlanılaraq ünvan 2a yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə orada həmin gün saat 14:00-dan etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd selofan bükümdə külli miqdarda - 4,5 (dörd tam onda beş) qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən isə Təqsirləndirilən şəxs həmin əməli satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilmiş, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldı, bu zaman təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması faktı öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Tutulduğu gün səhər onun istifadəsində olan mobil telefona zəng gəlmişdir. Küçəyə çıxan zaman qonşuluqda yaşayan oğlanı görmüş və həmin şəxslə görüşərkən mülki geyimli şəxslər onların hər ikisini tutub Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Orada ona fiziki və psixoloji təzyiqlər göstərilmiş, lakin Bakı İstintaq Təcridxanasına daxil olanda onun üzərində hər hansı xəsarət qeydə alınmamışdır. Onunla birlikdə saxladıqları həmin oğlanı bir gün idarədə saxlayandan sonra buraxmışlar. Ondan isə azad edilməsi üçün pul istəmişlər, lakin imkanı olmadığı üçün verə bilməmiş, buna görə həbs edilmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdə saat 11 radələrində polis işçiləri tərəfindən saxlanıldığını, onu yaşadığı məhəllədən 10-15 metr aralıda saxladıqlarını, qonşusunun adının Şahid2 olduğunu və onunla görüşən zaman polis işçiləri tərəfindən tutulduqlarını, onların eyni maşında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldıqlarını, onların şəxsi axtarışının bir yerdə aparıldığını, idarəyə aparılarkən nə üzərində narkotik vasitə, nə də mobil telefonunda narkotik vasitələrin satışı ilə bağlı hər hansı yazışmaların olmadığını, videoçəkilişə qədər liftlə düşən zaman Təbrizin yanında polis işçilərinin narkotik vasitəni onun cibinə qoyduqlarını və çəkilişdə çıxarıb təqdim etməli olduğunu ona bildirdiklərini, ibtidai istintaq zamanı ifadəsini oxumadan imzaladığını, Nərimanov rayon Məhkəməsində vəkilin onun əməlinin CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmasını bildirdiyini, ona qarşı təzyiqlər göstərildiyini, 055 270-00-56 saylı mobil nömrənin ona məxsus olduğunu, lakin həmin telefona mesaj yazan şəxsin kim olduğunu bilmədiyini, heç kimdən narkotik vasitə istəmədiyini və həmin “sms» yazışmasının mahiyyətini izah edə bilmədiyini məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq edildi. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olub qazanc əldə edir və nəşədən istifadə edir. 30 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yaşadığı ünvanın yaxınlığında gəzərkən yerdə 1 ədəd selofan büküm görmüşdür. Bu büküm onun marağını cəlb etdiyindən onu götürmüş və içərisində narkotik vasitə olduğunu görmüşdür. Həmin bükümü lazım olsa, istifadə edər deyə götürmüşdür. Narkotik vasitəni götürməkdə niyyəti istifadə etmək olmuşdur, satış və ya başqa niyyəti olmamışdır. 01 may 2024-cü il tarixdə saat 12:15 radələrində yaşadığı ünvanın yaxınlığında tanışı Şahid2 ilə birlikdə olduğu zaman onlara bir neçə nəfər mülki geyimdə şəxs yaxınlaşıb, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını deyərək anket məlumatlarını soruşmuşdur. Onun barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişdir. O, səmimi olaraq etiraf etmişdir ki, hazırda üzərində narkotik vasitə var. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, o da, onlarla birlikdə həmin idarəyə gəlmişdir. Polis idarəsində vəkil ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış, Təbrizin üzərinə isə baxış keçirilmişdir. Ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində narkotik vasitə olduğunu bildirmiş, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd selofan bükümü, əynindəki pencəyin sol yan cibindən 40 manat pulu, həmin pencəyin sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, əynindəki cins şalvarın sağ arxa cibindən 1 ədəd “Samsung" markalı, 1 ədəd “ Oppo” markalı, şalvarın sol arxa cibindən 1 ədəd “İphone” markalı telefonları çıxarıb təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd selofan bükümün içərisində narkotik vasitə kimi tanıdığı “şüşə” olduğunu bildirmişdir. Həmin bükümə baxış keçirilərkən orada psixotrop maddə metamfetamin aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sonra aşkar olunmuş 1 ədəd selofan bükümün içərisindəki psixotrop maddə metamfetamin 1 ədəd kağız zərfə qablaşdırılıb möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 3 ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi polis əməkdaşı tərəfindən götürülmüş, 40 manat pul isə ona geri qaytarılmışdır. Daha sonra tanışı Şahid2 üzərinə baxış keçirilmiş, Təbriz üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynində olan cins şalvarın sol yan cibindən “Redmi” markalı mobil telefonu, sağ yan cibindən isə 5 manat pulu çıxardıb təqdim etmişdir. Həmin mobil telefon və pul daha sonra Şahid2 özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini tutulmazdan 1 gün əvvəl yaşadığı ərazidən tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, heç kimə satmadığını, heç kimə hədiyyə etmədiyini və üzərindən aşkar edilmiş psixotrop maddə barədə tanışı Şahid2 məlumatı olmadığını bildirmişdir. Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs elan olunmuş ifadəsini oxumadan imzaladığını, əvvəlcədən ona deyildiyi məzmunda ifadə verdiyini məhkəməyə bildirdi. Təqsirləndirilən şəxs təhqiqat zamanı verdiyi izahatı, həmçinin şübhəli şəxs qismində verdiyi ifadəsi tədqiq olunarkən, həmin prosessual sənədlərin də eyni məzmunlu olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 sərbəst ifadəsində və proses iştirakçılarının suallarını cavab olaraq bildirdi ki, Baş idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin əməliyyat məlumatı ona verilmişdir. Daxil olmuş məlumat əsasında Baş idarənin ondan başqa üç nəfər polis əməkdaşından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə birlikdə Tərlanın yaşadığı evin yaxınlığına getmişlər və onu orada saxlayıb Baş idarəyə gətirmişlər. Təhqiqatçı tərəfindən keçrilmiş şəxsi axtarış zamanı Tərlanın üzərindən üç ədəd mobil telefon, pul və psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Keçirilmiş əməliyyat tədbiri ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat öz təsdiqini tapmamışdır. Tərlan saxlanılan vaxtı yanında başqa bir nəfər də olmuş, lakin həmin şəxsdə qanunsuz hər hansı əşya aşkar edilmədiyinə görə sərbəst buraxılmışdır. İlkin sorğu zamanı Tərlan narkotik vasitəni bir gün əvvəl tapdığını, öz istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Saxlanılarkən və Baş idarədə olarkən Tərlana qarşı heç bir fiziki və ya psixoloji təsir, təzyiq göstərilməmişdir. Tərlanın üzərindən mobil telefonlar da aşkar edilmiş, lakin o, həmin telefonlara baxış keçirməmişdir. Onun tərəfindən Tərlanın üzərinə hər hansı narkotik və psixotrop maddə qoyulmamışdır. Məhkəmədə şahidlər - Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri X4, X6 və X1 ibtidai istintaq zamanı verdikləri ifadələri tədqiq olunarkən onların öz həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verdikləri müəyyən olundu (cild 1, iş vərəqi 183-186, 193-196, 197-200). Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, hadisə baş verən gün saat təxminən 11-12 radələrində işə gedərkən küçədə Tərlanı görmüş, onunla görüşən zaman polis işçiləri onları tutub Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Orada onların üstünə narkotiklə bağlı bir şey qoymuşlar. İdarədə onları liftlə ikinci mərtəbəyə çıxarmış, sonra liftlə aşağı düşürərək çəkiliş olacağını demişlər. Onların ciblərinə narkotik qoyaraq çəkiliş olacağını, çəkiliş zamanı narkotiklərin onlara məxsus olmasını etiraf etmələrini tələb etmişlər. Onlar da məcbur olub çəkiliş zamanı narkotik vasitənin özlərinə məxsus olduğunu demişlər. Əslində isə ümumiyyətlə onların heç birinin üzərində narkotik vasitə olmamışdır. Çəkiliş vaxtı da onun üzərindən narkotik aşkar olunmamışdır. Tərlanın üzərində də narkotik vasitə olmamışdır, həmin narkotiki onun üzərinə polis işçilərinin özləri qoymuşlar. Narkotiki liftlə düşəndə Tərlanın cibinə qoymuşlar. Onun özünü iki gün polis idarəsində saxlamışlar və pul təklif olunandan sonra onu buraxmışlar. Polis işçilərinin idarədə bir otağı olmuş, Tərlanın cibinə də narkotik vasitəni həmin otaqda onun gözləri qarşısında qoymuşlar. Lakin polis işçilərinin nəyə görə məhz onun yanında narkotik vasitəni Tərlanın cibinə qoyduqlarını izah edə bilmir. Onu isə valideynləri tərəfindən müəyyən ödəniş edildikdən sonra buraxmışlar. Həmin ödənişlə bağlı o, hansısa bir yerə şikayət etməmişdir. Videoçəkiliş zamanı Tərlanın üstündən narkotik aşkar olunsa da, onun üstündən narkotik vasitə çıxmamışdır. Sonra protokol tərtib olunmuş, o da, həmin protokolu imzalamışdır. İstintaq zamanı bu işlə bağlı müstəntiqə ifadə verməmişdir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında şahidin istintaq zamanı verdiyi izahatı və ifadəsi tədqiq olunarkən, onun Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 35-40, iş vərəqi 61-63). Elan olunmuş izahat və ifadələrlə bağlı sualları cavablandıran Şahid2 həmin prosessual sənədlərdəki imzaların ona məxsus olduğunu, lakin dindirilərkən ona nə deyilmişdirsə, onların dediklərini təsdiq etdiyini, izahatı və ifadəni oxumadan imzaladığını, özünün narkotik vasitələrdən istifadə etmədiyini bildirdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan 01 may 2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokola əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 01 may 2024-cü il tarixdə saat 12:15-də ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 14:00-dan etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd selofan bükümdə külli miqdarda - 4,500 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 ədəd DVD disk sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 27-30). Şəxsi axtarış və götürmə aparılması protokoluna əlavə edilmiş DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi Təhqiqat şöbəsinin baş təhqiqatçısı Natiq Əzimov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkətləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasındakı xidməti otaqların birində həyata keçirilir. Şəxsi axtarış zamanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1, X7, X3, X9 və müdafiəçi X5 iştirak edir, istintaq hərəkəti videoçəkliş vasitəsilə həyata keçirilir. Axtarış aparılarkən ilk olaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və ya psixotrop maddələr varsa, təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirir, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd selofan bükümü, əynindəki pencəyin sol yan cibindən 40 manat pulu, həmin pencəyin sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, əynindəki cins şalvarın sağ arxa cibindən 1 ədəd “Samsung” markalı, 1 ədəd “Oppo” markalı, şalvarın sol arxa cibindən isə 1 ədəd “İphone” markalı mobil telefonu çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd selofan bükümün içərisində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni bir gün əvvəl yaşadığı ərazidən tapdığını, özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirir. 1 ədəd selofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilmir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd selofan bükümün içərisində olan metamfetaminə oxşar maddə təhqiqatçı tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd “Samsung” markalı, 1 ədəd “İphone” markalı və 1 ədəd “Oppo” markalı mobil telefonlar iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülür və 40 manat pul isə Təqsirləndirilən şəxs özünə geri qaytarılır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd selofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddəni 1 gün əvvəl yaşadığı ünvanın yaxınlığından tapdığını, şəxsi istifadəsi üçün üstündə saxladığını, həmin maddələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, maddənin üstündə olmasından heç kimin məlumatının olmadığını, Şahid2 onun tanışı olduğunu və məlumatı olmadığını bildirir. Daha sonra Şahid2 üzərinə baxış keçirilir, bu zaman ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Şahid2 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynində olan cins şalvarın sol yan cibindən “Redmi” markalı mobil telefonu, şalvarın sağ yan cibindən isə 5 manat pulu çıxardıb təqdim edir. Daha sonra Şahid2 təqdim etdiyi mobil telefon və pul onun özünə geri qaytarılır (cild 1, iş vərəqi 190-191). Məhkəmə-kimyəvi ekspertizasının 02 may 2024-cü il tarixli 3-16-16/2-6/2399 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 6” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 4,500 qram olan ağ rəngli, kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi 4,500 qr., tədqiqata sərf edildi 0,05 qr., qalıq 4,450 qr. (cild 1, iş vərəqi 44-48). Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 02 may 2024-cü il tarixli 2880 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən, psixostimulyatorlardan və opioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəydə Təqsirləndirilən şəxs öz deməsinə görə narkotik vasitə marixuanadan istifadə etmişdir (cild 1, iş vərəqi 201-202). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 1581/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin, çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid və fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilmişdir (cild 1, iş vərəqi 203-206). Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 01 may 2024-cü il tarixli “Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanunauyğun hesab edilmişdir (cild 1, iş vərəqi 126-127). İbtidai istintaq orqanının tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalan 4,450 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut hesab edilmişdir (cild 1, iş vərəq 112). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən, hökmlərin və qərarların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.5 və 29,149.2.4-cü maddəsi ilə təqsirli bilinib 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 317.2-ci maddəsi lə təqsirli bilinib, CM-nin 67-ci maddəsinə əsasən 6 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3 və 317-1.2-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzadan 1 il 1 ay vaxtından əvvəl şərti azad edilmişdir (cild 1, iş vərəqi 140-143, 145-178). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini, tutulduğu gün səhər onun istifadəsində olan mobil telefona zəng gəldiyini, küçəyə çıxan zaman qonşuluqda yaşayan Şahid2 gördüyünü, həmin şəxslə görüşərkən mülki geyimli şəxslərin onların hər ikisini tutub Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdiklərini, orada ona fiziki və psixoloji təzyiqlər göstərildiyini, videoçəkilişə qədər liftlə düşən zaman Təbrizin yanında polis işçilərinin narkotik vasitəni onun cibinə qoyduqlarını və çəkilişdə çıxarıb təqdim etməli olduğunu ona bildirdiklərini, ibtidai istintaq zamanı ifadəsini oxumadan imzaladığını, onunla birlikdə saxladıqları həmin şəxsi bir gün idarədə saxlayandan sonra buraxdıqlarını, ondan isə azad edilməsi üçün pul istənildiyini, lakin imkanı olmadığı üçün verə bilmədiyindən həbs edildiyini bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş psixotrop maddəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələrində üzərindən aşkar edilmiş psixotrop maddənin özünə məxsus olduğunu, həmin metamfetamini 30 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yaşadığı ünvanın yaxınlığında taparaq götürdüyünü, içərisinə baxanda narkotik vasitə olmasını gördüyünü, həmin bükümü istifadə etmək məqsədilə götürüb saxladığını, narkotik vasitəni götürərkən onu satmaq və ya başqa niyyətinin olmadığını, saxlanılarkən və polis idarəsində olarkən ona qarşı hər hansı fiziki və psixoloji təzyiqlər göstərilmədiyini bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri, məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, fiziki zorakılığa və psixoloji təzyiqlərə məruz qalması nəticəsində cinayət əməlini etiraf etməsi barədə fikirlərini onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Məhkəmə kollegiyası, həmçinin məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsinə tənqidi yanaşaraq, həmin sübutu işdə olan digər sübutlarla müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, onun verddiyi ifadə obyektiv həqiqəti əks etdirmir, adı çəkilən şahid məhkəmədə həmin ifadəni verərkən təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədi güdmüşdür. Qeyd olunanları qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin Təqsirləndirilən şəxs təqsirsizliyi ilə bağlı məhkəmədə gətirdiyi dəlillər tam, hərtərəfli yoxlanılmış, lakin öz təsdiqini tapmamışdır. Bütün bunlarla yanaşı, məhkəmə kollegiyası yuxarıda sadalanan və məhkəmədə tədqiq edilmiş bütün sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, Təqsirləndirilən şəxs 4,5 (dörd tam onda beş) qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması ilə bağlı verilmiş ittiham məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən qərarının təfsirinə əsasən şəxsə CMnin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Baxılan cinayət işi üzrə isə ittiham tərəfi bu cür halların mövcudluğunu müəyyən edib məhkəməyə təqdim etməmişdir. Məhkəmə istintaq orqanının sübut kimi istinad etdiyi "xxxx" MMC-nin BKC/LGL- 9451/24 nömrəli məktubu ilə daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə daxil olan və çıxan mesaj mətnləri ilə bağlı qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 ***-**-** saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdə saat 05:58:18-də 077 ***-**-** saylı mobil nömrədən “Ata 6 7 deygeye ordayamda. İnaniesan qaqa bir dene das oydu icinde onuda firlatsim sene gore.” tipli mesaj göndərildiyi müəyyən edilmişdir. Həmin mesaj mətnləri ilə bağlı məhkəmədə sualları cavablandıran Təqsirləndirilən şəxs 055 270-00-56 nömrəsinin ona məxsus olduğunu, lakin ona mesaj yazan şəxsin kim olduğunu bilmədiyini, heç kimdən narkotik vasitə istəmədiyini və həmin “sms» yazışmasının mahiyyətini izah edə bilmədiyini bildirmişdir. Aparılmış ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs məxsus mobil nömrəyə yuxarıda qeyd olunan SMS yazışmanı göndərmiş şəxs də müəyyən edilməmişdir. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsin istifadə etdiyi mobil nömrəyə daxil olan SMS yazışmasını onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edən sübut kimi qiymətləndirsə də, həmin “SMS” yazışmasının məhkəmədə təhlili zamanı müəyyən edildi ki, cinayət işində mövcud olan həmin bir yazışma vaxt baxımından hazırkı iş üzrə Təqsirləndirilən şəxs verilmiş ittihamla üst-üstə düşmür. Belə ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihama görə cinayət hadisəsi 01 may 2024-cü il tarixdə baş vermiş, lakin SMS yazışmaları bundan xeyli əvvəlki müddəti, yəni 22 aprel 2024-cü il tarixi əhatə edir. Bundan başqa, həmin yazışmanın məzmunundan da aydın olur ki, narkotik vasitə olması güman edilən “daş” kimi adlandırılan maddə müəyyən edilməmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs təklif edilir. Yəni, sözügedən yazışmada Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4,5 qram çəkidə psixotrop maddəni məhz satış məqsədilə əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edən hər hansı sübut əhəmiyyətinə malik olan məlumat müəyyən edilməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərdən heç biri Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı sübut əhəmiyyətli məlumat verməmiş, əksinə polis əməkdaşı Şahid1 məhkəmədə verdiyi ifadəsində keçirilmiş əməliyyat tədbiri ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatın öz təsdiqini tapmadığını bildirmişdir. Şahid qismində dindirilmiş polis əməkdaşları yuxarıda qeyd olunan psixotrop maddənin ancaq aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də məhkəmə baxışı zamanı onun psixotrop maddələrin satışı ilə məşğul olması ilə əlaqədar hər hansı sübut müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. İş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş psixotrop maddəni satmaq üçün alıcı axtarması, onunla sonradan sövdələşərək həmin metamfetamini ona satacağı barədə hər hansı sübut mövcud olmamış və bütün bunlar ehtimal xarakteri daşımışdır. Bundan başqa, psixotrop maddənin satışı müqabilində Təqsirləndirilən şəxs kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də məhkəmədə araşdırılmış sübutlarla müəyyən edilmir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmədə araşdırılmış bütün sübutları tədqiq etməklə həmçinin qeyd edir ki, şəxsin üzərindən bir ədəd bükümdə külli miqdarda psixotrop maddənin aşkarlanması faktı yuxarıda sadalanan digər mühüm halların aşkarlanmadığı halda, öz-özlüyündə həmin şəxsin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq etmir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs 4,5 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasına dair hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməmiş, məhkəmədə də bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübut olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nin müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə tədqiq olunmuş mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmadığından, lakin onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin cinayət tərkibi olduğundan, şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, iş materiallarına görə Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.5 və 29,149.2.4-cü maddəsi ilə təqsirli bilinib 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 317.2.1-ci maddəsi lə təqsirli bilinib, CM-nin 67-ci maddəsinə əsasən 6 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3 və 317-1.2-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzadan 1 il 1 ay vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.3.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi xüsusilə təhlükəli sayılır. Həmin Məcəllənin 18.5-ci maddəsinin tələbinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzadan 1 il 1 ay vaxtından əvvəl şərti azad edilməsinə baxmayaraq, məhkumluqları ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş yenidən qəsdən ağır cinayət əməlini törətmişdir. Hər iki hökmlə müəyyən edilmiş cinayət əməlləri ağır cinayətlər kateqoriyasına aid edildiyi üçün CM-nin 18.3.2-ci maddəsinə əsasən onun əməlində cinayətlərin xüsusi təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmədə həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə ittiham irəli sürülmüş cinayət əməli 01 may 2024-cü il tarixdə, yəni Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzadan 1 il 1 ay vaxtından əvvəl şərti azad edildiyi dövrdə törədilmişdir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təyin olunmuş vaxtından əvvəl cəzadan şərti azad etmə ləğv olunmalı, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, yeni hökm üzrə təyin ediləcək cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini qismən birləşdirmə yolu ilə qəti cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Həmin Məcəllənin 56.1.4-ci maddəsinə əsasən, cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın çəkilmə yeri xüsusi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 01 may 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 02 may 2024-cü il tarixli 2880 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmadığından və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından, onun barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməməli, lakin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunmalıdır: - Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 4,450 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin əks olunduğu bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatı 65 (altmış beş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin müdafiəsini Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmiş, vəkilə müdafiə xərcləri kimi 240 (iki yüz qırx) manat hesablanmışdır. Odur ki, qeyd olunan pul vəsaiti həmin vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 14 avqust 2012-ci il tarixli hökmü üzrə təyin edilmiş 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 il 1 ay hissəsini qismən birləşdirmə yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 4,450 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin əks olunduğu bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar