Məhkəmə qərarları › İş №1(101)-481/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-481/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-481/2024 17.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1981-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2-da yaşamış, 13 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti araşdırılan İran İslam Respublikası vətəndaşı “Fərşid” adlı şəxslə və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “Fərşid” adlı şəxs və qeyrilərinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in l siyahısına daxil edilən külli miqdarda, yəni 6015 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda - 9,882 qram çəkidə narkotik vasitə heroini gizlədiləcəyi yerdən götürüb özündə saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul və narkotik vasitə vədinə əsasən qeyd edilən narkotik vasitələri əldə etmək qərarına gəldikdən sonra 13 fevral 2023-cü il tarixə keçən gecə Bakı-Salyan avtomobil yolunun Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən 15-ci kilometrliyinə getmiş, orada İran İslam Respublikası vətəndaşı “Fərşid” adlı şəxsin və qeyrilərinin göndərdiyi külli miqdarda - 6015 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda - 9,882 qram çəkidə narkotik vasitə heroini bir ədəd selofan torbada satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşıyarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 fevral 2023-cü il tarixdə saat 04:30-da Bakı-Salyan avtomobil yolunun Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən 15-ci kilometrliyində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda - 6015 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana ayrı-ayrılıqda təmiz çəkiləri 1726,6 qram, 1721,5 qram və 2566,9 qram olmaqla sağ əlində saxladığı ağ rəngli selofan torbadan üç ədəd bağlamada, külli miqdarda - 9,882 qram çəkidə narkotik vasitə heroin qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 12 fevral 2023-cü ildə bir nəfər qadını qarşılayıb onu yerləşdirməli olmuşdur. Özünün avtomobili olsa da, həmin gün taksi sifariş vermiş, yolda gedəndə ona zəng gəlmişdir ki, qadını qarşılamışlar və yerləşdirmişlər. O, taksi sürücüsünə gəldiyi yerə onu qaytarmağı xahiş etmiş, sürücü isə başqa sifariş qəbul etdiyini, ona görə bunun mümkün olmadığını bildirmişdir. O da, başqa maşın saxlayıb getmək məqsədilə taksidən düşmüş və yolun o biri tərəfinə keçmişdir. Orada olan yol nişanının altında yarımtikili olmuş, oraya gedib təbii ehtiyaclarını ödəmək istəyərkən polis işçiləri ona yaxınlaşıb tutmuşlar. O, həmin vaxt polislərin nə vaxt və haradan gəldiyini görməmişdir. Ona axtarışda olduğunu demişlər. O, Nizami rayonunda yaşamış, orada sahə müvəkkilindən tutmuş hamı onu tanımışdır. Heç vaxt axtarışda olmamışdır. O, avqust ayında ölkəyə giriş etmişdir və həmin müddətə qədər iki il ölkədə olmamışdır. Sentyabr ayında o, Azərbaycana gəlmiş, fevral ayında isə tutulmuşdur. Tutularkən onun şalvarının balağından tutmuşlar, o, yıxılmış, şalvarının arxası da cırılmışdır. Baş Narkotiklərlə Mübarizə idarəsinə onu özünü Mehdi kimi və Xəyal kimi təqdim edən şəxslər aparmışlar. Ona demişlər ki, guya o, 200 manat müqabilində həmin narkotik vasitəni götürüb başqa yerə qoymalı olmuşdur. Narkotik vasitə qara bağlamada olmuş, o, həmin bağlamanın içində nə olduğunu görməmişdir. Baş idarədə onunla mədəni danışmışlar. Ona görə də orada polislər nə demişlərsə, onlarla razılaşmışdır. O, vəkilə bu barədə deyəndə, vəkil ona gecə həmin məsələni bildirsəydi, kömək edə biləcəyini deişdir. O, əvvəllər başından travma almış, buna görə ağrılarını kəsmək üçün metadondan istifadə etmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, uşaqlıqdan üzgücülüklə məşğul olmuş, 2019-gu ildən isə Gimnastika federasiyasında işləmişdir. Ukraynadan gələndən sonra taksi fəaliyyəti ilə məşğul olmuşdur. X2 şəhərində yaşamış və orada olarkən metadondan istifadə etmişdir. Azərbaycana gələndən sonra isə narkotik vasitə kimi heroin qəbul etmişdir. O, 2-3 dəfə Fərsidlə əlaqə saxlamışdır. İttihamda onun tutulduğu yer və vaxt düzgün göstərilmişdir. Baş Narkotiklərlə Mübarizə idarəsində polis işçiləri ona Fərşidə narkotiki götürməsi və filan yerə qoyacağı barədə səs atmağı təklif etmiş, başqa adam olduğunu və bu yolla həmin adamı tutmağı istədiklərini bildirmişlər. Polis işçiləri onu tutaraq maşına mindirmişlər. Təcridxanaya qəbul ediləndə xəsarətlərinin olub-olmadığı soruşulmuş, o isə, xəsarətlərinin olmadığını bildirmişdir. Polis işçiləri onu saxlayandan 5-6 saat sonra videoçəkiliş aparmışlar. Həmin vaxt ərzində onların dedikləri ilə razılaşması barədə onunla söhbət aparmışlar. O, iranlıya narkotikə görə 50 manatdan artıq pul ödəməmişdir. Baş idarədə onun boynunun arxasında olan xəsarəti görmüşlər və ondan həmin xəsarəti nə vaxt aldığını soruşduqda, xəsarəti çoxdan aldığını bildirmişdir. Onun mobil telefonunda Fərşidin 3 mobil nömrəsi olmuşdur. İstintaq zamanı ondan ifadə almamışlar, ona həmin ifadəni yazılı təqdim etmişlər, o da, müstəntiqə inandığı üçün oxumadan imzalamışdır. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 2 il əvvəldən narkotik vasitə heroindən istifadə etmiş, həmin narkotikləri adı və anket məlumatları ona məlum olmayan şəxslərdən almışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə “WhatsApp” sosial ünsiyyət proqramı vasitəsi ilə tanış olduğu İran vətəndaşı olan adını “Fərşid” kimi bildiyi şəxsdən almışdır. “Fərşid”i saxlanılmazdan bir həftə əvvəl tanımışdır. Həmin günü “Fərşid” ona mesaj yazaraq Qaradağ rayonu ərazisindən keçən Bakı-Salyan şossesinin 15-ci kilometrliyində narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə heroin olduğunu bildirmmiş, ona həmin ünvana getməyi və oradan malları götürdükdən sonra onun yeni ünvan deyəcəyini və malları oraya çatdırmalı olduğunu bildirmişdir. O, bununla razılaşaraq saat 04:00 radələrində həmin ünvana getmişdir. Həmçinin Təqsirləndirilən şəxs qeyd etmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul deyildir, həmin malları “Fərşid”in dediyi ünvana çatdıracağı təqdirdə ona 200 manat pul və heroin verəcəyini bildirmişdir. Həmin gün, yəni 13 fevral 2023-cü il tarixdə adını qeyd etdiyi ünvanda əlində saxladığı selofan torba ilə piyada hərəkət edən zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim etmiş və Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək, “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq hazırda üzərində ““şüşə” olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Baş idarəsinə dəvət etmiş, o da, polis əməkdaşları ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmişdir. Orada müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Bu zaman o, üzərində narkotik vasitə marixuana və heroin olduğunu bildirərək, sağ əlində saxladığı ağ rəngli selofan torbanı, əynində olan qara rəngli şalvarın sağ yan cibinin üst hissəsində olan kiçik cibindən isə bir ədəd selofan bükümü, əynində olan qara rəngli qalın qış gödəkçəsinin sağ yan cibindən bir ədəd üzərində ***-***-**-** nömrəsi olan “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Həmin torba və büküm iştirakçıların şahidliyi ilə açıldıqda bir ədəd şəffaf selofan bükümün içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroin və selofan torbaya baxış keçirilən zaman içərisində üç ədəd qara rəngli selofan bağlamada tünd yaşıl rəngli, kəskin iyli narkotik vasitə marixuana aşkar olunaraq götürülmüşdür. Bundan sonra aşkar olunmuş “marixuana” və “heroin” polis əməkdaşı tərəfindən qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, üzərindən aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. O, törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir (cild 1, iş vərəqi 79-82, 39-40, 63-66). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolunda olan imzaların ona məxsus olduğunu, lakin təzyiq altında olduğu üçün həmin ifadəni oxumadan protokolu imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, işlədiyi Baş idarəyə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Qrupa Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional şöbəsinin əməkdaşları Şahid3, Şahid2 və Şahid4 daxil edilmişlər. 13 fevral 2023cü il tarixdə saat 04:30 radələrində Təqsirləndirilən şəxs Qaradağ rayonu ərazisində Bakı-Salyan şossesinin 15-ci kilometrliyində olacağı müəyyən edilmiş və polis əməkdaşları ilə həmin ünvana getmişlər. Həqiqətən də həmin vaxt Təqsirləndirilən şəxs oxşar bir nəfəri müşahidə etmişlər və ona yaxınlaşaraq saxlamışlar. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib qərarla tanış edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş idarənin xidməti otaqlarından birində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Saxlanılan şəxsə üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyalar olduğu halda, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əlində saxladığı selofan torbanı, əynində olan şalvarın cibindən 1 ədəd selofan bükümü, həmçinin 1 ədəd mobil telefonu təqdim etmişdir. Selofan büküm açıldıqda onun içərisində narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuş, büküm zərfə qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Bundan sonra torbaya baxış keçirilmiş, onun içərisində 3 ədəd qara rəngli selofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. 1 ədəd mobil telefon da sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Sonra şəxsi axtarışın nəticələrinə dair protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional şöbəsinin əməkdaşları Şahid3 və Şahid2 13 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində müəyyən edilərək saxlanılması və Baş idarəyə gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən külli miqdarda narkotik vasitələrin aşkar edilərək götürülməsi zamanı əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, həmkarları Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında Baş Narkotiklərlə Mübarizə İdarəsi Cənub Regional şöbəsinin əməkdaşı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, onun həmkarları Şahid1, Şahid3 və Şahid2 məhkəmədə verdikləri ifadələrlə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 153-155). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş 13 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən, sağ əlində saxladığı ağ rəngli selofan torbanın içərisindən 3 ədəd selofan bağlamalarda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, əynində olan qara rəngli şalvarın sağ yan cibinin üst hissəsində olan kiçik cibindən 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. (cild 1, iş vərəqi 28- 30). Məhkəmə-bioloji ekspertizasının 13 fevral 2023-cü il tarixli 7/216 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs əlində saxladığı selofan torbada aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə” yazıları və imzalar olan üzəri yapışqan lentlə bağlanmış polietilen bağlamada 3 ədəd üstü yapışqan lentlə bağlanmış qara rəngli selofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1726,6 qram, 1721,5 qram və 2566,9 qram, ümumi çəkisi - 6015,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Təqdim olunmuş 3 ədəd bağlamada olan marixuanalar tərkiblərinə görə eynidir. Qurudulmuş marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Marixuanaların ümumi çəkisi - 6015,0 qram, tədqiqata sərf olundu cəmi 0,3 qram (hər obyektdən 0,1 qram), qalıq - 6014,7 (cild 1, iş vərəqi 41-45). Məhkəmə-kimyəvi ekspertizasının 13 fevral 2023-cü il tarixli 6/870 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 9,882 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroİnin təmiz çəkisi 9,882 qramdır, tədqiqata sərf edildi 0,100 qram, qalıq 9,782 qram təşkil edir (cild 1, iş vərəqi 46-50). Məhkəmə-narkoloji ekspertizasının 08 may 2023-cü il tarixli 2736 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 162-163). İbtidai istintaq orqanının 16 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 6014,7 qram olan narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 9,782 qram olan narkotik vasitə heroin və 1 ədəd “Samsung” markalı mobil telefon maddi sübut hesab edilmiş, məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 31, 112-114, 122-123). Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin 12 fevral 2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 134-137). İbtidai istintaq zamanı Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMC-dən mobil telefon aparılmış danışıqlara dair məlumatlar götürülmüş və həmin məlumatların yükləndiyi 1 ədəd CD diskə baxış zamanı müəyyən edilmişdir ki, 050 ***-**-** mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Həmin mobil telefon nömrəsi ilə müxtəlif nömrələr arasında müxtəlif tarixlərdə aşağıdakı məzmunda SMS yazışmaları olmuşdur: xx/xx/2022, 23:38:30, **********84, **********11 – “Mənim əlimdə 45 m pul var, 1 q lazımdır, var hə ya yox”. xx/xx/2022, 23:40:10, **********11, **********10 – “Vacib işim var, Azər tema dəyişməy lazımdı, cavab ver”. xx/xx/2022, 19:30:29, **********05, **********11 – «Salam, m40 var mende, bater elemey olar kolaynan?» xx/xx/2023, 13:50:28, **********11, **********02 – «Ceyhun bu nə hərəkətdi, telefonu götürürsən? mən ölürəm ey, lomkadan» (cild 1, iş vərəqi 142). Cinayət işində olan 28 fevral 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, də Təqsirləndirilən şəxs məxsus “Samsung" markalı mobil telefona baxış keçirilən zaman telefonun “Qalereya” bölməsində “Whatsapp” mobil tətbiqi vasitəsi ilə göndərilmiş fotogörüntülərin içərisində konkret olaraq 4 ədəd fotogörüntüdə çeşidi və növü məlum olmayan, lakin zahiri görünüşünə və müvafiq bükümlərdə qablaşdırılması üsuluna görə narkotik vasitəyə oxşar kütlələrin kiçik ölçülü elektron tərəzilərin üzərinə qoyulmaqla müvafiq qaydada çəkilərinin müəyyən edilməsi aşkar edilmişdir. Qeyd olunan cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edən fotogörüntülər fotocədvəl şəklində çap edilərək protokola əlavə olunmuşdur. Mobil telefonun “Kontaktlar” bölməsinə baxış keçirilən zaman İran İslam Respublikasına məxsus olan adı “Akbep. Əkbər” qeyd edilmiş +98 911 829 1968, “Mılad Qardaşoğlu. Milad” adı ilə qeyd edilmiş +98 902 986 0519, “Meysəm” adı ilə qeyd edilmiş +98 *** *** ** **, “Xudayarın bacısı oğlu” adı ilə qeyd edilmiş +98 937 *** **** mobil nömrələr aşkar olunmuşdur (cild 1, iş vərəqi 122). Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə verilmiş əməliyyat tapşırığının xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Fərşid” adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisindən əvvəlcədən təyin etdiyi yerdən əldə etməsi müəyyən olunmuşdur (cild 1, iş vərəqi 132). İş materiallarına əlavə olunmuş ailə tərkibi haqqında arayışdan, ldoğum haqqında şəhadətnamələrin surətlərindən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır, ərazi üzrə müsbət xarakterizə olunur, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağı vardır (cild 1, iş vərəqi 127-129). İş materiallarına əlavə edilmiş 16 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında məlumat yoxdur (cild 1, iş vərəqi 138). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, saxlanıldığı yerə narkotik vasitə dalınca getmədiyini, orada olan yarımtikiliyə təbbi ehtiyaclarını ödəmək məqsədilə gedərkən polis işçiləri tərəfindən saxlanıldığını, selofan bağlamanın içində nə olduğunu görmədiyini, Baş idarədə onunla mədəni rəftar etdiklərini, ona görə də orada polislər nə demişlərsə, onlarla razılaşdığını, təzyiq altında olduğu üçün dindirmə protokolunda yazılanları oxumadan imzaladığını bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitə heroinin və marixuananın özünə məxsus olduğunu, həmin narkotik vasitələri Fərşid adlı İran vətəndaşı vasitəsilə 13 fevral 2023-cü il tarixdə gecə Bakı-Salyan avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsinə atıldığı yerdən götürdüyünü, 200 manat pul müqabilində narkotik vasitələri Fərşidin deyəcəyi yerlərə qoymalı olduğunu, əvəzində Fərşidin ona həmin 200 manatdan əlavə üzərində olan heroini də istifadəsi üçün verdiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə baxış keçirilərkən ona qarşı hər hansı zor və təzyiq göstərilmədiyini bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadələr verməsini, narkotik vasitələrin özünə məxsus olmaması, polis əməkdaşlarının təzyiqi nəticəsində cinayəti etiraf etməsi barədə bildirdiklərini Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı sübutlarla təsdiq olunduğuna görə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Həmçinin təqsirləndirilən şəxsə verilmiş ittiham üzrə təqsiri iş üzrə şahid ifadələri ilə, narkotik vasitələrin alqı-satqısına dair istifadəsində olan mobil nömrələrə daxil olan və çıxan SMS yazışmaları ilə və çoxsaylı digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində şəxsi axtarışı zamanı aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olduğunu səmimi etiraf etməsini, həmçinin aşkar olunmuş narkotik vasitələrin ayrı-ayrı bükümlərə bükülmüş vəziyyətdə və ekspertin rəyinə əsasən, ayrı-ayrı bükümlərdə olan həmin narkotik vasitələrin tərkib komponentlərinə görə eynilik təşkil etməsini, həmçinin narkotik vasitələrin 2 növdə olmaqla kütlələrinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməllərinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını və ərazi üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə 13 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin vaxtdan halhazıra qədər həbsdə saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan müddəaları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilməli, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 08 may 2023-cü il tarixli 2736 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 6014,7 qram olan narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 9,782 qram olan narkotik vasitə heroin məhv edilməli, 1 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalı, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatları 153 (yüz əlli üç) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 153 (yüz əlli üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderə və hesabata görə, Təqsirləndirilən şəxs müdafiəsini təyinat əsasında Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmiş, hesabatda vəkil müdafiə ilə əlaqədar 60 saat vaxt sərf etdiyini göstərmişdir. Lakin həmin hesabatda göstərilən rəqəmlərin həqiqəti əks etdirmədiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclaslarının başlama və qurtarma vaxtlarını özündə əks etdirən protokollar, həmçinin müdafiəçinin məhkəmə iclaslarına gəlib-getməsi ilə bağlı sərf etdiyi vaxt və iş materialları ilə tanış olma vaxtı da nəzərə alınmaqla vəkil Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəsi ilə bağlı sərf etdiyi vaxt ümumlikdə 40 saat müəyyən edilməli və ona ödəniləcək 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 6014,7 qram olan narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 9,782 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - 1 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 153 (yüz əlli üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar