Məhkəmə qərarları › İş №1(101)-473/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-473/2024

20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-473/2024 20.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat:11:40-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, X3 və X11 oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, onların nümayəndəsi “Müdafiəçi3 və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri "Faiq Nağıyev və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1968-ci il tarixdə Qazax rayonunda anandan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2017-ci ilin iyul ayının əvvəllərində ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə danışaraq İran İslam Respublikasının Tehran şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra onu özü ilə birlikdə 17 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarət-buraxılış məntəqəsindən keçirməklə İran İslam Respublikasının Tehran şəhərinə aparmış, qeyd olunan şəhərdə öncədən tutduğu hotelə yerləşdirməklə 17 iyul 2017-ci il tarixdən 30 iyul 2017-ci il tarixədək olan müddətdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən 2018-ci ilin yanvar ayının əvvəllərində ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə danışaraq 17 iyul 2017-ci il tarixdən 30 iyul 2017-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasının Tehran şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra onu özü ilə birlikdə 06 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarətburaxılış məntəqəsindən keçirməklə İran İslam Respublikasının Tehran şəhərinə aparmış, qeyd olunan şəhərdə öncədən tutduğu hotelə yerləşdirməklə 06 yanvar 2018-ci il tarixdən 01 fevral 2018-ci il tarixədək istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə 2018-ci ilin noyabr ayında ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə danışaraq 06 yanvar 2018-ci il tarixdən 01 fevral 2018-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasının Tehran şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra onu özü ilə birlikdə 01 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarət-buraxılış məntəqəsindən keçirməklə İran İslam Respublikasının Tehran şəhərinə aparmış, qeyd olunan şəhərdə öncədən tutduğu hotelə yerləşdirməklə 01 dekabr 2018-ci il tarixdən 28 dekabr 2018-ci il tarixədək istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən 2019-cu ilin yanvar ayında ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə danışaraq 01 dekabr 2018-ci il tarixdən 28 dekabr 2018-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasının Tehran şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra onu özü ilə birlikdə 20 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Astara nəzarətburaxılış məntəqəsindən keçirməklə İran İslam Respublikasının Tehran şəhərinə aparmış, qeyd olunan şəhərdə öncədən tutduğu hotelə yerləşdirməklə 20 yanvar 2019-cu il tarixdən 03 fevral 2019-cu il tarixədək istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən 2019-cu ilin mart ayında ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə danışaraq 20 yanvar 2019-cu il tarixdən 03 fevral 2019-cu il tarixədək olan müddət ərzində İran İslam Respublikasının Tehran şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra onu özü ilə birlikdə 28 mart 2019-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Hava Limanında yerləşən nəzarət- buraxılış məntəqəsindən keçirməklə Bəhreyn Krallığına aparmış, orada öncədən tutduğu hotelə yerləşdirməklə 28 mart 2019-cu il tarixdən 09 aprel 2019-cu il tarixədək istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi İstismar etməklə təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa o, təkrarən 17 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının, İstanbul şəhəri, Harbiye adlanan ərazisində istintaqa məlum olmayan ünvanda yaşayan Zərərçəkmiş şəxs2 ilə danışaraq Bəhreyn Krallığında ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra Türkiyə Respublikasının İstanbul şəhərindən Bəhreyn Krallığına getmiş, orada onu öncədən tutduğu otelə yerləşdirməklə 2019-cu ilin mart ayından 22 aprel 2019cu il tarixədək istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, X2 Dubay şəhərində yaşamışdır. 2009-cu ildə Dubay şəhərindən Türkiyə Respublikasına getmişdir. Türkiyə Respublikasının İstanbul şəhərinin, “Bosfor“ otelində məskunlaşmış və orada Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. O, bir aydan sonra Azərbaycana gəlmiş və buradan da X2 Dubay şəhərinə getmişdir. Bir ildən sonra yenidən İstanbula, həmin hotelə qayıtmışdır. O, yenidən Əfayəti və bacısını həmin hoteldə görmüşdür. Onlar Əfayətə öz aralarında “Aynur“ demiş, Əfayət onun pasport adı olmuşdur. O, Əfayəti ilk dəfə tanıyan zaman onlar bacısı ilə birlikdə kişilərlə pul qarşılığında cinsi əlaqədə olmuşlar. O, Əfayətin özü ilə dostlaşmış, həmçinin bacısı ilə tanış olmuş, 2010-cu ildən bir evdə yaşamışlar. Münasibətləri çox yaxşı olmuş, onlar bacı kimi yaxın olmuş, ailəvi münasibətləri olmuş, hər ikisi bir-birilərinin toylarında iştirak etmişlər. O, Əfayəti öz bacısından ayırmamış, həmçinin Əfayət də ona qarşı çox yaxşı münasibətdə olmuşdur. O, Dubaydan qayıdandan sonra İnsan X8 İdarəsi tərəfindən çağırılmış və Əfayətin onu şikayət etməsi barədə ona bildirmişlər. Halbuki, bu mümkün deyil, çünki onlar rəfiqə olmuşlar. O, Əfayətə heçnə etməmişdir. Onun telefonunda Əfayətlə yazışmaları mövcuddur, mesajlara baxılsa nə qədər mehriban olduqları görünəcəkdir. 2009-cu ildən o, Türkiyə Respublikasında yaşamağa başlamış və 2017-ci ildə Əfayətlə birlikdə hər ikisini Türkiyədən deport etmişlər. Onlar Azərbaycana qayıtdıqdan sonra o, 2017-ci ildə İran İslam Respublikasının, Tehran şəhərinə, Məleykə adlı tanışının yanına getmişdir. Məleykəni o, Dubaydan tanımış, əsl adı Mahirə olmuş, lakin onlar Məleykə demişlər. O, Məleykə ilə 2 ay birlikdə işləmiş, daha sonra Azərbaycana qayıtmışdır. İkinci dəfə yenidən İrana, Məleykənin yanına getmiş, yenidən Azərbaycana qayıtmışdır. O, üçüncü dəfə Məleykənin yanına getməyə hazırlaşdığı dövrdə Əfayət də onunla birlikdə İrana getmək istədiyini bildirmişdir. Həmin dövrdə həqiqətən Əfayətin vəziyyəti pis olmuş, maddi durumu yaxşı olmamışdır. O, cibində olan son 50-55 manat pulunu ona vermişdir ki, evinə yemək alsın. Əfayət ona İrana getmək istədiyini bildirəndə o, etiraz etməmiş, hətta Məleykənin mobil nömrəsini Əfayətə vermişdir ki, Məleykə ilə danışsın. Onlar danışıb razılaşdıqdan sonra birlikdə avtobus ilə İrana getmişlər. Tehrana çatdıqdan sonra Məleykənin sürücüsü gəlib onları Məleykənin evinə aparmış və onlar, yəni o və Əfayət 1 ay ərzində orada Məleykənin rəhbərliyi altında birlikdə işləmişlər. Məleykə ona bildirmişdir ki, “sən get başqa evdə qal, Aynur (yəni Əfayət) mənimlə qalacaq”. O, Əfayətdən etirazı olub-olmamasını soruşduqda onsuz da axşamlar bir yerdə olacaqlarını, onun üçün harada qalmağın əhəmiyyət kəsb etmədiyini bildirmişdir. Məleykə hər axşam Əfayət ilə birlikdə gələrək əvvəlcə onu qaldığı evdən götürürmüş, daha sonra onlar gecədən səhərə qədər işləmiş, səhər isə 4-5 radələrində Məleykə yenə onu gətirib evə qədər ötürürmüşdür. Onlar beləcə bir ay işləmiş, bir aydan sonra Əfayət ona Bakıya qayıtmaq istədiyini bildirmişdir. Mən demişdim ki, əgər getmək istəyirsə getsin. Əfayət Bakıya qayıtdıqdan təxminən 12-15 gün sonra Məleykə ona bildirmişdir ki, “rəfiqən yenə qayıdır, bu dəfə Sara ilə birlikdə“. O, buna əhəmiyyət verməmişdir. Əfayət ilə Sara birlikdə təxminən 15 gün işləmişlərlər. Daha sonra aralarında nə baş vermişsə, bir gün Əfayət ona zəng edərək yanına getməyini istəmişdir. O, qalxıb Əfayətin yanına, qaldığı hotelə getmişdir. Əfayət bildirmişdir ki, Sara ilə ayrılmışdır və onunla birlikdə qalmağı təklif etmişdir. O, Əfayətə dosta xəyanət edə bilməyəcəyini, Məleykə ilə bu vaxta qədər birlikdə işlədiyini və bundan sonra da onunla birlikdə işləyəcəyini bildirmişdir. Əfayət ona Məleykənin yanında işlədiyi dövrdə bütün müştərilərin nömrələrini əldə etdiyini, onunla birlikdə işləsə müştəri cəhətdən korluq çəkməyəcəyini bildirmişdir. O, Əfayətə yenidən Məleykəyə xəyanət etməyəcəyini bildirmişdir. Əfayət daha sonra Məleykənin sürücüsü Məmməd ilə sevgili olmuşdur. Məmməd uzun illər Məleykə ilə birlikdə işlədiyindən Məleykənin bütün müştərilərinin ev adreslərini və nömrələrini bilmiş, Əfayət də Məmmədin sayəsində Məleykənin müştərilərinin gecə evlərinə getmişdir. Əfayət daha sonra Pəriş adlı qadınla dostlaşmış və onla birlikdə yaşamağa, işləməyə başlamışlar. Pərişin əsl adı Pərvanə olmuş, Əfayət bir gün ona zəng edərək, Məmməd, Pəriş və Pərişin sevgilisi Rza adlı şəxslə birlikdə dördünün bir evdə yaşadıqlarını demiş, onların yanına getməyi təklif etmişdir. O, qalxıb Əfayətgilin qaldığı evə getmiş, bir az söhbətləşib, yemək yedikdən sonra kirayə yaşadığı evə qayıtmışdır. O, Əfayəti sonrakı dövrlərdə yenidən arabir görməyə davam etmişdir. O, növbəti görüşündə ona bildirmişdir ki, Məmmədin anası və bacısı ilə birlikdə yaşadığı şəxsi evinə köçmüş, artıq orada yaşayır. 2018-ci ildə onlar yenə Əfayət ilə birlikdə İrana gedərkən yol yoldaşı olmuşlar. O, sonuncu gedişində İranda devalvasiya baş vermiş və yerli pul dəyərdən düşmüşdür. O, artıq orada işləməyin sərf etməyəcəyi qənaətinə gələrək Azərbaycana qayıtmışdır. Daha sonra Əfayət də Azərbaycana qayıtmışdır. O, işləmək üçün növbəti dəfə Bəhreyn Krallığına getməyə qərar vermişdir. 2018-ci ildə tanışının vasitəsi ilə 2 dəfə Bəhreyn Krallığına getmiş, ilk dəfə 2 ay, ikinci dəfə 1 ay 13 gün qalmış, daha sonra Ramazan ayı səbəbilə geri qayıtmışdır. 2019cu ildə o, yenidən Bəhreynə getmək istəmiş, lakin viza problemi səbəbilə ilə gedə bilməmişdir. O, tanışının vasitəsi ilə viza problemini həll etmişdir. Artıq Bəhreynə getməyə az qalmış Əfayət ona maddi vəziyyətinin pisləşdiyini, onunla birlikdə Bəhreynə getmək istədiyini bildirmişdir. O, əvvəlcə razı olmasa da, daha sonra rəfiqəsi olduğu üçün razılaşmış və ona viza düzəltməyində də köməklik göstərmişdir. Onlar Bəhreynə getməyə hazırlaşdıqları dövrdə Əfayət ona Şəlalə adlı tanışının olduğunu, Şəlalənin 5 aydır Türkiyə Respublikasında yaşadığını və hazırda maddi vəziyyətinin pis olduğunu, onun da onlarla birlikdə Bəhreynə getməsinə razılıq verməyini ondan xahiş etmişdir. O, etiraz etməyərək, Şəlaləyə də viza düzəltməyə köməklik etmişdir. Onlar Şəlaləni aeroportda qarşılamış, hər üçü birlikdə eyni hoteldə qalmışlar. O, həmin dövrdə nə Şəlalənin, nə də Əfayətin 1 manatını belə görməmiş, onlar qazandıqları pulları gətirib ona vermirmişlər. Əfayət 10 gündən sonra işləyə bilmədiyindən Azərbaycana geri qayıtmışdır. Bir qədər sonra o da Şəlalə ilə birlikdə Azərbaycana geri qayıtmışdır. O, Şəlalə ilə birlikdə Bəhreyndə təxminən 1 ay birlikdə yaşamışdır. O, 3 ay sonra yenidən X2 Dubay şəhərinə getmişdir. O, qadın alveri ilə məşğul olmamış, həmçinin, 2019-cu ildən 2023-cü ilə qədər olan dövr ərzində o, Əfayət ilə əlaqədə olmuş və aralarında heç bir problem yaşamamışdır. Hələ də Əfayətin onu İnsan X8 İdarəsinə nə səbəbə şikayət etdiyini başa düşə bilmir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, hadisələrin üzərindən kifayət qədər çox vaxt keçdiyi üçün dəqiq tarixi və vaxtı xatırlamır. Bakı şəhəri, Nəsimi rayonu, “28 May“ adlanan ərazidə, restoranda əyləşmiş, burada Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Sevda ona istiqanlı və mehriban qız olduğunu bildirərək, masaya əyləşmişdir. Daha sonra onun mobil nömrəsini almış və sağollaşmışdır. Sevda bir müddət sonra ona “whatsapp“ sosial şəbəkə platforması vasitəsilə yazaraq onunla söhbətləşməyə başlamışdır. Bundan sonra onlar tez-tez əlaqə saxlamağa başlamış və bununla da yaxın rəfiqə münasibəti yaranmışdır. O, artıq Sevda ilə dərdləşir, problemlərindən Sevdaya danışıb sirrini paylaşırmışdır. O, həyat yoldaşından ayrıldıqdan sonra maddi vəziyyətində çətinliklər yaranmış və məcbur qalıb övladlarını böyütmək üçün işləmişdir. Ümumilikdə evlərə təmizliyə getmiş, bir müddət isə kafelərdə işləmişdir. Həmin müddət ərzində Bakı şəhərində Ali adlı türk vətəndaşı ilə tanış olmuşdur. Daha sonralar Ali ilə aralarında yaxın münasibət yaranmış, lakin Ali Türkiyə Respublikasında yaşadığından Alini nadir hallarda yalnız Azərbaycana gəldikdə görmüşdür. Ali bir gün ondan Türkiyə Respublikasına getməsini istəmiş və o, bir qədər düşünüb razılaşdıqdan sonra Türkiyə Respublikasına getmişdir. O, bir müddət orada qaldıqdan sonra Ali ilə aralarında bəzi problemlər yaşanmış və ayrılmaq məcburiyyətində qalmışdır. O, Türkiyədə olan zaman Alinin dostu Mesutla tanış olmuş, Mesuta maddi çətinliklərindən söz açmış, bu zaman Mesut ona ehtiyacı olarsa orada sahibi olduğu restoranların birində onu xadimə kimi işə düzəldə biləcəyini demiş və qazancını Azərbaycana, azyaşlı övladları olduğundan onlara göndərə biləcəyini bildirmişdir. Mesut onu restoranların birində bir müddət xadimə kimi işə düzəltmiş, orada olduğu müddətdə eyni zamanda Sevda xanım ilə “whatsapp” sosial şəbəkə platforması vasitəsilə əlaqə saxlamış və söhbət etmişlər. Söhbət əsnasında X1 bildirmiş, ona oraya gəlməyini, orada yaxşı qazanc olduğunu və onu Bəhreyndə yüksək məvacibli işə düzəldəcəyini bildirmişdir. O, Sevdaya ora gəlmək üçün maddi imkanının olmamasını dedikdə Sevda ona bu barədə ürəyini sıxmamasını, bütün xərcləri özünün qarşılayacağını bildirmiş, daha sonra o, viza düzəltməsi üçün pasportunun şəklini də Sevdaya göndərmişdir. Bəhreynə çatandan sonra Sevda onu bir hotelə yerləşdirmişdir. O, artıq burada vəziyyətin o təsəvvür etdiyindən fərqli cərəyan etdiyini anlamışdır. Həmin hoteldə çoxlu qızlar olmuş, otağa çoxlu zənglər gəlmiş və Sevda həm onları, həm də onu fahişəliklə məşğul olmağa məcbur etmişdir. O, bir neçə gün sonra Sevdaya işləmək istəmədiyini və qayıtmaq istədiyini bildirəndə Sevda etiraz edərək onu oraya gətirmək üçün çoxlu xərc çəkdiyini bildirmişdir. Onun pasportu Sevdada olmuş və o, israrla pasportunu qaytarmamışdır. Əfayəti də həmin hoteldə olduğu müddətdə tanımış, onlar daha sonra Sevda ilə birlikdə Azərbaycana qayıtmışlar. O, təxminən 1 həftə - 10 gün ərzində Sevdanın evində qalmış, Bəhreyndə olduğu müddətdə Sevda onu zorla kişilərlə görüşdürmüş və müştərilərdən pulu özü almışdır. O, qayıtdıqdan sonra həmin pulları Sevdadan istəmiş, Sevda hər dəfə pulu verəcəyini desə də, onu aldatmışdır. Sevda yalnız ona 400 ABŞ dolları pul vermiş, ümumilikdə isə onun ona 4000- 5000 ABŞ dolları borcu qalmışdır. 4000-5000 ABŞ dolları dedikdə Sevdanın onu zorla yad kişilərlə görüşdürmək qarşılığında əldə olunan qazancı nəzərdə tutur. Orada, yəni Bəhreyndə qalmaq üçün bütün ehtiyaclarını Sevda öz cibindən qarşılamışdır. Sevda ona bildirmişdir ki, orada qadınlara aid olan müxtəlif ev işlərini görəcəklərini, hətta oraya Rusiya Federasiyası və Çin Xalq Respublikasından da qızlar işləməyə gəldiklərini bildirmişdir. Sevda ona Bəhreynə çatanda aeroportda “ver pasportun məndə qalsın, burada birdən digər qızlarla tərs düşər, yaxud itər“ deyərək pasportunu götürmüşdür. O, pasportunu çamadanına qoymaq istəsə də, Sevda razılaşmamışdır. Şikayətinin səbəbi zərər çəkməsi olmuş, belə ki, Sevda onu aldadaraq Bəhreynə aparmış və onu pulsuz işlətmişdir. O, Türkiyəyə ara-sıra gedib gəmiş, Bəhreynə getməmişdən qabaq son gedişində İstanbulda 1 həftə qalmışdır. Sevda onu gündə 3, bəzən 4 kişi ilə görüşdürürmüşdür. Sevdanın onun bədəninə görə həmin kişilərdən nə qədər pul aldığını bilmirmiş, ümumiyyətlə Bəhreynin milli pulları barədə məlumatı olmamışdır. Əfayət onlardan təxminən 1 həftə qabaq Azərbaycana qayıtmışdır. Əfayətə ona kömək etməsi barədə heçnə deməmiş, ümumiyyətlə Əfayət ilə elə də yaxın münasibəti olmamışdır. Sevda müştərilərlə danışmış, sövdələşmədən sonra Sevda getmişdir. Bir dəfə Sevdanın onu görüşdürdüyü kişilərdən birindən kömək istəmişdir. Həmin şəxs ona bildirmişdir ki, Bəhreyn qanunları fərqlidir, şikayət etsə özünü də məsuliyyətə cəlb edə bilərlər. Ona görə səsini çıxara bilməmişdir. Hoteldən çölə çıxmaq onlara qadağan olmuş, hoteldən çölə çıxmamışdır. Telefonu vasitəsilə “whatsapp” sosial şəbəkə platformasına, internetə çıxışı olmuş, müştərilərlə Sevda danışmış, Sevda ərəb dilini bilmişdir. Bacısına başına gələnlər barədə məlumat vermiş, lakin, bacısı xəstə olmuş və nəyəsə gücü çatmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və ya tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2017-ci ildə maddi sıxıntılar yaşaması səbəbindən Sevda ilə birlikdə İran İslam Respublikasına getməyə qərar vermişdir. O, daha əvvəl İran İslam Respublikasında olmamışdır. O, Sevdaya harada işləyəcəyi barədə suallar verdikdə Sevda ona burada nəzarəti altında dəvət etdiyi kişilərə intim xidmətlər göstərəcəyini demişdir. O, Sevdanın vasitəsilə orada Məleykə adlı qadınla tanış olmuşdur. Onun fahişəlik qarşılığında kişilərdən əldə etdiyi pulları Məleykə və Sevda öz aralarında yarı-yarı bölmüş, ona da həmin pullardan az bir qismini vermişlər. Daha sonra 2019-cu ildə Sevda ilə birlikdə Bəhreyn Krallığına getmişlər. Onlar Bəhreyndə hoteldə məskunlaşmış və o, əvvəlki kimi, Sevdanın nəzarəti altında pul qarşılığında cinsi əlaqədə olmaq üçün kişi müştərilərlə görüşməyə başlamışdır. O, kişilərə göstərdiyi intim xidmətlərin əvəzində qazandığı pulları Sevda ilə yarıbayarı bölmüşdür. İran İslam Respublikasında dəfələrlə olmuş, orada ən uzun olduğu müddət 2 ay olmuşdur. İrana həmişə eyni məqsədlə, fahişəliklə məşğul olmağa getmişdir. Ona ilk dəfə İrana gedərkən hansı işlə məşğul olacağı, fahişəlik və yaxud başqa bir işdə işləyəcəyi deyilməmişdir. Onun orada nə iş görəcəyi ona qeyrimüəyyən olmuşdur. Görüş qarşılığında nə qədər pul alındığını onlara deməmiş, pulu Sevda və Məleykə almış, daha sonra bir hissəsini ona vermişlər. Amma onun nə qədər pul verildiyindən məlumatı olmuş, onun pasportu özündə olmuşdur. O, 5 gün qaldıqdan sonra Azərbaycana qayıtmaq istəmiş, lakin Sevda ona “məni biabır etmə, hara gedirsən?, qal, işlə, pulunu qazan“ sözlərini demişdir. Sevda onun ailə üzvlərini, uşaqlarını tanıdığı üçün ona hədə-qorxu gələ biləcəyini düşünmüşdür. Bəhreyndə həyat şərtləri çətin olduğu üçün o, qayıtmaq istəmiş, qayıtmamasına səbəb Məleykəyə borclu qalmağı olmuşdur. İşləyib, Məleykənin borcunu ödəmişdir. O, Sevdanı tanımamışdan əvvəl nə İranda, nə də Dubayda olmamış, amma Türkiyədə olmuşdur. Onun Sevda ilə münasibətləri normal olmuş, çox yaxın olmasalar da səmimi münasibətdə olmuşlar. Sevda bir dəfə onun qardaşının qızının toyunda iştirak etmişdir. 2021-ci ildə Təqsirləndirilən şəxs İnsan X8 İdarəsinə şikayət etmişdir. Şikayət ərizəsində Şəlalənin də bu hadisədə zərərçəkmiş şəxs olduğunu qeyd etmişdir. Onun maddi vəziyyəti pis olduğundan uşaqlarına baxmaq üçün fahişəliklə məşğul olmuşdur. 2019-cu ildən sonra da Sevda ilə əlaqələri olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun arvadıdır. 2002-ci ildən Təqsirləndirilən şəxs ilə evlidir. Zərərçəkmiş şəxs1 isə 2008-ci ildən arvadı Sevdanın rəfiqəsi kimi tanımışdır. Arvadı Təqsirləndirilən şəxs Əfayəti cinsi istismar etməsinə, hər hansı əxlaqsız əməllərə məcbur etməsinə şahid olmamışdır. Arvadı Təqsirləndirilən şəxs xarici ölkədə işləməsini bilsə də, onun nə iş görməsi ona məlum olmamışdır. O, Sevdanın Əfayəti məcburi şəkildə özü ilə xarici ölkələrə aparmasına şahidlik etməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha demişdir. (iş vərəqə: 110-116) İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha demişdir. (iş vərəqə: 102-109) İş materiallarında olan Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərə baxış keçirilməsinə dair xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 P ******* nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx.xx.2014-cü il tarixdə saat 19:28-də “Şıxlı” sərhəd buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2017-ci il tarixdə saat 21:25-də AA ******* nömrəli qayıdış şəhadətnaməsindən istifadə etməklə “Sədərək” sərhəd buraxılış məntəqəsindən geri qayıtmışdır. C 00607158 nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx.xx.2017-ci il tarixdə saat 11:28-də “Biləsuvar” sərhəd buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini İran İslam Respublikası istiqamətində tərk etmiş, xx.xx.2017-ci il tarixdə saat 12:33-də həmin sənəddən istifadə etməklə “Biləsuvar” sərhəd buraxılış məntəqəsindən geri qayıtmışdır. Həmin pasportdan istifadə etməklə xx.xx.2017-ci il tarixdə saat 06:24-də “Biləsuvar” sərhəd buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini İran İslam Respublikası istiqamətində tərk etmiş, xx.xx.2017-ci il tarixdə saat 09:47-də həmin sənəddən istifadə etməklə “Biləsuvar” sərhəd buraxılış məntəqəsindən respublikaya daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2018-ci il tarixdə saat 12:47-də “Biləsuvar” sərhəd buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini İran İslam Respublikası istiqamətində tərk etmiş, xx.xx.2018-ci il tarixdə saat 17:59-da həmin sənəddən istifadə etməklə Bakı Hava Limanından respublikaya daxil olmuşdur, həmin pasportdan istifadə etməklə xx.xx.2018-ci il tarixdə saat 12:38-də “Biləsuvar" sərhəd buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini İran İslam Respublikası istiqamətində tərk etmiş, xx.xx.2018-ci il tarixdə saat 10:32-də həmin sənəddən istifadə etməklə “Astara” sərhəd buraxılış məntəqəsindən respublikaya daxil olmuşdur, həmin pasportdan istifadə etməklə xx.xx.2018-ci il tarixdə saat 12:21-də “Astara" sərhəd buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini İran islam Respublikası istiqamətində tərk etmiş, xx.xx.2018-ci il tarixdə saat 04:23-də həmin sənəddən istifadə etməklə “Astara” sərhəd buraxılış məntəqəsindən geri qayıtmışdır. Həmin pasportdan istifadə etməklə 20.01,2019-cu il tarixdə saat 14:51-də “Astara” sərhəd buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini İran İslam Respublikası istiqamətində tərk etmiş, xx.xx.2019-cu il tarixdə saat 07:24-də həmin sənəddən istifadə etməklə ‘Astara” sərhəd buraxılış məntəqəsindən geri qayıtmışdır. Həmin pasportdan istifadə etməklə xx.xx.2019-cu il tarixdə saat 13:29-da Bakı Hava Limanından keçməklə Azərbaycan Respublikasının ərazisini Bəhreyn Krallığı istiqamətində tərk etmiş, xx.xx.2019-cu il tarixdə saat 05:11-də həmin sənəddən istifadə etməklə Bakı Hava Limanından ölkəyə geri qayıtmışdır. Təqsirləndirilən şəxs P ******* nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə 27.01,2004-cü il tarixdə saat 18:02-də “Astara” sərhəd buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini İran İslam Respublikası istiqamətində tərk etmiş, xx.xx.2004-cü il tarixdə saat 05:45-də həmin sənəddən istifadə etməklə Bakı Hava Limanından geri qayıtmışdır. P ******* nömrəli pasportdan istifadə etməklə xx.xx.2015-ci il tarixdə saat 04:37-də Bakı Hava Limanından keçməklə Azərbaycan Respublikasının ərazisini Rusiya Federasiyası istiqamətində tərk etmiş, xx.xx.2017-ci il tarixdə saat 21:21də AA ******* nömrəli qayıdış şəhadətnaməsindən istifadə etməklə “Sədərək” sərhəd buraxılış məntəqəsindən geri qayıtmışdır. C 01570001 nömrəli pasportdan istifadə etməklə xx.xx.2017-ci il tarixdə saat 11:28-də “Biləsuvar” sərhəd buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini İran İslam Respublikası istiqamətində tərk etmiş, xx.xx.2017-ci il tarixdə saat 12:32- də həmin sənəddən istifadə etməklə “Biləsuvar” sərhəd buraxılış məntəqəsindən geri qayıtmışdır. Həmin pasportdan istifadə etməklə xx.xx.2017-ci il tarixdə saat 09:49-da “Biləsuvar” sərhəd buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini İran İslam Respublikası istiqamətində tərk etmiş, xx.xx.2017-ci il tarixdə saat 04:12-də həmin sənəddən istifadə etməklə Bakı Hava Limanından geri qayıtmışdır. Həmin pasportdan istifadə etməklə xx.xx.2018-ci il tarixdə saat 12:45-də “Biləsuvar” sərhəd buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini İran İslam Respublikası istiqamətində tərk etmiş, xx.xx.2018-ci il tarixdə saat 03:30-da həmin sənəddən istifadə etməklə X7 Aeroportundan geri qayıtmışdır. Həmin pasportdan istifadə etməklə xx.xx.2018-ci il tarixdə saat 12:40-da “Biləsuvar” sərhəd buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini İran İslam Respublikası istiqamətində tərk etmiş, xx.xx.2018-ci il tarixdə saat 12:23-də həmin sənəddən istifadə etməklə “Astara” sərhəd buraxılış məntəqəsindən geri qayıtmışdır. Həmin pasportdan istifadə etməklə xx.xx.2018-ci il tarixdə saat 12:23-də “Astara” sərhəd buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini İran İslam Respublikası istiqamətində tərk etmiş, xx.xx.2018-ci il tarixdə saat 04:22-də həmin sənəddən istifadə etməklə “Astara” sərhəd buraxılış məntəqəsindən geri qayıtmışdır. Həmin pasportdan istifadə etməklə xx.xx.2019-cu il tarixdə saat 14:51-də “Astara” sərhəd buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini İran İslam Respublikası istiqamətində tərk etmiş, xx.xx.2019-cu il tarixdə saat 07:23-də həmin sənəddən istifadə etməklə “Astara” sərhəd buraxılış məntəqəsindən geri qayıtmışdır. xx.xx.2019-cu il tarixdə saat 12:42-da Bakı Hava Limanından keçməklə Azərbaycan Respublikasının ərazisini Bəhreyn Krallığı istiqamətində tərk etmiş, xx.xx.2019-cu il tarixdə saat 10:42-də həmin sənəddən istifadə etməklə Bakı Hava Limanından geri qayıtmışdır. Zərərçəkmiş şəxs2 C 00836367 nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx.xx.2018-ci il tarixdə saat 17:22-də “Şıxlı” sərhəd buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2019-cu il tarixdə saat 10:42-də həmin sənəddən istifadə etməklə Bakı Hava Limanından geri qayıtmışdır. (iş vərəqə: 120-122) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, zərərçəkmiş şəxsləri aldatma yolu ilə cinsi istismar etməməsi, insan alveri cinayətini törətməməsi barədə ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşımaqla, məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir və Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərə baxış keçirilməsinə dair xx.xx.2023-cü il tarixli protokol, xx.xx.2023-cü il tarixli üzləşdirmədə dindirmə protokolları, zərərçəkmiş şəxslərin həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışında verdikləri ifadələr, eləcə də digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə tərkibi həmçinin, müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X4 ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, qeyd edilən şahidin ifadəsi iş üzrə əhəmiyyət kəsb edən hər hansı halı müəyyən etməməklə, yalnız, yaxın qohumu (arvadı) olan təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyan ümumi, əsası olmayan sözlərdən ibarətdir və həmin ifadə hər hansı faktı müəyyən edən sübut əhəmiyyəti daşımır. Eyni zamanda, məhkəmə tərkibi müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi zərərçəkmiş şəxslərlə təqsirləndirilən şəxsin yaxın münasibətlərdə olmasını əks etdirən səs yazılarına, fotoşəkillərə münasibət bildirərək, hesab edir ki, qeyd edilən materiallar, yəni, zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs ilə yaxın münasibətlərdə olmaları cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlalət edə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində də öz əksini tapmışdır ki, insan alverindən zərərçəkmiş şəxsin istismar olunmasına dair razılığı, həyat tərzi, habelə əxlaqsız davranışı insan alverində təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz. Eləcə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1-ci maddəsinin dispozisiyasından da göründüyü kimi, insan alveri cinayəti yalnız zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama ilə deyil, həmçinin, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən suiistifadə etməklə törədilən cinayətdir. İnsan alveri cinayətinin obyektiv cəhəti şəxsin alqı-satqısı və ya ona sahibliklə əlaqədar digər əqdlərin bağlanması, yaxud onun istismar edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, eyni məqsədlərlə şəxsin əldə edilməsi, eyni məqsədlərlə şəxsin saxlanılması, eyni məqsədlərlə şəxsin gizlədilməsi, eyni məqsədlərlə şəxsin daşınması, eyni məqsədlərlə şəxsin verilməsi və ya qəbul edilməsi kimi alternativ əməlləri nəzərdə tutur. Şəxsin alqı-satqısı və ya ona sahibliklə əlaqədar digər əqdlərin bağlanması, yaxud onun istismar edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb edilməsi dedikdə, şəxsin müxtəlif üsullarla - siyahıya alınmaqla, hər hansı toplantı yerinə çağırılmaqla və s. Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb edilməsi başa düşülür. Şəxsin alqı-satqısı və ya ona sahibliklə əlaqədar digər əqdlərin bağlanması, yaxud onun istismar edilməsi məqsədilə digər şəxslərə verilməsi üçün cəlb edilməsi dedikdə, şəxsin insan alverində tərəf kimi çıxış edən hər hansı şəxsə, yaxud vasitəçi və ya istənilən digər şəxsə verilməsini təmin edəcək hazırlıq hərəkətləri başa düşülməlidir. Həmin hərəkətlərə insan alveri cinayətindən zərərçəkmiş şəxslərin siyahıya alınması, bir yerə toplanması və s. aiddir. Belə hərəkətlər istənilən üsulla: aldatmaqla, yalan (doğru) vəd verməklə, hədə-qorxu gəlməklə və s. həyata keçirilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1-ci maddəsində nəzərdə tutulan cinayət formal tərkiblidir. Cinayət maddənin dispozisiyasında sadalanan əməllərin törədildiyi andan başa çatmış hesab edilir. Şərh olunan maddənin dispozisiyasında sadalanan əməllərin nəticəsi olaraq insan alveri cinayətindən zərərçəkmiş şəxsin fahişəliklə məşğul olub-olmamasının, cinsi istismara, yaxud işgəncəyə və digər qeyriinsani rəftara məruz qalıb-qalmamasının, cinayətkar fəaliyyətə cəlb edilib-edilməməsinin, köləliyə yönəldilib-yönəldilməməsinin təqsirkarın əməlinin CM-in 144-1-ci maddəsi ilə tövsif edilməsinə təsiri yoxdur. Qeyd olunan cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Təqsirkar insan alveri cinayətindən zərərçəkmiş şəxs barəsində CM-in 144-1-ci maddəsində göstərilən əməllərin törədilməsinin ictimai təhlükəli olduğunu dərk edir və belə əməlləri törətməyi arzu edir. Cinayətin motivləri müxtəlif ola bilər: tamah, intiqam, öz şəxsiyyətini başqa şəxslərin fövqündə qoymaqla «ağalıq» etmək hissləri və s. Motiv şərh olunan cinayət tərkibinin zəruri əlaməti olmadığına görə cinayətin hər hansı motivlə törədilməsi əməlin bu maddə ilə tövsifinə mane olmur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidi 500 misli 550 manat cərimə cəzasına məhkum edilmişdir. (iş vərəqə 88-89) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı şikayətləri, tələbləri yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət, tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. AR CM-in 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 8-ci bəndindən görünür ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Göründüyü ki, Təqsirləndirilən şəxs AR CM-in 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətsə də, cinayətin törədilməsindən sonra onun davranışı ilə bağlı müstəsna hal ondan ibarət olmuşdur ki, o, zərərçəkmiş şəxslərlə barışmışdır və zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayət, tələbləri yoxdur. Beləliklə Məhkəmə tərkibi, yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsini, törədilmiş cinayətin xarakteri və ictimaitəhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışmasını, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilərək, ona AR CM-in 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az azadlıqdan məhrum etmə cəzası təyin edilməsi məqsədəmüvafiqdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(005)-803/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 26 may 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 163-169) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 may 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144- 1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar