Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-477/2022 18.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X7 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X1, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olur, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, döngə 8, ev 23-də qeydiyyatda olmaqla hazırda Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, D.Vasif küçəsində fərdi yaşayış evində yaşayır və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 3 avqust 2021-ci il tarixdə saat 9 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, D.Vasif küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında qonşusu Zərərçəkmiş şəxs 1 gün əvvəl yaşadığı evin pəncərəsini taxta ilə taqqıldadaraq arvadı Şahid1 narahat etməsi səbəbindən Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərində olan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən turist bıçağı ilə Zərərçəkmiş şəxs qarın və döş qəfəsi nahiyələrindən qəsdən 4 dəfə vurub sonuncuya döş qəfəsinin sol yarısının döş və qarın boşluğuna nüfuz etməyən 2 ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid, döş qəfəsinin sol yarısının sol döş boşluğuna nüfuz edərək sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna hava və qan yığılmasına) səbəb olan 1 ədəd, qarın boşluğuna nüfuz edərək peritonun yaralanmasına səbəb olan 1 ədəd kəsilmiş-deşilmiş yaraları kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə əvvəllər hər hansı bir ədvəti və ya düşmənçilik münasibəti olmamış, münasibətləri normal olmuşdur. 2 avqust 2021-ci il tarixdə saat 17 radələrində işdən evə gələrkən arvadı Şahid1 ona qonşuluqda yaşayan Zərərçəkmiş şəxs gecə saatlarında yaşadıqları evin pəncərəsini taxta ilə döyərək onunla mübahisə etdiyini bildirmişdir. Günelə bu hərəkətlərin qarşılığında nə etdiyini soruşduqda o, polisə bu barədə məlumat verdiyini bildirmişdir. Həmçinin arvadı Günel bu hərəkətlərin Zərərçəkmiş şəxs tərəfindən son bir ayda 3-4 dəfə təkrarlandığını, lakin əsəbləşməməyi üçün ondan gizlətdiyini bildirmişdir. Zərərçəkmiş şəxs etdiyi hərəkətlərə görə əsəbləşib Gülbaba ilə söhbət etmək üçün onun yaşadığı evin həyət darvazasının qapısını döymüşdür. Gülbabanın atası Bəybala qapıya çıxaraq ondan nə istədiyini soruşmuşdur. O, Gülbabanın etdiyi hərəkətlər barədə ona məlumat vermişdir. Bəybala isə Gülbabanın evdə olmadığını bildirib oğlunun etdiyi hərəkətlərə görə ondan üzr istəmişdir. O, Bəybalaya oğlunun etdiyi hərəkətlərə görə narahat olduğunu bildirib 1 ay ərzində bununla bağlı tədbir görmədiyinə görə Bəybalanı tənqid edərək yaşadığı evə getmişdir. 3 avqust 2021-ci il tarixdə saat 9 radələrində yaşadığı evin həyət darvazsından çıxaraq hasara bərkidilmiş qaz sayğacının işləyib-işləmədiyinə baxmışdır. Bu zaman Gülbabanın yaşadığı evin həyət darvazasının qarşısında avtomobilin içərisində oturduğunu və qardaşı Samirin də avtomobilin yanında dayandığını görmüşdür. Qaz sayğacına baxdıqdan sonra yaşadığı evə daxil olaraq ehtiyat üçün mətbəxdən özünə məxsus qatlanan cib bıçağını götürüb cibinə qoymuş və evdən çıxıb Gülbabaya yaxınlaşmışdır. Gülbabaya söhbət etmək istədiyini, qardaşı Samirə isə Gülbaba ilə təklikdə danışacağını bildirmişdir. Gülbaba ilə söhbət edən zaman hansı səbəbə görə yaşadığı evin pəncərəsini taxta ilə döyərək arvadını narahat etdiyini soruşmuşdur. Gülbaba isə pişiyin hasara çıxdığını və özünün də pişiyə görə hasara çıxdığını bildirmişdir. O isə bu hərəkətlərin Gülbaba tərəfindən son 1 ay ərzində dəfələrlə təkrar oldunduğunu bildirdikdə, Gülbaba arvadı Günelin ona məxsus həyətə baxdığını və onu Günelin çağırdığını bildirmişdir. O isə Gülbabaya inanmayaraq “Günel səni çağırsaydı, polisə və sənin etdiyin hərəkətlərə görə valideynlərinə məlumat verməzdi” deyə bildirmişdir. Gülbaba ona əl hərəkəti ilə lovğalıqla çıxıb getməyini bildirmiş və özü də çıxıb getmək istəmişdir. O da Gülbabanın etdiyi hərəkətlərə və arvadı Günelin üzərinə böhtan atdığı üçün əsəbiləşib cibindən bıçağı çıxararaq Gülbabanın kürək nahiyəsindən bir neçə dəfə bıçaqla zərbə endirmişdir. Gülbabanın bədənindən qan axdığını gördükdə əsəbi sakitləşmiş, ona daha bir neçə dəfə zərbə endirmək fikrindən daşınmışdır. Gülbaba isə qışqıraraq qardaşı Samiri çağırmışdır. Samir gəldikdən sonra Gülbaba qardaşı ilə birlikdə avtomobilə əyləşərək çıxıb getmişdir. Zərərçəkmiş şəxs bıçaqla vurmaqda məqsədi onu öldürmək olmamışdır. Həmin bıçağı mətbəxdə dolabın içərisinə qoymuşdur. Zərərçəkmiş şəxs vurarkən bir qədər kənarda Gülbabanın qardaşı Samir dayanmışdır. Hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Zərərçəkmiş şəxs bıçaqla vurarkən qardaşı onların yanında olmamış və hadisəyə heç bir müdaxilə etməmişdir. Gülbaba qardaşını çağırdıqdan sonra qardaşı gəlmiş və Gülbaba avtomobilə qardaşı ilə birlikdə əyləşib avtomobili özü idarə edərək oradan uzaqlaşmışdır. Hadisə zamanı o heç bir xəsarət almamışdır. Zərərçəkmiş şəxs öldürmək üçün real imkanı olmuş, heç kim ona mane olmamışdır. Öz iradəsi ilə Gülbabaya əlavə xəsarət yetirmək fikrindən daşınmışdır. Yaşadığı evin pəncərəsi Gülbabanın həyətinə doğru olmuşdur. Zərərçəkmiş şəxs bıçaqla vurmaqda məqsədi onu öldürmək olmamışdır. Gülbaba ilə münasibəti həmişə normal olmuşdur. Gülbabanın verdiyi cavablar onu qane etməmişdir. Söhbət zamanı Gülbabanın nə reaksiya verəcəyini bilmədiyindən ehtiyat üçün evdən bıçaq götürmüşdür. Gülbabanı qeyd edilən hərəkətlərə bir daha yol verməməsi üçün vurmuşdur. Hadisə zamanı Gülbabaya təxminən 3-4 dəfə bıçaqla xəsarət yetirmişdir. Samir hadisədən sonra gəlmişdir. Zərərçəkmiş şəxslə barışmış, törətdiyi cinayət əlindən peşmandır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ilə əvvəllər hər hansı bir ədavəti və ya düşmənçilik münasibəti olmamış və onunla münasibəti normal olmuşdur. Yaşadığı evin həyəti ilə Orucun yaşadığı evin yataq otağı yanbayan olmuşdur. Hadisədən bir neçə gün əvvəl həyətdə gəzərkən Orucun yaşadığı evdən bir nəfər şəxsin həyətə baxdığını görmüşdür. Hava qaranlıq olduğundan pəncərədən baxan şəxsin Oruc olduğunu düşünmüş və yerdən taxta götürərək pəncərəni taqqıldatmışdır. Bundan sonra Orucun arvadı Günel onun yaşadığı evin həyətinə daxil olaraq hansı səbəbə görə gecə saatlarında pəncərəni taxta ilə taqqıldatdığını soruşmuşdur. O isə Günelə pəncərədən baxan şəxsin Oruc olduğunu zənn etdiyini və taxta ilə pəncərəni döyərək gecə saatlarında Oruca yaşadığı evin həyətinə baxmamağı barədə xəbərdarlıq etmək istədiyini bildirmişdir. Günel ilə bir qədər mübahisə etdikdən sonra Günel yaşadığı evə getmişdir. Bir qədər sonra 15-ci PB-nin əməkdaşları gəlib ondan nə baş verdiyini soruşduqda baş verənləri izah etmiş və heç bir şikayətinin olmadığını bildirmişdir. 3 avqust 2021-ci il tarixdə saat 9 radələrində yaşadığı evin həyət darvazasının qarşısında qardaşı ilə olan zaman Orucun yaşadığı evin həyətindən çıxdığını görmüşdür. Həmin vaxt o, avtomobilin içərisində oturmuş, qardaşı Samir də avtomobilin yanında dayanmışdır. Oruc hasara bitişik qaz sayğacına baxaraq evə daxil olmuş və bir az keçdikdən sonra yenidən çölə çıxaraq ona yaxınlaşmışdır. Oruc onunla təklikdə söhbət etmək istədiyini bildirmişdir. Etiraz etməyərək Orucla birlikdə bir qədər kənara çəkilib ondan nə baş verdiyini soruşmuşdur. Oruc isə ona hansı səbəbə görə yaşadığı evin pəncərəsini döyərək fit çaldığını, səbəbsiz yerə arvadının üzünə baxaraq güldüyünü, qeyri-etik sözlər ifadə etdiyini soruşmuşdur. O həmin hadisənin yanlış anlaşılma olduğunu bildirərək hadisənin mahiyyətini Oruca izah etmiş və çıxıb getməsini bildirmişdir. Oruc isə cibindən bıçağı çıxararaq onun kürək nahiyəsindən bir neçə dəfə bıçaqla zərbə endirmişdir. Oruc ondan qan axdığını gördükdə kənara çəkilmiş, o isə ayaq üstə dayanıb qışqıraraq qardaşını çağırmış və bu zaman Oruc yaşadığı evə getmişdir. Qardaşı gəldikdən sonra isə avtomobilə əyləşib xəstəxanaya getmişlər. Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirərkən ətrafda heç kim olmamışdır. Hadisədən sonra qardaşı Samiri səslədikdə qardaşı gələrək onu avtomobilə əyləşdirib xəstəxanaya aparmışdır. Hadisədən sonra xəstəxanaya gedərkən üzərində olan geyimləri tullamışdır. Təqsirləndirilən şəxs onu vurduqdan sonra yerində dayanmış və qardaşını çağırmışdır. Təqsirləndirilən şəxs ona bıçaqla zərbələr endirdikdən sonra sakitləşib bir qədər kənara çəkilmiş, qardaşı Samir gəldikdən sonra isə yaşadığı evə getmişdir. Fikrincə, Oruc onu öldürmək istəsə, bıçaqla daha çox zərbə endirərdi. Onun Oruca müqavimət göstərməyə taqəti olmamışdır. Təqsirləndirilən şəxslə münasibətləri həmişə normal olmuşdur. Oruca məsələni izah etsə də, o çıxıb getməmişdir. Hadisə zamanı yanlarında heç kim olmamış, hadisədən sonra qardaşı Samiri çağırmışdır. Müalicəsi ilə əlaqədar xərclər təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə əvvəllər hər hansı bir ədavəti və ya düşmənçilik münasibəti olmamışdır. 2 avqust 2021-ci il tarixdə saat 3-4 radələrində qonşuluqda yaşayan Gülbala Əmirovun yaşadığı evin pəncərəsini taxta ilə döydüyünü görmüş və pəncərəni açaraq yüksək tonla nə baş verdiyini soruşmuşdur. Gülbaba isə öz hərəkətlərinə davam edərək yenidən pəncərəni taqqıldatmışdır. O isə Gülbabanın bu hərəkətlərinə dözməyərək yaşadığı evin həyətinə getmiş və qışqıraraq Gülbabanın atası Bəybalanı çağırmışdır. Bəybala isə üzrxahlıq edərək bu halın üzrlü hesab edilməsini xahiş etmişdir. Bundan sonra o, evə gedərək Sabunçu RPİnin 15-ci PB-nə məlumat vermişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları gələrək Gülbaba ilə söhbət edib çıxıb getmişlər. 2 avqust 2021-ci il tarixdə saat 17 radələrində əri Təqsirləndirilən şəxs işdən evə gəldikdə gecə baş vermiş hadisə barədə Oruca bildirmişdir. Oruc da evdən çıxaraq Gülbabagilə gedib bir neçə dəqiqə sonra qayıdaraq Gülbabanın evdə olmadığını, Gülbabanın atası Bəybala ilə söhbət etdiyini bildirmişdir. 3 avqust 2021-ci İl tarixdə səhər saatlarında yuxudan oyandıqda Oruc ona Gülbabanı bıçaqla vurduğunu bildirmişdir (cild 1, iş vərəqə 37-39). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin 20 noyabr 2021-ci il tairxli 1801 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının sol döş boşluğuna nüfuz edərək sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna hava və qan yığılmasına) səbəb olan 1 ədəd, qarın boşluğuna nüfuz edərək peritonun yaralanmasına səbəb olan 1 ədəd, döş və qarın boşluğuna nüfuz etməyən 2 ədəd (cəmi 4 ədəd) deşilmiş-kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici alətin (alətlər) təsirindən törənmiş, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilə bilər, törənmə müddəti qərarda göstərilən 3.08.2021-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə döş qəfəsinin sol yarısının sol döş boşluğuna nüfuz edərək sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna hava və qan yığılmasına) səbəb olan 1 ədəd, qarın boşluğuna nüfuz edərək peritonun yaralanmasına səbəb olan 1 ədəd (cəmi iki ədəd) deşilmiş-kəsilmiş yaralar ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Döş qəfəsinin sol yarısının döş və qarın boşluğuna nüfuz etməyən 2 ədəd deşilmiş-kəsilmiş yaralar ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (cild 1, iş vərəqə 108-110). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Hüquqi Şəxsinin 12 noyabr 2021-ci il tarixli 2648 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 106-107). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 noyabr 2021-ci il tarixli 3/1856 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağıdır və soyuq silah hesab edilməmişdir (cild 1, iş vərəqə 112-113). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağı maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqə 117). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 101). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 152). Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 1). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən bu hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdırıcı halların olmamasını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, himayəsində azyaşlı uşağının olmasını, ilk dəfə cinayət törətməsini və törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, onun cəza çəkmədən islah olunması mümkündür və barəsində cəza təyin edilməklə həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə alaraq məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayır. Məhkəmə hesab edir ki, sınaq müddətinin başlanğıcı hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 3 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 15). Cinayət işinin materiallarında olan 5 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 72). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 3 avqust 2021-ci il tarixdən 5 avqust 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 64 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağı məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 3 avqust 2021-ci il tarixdən 5 avqust 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin müddəalarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə tətbiq edilməklə ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-477/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-477/2022
18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver