Məhkəmə qərarları › İş №1(101)-476/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-476/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-476/2024 20.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçisi: “Universal” vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1981-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi 20ci sahədə nömrəsiz evdə yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə, Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 5,450 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib satış məqsədi olmadan üzərində saxlamaqla qanunsuz olaraq daşımış, 16 mart 2023-cü ildə, təxminən saat 02:50 radədələrində Səbail RPİ-nin 39-cu PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayon Bayıl qəsəbəsi Ü.Hacıbəyov küçəsi 40 nömrəli evin qarşısında saxlanılaraq polis bölməsinə dəvət edilmiş, üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı satış məqsədi olmadan əldə edib üzərində gəzdirməklə daşıyıb saxladığı həmin külli miqdarda 5,450 qram narkotik vasitə olan heroin əynindəki qara rəngli dəri ködəkçənin sağ yan cibindən bir ədəd sarı rəngli karton qutunun içərisində aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o narkotiki götürməyə gedən zaman Səbail rayonunda polislər onu tutmuşlar. Üzərinə yoxlanış keçirmişlər. Daha sonra onu polis bölməsinə aparmışlar. Polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmışdır. O polis bölməsində üzərində 2 qram heroin olduğunu demiş, ancaq bölmədə həmin narkotiki ölçməmişlər. Narkotik vasitəni hər dəfə tanımadğı adamlardan 50-100 manata almışdır. Üzərində 300 manat olmuşdur. Pulu həmin şəxsə kart vasitəsi ilə atmışdır. Narkotik vasitə siqaret qutusunda olmuşdur. Çəkiliş zamanı qutunu açmamışlar. Müdafiəçi çəkilişdə iştirak etmişdir. Təxmini 3-4 ildir ki narkotik istifadəçisidir. Onda 5 qram yox, 2 qram olmuşdur. Narkotik aldığı adamı tanıyırmış. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxsi əməliyyat tədbiri zamanı tanımışdır. Mart ayında gecə saatlarında şəxs saxlayıb, 39-cu Polis Bölməsinə dəvət etmişlər. Bölmədə vəkilin və təhqiqatçının iştirakı ilə üzərində axtarış aparılmışdır. Axtarış zamanı sağ cibindən 1 büküm narkotik vasitə aşkar edilərək götürülmüşdür. Narkotik vasitənin ona məxsus olmasını özü etiraf etmişdir. Əməliyyat məlumatı narkotik vasitənin daşınması ilə bağlı olmuşdur. Şəxsin şəxsiyyətini onun zahiri görünüşü ilə ayırd etmişlər. Şəxsə qarşı heç bur fiziki və ya psixi təzyiq olmamışdır. Üzərində şəxsi axtarış keçirilməsində o da iştirak etmişdir. Çəkiliş zamanı vəkil, digər polis əməkdaşı və təhqiqatçı otaqda olmuşdur. Üzərindən aşkar edilərək götürülən 1 büküm narkotik olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən onlara qarşı hər hansı müqavimət göstərməmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs onun üzərində ittiham aktında qeyd olunan miqdarda narkotik vasitənin olmamasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin bir-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 16 mart 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 39-cu PB-nin təhqiqatçısı, polis leytenantı X5 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 16 mart 2023-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, o, etiraz etmədiyini bildirdikdən sonra, onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra X3 əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd ağ rəngli kağızın içərisində qoyulan sarı rəngli karton qutunu və qara rəngli cins şalvarının arxa sağ cibindən özünə məxsus “Samsung” markalı mobil telefonu təqdim edərək bükümdə narkotik maddə heroin olduğunu, bu narkotik vasitəni İran İslam Respublikası vətəndaşından zaklatka yolu ilə öz şəxsi istifadəsi üçün 300 (üç yüz) manat nəğd pul ödəyərək almış, daha sonra istifadə etmək üçün üzərində saxlayaraq gəzdirmişdir. X2 təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin «Zərflər üçün» 49 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilmədi. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 6/1611 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində: “...M.T.Samid imza...” sözləri və imzalar qeyd edilmiş kağıza paketdə 01 ədəd bükümdə təmiz çəkisi-5,450 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş heroin 01 ədəd bükümdə olduğuna görə müqayisəli tədqiqatın aparılması mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasınının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr-in siyahısına“ (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi-5,450 qram, tədqiqata sərf edildi-0,10 qram, qalıq-5,350 qram (ekspertiza tədqiqatın dəyəri 55 (əlli beş manat)) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(009)-198/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 3647 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomanıya xəstəlıyı) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi hallarını nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 16 mart 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 55 (əlli beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və DİN–in Bakı şəhəri Səbail rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,350 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin videoçəkilişini özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 55 (əlli beş) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 16 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 55 (əlli beş) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN–in Bakı şəhəri Səbail rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,350 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin videoçəkilişini özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar