Məhkəmə qərarları › İş №1(101)-477/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-477/2021

23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-477/2021 23.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim - Mikayılov Eldar Əli oğlunun sədrliyi ilə, Hakimlər-Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi- X4, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyası “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.İbrahimov küçəsi ev 10-da qeydiyyatda olmaqla yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Q.Sadıq və N.Abdullayev küçələrinin kəsişməsində tanışı Zərərçəkmiş şəxs borc aldığı 40 manat nağd pul vəsaitini qaytarmadığı üçün sonuncunun tələbinə əsasən görüşən zaman Zərərçəkmiş şəxs onunla kobud danışaraq mübahisə etməsi səbəbindən əynində olan cins şalvarının yan cibindən məişət təyinatlı qatlanan tipli cib bıçağını çıxarıb açaraq sol əlində tutduğu həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs sağ böyür nahiyəsindən bir dəfə vuraraq ona insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid diafraqma və qaraciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin və qarnın müştərək boşluğuna keçən deşilmiş-kəsilmiş yarası kimi xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşamaqla, heç bir yerdə işləməmişdir. Zərərçəkmiş şəxs ilə uşaqlıqdan eyni qəsəbədə böyüyüb dostluq etmiş, münasibətləri daima yaxşı olmuşdur. Hətta bir neçə dəfə lazım olanda Eltun ona borc pul vermiş, o da sonradan Eltuna borcunu hissə-hissə qaytarmışdır. xx xxxxxx 2020-ci il tarixdə o, yenə də Eltuna müraciət edib borca 40 manat pul istəmiş və səhərisi gün qaytaracağına söz vermişdir. Eltun onun xahişini yerə salmayıb 40 manat pul vermişdir, lakin aradan 5-6 gün keçməsinə baxmayaraq Eltunun pulunu qaytara bilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 03:30 radələrində Eltun ona zəng edib pulunu tələb edərək Keşlə qəsəbəsi Q.Sadıq küçəsində görüşməyi təklif etmişdir. O da Eltunla razılaşaraq bir neçə dəqiqə sonra Keşlə qəsəbəsi, Q.Sadıq və N.Abdullayev küçələrinin kəsişməsində yerləşən metal zavodunun yaxınlığında görüşmüşlər. Onlar hal əhval tutub söhbət etməyə başlamış və söhbət zamanı Eltun özü də işləmədiyi üçün ona verdiyi 40 manat borcu qaytarmasını istəmişdir. O, özündə olan 5 manat pulu Eltuna verib qalan hissəsini səhərisi gün verəcəyini demişdir. Bu zaman gözləmədiyi halda Eltun əsəbi formada onun verdiyi 05 manat pulu üzərinə ataraq, onunla mübahisə etməyə başlamışdır. O, zarafata salaraq Eltunu sakitləşdirməyə çalışsa da, Eltunun sakitləşməməsi və etdiyi hərəkətlər ona pis təsir edib özündən çıxarmışdır. Artıq mübahisənin gedişində onlar bir-birlərinin yaxalarından tutub dartışmış və bu zaman Eltun ona qarşı nalayiq ifadələr də işlətmişdir. Elə dartışa-dartışa o, əynindəki olan cins şalvarın yan cibində olan qatlanan bıçağı çıxarıb açaraq solaxay olduğu üçün sol əlində tutmuş və Eltunu qorxutmaq üçün sonuncuya tərəf tutmuşdur. Lakin Eltun buna əhəmiyyət verməyib yenə də onun üstünə hücum etiş, onlar yenidən yaxalaşdıqları zaman isə o, Eltuna bir dəfə bıçaqla zərbə vurmuş, həmin zərbə Eltunun sağ böyrünün kəmər üstü nahiyəsinə dəymiş, onlar elə yaxalaşmağa davam etmişlər. Bu zaman yaxınlıqdan keçən bir nəfər tanımadığı şəxs onlara yaxınlaşıb ayırmışdır. Aralaşdıqdan sonra Eltun sağ böyrünü əli ilə tutub qanadığını görmüş və dərhal oradan keçən sarı rəngli “Renault” markalı dövlət nömrə nişanını xatırlamadığı taksiyə əl edib saxlatdırmışdır. Bu zaman o, bir qədər nəfəsini dərib Eltuna səslənərək birlikdə xəstəxanaya getməyi təklif etsə də, Eltun ona heçnə demədən taksiyə oturub oradan uzaqlaşmışdır. Bundan sonra o, bıçağı cibinə qoyub yaşadığı evə getmiş, paltarında qan ləkəsi olduğu üçün evdə paltarını dəyişmişdir. Eltunun xəstəxanaya müraciət edərək əməliyyat olunduğu barədə məlumat almış və bu səbəbdən həbs olunacağından qorxduğu üçün dərhal polisə getməmişdir. Hadisə barədə valideynlərinə məlumat verdiyi zaman sonuncular ona polisə getməyini məsləhət görmüşlər. xx xxxxxx 2020-ci il tarixdə 23-cü PB-nə gəlib könüllü olaraq təslim olub Zərərçəkmiş şəxs bıçaqla vurduğunu səmimi etiraf edib həmin bıçağı, eləcə də hadisə zamanı əynində olmuş paltarları könüllü istintaqa təqdim etmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Hadisə təsadüfən Eltunun mübahisə yaratması səbəbindən qəflətən baş vermişdir. Eltunu bir dəfə bıçaqla vurub xəsarət yetirdikdən sonra özü də peşman olmuş, duruxmuş və hətta Eltunu həkimə aparmağı da təklif etmişdir. Cinayətdə istifadə etdiyi həmin bıçaq mağazalarda satılan adi qatlanan, məişət təyinatlı bıçaqdır, Babək prospektində yerləşən xatırlamadığı təsərrüfat mağazaların birində almışdır və məişətdə istifadə üçün cibində gəzdirmişdir. Baş vermiş hadisə, yəni onların görüşməyi və söhbət etməyi təxminən 20-25 dəqiqə davam etmiş, dalaşmanın özü isə cəmi 3-5 dəqiqə ərzində olmuş, bu zaman səs-küy yaranmamışdır. Səs-küy olmadığından hadisə yerinə heç kim toplaşmamışdır. Sonradan bir nəfər tanımadığı şəxs yaxınlaşıb onları ayırmış və bir qədər sonra oradan çıxıb getmişdir. Həmin şəxsin, eləcə də hadisə yerindən keçən sarı rəngli “Renault” markalı taksinin sürücüsünün kimliyi ona məlum deyildir. Mübahisəyə səbəb onun Eltuna olan borcu olmuş, borcundan 05 manat hissəsini hadisədən bilavasitə əvvəl qaytarsa da, qalanını həmin vaxt qaytara bilməmişdir. Eltuna cəmi bir dəfə bıçaq zərbəsi endirmiş, sonucunu yenə vurmaq kimi bir fikri olmamışdır. Son olaraq göstərdi ki, baş vermiş hadisəyə görə peşmandır, əməlini səmimi olaraq etiraf edir. İfadəsində göstərdiyi halları, eləcə də himayəsində azyaşlı uşaqlarının olmasını və digər yüngülləşdirici halları nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır, heç bir yerdə işləmir, əvvəllər məhkum olunmamışdır, Təqsirləndirilən şəxs ilə uşaqlıqdan bir birlərini tanıyırlar. Ziyadla hər zaman münasibətləri yaxşı olmuşdur. Ziyad əvvəllər dəfələrlə ondan borc pul alıb hissə hissə qaytarmışdır. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə Ziyad yenə də ona müraciət edib borc kimi 40 manat pul istəmiş və səhəri gün qaytaracağına söz vermişdir. O, razılaşıb Ziyada 40 manat pul vermişdir, lakin aradan 5-6 gün keçməsinə baxmayaraq Ziyad pulu qaytarmadığı üçün xx xxxxxx 2020-ci il tarixdə saat 03:30 radələrində Ziyada zəng edib pulunun qaytarılmasını istəmiş, görüşməyi təklif etmişdir. Onlar Keşlə qəsəbəsi Q.Sadıq küçəsi ilə N.Abdullayev küçəsinin kəsişməsində görüşmüşlər. O, Ziyada 40 manat borcunun qaytarılmasını istədiyini demişdir. Bu zaman Ziyad 5 manat pul çıxarıb ona vermişdir. O, buna əsəbləşib 5 manatı onun üstünə atmışdır və pulun hamısını verməsini tələb etmişdir. Bu səbəbdən aralarında mübahisə olmuş, mübahisə zamanı Ziyad əynində olan cins şalvarının yan cibindən qatlanan bıçaq çıxarıb açaraq solaxay olduğundan sol əli ilə ona zərbə vurmuşdur. O, elə bilmişdir ki, bıçaq ona dəyməmişdir və onlar yaxalaşıb süpürləşmişlər. Bu zaman bir nəfər tanımadığı şəxs onlara yaxınlaşıb ayırmışdır. Sonra o, paltarında yaşlıq hiss etdiyi üçün sağ böyür nahiyəsinə baxıb qan axdığını görmüşdür və ona məlum olmuşdur ki, Ziyad onu bıçaqla vurmuşdur. Bu zaman sarı rəngli “Renault” markalı taksi küçədən keçdiyini görüb əl edib taksini saxlatdırmış və taksiyə oturaraq yaşadığı ünvana aparmasını xahiş etmişdir. Evə gəldikdən sonra elə zənn etmişdir ki, yarası yüngüldür və bu səbəbdən də yaranın üzərinə yara bandı qoymuşdur. Lakin saat təxminən 06:00 radələrində halı pisləşdiyi üçün həkimə müraciət etmiş və 3 saylı ŞKX-da əməliyyat olunmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı Təqsirləndirilən şəxs onu öldürməklə hədələməmişdir, onların münasibətləri həmişə yaxşı olmuşdur. Ziyadın onu öldürmək fikri olmamışdır, hadisə qəflətən baş vermişdir və Ziyad bir dəfə ona bıçaqla zərbə vurmuş və xəsarət alandan sonra yenə zərbə vurmağa çalışmamışdır. Əksinə, hadisədən sonra Ziyad peşman vəziyyətdə durmuşdur, hətta ona kömək etməsini, həkimə aparmaq istədiyini də təklif etmişdir. Lakin o, yaralı olduğundan buna əhəmiyyət verməmişdir. Hadisə, yəni onların görüşməyi və söhbət etməkləri təxminən 20-25 dəqiqə davam etmişdir, həmin müddətdə Ziyadın ona 40 manatın əvəzinə 5 manat verməsinə bərk əsəbləşmişdir, buna görə də Ziyadla kobud danışıb 5 manatı onun üzərinə ataraq, maykasından tutub dartmışdır və onunla mübahisə etməyə başlamışdır. Ziyad zarafata salaraq onu sakitləşdirməyə çalışmış, lakin o sakitləşməmişdir. Odur ki, Ziyad da onun yaxasından tutaraq onlar dartışmışlar, sonra Ziyad onu bıçaqla vurmuşdur. Bu zaman dalaşmanın özü cəmi 3-5 dəqiqə ərzində olmuşdur, dalaşma vaxtı söyüş söyməmişlər, səs-küy yaranmamış və ictimai qayda pozulmamışdır. Hadisə qaranlıq vaxtı baş vermişdir, bir nəfər şəxs onları ayırdıqdan sonra o, paltarında yaşlıq hiss etmişdir və sağ böyür nahiyəsinə baxıb qan axdığını görmüşdür. Bu zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu bıçaqla vurub və sonra taksiyə minib oradan getmişdir. Bunlara görə də, o, həmin bıçağı görmədiyindən onu təsvir edə bilmir və görsə tanıya bilməz. Onlar dalaşan zaman səs-küy olmadığından qonşular hadisə yerinə toplaşmamışlar. Lakin sonradan bir nəfər tanımadığı şəxs onlara yaxınlaşıb ayırmışdır. Hadisə yerinə gəlmiş sarı rəngli “Renault” markalı taksi olmuşdur. Onun qeydiyyat nömrəsi, əlamətləri və sürücüsü barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, oğlu Ziyad arvadı və iki azyaşlı övladları ilə birlikdə onlarla yaşayır. O, oğlu Ziyadın Zərərçəkmiş şəxs adlı tanışının olduğunu bilir, onların yaxşı münasibətlərinin olması barədə məlumatı olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 01:00 radələrində Ziyad evdə olmuşdur, lakin yatmamışdır. Həmin gecə onun evdən çıxıb-çıxmaması və yaxud kiminləsədə görüşməsi barədə məlumatı olmamışdır. Bundan sonra, səhər saat 06:00 radələrində o, evdən çıxıb işə getmiş, həmin gün saat təxminən 17:30 radələrində işdən evə gəldiyi zaman arvadı Şahid2 ona Ziyad və tanışı Eltunun arasında gecə mübahisə olduğunu və Ziyadın Eltunu bıçaqla bir dəfə vurduğunu demişdir. O, hadisə barədə məlumat aldıqdan sona Ziyada gedib özünü könüllü olaraq polisə təqdim etməsini məsləhət bilmişlər. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə Ziyad Nizami RPİ-nin 23-cü PB-nə gedib könüllü olaraq təqsirini boynuna almışdır. Sonradan onlar özləri də Zərərçəkmiş şəxs baş çəkib səhhət durumu ilə maraqlanmış və onun xəstəxana xərclərini ödəmişlər. Zərərçəkmiş şəxs də onlarla birlikdə notariat kontoruna gedib Ziyada qarşı heç bir şikayət və tələbinin olmaması barədə ərizə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan və tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi, ev 4/3-də yaşayan xx xxxxxxxx 1986-cı il təəvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 04-00 radələrində Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində naməlum şəxs tərəfindən bıçaqla vurularaq daxilə nüfuz edən “qara ciyərin və diafraqmanın kəsilmiş yarası” ilə nəticələnən xəsarət alaraq 3 saylı ŞKX-na yerləşdirilmişdir. Material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlamışdır.(cild 01, iş vər 01) xx xxxxxx 2020-ci il tarixli raportdan görünür ki, Nizami RPİ-in 23-cü PB-in məsul növbətçsi həmin bölmənin rəisinə raportla məruzə edərək, xx xxxxxx 2020-ci il tarixdə saat 19:30-da 3 saylı Sabunçu Xəstəxanasından tibb bacısı Şirinova tərəfindən xx xxxxxxxx 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs tanımadığı şəxs tərəfindən kəsilmiş, deşilmiş sol yan divarının qarın boşluğunun yarası barədə məlumat verməsi barədə bildirmişdir. (cild 01, iş vər 05) “Götürmə aparılması” barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus 1 ədəd boz rəngli qısaqol yay köynəyini və 1 ədəd ağ rəngli alt köynəyini atası X1 götürülmüşdür. (cild 01, iş vər 09) “Şəxsin könüllü olaraq gəlməsi barədə” xx xxxxxx 2020-ci il tarixi protokol və ona əlavə olunmuş fotocədvəldən görünür ki, cinayət işi üzrə şübhəli bilinən xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs cinayət işi ilə əlaqədar aparılan telefon danışıqları nəticəsində xx xxxxxx 2020-ci il tarixdə saat 12:00 radələrində Nizami RPİ-nin 23-cü PBnə gələrək xidməti otağa daxil olmuş, özünü Təqsirləndirilən şəxs kimi təqdim edib, xx xxxxxx 2020-ci il tarixdə saat 04:00 radələrində tanışı Zərərçəkmiş şəxs ilə Keşlə qəsəbəsi, Q.Sadıq küçəsində aralarında olan mübahisə zamanı ona bıçaqla zərbə vurub xəsarət yetirdiyini bildirərək bir ədəd tutacağı qəhvəyi rəngli taxtadan olan, tiyəsi ağ metaldan olan qatlanan cib bıçağını təqdim etmiş, həmin bıçaqla Zərərçəkmiş şəxs vurduğunu bildirmişdir. Təqdim olunan bıçaq fotoçəkil çəkilərək ondan götürülmüşdür.(cild 01, iş vər 13) “Geyim paltarlarının götürülməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, cinayət işi üzrə şübhəli olan 1984-cü il təvəllüdlü, Bakı şəhəri, Nizami rayonu, Küşlə qəsəbəsi M.İbrahimov küçəsi ev 10-da qeydiyyatda olan vəyaşayan Təqsirləndirilən şəxs ona məxsus üzərində qana bənzər ləkələr olan 1 ədəd göy rəngli cins materialdan olan şalvarı və 1 ədəd ağ rəngli alt köynəyi maddi sübut qismində götürülmüşdür. (cild 01, iş vər 21) “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild 01, iş vər. 28) “Şübhəli şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində xx xxxxxx 2020-ci il tarixdə, saat 17:20-də müdafiəçinin iştirakı ilə tutulmuşdur. (cild 01, iş vər. 48-49) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 88-89) Cavadzadə Leyla və Cavadzadə Təranəyə məxsus şəxsiyyət vəsiqələrindən görünür ki, X2 himayəsində iki yetkinlik yaşına çatmayan uşağı vardır. (cild 01, iş vər 99) Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 609 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarətin izləri aşkar edilməmişdir. (cild 01, iş vər. 102-104) Məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 398-MTK/2020 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət-diafraqma və qaraciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin və qarnın müştərək boşluğuna keçən deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin-istər ekspertizaya təqdim olunmuş bıçağın, istərsə də, ona oxşar bıçaqların təsirindən törənməsi inkar olunmur, müddəti qərarda göstərilən tarixə, yəni xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə isə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynək və maykanın arxa səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə kafi itilikli ülgücü, kafi itilikli ucu və özünü kafi biruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Zərərçəkmiş şəxs məxsus alt mayka və qısaqol maykada aşkar edilmiş deşilmiş-kəsilmiş zədə ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən və ya oxşar konstruktiv konstruktiv xüsusiyyətli bıçağın təsirindən törənə bilərdi. Zərərçəkmiş şəxs məxsus alt mayka və qısa qol maykanın üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədə onun bədən səthində olan qəfəsinin və qarnın müştərək boşluğuna keçən deşilmiş-kəsilmiş yara xəsarəti ilə nisbi olaraq üst-üstə düşür. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus maykanın ön səthinin sol yarısının yuxarı hissəsində 02 (iki) ədəd cırılma zədələri aşkar edildi. Bu zədələr küt yaranma mexanizminə malikdir və maykanın müvafiq nahiyəsinin kəskin dartılaraq cırılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus bir ədəd maykanın sağ çiyin tikişinin bir-birindən tam ayrılması ilə nəticələnən və küt yaranma mexanizminə malik olan sökülmə zədəsi maykanın sağ çiyinliyinin kəskin dartınması nəticəsində əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus şalvarın üzərində əhəmiyyət kəsb edən zədə aşkar edilməmişdir. Ekspertizaya təqdim edilmiş bıçaq tiyəsi zavod üsulu və dəstəyi kustar üsulla məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab edilmir. Ekspertizaya təqdim edilmiş bıçağın üzərində sonradan onun təyinatını dəyişəcək heç bir düzəliş edilməmişdir. (cild 01, iş vər 118-129) Məhkəmə-tibbi-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 605/2020-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu-O/İ/. Təqsirləndirilən şəxs qan qrupu -B/İİİ/ (Təqdim edilmiş şəxsiyyət vəsiqələrinin kserosurətlərinə əsasən.) Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus alt mayka, qısaqol mayka, Təqsirləndirilən şəxs məxsus cins şalvar və alt mayka üzərində insan qanı izləri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda yalnız “ET antigeni alındı, bu qan ləkələri Qalla, beta (İ) qrupu şəxsə, o, cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işi üzrə keçirilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 2060 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işinin materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham edilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 01, iş vər. 130-134) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham elan olunması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1, 126.2.4, 221 və 228.4-cü maddələri ilə cinayət təqibinə xitam verilməsi qərar alınmış, Zərərçəkmiş şəxs əməllərində qərəzli xuliqanlıq cinayətinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Şahid1 və Şahid2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün barələrində həmin maddə ilə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs etirafedici ifadələri, könüllü gələrək təqsirini boynuna alma protokolu, zərərçəkmiş şəxs və şahid ifadələri, ifadələrin yerində yoxlanması və üzləşdirilmə protokolları, ekspertiza rəyləri və işdə olan digər istintaq materialları iş üzrə sübut növü kimi qəbul olunmuşdur.(cild 01, iş vər 158-166) İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs yazılı ərizədə Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək, zərərçəkmiş şəxsin ibtdai istintaq zamanı verdiyi ifadəsini elan etməklə tədqiq edərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş bütün sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünün hadisənin baş vermə yeri, vaxtı və mexanizmi ilə bağlı etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, maddi sübutlar, ekspertiza rəyləri və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib peşman olmasını, könüllü gəlib təqsirini boynuna almasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını və himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirici hallar Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə həmin Məcəllənin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilmədiyi və ilk dəfə ağır cinayət əməli törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası CMnin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübutlar, - Nizami RPİ-də saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş alt mayka və cins şalvar, Zərərçəkmiş şəxs əynində olmuş alt mayka və qısa qol mayka dəyərini itirdiyindən, eləcə də Təqsirləndirilən şəxs tərəfindən cinayətin aləti kimi istifadə olunmuş məişət təyinatlı qatlanan tipli cib bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar, - Nizami RPİ-də saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş alt mayka və cins şalvar, Zərərçəkmiş şəxs əynində olmuş alt mayka və qısa qol mayka dəyərini itirdiyindən, eləcə də Təqsirləndirilən şəxs tərəfindən cinayətin aləti kimi istifadə olunmuş məişət təyinatlı qatlanan tipli cib bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar