Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-479/2024 19.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15 : 00 - da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, X4 və X10 oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşavirləri Dövlət ittihamçısı, X6, ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən mənbədən və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 2035.284 qram, kustar üsulla hazırlanmış narkotik vasitə marixuananı əldə edib üzərində saxlamaqla daşımış və yaşadığı evdə saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 03 fevral 2023-cü il tarixdə saat 12:00-da Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsinin yaxınlığında saxlanılıb Baki şəhəri, ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı əynində olan tünd göy rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd üzərində “Argo” yazısı olan ağ rəngli siqaret qutusunun içərisində, külli miqdarda, təmiz çəkisi 5.284 qram kustar üsulla hazırlanmış, qurudulmuş, narkotik vasitə marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq, yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə keçirilən baxış və götürmə istintaq hərəkətləri zamanı həmin evin mətbəxində olan dolabın içərisində, 01 ədəd bağlamada, külli miqdarda, təmiz çəkisi 2030 qram, kustar üsulla hazırlanmış, qurudulmuş, narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Ravil adlı dostu ilə birlikdə Yeni Suraxanı ərazisində Ravilin yaşadığı evin həyətində avtomobil təmiri ilə məşğul olmuşdur. Belə ki, onun özü dəmirçi işləmiş, Ravil isə rəngsaz kimi fəaliyyət göstərmişdir. 2023-cü ilin yay aylarının əvvəlində, səhər saatlarında dostu Ravillə birlikdə avtomobil ehtiyat hissələri almaq üçün “maşın bazarına” getməyi planlaşdırmışlar. Həmin gün səhər Ravilin yanına getmek üçün evdən çıxmış, əvvəlcə zibilləri atmış, daha sonra geri qayıdanda bir nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşmışdır. Həmin şəxs vəsiqəsini ona göstərərək, özünü təqdim etmiş və AR DİN-nin BNMİ-nin əməkdaşı olduğunu ona bildirmişdir. Həmin şəxs onun narkotik vasitələri və ya psixotrop maddələri daşımada şübhəli olduğunu bildirib polis bölməsinə getməyi demişdir. O da məsələni aydınlaşdırmaq üçün polis bölməsinə getməyə etiraz etməmişdir. Bu zaman qara rəngli bir avtomobil yaxınlaşmış və onu zorla həmin maşına mindirmişlər. Bu zaman bir qədər əvvəl onunla danışan polis əməkdaşından əlavə, iki nəfər polis əməkdaşı yaxınlaşmışlar. Həmin əməkdaşların haradan gəldiklərini görə bilməmişdir. Avtomobilə əyləşdirildikdən sonra onun qoluna qandal vurulmuş və sonradan yaxınlaşan 2 nəfər polis əməkdaşından biri onun evinin həyətinin hasarından içəriyə tullanmışdır. Polis əməkdaşı çöl qapını açmış və digər polislər də həyətə daxil olmuşlar. Həmin polislər evin qapısını döyməyə başlamış, onun həyat yoldaşı qorxu içərisində qapını açmış və polislər evə daxil olmuşlar. Polislər onun yaşadığı evi alt-üst etmiş, lakin heç bir şey tapa bilməmiş və geri qayıdaraq, onu yenidən avtomobilə mindirib 31-ci polis bölməsinə aparmışlar. Polis bölməsində ona daha əvvəl görmədiyi bir polis əməkdaşı yaxınlaşmış, həmin polis əməkdaşı, bir nəfər polisin onun evinə gedərək, evə əvvəlcədən bir ədəd paket yerləşdirəcəyini və videoçəkiliş zamanı, həmin paketin ona məxsus olduğunu deməsini diktə etmişdir. O, həmin polisə cavabında “etməsəm nə olar?” dedikdə, bu zaman onu evinin qabağında saxlayan polislərdən ikisi, yaxınlaşaraq, onu döyməyə başlamışlar. Başında olan çapıqlar da həmin hadisə nəticəsində yaranmışdır. Polis əməkdaşları onu xeyli döymüş, daha sonra o, yıxılmış və başı mebelin tininə dəymişdir. Bu zaman onun başından qan açılmış, polislər yalnız bundan sonra onu döyməyi dayandırmışlar. Bundan sonra o, inzibati binada başqa bir otağa salınmış, Nurlan adlı polis əməkdaşı otağa gəlmiş və ona soyunmağı əmr etmişdir. O, tam soyunmuş, Nurlan onun çılpaq vəziyyətdə şəkillərini və videolarını çəkmişdir. Nurlan ona dediklərini etməsə, həmin materialları internet resurslarına yerləşdirəcəkləri və onu biabır edəcəkləri ilə hədələmişdir. O, yalnız bundan sonra polislər ilə razılaşmışdır. O, təxminən 30-40 dəqiqə müvəqqəti saxlama yerində saxlanılmış və sonra post-patrul maşınına mindirilərək, evinin qabağına gətirilmişdir. Evin qarşısında videoçəkiliş başlamış, polislərdən biri evin açarlarını ona vermiş və videoçəkiliş zamanı evə baxış keçirilməsinə etiraz etmədiyini deməsini ona tapşırmışdır. Videoçəkilişdə o, evə daxil olaraq, dolabın içərisində olan, qara rəngli paketi çıxarmış, paketin ağırlığının ona deyiləndən daha çox olduğunu hiss etmişdir. O, bu zaman polislərin qurduğu planın nəticəsinin onun üçün çox ağır olacağını hiss etmişdir. O, bu səbəbdən paketin ona məxsus olmadığını demiş, bu zaman polislər videoçəkilişi dayandırmışlar. Polislərdən biri ona “əşi narahat olma bu çaydır” deyə bildirmiş, o, inanmamış və polislərdən paketi açmalarını xahiş etmişdir. Paket açılmış və o, paketin içində həqiqətən çay olduğunu görmüşdür. O, həmin predmeti qoxlamış və qoxusunun da həqiqətən iri ləpəli çay qoxusu olduğunu hiss etmişdir. Daha sonra polislər onu çölə çıxarmış və videoçəkiliş eyni ardıcıllıq üzrə başdan başlamışdır. O, ikinci videoçəkilişdə paketin özünə məxsus olduğunu demiş və videoçəkiliş bitdikdən sonra onu yenidən 31-ci polis bölməsinə aparmışlar. Polis bölməsinə gətirildikdən sonra artıq ona qarşı olan davranış tamamilə başqa cür olmuş, çünki artıq polislər öz işlərini həll etmiş və ona daha humanist münasibət göstərmişlər. O, daha sonra Suraxanı rayon Polis İdarəsinə aparılmış və vəkil gələrək ondan döyülüb-döyülmədiyini soruşmuş, o da bu andan sonra müdafiəçinin ona heç bir faydası olmayacağını bilmişdir. Ona görə də orada qorxudan müdafiəçiyə döyülmədiyini və ona qarşı heç bir zorakılıq olmadığını bildirmişdir. Lakin o, Suraxanı RPİ-də olarkən yumruq zərbələrindən başı şişmiş, ayağı axsamış, məhz buna görə də vəkil orada onun döyüldüyünü hiss edərək ondan başının nəyə görə qan içərisində olması barədə soruşmuş, o isə vəkilə buna əhəmiyyət verməməsini bildirmişdir. Təqsirləndirilən şəxs suallara cavab olaraq göstərdi ki, saxlanıldığı polis idarəsində yalnız post-patrul əməkdaşlarını tanımış, digər polis əməkdaşlarını tanımamışdır. Onun polislərlə arasında heç bir ədavət və düşmənçilik olmamışdır. O, belə ehtimal edir ki, hadisədən bir neçə ay əvvəl yaşadığı məhəllədə olan sosial infrastruktur ilə bağlı problemlər səbəbilə mətbuat nümayəndələrinə müsahibə verməsi səbəbindən bu hadisələr başına gəlmişdir. O, polis idarəsində ona qarşı baş verən zorakılıqla bağlı heç bir orqana müraciət etməmişdir. O, həmçinin barəsində ibtidai istintaq dövründə “həbs” qətimkan tədbiri seçilmədiyi üçün məhkəmədə olmamışdır. O, adi infrastruktur problemlərini işıqlandırdığına görə başına gələnlərdən sonra düşünmüşdür ki, zorakılığa məruz qalması ilə bağlı müraciət edəcəyi halda, daha pis hadisələr ilə qarşılaşa bilər. O, hazırki cinayət işində təqsirləndirildiyi dövrdə Moskva şəhərinə getmişdir. O, polis idarəsində qarşılaşdığı zorakılıqla əlaqədar olaraq heç bir xəstəxanaya müraciət etməmişdir. O, bu hadisədən bir müddət sonra küçədə gedərkən hücuma məruz qalmış və telefonu, paltarları və əşyaları oğurlanmışdır. O, 31-ci polis bölməsinə müraciət etmiş, lakin nə telefonu, nə də əşyaları tapılmamışdır. O, şübhəli şəxs kimi saxlanıldıqdan sonra onun evində videoçəkiliş aparılmışdır. Polis bölməsində onun şəkilləri çəkilmişdir. O, saxlanılan zaman avtomobil gəlməzdən qabaq ona bir nəfər polis əməkdaşı yaxınlaşmış, sonra avtomobilə iki nəfər polis əməkdaşı gəlmişdir. İlk yaxınlaşan şəxs ona özünü təqdim etmiş və polis bölməsinə gedərək məsələni araşdırmağı ona təklif etmişdir. Polis əməkdaşı ona narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmişdir. Polis əməkdaşı ona sadəcə vəsiqəsini təqdim etmişdir. Onu saxlayan polis əməkdaşlarının hamısı mülki formada olmuşdur. Sonradan gələn polis əməkdaşları isə onunla ümumiyyətlə söhbət etməmişdir. Sonradan gələn polis əməkdaşlarından biri hasardan içəriyə tullanmış, digərləri onun yanında qalmışdır. Polislər onu avtomobilə oturtmuş, sonra onu 31-ci polis bölməsinə aparmışlar. Bölmədə onun üzərinə baxış keçirilmiş, vəkildən imtina etməsə də baxış zamanı müdafiəçi ilə təmin olunmamışdır. Baxış zamanı onun üzərindən 1 paket siqaret və alışqan aşkar olunmuşdur. O, saxlanılan zaman üzərinə baxış keçirilməmiş, baxış yalnız polis bölməsində keçirilmişdir. Baxış zamanı onun üzərindən aşkar olunan siqaret paketini və alışqanı daha sonra özünə geri qaytarmışlar. Ona məxsus siqaret paketinin içərisində, polis əməkdaşları tərəfindən siqaret kağızına bükülmüş, tərkibi ona məlum olmayan predmet olmuşdur. Polislər həmin predmetin də ona məxsus olmasına dair sənədi ona imza etdirmişlər. O, evdə heç bir narkotik maddə olmadığını polis əməkdaşlarına bildirmişdir. Evin açarları polis əməkdaşlarında olmuş, lakin, polislər ilk dəfə onu saxlayan zaman evin açarlarını götürmüşlər. Həmin zaman evdə onun həyat yoldaşı və övladı da olmuşdur. Polislər ikinci dəfə evə gələn zaman onun ailə üzvləri evdə olmuş, lakin, polislər ailə üzvlərini çölə çıxartmışlar. Evdə çəkiliş zamanı aşkar olunan və narkotik maddəyə bənzəyən predmet təbii çay olmuşdur. Həmin çay qablaşdırılaraq zərfə qoyulmuş və möhürlənmişdir. Videoçəkiliş iki dəfə olmuş, hər iki videoçəkiliş evdə baş tutmuşdur. O, videoçəkiliş zamanı polis əməkdaşlarının şkafa nə isə qoyduqlarını görməmiş, Polislərdən biri ona bir nəfər polis əməkdaşının evə gedərək, narkotik maddəni evə yerləşdirəcəyini demişdir. Lakin o, həmin polis əməkdaşını məhkəmədə görməmişdir. Həmin polis mülki geyimdə olmuş və videoçəkilişdə iştirak etmişdir. Ehtimal edir ki, həmin maddəni polis əməkdaşlarının özləri evə yerləşdirmişdir. Baxışdan sonra siqaret paketinin içərisinə həmin maddə yerləşdirilmişdir. Siqaret paketi daha sonra onun özünə qaytarılmış, lakin o, paketin içərisinə baxmamışdır. Vəkil ondan döyülüb-döyülmədiyini və hər hansı şikayətinin olub-olmadığını soruşmuşdur. O, isə cavabında döyülmədiyini və şikayətinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş AR DİN-in Suraxanı RPİ-nin PPXB-nin polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid1 və sahə müvəkkili Şahid2 əməliyyat tədbiri keçiriləcəyini, onların da həmin əməliyyatda iştirakının vacib olduğunu qeyd etmişlər. O, hadisənin üzərindən kifayət qədər uzun vaxt keçdiyi üçün əməliyyatın keçirildiyi günü və saatı hazırda xatırlamır. Onlar əməliyyat qrupu ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsinə getmiş və vətəndaş Təqsirləndirilən şəxs evdən çölə çıxan zaman Təqsirləndirilən şəxs saxlayıb, özlərini təqdim etmiş və onlarla birlikdə 31-ci polis bölməsinə getməli olduğunu Təqsirləndirilən şəxs bildirmişlər. Daha sonra vətəndaşın üzərinə keçirilən şəxsi axtarışda o da iştirak etmiş və Təqsirləndirilən şəxs üzərindən narkotik maddə aşkar olunmuşdur. Narkotik maddə tərkibi və mənşəyi aşkar edilməsi üçün ekspertizaya göndərilmişdir. Lakin vəzifə səlahiyyətlərinə aid olmadığına görə hadisələrin sonrakı gedişatı barədə yetəri qədər məlumatı olmamışdır. Təqsirləndirilən şəxsin üzərindən şəxsi axtarış və baxış zamanı narkotik maddə aşkar olunmuşdur. Aşkar olunmuş narkotik maddə ota bənzəmiş, təqsirləndirilən şəxs ilkin olaraq aşkar olunan narkotik maddənin marixuana olduğunu və özünə məxsus olduğunu bildirmişdir. O, əməliyyat tədbirlərində iştirak etmişdir. Evin içərisindən də narkotik maddə aşkar olunmuş, ona əməliyyat tədbirində iştirak edəcəyi barədə məlumat verildikdə o, ərazidə xidmətdə olmuşdur. O, əməliyyat keçirilməmişdən əvvəl hər-hansı bir sənədlə tanış olmamış və əməliyyat keçirilməmişdən əvvəl hər-hansı bir sənədə imza etməmişdir. O, şübhəli şəxs saxlanılmamışdan əvvəl nə qədər müddət güdüldüyünü xatırlamır, lakin, şübhəli şəxs evdən çıxmamışdan qabaq əməliyyat qrupu onu gözləmişdir. Təqsirləndirilən şəxs evdən çıxarkən yanında başqa şəxs olub-olmadığını, saxlanılarkən onunla söhbət edib-etmədiyini xatırlamır. Onlar əməliyyat tədbirinə avtomobillə getmiş, avtomobildə 3 nəfər, o, Şahid4 və Şahid5 olmuşdur. O, şübhəli şəxsin saxlanılandan neçə dəqiqə sonra bölməyə aparıldığını hadisənin üzərindən kifayət qədər vaxt keçdiyi üçün xatırlamır. Onlar Təqsirləndirilən şəxs saxladıqdan sonra birbaşa bölməyə gəldiklərini, yoxsa evə girdiklərini xatırlamır. O, şübhəli şəxsin üzərinə keçirilən baxışda iştirak etmişdir. Şübhəli şəxsin üzərinə keçirilən baxış zamanı onun üzərindən narkotik maddədən başqa hər hansı əşya aşkar olunub-olunmadığı yaddaşında qalmamışdır. O, evə keçirilən baxış zamanı evin ətrafında olmuşdur. O, şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokola imza etmişdir. Mənzilə baxış keçirilmiş və videoçəkiliş aparılmış, o, mənzilə baxış keçirilən zamanı iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik maddə aşkar edilərkən nə isə dediyini, həmçinin, Təqsirləndirilən şəxs öz evində narkotik maddə olub-olmaması barədə əməliyyat qrupu rəhbərinin ondan nə isə soruşduğunu xatırlamır. O, mənzilə baxış keçirilməsi zamanı iştirak etmişdir, lakin, evə daxil olubolmadığını xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş AR DİN-in Suraxanı RPİ-nin PPXB-nin polis nəfəri Şahid4 ifadəsində göstərdi ki, onlar Yeni Suraxanı ərazisində avto-patrul xidməti aparan zaman əməliyyat qrupuna kömək məqsədilə, əməliyyat tədbirinə cəlb olunmuşlar. Əməliyyat qrupu ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsinə getmiş və vətəndaş Təqsirləndirilən şəxs saxlayıb, özlərini təqdim etmiş və onlarla birlikdə 31-ci polis bölməsinə getməli olduğunu Təqsirləndirilən şəxs bildirmişlər. Daha sonra vətəndaşın üzərinə keçirilən şəxsi axtarışda o da iştirak etmiş və Təqsirləndirilən şəxs üzərindən narkotik maddə aşkar olunmuşdur. Narkotik maddə tərkibi və mənşəyi aşkar edilməsi üçün ekspertizaya göndərilmişdir. Lakin, vəzifə səlahiyyətlərinin dairəsinə görə hadisələrin sonrakı gedişatı barədə yetəri qədər məlumatı olmamışdır. Əməliyyatda ondan başqa Şahid3 və Şahid5 adlı əməkdaşlar iştirak etmişlər. “Əməliyyat tədbirinin keçirilməsi” barədə qərar ilə tanış olub-olmadığını, “Əməliyyat qrupunun yaradılması” haqqında protokola imza edib-etmədiyini, “Əməliyyat qrupunun yaradılması” haqqında əmr ilə tanış olub-olmadığını, “Şəxsi axtarış” istintaq hərəkətinin kimin tərəfindən aparıldığını xatırlamır. Şəxsi axtarışda ondan başqa Şahid3 və Şahid5 iştirak etmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, videoçəkilişin mobil telefon və ya video aparatla aparıldığı yaddaşında qalmamışdır. O və digər əməkdaşlar zərfə ad-soyadlarını yazıb imza etmişlər. Şübhəli şəxsin üzərindən şəxsi axtarış zamanı başqa hər hansı bir əşya aşkar olunub-olunmadığını xatırlamır. Videoçəkilişdən sonra onlar hadisə yerinə qayıtmışdır. Onlar hadisə yerinə qayıdan zaman məhəllədə dayanmış, mənzilə daxil olmamışdır. O, müstəntiqə sərbəst şəkildə ifadə vermiş, müstəntiqə ifadə verərkən otaqda onlardan başqa heç kim olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş AR DİN-in Suraxanı RPİ-nin PPXB-nin polis nəfəri Şahid5 ifadəsində göstərdi ki, xidmətdə olan zaman 2 nəfərdən ibarət əməliyyat qrupunun yaradılması, onların da kömək məqsədilə əməliyyat qrupuna daxil edilməsi və protokola adlarının əlavə olunması barədə onlara məlumat verilmişdir. Onlar əməliyyat qrupu ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsinə getmiş və vətəndaş Təqsirləndirilən şəxs saxlayıb, özlərini təqdim edərək, onlarla birlikdə 31-ci polis bölməsinə getməli olduğunu ona bildirmişlər. Daha sonra vətəndaşın üzərinə keçirilən şəxsi axtarışda digər əməkdaşlar iştirak etmiş, lakin, o, yenidən avto-patrul xidmətinə qayıtmış və şəxsi axtarışda iştirak etməmişdir. İdarədə şəxsi axtarış keçirildikdən sonra onlar Təqsirləndirilən şəxs evinə yollanmışlar. Evə baxış zamanı o da iştirak etmiş, evə baxış keçirildikdən sonra yenidən işlədiyi idarəyə qayıtmışdır. O, “Əməliyyat qrupunun yaradılması” haqqında əmr ilə tanış olub-olmadığını xatırlamır. Belə ki, o, əməliyyat qrupunun üzvü olmamış, əməliyyat zamanı kömək məqsədilə avtomobildə əyləşmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışda iştirak etməmişdir. İbtidai istintaq zamanı müstəntiqə ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş AR DİN-in Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və onlar əməliyyat qrupu ilə birlikdə Yeni Suraxanı ərazisində şübhəli şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğu bildirmişlər. Təqsirləndirilən şəxs Suraxanı rayon 31-ci polis bölməsinə dəvət edilmişdir. 31-ci polis bölməsində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi baxış həyata keçirilmiş və şübhəli şəxsə üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və yaxud predmet varsa, könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs cibində olan siqaret paketinin içərisindən 01 bükümdə narkotik vasitə marixuanaya bənzər predmeti onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs həmçinin yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra şübhəli şəxsin evinə də videoçəkiliş vasitəsilə baxış keçirilmiş və evdən bağlamada narkotik vasitə marixuana aşkar olunmuşdur. Əməliyyat qrupu həmin bağlamanı götürərək 31-ci polis bölməsinə yaxınlaşmışdır. Aşkar olunan narkotik maddələr zərfə qoyularaq möhürlənmiş və tərkibi tədqiq olunması üçün məhkəmə-kimyəvi ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs Yeni Suraxanı ərazisində saxlanılmış, ona qarşı hər hansı formada fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı vaxt qış ayları və təxminən günün birinci yarısı olmuşdur. Təqsirləndirilən şəxs ilkin izahatında öz əməlini etiraf etmiş və saxlanılan zaman heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs narkotiki haradan və kimdən əldə etməsi barədə suala nə cavab verdiyini hazırda xatırlamır. Aşkar olunan bağlamadan çay aşkar olunmamışdır. O, əməliyyat müvəkkili olmuşdur və Suraxanı rayonu ərazisində işləmişdir. Təqsirləndirilən şəxs yaşadığı ərazi onun xidmət göstərdiyi əraziyə daxil olmuşdur. Təqsirləndirilən şəxs barəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əvvəlcədən əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı şəxsən onun özünə daxil olmuşdur. O, əməliyyat məlumatının nədən ibarət olmasını ifadəsində qeyd etsə də, hazırda xatırlamır. Əməliyyat keçirilməsi barədə qərarı o qəbul etmişdir. Əməliyyat keçirilməsi barədə qərarda qeyd olunan xüsusatları isə hazırda xatırlamır. Əməliyyat qrupunun üzvləri post-patrul xidməti əməkdaşları və sahə müvəkkili Şahid2 olmuşdur. Əməliyyatda 3 nəfər post-patrul xidməti əməkdaşı iştirak etmişdir. Təqsirləndirilən şəxs ev ünvanı əvvəlcədən onlara məlum olmuşdur. O, Təqsirləndirilən şəxs ev ünvanını vizual olaraq göstərmiş, lakin, konkret olaraq deyə bilməmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik maddə olması barədə onlara əvvəlcədən məlumat daxil olmuşdur. Onlar hadisə yerinə avtomobillə getmişdir. Əməliyyat qrupu üzvləri əvvəlcədən əməliyyat keçirilməsi haqqında qərar ilə tanış olmuş, əməliyyat tədbirindən əvvəl qrup üzvlərinə əməliyyat barədə lazımi məlumatlar verilmişdir. Əmr qəbul olunmuş, daha sonra tədbir keçirilmişdir. Əməliyyat tədbirinin keçirilməsi haqqında əmr rəhbərlik tərəfindən imzalanmışdır. Onlar Təqsirləndirilən şəxs saxlayan zaman o, tək olmuşdur. Əməliyyat tədbirinə 2 avtomobillə getmişlər. Avtomobillərdən birini, “Kia” markalı avtomobili onun özü idarə etmişdir. Onlar əvvəlcə şübhəli şəxsə özlərini və əməliyyat keçirilməsi barədə qərarı təqdim etmişlər. Qərarın şifahi yoxsa yazılı formada şübhəli şəxsə çatdırılmasını xatırlamır. Təhqiqatçı tərəfindən şübhəli şəxsə hüquq və vəzifələri izah olunmuşdur. Şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman vəkilin iştirak edibetmədiyini hazırda xatırlamır. Səhv etmirsə vəkil şəxsi axtarışda iştirak etmişdir. Bölmədə olan əməkdaşlardan biri videoçəkilişi aparmışdır. Şübhəli şəxsin üzərindən siqaret qutusunun içərisində olan narkotik maddə aşkar olunmuşdur. Şübhəli şəxs narkotik maddəni özü təqdim etmişdir. Şübhəli şəxsin üzərindən aşkar olunan digər əşya və predmetləri hazırda xatırlamır. O, şəxsi axtarış keçirilməsi haqqında protokola imza etmiş və evdə keçirilən baxışda iştirak etmişdir. O, həmçinin evə baxış keçirilməsi protokoluna da imza etmişdir. Aşkar olunan narkotik maddə ot formasında, marixuanaya bənzəmişdir. Aşkar olunan narkotik maddə qablaşdırılmış və zərfə qoyulmuşdur. Zərfin üzərinin qablaşdırılmadan əvvəl ya sonra imzalandığını isə xatırlamır. O, Təqsirləndirilən şəxs narkotik maddəni haradan və hansı mənbədən əldə etməsi barədə verdiyi ifadə yaddaşında qalmamışdır. Təqsirləndirilən şəxs aşkar olunan narkotik maddənin mənbəyini onlar sonrakı dövrdə müəyyən edə bilməmişlər. Evə baxış keçirməyə gedən zaman, evin qapısının açıq və yaxud bağlı olduğunu, narkotik maddənin evin hansı otağından aşkar olunduğunu hazırda xatırlamır, lakin narkotik maddə şkafdan aşkar olunmuşdur. Narkotik maddə sellofan paketdə olmuş, onu, təhqiqatçı aşkar etmişdir. O, baxışda sonadək iştirak etmişdir. O, zərfin üzərini imzalamışdır. Evə baxış zamanı müdafiəçinin iştirak edibetmədiyini hazırda xatırlamır. Ekspertiza rəyinə əsasən, aşkar olunan predmet narkotik maddə olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş AR DİN-in Suraxanı RPİ-nin 31-ci PB-nin sahə inspektoru Şahid2 ifadəsində göstərdi ki, əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. O da post-patrul xidməti əməkdaşları ilə birlikdə təqsirləndirilən şəxsin yaşadığı evə getmişdir. Əməliyyat məlumatının əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs barəsində daxil olduğunu öyrəndikdə, kifayət qədər təcüblənmişdir. Çünki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunan bir sakin kimi tanımışdır. Evə keçirilən baxış zamanı evin mətbəxindən sellofan paketdə narkotik vasitə marixuana aşkar olunmuşdur. Süleyman Mikayılov ilkin ifadəsində narkotik vasitəni yaşadığı evin damında kultivasiya etdiyini və öz şəxsi istifadəsi üçün yetişdirdiyini bildirmişdir. Bundan əvvəl isə Təqsirləndirilən şəxs üzərindən siqaret paketinin içərisində narkotik vasitə marixuana aşkar olunmuşdur. Evdən aşkar olunan narkotik vasitə polis bölməsinə gətirilmiş və qablaşdırılaraq tərkibi tədqiq olunması üçün məhkəmə-bioloji ekspertizaya göndərilmişdir. O, evə gedən zaman şübhəli şəxs artıq saxlanılmışdır. Həmin ərazinin sahə inspektoru kimi daha əvvəl Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə ona hər hansı məlumat daxil olmamışdır. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitə marixuana olması barədə olmuşdur. Onlar evə baxış keçirməyə gedən zaman 2-3 nəfər post-patrul xidməti əməkdaşı da onlarla birlikdə getmişdir. Evə təxminən 4-5 nəfərdən ibarət tərkibdə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs daha əvvəl tutulmuş və üzərindən siqaret paketində marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs Şahid1 rəhbərlik etdiyi əməliyyat qrupu saxlayaraq idarəyə gətirmişdir. Onun əməliyyat barədə sonradan məlumatı olmuşdur. Təqsirləndirilən şəxs dindirən Şahid1 olmuş, o isə qıraqda dayanmışdır. Təqsirləndirilən şəxs ilkin olaraq idarəyə gətirilməsi barədə onun məlumatı olmamışdır. Şəxsi axtarış və baxış keçirilən zaman o da orada olmuşdur. Daha sonra videoçəkiliş keçirilmiş, videoçəkilişdə müdafiəçi də iştirak etmişdir. Müdafiəçi kişi cinsinə mənsub olmuşdur. Təqsirləndirilən şəxs üzərində olan və içərisində narkotik vasitə marixuana olan siqaret paketini könüllü şəkildə təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən siqaret paketindən başqa aşkar olunan hər-hansı əşya yaxud predmeti hazırda xatırlamır. Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etdiyini bildirməmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs özü evində narkotik vasitə olduğunu etiraf etmişdir. Həmçinin, əməliyyat məlumatında da bu nüans qeyd olunmuşdur. O, Təqsirləndirilən şəxs evinə keçirilən baxış zamanı müdafiəçinin iştirak edib-etmədiyini xatırlamır. Belə ki, istintaq hərəkətində fəal surətdə iştirak etməmişdir. Evə baxış zamanı qapını kimin açdığını xatırlamır. O, əvvəlcə çöldə telefonla danışmış, sonradan evə daxil olmuşdur. Narkotik vasitə evin mətbəxindəki qaz sobasının yanından aşkar olunmuşdur. O, sırf narkotik vasitənin tapıldığı ana şahid olmamış, daha sonra bu barədə iştirakçılardan məlumat almışdır. Narkotik vasitə büküm formasında olmuşdur. Bükümün içərisindən marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni evin damında yetişdirdiyini bildirmişdir. O, özünün səlahiyyətlərinə aid olmadığı üçün evin damına çıxaraq baxış keçirməmişdir. Digər əməkdaşların da dama çıxıb-çıxmadığını xatırlamır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü tarixli, 7/161 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «.Şübhəli şəxs Təqsirləndirilən şəxs...» sözləri, yazılar və imzalar qeyd edilmiş bir ədəd zərfdəki, 1 (bir) ədəd siqaret qutusunda təmiz çəkisi 5,284 qram olan bitki mənşəli kütlə, həmçinin tədqiqata təqdim edilmiş, ağ kağız üzərində «.Şübhəli şəxs Təqsirləndirilən şəxs..» sözləri, yazılar və imzalar qeyd edilmiş bir ədəd skoçla bağlanmış sellofan bağlamada təmiz çəkisi 2030,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr» in siyahısına (Siyahı l) daxildir. Marixuanaların ümumi 2035,284 qram, tədqiqata ümumi sərf edildi 0,1 qram, (hər obyektdən 0,05 qram), qalıq 2035,284 qram. (iş vərəqə 49-52) İş materiallarında olan ambulator X1 13 fevral 2023-cü il tarixli, 800 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannaboidlərdən istifadə etmə halları olub. Lakin halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə: 89-90) İş materiallarında olan 03 fevral 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən o, əynində olan tünd göy rəngli gödəkcəsinin sağ yan cibindən içərisində narkotik maddəyə bənzər ot kütləsi olan 01 (bir) ədəd üzərində ARGO yazılı ağ rəngli siqaret qutusunu könüllü olaraq çıxarıb təqdim edərək həmin qutunun içərisində olan kütlənin narkotik vasitə olan marixuana olmasını və həmçinin müəyyən hissəsinin də yaşadığı evdə olduğunu, şəxsi istifadəsi üçün evdə əkin edərək qurudub saxladığını bildirmişdir. (iş vərəqə: 36-37) İş materiallarında olan 03 fevral 2023-cü il tarixli “ev sahəsinə baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə baxış və götürmə keçirilərkən evin mətbəxində olan qaz sobasının üstündə olan dolabın içərisində 4 ay əvvəl olan əkib qurutduğu spesifik iyi olan ot kütləsini təqdim etmiş və marixuana olduğunu bildirmişdir. (iş vərəqə: 41) İş materiallarında olan 03 aprel 2023-cü il tarixli “mütəxəssis təyin edilməsi haqqında” qərardan və 05 aprel 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı, 14 iyul küçəsi, ev 3/28 nömrəli evin həyətyanı sahəsi münbit deyil, bitkilərin və meyvə ağaclarının əkilib-becərilməsi üçün şərait yoxdur. Həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisinin əkilib-becərilməsi, kultivasiyası mümkün deyildir. (iş vərəqə: 99-100,105) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti, həmçinin xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evdə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir. Əvvəlcə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilir və Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və gəzdirilməsi qadağan edilmiş hər hansı bir vasitə, əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Süleyman Mikayılov əynindəki tünd göy rəngli gödəkcəsinin sağ yan cibindən 01 (bir) ədəd üzərində “Argo” yazısı olan ağ rəngli siqaret qutusunda ot kütləsini çıxarıb təqdim edir və bildirir ki, təqdim etdiyi kütlə narkotik maddə qurudulmuş marixuanadır. O, qurudulmuş marixuananı evin həyətində özünün əkib-becərdiyi bitkilərdən toplayıb qurudaraq öz istifadəsi üçün hazırladığını bildirir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilir, amma onun üzərindən özünün təqdim etdiyi 01 (bir) ədəd üzərində siqaret qutusunda olan kütlələrdən başqa heç bir əşya və ya vasitə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir və Təqsirləndirilən şəxs yaşadığı evində saxlanılması, daşınması və gəzdirilməsi qadağan edilmiş hər hansı bir vasitə, əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs evin mətbəxində olan dolabın içərisində, 01 (bir) ədəd bağlamada ot kütləsini çıxarıb təqdim edir və bildirir ki, təqdim etdiyi kütlə narkotik maddə qurudulmuş marixuanadır. O, qurudulmuş marixuananı 04 ay bundan əvvəl həyətində əkib-becərdiyi narkotik təbiətli çətənə bitkilərindən yığıb qurudaraq hazırlamış və öz istifadəsi üçün evində saxladığını bildirir. Təqsirləndirilən şəxs yaşadığı evindən özünün təqdim etdiyi 01 (bir) ədəd bağlamada olan kütlələrdən başqa heç bir əşya və ya vasitə aşkar olunmamışdır. (iş vərəqə 59-60) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 2035,284 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2035,184 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (iş vərəqə 127-133) İş materiallarında olan xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin, həmçinin, evə keçirilən baxış və götürmə istintaq hərəkətlərinin videogörüntüləri olan 01 (bir) ədəd DVD formatlı disk sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə tərkibi məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təsvir edilmiş cinayət əməllini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmaması, polis əməkdaşları tərəfindən döyülməsi, həmçinin, içərisində narkotik maddə olması qeyd edilmiş bağlamanın yaşadığı evə polis əməkdaşları tərəfindən yerləşdirilməsi, həmin bağlamanın içərisində narkotik vasitə əvəzinə çay olması ilə bağlı verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun olmamaqla məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir və onun məhkəmədə verdiyi ifadəsi, özünün ibtidai istintaq zamanı verdiyi etiraf edici ifadələri, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü tarixli, 7/161 saylı rəyi, ambulator X1 13 fevral 2023-cü il tarixli, 800 saylı rəyi, «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2023-cü il tarixli protokol, eləcə də, digər mötəbər sübutlarla tam təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Hər dəfə narkotik vasitə almağa imkanı olmadığından yaşadığı ünvan 5 ünvanda yerləşən evlərinin həyətində dörd ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli bitkini Özü əkib- becərərək qulluq etmiş, həmin bitkilərin yarpaqlarını toplayaraq qurudub bir ədəd bağlamaya yığıb öz istifadəsi üçün yaşadıqları evin mətbəxindəki dolabda saxlamışdır. xx.xx.2023-cü ildə həmin marixuananın bir hissəsini götürüb özü istifadə etməsi üçün bir ədəd siqaret qutusunun içərisinə yığıb əynindəki tünd göy rəngli gödəkcəsinin sağ yan cibinə qoyaraq yaşadığı evdən çıxmışdır. Bir qədər küçədə gəzmiş, saat 12:00 radələrində yaşadığı evinin qarşısında dayandığı zaman polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə onu Bakı şəhəri Suraxanı RPİ-niıı 31-ci PB-nə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə PB-nə getdikdən sonra PB-nin inzibati binasında xidməti otaqda ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət olunmuşdur. Videoçəkiliş aparmaqla üzərində axtarış aparılacağı barədə qərar ona elan olunduqdan sonra üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir vasitə və ya əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan tünd göy rəngli gödəkcəsinin sağ yan cibində saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd üzərində «ARGO» yazısı olan ağ rəngli siqaret qutusunu çıxarıb polis əməkdaşlarına təqdim etmiş, siqaret qutusunun içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Siqaret qutusunun içərisində olan marixuana polis əməkdaşları tərəfindən bir ədəd zərfə qablaşdırılaraq zərf möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Tərtib olunan protokolla tanış olaraq protokolu və möhürlənmiş zərfin üzərini imzalamışdır. Yaşadığı Bakı şəhəri, ünvan 5 nömrəli evdə də narkotik vasitə marixuana saxladığını, evinə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş, öz razılığı ilə, özünün və müdafiəçisinin iştirakı ilə videoçəkliş aparılmaqla yaşadığı evə baxış keçirilmiş və yaşadığı evin mətbəxindəki dolabda saxladığı bir ədəd sellofan bağlamada olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi qurudulmuş marixuana bir ədəd zərfə qablaşdırılıb möhürlənmiş bu barədə tərtib olunan protokol ucadan oxunmuş, protokolda yazılanlar doğru olduğundan imzalanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs evinə videoçəkilişlə baxış zamanı aşkar edilmiş maddi sübutun tərkibinin narkotik vasitə olmaması ilə bağlı iddia irəli sürüldüyündən, müdafiəçinin vəsatəti əsasında maddi sübut məhkəmə iclasına gətirilib, açılmaqla məhkəmə iclasında ona cinayət prosesi tərəflərinin iştirakı ilə baxış keçirilmiş, maddi sübutla bağlı hər hansı ciddi şübhə müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli qərarına əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. CM-in 234.1-1-ci maddəsində bu Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin, 234.4.3-cü maddəsində CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, CM-in 234.4-1-ci maddəsində isə həmin Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd siqaret qutusunun içərisində, təmiz çəkisi 5.284 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və evə keçirilən baxış və götürmə istintaq hərəkətləri zamanı aşkar olunmuş, 01 ədəd bağlamada, təmiz çəkisi 2030 qram, təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 97A) Məhkəməyə təqdim edilmiş sənəddən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X2maqla bir azyaşlı uşağı vardır. Məhkəmə tərkibi Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (iş vərəqə 31; 81-83) İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və həbs qətimkan tədbiri seçilməsi haqqında” qərarından, Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubundan, Bakı İstintaq Təcridxanasının məktubu və Rusiya Federasiyasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2023-cü il tarixdə Rusiya Federasiyasında saxlanılaraq, Azərbaycan Respublikasına ekstradisiya olunmuş, xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulması zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 gün ona təyin edilmiş cəzadan çıxılmalıdır. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X12 Ambulator X1 13 fevral 2023-cü il tarixli, 800 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin, o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 72 (yetmiş iki) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə AR CPM-in 132-ci maddəsinə əsasən maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda təmiz çəkisi 2035,284 qram kustar üsulla hazırlanmış narkotik vasitə marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2035,184 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin, həmçinin evə keçirilən baxış və götürmə istintaq hərəkətlərinin videogörüntüləri olan 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş, sonradan təqsirləndirilən şəxsin digər müdafiəçi ilə müqavilə bağlaması səbəbindən cinayət prosesində iştirakına xitam verilmiş Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 gün ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 03 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2035,184 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin, həmçinin evə keçirilən baxış və götürmə istintaq hərəkətlərinin videogörüntüləri olan 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 72 (yetmiş iki) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş, Müdafiəçi1 təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-479/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-479/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver