Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-462/2024 11.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məcidov X6 və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, X1 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 2000-ci ildə Goranboy rayonu, Tatarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Goranboy rayonu, Tatarlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, ittiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz 121,409 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək, ümumi təmiz çəkisi 8,534 qram narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımış, təmiz çəkisi 112,875 qram narkotik vasitə olan heroini isə yaşadığı ünvan 2 ünvanda yerləşən evində saxlamış, 04 mart 2023-cü il tarixdə saat 22:55 radələrində Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsində “Zığ” kafesinin yaxınlığında olan zaman saxlanılaraq, Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına gətirilib xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümlərdə, külli miqdarda ayrı-ayrılıqda təmiz çəkisi 3,829 qram və 4,705 qram, ümumi təmiz çəkisi 8,534 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin günü yaşadığı ünvan 2 ünvana baxış keçirilən zaman evinin yataq otağında yatağın baş hissəsində döşəyin altından bir ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 112,875 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və üzərində narkotik vasitə olan heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, barəsində aparılmış cinayət işinin istintaqı ilə razı deyil, istintaq qeyri-obyektiv aparılmışdır. Belə ki, ittihamda yazıldığına görə onu ayın 4-də şübhəli şəxs qismində saxlayaraq 33-cü PB-nə aparmışlar, bölmədə axtarış zamanı üzərində narkotik vasitə aşkar olunmuşdu. Guya onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur, lakin məlumatın kim tərəfindən daxil olmasını ona bildirməmişlər. Əslində onu narkotik vasitələrin dövriyyəsinə görə deyil, “Bravo” marketdə baş vermiş qətl hadisəsinə görə tutmuşlar. Belə ki, “Bravo” marketdə baş verən hadisəni törətmiş X2 onunla bir evdə kirayədə yaşamış, həmin günü polis əməkdaşları Ruhlanı axtarmaq məqsədi ilə evə gəlib onu sorğu-sual etmiş və Ruhlan barədə ondan müəyyən məlumatlar soruşmuşlar. Lakin evə gələn əməkdaşlar 33-cü PB-nin əməkdaşları deyil, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olmuşlar və onu ev sahibəsinin iştirakı ilə Baş İdarəyə aparmışlar. Onu idarədə bir gün saxlamışlar, izahat almışlar, sorğu-sual etmişlər. “Bravo” marketdə baş vermiş hadisənin iştirakçılarını dəvət etmiş və onu onlarla üzləşdirmişlər. Həmin hadisədə onun rolu olmadığı aydın olmuş və onu buraxdıqlarını demişlər. O, Baş İdarənin qapısından çıxanda 33-cü PB-nin əməkdaşları onu tutub aparmışlar. Orada ona işgəncələr vermişlər, sonra da cibinə və evinə narkotik vasitə yerləşdirərək həmin narkotik vasitələri boynuna alması üçün məcbur etmişlər. O, ümumiyyətlə siqaret belə çəkmir, heç vaxt narkotik vasitələrlə əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona əvvəlcə narkotik vasitənin qramını 23 manata aldığını deməsini, sonra isə qramını 17 manata aldığını deməsini tapşırmışlar. Polis əməkdaşları tərəfindən ona işgəncələr verildiyi üçün o da polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. O, onu döyənlərin adlarını bilmir, lakin üzdən tanıyır. Onu Baş İdarədən çıxanda üzdən tanıdığı 2 nəfər polis əməkdaşı aparmışdır. 33-cü PB-nin əməkdaşları onu otağa aparıb cibinə narkotik maddə qoyub sonra evə aparmışlar. Ayın 4-də evdə olmuş gecə saat 4 radələrində onu Baş İdarəyə, səhəri gün saat 17 radələrində isə 33-cü PB-nə aparmışlar. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci il mart ayının 3-ü tarixində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili Elçin Fətəlizədə tərəfindən PB-nin rəhbərliyinə raportla məruzə edilmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. 04 may 2023-cü il tarixində axşam saatlarında Şahid1 ilə birlikdə Suraxanı rayonu, Zığ kafesinin yaxınlığında şəxsi gördükdə ona yaxınlaşmışlar və özlərini təqdim etmişlər. İbrahimə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar şübhəli şəxs olduğunu bildirərək, bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxsin üzərində bölmədə narkotik vasitə aşkar edilmiş və özü də əməlini etiraf etmişdir. Həmin gün Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və bu zaman evdə də narkotik vasitə, habelə elektron tərəzi aşkar olunmuşdur. Şahid2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman və video çəkiliş keçirilərkən iştirak etmiş, təqsirləndirilən şəxsi əvvəlcə onlar saxlamışlar, sonra isə onlardan alıb Xətai RPİ-nə aparmışlar, sonra isə 33-cü PB-nə gətirmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi məhkəmə iclasında elan edilmiş və müəyyən edilmişdir ki, o, Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. (cild 1, i/v: 89-91) Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan raportdan görünür ki, Zığ qəsəbəsi ərazisində “İbrahim” adlı şəxs tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanılması və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, i/v: 2) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan raportdan görünür ki, Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində şübhəli olan İbrahimov X3 rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, Zığ kafesinin yaxınlığında saat 22:55-də saxlanılmış, saat 23:15-də 33-cü PB-nə gətirilmişdir. (cild 1, i/v: 6) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 05 mart 2023-cü il tarixli və «Diskə baxış keçirilməsi haqqında» 06 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Namiq oğlu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs Namiq oğlu əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən iki ədəd bükümdə içərisində toz şəkilli, qəhvəyi rəngli maddəni təqdim etmiş, həmin narkotik maddəni Suraxanı rayon ərazisində üzdən tanıdığı şəxsdən qramını 17 manata öz istifadəsi üçün aldığını bildirmişdir. (cild 1, i/v: 26-27; 51) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «mənzilə baxış keçirmə və maddi sübutu götürmə haqqında» 05 mart 2023-cü il tarixli və «Diskə baxış keçirilməsi haqqında» 06 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman sonuncu yaşadığı evdə yataq otağında yatağın baş tərəfində qırmızı rəngli döşəyin altından içərisində qəhvəyi rəngli, toz halında maddə olan bir ədəd sellofan bükümü və həmin yataq otağında paltar dolabının içərisində paltarların arasından bir ədəd elektron tərəzini təqdim etmiş, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs sellofan bükümdə olan həmin maddənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni də üzərindən aşkar edilmiş narkotik vasitəni aldığı şəxsdən əldə etdiyini bildirmişdir. (cild 1, i/v: 29, 52) Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbənin və onun narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının, müsbət halda kimlərə narkotik vasitə satmasının müəyyən edilməsi məqsədi ilə Suraxanı RPİ-nin 33-cü PB-nə müvafiq əməliyyat tapşırığı verilmiş, alınmış cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da, onun konkret olaraq kimlərə narkotik vasitə satması, həmçinin üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri əldə etdiyi mənbə müəyyən edilməmişdir. (cild 1, i/v: 88, 95) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 05 mart 2023-cü il tarixli, 6/1349 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №171" dairəvi möhür əksi olan iki ədəd zərfdə qablaşdırılmış: - üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri və imzalar qeyd edilmiş zərfin içərisində 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,829 qram, 4,705 qram, ümumi təmiz çəkisi 8,534 qram olan qəhvəyi rəngli maddə kütləsi kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş...” sözləri və imzalar qeyd edilmiş zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 112,875 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilmiş ümumilikdə 03 ədəd bükümdə olan heroinlər kimyəvi tərkib komponentlərinə görə eyni olub ümumi təmiz çəkisi 121,409 qramdır. (cild 1, i/v: 35-40) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 03 iyun 2023-cü il tarixli 3442 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, i/v: 118-119) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 10 iyun 2023-cti il tarixli 1601 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs qarışıq tip şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən “qarışıq tip şəxsiyyət pozuntusu” onun törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin həyata keçirilməsi mümkündür. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür. (cild 1, i/v: 120-123) İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, i/v: 134) Məhkəmə təqdim olunmuş sübutları qarşılıqlı şəkildə və məcmu halında, tam, obyektiv və qərəzsiz şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham qanuni və əsaslıdır. Məhkəmə bu nəticəyə gəlməklə yanaşı təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd olunan xüsusatların hər birinə ayrı-ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində özünü təqsirli bilməyib, saxlanılan zaman üzərində narkotik vasitə olmamasını, mənzilindən aşkar edilmiş külli miqdarda narkotik vasitənin, habelə elektron tərəzinin ona məxsus olmamasını, həmin maddələrin polis əməkdaşları tərəfindən onun cibinə və mənzilinə yerləşdirilməsi, həmçinin polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilməsi ilə bağlı ifadələrinə qiymət verərək məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, o, ibtidai istintaq zamanı ilkin izahat və ifadəsində özünü tam təqsirli bildiyini, ibtidai istintaqın sonrakı mərhələsində verdiyi ifadəsində isə təqsirli bilmədiyini qeyd edərək, bir-birindən fərqli ifadələr vermişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində polis əməkdaşları tərəfindən döyülüb işgəncələrə məruz qalması ilə bağlı ifadəsinin yoxlanılması məqsədi ilə onun saxlanıldığı istintaq təcridxanasına sorğu ilə müraciət edərək onun adına açılmış şəxsi işi və tibbi kitabçanı əldə edərək məhkəmə iclasında bilavasitə tədqiq etmiş, qeyd olunan sənədlərlə Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olan zaman üzərində hər hansı bir xəsarətin olmadığı müəyyən edilmişdir. Həmçinin Bakı şəhəri Suraxanı rayon prokurorluğunda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülüb işgəncələrə məruz qalması ilə bağlı ifadəsinə əsasən müvafiq araşdırma aparılmış və onun üzərində hər hansı bir xəsarət aşkar edilmədiyindən 01 iyun 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Bununla da onun polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması tam təkzib olunmuşdur. Bundan başqa təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində 33-cü Polis Bölməsinə aparılmamışdan əvvəl onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardıqlarını, səhəri gün həmin idarədən buraxıldığını, idarənin qapısından çıxan kimi 33cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Bölməyə aparıldığını bildirmişdir. Qeyd olunan xüsusatla bağlı müdafiə tərəfinin vəsatətinə əsasən Təqsirləndirilən şəxs 33-cü PB-nə daxil olduğu vaxtın müəyyən edilməsi məqsədi ilə müvafiq sorğu ilə Suraxanı rayon Polis İdarəsi 33-cü PB-nə sorğu ilə müraciət edilmiş, «Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı»nın surəti əldə edilərək məhkəmə iclasında bilavasitə tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 33-cü PB-nə xx.xx.2023-cü il tarixdə saat 23.15-də daxil olmuşdur. Bununla da təqsirləndirilən şəxsin ifadəsi həmin hissədə də öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Namiq oğlunun məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Namiq oğlunun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşımaqla, məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır və inandırıcı hesab etmir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Namiq oğlunun üzərindən və evindən aşkar edilib götürülmüş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 112,875 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin miqdarı külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək üzərində daşıyıb saxlaması, həmçinin mənzilindən də üzərindən aşkar edilmiş narkotik vasitə ilə eyni tərkibli narkotik vasitənin aşkar edilməsi, bundan başqa mənzilindən narkotik vasitə ilə yanaşı elektron tərəzinin aşkar olunması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Namiq oğlunun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Namiq oğlunun gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun barəsində Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs Namiq oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Namiq oğluna təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, sosial ədalətin bərpası və təqsirləndirilən şəxsin islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs Namiq oğlunun barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxs statusunda olmasını nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Namiq oğluna cəza çəkməsinin əvvəli 04 mart 2023cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Namiq oğlu 04 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild İ, i/v: 17), Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli qərarı ilə barəsində «həbs» qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 04 mart 2023-cü il tarixdən hesablanmışdır (cild İ, i/v:79-81). Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Namiq oğlu 04 mart 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası DİN-in Bakı şəhər Suraxanı RPİ-də saxlanılan 02 ədəd zərfdə tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi təmiz çəkisi 121,109 qram narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 80 (səksən) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs Namiq oğlundan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Namiq oğlunun Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs Namiq oğluna göstərdiyi 34 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 204 (iki yüz dörd) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 04 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 121,109 qram təşkil edən narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 80 (səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 204 (iki yüz dörd) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-462/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-462/2024
11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver