Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-470/2025 08.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və müdafiəçilər – Bakı çəhəri, 38 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə, xx xxxx 2004-cü il tarixdə Ağstafa şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramana qəsəbəsi, nömrəsiz evdə yaşamış, 27 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 29 aprel 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələri ilə, xx xxxxxxxx 2006-ci il tarixdə Biləsuvar şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, 28 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 30 aprel 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tədbiq edəcəyi hədəsi bağlı olan basqın etmək niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, 23 aprel 2024-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən şəhərətrafı avtobus dayanacağında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs şəxsiyyəti məlum olmayan qadının mobil telefon nömrəsini öyrənmək istəməsini guya irad tutub bəhanə edərək, aralarında olan cinayətkar razılığa əsasən onu söhbətə tutub piyada hərəkət etməklə Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektindəki Olimpiya Stadionunun yaxınlığında yerləşən körpünün alt hissəsinə gətirib, orada özünü kriminal ailəmin üzvü kimi təqdim edərək silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirərək, bıçaqla Zərərçəkmiş şəxs həyat və sağlamlığına zərər yetirəcəyi ilə hədələyib, üzərində olan pul və qiymətli əşyalarını onlara verməsini tələb edərək, əl və ayaqla döyüb ona sol təpə və sol bud nahiyələrinin qançırları, sağ dirsək oynağı nahiyəsinin sıyrığı kimi bədən xəsarətləri yetirib, həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla, habelə bu cür zorakılıq tədbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib Zərərçəkmiş şəxs əlindəki, içində 10 manat dəyərində mobil nömrə olan 510 manat dəyərində “Honor” markalı, ALİ-NX1 (X9b) modelli mobil telefonu, əl çantasından 60 manat dəyərində naqilsiz qulaqcığı, qolunda olan 25 manat dəyərində “Haino Teko” markalı, SW RW-34 modelli elektron qol saatını, üzərindəki 7 manat nağd pulunu ələ keçirərək Zərərçəkmiş şəxs 612 manat maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında, silah qismində istifadə edilən əşya tətbiq etməklə, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tədbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə günü tanımadığı bir qadın telefonuna kontur yüklədiyi vaxt zərərçəkmiş şəxs Şirazinin həmin qadının telefon nömrəsini götürdüyünü görmüşlər. O, Şiraziyə yaxınlaşıb nəyə görə kiminsə qızının nömrəsini götürdüyünü soruşmuş, Şirazi də ona «zor edirəm» sözlərini demişdir. O isə, Şirazidən «sən bu sözü kənarda deyə bilərsən» deyə soruşmuş və Şirazinin telefonunu əlindən almaq istəmişdir. Lakin Şirazi əvvəlcə telefonu vermək istəməmişdir. O, telefonu götürəndən sonra qadının nömrəsini silmişdir. Şirazi ona fikrinin ciddi olduğunu, həmin qadınla evlənmək istədiyini bildirmiş, bununla da onların arasında dava düşmüşdür. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs1 Şirazidən telefonu, qulaqcığı və qol saatını onun götürdüyünü, həmin vaxt özündə olmadığını və həmin qızı tanımadığını, qızın kömək üçün onlara müraciət etmədiyini, bıçağın onda olduğunu, bıçağı Şirazinin bir daha belə bir iş görməməsi üçün çıxardığını, həmin vaxt Şirinin onda bıçaq olduğunu bilmədiyini, telefon və saatın onda olduğunu, digər əşyaları Şirinə onun verdiyini məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğu üçün Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq edildi. O, həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2024-cü il aprel ayının əvvəllərində «Koroğlu» metrosunun yaxınlığında avtobus gözləyərkən bir nəfər sonradan adının Şirin olmasını bildiyi “Qara” ləqəbli şəxs ondan siqaret istəmiş və onlar söhbət edib tanışlıq yaratmışlar. Onun 070 657-45-25 saylı nömrəsini mobil telefonuna yazmış və sonradan bir neçə dəfə görüşüb dostlaşmışlar. O da, Şirinə özünü “Maqa” ləqəbli şəxs kimi tanıtmışdır. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində «Koroğlu» metrosunun yaxınlığındakı avtobus mübadilə mərkəzində “Qara” ilə söhbət etmişdir. Bu zaman sonradan adının “Şirazi” olmasını və yaşının 34 olmasını bildiyi bir nəfərin cavan bir qızın ödəmə terminalında mobil nömrəyə kontur yükləyərkən onun nömrəsinə baxmasını və öz telefonuna yazmasını görmüşlər. Həmin Şirazi arıq bədən quruluşlu olmuş və tək olduğu üçün ondan qorxmayaraq yaxınlaşıb, nə üçün qızın nömrəsini telefonuna yazmasını demişlər. O, bu zaman onlardan qorxmuş və səhv etdiyini, həmin qızdan üzr istəyə biləcəyini bildirmişdir. O və Şirin Şirazinin onlardan qorxmasını gördükləri üçün onu kənara aparıb, bir az da qorxudaraq pulunu və üzərindəki əşyalarını götürmək istəmişlər. Bu barədə Şirinlə razılaşmış və işlərinin rahat olacağını düşünmüşlər. Çünki onun mobil telefonunun olması, üzərində əl çantasının olması, tək olması, “səhv hərəkət” etdiyi və arıq bədən quruluşlu olduğu üçün onlardan qorxmasını görmüşlər. Buna görə Şiraziyə gedib kənarda söhbət etməyi təklif etmiş və onu körpünün alt hissəsinə, heç kim olmayan bir yerə gətirmişlər. Orada o, Şiraziyə onu kriminal aləmdə “Maqa” kimi tanımalarını, onun Yasamal rayonunda böyük hörmətinin olmasını deyib əlindəki və qolundakı “tatoları” ona göstərərək onu həmin kimsəsiz yerdə “sındıra” biləcəyini, nə üçün tanımadığı qızın telefon nömrəsini götürməsini ona irad bildirmiş və üzərinə getmişdir. Bu zaman Şirazi daha da qorxmuş və geri çəkilərkən Şirin cibindən cib bıçağını çıxarıb, onu orada bıçaqla vurmaqla hədələmişdir. Şirazi qorxduğu üçün ondan mobil telefonunu tələb etmiş, bu zaman Şirinin də əlində bıçaq olmuş və onu Şiraziyə göstərərək onu qorxutmuşdur. Şirazi onlardan qorxmuş və telefonunu ona vermişdir. Bundan sonra onun üzərinə daha çox gedib kriminal aləmdə çox pis baxılan hərəkət etməsini, buna görə də üzərindəki çantasını və pulunu da onlara verməsini demişlər. O, tərəddüd edərkən Şirin onun üzərinə gəlib, əks halda bıçaqla onu vurub öldürəcəyini bildirirmişdir. Şirazi bu zaman çantasını çıxarıb yerə qoymuş və Şirin çantadan bir ədəd naqilsiz qulaqcıq, bir ədəd elektron qol saatını götürüb çantasını ona geri qaytarmışdır. O isə, üzərindəki pulları da ona verməsini deyərkən Şirazi üzərində cəmi 7 manatının olmasını demiş və həmin pulu da ona vermişdir. Bundan sonra o, Şirazidən telefonun ekran şifrəsini deməsini tələb etmişdir. Şirazi bundan imtina edərkən, onlar həmin şəxsi qorxutmaq üçün onu döyüb başına sidik ifraz edəcəklərini demişlər. Şirazi isə onların həqiqətən belə hərəkət edəcəyini düşünüb, əlində bıçaq olsa da, Şirinin üzərinə gedib ona nalayiq sözlər demiş və onunla tutaşmışdır. Şirin ondan boyda, çəkidə və yaşda çox kiçik olduğu üçün Şirazi onu yerə yıxmış və o, Şirazinin Şirini döyə biləcəyini gördüyü üçün Şirazini təpikləməyə başlamışdır. Şirazi isə Şirindən ayrılıb onlara gücü çatmayacağını bildiyi üçün kənarda olan daş parçasını götürüb onları vuracağını demiş, daşa tərəf gedərkən onlar ikilikdə əldə etdikləri əşya və pullarla birlikdə qaçmışlar. Şirazi onların arxasınca qaçsa da, çata bilməmiş və onlar da magistral yolları qaçaraq keçib, oradan tez bir zamanda uzaqlaşmışlar. Şirazinin onları tapa bilməyəcəyi yerə gedib, oradan da tanımadıqları taksi ilə hərəsi öz evinə getmişdir. Götürdükləri əşyalardan qol saatını ona verməsini, əvəzində ona evə tez gedə bilməsi üçün 5 manat yol pulu verəcəyini Şirinə demiş, Şirin də qol saatını ona vermişdir. Sonrakı gün o, əldə etdiyi mobil telefon və qol saatını evdə qoyub işləri ilə məşğul olmuş, hadisənin üzərindən bir müddət keçməsini, daha sonra həmin əşyaları satmağı düşünmüşdür. Lakin hadisədən 4 gün keçdikdən sonra polis əməkdaşları onu saxlamışlar. O da, üzərində gəzdirdiiyi həmin mobil telefon və elektron qol saatını polislərə könüllü təhvil vermişdir (cild 1, iş vərəqi 222- 225). Təqsirləndirilən şəxs1 elan olunmuş dindirmə protokolunda olan imzaların ona məxsus olduğunu və ifadəni təsdiq etdiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə baş verən gün o, Pərvinlə «Koroğlu» metrostansiyasının yanında olmuşlar. Həmin vaxt bir xanım telefonuna kontur vurmaq üçün ödəniş terminalına yaxınlaşıb öz nömrəsini ekranda yazmış, bu vaxt adını sonradan bildiyi Şirazinin həmin xanımın telefon nömrəsini öz telefonuna yazdığını görmüşlər. Onlar Şiraziyə yaxınlaşıb nə üçün qızın telefon nömrəsini öz telefonuna yazdığını soruşduqda, o, fikrinin ciddi olduğunu, qızla tanış olmaq istədiyini bildirmişdir. Onun bıçaqdan xəbəri olmamış, onların quldurluq etmək fikri olmamışdır. O, Pərvində bıçaq olduğunu əvvəlcədən bilməmişdir. Sonra onlar körpünün altına keçmişlər. Orada söhbət edəndə, Şirazi söyüş söymüş və ona daş atmışdır. O, Şirazinin sumkasını əlindən almış, sumkada 500 manat pul olmuşdur. Lakin o, həmin pulu götürməmişdir. 7 manat pulu isə onlara Şirazinin özü vermişdir. Bundan başqa, Şirazinin telefonunu, qulaqcığını və saatını götürmüşlər. Hadisə zamanı onda bıçaq olmamış, bıçaq Pərvində olmuşdur. Onun isə bu barədə xəbəri olmamışdır. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1 və181.2.5-ci maddələri ilə özünü təqsirli bilərək göstərmişdir ki, 2024-cü il aprel ayının əvvəllərində «Koroğlu» metrosunun yaxınlığında avtobus gözləyərkən bir nəfər sonradan adının Pərvin olmasını bildiyi “Maqa” ləqəbli şəxsi görmüş və ondan siqaret istəmiş, daha sonra söhbət edib tanışlıq yaratmışlar. Pərvin onun 070 *** ** ** saylı nömrəsini mobil telefonuna yazmış və sonradan bir neçə dəfə görüşüb dostlaşmışlar. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində «Koroğlu» metrosunun yaxınlığındakı avtobus mübadilə mərkəzində “Maqa” ilə söhbət edərkən sonradan adının Şirazi olmasını və yaşının 34 olmasını bildikləri bir nəfərin cavan bir qızın ödəmə terminalında mobil nömrəyə kontur yükləyərkən onun nömrəsinə baxmasını və öz telefonuna yazmasını görmüşlər. Həmin Şirazi arıq bədən quruluşlu olmuş və tək olduğu üçün ondan qorxmayaraq ona yaxınlaşıb, nə üçün qızın nömrəsini yazmasını soruşmuşlar. Şirazi bu zaman onlardan qorxmuş və səhv etdiyini, həmin qızdan üzr istəyə biləcəyini bildirmişdir. O və Pərvin Şirazinin qorxmasını gördükləri üçün onu kənara aparıb, bir az da qorxudaraq pulunu və üzərindəki əşyalarını götürmək istəmişlər. Bu barədə “Maqa” ilə qısa söhbət etmişlər və razılaşmışlar. Çünki onun mobil telefonunun olmasını, üzərində əl çantasının olmasını, tək olmasını, “səhv hərəkət” etdiyini və arıq bədən quruluşlu olduğu üçün onlardan qorxmasını görmüşlər. Buna görə Şiraziyə gedib kənarda söhbət etməyi təklif etmiş və onu körpünün alt hissəsinə, heç kim olmayan bir yerə gətirmişlər. Orada “Maqa” onu kriminal aləmdə “Maqa” kimi tanımalarını, Yasamal rayonunda böyük hörmətinin olmasını deyib, əlindəki və qolundakı “tatoları” ona göstərək, həmin kimsəsiz yerdə onu “sındıra” biləcəklərini fikirləşib, nə üçün tanımadığı qızın telefon nömrəsini götürməsini ona irad bildirmiş və üzərinə getmişlər. Şirazi onun da əlindəki tatolarını görmüşdür. Bu zaman Şirazi daha da qorxmuş və geri çəkilərkən o, əvvəldən üzərində olan cib bıçağını cibindən çıxarıb, onu orada bıçaqla vurmaqla hədələmişdir. Şirazi qorxduğu üçün Pərvin ondan mobil telefonunu tələb etmiş, bu zaman onun da əlində bıçaq olmuş və onu Şiraziyə göstərərək onu qorxutmuşdur. Şirazi onlardan qorxmuş və telefonunu Pərvinə vermişdir. Bundan sonra onun üzərinə daha çox gedib, “kriminal aləmdə çox pis baxılan hərəkət” etməsini, buna görə də üzərindəki çantasını və pulunu da onlara verməsini demişlər. Şirazi tərəddüd edərkən bu dəfə o, Şirazinin üzərinə gedib, əks halda bıçaqla onu vurub öldürəcəyini bildirmişdir. Həmin bıçağı bir neçə gün əvvəl mağazadan almış və üzərində gəzdirmişdir. Şirazi bu zaman çantasını çıxarıb yerə qoymuş və o, çantadan bir ədəd naqilsiz qulaqcıq, bir ədəd elektron qol saatını götürüb, çantasını ona geri qaytarmışdır. Pərvin ona üzərindəki pulları da ona verməsini deyərkən, üzərində cəmi 7 manatın olmasını demiş və həmin pulunu da «Maqa»ya vermişdir. Bundan sonra «Maqa» Şirazidən telefonun ekran şifrəsini deməsini tələb etmişdir. O, bundan imtina edərkən, onlar Şirazini qorxutmaq üçün onu döyüb, başına sidik ifraz edəcəklərini demişlər. Şirazi isə onların həqiqətən belə hərəkət edəcəklərini düşünüb, əlində bıçaq olsa da, üzərinə gəlmiş və onu nalayiq küçə söyüşü ilə söymüşdür. O isə, onun ayağından təpiklə vurub, bıçağı qatlayıb cibinə qoymuşdur. Şirazi bundan ürəklənib üzərinə gəlmiş və onunla tutaşmışdır. O, balaca boylu, arıq və yaşda kiçik olduğu üçün Şirazi onu yerə yıxmış və bu zaman «Maqa» Şirazinin onu döyə biləcəyini gördüyü üçün Şirazini təpikləməyə başlamışdır. Şirazi isə ondan ayrılıb, onlara gücü çatmayacağını bildiyi üçün kənarda olan daş parçasını götürüb, onları vuracağını demiş və daşa tərəf gedərkən onlar ikilikdə əldə etdikləri əşya və pullarla birlikdə qaçmışlar. Şirazi onların arxasınca qaçsa da, çata bilməmiş və onlar magistral yolları qaçaraq keçib, oradan tez bir zamanda uzaqlaşmışlar. Şirazinin onları tapa bilməyəcəyi yerə gedib, oradan da tanımadıqları taksi ilə hərəsi öz evinə getmişdir. Götürdükləri əşyalardan «Maqa» qol saatını ona verməyi, əvəzində ona 5 manat yol pulu verəcəyini dediyi üçün elektron qol saatını ona vermişdir. «Maqa» isə, əldə etdiyi puldan 5 manatı ona vermişdir. Ailə üzvlərinə etdiyi qanunsuz əməllər barəsində heç nə deməmiş və evə gedərkən yolda bıçağı tullamışdır. Sonrakı gün əldə etdiyi naqilsiz qulaqcığı 8 km ərazisində olan, hərdən gedib işlədiyi maşın bazarında tanımadığı bir nəfərə 20 manata satmış və pulunu xərcləmişdir. Lakin hadisədən 5 gün keçdikdən sonra polis əməkdaşları onu saxlamışlar (cild 1, iş vərəqi 208-211). Elan olunmuş ifadə ilə sualları cavablandıran Təqsirləndirilən şəxs2 dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, müstəntiqin onun əməlində quldurluq olmadığını dediyini, müstəntiqə bıçağın özündə olmasını etiraf etmədiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, o, həmin vaxt "MilliÖN" aparatında bir xanımın öz nömrəsinə pul vurduğunu görüb ekrandan onun nömrəsini tanış olmaq məqsədi ilə götürmüşdür. Həmin vaxt onun xanımın nömrəsini götürdüyünü təqsirləndirilən şəxslər görmüş, ona bunun düzgün hərəkət olmadığını bildirib, körpünün altına söhbət etməyə çağırmışlar. Körpünün altında Pərvin onun üzərinə bıçaq çıxarıb telefonunu əlindən almış və telefona baxan zaman həmin qadının nömrəsinin telefonda olduğunu görmüşlər. Bundan sonra həmin şəxslər onun mobil telefonunu və pul kisəsini götürmüşlər. Onlar pul kisəsinə baxanda orada olan qulaqcığını, qol saatını və 7 manat pulunu götürmüşlər. Sonra onun pul kisəsini qaytarmışlar, lakin onun içəri cibində 500 manat pul olduğunu görmədikləri üçün həmin pulu götürməmişlər. Sonra Şirin onu təpiklə vurmuş və o, yerdən daşı götürüb həmin şəxsləri vurmaq istəyəndə onların ikisi də hadisə yerindən uzaqlaşıb qaçmışlar. Proses iştirakçılarının suallarını cavablandıran Zərərçəkmiş şəxs ona təpiyi boydan balaca olan, adını sonradan bildiyi Şirinin vurduğunu, bıçağın Pərvinin əlində olduğunu və ona sumkanı yerə qoymasını bildirdiyini, o da, sumkanı yerə qoyduğunu, ona vurulmuş ziyanın tam ödənildiyini, şikayət və tələbinin olmadığını, nömrəni aparatdan götürən boyu balaca olanın, yəni Şirinin gördüyünü və bundan sonra bu barədə Pərvinə dediyini, özünün "Sədərək" ticarət mərkəzində araba sürdüyünü, həmin gün «Sədərək»də mal boşaltığı üçün evə gec getdiyini, təqsirləndirilən şəxslərin hər ikisi ilə barışdığını, onlara qarşı şikayəti və tələbi olmadığını məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğu üçün Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq edildi. O, həmin ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində işdən çıxıb evə getmək üçün «Koroğlu» metrosunun yaxınlığındakı avtobus mübadilə mərkəzinə gəlmişdir. Orada dayanan zaman bir ədəd spirtli içki olan “Go” adlı içki qəbul etmişdir. Bu zaman tanımadığı bir nəfər qızın ödəmə terminalında mobil nömrəyə kontur yükləməsini görmüşdür. Ona yaxınlaşıb ödəmə terminalına qeyd etdiyi mobil nömrəyə baxmış və öz telefonunda həmin nömrəni qeyd etmişdir. Həmin qızla tanış olmaq üçün ondan ödəmə terminalına yazdığı mobil nömrənin ona məxsus olub-olmamasını soruşmuşdur. Həmin qız onun sözlərindən narahat olan zaman yaxınlıqdakı 2 nəfər cavan oğlan ona yaxınlaşmış və qızı niyə narahat etdiyini soruşmuşdur. O, onlardan qorxub üzr istəyə biləcəyini desə də onlar söhbət etmək üçün onlarla kənara getməyi demişlər. O etiraz etsə də sonradan onlarla getmişdir. Həmin iki nəfər şəxs onu oradakı körpünün alt hissəsinə gətirmişlər. Orada həmin 2 nəfər şəxslərdən biri adının “Maqa” olmasını demiş və onlar telefonu onlara verməyini, əks halda onu döyəcəklərini bildirmişlər. O isə qoxusundan onların dediyini edib, telefonu nisbətən hündürboy olan “Maqa” adlı şəxsə vermişdir. Bu zaman onlar ona üzərində olan əl çantasını da yerə qoymağını demişlər. O, yenə razı olmasa da, «Maqa» yox, yanındakı şəxs cibindən bıçağı çıxarıb ona nümayiş etdirərək çantanı yerə qoymağı, telefonun da ekran şifrəsini deməyi, əks halda onu öldürəcəkləri ilə hədələmişlər. O, çantanı yerə qoyan zaman həmin əlində bıçaq olan şəxs çantasından 60 manat dəyərində naqilsiz qulaqcıq, 70 manat dəyərində elektron qol saatını çıxarmış və çantasını ona qaytarmışdır. Daha sonra üzərində nə qədər pul olmasını deyərkən, o, 7 manatın olmasını demişdir. «Maqa» yenə ona pulu verməyini dediyi üçün 7 manat pulunu Maqaya vermişdir. O, telefonunun şifrəsini demədiyi üçün onlar onu orada zorlayıb, başına sidik ifraz edəcəklərini demişlər. O isə, həqiqətən dediklərini edəcəklərindən qorxub, həmin vaxt alçaq boylu şəxsin üzərinə gedib onu tutub yerə yıxarkən, «Maqa» adlı şəxs onu təpikləməyə başlamışdır. Onlar ikilikdə onu döyərkən o, özünü müdafiə etmək üçün yerdən daş götürmək istəmiş, onlar isə aralanıb magistral yolu qaçaraq keçib getmişlər. Onların arxasınca getsə də, çata bilməmişdir. Daha sonra «Koroğlu» metrosunun yanına gedib tanımadığı bir nəfərdən telefon alaraq «102» Xidmətinə məlumat vermişdir. Onun mobil telefonunun üzərindəki nömrə 055 *** ** ** saylı, qiyməti isə 10 manat olmuşdur. Mobil telefonu «Honor X9» markalı, qiyməti 650 manat olmuşdur. Ona baş vermiş quldurluq hadisəsi nəticəsində 797 manat maddi ziyan dəymişdir (cild 1, iş vərəqi 20-22). Sualları cavablandıran Zərərçəkmiş şəxs dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, ifadənin öz sözləri ilə yazıldığını və həmin ifadəni təsdiq etdiyini bildirdi. Həmçinin, Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 13 sentyabr 2024-cü il tarixli 4 saylı Asan Xidmət mərkəzinin notariat ofisində təsdiq olunmuş ərizəsində, eləcə də 18 sentyabr 2024-cü il tarixli məhkəmə iclasında məhkəməyə təqdim etdiyi yazılı ərizəsində ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin və iddia tələbinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 29 aprel 2024-cü il tarixli və 30 aprel 2024cü il tarixli üzləşdirmə protokollarına əsasən, həmin istintaq hərəkətləri zamanı Zərərçəkmiş şəxs sərbəst ifadəsində göstərdiyi halları təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha deməklə onların qanunsuz əməllərini ifşa etmişlər (cild 1, iş vərəqi 108-111, 142-146). Cinayət işində olan 24 aprel 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə hadisə yerinə baxış keçirilmiş və bu barədə tərtib olunmuş protokola hadisə yerinin fotoşəkilləri əlavə edilmişdir. Baxış zamanı hadisənin baş verdiyi ərazinin Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektindəki Olimpiya Stadionunun yaxınlığında yerləşən körpünün alt hissəsi olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 11-13). İş materiallarına əlavə edilmiş 28 aprel 2024-cü il tarixli və 28 aprel 2024-cü il tarixli protokollardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqa verdiyi sərbəst ifadələri hadisə yerində yoxlanılmış, bu zaman təqsirləndirilən şəxslər ifadələrində qeyd olunanları hadisə yerində göstərməklə bir daha təsdiq etmişlər. Həmin istintaq hərəkətləri zamanı müvafiq fotoşəkillər çəkilərək protokollara əlavə edilmişdir (cild 1, iş vərəqi 54-57, 125-128). Götürmə aparılması haqqında 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 iş üçün sübut əhəmiyyəti olan 1 ədəd “Honor” markalı mobil telefon və 1 ədəd elektron saatı götürülmüşdür (cild 1, iş vərəqi 27). Cinayət işində olan videogörüntüyə baxış keçirilməsi haqqında 10 may 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN X2 Xidmətindən xx.xx.2024cü il tarixli 3-133\2-1075\2024 nömrəli müşaiyət məktubu ilə daxil olmuş bir ədəd diskə baxış keçirilmiş, diskdə 2 ədəd videogörüntü olması müəyyən edilmişdir. 1-ci videogörüntüdə tarix xx.xx.2024-cü il saat isə 23:47 dəqiqəni göstərən vaxt 2 nəfət arıq bədən quruluşlu, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bənzəyən şəxslərin magistral yolları qaçaraq keçməsi, onların arxasınca Zərərçəkmiş şəxs bənzəyən şəxsin qaçması müəyyən edilmişdir. 2-ci videogörüntüdə isə xx.xx.2024-cü il, saat isə 23:46 dəqiqənin sonlarını göstərən vaxt iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bənzəyən şəxslərin Zərərçəkmiş şəxs bənzəyən şəxsi döymələri, yerə yıxmaları və daha sonra onu kənara itələyib qaçaraq oradan uzaqlaşmaları müəyyən edilmişdir (cild 1, iş vərəqi 164). Məhkəmə-tibb ekspertizasının 25 aprel 2024-cü il tarixli 908 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol təpə və sol bud nahiyələrinin qançırları, sağ dirsək oynağı nahiyəsinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünəyetirilməsi inkar olunur (cild 1, iş vərəqi 176-177). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 iyun 2024-cü il tarixli 9/3551 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Haino Teko” markalı, SW RW-34 modelli elektron qol saatı və 1 ədəd Çin istehsalı “Honor” markalı ALİ-NX1 (X9b) modelli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2024-cü iin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 535,00 manat müəyyən edilir, o cümlədən 1 ədəd Çin istehsalı “Honor” markalı ALİ-NX1 (X9b) model mobil telefon 510,00 manat, 1 ədəd “Haino Teko” markalı, SW RW-34 modelli elektron qol saatı 25,00 manatdır (cild 1, iş vərəqi 178-181). Kompleks məhkəmə-psixiatrik və psxioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1353 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşakar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs2 xasiyyətin aksentuasiyası qeyd olunur. Aparılmış eksperimentalpsixoloji müayinə gedişində Təqsirləndirilən şəxs2 idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə, adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs2 xasiyyətin aksentuasiyası qeyd olunur. Təqsirləndirilən şəxs2 ictimai təhlükəli əməli törətdikdən sonra hər hansı psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs2 anlaqlılığı istisna etməyən psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, onda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs2 hazırda ifadə vermək qabiliyyətinə və ba verənləri düzgün qavrayıb təsvir edə bilmək imkanına malikdir (cild 1, iş vərəqi 182-185). İbtidai istintaq orqanının 22 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 götürülmüş, sonuncunun və əlbir olduğu tanışı Təqsirləndirilən şəxs2 quldurluq yolu ilə Zərərçəkmiş şəxs ələ keçirdikləri 1 ədəd “Haino Teko” markalı, SW RW-34 model elektron qol saatı, 1 ədəd Çin istehsalı, “Honor” markalı, ALİ-NX1 (X9b) modelli mobil telefon və Azərbaycan Respublikası DİN X2 Xidmətinin xx.xx.2024-cü il tarixli 3-133\2-1075\2024 nömrəli müşayiət məktubu ilə daxil olmuş bir ədəd disk maddi sübut kimi tanınmış, elektron qol saatı və mobil telefonun zərərçəkmiş Zərərçəkmiş şəxs geri qaytarılmış, 1 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 187-194). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamələrdən görünür ki, Baş idarənin əməliyyatsorğu kartotekasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumlunları barədə heç bir məlumat yoxdur (cild 1, iş vərəqi 159-160). Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün dəlillər gətirmədilər. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmədə həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 2006-ci il təvəllüdlü olmaqla hazırkı iş üzrə cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmuş, yalnız cinayət işinə məhkəmə baxışı zamanı o, yetkinlik yaşına çatmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs2 münasibətdə yetkinlik yaşına çatmayan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi və onlara cəza təyin olunmasına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-86-cı maddələrinin müddəaları nəzərə alınmalıdır. Həmin Məcəllənin 85.5-ci maddəsinin tələbinə görə, azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmamasını, 59.1.12-ci maddəsinə uyğun olaraq, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, məhkəmədə Təqsirləndirilən şəxs2 CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılması Təqsirləndirilən şəxs1 münasibətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır, ona münasibətdə CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərə münasibətdə CM-nin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halların olmaması təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 aprel 2024-cü il, Təqsirləndirilən şəxs2 isə təyin olunacaq cəzanın başlanğıcı 28 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən, adları çəkilən şəxslər həmin tarixlərdə Bakı şəhəri, Sabunçu RPİ, İstintaq şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuşlar. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldıqları bütün müddət onlara təyin olunacaq cəza müddətlərinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, həmin Məcəllənin 132.1.6-cı maddəsinəin tələbinə görə, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəalarına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Haino Teko” markalı, SW RW-34 modelli elektron qol saatının, 1 ədəd Çin istehsalı, “Honor” markalı, ALİ-NX1 (X9b) modelli mobil telefonun istintaq orqanı tərəfindən zərərçəkmiş xəsə qaytarılması nəzərə alınmalı, həmçinin Azərbaycan Respublikası DİN X2 Xidmətinin xx.xx.2024-cü il tarixli 3-133\2-1075\2024 nömrəli müşayiət məktubu ilə daxil olmuş bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 50 (əlli) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 25 (iyirmi beş) manat hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işində olan orderlərdən və hesabatlardan görünür ki, məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına Təqsirləndirilən şəxs1 hüquqlarını vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 hüquqlarını isə Müdafiəçi2 müdafiə etmiş, adları çəkilən vəkillərin hər biri bununla bağlı 25 saat vaxt sərf etmişlər. Odur ki, vəkillər Müdafiəçi1 və Müdafiəçi2 hər birinə 150 (yüz əlli) manat hesabı ilə cəmi 300 (üç yüz) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 aprel 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 aprel 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Haino Teko” markalı, SW RW-34 modelli elektron qol saatının, 1 ədəd Çin istehsalı, “Honor” markalı, ALİ-NX1 (X9b) modelli mobil telefonun istintaq orqanı tərəfindən zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikası DİN X2 Xidmətinin xx.xx.2024-cü il tarixli 3-133\2- 1075\2024 nömrəli müşayiət məktubu ilə daxil olmuş bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən: - 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 25 (iyirmi beş) manat hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş vəkillər Müdafiəçi1 və Müdafiəçi2 ödənilməli olan hər birinə 150 (yüz əlli) manat hesabı ilə cəmi 300 (üç yüz) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətləri verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-470/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-470/2025
08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver