Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-463/2021 17.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 29 avqust 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 05 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Surxanı rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 04 avqust 2020-ci il tarixdə naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni bir bükümdə təmiz çəkisi 16,128 qram olan açıq qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 05 avqust 2020-ci il tarixdə saat 16:40-da Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 17 ünvanının qarşısında Suraxanı RPİ 31-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq 31-ci Polis bölməsinin inzibati binasına gətirilib üzərinə baxış keçirilən zaman əynində olan gödəkçənin sol cibindən həmin bir ədəd şəffaf rəngli selofana bükülü halda bir ədəd bükümdə təmiz çəkisi 16,128 qram, yəni külli miqdarda açıq qəhvəyi rəngli, tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, milliyətcə tatar olsa da, Baki şəhərində böyümüşdür, buna görə Azərbaycan dilində sərbəst danışmağı və yazmağı bacarır. Ona ittiham verilmiş narkotik vasitədən xəbəri yoxdur. Belə ki, o, hadisə günü evdə yatdığı zaman polis əməkdaşlarının evə girdiklərini görmüş və onu yatdığı yerdən qaldırmışlar. Polis əməkdaşları uşaqlarının yanında ona təzyiq göstərmiş və onları həyətə çıxarıb evdə axtarış aparmışlar. Lakin evdə heç bir şey aşkar etməmişlər. Sonra polis işçiləri özləri ilə gətirdikləri narkotik vasitəni stolun üstünə qoymuş və onu çağırıb həmin narkotik vasitənin evdən aşkar olunduğunu bildirərək sonra onu bölməyə aparmışlar. Polis bölməsində videoçəkilişlə onun üzərinə baxış keçirilmişdir. Əvvəlcədən ona polis əməkdaşlarının dediklərinə əməl edərək, narkotik vasitəni cibindən çıxarıb stolun üstünə qoymuş və guya həmin narkotik vasitəni dəniz kənarından tapdığını bildirmişdir. O, narkotik vasitədən istifadə etsə də, həmin narkotik vasitənin ona heç bir aidiyyəti olmamışdır. Saxlanılan vaxt narkotikin təsiri altında olduğu üçün polis əməkdaşları hər nə demişlərsə, o cür də hərəkət etmişdir. Sualları cavablandıran Təqsirləndirilən şəxs polis əməkdaşlarının səhər saat 10-da evə gəldiklərini, həmin vaxt o, iki qızı ilə evdə yatdığını, polis əməkdaşlarının heç bir şey demədən evə girdiklərini, onları evdən çıxardaraq evi dağıtdıqlarını, polis əməkdaşı olan Şahid1 onu evdə uşaqlarının gözü qarşısında təhqir etdiyini, həmin vaxt polis əməkdaşları tərəfindən videoçəkiliş aparıldığını, ilkin videoçəkiliş olan zaman o, narkotik vasitənin ona məxsus olmadığını bildirdiyini, sonra polis əməkdaşlarının onların dedikləri kimi ifadə verməsə, onun üçün daha pis olacağını bildirdiklərini, həmin narkotik vasitəni polis əmkdaşlarının özlərinin gətirdiklərini, özünün təxminən 5 il olar ki, narkotik vasitədən istifadə etdiyini, videoçəkiliş zamanı narkotik vasitəni öz cibindən çıxarıb təqdim etdiyini, həmin vaxt cibində iki büküm olduğunu, birinci bükümdə limon duzu, digərində isə narkotik vasitənin olduğunu, onun polis əməkdaşları ilə heç bir problemi olmadığını, özünün istifadə üçün narkotik vasitəni dost-tanışlarından aldığını, onların adlarını bilmədiyini, özünün heç vaxt heç kimə narkotik vasitə satmadığını məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Həmin ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, milliyətcə tatar olsa da, Azərbaycan dilini sərbəst bilir və danışır. Baki şəhərində böyümüşdür, təxminən 5 il olar ki, narkotik vasitə olan heroindən inyeksiya yolu ilə istifadə edir. Narkotik vasitəni Bakı şəhərinin müxtəlif ərazilərindən tanımadığı şəxslərdən alır. Sonuncu dəfə 04 avqust 2020-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Hövsan qəsəbəsində dəniz kənarında gəzərkən yerdə sellofan torba görmüş və həmin torba diqqətini çəkdiyi üçün yerdən götürüb içərisinə nəzər yetirmiş və orada 2 ədəd şəffaf selofana bükülü halda iki ədəd büküm görmüşdür. Həmin bükümləri açıb baxdıqda bir bükümdə heroin olduğunu və digər bükümdə ağ rəngli maddə olduğunu görmüşdür, lakin onun nə maddə olduğunu bilməsə də, narkotik vasitə olduğunu düşünmüşdür. Həmin gün heroindən bir gədər istifadə etmiş və qalıq hissəsini sonra istifadə etməyi üçün üzərində saxlamışdır. 05 avqust 2020-ci il tarixdə günorta saatlarında yaşadığı Suraxanı rayonu, Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 17 ünvanının qarşısında olarkən üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş və onu 31-ci Polis bölməsinə təhvil vermişlər. Həmin vaxt onun üzərində Hövsan qəsəbəsində dəniz kənarından tapdığı iki ədəd büküm də olmuşdur. Polis bölməsində vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilərkən ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da, üzərində saxladığı biri heroin, digəri dəqiq bilmədiyi maddə olan iki ədəd şəffaf selofana bükülü halda olan bükümləri təqdim etmişdir. Ondan aşkar edilmiş bükümlər zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunaraq imzalanmışdır. Həmin proseslər videoçəkilişlə qeydə alınmışdır (cild 1, iş vərəqi 77-79). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadəni oxumadan imzaladığını, polis işçilərinin ona təzyiqlər göstərdiyini, heç vaxt özünü CM-nin 234.4.3cü maddəsi ilə təqsirli bilmədiyini, ona görə də elan olunmuş ifadəni təsdiq etmədiyini, üzərindən aşkar olunmuş narkotik vasitənin ona aid olmadığını, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun cibinə qoyulduğunu və polis əməkdaşları tərəfindən yaşadığı evdə ona təzyiqlər göstərildiyini, həmin vaxt narkotikin təsiri altında olduğu üçün polis əməkdaşlarının dedikləri sənədləri imzaladığını, özü narkotik vasitələrdən istifadə etsə də, onların satışı ilə məşğul olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ 31-ci Polis bölməsinin rəis müavini vəzifəsində işləyən Şahid1 Cəlal oğlu ifadəsində bildirdi ki, Eteri adlı qadının narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəbulu və alqı-satqısı ilə məşğul olması barədə bölməyə əməliyyat məlumatı daxil olmuş və bu məqsədlə əməliyyat qrupu yaradılmış, qrupa 31-ci Polis bölməsinin digər əməkdaşları Şahid2 və İzzət Hüseynov daxil olmuşlar. 05 avqust 2020-ci il tarixdə Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 17, mənzil 11 ünvanında yaşayan Təqsirləndirilən şəxs əməliyyat qrupu tərəfindən saxlanılmış və 31-ci Polis bölməsinə təhvil verilmişdir. Həmin gün polis bölməsinin inzibati binasında təhqiqatçı tərəfindən videoçəkilişdən istifadə olunmaqla müdafiəçinin, polis əməkdaşlarının, həmçinin 31-ci Polis bölməsinin dəftərxanasının qadın əməkdaşı Minaxanım Quliyevanın iştirakı ilə Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol cibindən iki ədəd bükümü təqdim edərək, narkotik maddələr olduğunu, həmin narkotiki 04 avqust 2020-ci il tarixdə səhər saatlarında Hövsan qəsəbəsində dəniz kənarında gəzən zaman yerdən tapdığını, bir qismini istifadə etdiyini və qalan hissəsini sonradan istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə içərisində narkotik vasitəyə bənzər biri açıq qəhvəyi rəngli toz halında, digəri ağ rəngli kristallardan ibarət maddə olan iki ədəd bükülü olmuş, həmin bükülülər sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri, Suraxanı RPİ 31-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid3 Sənan oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılması və şəxsi axtarışında əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında 31-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edilərkən, onun da Təqsirləndirilən şəxs saxlanılması və şəxsi axtarışında əməliyyat qrupunun üzvü kimi iştirak etdiyi, şahidlər Şahid1 və Şahid3 məhkəmə iclasında verdiyi ifadələrlə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 116- 118). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş 05 avqust 2020-ci il tarixli raportdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsində yaşayan “Eteri” adlı şəxsin narkotik maddələrin alqı-satqısı və istifadəsi ilə məşğul olması barədə Bakı şəhəri, Surxanı RPİ-nin 31-ci Polis bölməsinə məlumat daxil olmuş və raport həmin bölmədə 05 avqust 2020-ci il tarixdə 098-11434-1120 nömrə ilə qeydiyyata alınmışdır (cild 1, iş vərəqi 3). Cinayət işində olan 05 avqust 2020-ci il tarixli raportdan görünür ki, narkotik maddələrin alqı-satqısı və istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumata əsasən, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs 05 avqust 2020-ci il tarixdə saat 16:40 radələrində yaşadığı evin qarşısında saxlanılmışdır (cild 1, iş vərəqi 9). İş materiallarına əlavə edilmiş 10 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə istintaq hərəkəti aparılan zaman çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş və bununla bağlı protokol tərtib edilərək cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqi 103). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 avqust 2020-ci il tarixli 6/1468 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 16,128 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin zərfdəki bir ədəd bükümdə ağ rəngli kristallardan ibarət maddə narkotik və psixotrop maddələrə aid olmayan limon turşusudur. Rəydə göstərilir ki, heroin 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in İ siyahısına daxildir (cild 1, iş vərəqi 42-44). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin 09.09.2020-ci il tarixli 1773 saylı rəyindən görünür ki: 1.Motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alan ekspert belə qənaətə gəlir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. İİ.Yekun hissə. Ekspert cinayət işi materiallarının, həmin cinayət işində toplanmış anamnestik məlumatların, həmçinin ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Hal-hazırda Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 128-130). İş materiallarına əlavə edilmiş 28 sentyabr 2020-ci il tarixli 2672 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyayta alınması məsləhət görülür (cild 1, iş vərəqi 131- 132). İbtidai istintaq orqanının 26 dekabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 16,028 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi qiymətləndirilmiş və məhkəmənin hökmünədək saxlanılması üşün Bakı şəhəri, Suraxanı RPİ-nə təhvil verilmişdir. Eləcə də, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə istintaq hərəkəti aparılan zaman çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD disk cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqi 146-154). İş materiallarına əlavə edilmiş 23 oktyabr 2020-ci il tarixli 194 nömrəli arayışdan və xasiyyətnamədən, həmçinin doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, onun Xəlilov (İllarionov) Ruslan Valeryeviçlə birgə nikahından 17.01.2005-ci il təvəllüdlü Lidiya Xəlilova və 01.12.2007-ci il təvəllüdlü Diana Xəlilova ad və soyadlı iki yetkinlik yaşına çatmayan uşağı vardır. Təqsirləndirilən şəxs barəsində Suraxanı rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyi 74 saylı Mənzil-Kommunal istismar sahəsinə heç bir şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 144- 145,163-164). İş materiallarına əlavə edilmiş 08 oktyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsində Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 126-127). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi dəlillər gətirərək, üzərindən aşkar olunmuş narkotik vasitənin ona aid olmadığını, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun cibinə qoyulduğunu və polis əməkdaşları tərəfindən yaşadığı evdə ona təzyiqlər göstərildiyini, həmin vaxt narkotikin təsiri altında olduğu üçün polis əməkdaşlarının dedikləri sənədləri imzaladığını, özü narkotik vasitələrdən istifadə etsə də, onların satışı ilə məşğul olmadığını bildirdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş və həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs Surxanı RPİ 31-ci Polis bölməsinin əməkdaşları tərəfindən ona təzyiqlər göstərildiyini bildirsə də, müdafiəçinin iştirakı ilə 06 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində və 07 avqust 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində müstəntiqin sualına cavab olaraq polis əməkdaşları tərəfindən saxlanılan zaman, polis bölməsinə dəvət edilərkən və üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı fiziki zorakılıq hərəkətləri olmadığını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə gətirdiyi yuxarıda göstərilən dəlilləri onun cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün seçdiyi müdafiə taktikası kimi dəyərləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 05 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Suraxanı RPİ 31ci Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuş və həmin vaxtdan hal-hazıradək həbsdə saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 05 avqust 2020-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə maddi sübutlar - Bakı şəhəri, Suraxanı rayon Polis idarəsinin saxlanc anbarına verilmiş bir ədəd bükümdə təmiz çəkisi 16,128 qr narkotik vasitədən (tədqiqata sərf edilmişdir ümumi - 0,1 qr.) qalıq qalmış 16,028 qr. heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə istintaq hərəkəti aparılan zaman çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş 06 avqust 2020-ci il tarixli 6/1468 nömrəli məhkəmə-kimyəvi ekspertizası üzrə tədqiqat 114 (yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 28 sentyabr 2020-ci il tarixli 2672 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunduğundan və məcburi muailicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 avqust 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübutlar: - Bakı şəhəri, Suraxanı rayon Polis idarəsinin saxlanc anbarına verilmiş bir ədəd bükümdə təmiz çəkisi 16,128 qr narkotik vasitədən (tədqiqata sərf edilmişdir ümumi - 0,1 qr.) qalıq qalmış 16,028 qr. heroin məhv edilsin: - Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə istintaq hərəkəti aparılan zaman çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD disk cinayət işində saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-463/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-463/2021
17.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver