Məhkəmə qərarları › İş №1(101)-463/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-463/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-463/2025 12.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu, Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1996-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bərdə rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 6 müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilərək hökm dəyişdirilmiş və Cinayət Məcəlləsinin 234.1, 69.3-cü maddələri ilə qəti olaraq 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bərdə şəhəri, Alaçadırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 29 noyabr 2023-cü il tarixdən 01 dekabr 2023-cü il tarixədək ********* №-li cinayət işi üzrə şübhəli şəxs qismində həbsdə saxlanılmış, 30 dekabr 2023-cü il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 01 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib sataraq qazanc əldə etmək məqsədi ilə məlum olmayan tarixdə və mənbədən təmiz çəkisi 115 qram təşkil edən bitki mənşəli kütlə - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli selofan bükümdə əldə edərək, əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxlamaqla üzərində daşımış, 29 noyabr 2023-cü il tarixdə tarixdə saat 19:45-də Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Alaçadırlı kəndi ərazisində saxlanılıb, Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 21:20-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli selofan bükümdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda - təmiz çəkisi 115 qram təşkil edən bitki mənşəli kütlə - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə 27 dekabr 2023-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİ mədən, korpus 68 ünvanında yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs silah qismində istifadə edilən bıçağı tətbiq etməklə Zərərçəkmiş şəxs həmin vaxt əlində saxladığı mobil telefonu ələ keçirmə məqsədi ilə həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib quldurluq etməklə həmin mobil telefonun ona verməsini tələb etmiş, sonuncu isə üzərində 5 manat dəyərində 055 ***-**-** saylı mobil nömrə və 10 manat dəyərində üzlük olan 150 manat dəyərində “Redmi 9” markalı mobil telefonunu ona verdikdən sonra oradan uzaqlaşıb, silah qismində istifadə edilən əşya tətbiq edilməklə Zərərçəkmiş şəxs ümumilikdə 165 (bir yüz altmış beş) manat məbləğində ziyan vurmaqla hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, polis əməkdaşları tərəfindən tutularkən onda narkotik vasitə marixuana olmuşdur. Onun barəsində cinayət işi CM-nin 231.1-ci maddəsi ilə başlanılmışdır. Daha sonra onu prokurorluğa aparmışlar və orada CM-nin 234.2-ci maddəsi ilə ittiham verilməsi üçün göstəriş verilərək onu geri qaytarmışlar. Sonra məhkəmə qarşısına çıxarılmış, məhkəmə onu dekabr ayının 1-də həbsdən azad etmişdir. Prokuror həmin qərardan narazı qaldığı üçün dekabrın 7-də protest vermişdir. Ona düzgün ittiham verilmədiyi üçün qaçmış və sonradan istintaqa getməmişdir. Digər epizodla bağlı qeyd edir ki, o, quldurluq cinayətində özünü təqsirli bilmir. Belə ki, hadisə vaxtı o, zərərçəkmiş şəxsə bıçaq çıxarmamışdır. Sadəcə telefonunu götürüb hadisə yerindən uzaqlaşmışdır. Hadisə Binəqədi qəsəbəsində «Araz market»in yanında aralıq yolda baş vermişdir. O, zərərçəkmiş oğlanı görmüş, arxadan ona yaxınlaşıb guya ünvan soruşmaq adı ilə çağırmışdır. Oğlan dayananda onun əlində telefon olduğunu görmüş, həmin telefonu əlindən alıb qaçmışdır. Sonradan həmin mobil telefonu «20 Yanvar» metrostansiyasının yaxınlığında 50 manata satmışdır. Dekabr ayının 28-də polis əməkdaşları onun yaşadığı evə gəlmiş və tutub polis bölməsinə aparmışlar. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs ifadəsinə görə, tutulmamışdan əvvəl onun mobil telefonu olmamışdır. ***-**-** nömrəsi qonşusunun mobil nömrəsidir, o, heç vaxt həmin nömrədən istifadə etməmişdir. ***-**-** nömrəsi isə onun adınadır, həmin nömrədən ailə üzvləri istifadə edirlər. Ola bilər ki, ona narkotik vasitə lazım olanda həmin nömrə ilə kiməsə “sms” yazmışdır. Lakin həmin nömrəyə heç kim yazıb ondan narkotik istəməmişdir. Zərərçəkmiş şəxsdən mobil telefonu götürüb qaçarkən onda bıçaq olmamış və o, heç kimə qarşı bıçaq tətbiq etməmişdir. Buna görə də, o, narkotiklə bağlı epizodu qəbul edir. İkinci epizodun da onun tərəfindən törədildiyini etiraf edir, lakin həmin hadisəni törədərkən onda bıçaq olmamış, o, zərərçəkmişin əlindən mobil telefonunu götürüb qaçmış, sonradan həmin telefonu satmışdır. Hətta polis işçiləri onu saxlayanda ikinci epizodu da etiraf etməmişdir. Lakin sonradan ona mobil telefonda hadisənin videogörüntüsü göstərilmiş, o, həmin görüntülərdə özünü görəndən sonra hadisəni törətdiyini etiraf etmişdir. Buna görə də, quldurluğa görə yox, soyğunçuluğa görə özünü təqsirli bilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, hadisə baş verən gün o, metronun “20 Yanvar” stansiyasının yaxınlığında yerləşən “Araz market» tərəfdən keçib yaşadığı məhləyə getmişdir. Həmin vaxt onun keçdiyi küçə qaranlıq olmuşdur. Bu zaman bir nəfər onu səsləyərək çağırmış və ondan İsmayılı tanıyıb-tanımadığını soruşmuşdur. O da, həmin şəxsə tanımadığını demişdir. Sonra təqsirləndirilən şəxs onu divara itələmiş və qoynundan bıçağı çıxarıb onun mobil telefonunu istəmişdir. O, əvvəlcə telefonu vermək istəməsə də, bıçağı görəndən sonra qorxmuş və mobil telefonu təqsirləndirilən şəxsə vermişdir. Həmin şəxs telefonu götürəndən sonra ona çıxıb getməsini və bu barədə heç kimə, heç nə deməməsini tapşırmışdır. O da, bundan sonra hadisə yerindən uzaqlaşıb yaşadığı evə getmişdir. Sualları cavablandıran Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, təqsirləndirilən şəxsin əlində bıçağı gördüyünü və həmin şəxsin bıçağı onun qarın nahiyəsinə dirədiyini, ona vurulmuş maddi ziyan ödənilməsə də, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi olmadığını, cəza məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, əvvəllər o, Bərdə rayon Polis şöbəsində Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 29 noyabr 2023-cü il tarixdə şöbəyə Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitəni saxlaması və istifadəsi barədə məlumat daxil olmuşdur. Həmin gün o, Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3lə birlikdə axşam tərəfi Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Alaçadırlı kəndi ərazisində saxlamışlar. Ona üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olduğunu bildirib, rayon polis şöbəsinə dəvət etmişlər. Şöbədə təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman o, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd qara rəngli selofan bükümü çıxarıb təqdim etmiş, bükümün içərisində narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni 29 noyabr 2023-cü il tarixdə səhər saat 10 radələrində yaşadığı Alaçadırlı kənd ərazisindən keçən “dəmiryol” xəttinin kənarından tapdığını bildirmişdir. Təhqiqatçı tərəfindən həmin bükümün içərisinə baxış keçirildikdə, içərisində qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Bundan sonra selofan bükümdə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin təxminən 126 qram olması müəyyən edilmişdir. Sonra həmin büküm kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üstü iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs ona qarşı polis işçiləri tərəfindən hər hansı psixoloji və fiziki təzyiqlər göstərilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə rayon Polis şöbəsi, Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, şöbəyə gətirilərək üzərində şəxsi axtarış keçirilməsi zamanı xeyli miqdarda narkotik vasitənin aşkar edilərək götürülməsi tədbirində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Kunal adlı şəxsi yaşadığı məhəllədə görüb tanımış, onunla yaxın münasibəti olmamışdır. 2023cü il təxminən dekabr ayının sonlarında gecə saat 21:00 radələrində metronun «20 Yanvar» stansiyasının yaxınlığında dayanacaqda avtobus gözləyərkən, Kunal ona yaxınlaşmış, pula ehtiyacı olduğundan telefonunu satdığını, lakin üstündə şəxsiyyət vəsiqəsi olmadığından sata bilmədiyini demiş, ondan öz şəxsiyyət vəsiqəsi ilə telefonu satmağı xahiş etmişdir. Onun razılığından sonra Kunal ona 1 ədəd «Redmi» markalı mobil telefon vermiş və onlar həmin ərazidə olan «X5» mağasına getmişlər. O, mağazanın işçisinə telefonu satdığını bildirmiş, işçi onunla razılaşmış və telefona 50 manat verə biləcəyini demişdir. Bundan sonra o, özünün şəxsiyyət vəsiqəsini mağazanın işçisinə vermiş, işçi vəsiqənin surətini çıxarıb ona təqdim etmişdir. Vəsiqənin arxasına öz razılığı ilə telefonu satması barədə qeyd yazmış və imzalayıb mağazanın işçisinə vermişdir. İşçi də ona 50 manat pul vermişdir. Bundan sonra Kunalla birlikdə mağazadan çıxmışlar. Mağazadan çıxandan sonra 50 manatı Kunala vermiş, özü isə evə getmişdir. Bundan sonra o, Kunalı görməmişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Şahid1 həmin ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayından etibarən günə muzd olaraq «20 Yanvar» dairəsi, R.Cəfərov küçəsində yerləşən «X5» mağazasında satıcı kimi işə düzəlmişdir. Mağazanın müdüri Hüseyn Abdullayevdir. O, hər gün səhər tezdən işə gedir, axşam 23:00-da işdən çıxır. Mağazada telefon, telefon nömrələri və telefon aksessuarları alqı-satqısı həyata keçirilir. 27 dekabr 2023-cü ildə saat 21:00 radələrində işlədiyi mağazaya sonradan adını vəsiqəsində gördüyü Şahid4 yaxınlaşıb göy rəngdə «Redmi 9» markalı telefon satdığını bildirmiş, o, telefona baxıb 50 manat qiymət qoymuşdur. Şıxlar isə telefonu 80 manata satmaq istədiyini bildirmişdir. O, telefona baxarkən kodda olduğunu görmüş, Şıxlar ona telefonun uşağına məxsus olduğunu, kodunu yadından çıxardığı üçün satmaq istədiyini bildirmişdir. Onlar öz aralarında razılaşıb telefonu 50 manata alqı-satqı etmişlər. Şıxlar özünə məxsus şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. O, vəsiqənin surətini çıxarıb ona vermişdir. Vəsiqənin arxasına «Şıxlar Redmi 9, 27.12.23, ***-***-**-** saylı mobil telefon nömrəsi, telefonun 8691-1205- 6884-946/01 saylı İMEİ kodunu, mən öz razılığımla satdım» sözləri və imza atıb ona vermiş, o da, 50 manat pul sayıb Şıxlara vermişdir. Şıxların yanında adını sonradan bildiyi balacaboy, saçlı Kunal adlı oğlan kənarda dayanmışdır. Şıxlar pulu ondan alıb Kunalla birlikdə mağazadan çıxıb getmişlər. 28 dekabr 2023-cü ildə telefonu mağazaya gələn kişi müştəriyə 115 manata satmışdır. O, telefonu satdığı adamın şəxsiyyət vəsiqəsini çıxarmadığından onun anket məlumatlarını bilmir. Şıxlar və Kunalı ilk dəfə həmin vaxt mağazada görmüşdür. Onlardan şübhələnməmiş və sənəd təqdim etdikləri üçün telefonun alqı-satqısını etmişdir (cild 1, iş vərəqi 57-59). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan üzləşdirmə protokoluna əsasən, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs istintaqa verdiyi sərbəst ifadəsini şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq edərək, sonuncunu ona qarşı quldurluq cinayəti törətməkdə ifşa etmişdir (cild 1, iş vərəqi 62-63). İbtidai istintaq zamanı Şahid1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, həmin istintaq hərəkəti zamanı Şahid1 sərbəst ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmişdir (cild 1, iş vərəqi 64-65). İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 29 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 19:45-də Bərdə rayonu, Alaçadırlı kəndi ərazisində müəyyən edilərək saxlanılmış, Bərdə RPİ-nin inzibati binasına gətirilərək saat 21:20-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli selofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin kütlə elektron tərəzidə çəkilmiş və ilkin çəkisi 126,69 qram olduğu müəyyən edilmişdir. Daha sonra narkotik vasitəyə bənzər kütlə zərfə qoyularaq qablaşdırılıb, iştirakçılar tərəfindən Təqsirləndirilən şəxs imzalanmış və DİN-in 94 saylı möhürü ilə möhürlənərək protokola əlavə edilmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəni xx.xx.2023-cü il tarixdə saat 10 radələrində yaşadığı Bərdə rayonu, Alaçadırlı kəndində yerdən tapdığını və üzərində saxladığını bildirmişdir (cild 1, iş vərəqi 130-131). İş materiallarında olan 30 noyabr 2023-cü il tarixli protokola əsasən, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması barədə videogörüntülərin yükləndiyi 1 ədəd DVD diskə baxış keçirilmiş, bu zaman görüntülərin 29 noyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolunda qeyd olunanlarla uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur (cild 1, iş vərəqi 156-157). Məhkəmə-bioloji ekspertizasının 30 noyabr 2023-cü il tarixli 16/1226 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli selofan bükümdə təmiz çəkisi 115 qram olan bitki mənşəli kütlə - tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (cild 1, iş vərəqi 139- 141). Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 621 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini'və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barədə anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə hərəkətlərinin özünə və ətrafdakılara qarşı təhlükəsi yoxdur (cild 2, iş vərəqi 73-75). Məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 847 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ünsiyyətçillik, adaptivlik, konfliktə və mübahisəyə meylli olmamaq və s. fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs əqli inkişafında cinayət törədilən anda ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. O, hadisə zamanı öz hərəkətlərini ölçüb biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək imkanına malik olmuşdur. Zərərçəkmiş şəxs əqli inkişafında hal-hazırda gerilik əlamətləri aşkar edilmir. Zərərçəkmiş şəxs hazırda ifadə vermək qabiliyyətinə və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək imkanına malikdir (cild 2, iş vərəqi 76-77). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 4426 №-li rəyindən görünür ki, Müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 129-130). İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 30 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş diskə baxış keçirilmiş, bu zaman həmin diskin içərisində 4 ədəd faylların olduğu, 1-ci faylda “517120082_SMS”, 2-ci faylda “**********82”, 3-cüdə «abunechiler», 4-cü faylda isə «antena» adlı faylların yüklənməsi müəyyən edilmişdir. Həmin fayllarda müxtəlif tarixlərdə qeyd olunan nömrələrə müxtəlif mobil nömrələrdən gələn zənglərin və «sms»lərin, anten dairələrinin, nömrələrin kimə məxsus olması, nömrələrin imeildə istifadə olunması görünür. Həmin mesajlarda xx.xx.2023-cü il tarixdə saat 19:48:11 saniyədə Bərdə şəhəri, H.Əliyev prospekti, ev 2, mənzil 13-də qeydiyyatda olan xx.xx.1990-cı il təvəllüdlü X2 istifadəsində olmuş 99450 ***- **-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan 99451 ***-**-** saylı nömrəyə “Yaxın qaqa var ona 15 manat daş lazımdı” məzmununda, xx.xx.2023-cü il tarixdə saat 20:27:56 saniyədə Təqsirləndirilən şəxs istifadəsində olan 99451 ***-**-** saylı nömrədən X2 istifadəsində 99450 ***-**-** nömrəyə “Qaqa varyoxun s…m, yalan deyenin bir papiroz eynedi onuda doldurmuşam hazırdı, yemeyimi yeyim çıxım çekek” məzmununda, xx.xx.2023-cü il tarixdə saat 20:29:54 saniyədə X2 istifadəsində olan 99450 ***-**-** nömrədən iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan 99451 ***-**-** saylı nömrəyə “Resin usdeyem boş evin yada cekey gedim işe” məzmununda SMS-in olması aşkar edilmişdir (cild 2, iş vərəqi 29). İbtidai istintaq orqanının 07 iyun 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 115 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk, Şahid1 tərəfindən istintaqa təqdim edilmiş və üzərində telefonun satılması ilə əlaqədar yazılar olan şəxsiyyət vəsiqəsinin surəti iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 114,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana Binəqədi rayon polis idarəsinin saxlancına təhvil verilmiş, 1 ədəd DVD disk və 1 ədəd CD disk, həmçinin şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 78-79). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən, həmçinin hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 6 müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilərək həmin hökm dəyişdirilmiş və Cinayət Məcəlləsinin 234.1, 69.3-cü maddələri ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunuşdur (cild 1, iş vərəqi 225-236, 243-248, cild 2, iş vərəqi 50-51). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bildiyini, digər cinayət epizodu üzrə hadisə zamanı onun zərərçəkmiş şəxsə qarşı bıçaqdan istifadə etmədiyini, amma sonuncunun əlindən mobil telefonu alıb qaçdığını, buna görə özünü quldurluq cinayətini törətməkdə təqsirli bilmədiyini qeyd edərək müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu etiraf etmişdir. O, polis əməkdaşları tərəfindən tutularkən və polis şöbəsində olarkən ona qarşı hər hansı fiziki və ya psixoloji təzyiqlər göstərilmədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs istifadəsində olan 99451 ***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərə, “sms” yazışmalarına dair "xxxx" MMC-dən götürülmüş məlumatlara baxış keçirilərkən, narkotik vasitələrin alqı-satqısına dair çoxsaylı yazışmalar müəyyən edilmişdir. Quldurluq epizodu ilə bağlı təqsirləndirilən şəxsin gətirdiyi dəlillə bağlı isə məhkəmə qeyd etməyi lazım bilir ki, iş üzrə Zərərçəkmiş şəxs həm ibtidai istintaq, həm də məhkəmə iclasında verdiyi ifadələrində təqsirləndirilən şəxsin hadisə zamanı ona qarşı silah qismində bıçaqdan istifadə etdiyini təsdiq etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin elan olunmuş ittihamlar üzrə özünün qismən təqsirliliyi barədə məhkəmədə gətirdiyi dəlilləri onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır, on iki ildən artıq olmayan əməllər isə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Bərdə rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 6 müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti əsasında hökm dəyişdirilmiş və Cinayət Məcəlləsinin 234.1, 69.3-cü maddələri ilə ona qəti olaraq 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə məhkum olunduqdan sonra cəzanın sonu ilə azad edilsə də, həmin cinayətə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Həmin hal təqsirləndirilən şəxsə cəza təyin edilərkən nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələbinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və ona qəti cəza təyin olunmalıdır. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs ********* №-li cinayət işi üzrə 29 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 dekabr 2023-cü il tarixdə Bərdə rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilərək həbsdən azad olunmuşdur. 30 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 01 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs həmin vaxtdan hal-hazıra qədər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ********* №-li cinayət işi üzrə 29 noyabr 2023-cü il tarixdən 01 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin ediləcək cəza müddətinə daxil edilməklə çıxılmalı, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 4426 №-li rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri, Binəqədi rayon Polis idarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 114,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli; - şəxsi axtarış və götürmə aparılması videogörüntülərin yükləndiyi 1 ədəd DVD disk, "xxxx" MMC-dən təqdim olunmuş 1 ədəd SD disk və Şahid1 tərəfindən istintaqa təqdim edilmiş üzərində telefonun satılması ilə əlaqədar yazılar olan şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 30 (otuz) manat 40 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 29 noyabr 2023-cü il tarixdən 01 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 (iki) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və üzərində qəti olaraq 9 (doqquz) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 dekabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri, Binəqədi rayon Polis idarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 114,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin; - şəxsi axtarış və götürmə aparılması videogörüntülərin yükləndiyi 1 ədəd DVD disk, "xxxx" MMC-dən təqdim olunmuş 1 ədəd SD disk və Şahid1 tərəfindən istintaqa təqdim edilmiş üzərində telefonun satılması ilə əlaqədar yazılar olan şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə məhkəmə məsrəfləri hesab edilən 30 (otuz) manat 40 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar