Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-469/2024 27.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X3 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X4 və X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabunçu rayonu, Maştağa qəsəbəsi N.Nərimanov küçəsi ev 18-də qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağları, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan ümumi təmiz çəkisi 3035,0 qram qurudulmuş marixuananı əldə edib daşıyaraq bir hissəsini üzərində, digər hissəsini isə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağları, nömrəsiz evdə saxlamış, xx.xx.2023-cü il tarixdə saat 16:40 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağları, nömrəsiz evin yaxınlığında saxlanılıb Baş X6 İdarəsinə gətirilərək idarənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli qısaqol gödəkcəsinin sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 25,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də əməliyyat tədbirinin davamı olaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağları, nömrəsiz evə keçirilmiş baxış zamanı evin aynabəndində olan soyuducunun içərisində 1 ədəd göy rəngli sellofan torbanın içərisindən 4 ədəd ağ rəngli sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 400,0 qram, 990,0 qram, 800,0 qram, 820,0 qram olmaqla, ümumi təmiz çəkisi 3010,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 1 ədəd üzərində narkotik vasitə qurudulmuş marixuananın izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində işə gedərkən 2 nəfər mülki geyimli polis əməkdaşı onu saxlayıb narkotik vasitələri qanunsuz daşımaqda şübhəli olduğunu bildirmişlər. O da həmin şəxslərə üzərində narkotik vasitə olmadığını bildirdikdən sonra onu Sabunçu rayon Polis İdarəsinə gətirmişlər. Həmin polis əməkdaşları 5000 manat verəcəyi halda onu cinayət məsuliyyətinə cəlb etməyəcəklərini demişlər. Həmin şəxslərin BMCMİ-nin əməkdaşları olduqlarını zənn etmiş, sonra isə həmin şəxslərə 2000 manat verə biləcəyini bildirmişdir. Bundan sonra Maştağa qəsəbəsində olan “555” kafenin yaxınlığında həmin şəxslərə 2000 manat pul vermiş və cinayət məsuliyyətinə cəlb edilməmişdir. Bu hadisədən bir müddət keçdikdən sonra həmin şəxslərdən pulunu almaq üçün şikayət etmək məqsədilə BMCMİ-nə getmişdir. Səhv etmirsə, orada Rəşad adlı polis əməkdaşı onu Ədalət müəllimin qəbuluna aparmışdır. Rəşad BMCMİ-nin, Ədalət müəllim isə BNMİ-nin əməkdaşı olmuşdur. Onu Ədalət müəllim qəbul etmiş və ondan qanunsuz pul alan şəxslərin BMCMİ-nin əməkdaşları yox, BNMİ-nin əməkdaşları olduğunu bildirmişdir. Həmin idarədə şikayətlə bağlı ərizə yazsa da, yazdığı ərizəni kənara atmışlar. Orada ona 200 manat verib pulun qalan hissəsini sonra verəcəklərini demişlər. Bundan başqa, Ruslan adlı polis əməkdaşı onu cinayət məsuliyyətinə cəlb edəcəyini bildirmişdir. Həmin Ruslan adlı polis əməkdaşı Maştağa qəsəbəsində bir çox şəxsləri qanunsuz olaraq saxlamışdır. Sonra polislər pulu ona geri qaytarmışlar. Bu hadisə 2022-ci ilin sonlarında baş vermişdir. 24 fevral 2023-cü il tarixdə günorta saatlarında Sabunçu rayonu, Maştağa qəsəbəsində mağazadan armatur alarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu əvvəlcə evinə apararaq evdə axtarış aparmışlar. Təxminən 400 qram qurudulmuş marixuananı evində olan istifadəyə yararsız soyuducudan aşkar etmişlər. Polis əməkdaşları orada ondan 15000 manat pul istəmişlər, o da həmin şəxslərə pulunun olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu BNMİ-nin inzibati binasına gətirib orada üzərində videoçəkilişlə şəxsi axtarış aparmışlar, sonra da yenidən onu evinə gətirmişlər. Orada da videoçəkiliş olmuş və evindən də qurudulmuş marixuana polislərin istəyi ilə əlavə narkotikin çəkisi artırılaraq aşkar edilmişdir. Polis əməkdaşlarına narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirsə də, onlar yoldaşının da cinayət məsuliyyətinə cəlb edəcəklərini demişlər. Onun evində cəmi 400 qram qurudulmuş marixuana olmuş, 3010 qram marixuana olmamışdır. Kiril əlifbası ilə oxuya bilir. BNMİ-nin əməkdaşları Ruslan və Ədalət adlı şəxslər onunla qərəzli olmuşdur. Ona qarşı əməliyyat tədbirini Ruslan adlı şəxs təşkil etmişdir. İbtidai istintaq zamanı polis əməkdaşlarının qanunsuz hərəkətlərindən müvafiq prokurorluğa şikayət etmiş və prokurorluq tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilərək ona göndərilmişdir. 1-ci dəfə 2022-ci ilin sentyabr ayında saxlanılmış və bu barədə BMCMİ-nə şikayət etmişdir. Evinə 2-ci dəfə baxış keçirilərkən müdafiəçi də iştirak etmiş, evində axtarış keçirilməzdən əvvəl polis əməkdaşları evində olan 400 qram marixuananın çəkisini artırmışlar. Rəşad və Ruslan adlı şəxslərlə mobil telefonla əlaqə saxlamışdır. İstifadəsində olan 4 sim nömrəsinin birindən Ruslan və Rəşad adlı polis əməkdaşları ilə əlaqə saxlamışdır. Onu Maştağa qəsəbəsində “Qayaüstü” deyilən ərazidə saxlamışlar. Tutulan vaxt yaşadığı evin ev telefonuna da polis əməkdaşları zəng etmişdir. Onu 6 nəfər polis əməkdaşı saxlayıb üzərinə baxış keçirmədən saat 13:30-14:30 radələrində evinə aparmışlar. Polis əməkdaşları onu evə gətirdikdə həyat yoldaşı və uşağı evdə olmuşdur. Onu evə gətirdikdən sonra idarəyə aparıb cibinə narkotik vasitə qoyaraq həmin gün saat 23:00 radələrində yenidən evə gətirib baxış keçirmişlər. Üzərində narkotik vasitə olmamış, evində isə 400 qram marixuana olmuşdur. Birinci dəfə evə baxış keçirilərkən videoçəkilişdən istifadə olunmamışdır. Polis əməkdaşları ona psixoloji təsir göstərmişlər. Ona fiziki zor tətbiq edilməmişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadəyə təzyiq altında olduğundan məcbur olub imza etmişdir. Mobil telefonunu tutulmazdan əvvəl adını xatırlamadığı tanışına vermiş, yəqin ki, SMS-lər həmin vaxt yazılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, evlidir, iki azyaşlı övladı var, məhkumluğu yoxdur, uzun illərdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 24 fevral 2023-ci il tarixdə saat 16:40-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağaları, nömrəsiz fərdi evin yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib xidməti vəsiqələrini göstərərək barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib BNMİ-nin inzibati binasına dəvət etmişlər. İdarədə dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qısaqol gödəkcənin sağ yan cibindən 1 ədəd bükümdə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və cibində olan 45 manat pul, bank kartı və 2 ədəd mobil telefonlar aşkar edilərək götürülmüşdür. Təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisi 29 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə zərfə qoyularaq qablaşdırılmış, DİN-in möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 ədəd mobil telefon, bank kartı və şəxsiyyət vəsiqəsi bu barədə ona izah verildikdən sonra götürülmüş, 45 manat pul isə özünə geri qaytarılmışdır. Üzərindən aşkar olunmuş kütlə özünə məxsusdur, həmin kütləni bir müddət əvvəl öz yaşadığı evin həyətyanı sahəsində öz istifadəsi üçün əkmiş, həmçinin Sabunçu rayonunda yaşadığı Ləhiş bağlarındakı fərdi nömrəsiz evdə narkotik maddə də var, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmiş və sonra yaşadığı evə getmişlər. Orada ona evdə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, evdə aynabənddə olan soyuducunun içərisindən 4 ədəd bükümdə qurudulmuş marixuananı və elektron tərəzini təqdim edərək stolun üzərinə qoymuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və çəkisi ümumilikdə 3 kq 75 qram olmuşdur. Daha sonra həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Həmin kütlələr özünə məxsusdur, 2-3 il əvvəl öz yaşadığı evin həyətyanı sahəsində öz istifadəsi üçün əkmiş, heç kimə narkotik vasitə satmamış, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Üzərinə yalnız təhqiqatçı baxış keçiribdir. ***-***-**-**, ***- ***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələr ona məxsusdur (cild 1, iş vərəqə 73-76). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayında Sabunçu rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs Sabunçu rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin üzərində daşıması, satışı, dövriyyəsi və istifadəsi barədə etibarlı mənbədən ona məlumat daxil olmuşdur. Sonra bu barədə raportla Baş İdarə rəisinə yazılı şəkildə məruzə etmiş, əməliyyat qrupu yaradılmışdır, həmin qrupa o və baş əməliyyat müvəkkili Şahid2 daxil edilmişdir. Həmin şəxs sonrakı saatlarda onlar tərəfindən müəyyən edilərək Sabunçu rayonu, Ləhiş bağlarında yaşadığı evin yaxınlığında saxlamış, qərarla tanış edərək özlərini təqdim etmiş və onu Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə məlum olmuş ki, saxlanılan şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs Baş İdarəyə gətirilməsinin səbəbini və hüquq və vəzifələrini izah edərək üzərinə baxış keçirilməsi zərurəti olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan qara rəngli qısaqol gödəkcəsinin sağ yan cibindən 1 ədəd büküm aşkar edilmiş, həmin büküm açıldıqda içərisindən qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs cibindən aşkar olunan maddənin nə olduğunu, haradan və nə məqsədlə əldə etdiyini soruşduqda, o, üzərindən aşkar olunan maddənin narkotik maddə qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra həmin maddə zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır.Bundan sonra isə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilərkən 4 bükümdə qurudulmuş marixuana və elektron tərəzi aşkar edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını bildirmişdir. Ona daxil olmuş əməliyyat məlumatı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayının xatırlamadığı günündə günortadan sonra Ləhiş bağlarında yaşadığı evin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqları ünvanda yadda qalacaq obyektlər olmamışdır. Onu saxladıqda tək olmuşdur. Təqsirləndirilən şəxs hadisədən əvvəl, yəni 2022-ci ilin dekabr ayında saxlanılması ilə bağlı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirərkən onun həyat yoldaşı və azyaşlı uşağı evdə olmuşdur. Həmin ərazidə “Armatur Bazarı”-nın yerləşdiyini bilmir, lakin onu yaşadığı evin yaxınlığında saxladıqları dəqiqdir. Heç kimin evinə 25 qram marixuana yerləşdirməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 24 fevral 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs X5 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısa qol gödəkcəsinin sağ yan cibindən 1 ədəd sellofan bağlamanı, sol iç içibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, 1 ədəd üzərində **********72 rəqəmləri əks olunmuş Unibanka məxsus bank kartını, əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən 45 manat pulunu, 1 ədəd yaşadığı evinin açarını, sağ yan cibindən isə içərisində ***-***-**-**, ***-***-**-** saylı GSM nömrələri olan 1 ədəd qara rəngli Samsung markalı və içərisində ***-***-**-** və ***-***-**-** rəqəmləri əks olunmuş ağ rəngli Samsung markalı mobil telefonlarını təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı sonucunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 45 manat pulu, yaşadığı evinin açarı özünə qaytarılsa da, ona izah edilməklə sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, bank kartı və 2 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bağlamaya baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli, kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edildi. Həmin kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkildi və çəkisinin qablaşdırılma ilə birlikdə 29 qram olması müəyyən edildi. Həmin büküm 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırıldı, üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürləndi və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürüldü. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni keçən il yay aylarında yaşadığı evinin həyətyanı sahəsində əkməklə əldə etməsini, həmin maddəni həm satmaq həm də öz istifadəsi üçün üzərində saxlamasını, bu əməlindən heç kimini məlumatlı olmamasını, bundan başqa satmaq üçün tanımadığı şəxsdən də narkotik maddə aldığını, narkotik maddələri 100 qramını 700 manata satdığını, yaşadığı Bakı səhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağlarında yerləşən evində də narkotik maddə saxlamasını, həmin maddələri təqdim edə biləcəyini yaşadığı ünvan baxış keçirilməsinə heç bir etirazının olmamasını, bu əməlindən heç kimin məlumatının olmamasını saxlanılan zaman və baş idarədə olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı burada heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir (cild 1, iş vərəqə 33-35). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi və götürmə haqqında” 24 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağlarında yerləşən nömrəsiz fərdi yşayış evə baxış keçirilən zaman ünvana baxış keçirilmədən öncə şübhəli şəxs Təqsirləndirilən şəxs həmin ünvanda saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra o, narkotik maddələri yaşadığı evində gizlətdiyini bildirərək evin aynabəndinə daxil oldu və burada girişdən sağ tərəfdə yerləşən soyuducunun içərisində 1 ədəd göy rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik tərkibli maddələrin qalan hissəsinin olmasını bildirdi.Təhqiqatçı tərəfindən həmin sellofan torbaya baxış keçirilən zaman içərisində 1 ədəd elektron tərəzi, 4 ədəd ağ rəngli sellofan torbanın içərisində tünd yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edildi. Aşkar edilmiş kütlələrin çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkildi. Həmin 4 bağlamadakı kütlənin qablaşdırılma ilə birlikdə çəkisinin 3 kq 75 qram olması müəyyən edildi. Aşkar edilmiş həmin kütlələr və elektron tərəzi sellofan torbada qablaşdırıldı və götürüldü. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi yaşadığı ünvandan aşkar edilmiş maddənin narkotik maddə qurudulmuş marixuana olduğunu olduğunu, həmin maddəni həm satmaq həm də öz istifadəsi üçün saxladığını, 2 ilə yaxındır ki, narkotik maddələrin üsatışı ilə məşğul olduğunu, 30 ilə yaxındır ki, narkotik maddə istifadəçisi olmasını, keçən ilin yay aylarında yaşadığı ünvanın həyətyanı sahəsində əkməklə əldə etdiyini, bundan başqa əkdiyi və tanımadığə şəxsdən aldığı həmin maddələrin hər 1 kq-nı 7000 manata satdığını, başqa heç bir yerdə narkotik maddə saxlamadığını, narkotik barədə həyat yoldaşı da daxil olmaqla heç kimin məlumatlı olmamasını bildirmişdir. Bundan sonra onların razılığı əsasında həmin yerə vizual baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir (cild 1, iş vərəqə 39-40). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və evə baxış prosesinin görüntülərinə baxış keçirmək barədə” 27 fevral 2023-cü il tarixli protokoldan görünür ki, DVD disklərə baxış zamanı şəxsi axtarış və baxış zamanı göstərilən xüsusatlar, yəni şəxsin üzərindən və evindən qurudulmuş marixuananın aşkar edilməsi bir daha müəyyən edilmişdir (cild 1, iş vərəqə 108-109). Cinayət işinin materiallarında olan “telefon məlumatlarına baxış keçirilməsi barədə” 12 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 070 *** ** ** nömrəsinə daxil olan və çıxan mesaj mətnləri Azerfon MMC-dən götürülmüş və baxış zamanı 31 yanvar 2023-cü il tarixdə ***-***-**-** nömrəsindən onun ***-***-**-** nömrəsinə “30 vurdum qeseng olsa sabah 50 de vuracam qutuda verersan” kimi narkotik vasitələrin satışının işarə edən mesajlar müəyyən edilmişdir (cild 1, iş vərəq 172-174). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 fevral 2023-cü il tarixli 7/289 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazısı və imzalar olan kağız paketdəki 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 25,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş kütlələr” yazısı və imzalar olan kağız paketdəki 4 ədəd sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 400,0 qram, 990,0 qram, 800,0 qram və 820,0 qram olmaqla, ümumi çəkisi 3010,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin paketin içərisində olan 1 ədəd gümüşü-ağ rəngli elektron tərəzinin üzərində cüzi miqdar marixuana hissəcikləri vardır. Marixuana hissəcikləri cüzi miqdar olduğu üçün onun çəkisinin müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir (Qeyd: marixuananın ümumi təmiz çəkisi 3035,0 qram, tədqiqata sərf edildi 0,25 qram, qalıq 3034,75 qram, cild 1, iş vərəqə 50-51). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 9 mart 2023-cü il tarixli 668 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixiki xəstəliyin əlamətləri aşkar olunmur, bunu cinayət işinin materialları, anamnestik məlumatlar və halhazırkı psixiatrik müayinənin nəticələri və s sübut edir. Təqsirləndirilən şəxs xroniki psixiki xəstəlik, kəmağıllılıq, psixiki fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixiki xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir (cild 1, iş vərəqə 163-165). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 29 mart 2023-cü il tarixli 1359 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 160-161). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 25 fevral 2023-cü il tarixli qərardadından görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnikileytenantı Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 24 fevral 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 121-122). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi və cinayət işi ayrılması haqqında” 13 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş və tədqiqatdan sonra ümumi qalıq çəkisi 3034,75 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, şəxsi və evdə axtarış və götürmə hərəkətlərinin görüntülərini özündə əks etdirən 2 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 193-197). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisində əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 123-124). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 81). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 23). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 25 fevral 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 24 fevral 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 88-92). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 24 fevral 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 88 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş və tədqiqatdan sonra ümumi qalıq çəkisi 3034,75 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 24 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 88 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş və tədqiqatdan sonra ümumi qalıq çəkisi 3034,75 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -2 ədəd DVD diskl cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-469/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-469/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver