Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-470/2023 04.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 25 avqust 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olub, ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən ümumi təmiz çəkisi 10,896 qram, yəni külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, daşımaqla üzərində saxlamış və Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 iyul 2022-ci il tarixdə saat 10:30-da ünvan 2 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan qara rəngli idman şalvarının qabaq sağ yan cibindən 05 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,059 qram, 1,478 qram, 2,595 qram, 2,313 qram və 3,451 qram olmaqla, ümumi təmiz çəkisi 10,896 qram qəhvəyi rəngli maddələr, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, bir neçə ildir ki, narkotik vasitənin istifadəçisidir, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Sumqayıt şəhər Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə barəsində cinayət işinə baxılmış, o, iki məhkəmə iclasına getmiş, üçüncü məhkəmə iclası 30 gün müddətinə təxirə salınmışdır. 15 gün müddət ərzində 7-8 nəfər Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin işçiləri əllərində dəyənəklə yaşadığı evin həyətinin ön və arxa tərəfindən daxil olaraq onu evində tutaraq bölməyə aparmışlar. Onu tutmalarının səbəbi odur ki, Elçin adlı bir tanışı barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması ilə bağlı cəzanın şərtlərini pozduğu üçün onu həbs etmək istəmişlər, Elçin də həbs olunmamaq üçün qaçıb bir neçə gün onun evində gizlənmişdir. Həmin ərəfədə polis əməkdaşları gəlib qapını döymüş, o da qapını açmamış və Elçini polis əməkdaşlarına təhvil verməmişdir. Elçini evində gizlədib, polis əməkdaşlarına təhvil vermədiyi üçün onunla qərəz saxlayaraq onu həbs etmişlər. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitənin istifadəçidir, 21 yaşından bu günə qədər narkotik vasitədən istifadə etmiş, “şüşə” kimi tanıdığı metamfetamin və “kakos” kimi tanıdığı heroin narkotik vasitələrindən istifadə etmiş, saxlanılan zaman üzərində narkotik vasitə olmamış, iş materiallarında qeyd olunan 10 qramdan artıq narkotik vasitəni onun cibinə polis işçiləri yerləşdirmişdir. Tutulan zaman yanında iki qadın olmuş, onu həmin qadınları da həbs edəcəkləri ilə hədələmişlər, o da həmin iki qadının həbs edilməsinə yol verə bilməyəcəyi üçün polis əməkdaşları ilə razılaşıb, onların verdikləri sənədlərə imza etmişdir. 7-8 nəfər polis əməkdaşı əllərində dəyənəklə həyətə daxil olmuş, qapını döymüş, o da qapını açmışdır və qapını açan kimi polis əməkdaşları onu tutmuşlar. Həmin zaman evində və üzərində heç bir narkotik vasitə olmamışdır. Saxlanılan zaman yanında tanışları olan iki nəfər qadın olmuş, həmin qadınlardan başqa Elnur, Kənan və Elçin adlı tanışları da orada olmuşlar. Həmin qadınlardan biri onunla şəxsi münasibətdə olan qadın, digəri isə onun rəfiqəsi olmuşdur. Saxlanılan zaman üzərində narkotik vasitə olmamış, videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu deməyinin səbəbi isə, polis əməkdaşlarının onunla birlikdə olan qadınları həbs edəcəkləri ilə hədələmələri olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində həmçinin ailəli olmadığını, iki övladının olduğunu, onlardan birinin azyaşlı olduğunu, uşaqların anasının himayəsində olduğunu, uzun müddət həbsdə olması ilə əlaqədar övladları üçün heç bir aliment ödəmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Suraxanı RPİ-nin 31-ci PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, o, 2022-ci ilin yay aylarında Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı bölməyə məruzə etmiş, əməliyyat müvəkkili polis baş leytenantı Habil Əliyevdən və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Axundov küçəsi ərazisində görüb ona yaxınlaşıb xidməti vəsiqə ilə özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onların xidməti maşınında polis bölməsinə gəlmiş, bölmədə təhqiqatçının iştirakı ilə inzibati otaqların birində video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş, Təqsirləndirilən şəxs üzərində olan 5 büküm narkotik vasitəni və bir ədəd elektron tərəzini təqdim etmiş və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təhqiqatçı tərəfindən narkotik vasitə sənədləşdirilərək ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq şahid göstərmişdir ki, o, əməliyyat qrupunun rəhbəri olmuş, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Şəxsi saxlayan zaman o, tək olmuş və küçədə dayanmışdır. Təqsirləndirilən şəxs bölməyə dəvət olunan zaman müqavimət göstərməmiş, şəxsdən üzərində 5 büküm narkotik vasitə gəzdirməsinin səbəbi soruşulduqda, hər dəfə almağa getməmək üçün bir neçə günlük dozasını bir dəfəyə aldığını bildirmişdir. O, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarışda iştirak etmiş, Təqsirləndirilən şəxs özü könüllü şəkildə narkotik vasitələri təqdim etmişdir. Təqsirləndirilən şəxs tərəzini üzərində daşımasının səbəbini soruşduqda, narkotik vasitə alarkən aldadılmaması üçün gəzdirdiyini bildirmişdir. Şəxsin üzərində aşkar edilən narkotik vasitənin çəkisini dəqiq xatırlamır. Təqsirləndirilən şəxsi küçədə saxlamışlar, ona qarşı heç bir zor tətbiq olunmamış, təqsirləndirilən şəxsi ilk dəfə tutulanda görmüşdür. Təqsirləndirilən şəxs tutulduqdan sonra mənzilinə təhqiqatçı ilə birlikdə baxış keçirilmiş, lakin mənzilindən heç nə aşkar edilməmişdir. Əməliyyat tədbirində 2 nəfər iştirak etmişdir. Elçin adlı şəxsi tanıyır, o, Suraxanı RPİ-nin başqa bölməsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına görə tutulmuşdur. Bölmədə Elçin adlı şəxs barəsində axtarış işi olmuş, lakin həmin şəxs başqa bölmə tərəfindən saxlanılmışdır. Onlar Elçin adlı şəxsi axtararkən Təqsirləndirilən şəxs evinə daxil olmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Şahid2 ifadəsinə uyğun məzmunda ifadə vermişdir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, maddi sübutlar və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 tərəfindən tərtib edilmiş 19 iyul 2022-ci il tarixli raportdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Abbasov küçəsi, ev 31A-da qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu bildirilmiş, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik maddələrin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericiliklə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin rəhbərliyindən xahiş edilmişdir (iş vərəqə: səh. 3, 7). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 19 iyul 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildikdə, Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli elektron tərəzini və 5 ədəd ayrı-ayrılıqda şəffaf sellofana bükülmüş qəhvəyi rəngli bükümləri çıxararaq təqdim etmişdir. Tədqiq olunan protokolla həmçinin müəyyən olunur ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində olan qəhvəyi rəngli, tozşəkilli maddənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Sumqayıt şəhəri ərazisində tanımadığı və adını bilmədiyi şəxsdən 50 əlli manata alaraq şəxsi istifadəsi üçün əldə etdiyini, 1 ədəd elektron tərəzini isə narkotik vasitəni alarkən aldadılmaması üçün üzərində gəzdirdiyini bildirmişdir (iş vərəqə: səh. 36-37). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 19 iyul 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən mənzilə baxış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyəti kəsb edən əşya, predmet, narkotik və psixotrop maddə aşkar olunmamışdır. (iş vərəqə: səh. 39-40). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən «diskə baxış keçirilməsi haqqında» 20 iyul 2022-ci il tarixli protokoldan görünür ki, həmin protokolun məzmunu Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair tərtib olunan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 19 iyul 2022-ci il tarixli protokolun məzmununa uyğundur. (iş vərəqə: səh. 63). Tədqiq olunan protokoldan görünür ki, diskə baxış keçirilməsi prosesində prosessual pozuntulara yol verilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyul 2022ci il tarixli 6/3921№-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün № 195» dairəvi möhür əksi olan iki ədəd zərfdə olan: -üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,059 qram, 1,478 qram, 2,595 qram, 2,313 qram, 3,451 qram, ümumi təmiz çəkisi 10,896 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkilində olduğu üçün onun çəkisini müəyyən etmək və 5 ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir (iş vərəqə: səh. 49-51). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X6 ambulator məcburinarkoloji tibbi yoxlama üzrə 29 sentyabr 2022-ci il tarixli, 5620 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə: səh. 129-130) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X6 17 avqust 2022-ci il tarixli 7522 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. (iş vərəqə: səh. 106) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 17 avqust 2022-ci il tarixli 1/2417 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün həmin xəstəxanaya müraciət etməmişdir. (iş vərəqə: səh. 107) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş üzrə verilmiş əməliyyat tapşırığı üzrə 30 oktyabr 2022-ci il tarixli 098-6926-1222 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. (iş vərəqə: səh. 128). İbtidai istintaq orqanının işdə olan «sübutların qiymətləndirilməsi haqqında» 02 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 10,896 qram kustar üsullu hazırlanmış narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,696 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi saxlanması üçün Suraxanı RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Həmin qərara əsasən həmçinin Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə hərəkətlərinin həyata keçirilməsi prosesini əks etdirən şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. (iş vərəqə: səh. 138-148). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroin 05 ədəd bükümdə ümumi təmiz çəkisi 10,896 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin miqdarı külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (Siyahı İ) olaraq həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitə heroinin çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə çox olması, bir neçə ədəd xırda bükümlərə bölünməsi, eləcə də üzərindən narkotik vasitələrin satışını təmin etmək məqsədi ilə istifadə edilən üzərində narkotik vasitə heroinə bənzər izlərin olduğu 01 ədəd elektron tərəzinin aşkar olunması, eyni zamanda Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop madddələrin satışı ilə məşğul olmasına dair qərəzsiz və mötəbər mənbələrdən əldə olunmuş əməliyyat məlumatının olması onun qeyd olunan narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla belə məhkəmə təqsirləndirilən şəxsin saxlanılan zaman üzərində heç bir narkotik vasitənin və tərəzinin olmaması, həmin narkotik vasitəni və tərəzini polis əməkdaşlarının onun cibinə yerləşdirməsi, onunla birlikdə şəxsi münasibətdə olduğu qadını və onun rəfiqəsini də saxlayıb, həmin qadınları da cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə onu hədələdikləri üçün polis əməkdaşlarının onun cibinə yerləşdirdikləri narkotik vasitəni üzərinə götürmək məcburiyyətində qalması barədə ifadələrinə qiymət verərək qeyd edir ki, məhkəmə dəfələrlə təqsirləndirilən şəxsə ifadəsində qeyd etdiyi şəxslərin anket məlumatlarını bildirməsini təklif etsə də, onların məhkəmə iclasında şahid qismində dindirilməsi üçün müdafiə tərəfinə dəfələrlə şərait yaratsa da, müdafiə tərəfi həmin şəxslərin anket məlumatları barədə məhkəməyə heç bir məlumat verməmiş, habelə onların məhkəmə iclasında şahid qismində dindirilməsi üçün təşəbbüs göstərməmişdir. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs qeyd olunan xüsusatlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadələri əsaslı hesab etmir. Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, həm təqsirləndirilən şəxs, həm də onun qardaşı X3 ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlərə yol verilməsi, ona təzyiq və zor tətbiq etmələri ilə bağlı müxtəlif şikayətlər etmiş, həmin şikayət əsasında müvafiq araşdırmalar aparılmışdır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Bakı şəhəri Suraxanı rayon prokurorluğunun 17 sentyabr 2022ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs Suraxanı rayon prokurorluğuna da məhkəmə iclasında verdiyi ifadəyə oxşar məzmunlu izahat vermiş, prokurorluq tərəfindən onun izahatında qeyd etdiyi xüsusatlar ətraflı araşdırılmış, iş üzrə əməliyyat-axtarış tədbirlərini həyata keçirən əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, eləcə də Suraxanı RPİ-nin NMB-nin rəisi X4 izahatları alınmış, təqsirləndirilən şəxsin barəsində tərtib edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 968 saylı rəyi tədqiq edilmiş, polis əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə əməl edilib-edilməməsinin araşdırılması ilə əlaqədar xidməti yoxlama aparılması üçün Bakı şəhər prokurorluğuna müraciət edilmiş və nəticədə toplanmış material üzrə Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən döyülməsi və ona işgəncə verilməsi faktı öz təsdiqini tapmamış və toplanmış materialda hər-hansı şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (iş vərəqə: səh. 121-123). Məhkəmə təqsirləndirilən şəxsin uzun müddət narkotik vasitə istifadəçisi olması, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmaması ilə əlaqədar ifadəsinə münasibətdə isə onu qeyd edir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitə heroinin çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə çox olması, bir neçə ədəd xırda bükümlərə bölünməsi, eləcə də üzərindən narkotik vasitələrin satışını təmin etmək məqsədi ilə istifadə edilən üzərində narkotik vasitə heroinə bənzər izlərin olduğu 01 ədəd elektron tərəzinin aşkar olunması, eyni zamanda Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair qərəzsiz və mötəbər mənbələrdən əldə olunmuş əməliyyat məlumatının olması onun qeyd olunan narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs göstərdiyi həmin xüsusatlar onun daha ağır məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin əməliyyat-sorğu arayışı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, lakin hazırki cinayəti törədən zaman məhkumluğu olmamışdır (iş vərəqə: səh. 101-103). Beləliklə, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X3 “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qardaşı X2 Qarabağ Müharibəsinin iştirakçısı olmasını və onun “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində onun şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda cinayət işinin materiallarına əlavə olunmuş Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(060)-545/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (iş vərəqə: səh. 131-137). Sumqayıt şəhər Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 1(060)-545/2022 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(060)-545/2022 saylı hökmü xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 66.5-ci maddəsinin tələbləri rəhbər tutularaq, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(060)-545/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs məhkum edildiyi 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Belə ki, CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli qərarı ilə əvvəli 19 iyul 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçildiyindən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(060)-545/2022 saylı hökmü ilə isə cəzaçəkməsinin əvvəli 02 noyabr 2022-ci il tarixdən hesablanmaqla 1 il 2 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdən 02 noyabr 2022-ci il tarixədək 3 ay 13 gün həbsdə saxlama müddəti ona təyin edilmiş qəti cəzadan çıxılmalı, cəza çəkməsinin əvvəli Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(060)-545/2022 saylı hökmü ilə müəyyən edilmiş vaxtdan, yəni 02 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 29 sentyabr 2022-ci il tarixli, 5620 №-li rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Suraxanı RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından qalıq qalmış 10,696 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 65 (altmış beş) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 40 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-cı il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdən 02 noyabr 2022-ci il tarixədək 3 ay 13 gün həbsdə saxlama müddəti ona təyin edilmiş qəti cəzadan çıxılmaqla üzərində 6 (altı) il 2 (iki) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(060)-545/2022 saylı hökmü ilə müəyyən edilmiş vaxtdan, yəni 02 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Suraxanı RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,696 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-470/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-470/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver