Məhkəmə qərarları › İş №1(101)-470/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-470/2024

09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-470/2024 09.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib satmaq məqsədi ilə istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək əvvəlcədən aralarında olan razılaşmaya əsasən 08 aprel 2023-cü il tarixdə saat 11 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsində sonuncundan satış məqsədilə qanunsuz olaraq 01 ədəd bükümdə ümumi təmiz çəkisi 9,861 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamlni əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 13:30-da ünvan 2 ünvanın yaxınlığında Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq ünvan 4 ünvanda yerləşən 43-cü Polis bölməsinə gətirilmiş və həmin polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 9,861 qram olan ağ rəngli maddələrdən ibarət kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, ünvan 5 ünvanında yaşamış, qaynaqçı işləmişdir. Dindar olduğu üçün namaz qılır. 08 aprel 2023-cü il saat 11 radələrində yaşadığı evin qapısının yanında işləyərkən, ağ “Kia” markalı avtomobil yaxınlaşmış, Tural adlı polis əməkdaşı maşından düşməyərək onu səsləmiş, nə işlə məşğul olduğunu soruşmuşdur. O da işlədiyini, iş paltarında olduğunu bildirmişdir. Ona işi ilə əlaqədar şikayət olunduğu deyilmiş, buna görə izahat vermək üçün 43-cü Polis bölməsinə getməli olduğu bildirilmişdir. Razılaşdığını, lakin paltarını dəyişməli olduğunu bildirmiş və polislər razılıq vermişlər. O, evə girərək paltarını dəyişmiş, aparatları içəri qoymuş, ləvazimatlar isə çöldə qalmışdır. O, maşına əyləşən zaman maşında 3 nəfər olmuşdur. Maşını Tural adlı polis əməkdaşı idarə etmişdir. Yanında Tural adında başqa polis əməkdaşı, arxada Nicat Yasəf oğlu oturmuşdur. O, Nicatın yanında oturmuş və onlar bölməyə sürmüşlər. O, nəyə görə aparıldığını təxmini bilmişdir. Çünki dini məsələlərin üstünə düşdüklərini, dindarları günahsız yerə tutduqlarını bilsə də, amma nə ilə bağlı gətirildiyini bilməmişdir. O, saxlama yerinə yerləşdirilmiş, 1 saata yaxın orada qalmışdır. Saxlama yerində olanda ona polis əməkdaşı yaxınlaşaraq tutulduğunu bildirmişdir. Daha sonra onu rəisin yanına aparmışlar. Rəis ona burdan ya hörmətli ya da hörmətsiz gedəcəyini bildirmişdir. O, açıqlama istəmişdir. Ona barəsində narkotiklə bağlı çəkiliş olacağını bildirmişlər. Lakin o, razılıq verməmişdir. Narkotiklə bağlı heç bir məlumatı olmadığını, narkotik görmədiyini, rəngini belə bilmədiyini demişdir. Ordan onu aşağıdakı kameraya düşürtmüşlər. Tural adlı polis əməkdaşı ona yaxınlaşaraq başını ağrıtmamağı, onsuz da həbs olunacağını, dini məsələlərin üstünə düşdüklərini bildirmişdir. O, razılaşmamışdır. Kameraya daxil olduqda ondan başqa 2 nəfər də olmuşdur. Onlar başqa maddələrlə tutulmuşlar. Onlardan biri nə olduğunu soruşduqda o, rəisin yanından düşdüyünü bildirmişdir. Digəri, əvvəllər məhkum olmuş şəxs onun işinin dini məsələ olduğunu, əgər qəbul eləməsə həm onu incidəcəklərini, döyəcəklərini, həm də evinə gedib nə isə atacaqlarını bildirmişdir. O da narahat olmuşdur. Ev məsələsinin bu işə qarışmasını istəməmişdir. Ona görə o da razılaşmışdır. Onu otağa apardıqda otaqda təhqiqatçı kapitan Hacıyev Samir bir büküm narkotiki onun qarşısına qoymuş, narkotiki sağ cibinə qoymağını demişlər. Təhqiqatçı ona nə onları, nə də özünü incitməməsini bildirmişdir. Tural, çəkiliş edən və digər şəxslər də otaqda olmuşlar. Ona narkotiki cibinə qoymağı və nələr etməli olduğunu demişlər. Ona videoçəkilişdə guya saat 11-də yoldan tapdığını, açıb baxdığlını, ağ maddə olan metamfetamin olduğunu, o da bağlayıb cibinə qoyduğunu bildirməsini demişlər. Daha sonra çəkiliş olmuşdur. O da cibindəkiləri çıxartmışdır. Çəkilişdə saat 11-də evin qarşısında olan yoldan tapdığını demişdir. Sonra kağızlara qol çəksə də, nəyə qol çəkdiyini bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 08 aprel 2023-cü il tarixində 43-cü Polis bölməsinin əməliyyat müvəkkili Şahid2la birlikdə ünvan 6 ünvan yaxınlığında narkotik maddələrin daşınmasında, satışında şübhəli olduğu üçün tərəflərindən Təqsirləndirilən şəxs saxlanılmış, özlərini təqdim edərək onu 43-cü Polis bölməsinə dəvət etmiş, bu barədə bölmənin rəhbərliyinə raportla məruzə edilmişdir. Daha sonra şəxsin üzərinə videoçəkilişlə baxış keçirilmiş, şalvarının sağ yan cibindən şəffaf büküm, sol yan cibindən isə “Redmi” markalı mobil telefon aşkarlanaraq götürülmüşdür. Aşkarlanan narkotik vasitə metamfetamin olmuşdur. Elsevərin dediyinə görə o, bu maddəni tapmışdır. Onun bu maddəni cibinə qoymaqda məqsədinin nə olduğunu bilməmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 onlara daxil olan məlumata görə Təqsirləndirilən şəxs narkotik maddələrin satışında şübhəli olduğunu, Elsevərin narkotik vasitələri konkret olaraq kimə satdığı barədə əllərində heç bir məlumat olmadığını, Elsevərin narkotik vasitənin satışı ilə məşğul olması ilə bağlı heç nə müəyyən edə bilmədiklərini, onlara sadəcə daxil olan əməliyyat məlumatına əsasən bu nəticəyə gəldiklərini, Elsevər özünün ustalıqla məşğul olduğunu, Elsevərin maddi cəhətdən ehtiyacı olduğu üçün o, narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirdiyini, Elsevərin narkotik vasitələrin satışı ilə məşğul olması istintaqda sübut olunduğunu, Elsevərin üzərindən 5 qrama yaxın narkotik vasitə aşkarlandığını, Elsevərə heç bir fiziki, psixi təzyiq olmadığını, Elsevər narkotik vasitənin satışı ilə məşğul olduğunu özü etiraf etdiyini, Elsevərin telefonunda onun narkotik vasitələrin satışı ilə məşğul olması haqqında məlumatın aşkarlanıb-aşkarlanmadığını xatırlamadığını, Elsevəri həyətdə deyil, yolda saxladıqlarını, Elsevərin yoldaşına zəng etmədiyini, sonradan Elsevərin təmir işi ilə məşğul olduğunu öyrəndiyini, Elsevəri saxlayarkən onun paltarını dəyişmədiyini, onu necə saxlayıblarsa, o halda da bölməyə gətirdiklərini, bölmə rəisinin Elsevərə təzyiq edərək, məcburi şəkildə narkotik vasitəni öz üzərinə götürməsini söyləməsinin şahidi olmadığını, Elsevərə heç bir psixoloji, fiziki təzyiq göstərilmədiyini, Elsevəri saxlayarkən yanında sadəcə Şahid2 olduğunu, başqa heç kim olmadığını, təhqiqatçının Elsevərə narkotiki öz üzərinə götürməsi üçün israr etməsinin şahidi olmadığını, Elsevərin narkotik vasitələrin satışı ilə məşğul olması haqqında bu günə qədər heç bir fakt əldə etmədiklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1988-ci ildə Mingəçevir şəhərində anadan olan, ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama və daşıması bildirilmişdir (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərar Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin əldə etmə, saxlama və daşımasında şübhəli bilinən xx.xx.1988-ci ildə Mingəçevir şəhərində anadan olan, ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs saat 13:30 radəsində ünvan 7 ünvanının yaxınlığında saxlanılaraq 43-cü Polis bölməsinə gətirilmişdir (cild 1, iş vərəqi 8). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sağ yan cibində olan bir ədəd şəffaf sellofan bükümü və həmin şalvarın sol yan cibində olan “Redmi” markalı mobil telefonu təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bir ədəd sellofan bükümün içərisində olan maddənin “patı” kimi tanınan maddə olduğunu, həmin psixotrop maddəni xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində yaşadığı evin yaxınlığında küçədən taparaq üzərində gəzdirdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyyinin “Zərflər üçün” 243 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (cild 1, iş vərəqi 35-37). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2070 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N-243” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 9,861 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 41-45). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 53). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 xx.xx.2023-cü il tarixli əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarı qanuni və əsaslı hesab edilmişdir (cild 1, iş vərəqi 80-82). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 xx.xx.2023-cü il tarixli, 6513 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə adı yuxarıda göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 110). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 642 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar olunmamışdır (cild 1, iş vərəqi 121-122). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3027 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 123-124). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, DVD diskdə əks edilmiş görüntülər 01 ədəd CD diskə baxış zamanı müəyyən edilmişdir ki, şəxsin üzərinə axtarış istintaq hərəkəti xx.xx.2023-cü il tarixdə lentə alınmağa başlanmışdır. Həmin videogörüntüdə ümumilikdə qapalı məkan olmaqla, xidməti iş otağı, içərisində masalar, stullar və kompüter dəsti, şəxslər müşahidə olunur. Videogörüntü başladıqda, özünü Binəqədi RPİ-nin 43-cü Polis bölməsinin baş təhqiqatçısı polis kapitanı Samir Hacıyev kimi təqdim edən şəxsin iştirakçılar təqdim edib Təqsirləndirilən şəxs ayağa durması və üzərində qanunla dövriyyəsi qadağan əşyalar varsa, onlara təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs oglu əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü və həmin şalvarın sol yan cibində olan 01 ədəd "Redmi" markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadıgını bildirmişdir. Ondan sonra onun cins şalvarının ciblərini açmaq tələb olunduqda başqa hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ondan üzərindən aşkar olunmuş 01 ədəd ağ rəngli sellofana bükülmüş büküm iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükümün içərisindən çıxan ağ rəngli kristalşəkilli maddəni göstərərək onun psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. O, həmin psixotrop maddə olan metamfetamini xx.xx.2023-cü il tarixdə saat 11 radələrində yaşadığı evin yaxınlığında yerdən tapdığını bildirmişdir. Bundan sonra büküm olduğu kimi bağlanılaraq təhqiqatçı tərəfindən boş zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, sonda zərfin üztü ardıcıllıqla iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Videogörüntü həmin anda başa çatmışdır (cild 1, iş vərəqi 148). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhər Binəqədi RPİ-nin 43-cü Polis bölməsinin xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni satış məqsədilə əldə etdiyi təsdiqlənsə də, mənbəni müəyyən etmək mümkün olmamış, həmçinin Təqsirləndirilən şəxs yaşadığı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 93-də quraşdırılmış kameranın xx.xx.2023-cü il tarixli görüntülərini kifayət qədər müddət keçdiyindən təqdim etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 149, 150). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamə surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü İsayev Əli və xx.xx.2018-ci il təvəllüdlü İsayev Ümrə adlı uşaqları vardır (cild 1, iş vərəqi 151). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, mobil telefon aparatı nisbi dördbucaqlı formalı olmaqla, uzunluğu 5,7 sm, eni 2,3 sm-dir. Hər iki səthi qara rəngli palstmasdandır, ekranında çay olmamış, digər səthi qapalıdır. Mobil telefon aparatının qapağı çıxarıldıqda, həmin mobil telefon aparatına “Redmi” qeyd olunan fabrik etiketi yapışdırılmışdır. “Redmi” markalı mobil telefon aparatı sensor ekrana malik, yan səthində səs tuşları, aşağı səthində enerji doldurma yarığı, söndürüb-yandırma tuşları, bir ədəd üzərində “Redmi” və digər yazılar olan enerji daşıyıcısı (batareya) və foto (video) aparat cihazı müşahidə olunmuşdur. 01 ədəd “Redmi” markalı mobil telefon aparatı bir ədəd futlyara keçirilmişdir və aralarında sim kart qalığı vardır. “Redmi” markalı mobil telefon aparatı açıldıqda içərisindən iş üçün əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir (cild 1, iş vərəqi 152). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, şahidlər Şahid2 və Şahid1 ifadələrində göstərdiyi xususatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək istintaq orqanına verdikləri ifadələrini bir daha təsdiq etmiş, təqsirləndirilən şəxs qarşı heç bir psixloloji və fiziki təziq göstərmədiklərini bildirmişlər (cild 1, iş vərəqi 157-166). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə sübut əhəmiyyəti daşıdığına görə, Təqsirləndirilən şəxs Eidar oğlunun üzərindən şəxsi axtarış və baxış zamanı aşkar edilərək götürülmüş təmiz çəkisi 9,861 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq qalan qalıq 9,811 qram psixotrop maddə olan metamfetamin məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək saxlanılması üçün Binəqədi rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 177-186). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işindən başqa cinayət işinin ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs psixotrop maddəni satan şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə digər cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 188-189). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, ona əleyhinə ifadə verən şahidlərə bilavasitə suallar vermək üçün şərait yaradılmış, özü şəxsən və müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda eyni zamanda qeyd edilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Savalanlı və digərləri Azərbaycana qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə ikinci, üçüncü və dördüncü ərizəçilərə münasibətdə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir. İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində istintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun və Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarındakı müddəalar nəzərə alınmaqla tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə psixotrop maddə metamfetamini əldə etmişdir. Bundan sonra o, əldə etdiyi külli miqdarda 9,861 qram təmiz çəkidə psixotrop maddə metamfetamini bir büküm sellofan paketdə üzərində saxlamış və daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş əməliyyat tapşırığından görünür ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə əməliyyat tədbirinin keçirilməsi ilə bağlı əməliyyat orqanına tapşırıq verilmişdir. Həmin əməliyyat tapşırığına verilmiş cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni satış məqsədilə əldə etdiyi təsdiqlənsə də, mənbəni müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, əməliyyat tapşırığının özü formal xarakter daşıyır, belə ki, tapşırıq təqsirləndirilən şəxsə verilmiş ittihamın aydınlaşdırılmasına xidmət etmir. Eyni zamanda həmin tapşırığa verilən formal cavabdan da təqsirləndirilən şəxsin hansısa şəxsə narkotik vasitə və ya psixotrop maddə satması müəyyən edilmir. Digər tərəfdən, məhkəmədə dindirilmiş polis əməkdaşları - təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə yaradılmış əməliyyat qrupunun üzvlərinin ifadələrindən də görünür ki, təqsirləndirilən şəxsin kiməsə psixotrop maddə satması barədə konkret fakt müəyyən olunmamışdır. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilərək məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin psixotrop maddələr satması, bu istiqamətdə üçüncü şəxslərlə əlaqəyə girməsi, başqa sözlə, narkotik vasitə və psixotrop maddələrin qanunsuz alqı-satqısına yönəlmiş hərəkətlərin icrasını təsdiq edən heç bir sübut yoxdur. Lakin, 08 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən külli miqdarda 9,861 qram təmiz çəkidə psixotrop maddə metamfetaminin aşkar edilməsi məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm rol oynayır. Məhkəmə hesab edir ki, hər hansı bir şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri əldə etməsi və dövriyyəsi qadağan olunmuş həmin əşyanın satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübut və ya sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən külli miqdarda bir bükümdə narkotik vasitə olan psixotrop maddə metamfetaminin aşkarlanması özü-özlüyündə onun həmin maddənin satışı ilə məşğul olmasını, eləcə də onun tərəfindən həmin maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq etmir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun psixotrop maddə metamfetaminin satışı ilə məşğul olması, belə maddələrin satışı ilə bağlı hər hansı şəxslə danışıq aparması və bu barədə sövdələşməsi, narkotik vasitələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəridən” psixotrop maddələrlə bağlı sifariş alması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi, habelə 08 aprel 2023-cü il tarixdə onun üzərindən külli miqdarda 9,861 qram təmiz çəkidə psixotrop maddə metamfetaminin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin psixotrop maddə metamfetaminin qabaqcadan əlbir olan bir qrup şəxs halında məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin psixotrop maddə metamfetamini o, satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də onun üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetamini məhz satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, üzərində saxlamış və daşımışdır. İbtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımi sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş psixotrop maddə olan metamfetaminin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə psixotrop maddə olan metamfetaminin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs məhz qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə psixotrop maddə olan metamfetamini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmadı. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs ifadə verərək və cinayət prosesinin iştirakçılarının suallarına cavab verərək onun üzərində psixotrop maddə olmaması, polis bölməsində polis əməkdaşları tərəfindən ona psixi təzyiq edilməsi və onun həmin təzyiq və təhdid altında etirafedici ifadə verdiyini bildirsə də, məhkəmə onun bu hissədə verdiyi ifadəsini inandırıcı və ağlabatan hesab etmir. Belə ki, polis bölməsində üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onun müdafiə hüququ təmin edilmiş, bu məqsədlə prosessual hərəkətdə iştirak etmək üçün müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə tutulmuş, daha sonra onun yazılı razılığı ilə müdafiəçinin iştirakı olmadan, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş və o, əynində olan şalvarın sağ yan cibində olan bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddəni çıxardıb təqdim etmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman və şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində ilkin ifadələr verərkən üzərindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olmasını etiraf etmişdir. Lakin sonradan ifadələrini dəyişərək həmin psixotrop maddənin ona aid olmadığını qeyd etmiş və polis bölməsində polis əməkdaşları tərəfindən ona psixi təzyiq edildiyini bildirmişdir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, həmin məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, İsayev X3 Rayon Məhkəməsinin xx.xx.2013-cüil tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233 və 315.2-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə 06 (altı) ay vaxtından əvvəl cəzadan şərti azad olunmuşdur (cild 1, iş vərəqi 86-87, 88-108). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, 2-ci qrup əlil olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həddində cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 aprel 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 aprel 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 23, vərəqi 69-73). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 08 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 9,811 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, digər maddi sübut - 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirləri təyin edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 08 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 9,811 qram psixotrop maddə metamfetamin məhv edilsin. Digər maddi sübut - 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar