Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-468/2022 16.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 21 saylı saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 04 iyun 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2vanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı və külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin, külli miqdarda psixotrop maddə olan metamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuana əldə edib, daşıyaraq yaşadığı ünvan 3 ünvanda saxlamış, 21 avqust 2021-ci il tarixdə saat 19:30-da ünvan 4 ünvanın qarşısında DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq DİN-nin BNMİ-nin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sağ yan cibindən 1 ədəd bükümdə, külli miqdarda, təmiz çəkisi 14,421 qram, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1 ədəd bükümdə, külli miqdarda təmiz çəkisi 8,209 qram, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, onun razılığı ilə həmin gün saat 22:05-dən etibarən DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının iştirakı ilə yaşadığı mənzilə baxış keçirilərkən mənzilin yataq otağındakı rəfin alt hissəsindən onun satış məqsədilə külli miqdarda qanunsuz olaraq əldə edib saxladığı, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə saxlanılarkən üzərindən aşkar edilmiş narkotik vasitə ilə eynilik təşkil edən, 1 ədəd bükümdə, külli miqdarda, təmiz çəkisi 270 qram, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə saxlanılarkən üzərindən aşklar edilmiş psixotrop maddə ilə eynilik təşkil edən, 1 ədəd bükümdə, külli miqdarda, təmiz çəkisi 240 qram, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 1 ədəd polietilin bağlamada şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 360 qram, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə, qurudulmuş marixuana və 1 ədəd üzərində narkotik vasitə, heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. O, insult keçirmiş, 2-ci qrup əlildir. Başında olan ağrıları kəsmək üçün o, narkotik vasitə marixuanadan istifadə edir, yəni nəşə çəkir. Heç vaxt heroin və metamfetamindən istifadə etməmişdir. O, ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanında, 8-ci mərtəbədə yaşayır. Onun böyük qardaşı Aqşin Məmmədzadə hərdən bir narkotik vasitə marixuanadan istifadə edir. 18 avqust 2021-ci il tarixdə tanışı X2, telefon nömrəsi ***-***-**-**, təqribən 70-80 qram marixuananı 1000 manata almışdır. Həmin marixuananı Romanın yanında yaşadığı mənzildə işləməyən soyuducunun aşağı hissəsinə qoymuşdur. Təqribən 10 qram marixuananı öz istifadəsi üçün götürmüş və həmin narkotik vasitədən qardaşı Aqşinə bir büküm vermişdir. 21 avqust 2021-ci il tarixdə onun qardaşı Aqşini küçədə polis əməkdaşları saxlamış və üzərindən bir büküm narkotik vasitə marixuana çıxmışdır. Aqşin onlara bildirmişdir ki, yaşadığı evdə narkotik vardır. Həmin tarixdə, saat 19:30 radələrində o, atası Vaqif və anası evdə olarkən, bir neçə polis əməkdaşı evlərinə keçmiş və xidməti vəsiqələrini göstərib evlərində axtarış aparmışlar. Yaşadığı mənzilə axtarış keçirilən zaman soyuducunun alt hissəsindən sellofan bağlamanı təqdim edərək çarpayının üstünə qoyub özü bildirmişdir ki, içərisindəki narkotik vasitə marixuanadır. Onda heç vaxt heroin, tərəzi və metamfetamin olmamışdır. Onun kim tərəfindən atılmasını bilmir. Qeyd etmək istəyir ki, onun mənzilindən polis əməkdaşları həmçinin 8500 manat pul, əlilliyə görə ona verilmiş bir ədəd "xxxx" ASC tərəfindən verilmiş pensiya kartını və 2 ədəd telefon aparatı aparmışlar. Cinayət işində bir ədəd telefon aparatının götürülməsi qeyd olunsa da, bir ədəd «Nokia-6700» markalı telefon sonradan yox olmuşdur. Həmçinin, bildirmişdir ki, 2-ci qrup əlil olduğu üçün hər ay 130 manat təqaüd alırmış, pensiya kartının kodu mobil telefonunun yaddaşında olduğu üçün polis əməkdaşları həmin kartdan istifadə edərək, o, həbsdə olduğu dövrdə telefon vasitəsilə həmin məbləğlər, iki dəfəyə, yəni 260 manat çıxarılaraq mənimsənilmişdir. Bu barədə atası Vaqif prokurorluğa şikayət ərizəsi ilə müraciət etmiş və hazırda Nəsimi rayon prokurorluğunda bu barədə araşdırma aparılır. Araşdırmanı müstəntiq Mətləb Məmmədzadə aparır və o, bir dəfə istintaq təcridxanasına gələrək ondan izahat almışdır. İstintaq vaxtı düzgün ifadələr verməmiş, bütün sənədlərə özü imza atsa da, həmin ifadələri təsdiq etmir. Həmin protokolları ona görə imzalamışdır ki, ona polis əməkdaşları bildirirmişlər ki, əgər o, bütün narkotikləri üzərinə götürməsə, onda onun qardaşı Aqşini iştirakçı kimi cinayət məsuliyyətinə cəlb edəcəklər. Bu səbəbdən, məcburiyyət qarşısında bütün tərtib olunan sənədləri öz imzası ilə təsdiqləmiş və videoçəkiliş zamanı ona əvvəlcədən nə deyiblərsə o, kamera qarşısında təkrarlamışdır. DİN-nin Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyatçısı səhv etmirsə Ürfan adlı şəxs 8500 götürəndə ona bildirmişdir ki, həmin pul vəsaiti qardaşı Aqşinin həbs olunmaması üçün götürülür. Elan olunmuş cinayət işinin 32-34, 38-40-cı vərəqələrində olan şübhəli şəxsin üzərində və yaşadığı mənzildə götürmə aparılması haqqında protokollarda olan imza ona məxsusdur, lakin, o, həmin protokolları ona görə imzalamışdır ki, ona polis əməkdaşları bildirirmişlər ki, əgər o, bütün narkotikləri üzərinə götürməsə, onda qardaşı Aqşini iştirakçı kimi cinayət məsuliyyətinə cəlb edəcəklər. Onda yalnız marixuana olmuşdur. Elan olunmuş cinayət işinin 47-48-ci vərəqələrində olan izahat, 65-66-ci vərəqələrində olan şübhəli şəxsin dindirilməsi barədə protokolda, 77-82, 158-159-cu vərəqələrində olan təqsirləndirilən şəxsin dindirmə protokollarında imzalar ona məxsusdur. Elan olunmuş ifadələri təsdiq etmir. Həmin ifadələri ona görə imzalamışdır ki, ona polis əməkdaşları bildirirmişlər ki, əgər o, bütün narkotikləri üzərinə götürməsə, onda qardaşı Aqşini iştirakçı kimi cinayət məsuliyyətinə cəlb edəcəklər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 65-66, 77-82, 158-159-cu vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: 21 avqust 2021-ci il tarixdə saat 19:30 radələriııdə yaşadığı binanın qarşısında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərib barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib narkotiklərlə mübarizə idarəsinə dəvət etmişlər. Ona hüquq və vəzifələri elan olunmuş, üzərinə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı üzərində hər hansı qanunla qadağan olunmuş əşyanın olacağı təqdirdə təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan şalvarın sağ yan cibindən 1 bükümdə narkotik vasitə olan heroini və 1 bükümdə psixotrop maddə olan metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Ardınca üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 ədəd "Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş heroinin və metamfetaminlərin özünə məxsus olduğunu, həmin kütlələri “İlham” adlı şəxsdən 17 avqust 2021-ci il tarixdə yaşadığı binanın qarşısında əlbəəl öz şəxsi istifadəsi və satış məqsədi ilə əldə etdiyini, habelə bir qismini isə yaşadığı mənzildə saxladığını, həmin narkotik maddələri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra həmin gün yaşadığı evə baxış keçirilməsinə etirazı olmamasına dair müvafiq ərizə vermiş və sonradan yaşadığı mənzilə baxış keçirilən zaman oradan mənzilin yataq otağındakı rəfin alt hissəsindən iki ədəd sellofan bağlamanı təqdim edərək çarpayınn üstünə qoyub içərisində narkotik vasitələr oduğunu bildirmişdir. Həmin sellofan bağlamalardan birincisinin içərisinə baxış zamanı içərisində narkotik vasitə olan qurudulmuş marixuana olması müəyyən edilmişdir. Daha sonra ikinci bağlamaya baxış zamanı içərisində bir bükümdə narkotik vasitə olan heroin və bir bükümdə, psixotrop maddə olan metamfetamin kütlə kütlə və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Qurudulmuş marixuananın qutusunu 60 manatdan, heroinin qramını 30 manatdan, metamfetaminin qramını isə 40 manatdan satışını həyata keçirdiyini, elektron tərəzini isə həmin kütlələrin çəkilərini müəyyən etmək üçün əldə etdiyini bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir. Ona təqdim olunmuş imzalar onun imzasıdır, həmin ifadələri ona görə imzalamışdır ki, ona polis əməkdaşları bildirirmişlər ki, əgər o, bütün narkotikləri üzərinə götürməsə, onda qardaşı Aqşini iştirakçı kimi cinayət məsuliyyətinə cəlb edəcəklər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili işləyir, rütbəsi polis polkovnikidir. ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Qeyd olunan məlumat əsasında o və işlədiyi idarənin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 əməliyyat qrupu daxilində 21 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi 76 ünvanına gəlmişlər. Orada bir qədər gözlədikdən sonra saat 19:30 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Emil adlı şəxsin əlamətlərinə uyğun olan şəxsin həmin ünvana gəlməsi müəyyən olunmuşdur. Bundan sonra, o, Şahid1la birlikdə həmin şəxsə yaxınlaşaraq ilk öncə həmin şəxsə özünü polis əməkdaşı kimi təqdim etmiş və üzərində hər hansı qanunsuz əşyanın olub-olmadığını soruşmuşlar. Həmin sorğu sual zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya maddə olmadığını bildirdikdən sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Daha sonra həmin şəxsə vəkil təyin olunmuş, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin və külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsin razılığı ilə yaşadığı ünvan 3 ünvanda baxış keçirilmiş və baxış zamanı yaşadığı mənzilin yataq otağındakı çarpayının yanında olan rəfin alt hissəsindən külli miqdarda heroin və metamfetamin, habelə şəxsi istehlak miqdarından artıq miqdarda marixuana və elektron tərəzi aşkar edilərək götürülmüşdür. Axtarış, həm də mənzilə baxış zamanı aşkar edilmiş narkotiki Təqsirləndirilən şəxs həm şəxsi istehlakı, həm də satış məqsədilə İham adlı şəxsdən təxminən 4 gün qabaq aldığını bildirmişdir. Təqsirləndirilən şəxs heç bir təzyiq və təsir olunmamışdır. Proses iştirakçıların suallarını cavablandıraraq Şahid2 göstərmişdir ki, ilk olaraq Təqsirləndirilən şəxs küçədə saxlayıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar və üzərində narkotik vasitələr aşkar olunmuşdur. Sonra Emilin öz yazılı ərizəsinə əsasən ünvan 3 ünvanda baxış keçirilmiş və yataq otağında yenə də narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı mənzildən 8500 manat, bir ədəd bank kartı və «Nokia» markalı telefon aparatı götürülməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri İlham adlı şəxsdən aldığını bildirmiş, Roman adlı şəxsin adını qeyd etməmişdir. Təqsirləndirilən şəxs həmin ifadələri yalan deyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadələr verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, oğlu Emil narkotik vasitə olan marixuanadan istifadə edir, onun başında ağrılar olur, həmin vaxt o narkotikdən istifadə edir. Aqşinin narkotik vasitələrdən istifadə etməsini bilmir. Hadisə günü 7-8 nəfər mülki geyimli polis əməkdaşları yaşadığları mənzilə gəlmişlər. Oğlanları Emilin və Aqşinin əllərini bağlayıb bütün evin əşyalarını dağıtmışlar. Sonra Emillə, Aqşini polisə aparmışlar. Bir müddətdən sonra gecə saat 23-00 radələrində həmin polislər Emillə birlikdə yenidən evlərinə gəlmişlər. Polis əməkdaşları onlara əmr etmişlər ki, onlar mənzildən çıxmalıdırlar. İki polis əməkdaşı onu və ərini mənzildən çıxarmış, blokda saxlatdırmışlar. Özləri isə Emillə mənzilə daxil olaraq, evdə videoçəkiliş aparacaqlarını bildirmişlər. O, əri ilə blokda bir neçə saat gözləmiş, yanlarında 2 nəfər polis dayanmışdır. Sonra polis əməkdaşları mənzildən çıxmış, Emili özləri ilə polis şöbəsinə aparmışlar. Həmin gecə oğlu Aqşini buraxmışlar. Polis əməkdaşları gedəndən sonra aşkar etmişlər ki, evdən mücrünün içindən 8500 manat və həmçinin Emilə məxsus bank kartı yoxa çıxmışdır. Emil tutulmamışdan qabaq Romanın telefon nömrəsini vermiş, lakin həmin telefon nömrəsi söndürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də tədqiq etmişdir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 21 avqust 2021-ci il tarixli raportundan görünür ki, 1979-cu il təvəllüdlü, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli mqidarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək, Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 21 avqust 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, 1979-cu il təvəllüdlü, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli mqidarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək, Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 9-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general mayoru İslam Hümbətovun 21 avqust 2021-ci il tarixli, 221 nömrəli Əmrindən görünür ki, 1979-cu il təvəllüdlü, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli mqidarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək, Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 32-34-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 avqust 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 1 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik heroinə bənzər və 1 bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirildikdə, onun şalvarının sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 2 ədəd açar və 10 manat pul aşkar edilmişdir. Aşkar edilmiş iki ədəd bükümdə olan kütlə tərəzidə çəkilərək, qablaşdırılmış, 1 ədəd “Samsung” markalı mobil telefon götürülmüş, 10 manat pul və 2 ədəd açar isə şübhəli şəxsə geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş heroin və metamfetaminin ona məxsus olduğunu, həmin kütlələri 4 ildir ki, tanıdığı Azərbaycan Respublikası vətəndaşı “İlham” adlı şəxsin vasitəsilə 4 gün bundan əvvəl öz şəxsi istifadəsi və satış məqsədilə aldığını, narkotik vasitə aludəçisi olduğunu, həmçinin, yaşadığı mənzildə də narkotik maddə saxladığını və həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı mobil telefonla videoçəkiliş aparılmışdır. Cinayət işinin 36-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 21 avqust 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı ünvan 3 ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 38-41-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 avqust 2021-ci il tarixli mənzilə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilmiş və baxış zamanı mənzilin yataq otağındakı çarpayının yanında olan rəfin alt hissəsindən 2 ədəd bükümdə sellofan bağlama aşkar edilmiş, həmin bükümlərə baxış zamanı bir bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik qurudulmuş marixuanaya bənzər maddə, digər bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddə, digər bükümdə isə, ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə olduğu müəyyən edilmişvə 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar edilmiş bükümlər tərəzidə çəkilmiş, həmin bükümlər və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Mənzilə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet və ya əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin ona məxsus olduğunu, həmin kütlələri 4 ildir ki, tanıdığı Azərbaycan Respublikası vətəndaşı “İlham” adlı şəxsin vasitəsilə 4 gün bundan əvvəl satış məqsədilə aldığını bildirmişdir. Axtarış və götürmə zamanı “Sony” markalı mobil telefonla videoçəkiliş aparılmışdır. Cinayət işinin 50-52-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2021-ci il tarixli, 7/820 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, ağ kağız üzərində “Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim...” sözləri yazılmış skoçla bağlanmış polietilen bağlamada, təmiz çəkisi 360,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayət işinin 54-58-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aqvsut 2021-ci il tarixli, 6/3637 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N7” dairəvi möhür əksi olan iki ədəd kağız paketdə olan: -üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi ...” sözlər, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 8,209 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 14,421 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi ....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 240,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop madə -metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 270,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş 2 ədəd bükümdə narkotik vasitə olan heroinlər xarici görünüş və əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş 2 ədəd bükümdə psixotrop maddə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamış və iki ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr“ in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 120-121-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 sentyabr 2021-ci il tarixli götürülmüş mobil telefona baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd qara rəngli “Samsung Galaxy” markalı mobil telefona baxış keçirilən zaman, “Whatsapp” proqramı vasitəsi ilə “Ənvər qonşu” kimi qeyd olunmuş +**********1 saylı nömrəyə psixotrop maddə metamfetaminə bənzər maddənin fotoşəkli göndərilmiş və “kime verem bele cıxıre” məzmunlu mesaj göndərilmişdir. Mobil telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 129-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-dən daxil olmuş 14 oktyabr 2021-ci il tarixli,, 083- 15321-1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin əldə etmə mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 160-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 7 dekabr 2021-ci il tarixli mobil telefona və telefon danışıqlarının anten dairəsi və giriş çıxış zənglərinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan GSM nömrələrə baxış keçirilmiş, baxış zamanı sonuncunun istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı nömrələrinin Təqsirləndirilən şəxs məxsus olması müəyyən olunmuş və həmin mobil nömrələrə daxil olan mesaj və göndərilən mesaj sisteminə baxış zamanı ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən 25 iyul 2021-ci il tarixdən etibarən 2021-ci ilin avqust ayınadək müxtəlif vaxtlarda “6060-260=5800, 8750-100-8650, 9140-400=8740” kimi yazışmalar göndərilmişdir. Qeyd olunan xüsusatla bağlı Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və Təqsirləndirilən şəxs qeyd olunanlarla bağlı hər hansı bir söz deməkdən imtina etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***- ***-**-** saylı nömrədən "qardaşım alınırsa məni qaldır yuxarı dart iki üç dənə vurum” sms göndərilmiş, həmin sms mətni ilə bağlı Təqsirləndirilən şəxs həmin şəxsin kim olması və sms-lə bağlı məlumat verməkdən imtina etmişdir. Cinayət işinin 167-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-dən daxil olmuş 7 dekabr 2021-ci il tarixli, 083- 4417/1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi İlham adlı şəxsin, həmçinin, +**********1 saylı mobil nömrə və ***-***-**-** saylı mobil telefon istifadəçilərinin müəyyənləşdirilməsi mümkün olmamışdır. Cinayət işinin 179-180-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis baş leytenantı X5 7 dekabr 2021-ci il tarixli cinayət işindən ayrıca icraata cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işinin materiallarından İlham və şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs oğlu özünü qismən təqsirli bilərək bildirmişdir ki, o, yalnız narkotik vasitə marixuanadan istifadə edir, onun üzərində və yaşadığı mənzildə heroin və metamfetamin olmamışdır. Onun yaşadığı mənzildən polis əməkdaşları ona məxsus bank kartını və 8500 manat pul vəsaitini götürmüşlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndində qeyd edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 28.4-ci maddəsinə əsasən cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək; təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq; təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq. Azərbaycan Respublikası CPM-nin 143.2-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim etməyə, yoxlama və təftişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlıdır. Təqsirləndirilən şəxsin məhkəmə prosesində göstərdiyi dəlillərin yoxlanılması üçün məhkəmə kollegiyası Bakı şəhəri Nəsimi Rayon Prokurorluğuna sorğu ilə müraciət etmiş və sorğuya cavab olaraq Nəsimi Rayon Prokurorluğundan 02 fevral 2022-ci il tarixli, 343-c- 21 cavab məktubu və qərar göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun müstəntiqi X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qeyri-qanuni hərəkətlər etmələri faktına dair C-343 c-21 nömrəli yoxlama materialı üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə müvafiq olaraq cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qismən inkar edən ifadələrini işin həmin hallarla bağlı məhkəmədə araşdırılmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadələrinin həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin güman etdiyi cəzasını yüngülləşdirməyə cəhdi kimi qiymətləndirir. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs üzərinə və mənzilində keçirilmiş baxış zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 2 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir; Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasından əvvəl, ona hüquq və vəzifələri izah edilmiş, şübhənin mahiyyəti izah edilərək, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 1 bükümdə açıq qəhvəyi rəngli heroinə bənzər və 1 bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirildikdə, onun şalvarının sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 2 ədəd açar və 10 manat pul aşkar edilmişdir. Aşkar edilmiş iki ədəd bükümdə olan kütlələrə baxış keçirilmiş, tərəzidə çəkilərək, qablaşdırılmış, 1 ədəd “Samsung” markalı mobil telefon götürülmüş, 10 manat pul və 2 ədəd açar isə şübhəli şəxsə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroin və metamfetaminin ona məxsus olduğunu, həmin kütlələri 4 ildir ki, tanıdığı “İlham” adlı şəxsin vasitəsilə 4 gün bundan əvvəl öz şəxsi istifadəsi, həm də satış məqsədilə aldığını, özünün narkotik vasitə aludəçisi olduğunu, həmçinin, yaşadığı mənzildə də narkotik maddə saxladığını, əldə etdiyi narkotik vasitləri müxtəlif qiyçətlərə satdığını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman mənzilin yataq otağındakı çarpayının yanında olan iki gözlü rəfin alt hissəsindən 2 ədəd böyük bükümdə sellofan bağlama aşkar edilmişdir, həmin bükümlərə baxış zamanı bir bükümdə açıq yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər maddə, digər bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər maddə, digər bükümdə isə, ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə olmuş, həmçinin 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar edilmiş bükümlər tərəzidə çəkilmiş, həmin bükümlər və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Mənzilə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet və ya əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin də ona məxsus olduğunu, həmin kütlələri 4 ildir ki, tanıdığı “İlham” adlı şəxsin vasitəsilə 4 gün bundan əvvəl satış məqsədilə aldığını, həmin narkotik vasitələri də müxtəlif şəxslərə müəyyən qiymət müqabilində satdığını bildirmişdir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, qurudulmuş marixuananın isə 5 qramı şəxsi istehlak miqdarından artıq, 500 qramdan artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 112-113-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 24 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs XMMD Nijnevartov Şəhər Məhkəməsinin 06 mart 2012-ci il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 228.2-ci maddəsi ilə təqsirli bilinərək 50.000 rubl cərimə olmaqla, 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 29 iyul 2014-cü ildə Nijnevartovsk Şəhər Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Tələbnamədə Rusiya Federasiyası Nijnevartov Şəhər Məhkəməsinin həmin hökmünün Azərbaycan Respublikasının məhkəmələri tərəfindən tanınması barədə heç bir qeyd yoxdur. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində məhkumluğu olmayan şəxs hesab edilməlidir. Cinayət işinin 146-147-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 08 sentyabr 2021-ci il tarixli, 2074 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin törətdiyi, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri əşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində “ANLAQLİ” hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətləri dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 148-149-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin 11 oktyabr 2021-ci il tarixli, 3881 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 21 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 23-cü vərəqəsində olan 21 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 96-100-cü vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 4(006)-358/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 21 avqust 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 284,321 qram narkotik vasitə heroin, 248,109 qram psixotrop maddə metamfetamin, 359,95 qram marixuana və 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy” markalı mobil telefon sonuncunun yaxın qohumlarına qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 154 (yüz əlli dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğunu nəzərə alaraq hesab edir ki, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 284,321 qram narkotik vasitə heroin, 248,109 qram psixotrop maddə metamfetamin, 359,95 qram marixuana və 01 ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy” markalı mobil telefon sonuncunun yaxın qohumlarına qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 154 (yüz əlli dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-468/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-468/2022
16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver