Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-461/2023 11.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokurorları Dövlət ittihamçısı1, Dövlət ittihamçısı3 və Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1970-ci ildə Cəlilabad rayonunda doğulmuş, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda pasport qeydiyyatında olan, ünvan 2 ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs narkotik vasitənin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan «Elşən» və «Şahin» adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan vaxtda və yerdə «Elşən» adlı şəxslə birlikdə «Şahin» adlı şəxsdən külli miqdarda 4023,8 qram çəkidə narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 iyul 2022-ci il tarixdə saat 23:00-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əlində saxladığı qara rəngli idman çantasının içərisindən, 2 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2012,2 qram və 2011,6 qram olmaqla ümumi təmiz çəkisi 4023,8 qram təşkil edən külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, Laçın şəhərinə işləməyə gedirmiş. Bir gün əvvəl Bakı şəhərində qalmışdır ki, səhər dostunun avtomobili ilə Laçın şəhərinə getsin. Nəsimi metrostansiyasının yaxınlığında olarkən bir nəfər 55 yaşlı qoca bir kişi görmüşdür, onun əlində çantalar var imiş. Həmin şəxs ona “Bacıoğlu, aşağı gedirsənsə, mənə kömək elə” demişdir. O da ona kömək etmək məqsədilə əlindəki çantalardan birini götürəndə polis əməkdaşları qolundan tutmuşdur. O polis əməkdaşlarına həmin çantaların ona məxsus olmadığını, qoca kişiyə məxsus olduğunu demişdir. Buna baxmayaraq polis əməkdaşları qoca kişini yox, onu tutub polis bölməsinə aparmışlar. Polis bölməsində həmin çantanın onun olmadığını desə də, polis əməkdaşları onun olduğunu deməkdə israr edirmişlər. Videoçəkiliş zamanı nə dediyini xatırlamır. Mobil telefondan istifadə edirmiş, ancaq telefonuna mesaj gəlmirmiş. ******* saylı mobil nömrə ona məxsusdur. Əvvəllər 177,178,234.1-ci maddələrlə məhkum olunmuşdur. Narkotik vasitə istifadəçisidir, nəşə çəkir. Narkoloji dispanserdə qeydiyyatdadır. Həmin çantanı boynuna götürməyi üçün barmaqlarını yandırmışlar. Barmaqlarını müvəqqəti saxlama yerində yandırmışlar. Saxlanılarkən videoçəkiliş olmamışdır, polis bölməsində videoçəkiliş olmuşdur, lakin videoçəkiliş zamanı nə dediyimi xatırlamır. Ancaq demişdir ki, həmin çanta ona məxus deyil. Həmin yaşlı şəxsə kömək edirmiş. Çantanın içərisində nə olduğunu bilmirmiş. O polis əməkdaşlarına həmin şəxsi tanımadığını demişdir. Polis əməkdaşlarına həmin çantanın həmin qocaya məxsus olduğunu demişdir, lakin onlar qoca şəxsi yox onu tutmuşlar. Ona təzyiq göstərdikləri üçün videoçəkilişdə nə demişdilərsə, etmişdir. Verdikləri sənədləri imzalamışdır. Barəsində həbs qətimkan tədbiri seçilərkən barmaqlarının hansı səbəbdən yaralı olduğunu soruşmuşlar, o da polis əməkdaşlarının yandırdığını demişdir. Polis əməkdaşları ona bükümlərin içərisini göstərəndə həmin şeyin palçığa oxşadığını bildirmişdir. İdarədə ona təzyiq olunmuşdur, lakin çantanın sahibinə heç nə etməmişlər. Şahid2 onu vurmamışdır, digər polis əməkdaşı ona təzyiq göstərmişdir. Üzərinə baxış keçirilərkən vəkil iştirak etməmişdir, vəkilin iştirak edə bilməyəcəyini ona demişlər. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234,4,1 və 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi vəzifəsində işləyir. Vüqarla yanaşı Elşad, ya da Rəşad adlı şəxslərin Papanin adlanan ərazidə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Digər əməkdaşlarla birgə əməliyyat tədbiri keçirmişlər və şübhəli şəxsi, əlində çanta olan vəziyyətdə, küçədə üzüaşağı gedərkən saxlamışlar. Onu polis idarəsinə aparmışlar. İdarədə onun şəxsiyyətini müəyyən etmişlər. Ondan üzərində olan maddənin nə olduğunu soruşmuşlar, o isə üzərindəki maddənin kakos olduğunu, İran İslam Respublikasının vətəndaşı Şahin adlı şəxsdən, qabaqcadan razılaşmaqla, 7-10 gün ərzində onun kartına 26.000 manata köçürmək şərtilə aldığını bildirmişdir. Bundan əlavə qeyd edir ki, həmin şəxsdən hansı səbəbdən bu fəaliyyətlə məşğul olduğu soruşularkən o, 16.000 borcu olduğunu bildirmişdir. Əməliyyat məlumatı ona daxil olmuşdur. Əməliyyat məlumatı Vüqarla yanaşı Elşad, ya da Rəşad adlı şəxslərin birgə Papanin adlanan ərazidə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə imiş. Əməliyyat məlumatında şəxs barədə Vüqar adlı olduğu qeyd olunmuşdur. Vüqar adlı şəxsin zahiri görkəmini onlara izah etmişdilər. Əməliyyat məlumatında şəxsin zahiri görkəmi barədə məlumat yox imiş, sadəcə olaraq onun zahiri görkəmi barədə soruşduqda bu barədə onlara məlumat verilmişdir. Sənədləşmə onun tərəfindən keçirilmişdir. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarda Vüqar adlı şəxsin zahiri görkəmi barədə məlumatları qeyd etməmişdir. Şifahi şəkildə onlara Vüqar adlı şəxsin görkəmi barədə məlumat verilmişdir, şəkli yox imiş. Narkotik vasitə qara rəngli idman çantasında aşkar edilmişdir. Vüqar idman çantasının içərisində kakos adlı maddənin olduğunu, onu zibilliyin yanından götürdüyünü, Şahin adlı şəxsdən qabaqcadan razılaşmaqla, 7-10 gün ərzində onun kartına 26.000 manata köçürmək şərtilə aldığını bildirmişdir. Vüqar barədə əməliyyat məlumatı var imiş. Onun zahiri görkəmi onlara izah olunmuşdur. Gecə qaranlıq imiş və Vüqar onlara şübhəli kimi görsənmişdir. X6 adlanan yerdə metrostansiyanın arxasında bu fəaliyyətlə məşğul olduğu deyilmişdir. Vüqarın əlindəki çanta qara rəngli idman çantası imiş. Vüqarın əlindəki çantada nə qədər miqdarda narkotik vasitə olması barədə onların məlumatı yox imiş. Əməliyyat məlumatı Vüqarın külli miqdarda narkotik vasitə satışı ilə məşğul olması barədə imiş. Əməliyyat məlumatında Vüqarın əlində çanta olması barədə məlumat yox imiş. Vüqar üzüaşağı qaça-qaça gedirmiş və onlar Vüqarı saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunan çantadakı narkotik vasitələrin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması və özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı İlham Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23:00-da Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən ünvan 5 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Nəsimi rayon polis idarəsinə gətirilmiş və xx.xx.2022-ci ildə saat 01:25-də Nəsimi RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı qara rəngli idman çantası təqdim etmiş və çantanın içərisindən 2 ədəd sarı kağıza bükülmüş içərisində qəhvəyi rəngli tozşəkilli maddə olan bükümləri çıxarıb masanın üzərinə qoymuşur. Təqsirləndirilən şəxs həmin bükümlərdəki maddənin “kakos” deyilən narkotik vasitə “heroin” olduğunu bildirmişdir. Şifahi sorğu zamanı həmin narkotik vasitəni tanışı Elşən adlı şəxslə birlikdə Elşənin tanıdığı Şahin adlı şəxsdən 26000 manata razılaşaraq, Elşənin tanıdığı şəxsə sataraq birgə pul qazanacaqlarını, ünvan 5 ünvanda zibil qutusularının yanndan götürdüyünü bildirmişdir. Daha sonra aşkar olunmuş iki ədəd sarı kağız bükümdə olan narkotik vasitəyə bənzər maddələr və çanta zərfə qoyularaq möhürlənmişdir, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən sübut əhəmiyyətinə malik başqa heç bir əşya və ya predmet aşkar olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD Diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, 12 iyul 2022-ci il tarixdə Nəsimi RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir, təhqiqatçı İlham Məmmədov tərəfindən Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs cibindən 01 ədəd siqaret qutusunu və 01 ədəd alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra əlində saxladığı qara rəngli idman çantasını masanın üzərinə qoyaraq, çantanın içərisindən 2 ədəd sarı kağıza bükülmüş içərisində qəhvəyi rəngli tozşəkilli maddə olan bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümlərdə nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümlərdəki maddənin “kakos” deyilən narkotik vasitə “heroin” olduğunu bildirmişdir. Şifahi sorğu zamanı həmin narkotik vasitəni tanışı Elşən adlı şəxslə birlikdə Elşənin tanıdığı Şahin adlı şəxsdən 26000 manata razılaşaraq, Elşənin tanıdığı şəxsə qramı 18-20 manatdan sataraq birgə pul qazanacaqlarını, ünvan 5 ünvanda zibil qutusularının yanndan götürdüyünü, avtoqəza etdiyini, Ford markalı maşını əzdiyini bildirərək, həmin şəxsin ona qarşı iddia qaldırdığını, ona borclu olduğunu, Elşənin tanışına satacağı narkotikdən ona verəcəyi məbləğlə borcunu ödəyəcəyini bildirmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2022-ci il tarixli, 6/3771 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N186” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs götürülmüş qara rəngli çantanın içərisində olan iki ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə” yazısı və imzalar olan pektdəki, qara rəngli idman çantasının içərisində üzəri sarı yapışqan lentlə bağlanmış qara rəngli polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2012,2 qr və 2011,6 qr, ümumi təmiz çəkisi 4023,8 qram (4 kq 23,8 qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahıya əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildirlər. Heroinin ümumi təmiz çəkisi 4023,8 qram, tədqiqata sərf edildi: ümumi 0,2 qram, qalıq 4023,6 qram. (Ekspertiza tədqiqatının dəyəri 114(yüz on dörd) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(006)-367/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilmiş və barəsində həbsetmənin əvvəli 12 iyul 2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və Cəlilabad rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2013-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayətə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər yalnız cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzanı çəkib qurtardığı gündən iki il keçdiyindən, o, məhkumluğu olmayan təqsirləndirilən şəxs hesab edilir Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Nəsimi rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X2 tərəfindən Təqsirləndirilən şəxs şikayəti əsasında toplanmış 304-c-22 nömrəli material əsasında tərtib olunmuş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 21 sentyabr 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2022-ci il tarixdə Nəsimi RPİnin NMB-nin əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa, həmçinin polis əməkdaşları tərəfindən başqa qanunsuz hərəkətlətə məruz qalması öz təsdiqini tapmamışdır, ona görə də Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin aşkar edilməsi faktı üzrə aparılan araşdırma zamanı Nəsimi RPİ-nin NMB-nin əməkdaşlarının əməlində cinayət tərkibinin olmaması müəyyən edildiyindən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin xx.xx.2022ci il tarixli, 4484 saylı rəyindən görünür ki, müayinə zamani Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda, ümumi təmiz çəkisi 4023 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroinin əldə etdiyi Şahin və Elşən adlı şəxslər barədə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə cinayət işinin ayrılması qərara alınmışdır. Azemis elektron məhkəmə sistemində sorğu edilərək əldə olunan və cinayət işi materiallarına əlavə olunan, qohumluq məlumatlarını əks etdirən sənədin surətindən görünür ki Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2005-ci il təvəllüdlü X4 adlı biri yetkinlik yaşına çatmayan olmaqla 2 övladı var. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 12 iyul 2022-ci tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi qalıq 4023,6 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan 12 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi qalıq 4023,6 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-461/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-461/2023
11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver