Məhkəmə qərarları › İş №1(101)-480/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-480/2025

07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-480/2025 07.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X4 və Əlizadə Orxan Arzuxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri V.Xuluflu küçəsi ev 3, mənzil 25-də qeydiyyatda olmaqla ünvan 8, mənzil 743-də yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, daşımış və saxlamışdır.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs 01,04.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq bir ədəd şəffaf selofana bükülmüş bükümdə içərisində külli miqdarda təmiz çəkisi 2,229 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 01 aprel 2024-cü il tarixdə saat 18:15 radələrində ünvan 1 ünvanın qarşısında Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis şöbəsinin və Bakı şəhər Baş polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Yasamal RPİ-nin 28-ci Polis şöbəsinin inzibati binasına gətirilmiş, şöbənin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 2,229 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri, BPİ-nin KMNMŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 xx.xx.2024cü il tarixli raportundan görünür ki, etimad doğuran, məlum və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edərək istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə Bakı şəhər Baş Polis İdarəsinə məlumat daxil olmuşdur.

4. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:15-də şübhəli şəxs qismində tutulmuşdur.

5. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 01 aprel 2024-cü il tarixdə saat 18:15 radələrində ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin 28-ci PŞ-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunmuş, axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edimişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofan bükümü çıxarıb təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin gün Kubinka adlanın ərazidə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manata aldığını bildirmişdir. Həmin bükümə baxış keçirilərkən içərisində ağ rəngli kristallardan idarət maddə aşkar edilmişdir. Bundan sonra o, əynindəki gödəkçənin sağ yan cibindən “Samsung” markalı mobil telefonu masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, başqa əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni özü istifədə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütlə və mobil telefon qablaşdırılaraq götürülmüş bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmaqla doğruluğu prosessual hərəkətin iştirakçıları tərəfindən təsdiq olunmuşdur .

6. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 1 ədəd «Samsung» markalı mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin telefona baxış keçirilərək müəyyən edilmişdir ki, telefonun sim kart yuvasında "xxxx" MMC-nin mibil rabitə xidmətlərindən istifadə etmək üçün ***-***-**-** nömrəli sim kart var. Telefonun «WhatsApp» proqramında, həmçinin daxil olan və çıxan zənglərdə və SMS yazıların məzmununda istintaq marağı kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. «Samsung» markalı mobil telefon maddi sübut kimi tanınmış, saxlanması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir.

7. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli telefonun istifadə məlumatlarına dair "xxxx" MMC-dən daxil olmuş DVD diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, SMS məlumatlarında hər hansı istintaq marağı kəsb edən yazışma və ya zəng aşkar edilməmişdir. "xxxx" MMC-dən daxil olmuş DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.

8. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-6/1782 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümün içərisindəki maddə təmiz çəkisi 2,229 qram təşkil edən kustar üsulla hazirlanmış psixotrop maddə metamfetamindir.

9. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2024cü il tarixli, 4913 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.

10. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı «DVD» formatlı diskdə bir ədəd video fayl olduğu müəyyən edilmişdir. Diskdə olan görüntü Yasamal RPl-nin 28-ci PŞ-də qeydə alınaraq, Bakı şəhər BPİ-nin kiberməkanda narkotiklərlə mübrizə şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, onun yanında Yasamal RPİ-nin 28-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 iştirakları ilə Yasamal RPİ-nin 28-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin və 22 saylı vəkil bürosunun vəkili X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyi müşahidə olunur. Görüntüdə Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunur, axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edilir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ cibindən 1 ədəd şəffaf selofan bükümü və əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən Samsunq markalı mobil telefonu masanın üzərinə qoyur. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilir, başqa əşya aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisində ağ rəngli kristal şəkilli maddə oldduğu müşahidə olunur. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu, haradan kimdən əldə etdiyi barədə sual verilir, o həmin maddənin metamfetamin olduğunu 01 aprel 2024-cü ildə Kubinka adlanan ərazidə üzdən tanıdığı, lakin adının bilmədiyi şəxsdən 20 manata aldığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə və mobil telefon qablaşdırılıb götürülür. Həmçinin, kütlənin aşkar edilib götürülməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edildiyi, protokolun ucadan oxunduğu və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalandığı müşahidə olunur.

11. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümumi təmiz çəkisi 2,229 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq 2,179 qram metamfetamin saxlanması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir.

12. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(004)-463/2024 nömrəli qərarından görünür ki, Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar qanuni hesab edilmişdir.

13. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin 28-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitlərin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Digər polis əməkdaşı Şahid2la birgə əməliyyat tədbirinə başlamışlar. Təqsirləndirilən şəxs 01 aprel 2024-cü il tarixdə, saat 18:45 radələrində Bakı şəhəri Yasamal rayonu, H.Cavid prospektində yerləşən yaşadığı ünvanın qarşısında saxlayaraq Yasamal rayon Polis İdarəsininin 28-ci PŞ-yə dəvət etmişlər. Həmin şəxs təhqiqatçının xidməti iş otağına dəvət edilərək müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulduqdan sonra onun hüquq və vəzifələri izah olunmuş və bundan sonra üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirləcəyi bildirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edildikdə əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Həmin büküm açıldıqda onun içərisində ağ rəngli kristallalardan ibarət metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin “şüşə” adı ilə tanıdığı metamfetamin olduğunu, həmin maddəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə sübut əhəmiyyət kəsb etdiyindən zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 167 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs hər hansı müqavimət göstərməmiş və ona qarşı da təzyiq edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzilin içərisində deyil, yaşadığı ünvanın qarşısında saxlanılmış, saxlanılan zaman Təqsirləndirilən şəxs tək olmuş, yanında heç kim olmamışdır.

14. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Baş Polis İdarəsinin kiberməkanla narkotiklərlə mübarizə şöbəsində baş əməliyyat müvəkkili işləyir, polis mayorudur. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitlərin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə Yasamal RPİ-nin 28-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən raportla şöbə rəisinə müraciət edilmiş, qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Şahid1 rəhbərliyi ilə əməliyyat tədbirinə başlamışlar. Təqsirləndirilən şəxs ehtimal olunacağı ünvanı müəyyənləşdirib saat 18:45 radələrində ünvan 7 ünvanın qarşısında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq Yasamal rayon Polis İdarəsininin 28-ci PŞ-yə dəvət etmişlər. O, özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi zərurəti yaranmış və bu barədə raportla Şöbə rəisinə müraciət edilmişdir. Prosessual sənədləşmə Şöbənin baş təhqiqatçısı polis mayoru Nicat Abdullayevə həvalə edilmişdir. Həmin şəxs təhqiqatçının xidməti iş otağına dəvət edilmişdir. Həmin otaqda Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulduqdan sonra onun hüquq və vəzifələri izah olunmuş və bundan sonra üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçiriləcəyi bildirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyriqanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edildikdə əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü və bir ədəd «Samsung» markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Həmin büküm açıldıqda onun içərisində ağ rəngli kristallalardan ibarət metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin «şüşə» adı ilə tanıdığı metamfetamin olduğunu, həmin maddəni həmin gün Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə sübut əhəmiyyət kəsb etdiyindən və müvafiq ekspertizanın keçirilməsi üçün təhqiqatçı tərəfindən götürülmüş, zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 167 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə bağlı hər hansı məlumatı yoxdur. Şahid2 əlavə olaraq qeyd etmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı təzyiq edilməmiş, eləcə də təqsirləndirilən şəxs onlara müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsin evinə daxil olmadan, onu küçədə saxlamışlar. Təqsirləndirilən şəxsi saxladıqları zaman onun yanında qadın olmamışdır.

15. Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında tədqiq olunmuş, ibtidai istintaq zamanı verdiyi ifadəsində sonuncu göstərmişdir ki, bir neçə müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Adətən psixotrop maddə olan metamfetamindən çəkmək yolu ilə istifadə etmişdir. 01 aprel 2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün bir büküm psixotrop maddə olan “pati”, yəni metamfetamin alaraq sağ cibinə qoymuşdur ki, axşam saatlarında istifadə etsin. Həmin gün yəni, 01 aprel 2024-cü il tarixdə saat təxminən 18:15 radələrində yaşadığı ünvan 8 ünvanın qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdşaları oldğunu bildirib, özlərini təqdim edərək xidməti vəsiqələrini təqdim etmişlər. Onlar qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, onu Yasamal RPİ-nin 28-ci PŞ-nin inzibati binasına dəvət etmişlər. Onlara etiraz etmədən bilrikdə polis şöbəsinin inzibati binasına getmişdir. Orada xidməti otaqların birinə dəvət edərək narkotik vasitələrin qanunsuz saxlanılmasında və daşınmasında şübhəli olduğu bildirilmişdir. Ona vəkillər siyahısını təqdim etmişlər və növbədə olan vəkillərdən müdafiəçi X1 müda fiə etməsini istəmişdir. Bundan sonra vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulma protokolu tərtib edilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra üzərinə və üzərində olan əşyalara şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bu zaman təqhqiatçının otağında polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən ona üzərində olan əşyaları təqdim etməyi bildirdikdə o, əynimdə olan göy rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edib içərisində «şüşə» adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib masanın üzərinə qoymuşdur. Bundan başqa gödəkçənin sağ yan cibindən 01 ədəd «Samsunq» markalı mobil telefonu da masanın üzərinə qoymuşdur. Həmin büküm polis əməkdaşları tərəfindən açılaraq içərisində ağ rəngli krstal şəkilli psixotrop maddə aşkar olunmuş, həmin maddəni xx.xx.2024-cü il tarixdə “Kübinka” adlı ərazidə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan başqa üzrərində başqa heç bir əşya aşkar edilməmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, özü və iştirak edən digər şəxslər həmin protokolu imzalamıışlar. Üzərində aşkar edilmiş psixotrop maddəni öz istifadəsi üçün əldə edib üzərində gəzdirmiş, heç kimə satmaq və ya hədiyyə etmək məqsədi olmamışdır. Saxlanılan zaman və polis bölməsinə olan zaman ona hər hansı psixi təzyiq və ya fiziki zor tətbiq edilməmişdir.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

16. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyə ifadə verərkən ona CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən narkotik vasitə tapılan evin kirayəyə verilməsi ilə bağlı elan yerləşdirmişdir. 01 aprel 2024-cü il tarixdə ona bir qız yaxınlaşaraq həmin kirayə evlə maraqlanmış, evə baxmaq istədiyini bildirmişdir. Bundan sonra, onlar təxminən saat 13:00- 15:00 radələrində taksiyə əyləşmiş və kirayəyə veriləcək evin yerləşdiyi ünvana getmişlər. O taksidən düşdükdən sonra evi kirayəyə götürmək istəyən qız da onun arxasınca evə baxmağa gəlmişdir. O və həmin qız evə daxil olduqdan dərhal sonra, polis əməkdaşları sözügedən ünvana gələrək, polis olduqlarını bildirdikdən sonra evə daxil olmuşlar. Evində axtarış keçirilmiş, lakin qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra, onu Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə aparmışlar, orada ona bir gün işgəncə verərək saxlamışlar. Onun başına sellofan keçirərək ona narkotik vasitə təqdim edib, həmin kütlənin ona məxsus olmasına dair etiraf ifadəsi verməsini ondan tələb etmişlər, əks təqdirdə evindən 01 (bir) kiloqram narkotik vasitə çıxaracaqlarını bildirmişlər. Onun bədən xəsarətləri də olmuş, bədən xəsarətlərini Yasamal rayon prokuroruna da göstərmişdir. Növbəti gün səhərə yaxın o, artıq işinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmiləşməsinə razılaşmışdır. Müstəntiq müvəqqəti saxlama yerinə gələrək işinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə rəsmiləşəcəyini bildirsə də, o əvvəlcə onunla razılaşmayaraq sənədləri imzalamamış, aşkar olunmuş maddələrin ona məxsus olmadığını, həmin maddələrin əməliyyat müvəkkili Polad müəllim tərəfindən üzərinə qoyulduğunu bildirsə də, ona işgəncələr verilmiş, videoçəkiliş 04 (dörd) dəfə keçirilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, tutulan ərəfələrdə usta işləmiş, işlədiyi müddət ərzində bəzən narkotik vasitələrdən istifadə etmiş, lakin onun aludəçisi olmamışdır. O, narkomaniya xəstəliyindən əziyyət çəkmiş, heroin və metamfetamin qəbul etmişdir. Narkotik vasitə və psixotrop maddələri çətinliklə əldə etmiş, həmin maddələri evdə qəbul etmişdir. Pulu olduqca narkotik vasitə almış, maddi imkanının olmaması səbəbindən narkotik vasitəni çox ala bilməmişdir. Onu saxlayan polis əməkdaşlarını əvvəllər tanımamış, polislərin ona qarşı qərəzli münasibətlərinin səbəbi barədə məlumatlı olmamışdır. Kirayə ev axtaran qızla heç bir əlaqəsi olmamışdır. Xəsarətlər nəticəsində qabırğası zədələnmiş, Bakı İstintaq Təcridxanasına daxil olarkən bədən xəsarətlərini göstərmiş, lakin qeyd edilib-edilmədiyini bilmir. Polis əməkdaşları birbaşa mənzilə daxil olmuş, o tutulan vaxt üzərində mobil telefon və aktiv nömrələri olmuşdur. Həmin nömrələr ***-***-**-** və ***-***-**-** saylıdır. Hər iki nömrə iki simkart istifadə oluna bilən eyni bir mobil telefonun içərisində olmuşdur. O, belə hesab edir ki, həmin qızla polis əməkdaşlarının əlaqəsi olmuşdur. Çünki polislər həmin qızla 15-20 dəqiqə mətbəxdə söhbət etmişlər. Bundan başqa o, qızın və polislərin aralarındakı münasibətdən də də bunu hiss etmişdir. Polislərlə evdə təxminən 01 (bir) saat müddətində qalmış, vəkili bir gün sonra görmüşdür. Narkotik vasitələrlə bağlı əvvəllər təxminən altı dəfə məhkum olunsa da məhkumluqları ödənilmişdir..

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

17. CM-nin 234.1-1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

18. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

19. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

20. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

21. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

22. Maddə 56.1.2. qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

23. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

24. Maddə 18.4.1., 83.3.2-1, 83.1-ci maddələri. böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

25. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

26. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

27. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

28. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

29. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

30. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

31. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

32. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

33. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, psixotrop maddə metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

34. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

35. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

36. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

37. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

38. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 saylı Qərarı

39. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, 9. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

40. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

41. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

42. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur.

43. Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

44. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

45. Məhkəmə, Təqsirləndirilən şəxs özünü müdafiə üçün gətirdiyi dəlilləri əsaslı hesab etmir. Belə ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən evinin içərisində saxlanılaraq Yasamal RPİ 28-ci PB-yə aparıldığını, üzərində hər hansı qanunsuz əşya və ya predmet olmadığını, psixotrop maddə metamfetaminin onun üzərinə polislər tərəfindən yerləşdirildiyini, polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmasını qeyd etsə də, Bakı İstintaq Təcridxanasının şəxsin tibbi müayinəsinə dair xx.xx.2024-cü il tarixli məktubundan, Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən göndərilmiş tibbi kitabçadan, eləcə də, 31 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarlardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman hər hansı xəsarət almamışdır.

46. Belə ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən məhkəməyə göndərilmiş məktubdan və tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi təzyiqə məruz qalmasına dair ərizə, şikayəti olmamış, onun üzərinə baxış keçirilən zaman heç bir xəsarət aşkar edilməmişdir.

47. Təqsirləndirilən şəxsin saxlanıldığı Bakı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək, onun adına tibbi kitabça açılmışdır. Sorğu zamanı həbs edilərkən xəsarət aldığını bildirmiş, bədəninə baxış zamanı yeni xəsarət izi aşkar edilməmişdir.

48. AR Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin 31 iyul 2024-cü il tarixli qərarından görünür ki, araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki güc tətbiqinə, işgəncə və digər qanunsuz hərəkətlərə məruz qalması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir.

49. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs saxlanılan zaman hər hansı xəsarət almamışdır. 50.Məhkəmə iclasında şahid qismində dindirilmiş şahidlər Şahid1 və Şahid2 hər biri ayrı-ayrılıqda göstərmişlər ki, Təqsirləndirilən şəxs daxil olmuş məlumat əsasında yaşadığı evin qarşısında saxlanmış, barəsində şəxsi axtarış istintaq hərəkəti icra olunan zaman, ondan külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilmiş, Təqsirləndirilən şəxs ondan aşkar olunan maddənin «şüşə» adı ilə bilinən metamfetamin olduğunu, həmin maddəni tutulduğu gün Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir.

50. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmir. İttiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.

52. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəslə təqsirli olduğuna dair ittiham hökmü çıxarılmalı olduğu qənaətinə gəlir.

53. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

54. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 18,19,20,21-ci bəndləri).

55. Təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir.

56. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 304.1 maddəsilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1, 228.4-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 02 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə məhkum olunub 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 3 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 1(004)-441/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinib 3 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

57. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi hazırki cinayət əməli onun məhkumluğu ödənilməmiş dövrdə törədilmişdir. Bununla bağlı məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs ayrı-ayrı cinayət əməlləri törətdiyinə görə dəfələrlə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş, lakin qeyd olunan cəzaların Təqsirləndirilən şəxs islah olunmasına təsiri yetərli olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş orta hədlərdə cəza təyin edilməklə cəzalandırılmalıdır. Bununla belə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunsa da, onun tərəfindən yenidən qəsdən cinayətin törədilməsi qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən cinayətlərin residivini yaratmır. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə 3 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayətlərin təsnifatəna görə CM-in 177.1-ci maddəsi kateqoriyasına görə böyük ictimai təhlükə törətməyən cinayət əməlidir. Cinayət məcəlləsinin 18.4.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır.

58. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmadığını nəzərə alaraq bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının hüdudları daxilində orta həddə cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

59. Təqsirləndirilən şəxs cəzasının çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (hökmün 22-ci bəndi).

60. Cinayət işində olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (hökmün 28-ci bəndi).

61. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 01 aprel 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

62. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

63. İş üzrə maddi sübut olan, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2,179 qram metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd disk, telefon məlumatlarını özündə əks etdirən 01 ədəd disk, cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan 01 ədəd “Samsung” markalı mobil telefon qanuni sahibinə qaytarılmalıdır. (hökmün 31-ci bəndi).

64. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 65 . İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. (hökmün 32-ci bəndi)

66. Məhkəmə eyni zamanda qeyd edir ki, Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 30 (otuz) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi 330 (üç yüz otuz) manat məbləğində pul ödənilməlidir.

67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 01 aprel 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2,179 qram metamfetamin məhv edilsin, şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd kompakt disk, telefon məlumatlarını özündə əks etdirən 01 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan 01 ədəd “Samsung” markalı mobil telefon qanuni sahibinə qaytarılsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi 330 (üç yüz otuz) manat məbləğində pul ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar