Məhkəmə qərarları › İş №1(101)-480/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-480/2024

08.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-480/2024 08.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Əliyev Samir İmamverdi oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 27 avqust 1986-cı ildə Abşeron rayonunun Qobu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, Abşeron rayonu Qobu qəsəbəsi, Cabbar Cabbarlı küçəsi, ev 4-də qeydiyyatda olan, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək həmin şəxslərin qabaqcadan bildirilmiş ünvanda gizlədərək saxladıqları külli miqdarda 5,798 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan tarixdə və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanının yaxınlığına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 17 mart 2023-cü il tarixdə, saat 18:00-da keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs qeyd edilən ünvanda saxlanılaraq BMCMİ-nə dəvət edilmiş, orada xidməti otaqların birində həmin tarixdə saat 19:40-dan etibarən Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində qablaşdırılmış halda olan bir ədəd sellofan bükümdə külli miqdarda 5,798 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, tutulmamışdan xeyli müddət əvvəl ciddi yanıq xəsarəti almışdır. Belə ki, beyin infarktı keçirib vəfat etmiş övladından yadigar qalan iti qaçıb transfarmatora girmiş, iti xilas edərkən onu gərginlik vurmuş və bədəninin bir hissəsi yanmışdır. Aldığı xəsarətlərlə əlaqədar 2022-ci ilin yanvar ayından iyul ayınadək xəstəxanada müalicələr almışdır. Şiddətli ağrılarını azaltmaq üçün narkotik vasitə marixuanadan istifadə etməyə başlamışdır. Marixuana hazırlamaq üçün çətənə kolları yetişdirdiyinə görə Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin, cəzasını çəkməmişdir. Səhhəti ilə əlaqədar işləyə bilmədiyi üçün anasının təqaüdü ilə dolanmışdır. Narkotik vasitəni «İnstagram» sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşı ilə «Whatsapp» mobil tətbiqi vasitəsi ilə əlaqə saxlayıb sifariş vermişdir. Belə ki, əvvəllər sonuncudan 100 manata 10 qram marixuana almış və həmin marixuanadan bir ay istifadə etmişdir. Hadisə günü həmin İİR vətəndaşına yenidən narkotik vasitə sifariş vermişdir. Sonuncu ona narkotik vasitə verəcəyini bildirib, həmin narkotik vasitənin bir qismini satdıqdan sonra pulunu onun kartına göndərməyi təklif etmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmaq istəməsə də, həmin vaxt şiddətli ağrıları olduğundan sonuncu ilə razılaşmışdır. O, bir növ iranlını aldadaraq narkotik vasitələri ələ keçirməyə çalışmış, əslində isə əldə edəcəyi narkotik vasitəni satmaq fikri olmamışdır. İİR vətəndaşı ona narkotik vasitənin qoyulduğu yerin şəkillərini atmış, o, narkotik vasitəni götürməyə gedərkən yolda polis əməkdaşları tərəfindən saxlanılmış və narkotiki əldə edə bilməmişdir. Polislərdən biri narkotik vasitəni gizlədildiyi yerdən götürüb onun cibinə qoymuş və birlikdə BMCMİ-nə getmişlər. Orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı narkotik vasitəni çıxardıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən ona fiziki və psixi təzyiq göstərilməmişdir. İbtdai istintaq zamanı narkotik vasitələrin satışı ilə məşğul olması barədə etirafedici məzmunda ifadə verməmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitələri yalnız şəxsi istifadəsi üçün əldə etmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə idarəyə məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. İdarənin əməkdaşları Şahid1 və Şahid3 qrupa daxil edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 17 mart 2023cü il tarixdə saat 18:00-da ünvan 1 ünvanının yaxınlığında saxlanılmışdır. Orada üzərinə şəxsi axtarış keçirməyə şərait olmadığından sonuncu BMCMİ-nə dəvət olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş və onun barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Sonra video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs polis əməkdaşının təklifi ilə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu, şalvarının sol cibindən isə özünə məxsus mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusuna baxış keçirilən zaman qutunun içərisindəki bir ədəd sellofan bükümdə açıq qəhvəyi rəngli spesifik iyli zahiri əlamətlərinə görə narkotik vasitə heroinə oxşar maddə kütləsinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş maddə qablaşdırılmış və üzərində qeydiyyat aparılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefon da iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs qeyd edilən maddənin özünə məxsus olduğunu, pulunu sonradan ödəmək şərti ilə İİR vətəndaşının ona göndərdiyi koordinatla Bakı şəhərinin Nəsimi rayonu ərazisində gizlədilmiş yerdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra qeyd edilənlər barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verdi. İbtitdai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə İdarəyə məlumat daxil olmuşdur. Sonuncunun ifşa edilməsi üçün Şahid2 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, o və Şahid3 qrupa daxil edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 17 mart 2023-cü il tarixdə saat 18:00-da ünvan 2 ünvanının yaxınlığında saxlanılmış və BMCMİ-nə dəvət olunmuşdur. İdarədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunduqdan sonra sonuncunun barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş və üzərində qrupun üzvləri və müdafiəçisinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunu, şalvarının sol cibindən isə özünə məxsus olan mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusuna baxış keçirilən zaman qutunun içərisindəki bir ədəd sellofan bükümdə açıq qəhvəyi rəngli spesifik iyli, zahiri əlamətlərinə görə narkotik vasitə heroinə oxşar maddə kütləsinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş maddə qablaşdırılmış və üzərində qeydiyyat aparılmışdır. Sonuncunun üzərindən aşkar edilmiş mobil telefon da iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs qeyd edilən maddənin özünə məxsus olduğunu, pulunu sonradan ödəmək şərti ilə İran İslam Respublikasının vətəndaşının ona göndərdiyi koordinatla Nəsimi rayonu ərazisində gizlədilmiş yerdən şəxsi istifadəsi üçün bir neçə dəqiqə əvvəl əldə etdiyini bildirmişdir. Daha sonra qeyd edilənlər barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. İşin 31-32-ci vərəqlərindəki 17 mart 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması» haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsininin əməkdaşları tərəfindən 17 mart 2023-cü il tarixdə ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq DİN-nin BMCMİ-nin İnzibati binasına gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində olan sellofan bükümdə təmiz çəkisi 5,798 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin 43-47-ci vərəqlərindəki materialların məhkəmə ekspertizasının 18 mart 2023-cü il tarixli 6/1653 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Təqsirləndirilən şəxs üzərindən...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 5,798 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikaının ərazsinində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 5,798 qr, tədqiqata sərf edildi - 0,050 qr, qalıq - 5,748 qram. İşin 136-137-ci vərəqlərindəki Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsin Ambulator X1 15 may 2023-cü il tarixli 2919 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşin 110-cu vərəqəsindəki «telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında» 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 14 aprel 2023-cü il tarixli 8419 saylı məktubla müşaiyət olunan 1 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə aid 18 mart 2022-ci il tarixdən 18 mart 2023-cü il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış zamanı məlum olmuşdur ki, +**********66 saylı İran İslam Respublikasına məxsus olan GSM nömrənin istifadəçisi 8 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs «Ga wacapa urayim ?U» mətnli qısa mesaj yazmışdır. İşin 104-105-ci vərəqlərindəki «mobil telefon aparatına baxış keçirilməsi haqqında» 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd «Samsung» markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zamanı çoxsaylı kontaktların, o cümlədən də adı «İran İw» kimi qeyd olunmuş +**********72 saylı, «j b» kimi qeyd olunmuş +**********63 saylı, «Serci» kimi qeyd olunmuş +**********51 saylı, habelə adları qyed olunmayan +**********37 saylı, +**********47 saylı, +**********94 saylı, +**********46 aylı və **********09 saylı İran İslam Respublikasına məxsus olan GSM nömrəli kontaktların, müxtəlif fotoşəkil və video fayllarin olması müəyyən edildi. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş «Whatsapp» ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Həmin mobil tətbiqin «söhbətlər» bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Konket olaraq isə adı kontaktlar siyahısında qeyd olunmayan +**********46 saylı İran İslam Respublikasına məxsus nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində Təqsirləndirilən şəxs həmin abunəçiyə 15 mart 2023-cü il tarixdə «qardaşım mən o 5 dənədən, 10 dənədən xeyir götürmürəme...sənin malıvı qatsam, bö isəm, yesəm.. on un la qabağa düşməyəcəm çünki sən özün də bilirsən ki, mən onu kiməsə versəm.,.istəyirəm ki, bu qırılmasın..başa düşürsən? başlamaq üçün 5-10 dənə ilə başlayaq, mən onsuzda ondan xeyir götürməyəcəm birincidən, sənə borcum 200 olsa da 400 də versəm o 400 manatı vuracam sənə..bax belə..» səsli mesajına həmin abunəçi «qardaş mən demirəm ki başlamıram..bax narahat olma..nisyə mal atmırlar..yenə də sən bir az pul at..işimizi başlayaq, mən özüm də pul yeyən deyiləm» səsli mesaj yollamış. Buna cavab olaraq Təqsirləndirilən şəxs «adım Taryeldi bax sənəd də atdım» qısa mesaj, «nə bilim qardaş bax da..yəni ki klientlərim var..verməyə yerim var..sözün düzü özümdə pul yoxdue...sənə yalan nə deyim..amma yaxşı işlər görə bilərik biraz təkan olsa...ən çox daş istəyirlər də burda., bu dəqiqə olsa yerlərim var ki verim pulunu alım... üzü yaya gedir havalar yaxşılaşır 5-10 manat xeyrimiz olsun.. 5-10 dənə ilə mənə nə olacaq..mən deyirəm biraz işi böyüdüm, alveri böyüdüm..mənə də 5-3 manat pul qalsın..lazım olsa sənə lap qaldığım evdən konum da ataram, şəxsiyyət vəsiqəsini ataram...bundan sorna hara qaçıram..kimin əlindən qaçıram...sizlər hansısa şərəfsizlərə mal atırsız onlar da yeyib qaçırlar..aldadırlar..amma düzgün adama mal atmarsız» səsli mesaj yollamışdır. Həmin dialoqun gedişatında məlum olur ki, İran İslam Respublikasına məxsus olan nömrədən qeydiyyatdan keçmiş abunəçi Təqsirləndirilən şəxs əvəzini sonradan ödəmək şərti ilə Bakı şəhərinin Dərnəgül «Elit» Ticarət Mərkəzinin arxa tərəfində koordinatları göstərməklə 10 qram çəkidə narkotik vasitə ötürmüş, sonuncu da həmin maddələrin qoyulduğu yerdən taparaq ovucunda tutduğu bir ədəd yapışqan lentə dolanmış qara rəngli bükümün şəklini çəkərək həmsöhbətinə göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmsöhbətinin ona bildirdiyi elektron hesaba 100 manat pul yükləməklə növbəti gün də əlavə olaraq 5 qram narkotik maddə sifariş verərək həmin yerdən əldə etmişdir. Baxış zamanı məlum olmuşdur ki, «İran İw» kimi adı kontaktlar siyahısında qeyd olunmuş abunəçi ilə Təqsirləndirilən şəxs arasında danışıq pəncərəsinin olmasına baxmayaraq həmin şəxsin 24 saat müddətində yazıların avtomatik silinməsi rejiminə quraşdırıldığından yazışmaların silindiyi müəyyən edilmişdir. Bundan əlavə müyyən edildi ki, adı «j b» kimi qeyd olunmuş +**********63 saylı İran İslam Respublikasına məxsus nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində Təqsirləndirilən şəxs həmin istifadəçiyə 13 fevral 2023-cü il tarixdə «Daş birdə ot əritməy olar», «sən yaxşı oğlansan amma mənə dedin xəbər edirəm başlayaq işləyək sonra yox oldun...yaxşı klientlər varəldə heç nə yoxdu buralarda..gəlib qıraqdan tapır hamı...» qısa mesaj yollaması məlum olmuşdur. İşin 165-ci vərəqindəki 12 iyun 2023-cü il tarixli «Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə» qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair istintaqı aparılmış ********* nömrəli cinayət işinin materiallarından külli miqdarda narkotik vasitələrin istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib saxlaması xüsusatına görə ayrıca icraata araşdırma materialı ayrılmışdır. İşin 132-ci vərəqindəki Azərbaycan Respublikası DİN BMCMİ-nə verilmiş əməliyyat tapşırığına cavab olaraq daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsi barədə əlavə məlumat əldə olunsa da, həmin maddələri hansı yolla və kimlərin vasitəsi ilə əldə etməsini, onun narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini, digər cinayətlərin törədilməsində iştirakının müəyyən edilməsi, o cümlədən ifadəsində qeyd etdiyi İran İslam Respublikasının vətəndaşının şəxsiyyətinin müəyyən edilməsi barədə məlumat əldə etmək mümkün olmamışdır. İşin 107-ci vərəqindəki qərarın surətindən görünür ki, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 17 mart 2023-cü il tarixli qərar Nəsimi Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli qərarı ilə qanuni hesab edilmişdir. İşin 101-102 və 124-130-cu vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİdən daxil olmuş tələbnamədən və hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs Sadıqov X2 Rayon Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona 2500 manat cərimə cəzası təyin edilmiş, 18 aprel 2019-cu il tarixdə həmin məhkəmənin qərarı ilə cəzası dəyişdirilərək qazancından 20 faiz dövlət nəfinə tutulmaqla bir il müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası MM-nin 5 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Bundan başqa o, Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona qəti olaraq 2 (iki) il 5 (beş ay) 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İşdəki Sumqayıt şəhər Probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Sadıqov X2 Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını heç bir hissəsini çəkməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İşin 92-ci vərəqindəki «maddi sübut hesab edilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 5,798 (tədqiqatdan sonra qalıq 5,748) qram narkotik vasitə heroin öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İşin 138-149-cu vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk, telefon danışıq məlumatlarını özündə əks etdirən bir ədəd CD disk və Təqsirləndirilən şəxs məxsus olan bir ədəd «Samsung» markalı mobil telefon cihazı iş üzrə maddi sübut kimi tanınmış, CD və DVD disklər cinayət işi materiallarına əlavə olunmuş, mobil telefon isə saxlanması üçün BMCMİ-nin növbətçi hissəsinə təhvil verilmişdir. İşin 22-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2023-cü ildə şübhəli şəxs qismində tutulmuşdur. İşdəki doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 mart 2012-ci il təvəllüdlü Sadıqov İlkin və 19 oktyabr 2023-cü il tarixli Sadıqlı Amin adlı iki azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək narkotik vasitələri öz istifadəsi üçün əldə etdiyini, İİR vətəndaşı ilə narkotik vasitələrin satışına dair sövdələşsə də, əslində belə niyyətinin olmadığını, həmin vaxt şiddətli ağrıları olduğundan sonuncunun narkotik vasitələrin satışı ilə bağlı təklifi ilə razılaşdığını, bir növ iranlını aldadaraq narkotik vasitələri ələ keçirməyə çalışdığını, əslində isə əldə edəcəyi narkotik vasitəni satmaq fikri olmadığını bildirmişdir. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri (i.v. 56-58, 71-73), məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqların olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırki təyin edilən cəzaya qismən birləşdirilməli və ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 17 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: BMCMİ-nin növbətçi hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 5,798 (tədqiqatdan sonra qalıq 5,748) qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərinə şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış görüntüləri olan bir ədəd DVD disk və telefon danışıq məlumatlarını özündə əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, «Samsung» markalı mobil telefon isə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 300 (üç yüz) manat onun işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırki təyin edilən cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 5,798 (tədqiqatdan sonra qalıq 5,748) qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Onun üzərinə şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış görüntüləri olan bir ədəd DVD disk və telefon danışıq məlumatlarını özündə əks etdirən bir ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. «Samsung» markalı mobil telefon isə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ailə üzvlərinə təhvil verilsin. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 300 (üç yüz) manat onun işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar