Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-465/2024 29.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 17:10-da Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3, X1 və X6, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı, X4 və X5, müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında saat 17:00-da açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib, saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə əlbir olub cinayət əlaqəsinə girərək, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq əvvəlcədən aralarında olan razılaşmaya əsasən 2023-cü ilin mart ayının əvvəllərində naməlum vaxt və şəraitdə sonuncu tərəfindən gizlədilmiş Xırdalan-Binəqədi yolunun kənarındakı kolluqdan 193,5 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 543,988 qram çəkidə külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq bir hissəsini üzərində, qalan hissəsini yaşadığı ünvan 1 ünvanında saxlamış, 04 mart 2023-cü il tarixdə saat 18:10 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, 04 mart 2023-cü il tarixdə saat 18:10-da yaşadığı evin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, orada saat 20:00-da üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli cins şalvarın sol yan cibindən, 1 ədəd sellofan bükülünün içərisində 45 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,031 qram, 0,418 qram, 0,467 qram, 0,420 qram, 0,455 qram, 0,441 qram, 0,410 qram, 0,421 qram, 0,441 qram, 0,457 qram, 0,431 qram, 0,432 qram, 0,440 qram, 0,421 qram, 0,390 qram, 0,424 qram, 0,435 qram, 0,427 qram, 0,423 qram, 0,450 qram, 0,403 qram, 0,435 qram, 0,456 qram, 0,462 qram, 0,420 qram, 0,449 qram, 0,481 qram, 0,437 qram, 0,439 qram, 0,438 qram, 0,431 qram, 0,436 qram, 0,408 qram, 0,449 qram, 0,459 qram, 0,447 qram, 0,470 qram, 0,435 qram, 0,474 qram, 0,441 qram, 0,397 qram, 0,445 qram, 0,431 qram, 0,353 qram, 0,452 qram olmaqla ümumi təmiz çəkisi 19,182 qram olan külli miqdarda narkotik vasitə heroin aşkar edildikdən sonra əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə saat 21:30-da yaşadığı ünvan 1 ünvana baxış keçirilərkən evin yataq otağındakı dolabın içərisində 1 ədəd ağ rəngli sellofan torbada 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 48,004 qram, 48,802 qram, 428,0 qram olmaqla ümumi təmiz çəkisi 524,806 qram qəhvəyi rəngli, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 1 ədəd şəffaf rəngli sellofanda təmiz çəkisi 193,5 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd qapaqlı və üzərində heroin izləri olan 1 ədəd qapaqsız elektron tərəzilər aşkar edilərək götürülmüşdür. İşin halları: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonunda yaşadığı evdə heyvan (cücə) saxladığı üçün zibilxanadan 1-2 sellofanda çörək tapıb evə gətirib yığmış, evdə olan zaman 8-9 nəfər polis əməkdaşı onu evində tutub onda narkotik vasitə olduğunu bildirmişlər. Həmin vaxt onda olan sellofanın içərisindən heç nə tapılmadığından sellofanın birini özləri ilə götürüb onu da Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışlar. Orada təhqiqatçı tərəfindən ona qarşı zor tətbiq edilmiş, həmin təzyiqlərdən şəxsiyyətini qorumaq üçün polis əməkdaşlarının ona verdikləri sənədlərə imza atmışdır. Onda olan 3-4 ədəd sellofanın içərisində narkotik vasitə olmamış, həmin sellofanların içərisinə baxış keçirilən zaman videoçəkiliş aparılmamış, o, Baş İdarəyə gətirilən zaman həmin sellofan başqası ilə dəyişdirilmişdir. Həmin vaxta kimi nadir hallarda 1-2 dəfə, sonuncu dəfə 2 ay əvvəl olmaqla narkotik vasitə olan marixuanadan istifadə etmiş, üzərindən aşkar olunan bütün qanunsuz əşyalar polis əməkdaşları tərəfindən qoyulmuş, heç biri ona məxsus olmamış, videoçəkiliş zamanı həmin narkotik vasitənin ona məxsus olduğunu təsdiq etməyinin səbəbi ona qarşı edilən fiziki zor və psixi təzyiq olmuşdur. Bədəninin hər hansı hissəsində qançır və ya cızıq izləri olmamış, sadəcə ona sillə vurulmuşdur. Bakı İstintaq Təcridxanasına aparılan zaman orada ağrıdığını dedikdə ciddi bir şey olmadığını bildirmişlər. Ona edilmiş fiziki və psixi zorakılıqla bağlı prokurora şikayət etməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, təxminən 5 il olar ki, tanımadığı şəxslərdən almaqla narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Atasına məxsus “Azsamand” markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı avtomobildən taksi kimi istifadə edib sərnişin daşıyaraq qazandığı pulla şəxsi ehtiyaclarını ödəyir. 03 mart 2023-cü il tarixdə, saat 22:00 radələrində Xırdalan-Binəqədi yolu ilə hərəkətdə olduğu zaman bir nəfər şəxsin qaranlıqda yolun kənarında bitmiş kolluqda nə isə gizlətdiyini görmüş, həmin şəxsin hərəkəti maraqlı gəldiyindən bir qədər irəliyə hərəkət edib avtomobili geri döndərməklə həmin yerə yaxınlaşmış, kolluqda əşya gizlədən şəxsin uzaqlaşmasını gözlədikdən sonra həmin yerə yaxınlaşıb avtomobilini yolun kənarında saxlayaraq avtomobildən düşüb kolluğa tərəf getmişdir. Axtarıb həmin şəxsin gizlədiyi əşyanı tapmış və görmüşdür ki, sellofan torbaya nə isə yığılıb. Maraqlı gəldiyi üçün həmin əşyanı götürüb avtomobilinə qoyaraq oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Həmin torbanı avtomobildən götürüb yaşadığı mənzilə qalxaraq öz otağına daxil olmuş və torbanı açıb içərisinə baxdıqda görmüşdür ki, torbanın içərisində əlavə bir torba var və həmin torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana, əlavə olaraq 3 ədəd sellofan bükümdə, bir ədəd sellofan bükümdə çoxsaylı xırda bükümlər və iki ədəd elektron tərəzi vardır. Həmin maddələrin nə olmasını dəqiqliyi ilə bilməsə də, torbanın içərisindəki marixuananın yanında əlavə maddələrin də narkotik vasitə olmasını güman etmişdir. Fikirləşmişdir ki, növbəti gün həmin maddələrdən bir sellofan kəsiyinə bükülmüş xırda bağlamaları götürüb tanıdığı narkotik vasitə aludəçilərinə göstərərək nə olduğunu dəqiqləşdirər. Bundan sonra həmin xırda bükümləri götürüb əynində olan şalvarının cibinə qoymuş, qalan maddələri və qurudulmuş marixuananı isə otağında olan paltar dolabında gizlətmişdir. 04 mart 2023-cü il tarixdə, saat 18:10 radələrində yaşadığı evdən küçəyə çıxıb piyada hərəkət edərkən iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərmiş, barəsində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı daxil olmuş məlumatlarının olduğunu deyib birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getməsini təklif etdikdə, etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə Baş İdarəyə getmişdir. Orada ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçisi gəldikdən sonra xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmış, həmin vaxt ona üzərində olan əşyaları könüllü olaraq çıxarıb təqdim etməsi təklif olunduqdan sonra o, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən həmin xırda bükümlərin olduğu sellofan bükümünü və bir ədəd açarı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşı onun üstünü yoxlamış, lakin heç bir əşya aşkar edilməmişdir. Həmin bükümlər açılıb içərisinə baxılmış və tərəzi vasitəsi ilə ölçülərək çəkisi müəyyən edilmişdir. Həmin maddələr barədə soruşulduqda o, bir gün əvvəl necə əldə etdiyini bildirmiş, həmin maddələr kağız zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokolla tanış olaraq imza etmişdir. O, şəxsi axtarış zamanı yaşadığı mənzildə də həmin maddədən, həmçinin əlavə olaraq marixuananın da olduğunu bildirmiş, evinə baxış keçirilməsinə etirazının olmadığını deyib bu barədə ərizə yazmışdır. Daha sonra polis əməkdaşları və müdafiəçi ilə birlikdə yaşadığı mənzilə getmiş, həmin evdə öz otağında olan paltar dolabından bir gün əvvəl tapdığı sellofan torbanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları videoçəkilişdən istifadə edərək həmin torbada olan əşyalara baxış keçirmiş, tərəzi vasitəsilə çəkisini müəyyənləşdirdikdən sonra marixuana, həmin maddələri, həmçinin 2 ədəd elektron tərəzini qablaşdırıb möhürləyərək götürmüşlər. Ardınca Baş Narkotiklərlə Mübarizə İdarəsinə qayıtmış, orada baxış protokolu tərtib edilmiş və protokola imza etmişdir. O, bildirmişdir ki, üzərinə şəxsi axtarış keçirilərkən və yaşadığı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Nizami küçəsi, ev 14 ünvanına baxış keçirilərkən aşkar edilmiş narkotik vasitələri heç kimdən əldə etməmiş, almamış, 03 mart 2023-cü il tarixdə, saat 22:00 radələrində Xırdalan-Binəqədi yolu ilə hərəkətdə olduğu zaman yolun kənar tərəfində bitmiş kolluqda bir nəfər şəxsin gizlətdiyini görmüş və sonradan gedib kolluqdan həmin maddələrin və narkotik vasitə marixuananın, həmçinin tərəzilərin olduğu sellofan torbanı tapıb götürüb özü ilə aparmışdır. Tapdığı qurudulmuş marixuananı özünün istifadə edəcəyini planlamışdır. Digər maddələrin nə olmasını isə həqiqətən bilməmiş, buna görə də, onların bir hissəsini üstündə tanış narkotik vasitə aludəçilərinə göstərib nə olmasını öyrənsin deyə saxlamışdır. Mobil telefondan istifadə etmir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət, düşmənçilik olmamışdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında o və Baş İdarənin əməkdaşı Şahid1 ibarət əməliyyat qrupu yaradıldıqdan sonra 2023-cü ilin mart ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonunda olan polis bölməsinə yaxın ərazidə saxlanılaraq Baş İdarəyə gətirilmiş, müdafiəçisinin iştirakı ilə videoçəkilişlə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən 40-a yaxın bükümdə narkotik vasitə olan heroin və marixuana aşkar olunmuş, daha sonra sonuncunun könüllü ərizəsi əsasında evinə baxış keçirilmiş və evdən də narkotik vasitə olan marixuana, heroin, həmçinin iki ədəd tərəzi aşkar olunmuşdur. Aşkarlananlar qablaşdırılıb ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananın öz istifadəsi üçün əldə etdiyini, digər narkotik vasitəni Abşeron rayonunda yol qırağından tapdığını bildirmiş, aşkar olunmuş paketlər dəyişdirilməmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı zaman müqavimət göstərməyərək Baş İdarəyə könüllü gəlmiş, sonuncuya qarşı heç bir psixoloji və ya fiziki təsir olmamış, əlavə kütlə istintaq hərəkəti zamanı təqdim etməsi üçün təklif olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət, düşmənçilik olmamışdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında o və Baş İdarənin əməkdaşı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, 04 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonunda yaşadığı ünvanın yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Müdafiəçisinin iştirakı ilə videoçəkilişlə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən təxminən 20-25 qram çəkidə narkotik vasitə olan marixuana və bir ədəd açar aşkarlanmış, Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə olduğunu dediyinə görə videoçəkiliş vasitəsilə mənzilinə baxış keçirilən zaman marixuana, heroin və 2 ədəd tərəzi aşkar olunub qablaşdırılaraq götürüldükdən sonra ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı zaman müqavimət göstərməyərək Baş İdarəyə könüllü gəlmiş, Təqsirləndirilən şəxs qarşı heç bir psixi və ya fiziki təsir olmamış, əlavə kütlə istintaq hərəkəti zamanı nümayiş etdirməsi üçün təklif edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs külli miqdarda narkotik və psixotrop maddələri satışı məqsədi ilə əldə edərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 3) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əmrindən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü həmin Baş İdarənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 4-5; 8) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:10 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Nizami küçəsi, ev 14 ünvanının yaxınlığında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 9) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 18; 20) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan, xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq qərara əsasən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd sellofanda 45 (qırx beş) bükümdə açıq-qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni və 1 (bir) ədəd açarı təqdim edərək masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni bir gün əvvəl Abşeron rayonu ərazisindən tapdığını, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını demiş, heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Nizami küçəsi, ev 14 ünvanında yerləşən yaşadığı evində də narkotik vasitənin olduğunu, polis əməkdaşları tərəfindən evinə baxış keçirilməsinə etiraz etmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Aşkar olunan həmin kütlələr 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “7” nömrəli möhürü ilə möhürlənmiş, 1 ədəd açar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. (Cild 1, iş vərəqə 29-31; 118) “Evə baxış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan, xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Nizami küçəsi, ev 14 ünvanında aparılmış baxış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında dolabdan 1 (bir) ədəd ağ rəngli torbanın içərisindən 2 (iki) ədəd olan elektron tərəzi, 3 (üç) ədəd bükümdə açıq-qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni və 1 (bir) ədəd sellofanda olan açıq-yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmiş, elektron tərəzidə çəkildikdən sonra həmin kütlələr və 2 (iki) ədəd elektron tərəzi qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “7” nömrəli möhürü ilə möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş, lakin narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri 1 (bir) gün əvvəl Abşeron rayonu ərazisindən tapdığını, qurudulmuş marixuanaları istifadə etmək məqsədi ilə əldə etdiyini, heroinləri isə narkotik maddə olub-olmadığını müəyyən etmək üçün saxladığını, özünün narkotik vasitədən istifadə etdiyini, heç kimə narkotik vasitə satmadığını, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. (Cild 1, iş vərəqə 32; 35-37; 122) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1338 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 7” dairəvi möhür əksləri olan bir ədəd zərfdə və bir ədəd paketdə qablaşdırılmış, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfi açdıqca içərisində 45 (qırx beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,031 qram, 0,418 qram, 0,467 qram, 0,420 qram, 0,455 qram, 0,441 qram, 0,410 qram, 0,421 qram, 0,441 qram, 0,457 qram, 0,431 qram, 0,432 qram, 0,440 qram, 0,421 qram, 0,390 qram, 0,424 qram, 0,435 qram, 0,427 qram, 0,423 qram, 0,450 qram, 0,403 qram, 0,435 qram, 0,456 qram, 0,462 qram, 0,420 qram, 0,449 qram, 0,481 qram, 0,437 qram, 0,439 qram, 0,438 qram, 0,431 qram, 0,436 qram, 0,408 qram, 0,449 qram, 0,459 qram, 0,447 qram, 0,470 qram, 0,435 qram, 0,474 qram, 0,441 qram, 0,397 qram, 0,445 qram, 0,431 qram, 0,353 qram, 0,452 qram olmaqla, ümumi təmiz çəkisi 19,182 qram olan qəhvəyi rəngli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş paketin içərisində 03 (üç) ədəd bükümün ayrı-ayrılıqda təmiz çəkisi 48,004 qram, 48,802 qram, 428,0 qram olmaqla, ümumi təmiz çəkisi 524,806 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 1 ədəd qapaqsız elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün deyildir, 1 ədəd qapaqlı tərəzinin üzərində narkotik vasitə, psixotrop maddələrə məxsus izlər yoxdur. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilmiş ümumilikdə 48 ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub ümumi təmiz çəkisi 543,988 qramdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 543,988 qram olmuş, 1,92 qram tədqiqata sərf edildikdən sonra 542,068 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 44-47) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/336 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş kütlələr...” yazı və imzalar olan bağlamada 1 ədəd şəffaf rəngli sellofanda təmiz çəkisi 193,5 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Həmin paketin içərisində olan 2 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitə hissəcikləri yoxdur. Qeyd: marixuananın təmiz çəkisi 193,5 qram olmuş, 0,05 qram sərf edildikdən sonra 193,45 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 50-52) 06 mart 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 62-64) Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-202/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdır. (Cild 1, iş vərəqə 87-93) xx.xx.2023-cü il tarixli, 5(001)-593/2023 nömrəli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarından görünür ki, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” qərar qanunauyğun hesab edilmişdir. (Cild 1, iş vərəqə 103) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (Cild 1, iş vərəqə 123-124) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X8 ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2023-cü il tarixli, 2731 nömrəli ekspert rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 125-126) xx.xx.2023-cü il tarixli, 046/5-3749-1223 nömrəli Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə əldə etməsi müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 127) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2023-cü il tarixli, 1574 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin astenik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 131-132) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş, cinayət işinin materiallarından başqa cinayət işi ayrıca icraata ayrılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd sellofana bükülmüş 45 ədəd bükümdə olmaqla ümumi təmiz çəkisi 19,182 qram, yaşadığı ünvan 1 ünvandan aşkar edilərək götürülmüş 03 ədəd bükümdə ümumi təmiz çəkisi 524,806 qram qəhvəyi rəngli, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 1 ədəd şəffaf rəngli sellofanda təmiz çəkisi 193,5 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində heroin izləri olan 1 ədəd qapaqsız və 1 ədəd qapaqlı elektron tərəzilər, şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd CD disk və evə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qalıq qalmış 542,068 qram heroin, 193,45 qram qurudulmuş marixuana, üzərində heroin izləri olan 1 ədəd qapaqsız və 1 ədəd qapaqlı elektron tərəzi saxlanmasından ötrü Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd CD disk və evə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd CD diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmış, şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilməsi barədə qərar qəbul edilmişdir. (Cild 2, iş vərəqə 133-149) xx.xx.2023-cü il tarixli “Cinayət işinin materiallarından ayrıca icraata cinayət işi ayrılması haqqında” qərardan görünür ki, hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 151-154) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 161- 163) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-5047/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinə zamanı bədəninə baxış keçirilərkən bədən səthinin müxtəlif nayihələrindən yanığa görə cərrahi əməliyyat keçirdiyini, sorğu zamanı tutulan zaman xəsarət almadığını bildirmişdir. Bədəninə baxış keçirilən zaman hər iki yuxarı ətrafda, sol aşağı ətrafda, sol döş və bud nahiyəsində, sağ baldırın bayır səthində termiki yanıqdan sonrakı konktraktura, hər iki əldə (sol əlin İ barmağında, sağ əlin İ, İV, V barmağında) yanıdan sonrakı kontraktura aşkar edilmişdir. İlkin müayinə nəticəsi olaraq ona “Hər iki yuxarı ətrafda hissəvi hərəkət məhdudluğu, narkomaniya diaqnozları” qoyulmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Təqsirləndirilən şəxs barəsində olan 2716/2023 nömrəli tibbi kitabçasının kserosurətindən görünür ki, həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “inkar edir” yazısı, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında “hər iki yuxarı ətrafda, sol aşağı ətrafda, sol döş və bud nayihəsində, sal baldırın bayır səthində termiki yanıqdan sonrakı konktraktura, hər iki əldə (sol əlin İ barmağında, sağ əlin İ, İV, V barmağında) yanıdan sonrakı kontraktura” yazısı, “Obyektiv müayinə” adlı 14-cü qrafasında “hal-hazırda daxili orqan ilə bağlı şikayəti yoxdur” yazısı qeyd edilmişdir. Bakı şəhəri Binəqədi rayon prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli, 1096-xid nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ona zorakılıq edilməsi ilə bağlı rayon prokurorluğuna müraciət etməmiş, bu barədə araşdırma aparılmamış və qərar qəbul edilməmişdir. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirməsinin səbəblərini araşdırmış, müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin zorakılığın təsiri altında alınması ilə əlaqələndirmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində ibtidai istintaq zamanı təzyiq altında ifadə verdiyini, polis əməkdaşları tərəfindən ona zorakılıq edildiyini desə də, şahidlər Şahid1 və Şahid2 məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir fiziki və psixi zorakılıq edilmədiyini bildirmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona edilmiş psixi zorakılıqla bağlı məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə nəzarəti qaydasında şikayət etmədiyini bildirmişdir. Habelə, həmin xüsusatla bağlı cinayət işinin materiallarında hər hansı məlumat mövcud olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasına müraciət etmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-5047/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində hər hansı xəsarət aşkarlanmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, bu barədə məhkəməyədək icraatda qaldırmadığı halda məhkəmə baxışında bildirmiş, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona qarşı fiziki və ya psixi zorakılıq edilməsi barədə məhkəmədə verdiyi ifadəsi şahid ifadələri, eləcə də digər sənədlərlə öz təsdiqini tapmamışdır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində 8-9 nəfər polis əməkdaşı tərəfindən saxlanıldığını, evindən götürülmüş sellofanın polis şöbəsində dəyişdirilməsini bildirsə də, şahidlər Şahid2 və Şahid1 əməliyyat qrupuna başqa şəxsin daxil olmadığını, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Nizami küçəsi, ev 14 ünvanının yaxınlığında saxlanıldığını, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən narkotik vasitə olan heroinə bənzər kütləni könüllü olaraq təqdim etdiyini, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, üzərindən aşkar edilən kütlələrdən başqa yaşadığı ünvan 1 ünvanda da özünə məxsus narkotik vasitələri saxladığını, həmin narkotik vasitələri təqdim edə biləcəyini, yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş, Təqsirləndirilən şəxs nümayiş etdirməsi üçün hər hansı çəkidə narkotik vasitə təqdim edilmədiyini söyləmişlər. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli əmr və “Əməliyyat qrupunun təşkil edilməsi haqqında” qərardan görünür ki, əməliyyat qrupunun üzvləri Şahid2 və Şahid1 olmuşlar. Başqa şəxslərin iştirakı cinayət işinin materialları və məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bundan savayı, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Evə baxış və götürmə aparılması haqqında” protokollardan, şahid ifadələrindən, eləcə də məhkəmə baxışı zamanı müvafiq videoçəkilişə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üstündəki narkotik vasitəni istintaq hərəkətləri zamanı könüllü olaraq təqdim etmiş, aşkarlanan maddə kağız zərfdə qablaşdırılıb möhürlənmiş, həmçinin yaşadığı ünvan 1 ünvanda da özünə məxsus narkotik vasitələri saxladığını, yaşadığı evdən 1 (bir) ədəd ağ rəngli torbanın içərisindən 2 (iki) ədəd elektron tərəzi, 3 (üç) ədəd bükümdə açıq-qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni və 1 (bir) ədəd sellofanda olan açıq-yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Həmin protokollardan görünür ki, aşkar olunanlar qablaşdırılaraq “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 7 nömrəli möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1338 nömrəli və 7/336 nömrəli ekspert rəylərindən görünür ki, tədqiqa təqdim edilmiş predmetlər “Azərbaycan Respublikası DİN Zərflər üçün № 7” dairəvi möhür əksləri olan zərf, paket və bağlamada təqdim olunmuş, həmin zərf, paket və bağlamanın tamlığının pozulması ilə bağlı hər hansı qeyd aparılmamışdır. Ekspertiza nəticəsində ümumilikdə 48 ədəd bükümdə ümumi təmiz çəkisi 543,988 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 1 ədəd şəffaf rəngli sellofanda təmiz çəkisi 193,5 qram kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuana, 2 ədəd elektron tərəzinin olduğu müəyyən edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqi tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar hər hansı dəlillərə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Odur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təsvir olunanlara zidd olaraq dəlil kimi göstərdiyi hallar mötəbər sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin həmin hissələrdə verdiyi ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittihamda təsvir olunanlara zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini əsas götürür. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə qeyd edir ki, əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli raport müvafiq qaydada qeydiyyatdan keçirilmiş, həmin raport əsasında qəbul olunmuş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuniliyinin yoxlanılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilmiş, qərarın qanuniliyi yoxlanılmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini, şahidlər Şahid1 və Şahid2 həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışında verdikləri ifadələrini, ekspert rəylərini, digər istintaq hərəkəti protokollarını və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə görə, qabaqcadan əlbir olaraq satış məqsədilə qanunsuz olaraq narkotik vasitə əldə etdikdə, saxladıqda, hazırladıqda, istehsal etdikdə, emal etdikdə, daşıdıqda, göndərdikdə, yaxud qanunsuz olaraq narkotik vasitəni satdıqda müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər aiddir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısına əsasən, narkotik vasitə olan heroin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 2 qramdan artıq çəkidə olduqda külli miqdar, marixuana təmiz halda 5 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 500 qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə saxlanıldıqdan sonra üzərinə və evinə baxış keçirilən zaman ümumi çəkisi 543,988 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 1 ədəd şəffaf rəngli sellofanda təmiz çəkisi 193,5 qram kustar üsulla hazırlanmış narkotik vasitə- marixuana, 2 ədəd elektron tərəzi aşkarlanmışdır. Məhkəmə aşkar olunmuş maddələrlə bağlı qeyd edir ki, həmin vaxt Təqsirləndirilən şəxs aşkarlanmış heroinin ümumi təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan 3626,58 dəfə, marixuananın ümumi təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan 3,94 dəfə çoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Bundan başqa, həmin Plenum qərarından görünür ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarı ilə hazırki cinayət işindən təqsirləndirilən şəxsin əlbir olduğu şəxslərin dairəsinin müəyyən edilərək istintaqının aparılması üçün ayrıca cinayət işi ayrılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə, evinə baxış keçirmə və götürmə istintaq hərəkətləri zamanı təqdim etdiyi narkotik vasitə olan marixuana və heroinin çəkilərinin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitələrin növ müxtəlifliliyinə, xırda bükümlərə bölünməsinə, bükümlərin hazırlanması üçün avadanlığın, yəni elektron tərəzinin mövcudluğuna, üzərindən çıxan narkotik vasitənin tərkibinin eyniliyinə, onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatına əsasən, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə mübət xarakterizə olunmasını, səhhətini cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitələrin növ müxtəlifliyini, həmin narkotik vasitələrin şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, xırda bükümlərə bölünməsini, elektron tərəzinin mövcudluğunu, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, onlara Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 04 mart 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 168 (bir yüz altmış səkkiz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri, Binəqədi RPİ-nin saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 542,068 qram heroin, 193,45 qram qurudulmuş marixuana, üzərində heroin izləri olan 1 ədəd qapaqsız və 1 ədəd qapaqlı elektron tərəzi məhv edilməli, şəxsi axtarış və götürmə, evə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X8 08 may 2023-cü il tarixli, 2731 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 04 mart 2023-cü il tarixdən hesablansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 168 (bir yüz altmış səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 542,068 qram heroin, 193,45 qram qurudulmuş marixuana, üzərində heroin izləri olan 1 ədəd qapaqsız və 1 ədəd qapaqlı elektron tərəzi məhv edilsin, şəxsi axtarış və götürmə, evə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-465/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-465/2024
29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver