Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-478/2024 17.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:55 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X3 və Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 4160 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yaşadığı ünvan 2 ünvanına daşımaqla qurudulmuş marixuananın 4075 qramını evin qonaq otağında dolabın içərisində göy rəngli sellofan torbanın içərisində, 85 qramını isə üzərində saxlamış, 09 mart 2023-cü il tarixdə saat 04:30 radələrində Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən “Can market”in yaxınlığında saxlanılaraq 14-cü Polis Bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş təmiz çəkisi 85 qram təşkil edən narkotik vasitə olan qurudulumuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə keçirilmiş baxış zamanı isə evin qonaq otağındakı dolabın içərisində göy rəngli sellofan torbada külli miqdarda - təmiz çəkisi 4075 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd "Everest" markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, özünün Ayna Sultanova heykəli tərəfdə icarəyə götürdüyü obyekti olmuş, orada meyvə-tərəvəz satmaqla məşğul olmuşdur. 08 mart saat 21:30 radələrində polislər onu saxlamışlar. Üzərindən 85 qram narkotik vasitənin çıxması doğrudur. Evə baxış zamanı isə narkotik vasitəni özü təqdim etmişdir. Göy rəngli sellofanın içərisində cəmi 1 kq narkotik vasitə olmuşdur. Daha sonra onu Polis İdarəsinə aparmışlar, orada “bizdə bir az da artığı var, onu da üstünə qoyacağıq” demişlər. Ona ailə üzvlərini də götürüb idarəyə gətirəcəklərini demişlər, ona görə də məcbur olub boynuna götürmüşdür. Evində tərəzi də olub, amma həmin tərəzidən məşğul olduğu meyvə-tərəvəz ticarəti ilə əlaqədar istifadə etmişdir. O, narkotik vasitə istifadəçisidir, heç vaxt satışla məşğul olmamışdır. Narkotik vasitəni tanımadığı şəxsdən kart vasitəsilə ödəniş edərək online yolla əldə etmişdir. Narkotik vasitənin 1 kiloqramını 1000 manata almışdır. Tutulmazdan təxminən üç gün əvvəl 1100 manat ödəyib 1100 qram narkotik vasitə almışdır. Onsuz da narkotik vasitə istifadəçisi olduğundan və əlində bir az pulu olduğundan narkotik vasitəni birdəfəlik alıb öz istifadəsi üçün saxlamaq istəmişdir. Onda 4 kiloqram narkotik vasitə olmamışdır. Narkotik vasitənin 85 qramını üstündə, 1 kiloqramını isə evində saxlamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, iki ildən artıqdır ki, narkotik vasitə qurudulmuş marixuananı siqaretə doldurma vasitəsi ilə çəkərək istifadə edir. Hal-hazırda bədənində olan ağrıları yumşaltmaq üçün narkotik maddə marixuanadan istifadə edir. O, marixuananı qəbul etmək üçün tanımadığı şəxslərdən alır. Təxminən üç gün əvvəl Maştağa qəsəbəsi, Tavaylıq deyilən ərazidə olarkən Aydın adlı şəxslə tanış olmuşdur. Aydın da onun narkotik vasitə qurudulmuş marixuana istifadəçisi olduğunu görüb ona təklif etmişdir ki, ona ucuz qiymətə 1 kiloqramı 1000 manata narkotik vasitə qurudulmuş marixuana təşkil edə bilər. O, özü gün ərzində qurudulmuş marixuana qəbul etdiyindən fikirləşmişdir ki, birdəfəlik Aydının ona təklif etdiyi narkotik vasitəni alıb yaşadığı evdə gizlədərək uzun müddət heç kimə narkotik vasitə əldə etmək üçün xahiş etmədən istifadə etsin. Səhəri günü Aydınla yenidən Maştağa qəsəbəsi, Tavaylıq deyilən ərazidə görüşmüş və Aydın ona 4 kq qurudulmuş marixuana vermiş, o da Aydına qurudulmuş marixuana təşkil etməsinə görə 4000 manat pul vermişdir. Aydından aldığı narkotik vasitəni yaşadığı Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 9, ev 2 ünvanına aparmış və ailə üzvlərindən xəbərsiz evin qonaq otağındakı dolabın içərisində göy rəngli sellofan torbanın içərisində gizlətmişdir. 09 mart 2023-cü il tarixdə gecə saatlarında həmin narkotik vasitədən az hissəsini sellofana qoyub əynindəki gödəkçənin sağ yan cibinə qoymuşdur ki, münasib yer tapdıqda siqaretə doldurub istifadə etsin. 09 mart 2023-cü il tarixdə saat 04:30 radələrində Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən «Can market»in yaxınlığında olarkən ona mülki geyimdə bir neçə nəfər yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamağı barədə məlumatları olduğunu bildirmiş və onu Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə aparmışlar. Polis Bölməsində olarkən ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmiş və vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. O, vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasına etiraz etməməyi ilə bağlı ərizə vermişdir. 14-cü Polis Bölməsində ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməsini təklif olunmuş, o da artıq üzərində olan qurudulmuş marixuananı polis əməkdaşlarından gizlədə bilməyəcəyini başa düşərək üzərində saxladığı bir ədəd sellofana bükülmüş qurudulmuş marixuananı təqdim edərək həmin bükümün içərisində olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni öz istifadəsi üçün tanımadığı şəxsdən əldə edərək sonradan qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. O, polis əməkdaşlarının narkotik vasitə saxlaması barədə suallarına cavab olaraq evdə də narkotik vasitə qurudulmuş marixuana saxladığını bildirmişdir. O, yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyi ilə bağlı ərizə yazdıqdan sonra polis əməkdaşlarından artıq gizlədə bilməyəcəyini başa düşüb öz şəxsi istifadəsi üçün yaşadığı evdə də narkotik vasitə qurudulmuş marixuana saxlamasını etiraf etmiş və polislərə evdə saxladığı qurudulmuş marixuanının yerini göstərmişdir. Polis əməkdaşları tərəfindən yaşadığı evdən narkotik vasitə qurudulmuş marixuananın aşkar olunub götürülməsinə dair tərtib olunmuş protokolu etiraz etmədən və ona polis əməkdaşları tərəfindən hər hansı bir formada təzyiq göstərilmədən imzalamışdır. Ondan aşkar olunmuş maddələri satmaq niyyəti olmamış, həmin maddələri özü qəbul edəcəkdi (cild 1, iş vərəqə 135-140). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə əlaqədar qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat tədbirləri keçirilməsi üçün raportla rəhbərliyə məruzə edilmiş, bölmə əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil edilmişdir. 09 mart 2023-cü il tarixdə saat 04:30 radələrində əməliyyat-axtarış tədbiri keçirilərkən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən “Can market”in yaxınlığında narkotik vasitələrin saxlanılmasında və qəbulunda şübhəli olan Təqsirləndirilən şəxs saxlanılaraq 14-cü Polis Bölməsinə aparılmışdır. Polis Bölməsində Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə sonuncu etiraz etmədən əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş bitki kütləsini təqdim etmiş, bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddənin 4 kiloqramını 4000 manata Maştağa qəsəbəsində Aydın adlı şəxsdən satmaq üçün əldə etdiyini və həmin qurudulmuş marixuananı Maştağa qəsəbəsində yerləşən evində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş içərisində qurudulmuş marixuana olan bir ədəd sellofan büküm onların iştirakı ilə götürülərək qablaşdırılıb möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış zamanı başqa qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş, şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılacağı bildirildikdə sonuncu etiraz etməyib könüllü şəkildə ərizə yazaraq evində videoçəkiliş vasitəsi ilə axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni gizlətdiyi yeri göstərməsi təklif edilmiş, sonuncu da evin qonaq otağında tünd qəhvəyi rəngli dolabın içərisində gizlətdiyi göy rəngli sellofan torbanı təqdim edib torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin maddəni bir neçə gün əvvəl Maştağa qəsəbəsində Aydın adlı şəxsdən 4 kiloqramını 4000 manata aldığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitənin çəkisinin müəyyən etmək dolabın üzərində saxladığı, üstündə “Everest” sözləri yazılmış elektron tərəzini də təqdim etmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuş, orada iştirak edənlərin hamısı, o cümlədən Təqsirləndirilən şəxs həmin protokolu imzalamışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin digər əməkdaşı Şahid1 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir (cild 1, iş vərəqə 89-91). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 09 mart 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü diskdən görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə marixuana oluğunu, onu Maştağa qəsəbə sakini Aydın adlı şəxsdən 100 qramını 400 manata həm özünün istifadəsi üçün, həm də satmaq məqsədilə aldığını, narkotik vasitənin 100 qramını 500 manata satdığını, iki ildir ki narkotik vasitənin istifadəsi və satışı ilə məşğul olduğunu, yaşadığı evdə də narkotik vasitə saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 29-30,58). Axtarış və götürmə aparılması haqqında 09 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına sonuncunun iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, sonuncu da mənzilin qonaq otağında tünd qəhvəyi rəngli dolabın içərisində saxladığı göy rəngli sellofan torbanı və bir ədəd elektron tərəzini təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə marixuana oluğunu və onu bir neçə gün əvvəl Maştağa qəsəbəsindən Aydın adlı şəxsdən 4000 manata aldığını bildirmişdir. Axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 32-33,59). Məhkəmə bioloji ekspertizasının 09 mart 2023-cü il tarixli 7/357 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Şübhəli Təqsirləndirilən şəxs ...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi - 85,0 qram və üzərində “Şübhəli Təqsirləndirilən şəxs..." yazısı və imzalar olan ağ rəngli polietilen bağlamadakı 01 (bir) ədəd göy rəngli polietilen torbada təmiz çəkisi - 4075 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixunadır. Marixuanaların ümumi çəkisi – 4160 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdim edilmiş üzərində “Şübhəli Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan göy rəngli polietilen bağlamadakı göy rəngli polietilen torbanın içərisində olan 01 (bir) ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 4159,6 qram təşkil etmişdir (cild 1, iş vərəqə 40-44). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 03 aprel 2023-cü il tarixli 1846 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur (cild 1, iş vərəqə 110-111). Ambulator məhkəmə psixiatrik ekspertizasının 17 iyun 2023-cü il tarixli 1672 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 155-156). İbtidai istintaq orqanının 13 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 148-149). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 99-100). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı evdə cəmi 1 kq narkotik vasitənin olmasına, narkotik vasitənin satışı ilə məşğul olmamasına dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi məhz 4160 qram təşkil edən qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsi barədə qənaətə gələrkən yuxarıda sadalanan sübutlar məcmusunu kifayət hesab edir. Bu zaman həm də qeyd edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı üzərindən qurudulmuş marixuana aşkar edilməsini, həm də məhz irəli sürülmüş ittihamda göstərilən çəkidə - 85 qram olmasını həm ibtidai istintaq zamanı, həm də məhkəmədə tərəddüdsüz olaraq etiraf edir. Yalnız evindən aşkar olunmuş qurudulmuş marixuananın çəkisi ilə bağlı hissədə isə məhkəmə istintaqı zamanı fərqli ifadə verir. Bu mövqe ilə bağlı məhkəmə qənaətə gələrkən xüsusi olaraq vurğulayır ki, videoçəkilişlə aparılan şəxsi axtarışı zamanı Təqsirləndirilən şəxs tam sərbəst şəkildə külli miqdarda qurudulmuş marixuananı məhz satış məqsədilə əldə etdiyini və aldığı qurudulmuş marixuananın hər kiloqramına görə 1000 manat olmaqla ümumilikdə 4 kiloqrama 4000 manat ödədiyini, sonradan satış prosesində hər 100 qram marixuananı aldığından 100 manat artığına – hər 100 qramını 500 manata satmağı hədəflədiyini səmimi etiraf edir. Bundan sonra ibtidai istintaq orqanına da məhz həmin çəkidə qurudulmuş marixuana əldə etməsi ilə bağlı ardıcıl etiraf ifadələri verir, amma sonradan yalnız satış məqsədini inkar edir. Satış məqsədini inkar edən, gecə saat 04:30 radələrində üzərində 85 qram qurudulmuş marixuana ilə küçədə saxlanan Təqsirləndirilən şəxs bu fərziyyəsini yalnız onunla əsaslandırır ki, özü istifadçi olduğundan uzun müddətə ehtiyacını ödəmək məqsədilə birdəfəlik bu çəkidə qurudulmuş marixuana almışdır. Məhkəmə, mövcud sübutlar məcmusunu nəzərə almaqla təqsirləndirilən şəxsin bu mövqeyini tam əsassız hesab edir və onun bu mövqeyinin külli miqdarda qurudulmuş marixuananı satış məqsədi ilə əldə etmə əməlinə görə cinayət qanununda nəzərdə tutulmuş daha ağır cəzadan yayınmaq niyyətindən irəli gəldiyini qeyd edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 09 mart 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 17, 83-88). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 4159,6 qram təşkil edən qurudulmuş marixuana və bir ədəd “Everest” markalı elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, yaşadığı mənzildə axtarış və götürmə aparılması ilə bağlı videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 41,174). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 09 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 4159,6 qram təşkil edən qurudulmuş marixuana və bir ədəd “Everest” markalı elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, yaşadığı mənzildə axtarış və götürmə aparılması ilə bağlı videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın; Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-478/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-478/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver