Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-465/2022 05.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1990-cı il avqustun 25-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməmiş, İİ qrup əlil olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib daşımaqla üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan, qabaqcadan əlbir olduğu bir qrup şəxslə cinayət əlaqəsinə girdikdə 2021-ci il avqustun 16-da saat 12 radələrində əvvəlcədən aralarındakı razılaşmaya əsasən sonuncunun gizlətdiyi, Bakı şəhəri, Binəqədi rayonu, Binə qəsəbəsi, Gülüstan küçəsində yerləşən «Texas» kafesinin yaxınlığındakı zeytun ağacının budağının arasında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1.005 qram çəkidə narkotik vasitə heroin əldə edib bel çantasında daşımaqla saxlamış, həmin tarixdə saat 13:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binə qəsəbəsi, 2-ci Mədən küçəsi, 12 saylı sahə polis məntəqəsinin yaxınlığında saxlanaraq bölməyə gətirilib üzərində şəxsi axtarış aparılarkən əlində saxladığı tünd qəhvəyi rəngli bel çantasının içərisindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1.005 qram olan qəhvəyi rəngli toz şəklində kustar üsulla hazırlanan narkotik vasitə heroin aşkar edilməklə götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik aludəçisi olsa da heç vaxt göstərilən maddələrin satışı ilə məşğul olmamışdır. Tutularkən onun üzərində öz şəxsi istifadəsi üçün gəzdirdiyi dörd list tramadol həbi olmuşdur, 1.005 qram narkotik vasitə heroin isə onun deyildir. Belə ki, polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi nəticəsində istintaqdakı ifadələrini təsdiq edib imzalamış, bu haqda hər hansı bir rəsmi orqana şikayət etməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olmaqla Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il avqustun 15-də Aqşin adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması və satışı ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatını yoxlamaq üçün ondan və bölmənin sahə inspektoru polis baş leytenantı Fuad Əhməd oğlun Məsməliyevdən ibarət qrup yaradılmaqla 2021-ci il avqustun 16-da həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 13:00-da Bakı şəhəri, Binəqədi rayonu, Binə qəsəbəsi, 2-ci Mədən küçəsi, 12 saylı sahə polis məntəqəsinin qarşısında saxlanmış və bölməyə gətirilmişdir. Orada videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə keçirilən Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən beş manat pulu, əlində saxladığı tünd qəhvəyi rəngli bel çantasının içərisindən bir ədəd ağ rəngli «ARGO» markalı siqaret qutusunu, bir ədəd qızılı rəngli «Samsung» markalı mobil telefonu və bir ədəd içərisində qəhvəyi rəngli kütlə olan şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmiş, göstərilən bükümün içərisindəki narkotik vasitə heroini Ramil adlı şəxsin qabaqcadan dediyi yerdən götürüb bükümlərə ayırmaqla başqa-başqa şəxslərə çatdıracağını, özünün də narkotik vasitə istifadəçisi olaraq həmin maddəni göstərilən tarixdə əldə edib üstündə daşıdığını bildirmişdir. Tərtib olunan protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq olunmuşdur. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olmaqla Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru işləyən Şahid2 Şahid1 ilə analoji ifadə verdi. Məhkəmə iclasında ifadələri elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaqda şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən ittiham edildiyi əməlini qismən etiraf edib Ramil adlı şəxslə mobil telefon vasitəsilə əlaqə saxlayan zaman sonuncunun tapşırığı ilə deyilən yerdən götürdüyü narkotik vasitə heroini satmadığını, yalnız ayrı-ayrı şəxslərə çatdırdığını, həm də özünün də istifadə etdiyini, 2021-ci il avqustun 16-da saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, «Texas» kafesinin yanındakı zeytun ağacının budaqlarının arasından içərisində narkotik vasitə heroin olan şəffaf sellofan bükümü götürməklə uzaqlaşmağa başladığını, iki nəfər mülki geyimli şəxsin yaxınlaşaraq özlərini təqdim edib üstündə narkotik vasitə olmasından şübhə edildiyi üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə dəvət olunmaqla orada öz razılığı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən əlində saxladığı tünd qəhvəyi rəngli bel çantasından digər əşyalarla yanaşı bir ədəd şəffaf sellofan bükülünü çıxararaq təqdim edib içərisindəki narkotik vasitəni necə əldə etdiyini izah etdiyini, bükülünün zərfə qablaşdırılmaqla üzərinin iştirakçıların imzaları ilə təsdiq edildiyini göstərmişdir (1-ci cild, iş vərəqi 62-64 və 76-79). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin 2021-ci il 15 avqust tarixli raportundan, eyni tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarından və protokolundan, habelə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2021-ci il 17 avqust tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində gəzdirməsi barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, sonuncu 2021-ci il avqustun 16-da saat 13:00-da Bakı şəhəri, Binəqədi rayonu, Binə qəsəbəsi, 2-ci Mədən küçəsi, 12 saylı sahə polis məntəqəsinin yaxınlığında saxlanmaqla bölməyə gətirilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar məhkəmə tərəfindən qanuni hesab edilmişdir (1-ci cild, iş vərəqi 4-7 və 51). İş materiallarındakı 2021-ci il 16 avqust tarixli ərizədən və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin tərtib etdiyi eyni tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılarkən sonuncu əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən beş manat pulu, əlində saxladığı tünd qəhvəyi rəngli bel çantasının içərisindən bir ədəd ağ rəngli «ARGO» markalı siqaret qutusunu, bir ədəd qızılı rəngli «Samsung» markalı mobil telefonu və bir ədəd içərisində qəhvəyi rəngli kütlə olan şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etməklə içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni hər dəfə Ramil adlı şəxsdən əldə edib ayrı-ayrı şəxslərə çatdırdığını, özünün də narkotik aludəçisi olduğunu, təqdim etdiyi narkotik vasitəni 2021-ci il avqustun 16-da saat 12 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncunun gizlətdiyi, Bakı şəhəri, Binəqədi rayonu, Binə qəsəbəsi, Gülüstan küçəsində yerləşən «Texas» kafesinin yaxınlığındakı zeytun ağacının budağının arasından götürdüyünü bildirmiş, göstərilən büküm zərfə qablaşdırılaraq götürülmüş, iştirakçılar tərəfindən şikayət, təklif və ya protokola qeydlər daxil olmamış, bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild, iş vərəqi 25 və 27-30). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin tərtib etdiyi 2021-ci il 16 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:50-də Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 36-37). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 16 avqust tarixli 6/3536 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən «Azərbaycan Respublikası DİN Zərflər üçün N243» dairəvi möhür əksi və imzalar olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 1.005 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalığı 1.004,8 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 114 manatdır (1-ci cild, iş vərəqi 45-48). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 17 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması görüntülərini əks etdirən bir ədəd DVD diskinə baxış vaxtı sonuncunun əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən beş manat pulu, əlində saxladığı tünd qəhvəyi rəngli bel çantasının içərisindən bir ədəd ağ rəngli «ARGO» markalı siqaret qutusunu, bir ədəd qızılı rəngli «Samsung» markalı mobil telefonu və bir ədəd içərisində qəhvəyi rəngli kütlə olan şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etməklə içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni hər zaman Ramil adlı şəxsdən əldə edib ayrı-ayrı şəxslərə çatdırdığını, özünün də narkotik aludəçisi olduğunu, təqdim etdiyi narkotik vasitəni 2021-ci il avqustun 16-da saat 12 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncunun gizlətdiyi, Bakı şəhəri, Binəqədi rayonu, Binə qəsəbəsi, Gülüstan küçəsində olan «Texas» kafesinin yaxınlığındakı zeytun ağacının budağının arasından götürdüyünü bildirməsi müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 65). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 18 avqust tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 68-69). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2021-ci il 18 avqust tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il avqustun 16-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 85-87). İş materiallarında olan 2011-ci il 02 avqust tarixli AZ-İİ seriyalı 699294 №-li doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 2009-cu il 29 may təvəllüdlü Amil adlı övladı vardır (1-ci cild, iş vərəqi 91). İş materiallarındakı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair 2019-cu il 12 noyabr tarixli çıxarışının surətindən görünür ki, Təqsirləndirilən şəxs sağ xayanın xərçəngi diaqnozu əsasında ikinci dərəcəli əlildir, əlillik müddəti 2024-cü il noyabrın 07-dəkdir (1-ci cild, iş vərəqi 92). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 23 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus «Samsung Galaxy J5» markalı mobil telefona baxış vaxtı «Ramin İr» adı ilə +**********50 nömrəsinin qeydə alınması, «Woccap+» proqramı ilə çoxsaylı sübut əhəmiyyətli mesajlar olması, xeyli sayda küçə şəkillərinin ox işarələri ilə işarələnməsi, video bölməsində qeydə alınan videoda Təqsirləndirilən şəxs şəffaf rəngli sellofanın içərisindəki qəhvəyi rəngli maddəni əlinə götürüb elektron tərəzidə çəkərək «bax qardaşım sudu texa sudur allaha and olsun bax acmışam buna bax eğrror verir qardaşım burda neçə kilodu» deməsi müəyyənləşdirilmiş, fotoşəkillər protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 93-109). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin 2021-ci il 16 sentyabr tarixli 330-11810-1221 №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanan narkotik vasitə heroini əldə etdiyi mənbəni və Ramil adlı şəxsin şəxsiyyətini müəyyənləşdirib istintaqa təqdim etmək mümkün olmamışdır (1-ci cild, iş vərəqi 115). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 21 sentyabr tarixli 3560 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild, iş vərəqi 117-118). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il sentyabrın 30-da tərtib etdiyi tələbnamədən, habelə hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2017-ci il 01 avqust tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.2.2.-ci və 177.2.4.-cü maddələri ilə təqsirli bilinib 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2018-ci il 18 aprel tarixli hökmü əsasında Azərbaycan Respublikasının CMnin 177.1.-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Abşeron Rayon Məhkəməsinin 2018-ci il 16 may tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.1.-ci maddəsi ilə təqsirli bilinib 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla Bakı Apellyasiya Məhkəməsinin 2019-cu il 14 mart tarixli qərarına əsasən cəza müddəti 02 ilə endirilmiş, 2019-cu il iyunun 29-da cəzasının sonu ilə azad edilmişdir (1-ci cild, iş vərəqi 135-137 və 139-142). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 03 noyabr tarixli protokoldan görünür ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 21 oktyabr tarixli AZF/LGL-27389/21 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələrdən sübut əhəmiyyətli smslər aşkarlanmış, həmin nömrələrin "xxxx" MMC-nin anten dairələrinin yerləşdiyi ərazilərdə olması müəyyən edirilmiş, qeyd olunan CD diski cinayət işinin materillarına əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 152-218). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 2021-ci il 11 noyabr tarixli 2558 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməməklə ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild, iş vərəqi 220-221). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 27 noyabr tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi, sübutların qiymətləndirilməsi və cinayət işinin materillarından ayrıca icraata cinayət işinin ayrılması haqqında, habelə 2021-ci il 02 dekabr tarixli cinayət işinin materillarından digər cinayət işinin ayrılması və 2021-ci il 03 dekabr tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsindən həmin Məcəllənin 234.4.1.-ci və 234.4.3.-cü maddələrinə tövsif edilərək ona qeyd olunan maddələrlə yenidən ittiham elan edilmiş, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.2.-ci və 237-ci maddələri ilə cinayət təqibinin başlanması rədd olunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkarlanan narkotik vasitə heroini əldə etdiyi Ramil adlı şəxs barəsində hazırki cinayət işindən Azərbaycan Respublikasının CM-nin 234.4.2.-ci və 237-ci maddələri ilə cinayət işi ayrılmış, bir ədəd «Samsung Galaxy J5» markalı mobil telefon icraata ayrılan cinayət işinə əlavə olunmuş, maddi sübut kimi tanınmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin təqdiqatdan sonrakı 1.004,8 qram çəkidə qalığı saxlanılması üçün idarənin saxlanc yerinə təhvil verilmiş, bir ədəd DVD və bir ədəd CD disklərinin cinayət işinin materillarına əlavə olunması nəzərə alınmışdır (1-ci cild, iş vərəqi 222-231, 233-234 və 239-240). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 2022-ci il 31 mart tarixli 17/38-2047 nömrəli məktubundan görünür ki, həbsdə olan Təqsirləndirilən şəxs 2021-ci il avqustun 19-da təcridxanaya daxil olub ilkin tibbi müayinədən keçirildikdə bədənində yeni xəsarət aşkar olunmamışdır. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, yəni narkotik aludəçisi olsa da heç vaxt həmin maddələrin satışı ilə məşğul olmaması, tutularkən onun üzərində öz şəxsi istifadəsi üçün gəzdirdiyi dörd list tramadol həbi olduğunu, 1.005 qram narkotik vasitə heroinin onun olmaması, polis işçiləri tərəfindən ona təzyiq göstərilməsi nəticəsində istintaqdakı ifadələrini təsdiq edib imzalaması barədə göstərdiklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 26-cı bəndində göstərilir ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan Qərarının 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təzyiq göstərilməsi barədə məhkəməyədək icraatda qanunla nəzərdə tutulmuş qaydada hər hansı müraciət edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrini təzyiq altında verməsi barədə ifadələrinə qiymət verməklə hesab edir ki, bunlar məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadələrin təzyiq tətbiq edilməsi ilə alınmasına dair iddialardan və həmin şəxsin öz maraqlarına əsaslanaraq barəsində bəraət hökmünün çıxarılmasına nail olmasına çalışmasından irəli gələn dəlillərindən ibarətdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici və şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tətqiq olunan ibtidai araşdırmadakı Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs dindirilərkən ittiham olunduğu əməli qismən etiraf etməsi, maddi sübutların mövcudluğu, axtarış, baxış və digər istintaq hərəkətləri protokolları, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasının işdə cəzanı yüngülləşdirən hal olmasını nəzərə almaqla İİ qrup əlil olmasını işdə cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Belə ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 2018-ci il 16 may tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.1.-ci maddəsi ilə təqsirli bilinib 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla Bakı Apellyasiya Məhkəməsinin 2019-cu il 14 mart tarixli qərarı əsasında cəza müddəti 02 ilə endirilmiş, 2019-cu il iyunun 29-da cəzasının sonu ilə azad edilmiş, hazırda ittiham olunduğu əməli məhkumluğu ödənildikdən sonra törətmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.3.-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydasının təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2006-cı il 09 fevral tarixli Qərarının 3.2.-ci maddəsinə əsasən, narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslər barəsində məcburi müalicə tətbiq oluna bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 21 sentyabr tarixli 3560 №-li rəyində narkomaniya xəstəliyi aşkar olunan Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacının olması qeyd olunsa da sonuncu İİ qrup əlil olduğundan barəsində narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin təqdiqatdan sonrakı 1.004,8 qram çəkidə qalığı məhv edilməli, bir ədəd DVD və bir ədəd CD, habelə əlavə bir ədəd CD disklərinin, cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 50 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 300 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il avqustun 16-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il avqustun 16-dan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmasın və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 300 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin yerinə anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin təqdiqatdan sonrakı 1.004,8 qram çəkidə qalığı məhv edilsin, bir ədəd DVD və bir ədəd CD, habelə əlavə bir ədəd CD disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-465/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-465/2022
05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver