Məhkəmə qərarları › İş №1(101)-465/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-465/2023

03.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-465/2023 03.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X3 və Təqsirləndirilən şəxs iştirakı ilə 17 avqust 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır; belə ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və yerdə, məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,129 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin 21 -ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində 05 avqust 2022-ci il tarixdə saat ll:30-da Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, 48 saylı binanın qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 bükümdə təmiz çəkisi 2,129 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür, əslində isə polis bölməsnə gətiridiyi vaxt onun üzərində narkotik vasitə olamamış, Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 05 avqust 2022-ci il tarixində saat 12:00 radələrində işlədiyi yerdə olarkən polis əməkdaşları oraya gələrək onu Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə aparmışlar, polis bölməsində polis əməkdaşlarının təsiri və təzyiqi ilə onun üzərinə 1 bükümdə 2 qramdan çox narkotik vasitə qoyulmuş və videoçəkiliş zamanı həmin narkotik vasitəni çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Əslində isə saxlanılarkən onun üzərində narkotik vasitə olmamış, polis əməkdaşları tərəfindən saxlanılmasının səbəbi isə 1 gün qabaq yaşadığı məhəllədə spirtli içkilərin təsiri altında məhəlləyə gəlmiş jurnalistlərə narkotik vasitələrin yayılmasında polis əməkdaşlarırın da rolu olması barədə müsahibə verməsi olmuşdur. Polis əməkdaşlarının fiziki təsiri nəticəsində ayağından xəsarət almışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 5 ildir ki, narkotik vasitə olan “kokos”dan, yəni “heroin”dən istifadə edir. Belə ki, xx.xx.2022-ci il tarixində saat 11 radələrində yaşadığı ünvandan çıxaraq “Sovetski” adlı ərazidə yerləşən məscidin yanında getmiş və məscidin yaxınlığında özünü “Əli” kimi təqdim edən şəxsdən öz şəxsi tələbatı üçün 10 manata bir büküm narkotik vasitə “kokos” almış. Sonra da biraz gəzərək yaşadığı ünvana qayıtmış. Növbəti gün yəni, xx.xx.2022-ci il tarixində saat 11:30-da, evin qarşısına çıxmış və həmin vaxt 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Özlərinin polis olduqlarını təqdim etdikdən sonra ondan özünü təqdim etməyini təklif etmişlər. O, da özü haqda anket məlumatlarını şifahi təqdim etmiş və bundan sonra o özünü narkotik vasitənin təsiri altında şübhəli apardığını bildirib, onu Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasında xidməti otaqlardan birinə dəvət etmişlər, könüllü olaraq müdafiəçi istəmiş və ona dövlət hesabına müdafiəçi təyin edilmiş. Belə ki, müdafiəçinin iştirakı olmadan üzərinə baxış və axtarış keçirilməsinə icazə vermiş və ərizə ilə təsdiq etmiş. Baxışda iştirak etmək üçün video çəkiliş aparan bir nəfər mütəxəssis dəvət etmişlər. Ona müdafiəçinin iştirakı olmadan üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmiş. O, da əynindəki göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd üzəri gümüşü rəngli olan bükümü çıxarıb masanın üzərinə qoymuş. Ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o, da hər hansı bir əşya olmadığını bildirmiş. O üzəri tam olaraq yoxlanıldıqdan sonra heç bir qanunla qadağan edilən əşya tapılmamış. O, təqdim etdiyi 1 ədəd gümüşü rəngli bükümün içərisindəkinin nə olduğu soruşulduqda, həmin bükümün içərisində narkotik maddə olan “kokos” olduğunu, öz şəxsi tələbatı üçün 4 avqust 2022-ci il tarixində saat 11 radələrində “Sovetski” adlı yerdə məscidin yaxınlığında “Əli” adlı şəxsdən 10 manata aldığını bildirmiş. Bundan sonra içərisi boş olan zərf ona və iştirakçılara təqdim olunmuş və kağız büküm zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürüləcəyi bildirilmiş. Bundan sonra qeyd edilənlər zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin 21-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş “189” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Əlavə verilən suallara cavab olaraq bildirmiş ki, o, xeyli müddətdir ki, narkotik vasitədən istifadə edir. O, nə narkoloji, nə vərəm, nədə ki, psixo- nevroloji dispanserdə qeydiyyatda deyildir. O, xx.xx.2022-ci il tarixdə “Sovetski” adlanan ərazidə Əli adlı şəxsdən birinci dəfə idi ki, narkotik vasitə olan “kakos” almış və “Əli” adlı şəxsi əvəllər tanımamışdır. xx.xx.2022-ci il tarixdə Sovetski kimi adlanan ərazidən narkotik maddəni aldığı “Əli” adlı şəxsin mobil telefonunun olub-olmamasını dəqiq bilməmiş, lakin Əli adlı şəxs üzdən bir dəfə gördüyü üçün anket məlumatları və xarici əlamətləri barədə heç bir söz deyə bilməmiş. O, əldə etdiyi narkotik vasitəni özü üçün almış və öz istifadəsi üçün üstündə saxlamış. Onun əldə etdiyi həmin narkotik vasitəni kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamış. Ona qarşı heç bir qanuna zidd hərəkətlərə yol verilməmişdir (1-ci cild iş vərəqi 90-94). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadə veərərək göstərmişdir ki, Nəsimi RPİ-nin 21-ci PB-nə “Ayaz” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. “Ayaz” adlı şəxsin cinayət əməlininin ifşa olunması məqsədi ilə xx.xx.2022-ci il tarixdə əməliyyat qrupu təşkil olunmuş. Əməliyyat qrupunun tərkibinə o, və Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 daxil edilmiş. Aparılmış əməliyyat tədbirləri nəticəsində “Ayaz” adlı şəxsi xx.xx.2022-ci il tarixdə saat 11:30-da ünvan 2 ünvanın qarşısında müəyyən edib ona yaxınlaşıb özlərini təqdim etmişlər, onun qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi ilə bağlı məlumata malik olduqlarını bildirib Nəsimi RPİ-nin 21-ci PB-nə dəvət etmişlər. “Ayaz” adlı şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Nəsimi RPİ-nin 21-ci PB-nə gətirilmiş. Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmiş. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən “Classic” markalı 01 ədəd siqaret qutusunu, 01 ədəd istifadə olunmuş salfetka və üzəri gümüşü rəngli 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik maddə kokos olduğunu bildirmiş. Bundan sonra Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik maddəyə bənzər kütləni nə məqsədlə əldə edildiyi sual edildikdə o, narkotik vasitədən istifadə etdiyi üçün həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə saat 11 radələrində “Sovetski” adlı yerdə məscidin yaxınlığında “Əli” adlı şəxsdən 10 manat pul müqabilində şəxsi tələbatı üçün əldə etdiyini bildirmiş. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi, “Classic” markalı siqaret qutusunun içərisinə baxıldı, heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamış. “Classic” markalı 01 ədəd siqaret qutusu, 01 ədəd istifadə olunmuş salfetka sübut əhəmiyyəti kəsb edilmədiyi üçün özünə geri qaytarılmış. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik maddəyə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nə 21-ci PB-nə dəvət edilərkən və gətirilərkən sonuncuya heç bir zor tətbiq edilməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB-nin Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. İşdə olan 17 oktyabr 2022-ci il tarixlidiskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntüyə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən “Classic” markalı 01 ədəd siqaret qutusunu, 01 ədəd istifadə olunmuş salfetkam və üzəri gümüşü rəngli 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik maddə kokos olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik maddəyə bənzər kütləni nə məqsədlə əldə edildiyi sual edildikdə o, narkotik vasitədən istifadə etdiyi üçün həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə saat 11 radələrində “Sovetski” adlı yerdə məscidin yaxınlığında “Əli” adlı şəxsdən 10 manat pul müqabilində şəxsi tələbatı üçün əldə etdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, "Classic” markalı siqaret qutusunun içərisinə baxılır, heç bir qanunsuz əşya və ya predmet aşkar edilmir. “Classic” markalı 01 ədəd siqaret qutusu, 01 ədəd istifadə olunmuş salfetka sübut əhəmiyyəti kəsb edilmədiyi üçün özünə geri qaytarılır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik maddəyə bənzər kütlə zərfə qoyularaq qablaşdırılır və zərfin üzəri iştirakçılar tərəfindən imzalanır (1ci cild iş vərəqi 131). İşdə olan məhkəmə-kimyəvi ekspertizası üzrə 05 avqust 2022-ci il tarixli 6/4204 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №189” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,129 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (1-ci cild iş vərəqi 66- 70). İşdə olan məhkəmə-narkoloji ekspertizası üzrə 17 sentyabr 2022-ci il tarixli 5288№-li ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 132-133). İşdə olan Azərbaycan Respublikası səhiyyə Nazirliyi 2 nömrəli X1 15 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə satasionarı müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməmişdir (1-ci cild iş vərəqi 137). İşdə olan 15 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə 2.029 qram narkotik vasitə heroin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən görünütülərin köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin maetriallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 155-160). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 15 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 29 aprel 2016-cı il tarixdə Nizami rayon Məhəkəməsinin qərarı ilə 04 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuşdur (1-ci cild iş vərəqi 112-113). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Canebala oğlunun sonuncu məhkumluğu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs Canebala oğlu hazırki iş üzrə cinayət əməlini 2022-ci ildə, yəni cəzadan vaxtından əvvəl şərti azad edilməsindən 6 il sonra törətdiyindən Azərbaycan Respublikası CM-in 83.3.3-ci maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab edilir. İşdə olan AA seriyalı ******* №-li və AA seriyalı 1941013№-li şəxsiyyət vəsiqələrinin suratlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2005 və xx.xx.2004-cü il təvəllüdlü 2 yetkinlik yaşına çatmayan uşaqları vardır. İşdə olan şübhəli şəxsin tutulması haqqında 05 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 28-29). İşdə olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 06 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 05 avqust 2022-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 106-109). İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən iş yerində saxlanılması, saxlanılarkən üzərində naprkotik vasitə olmaması, polis əməkdaşlarının təsiri və təzyiqi ilə üzərinə narkotik vasitə qoyulması və etirafedici ifadələr verməsi, polis əməkdaşlarının fiziki təsiri nəticəsində ayağından xəsarət alması barədə ifadəsinə tənqidi yanaşır, özünümüdafiə xarakterli hesab edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş 05 avqust 2022-ci il tarixli Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili X5 Nəsimi RPİ-nin 21-ci PB-nin rəisinə ünvanladığı raportdan görünür ki, 5 avuqst 2022-ci il tarixdə saat 11:25-də «Ayaz» adlı şəxs Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, ev 48 ünvanının qarşısına çıxdığı vaxt sonuncuya yaxınlaşıb özlərini təqdim edərək, onun qanunsuz olaraq narktik vasitə əldə etməsi, özündə saxlaması, istifadə etməsi və daşıması ilə bağlı məlumata məalik olduqlarını bildirib Nəsimi RPİ-nin 21-ci polis bölməsinə dəvət etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs ilkin izahat və ifadələrində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, ev 48 ünvanını qarşısında deyil, iş yerində saxlanılması, polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərə yol verilməsi barədə göstərməmiş, həmçinin barəsində qətimkan tərdiri seçilməsi üçün 06 avqust 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə aparılarkən işə baxan hakimə bu barədə bildirməmiş, həmin məhkəmə prosesində Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilməsini bildirmiş, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin ümumiyyətlə saxlanılması yerini mübahisələndirməsi barədə bir dənə də olsun qeydi olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması nəticəsində ayağından xəsarət alması barədə göstərdiklərinin yoxlanılması məqsədilə məhkəmə tərəfindən 24 yanvar 2023-cü il tarixli məktublarla Nəsimi RPİ-nin Müvəqqəti saxlama yerinə və Bakı İstintaq Təcridxanasına müvafiq sorğular göndərilmişdir. Məhkəmənin qeyd olunan sorğusuna cavab olaraq Nəsimi RPİ tərəfindən məhkəməyə göndərilmiş “MSY-də saxlanıan şəxslərin uçot kitabı, müayinə aktı»ndan görünür ki, Təqsirləndirilən şəxs MSY-yə gətirilən vaxt onun üstünə baxış keçirilmiş və hər iki ayağında köhnə yara izləri aşkar olunmuşdur. Məhkəmənin qeyd olunan sorğusuna cavab olaraq Təqsirləndirilən şəxs saxlanıldığı Bakı istintaq Təcridxanasından daxil olmuş 04 fevral 2022-ci il tarixli 3-16-17/38-2-802 №li məktubdan görünür ki, həbs edilmiş Təqsirləndirilən şəxs 08 avqust 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, bədəninə baxış zamanı xəsarət aşkar olunmamış, qarının ön divarında, sol saidin nahiyəsinndə köhnə çapıq toxuma müşahidə olunmuşdur. Məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs tibbi kitabçasının kserosurətinə baxış zamanı məktubda göstərilənlər öz təsdiqini tapmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qalması nəticəsində ayağından xəsarət alması barədə göstərdikləri məhkəmə baxışı zamanı tələb edilmiş sənədlərlə təkzib olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir; həmin Qanununu 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edirkən himayəsində xx.xx.2005 və xx.xx.2004-cü il təvəllüdlü 2 yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və habelə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr)» əsasən narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdarın aşağı həddi 0,150 qram, külli miqdarının aşağı həddi isə 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə heroinin çəkisi 2,129 qram olduğundan külli miqdar təşkil edir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların və həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 05 avqust 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza çəkməsinin başlanğıcının tutulduğu 05 avqust 2022-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İşdə olan 17 sentyabr 2022-ci il tarixli 5288№-li ekspert rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən Təqsirləndirilən şəxs narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin edilməməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. İşdə olan məhkəmə-kimyəvi ekspertizası üzrə 05 avqust 2022-ci il tarixli 6/4204 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №189” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,129 qram olan qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə heroin kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Bakı şəhəri Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş 1 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış 2.029 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçirilən zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Nəsimi RPİ-nin növbətçi hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,029 qram narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçrilən zaman çəkilmiş video görüntünün olduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar