Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-467/2023 16.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məsləhətçi X4 və Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, 4 yanvar 2000-ci ildə Bərdə rayonunun Bala Qəcər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Bərdə rayonunun Bala Qəcər kəndində qeydiyyatda olan, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə 25 aprel 2022-ci il tarixdə saat 21:50 radəsində ünvan 1 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs1 MMC-yə məxsus Oba marketə giriş-çıxış qapısından daxil olaraq, marketin kassasına yaxınlaşıb, kassa arxasında dayanmış satıcı-kassir Zərərçəkmiş şəxs2 müqavimətini qırmaq üçün bir əli ilə Zərərçəkmiş şəxs2 biləyindən tutub, digər əlində olan dərzi qayçısının kəsici hissəsini onun biləyinə yaxınlaşdırıb, nümayiş etdirməklə, silah qismində istifadə edərək, hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə, sonuncudan kassada olan pulları ona verməsini tələb etmiş, Zərərçəkmiş şəxs2 kassadakı pulları ona vermədiyini görüb, özü qanunsuz olaraq saxlanc yeri hesab olunan kassa aparatının açarlığında olan açarla kassanı açıb, orada olan 1.177 manat nağd pulu talayıb ələ keçirməklə ümumilikdə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-yə 1.177 manat dəyərində maddi ziyan vuraraq quldurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, pula ehtiyacı olduğundan cinayət törətmək fikrinə düşmüşdür. Suraxanı rayonu Zığ qəsəbəsi, E.Allahverdiyev küçəsi, Zığ dairəsində yerləşən Oba marketi əvvəlcədən tanıdığından həmin marketdən pul götürmək qərarına gəlmişdir. Əvvəllər təxminən bir il Oba marketdə kassir və inzibatçı-müdir işləmişdir. Ona görə də həmin marketlərin saat 22-də bağlandığı, həmin vaxt marketdə müştərilərin olmadığı, yalnız kassirlərin olduğu və kassanın necə açılıb-bağlandığından məlumatı olmuşdur. 25 aprel 2022-ci il tarixdə saat 21-22 radələrində Zığ qəsəbəsi, E.Allahverdiyev küçəsi, Zığ dairəsində yerləşən Oba marketin qarşısına gəlmişdir. Bir qədər dayanıb marketi müşahidə etdikdən sonra içəridə müştəri olmadığını görmüşdür. Tanınmamaq üçün özü ilə gətirdiyi qara rəngli tibbi maskanı üzünə taxıb, sarı rəngli fəhlə əlcəyini əlinə geyib marketə daxil olmuşdur. Marketə girərkən əynində qara rəngli papaqlı gödəkcə, qara rəngli papaq, qara rəngli şalvar, qara rəngli idman ayaqqabısı olmuşdur. İçəridə kassa arxasında Zərərçəkmiş şəxs2 dayanıb əlində pul saydığını görmüş və sonuncuya yaxınlaşıb pulları ona verməsini tələb etmişdir. Zərərçəkmiş şəxs2 onun bu hərəkətindən qorxmuş, o, sonuncunun əlindən tutub onu sakitləşdirməyə çalışmışdır. Özü kassanı açıb, orda olan pulları götürmüşdür. Özü ilə qayçı götürməkdə məqsədi kassanı açmaqda istifadə etmək olmuşdur. Sonra marketdən çıxıb oradan uzaqlaşmışdır. Marketdə heç kimə xəsarət yetirməmiş və heç kimə hədə-qorxu gəlməmişdir. Ətrafdakı binalardan birinin blokuna girib gizlənərək bir qədər dincəlmişdir. Sonra taksi dayısı Şahid4 evinə getmişdir. Yolda gedərkən marketin kassasından götürdüyü pulları sayıb 1.000 manatdan çox olduğunu görmüşdür. Yaşadığı evə qayıtdıqdan sonra həmin pulun 400 manatını kirayə pulunu verməsi üçün analığı Günaya vermiş, 400-500 manatını isə atası Şahid2 dərmanlarına xərcləmişdir. Bir neçə gündən sonra hərbi xidmətdə olan qardaşı Sahil İsgəndərovun yanına getmiş və qalan pullarla ona sovqat alıb aparmışdır. Bundan başqa 17 may 2022-ci il tarixdə Xətai rayonunda yerləşən başqa bir Oba marketin kassasından da pul götürmüş, həmin əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ünvan 1 ünvanında yerləşən Oba marketdə satıcı-kassir vəzifəsində işləyir. 25 aprel 2022-ci il tarixdə saat 21:50-də satıcı Günay Rzayeva ilə birlikdə işdə olmuşdur. Sonuncu həmin vaxt marketin anbarında olmuşdur. Müştəri olmadığından kassada olan pullardan bir qədər götürüb əlində saymağa başlamışdır. Bu vaxt Təqsirləndirilən şəxs marketə daxil olmuşur. Sonuncu əvvəlcə satış salonuna tərəf gedib vitrinlərə və salona baxmış, orada kimsənin olmadığını görüb ona yaxınlaşmışdır. Sonuncu sağ əli ilə onun sol biləyindən tutub ona zərər vermək niyyətinin olmadığını, sadəcə pulları götürmək istədiyini bildirmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs nə istədiyini başa düşməmişdir. Biləyini onun əlindən çıxarmağa çalışarkən əlindəki pullar dağılaraq ətrafa səpələnmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun əlini buraxıb kassanın üsündəki açarla kassanı açıb, bir manatlıqlar istisna olmaqla qalan pulları götürüb çıxıb getmişdir. Hadisədən şok vəziyyətə düşmüş, Təqsirləndirilən şəxs ona əlindəki qayçıya oxşar alətlə xəsarət yetirəcəyindən qorxmuşdur. Dərhal sonra marketin müdiri Şahid1 məlumat vermişdir. Sonuncu gəldikdən sonra kassaya daxil olmuş məbləğdən qalan pulları çıxıb, ümumilikdə 1.177 manat pul götürüldüyünü müəyyən etmişdir. Təqsirləndirilən şəxs ona heç bir xəsarət yetirməmiş və onu vurmamışdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Suraxanı rayonu Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsi 1-də yerləşən Oba marketdə müdir vəzifəsində işləyir. Marketdə iş iki növbəlidir. Birinci növbə saat 07:30-dan saat 17:30-dək, ikinci növbə isə saat 12:00-dan saat 22:00-dəkdir. Özünün iş vaxtı dəyişən qrafiklidir. 25 aprel 2022-ci il tarixdə işə birinci növbədə yəni, saat 07:30-da başlamış, iş saatı saat 17:30-da başa çatdığından evə getmişdir. Axşam növbəsində yəni, saat 12:00dan saat 22:00-dək növbədə satıcı kassir Zərərçəkmiş şəxs2 və satıcı Günay adlı xanımlar olmuşlar. Həmin günü saat 22 radələrində evdə olarkən satıcı-kassir Zərərçəkmiş şəxs2 ona zəng edib, həyəcanlı halda bir nəfər kişinin kassaya yaxınlaşaraq, onu əlində olan dərzi qayçısı ilə hədələyərək, kassada olan pulları ona verməsini tələb etdiyini, o, kassada olan pulları vermədikdə, həmin şəxs özü kassa aparatının açıb, kassada olan pulları götürüb, qaçdığını bildirmişdir. Odur ki, dərhal Oba marketə getmiş, kassanı yoxladıqda həmin gün satışdan əldə edilmiş puldan 1.177 manat çatışmadığını aşkar etmişdir. Sonra marketdə quraşdırılmış müşahidə kameralarının qeydə aldığı görüntülərə baxdıqda həqiqətən də bir nəfər kişinin kassaya yaxınlaşaraq, kassirə fiziki güc tətbiq etməklə kassadan pul götürərək marketdən çıxdığını görmüşdür. Ona görə də həmin görüntüləri bir ədəd diskə köçürmüş və istintaqa təqdim etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs və qardaşı Sahil onun oğulluqlarıdır. Sonuncuların əsl anası 2017-ci ildə xəstəlikdən vəfat etmişdir. Əfqan onun yanında Xaçmaz rayonunda yaşayarkən Oba marketdə satıcı və inzibatçı-müdir vəzifələrində işləmişdir. Fiziki qüsuru olduğundan hərbi xidmətə aparılmamışdır. Əfqan 2022-ci ilin aprel ayında atasına dərman almamış və dərman almaq üçün pul verməmişdir. Eləcə də ona yaşadıqları evin kirayə haqqını ödəmək üçün ona pul verməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, Abşeron rayonu, Novxanı qəsəbəsi, 18 May küçəsi nömrəsiz evdə ailəsi ilə birlikdə kirayədə yaşayır. Təqsirləndirilən şəxs onun mərhum bacısının böyük oğludur. Bacısı 2017-ci ildə xəstəlikdən vəfat etmişdir. Bundan sonra bacının oğulları xalalarının yanında yaşamışlar. Ancaq ataları 2020-ci ildə yenidən evləndikdən bir müddət sonra oğulları ataları ilə birlikdə yaşamağa başlamışlar. Əfqan fiziki qüsuru olduğundan hərbi xidmətə aparılmamışdır. Əfqanın 2022-ci ilin aprel ayında Suraxanı rayonu ərazisində yerləşən Oba marketdə cinayət törətməsindən sonradan xəbər tutmuşdur. Əfqan tez-tez onun yaşadığı evə gəlib-getmiş, bəzən də onun yaşadığı evdə gecələmişdir. 25 aprel 2022-ci il tarixdə Əfqanın onun evinə gəlib-gəlmədiyi xatırlamır. İşin 131-133-cü vərəqlərindəki kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 2835 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansi bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də X3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsriri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışım tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. İşin 28-29-cu vərəqlərindəki protokoldan görünür ki, iş üzrə şahid Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsi 1-də yerləşən Oba marketdə müdir vəzifəsində işləyən Şahid1 istintaqa təqdim etdiyi bir ədəd DVD disk götürülmüşdür. İşin 66-cı vərəqindəki protokoldan görünür ki, Şahid1 tərəfindən istintaqa təqdim edilmiş Oba marketdə xx.xx.2022-ci il tarixdə baş vermiş quldurluq cinayətinin videogörüntillərini özündə əks etdirən bir ədəd DVD diskinə Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmiş baxış zamanı diskin yaddaşında «Windows Media» proqramı vasitəsilə yazılmış bir ədəd fayla nəzər yetirdikdə əynində papaqlı qara rəngli gödəkcə, qara rəngli şalvar, başında qara rəngli papaq, üzündə qara rəngli tibbi maska, əlində əlcək olan ucaboy, orta bədən quruluşlu kişinin ticarət zalında hərəkəti etməsi, kassaya yaxınlaşaraq, kassa arxasında durmuş qadına nə isə deməsi, sonra isə bir əli ilə kassa arxasında olan qadının əlindən tutaraq, digər əlində olan əşyanı ona nümayiş etdirərək, kassir qadına nəsə deməsi, bundan sonra kassa aparatından pul əskinaslarını götürərək uzaqlaşması müəyyən edimişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs, görüntüdəki Oba marketə daxil olaraq oradakı kassadan pulları götürərək marketi tərk edən şəxsin özü olduğunu bildirmişdir. İşin 78-81-ci vərəqlərindəki protokoldan görünür ki, X1 ona təqdim edilmiş Təqsirləndirilən şəxs tanıyaraq işlədiyi ünvan 2 ünvanında yerləşən Oba market kassasından xx.xx.2022-ci il tarixdə saat 22 radələrində pul götürən şəxs olduğunu bildirmişdir. İşin 6-10-cu vərəqlərindəki protokol və fotocədvəldən görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 2-də yerləşən Oba marketdir. İşin 129-130-cu vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə və işdəki hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)- 1665/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin 137-146-cı vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, ünvan 2-də yerləşən Oba marketdə xx.xx.2022-ci il tarixdə baş vermiş hadisənin videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmşdir. İşin 123-124-cü vərəqlərindəki qətimkan tədbirinin nəzərə alınması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1665/2022 saylı cinayət işi üzrə barəsində həbs qətimkan tədbirinin seçildiyi nəzərə alınmışdır. İşdəki təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarda görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşdəki zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Nümayəndə təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs MMCnin xeyrinə dəymiş ziyan 1.177 (min yüz yetmiş yeddi) manat və ödənilmiş dövlət rüsumu 32 (otuz iki) manat olmaqla 1.209 (min iki yüz doqquz) manat plun tutulması barədə qərar qəbul edilməsini xahiş edir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək ifadəsinə göstərdi ki, zərəçəkmiş şəxs G.Abdullayevaya qarşı silah tətbiq etməmiş, ona əlindəki qayçını nümayiş etdirməklə basqın etməmiş, hadisə vaxtı qayçını kassa aparatını açmaqdan ötrü üzərində götürmüşdür. Onun həmin hissədə ifadəsi ibtidai istintaq zamanı şahid və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri ilə yanaşı, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, maddi sübut, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib edildiyindən, məhkəmə ifadəsinə tənqidi yanaşır, cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 181.2.3 və 181.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir, Odur ki, Təqsirləndirilən şəxs qeyd olunan maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olması müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək qərara gəlir ki, ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəza ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1665/2022 nömrəli hökmü ilə ona təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1665/2022 saylı hökmü ilə cəzaçəkmə müddətinin əvvəlinin hesablandığı 18 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 179-188-ci maddələrinə əsasən zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Nümayəndə təqdim etdiyi mülki iddianı müzakirə edib nəticəyə gəlir ki, mülki iddia təmin edilməli və Təqsirləndirilən şəxs 1.209 (min iki yüz doqquz) manat pul Zərərçəkmiş şəxs1 MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən maddi sübut olan ünvan 2-də yerləşən Zərərçəkmiş şəxs1də xx.xx.2022-ci il tarixdə baş vermiş hadisənin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlak müəyyən etmədi. Təqsirləndirilən şəxsin hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Müdafiəçi Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə ödənilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat onun işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki cinayət işi üzrə təyin edilən 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1665/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Nümayəndə təqdim etdiyi mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 1.209 (min iki yüz doqquz) manat pul Zərərçəkmiş şəxs1 MMC-nin xeyrinə tutulsun. Maddi sübut kimi tanınmış ünvan 2-də yerləşən Zərərçəkmiş şəxs1də xx.xx.2022-ci il tarixdə baş vermiş hadisənin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəflərinin olmadığı nəzərə alısın. Müdafiəçi göstərdiyi hüquqi yardıma görə ödənilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat onun işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-467/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-467/2023
16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver