Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-478/2022 25.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 11 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxxx 1988-ci ildə Ağdam rayonunun Şıxbabalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun Şıxbabalı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə 31, 4 nömrəli yataqxanasında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə “Yusif’ adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 08 avqust 2021-ci il tarixdə, saat 23:30 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncudan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3,672 qram çəkidə psixotrop maddə hesab olunan metamfetamini və külli miqdarda 3,290 qram çəkidə narkotik vasitə hesab olunan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 09 avqust 2021-ci il tarixdə, saat 21 radələrində Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 1 ünvanında saxlanılaraq Binəqədi RPİ-nin 5-ci PB-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən yeddi ədəd şəffaf selofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,448 qram, 0,971 qram, 0,444 qram, 0,445 qram, 0,462 qram, 0,446 qram, 0,456 qram, ümumi təmiz çəkisi 3,672 qram olan külli miqdarda psixotrop maddə metamfetamin və bir ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 3,290 qram olan külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilməyərək ifadəsində göstərdi ki, Ağdam rayonundan məcburi köçkün kimi S.Bəhlulzadə küçəsində yataqxanada məskunlaşmışlar. Psixotrop maddə metamfetamin və narkotik maddə heroin qəbul edir. 08 avqust 2021-ci il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi DSK adlanan ərazidə adını Yusif kimi bildiyi şəxsdən 100 manata 07 ədəd şəffaf selofana bükülmüş halda içərisində şüşə deyilən psixotrop maddə metamfetamini və 01 ədəd bükümdə kakos kimi deyilən narkotik vasitə heroin almış, qalıq borcu isə iki günə ödəyəcəyini bildirmişdir. Yusiflə birbaşa əlaqəsi yoxdur, sonuncunu həmin ərazidə tanımadığı şəxslərin vasitəsilə tapmış və üzərindən aşkar olunan narkotik vasitəni almışdır. 09 avqust 2021-ci il tarixdə Binəqədi rayonu, avtoyuma məntəqəsinin yaxınlığında mülki geyimli şəxslər ona yaxınlaşıb üzərində narkotik vasitə və psixotrop maddə olmağından şübələndikləri və bu barədə məlumat aldıqları üçün şəxsi axtarış keçirilməsi üçün 5-ci polis bölməsinə dəvət etmişlər. Axtarışdan əvvəl ona üzərində qanunsuz nə varsa təqdim etməyi təklif olunmuş, o da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf selofana bükülmüş kütlələri çıxarıb masanın üzərinə qoymuşdur. Həmin vasitələrin nə olduğu soruşulduqda həmin bükülülərin birində narkotik vasitə heroin, digər yeddi bükümdə isə psixotrop maddə metamfetamin olduğunu, DSK adlanan ərazidən tanımadığı şəxsdən 100 manata aldığını bildirmişdir. Sonra onun təqdim etdiyi yeddi büküm metamfetamin, bir büküm heroin zərfə qoyulub qablaşdırılmışdır. Həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxlamışdır, satmaq niyyəti olmamışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Binəqədi RPİnin 5-ci PB-nin əməliyyat müvəkkili işləyir. Polis kapitanıdır. Ağdam rayonu Şıxbabalı kəndində qeydiyyatda olan, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yataqxanada yaşayan Təqsirləndirilən şəxs narkotik maddə əldə edərək üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar onun zahiri əlamətləri və tez-tez harada olduğu müəyyən edilmişdir. Onun cinayət başında yaxalanması üçün tərəflərindən PB-nin rəisinə məruzə olunmuş, onun və və bölmənin baş əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş və bu barədə protokol tərtib olunmuşdur. O, Şahid2lə birlikdə 09 avqust 2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində avtoyuma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması ilə bağlı onlarla birlikdə Binəqədi RPİ 5-ci PB-nə getməli olduğunu bildirilmişlər. Elnur da onlarla birlikdə polis bölməsinə getmişdir. Bölmədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyaları təqdim etməsi təklif olunmuş və üzərində olan geyimində qeyri- qanuni əşyanın olub-olmadığı soruşulduqda Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 8 ədəd şəffaf selofana bükülmüş bükümləri çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra onun əynindəki paltarların cibinə baxılmışdır. Əlavə hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən aşkar edilmiş bükümlərdən 7 ədədi psixotrop maddə metamfetamin, 1 ədədi isə narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs həmin maddələri haradan əldə etməsi soruşulduqda o, bildirmişdir ki, həmin psixotrop maddə metamfetamini və narkotik vasitə heroini 08 avqust 2021-ci il tarixdə Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi, DSK adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 100 manata almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Cinayət işinin 29-31-ci vərəqlərində olan 09 avqust 2021-ci il tarixli «Şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması haqqında» protokoldan görünür ki, şəxsi axtarış keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs də əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən səkkiz büküm şəffaf selofanı çıxararaq könüllü olaraq təqdim edib bildirmişdir ki, təqdim etdiyi kütlələrdən yeddi bükümü psixotrop maddə metamfetamin, bir bükümü isə narkotik vasitə heroindir, üzərindən aşkar edilmiş maddələri 08 avqust 2021-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK adlanan ərazidən tanımadığı şəxsdən 100 manata almışdır. Cinayət işinin 119-cu vərəqiində olan Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı diskə baxış keçirilməsi barədə olan protokoldan görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən səkkiz büküm şəffaf selofanı çıxararaq könüllü olaraq təqdim edib bildirmişdir ki, təqdim etdiyi kütlələrdən yeddi bükümü psixotrop maddə metamfetamin, bir büküm narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş maddələri 08 avqust 2021-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK adlanan ərazidən tanımadığı şəxsdən 100 manata almışdır. Cinayət işinin 114-115-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 24 noyabr 2021-ci il tarixli, 4652 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. İİ qrup əlil olduğuna görə ona narkomaniyadan məcburi müalicə tətbiq olunması mümkün deyil. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 38-43-cü vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 10 avqust 2021ci il tarixli, 6/3397 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş zərfdəki 7 ədəd bükümdə ümumi təmiz çəkisi 3,672 qram ağ rəngli kristal şəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir və 1 ədəd bükümdə təmiz çəkisi 3,290 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Cinayət işinin 121-125-ci vərəqlərində olan qərardan görünür ki, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu bir ədəd disk iş materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nə təhvil verilmişdir. Cinayət işinin 127-128-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə və psixatrop maddənin mənbəyinin müəyyən edilməsi üçün “Yusif” adlı şəxs barəsində ayrıca icraata cinayət işi ayrılmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş birinci siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab edilir. Məhkəmə, üzərindən qanunda nəzərdə tutulmuş külli miqdardan artıq narkotik vasitə heroinin aşkar edilməsini təqsirləndirilən şəxsin narkotik vasitəni və psixatrop maddəni satmaq niyyəti ilə əldə etməsinin göstəricisi kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, o, CMnin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 18, 77-79-cu vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulaqaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 80-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 86-87 və 90-91-ci vərəqlərində olan arayış, xasiyyətnamə və vəsiqələrdən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonundan məcburi köçkün olmaqla Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə 31 ünvanında yerləşən Azərbaycan DİU-nin 4 nömrəli yataqxanasında məskunlaşmışdır, yaşadığı müddətdə sakinlər arasında dərin hörmət qazanmışdır, əxlaqlı-tərbiyəli, tədbirlərdə fəallıq göstərmişdir, ümumi xəstəliklərdən İİ qrup əlildir. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, yaşayış yeri üzre müsbət xarakterizə olması, Ağdam rayonundan məcburi köçkün olması və İİ qrup əlil olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə, yaşayış yeri üzrə müsbət xarakterizə olması, məcburi köçkün olması və İİ qrup əlil olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməli, ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı 09 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə-narkoloji ekspertizasının 24 noyabr 2021-ci il tarixli, 4652 saylı rəyinə müvafiq olaraq Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq Binəqədi RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra təmiz çəkisi 7 bükümdə olmaqla 3,532 qram metamfetamin və 1 bükümdə olmaqla qalıq 3,190 qram heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 11 saylı Vəkil bürosunda fəaliyyət göstərən vəkil X2 müdafiə etmişdir. Müdafiəçinin dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 45 (qırx beş) saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 270 (iki yüz yetmiş) manat təşkil edir. CPM-nin193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 üçün 270 (iki yüz yetmiş) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 09 avqust 2021-ci il tarixdən hesablansın, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfini təşkil edən 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Binəqədi RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra təmiz çəkisi 7 bükümdə olmaqla 3,532 qram metamfetamin və 1 bükümdə olmaqla qalıq 3,190 qram heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsi hesabından müdafiəçi X2 üçün 270 (iki yüz yetmiş) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-478/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-478/2022
25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver