Məhkəmə qərarları › İş №1(101)-482/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-482/2021

19.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-482/2021 19.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakim Xankişiyev Mirzə Asdan oğlunun sədrliyi, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Əliyev Habil Fətulla oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1964-cü ildə Quba rayonu, Möhüc kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, Xaçmaz rayonu, Şıx-Haput kəndində qeydiyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 134 və 126.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyinə görə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında yaşadığı Xaçmaz rayonu, Şıx-Haput kəndində yerləşən fərdi birmərtəbəli evdə spirtli içki qəbul edərək alkoqol sərxoşluğu vəziyyətində arvadı Zərərçəkmiş şəxs ayrı-ayrı kişilərlə görüşməsindən şübhələnməsi ilə bağlı formalaşan qısqanclıq zəminində xəyanətdə ittiham edib əlindəki bıçaqla üstünə hücum çəkərək sonuncunun sağlamlığına ağır zərər vurmaqla hədələmişdir. Bundan başqa, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 12:30 radələrində yaşadığı Xaçmaz rayonu, Şıx-Haput kəndində yerləşən fərdi birmərtəbəli evdə spirtli İçki qəbul edərək orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində arvadı Zərərçəkmiş şəxs ayrıayrı kişilərlə görüşməsindən şübhələnməsi ilə bağlı formalaşan qısqanclıq zəminində Zərərçəkmiş şəxs çarpayının üstünə yıxaraq xüsusi amansızlıqla, o cümlədən zərəçəkmiş şəxsə ağır iztirablar vermək niyyətilə evdə istifadə etdikləri mətbəx bıçağı ilə qəsdən çoxsaylı zərbələr vuraraq hemorragik şok ilə müşayət olunmuş boyun, sağ çiyin, döş qəfəsi və qarın nahiyyələrinin boşluqlara keçməyən deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən, ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərəvurmaya aid xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs təcili tibbi yardım çağırması ilə bağlı dönə-dönə aman diləyən yalvarışlarına məhəl qoymadan həmin niyyətin davamı olaraq sonuncunun gözü qarşısında yenidən spirtli içiki qəbul etməyə başlamış və beləcə Zərərçəkmiş şəxsm 4 saat müddətində qanlı vəziyyətdə saxlayaraq xüsusi amansızlıqla, o cümlədən zərəçəkmiş şəxsə ağır iztirablar verməklə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, o, hadisəni görməmiş, hadisənin şahidi olmamışdır. Hadisə günü o, Bakı şəhərində olmuşdur. Hadisə baş verəndən sonra ona zəng olunmuş hadisə barədə məlumat verilmişdir. Ümumiyyətlə atası içkili olduqda hərəkətlərini bilməmişdir. Bir dəfədə anasını bıçaqla hədələmiş, o, atasını sakitləşdirmişdir. Atası psixi xəstəlikdən əzab çəkir, o, Əfqanıstan müharibəsinin iştirakçısı olmuşdur, içkili olduğu zaman evdə dava dalaş salmışdır. Fəsillərdən asılı olaraq atasının başında qarışıqlıq olmuş və səbəbsiz daya meyilli olmuşdur. Adətən yaz aylarında əsəbləri yerində olmamışdır. Bu səbəbdən də hər zaman əsəbdən müalicə olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oğlu ifadəsində göstərdi ki, onun yoldaşı ilə Yaşarla Nəzərin mübahisələri olmuşdur. Nəzər onun başından taxta parçası ilə vurub xəsarət yetirmiş, demişdir ki, icazəsiz torpaq sahəsini zəbt ediblər. O bununla bağlı hüquq mühafizə orqanlarına şikayət etsədə şikayətinə baxan olmamışdır. Hadisə günü də sahə müvəkkili onlara gəlmiş, orada demişdir ki, “niyə məndən şikayət etmisən, sizlə çörək kəsmişəm”, həmin vaxt yoldaşı əsəbləşmiş və durub onu bıçaqla vurmuşdur. Yoldaşı onu bıçaqla vurduqdan sonra onu yetirdiyi xəsarətə görə ağlamağa başlamışdır. Zərərçəkmiş həmçinin bildirdi ki, yoldaşı həmişə yatıb durandan sonra kiminsə evə girdiyini, həyətdə gəzdiyini demiş, ona qarabasmalar görünmüşdür. Bununla bağlı yoldaşı müalicə olunmuş, qeydiyyatda olmuş, hətta ona pulsuz dərmanlar da verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Xaçmaz RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi işləməklə polis mayoru rütbəsindədir. 2016-cı ildən Xaçmaz rayonu, Hülövlü və Şıx-Haput kəndləri xidməti ərazisidir. 2019-cu ilin noyabr ayında Hülövlü kənd sakini Ağayev X4 RPŞ-yə ərizə ilə müraciət edərək Şıx-haput kənd sakini ŞükürovTeymur Balxuda oğlundan və onun arvadı Zərərçəkmiş şəxs şikayət etmişdir. Şikayətdə göstərilmişdir ki, Şükürovlar onların həyətyanı torpaq sahələrinin qonşuluğunda yerləşən Şahid2 məxsus məxus torpaq sahəsində gedən yolu tikinti işləri apararaq bağlamış və buna görə də aralarında torpaq mübahisəsi yaranmışdır. O, Şahid2 şikayəti əsasında özünün iştirakı ilə həmin torpaq sahəsinə gedərək yerində baxmışdır. Ancaq həmin vaxt onlar torpaq sahəsinə baxarkən Təqsirləndirilən şəxs və arvadı Zərərçəkmiş şəxs orada olmamışdır. Növbəti gün o, Şahid2 şikayəti ilə bağlı araşdıramanı davam etirərək özünün iştirakı olmadan Şükürovların yaşadığı ünvana getmiş və onları yaşadıqları evin qarşısından səsləyərək çağırmışdır. Təxminən 5 dəqiqə ərzində çağırışa cavab verilmədiyi üçün o, geri qayıdıb getməyə başlamışdır ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs evlərindən çıxıb özlərini Şahid2lə aralarındakı torpaq mübahisəsinə görə haqlı sayaraq onun polis sahə rəisi kimi onların yaşadığı ünvana əsassız getdiyini, guya onları narahat etdiyini, həyətlərinə qanunsuz daxil olaraq pəncərədən evlərinin içərisinə baxdığını və Şahid2 pul alaraq tərəf tutduğunu qışqıraraq bildirib üstünə birlikdə hücum çəkmişlər. Hətta Zərərçəkmiş şəxs həyətlərindən götürdüyü üzərində mismar olan taxta parçası ilə başına zərbə endirmişdir. O, zərbədən əli ilə özünü qoruyarkən mismar sağ əlinin üstünə keçmişdir. Təqsirləndirilən şəxs yerdən götürüb üstünə atdığı daşlar sifətinə və bədəninə dəymişdir. Bu fakta görə o, işlədiyi şöbənin rəhbərliyinə raportla məruzə etmiş və bununla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılmışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində işdə olduğu vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə, qısqanclıq zəminində bıçaqla vuraraq xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və X3 rayon Şöbəsinin canlı şəxsin ekspertizasına dair xx xxxxxx 2020-ci tarixli, 22 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər -“hemorragik şok ilə müşayiət olunmuş boyun sağ çiyin, döş qəfəsi və qarın nahiyələrinin boşluqlara keçməyən deşilmişkəsilmiş yaraları” deşici-kəsici alətin (ola bilər bıçağın) təsirindən törənməklə, yetirilmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir və ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş kompleks stasionar məhkəmə-psixatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 38 nömrəli ekspert rəyinin məhkəmə-psixatrik ekspertizası üzrə yekun hissəsində göstərilmişdir ki: 1) Təqsirləndirilən şəxs ruhi xəstə olub, “Paranoid şizofreniya” kimi xroniki prosessual psixi xəstəlikdən əziyyət çəkir. O, qərarda təsvir edilən və ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarekterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır; 2) Təqsirləndirilən şəxs cinayət əməlini psixotik halda törətdiyi üçün öz hərəkətlərinin faktiki xarekterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli barəsində anlaqsız hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs “Paranoid şizofreniya” kimi xroniki psixi xəstəliyin gedişindəki psixotik vəziyyət hal-hazırda davam edir. Təqsirləndirilən şəxs mübtəla olduğu xroniki psixi patalogiya çərçivəsində təzahür edən əlamətlərin hazırda davam etməsinə görə onun stasionar müalicəyə ehtiyacı yarandığı, bununla bərabər İntensiv müşahidə tələb etmədiyi müəyyənləşir. Buna görə də həmin şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixatriya stasionarında məcburi müalicə şəklində tibbi xarekterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına, habelə ona azadlıqdan məhrumetmə cəzasını çəkməyə imkan vermir. Belə ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üç əhəmiyət kəsb edən halları, etdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, digər məhkəməistintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. xx.xx.2020-ci il tarixli, 38 nömrəli həmin rəyin məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissəsində göstərilmişdir ki: 1) Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur; 2) Təqsirləndirilən şəxs hadisə zamanı hərəkət və davranışı, onda aşkar olunan psixi xəstəliyi müəyyən etdyindən, o, cinayət əməlini törətdiyi zaman öz hərəkətlərini idarə etmək qabiliyyətində olmamışdır; 3) Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi" Publik hüquqi şəxsi tərəfindən verilmiş komisyon kompleks stasionar məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 73 nömrəli ekspert rəyinin məhkəmə-psixatrik ekspertizası üzrə yekun hissəsində göstərilmişdir ki: 1) Təqsirləndirilən şəxs “Paranoid şizofreniya” xroniki psixi xəstəliyi qeyd olunur, Təqsirləndirilən şəxs onda qeyd olunan psixi xəstəlik nəticəsində törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarekterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli barəsində anlaqsız hesab olubmalıdır; 2) Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə cavab verə bilmək iqtidarında deyil. Onda “Paranoid şizofreniya” xroniki psixi xəstəliyi gedişindəki psixotik vəziyyət hal-hazırda davam edir. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixatriya stasionarında məcburi müalicə şəklində tibbi xarekterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür; 3) Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyil. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli, 73 nömrəli həmin rəyin məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissəsində göstərilmişdir ki: 1) Təqsirləndirilən şəxs müəyyən edilnən psixi pozuntu onun fərdi-psixi xüsusiyyətlərində şübhəlilik, səbrsizlik, ətrafındakılara qarşı inamsızlıq, emosional oyanıqlıq, biganəlik, neqativ amillərə qarşı dözümsüzlük, hövsələsizlik yaratmışdır; 2) Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən onda yaranmış emosional vəziyyətdən asılı olaraq öz hərəkətlərini dərk etmək qabiliyyətində olmamışdır; 3) Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs psixi-emosional sferasında hirslilik, qəzəblilik yaranmışdır; 4) Təqsirləndirilən şəxs ona ittiham edilən cinayət əməlini törədərkən keçirdiyi psixiemosional halın yaranma səbəbi psixatrik müayinə zamanı müəyyən edilmiş “Paranoid şizofreniya” xroniki psixi xəstəliyi ilə şərtləşə bilərdi; 5) Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd olunmuş cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır. Məhkəmə istintaqı zamanı toplanmış sübutlarla yanaşı, şahid ifadələri, evspert rəyləri və iş materiallarına əlavə olunmuş xəstəlik sənədlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xəstədir və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədə müvafiqdir. Beləliklə Təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə Azərbaycan Respublikası CM-nin 134 və 126.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsi tam sübut olunmuş, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məsuliyyətdən azad edilməli, barəsində tibbi xarakterli məcburi müalicə tədbirləri tətbiq edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 3.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs müdafiəçisi qismində ibtidai istintaq zamanı işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Xaçmaz rayon vəkil bürosunun vəkili X1, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Xaçmaz rayon vəkil bürosunun hesabına 360 (üç yüz altmış) manat, Təqsirləndirilən şəxs müdafiəçisi qismində məhkəmə istintaqı zamanı işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhər 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 20 saylı vəkil bürosunun hesabına 120 (yüz iyirmi) manat pul ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası CPM-nin 477.3-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə Azərbaycan Respublikası CM-nin 134 və 126.2.3-cü maddələri nəzərdə tutulmuş ictimai təhlükəli əməlləri törətdiyi anda anlaqsız vəziyyətdə olduğundan, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixatriya stasionarında məcburi müalicə şəklində tibbi xarekterli məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 20 saylı vəkil bürosunun hesabına 120 (yüz iyirmi) manat, Xaçmaz rayon vəkil bürosunun vəkili X1 istintaq zamanı hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Xaçmaz rayon vəkil bürosunun hesabına 360 (üç yüz altmış) manat pul ödənilsin. Qərardan 20 gün müddətinə Bakı Ağır Cinayətlər məhkəməsinin vasitəsilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar