Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-479/2021 20.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məsləhətçi Eyvazov Həsən Haqverdi oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1980-cı il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Cəlilabad şəhəri, Azərbaycan küçəsi, ev 15, mənzil 21-də qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.B.Zərdabi küçəsi, döngə 2, ev 41-də yaşamış, xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.B.Zərdabi küçəsi, döngə 2, ev 41 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs «xxxx» ASC-yə məxsus «Birkart» bankomat kartını hesabdan pul çıxarması üçün istəmiş, sonuncu, hesabdan çıxarılmış əvvəlki kreditlərin ödənilmədiyini deyib həmin kartı ona vermək istəmədikdə, bu zəmində aralarında yaranmış mübahisə zamanı evdə olan yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü qızı Şahid1 gözü qarşısında xüsusi amansızlıq göstərərək mətbəxdən götürdüyü soyuq silah hesab olunmayan məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sol qarın nahiyəsindən qəsdən bir dəfə vuraraq ona qarın nahiyəsinin sol yarısının periton boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, həmin vaxt yetkinlik yaşına çatmayan qızı Şahid1 ona "anamı vurma" sözlərini deməsinə əhəmiyyət verməyərək, xüsusi amansızlıqla müşaiyət olunan hərəkətlərini davam etdirib əlindəki bıçaqla qəsdən yenidən Zərərçəkmiş şəxs sağ çiyninin arxa nahiyəsinə bir dəfə vuraraq, ona sağ çiyin qurşağının arxa səthinin bir ədəd deşilmişkəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmiş, beləliklə də, Zərərçəkmiş şəxs sağlamlğına qəsdən xüsusi amansızlıqla ağır zərər vurmuşdur. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2006-cı ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuş və birgə nikahdan iki övladı vardır. Hadisə ittiham aktında qeyd olunan kimi baş verməmişdir. O, kiçik ticarətlə məşğul olub ailəsini dolandırmış, lakin yoldaşı Aytən onu evdə kişi kimi qəbul etməmiş, nə istəmişdirsə, onu da etmişdir. O, son vaxtlar yoldaşı Aytəndən şübhələnmiş, bu səbəbdən arvadından telefonunu istəmiş, lakin Aytən telefonu verməmiş və “yaxşı edirəm, sənə nə" deyərək cavab vermişdir. O, bundan sonra əsəbləşib stolun üstündəki mətbəx bıçağını götürərək Aytəni iki dəfə vurmuşdur. Aytən evdən qaçaraq qonşu Fatmagilə getmiş, o da, bıçağı evə ataraq oradan evdən çıxıb həyat yoldaşını bıçaqla vurması barədə «102» xidmətinə məlumat vermişdir. Daha sonra o, könüllü polisə gedərək təslim olmuşdur. Sualları cavablandıran Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini qismən təsdiq etdiyini, Aytənin telefonunda başqa kişi nömrəsi tapdığına görə onu vurduğunu, hadisənin yaşadıqları evdə baş verdiyini, Aytənə iki bıçaq zərbəsi vurduğunu, həmin vaxt qızı Nəzrinin də orada olduğunu, bıçağı mətbəxdən götürdüyünü, aralarında olan mübahisənin təxminən 20-25 dəqiqə ərzində davam etdiyini, son zamanlar Aytənin başqa kişilərlə danışmasından şübhələndiyini, həmin nömrələrə zəng vursa da, heç kimin cavab vermədiyini, mübahisə vaxtı Aytənnin ona əcəb etdiyini və kiminlə istəsə danışacağını, Aytənin Fəqan adlı şəxslə sevgi münasibətində olduğunu, Fəqanla bu barədə danışdığını, lakin sonuncunun belə bir şey olmadığını ona dediyini, arvadının Fəqanla münasibətləri barədə dostu Zamiqin hər şeyi ona danışdığını, o, Aytəni vuranda vuranda qızı Nəzrinin "anamı vurma" sözlərini demədiyini və ona yalvarmadığını, Aytənlə 16 ildir ki, ailəli olduqlarını, əvvəllər bir dəfə boşansalar da, sonradan uşaqlara görə yenidən barışıb birgə yaşamağa davam etdiklərini, Aytənlə ailə həyatı qurduğuna görə peşman olduğunu məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə 2005-ci ildə ailə qurmuş və onların birgə nikahdan iki övladı vardır. Ailə həyatı qurduqdan sonra Eminlə münasibətləri yaxşı olmamış, birlikdə yaşadığı dövrdə sonuncu qısqanc olduğu üçün münasibətləri pozulmuşdur. Hətta 2010-cu ildə o, Eminlə rəsmi qaydada boşanmışdır. Lakin sonrdan azyaşlı övladları olduğu üçün yenidən barışmışlar. xx xxxxxx 2020-ci il tarixdə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxsla yenidən barışaraq nikaha daxil olmuşlar. Lakin sonradan yenə də Eminlə aralarında tez-tez mübahisələr baş vermişdir. Emin ona məxsus mobil telefona tez-tez baxaraq guya onun kiminləsə danışdığını fikirləşmiş, bu səbəbdən dəfələrlə mübahisələri olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində evdə olarkən Emin onda olan «Birkart»ı istəmiş ki, hesabdan pul çıxaracağını bildirmişdir. Lakin o, buna etiraz edərək kartı Eminə verməmişdir. Bu zaman Eminlə aralarında yenidən mübahisə düşmüş, mübahisə zamanı Emin onun mobil telefonunu götürüb oradakı nömrələrlə maraqlanmışdır. O isə, həmin mobil nömrələrin onun övladları onlayn dərs keçdiyi üçün qrupda olan şəxslərin nömrələri olduğunu bildirmişdir. O, Eminin hərəkətlərinə əsəbləşmiş və ərinə «bəsdir, bezdirmisən məni» deyərək cavab qaytarmışdır. Bu anda Emin stolun üzərində olan qara dəstəkli bıçağı götürərək onun üstünə hucum etmiş, qarnının sol tərəfindən bıçaqla vurmuşdur. Bu zaman qızı Nəzrin Eminin üstünə gedərək, sonuncuya «anamı vurma» deyərək yalvarmış, lakin buna baxmayaraq Emin yenə də onun boynunun sağ tərəfindən tutaraq bıçaqla daha bir dəfə vurmuşdur. Sonra Emin həyətə çıxaraq balta gətirəcəyini demiş, o isə, Eminin bayıra çıxmasından istifadə edib həyətə qaçaraq qonşusu Fatmagilə getmişdir. Fatma onun vəziyyətini görüb dərhal Bakı şəhərindəki Respublika xəstəxanasına aparmış, həkimlər ona ilk tibbi yardım göstərmişlər. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs göstərdi ki, onun guya kimlərləsə əlaqəsi olması barədə ərinin dediyi fikirlər tamamilə yalandır, o, mobil telefonla heç kimlə danışmamış və başqa kişilərlə münasibəti olmamışdır. Hadisə günü Eminin onu vurmasına səbəb ondan pul çıxarmaq üçün kartı istəməsi və onun Eminə pul verməməsi olmuşdur. Emin ona bıçaq zərbəsi vurduqdan sonra qızı Nəzrin aralarına girib onları araladığından əri ona qarşı hərəkətlərini dayandırmış, o da bundan istifadə edərək qonşusu Fatmagilə qaçmışdır. Hadisə vaxtı evdə qızı Nəzrindən başqa heç kim olmamış, aralarında olan mübahisə təxminən 15-20 dəqiqə davam etmişdir. Mehman onun xalası oğludur və sonuncu ilə onun qardaş-bacı münasibətləri vardır. Fəqan Eminin iş yoldaşıdır, lakin onun nə Mehman, nə də Fəqanla heç biri ilə gizli münasibəti olmamışdır. Xəstəxanada müalicə olunduğu müddətdə Eminin ailəsi və başqa qohumları onunla maraqlanmamış, hələ də Emin və ailə üzvləri tərəfindən ona olan təhdidlər davam etdirilir. Buna görə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi bağışlamadığını, onun qanun qarşısında cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində bildirdi ki, hadisəyə qədər atası Təqsirləndirilən şəxs və anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində yaşadığı evdə olmuş, bu zaman atası Emin anasından 100 manat pul istəmiş, anası Aytən isə ona pulunun olmadığını demişdir. Bu səbəbdən onların arasında mübahisə baş vermiş və atası Emin anasından onda olan «birkart»ı pul çıxarmaq üçün istəmişdir. Anası kartı vermək istəməmiş, buna görə valideynlərinin arasında mübahisə baş vermişdir. Mübahisə zamanı atası Emin anasına məxsus mobil telefonu stolun üstündən götürərək baxmağa başlamış, anasını başqa şəxlərlə danışdığını bildirmişdir. O, araya girib mübahisəni sakitləşdirmək istəyərkən, atası stolun üstündəki bıçağı götürüb anasının qarın nahiyəsindən bir dəfə vurmuşdur. Anası Aytən qışqırıb küçəyə çıxmaq istəyərkən atası daha bir dəfə anasının kürəyindən vurmuşdur. O, yalvararaq atasını anasından ayırmaq istəmiş, atası gedib balta gətirəcəyini demiş, anası da imkan tapıb onunla birlikdə qonşusu Fatiməgilə getmişdir. Oradan qonşu onun anasını Bakı şəhəri Respublika xəstəxanasına aparmışdır. Sualları cavablandıran Şahid1 bildirdi ki, özü başa düydüyü vaxtdan onların evində həmişə valideynləri arasında mübahisələr olmuş, atası Emin anasını onun gözləri qarşısında evdə vurmuş, həmin vaxtı evdə onlardan başqa heç kim olmamışdır. Məhkəmə iclasında dindirilən Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs xalası qızıdır. Onunla münasibətləri bir xala qızı kimi yox, bacı kimi yaxşı olmuş, aralarında başqa heç bir münasibət olmamışdır. O, xalası qızı Aytənlə heç bir formada əlaqədə olmamış, sonuncu onun bacısıdır və Eminin guya Aytənin onunla gizlin şəkildə gbrüşməsi barədə göstərdikləri tamamilə cəfəngiyyatdır. Məhkəmə iclasında Şahid2 ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. O, həmin ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Onunla münasibətləri bir qonşu kimi həmişə normal olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 10 radələrində evində olarkən küçədən qışqırıq səsi gəldiyini eşidib bayıra çıxmaq istəmiş, bu zaman qonşusu Aytən onların həyətinə daxil olaraq həyat yoldaşı Eminin onu bıçaqla vurduğunu bildirmişdir. Aytənin qarnına və çiyin hissəsinə baxanda görmüşdür ki, onun qarnında və çiynində xəsarət vardır. Dərhal Aytəni taksiyə mindirib Respublika xəstəxanasına aparmış, orada həkimlər Aytənə ilk tibbi yardım göstərmişdir. Həmin vaxtı Aytənin üst köynəyi qanlı olduğu üçün həmin köynəyi onların evinə apararaq oradan yeni köynək gətirib Aytənə vermişdir. Xəstəxanya aparıb qayıdarkən polis əməkdaşları ilə birlikdə Aytənə məxsus evə baxış keçirilmiş, o da, baxışda iştirak etmişdir. Həmin vaxtı müstəntiq və polis əməkdaşları Aytənə məxsus qısaqol köynəyi və 1 ədəd bıçağı götürmüş, o da, həmin vaxt baxışda iştirak edərək protokola imza etmişdir. O, Aytənin həyat yoldaşı Emin tərəfindən hansı səbəbə vurulmasını bilmir, sonuncuların evində münaqişə olmasından isə xəbərdar olmuşdur. Belə ki, Aytənin deməsinə görə, əri Emin onu çox qısqanır, lakin hadisə vaxtı onlarda olmadığı üçün aralarında münaqişənin hansı səbəbdən yaranmasını bilmir (cild 1, iş vərəqi 82-83). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında həmin istintaq hərəkəti keçirilərkən, Zərərçəkmiş şəxs ifadəsində xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində evdə olarkən Eminin ona İsmayıllı rayonundan gələrkən pul gətirib-gətirmədiyini soruşduğunu, o isə, Eminə pul gətirmədiyini dediyini, sonradan onda olan «Bir kart»dakı hesabdan pul çıxarmaq istəməsini bildirdiyini, o, buna etiraz etdikdə, aralarında sözlə mübahisə baş verdiyini, mübahisə zamanı Eminin onun mobil telefonunu götürüb telefonda olan nömrələrlə maraqlandığını, o isə, nömrələrin onun övladları onlayn dərs keçdiyi üçün qrupda olan şəxslərin nömrələri olduğunu dediyini, belə olduqda, Eminin hərəkətlərinə əsəbləşib ona «bəsdir, bezdirmisən məni» dediyini, bu anda Eminin stolun üstündə olan qara dəstəkli bıçağı götürərək onun üstünə hucum edib qarnının sol tərəfindən bıçaqla vurduğunu, bu anda qızı Nəzrinin ərinin üstünə gedib, sonuncuya «anamı vurma» deməsinə baxmayaraq, Eminin yenə də onun boynunun sağ tərəfindən tutaraq bıçaqla bir dəfə dəvurduğunu, sonra Eminin həyətə çıxaraq balta gətirəcəyini dedikdə, o, Eminin bayıra çıxmasından istifadə edib, qonşu Fatmagilə getdiyini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmişdir (cild 1, iş vərəqi 116-118). Cinayət işinə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət hadisəsi ünvan 1 ünvanında baş vermişdir. Hadisə yerinə baxış zamanı yataq otağının giriş qapısının qarşısında üzərində qan ləkələri olan 1 ədəd mətbəx bıçağı aşkar edilərək götürülmüşdür. İstintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 7-12). Cinayət işində olan xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında aralarında yaranmış ailə-məişət münaqişəsi zəminində baş vermiş mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyi yeri, eyni zamanda hadisədən sonra cinayətdə istifadə etdiyi bıçağı atdığı yeri əyani olaraq göstərmiş və analoji ifadə vermişdir. İstintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 119-120). Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1603 saylı rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - kəskin qanitirmə ilə müşaiyət olunan qarın nahiyəsinin sol yarısının periton boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, sağ çiyin qurşağının arxa səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası iti deşici-kəsici alətin təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə, yəni xx.xx.2020-ci il tarixə uygun gəlir. Dərəcəsinə görə: - qarın nahiyəsinin sol yarısının periton boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir; - sağ çiyin qurşağının arxa səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (cild 1, iş vərəqi 102-104). Məhkəmə kompleks trassoloji və kriminalistik ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 410/2020 MTKŞ saylı rəyinə əsasən, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol orta nahiyəsində bir ədəd, köynəyin arxa hissəsinin sağ yuxarı nahiyəsində bir ədəd, köynəyin arxa hissəsinin sol yuxarı nahiyəsində bir ədəd, köynəyin kapüşonunun üst hissəsində üç ədəd və köynəyin sol yan cibinin üzərində iki ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlələ malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur (cild 1, iş vərəqi 105-109). İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli şəxsin könüllü gəlməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 14:00-da Abşeron RPİ-nin Növbətçi hissəsinə könüllü gələrək, həmin gün saat təxminən 11 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.B.Zərdabi küçəsi, döngə 2, ev 41 ünvanında yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs aralarında baş vermiş mübahisə zamanı bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişdir (cild 1, iş vərəqi 15). İbtidai istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən, Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək və bir ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron rayon Polis idarəsinin maddi sübutlar saxlancı ambarına təhvil verilmişdir (cild 1, iş vərəqi 122-129). İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən və Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 1(012)-221/2009 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat cərimə cəzasına məhkum edilmiş və xx xxxxxx 2010-cu il tarixdə cəriməni tam ödəmişdir (cild 1, iş vərəqi 64-65, 90-92). Qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar iüəyyən edilmədi. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin olunması məsələsini müzakirə edərkən belə nəticəyə gəlir ki, bu zaman Cinayət Məcəlləsinin 60-cı maddəsinin müddəaları rəhbər tutulmalıdır. Belə ki, həmin maddənin tələbinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2012-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin «könüllü gəlib təqsirini boynuna alma» müddəası törədilmiş və hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən, adı çəkilən şəxs həmin tarixdə Abşeron rayon Polis idarəsinə könüllü gələrək törətdiyi cinayət hadisəsi barədə məlumat vermiş, həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 15, 24). Həmçinin Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə maddi sübutlar - Abşeron rayon Polis idarəsinin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək və bir ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı məhv edilməlidir. İş üzrə məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Abşeron rayon Polis idarəsinin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək və bir ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı məhv edilsin. İş üzrə məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-479/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-479/2021
20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver